MƏKTƏBLƏRİN TƏCRÜBƏSİNİ ÜMUMİLƏŞDİRMƏK VƏ PEDAQOJİDƏN ELMİ MƏQALƏLƏR YAZMAQ ÜSULU


Boris Komarovski




To cite this article: Komarovsky B. (1950). A method to summarize the practice of schools and write scientific articles on pedagogy. Azerbaijan Journal of Educational Studies. Issue I-III. pp 42–53

AYRI-AYRI DƏRSLƏRİ ÖYRƏNMƏK ÜSULU

Dərs məktəbdə təlim-tərbiyə işini təşkil etməyin əsas formasıdır. Ona görə heç də təəccüblü deyil ki, müəllimlər dərs üzərində işləməyə xüsusilə çox diqqət verirlər. Dərs üzərində işləmək ya onun texniki metodik quruluşunu tərtib etməkdən, yaxud da başqa müəllimlərin dərslərinə qulaq asıb bunları təsvir və təhlil etməkdən ibarətdir. Dərsin üsulunu – metodikasını müəllim hələ tələbə olduğu zaman pedaqoji təcrübə keçərkən öyrənməyə başlayır. Lakin dərsin üsulu ilə əlaqədar olan məsələlər bəzən köhnə müəllimləri də çox
maraqlandırır, çünki onlar bu məsələləri çox vaxt yalnız təcrübədə həll edirlər.

Dərsi bacarıqla təhlil etməyin böyük nəzəri və əməli əhəmiyyəti vardır. Direktor, müfəttiş və tədris hissə müdiri bilməlidirlər ki, dərsin dərin və hərtərəfli təhlili müəllimlərə rəhbərlik etməyin ən gözəl vasitələrindən biridir. Məsələn, bir metodist pedaqoji konfransda nümunə dərslərindən misallar gətirmiş və müsbət cəhətlərlə yanaşı olaraq qiraət dərslərinin aşağıdakı nöqsanlarını da göstərmişdir:

1) I “b” sinfində şagirdlər ucadan az oxuyurlar. Dərslərdə oxunmuş material haqqında söhbətə həddindən çox vaxt (20-25 dəqiqə) sərf edilir.

2) II sinifdə müəllim şagirdlərin sürətlə oxumasına çox diqqət yetirir, qiraətin keyfiyyətinə isə az əhəmiyyət verir.

3) Yuxarı siniflərdə mətni rollara bölüb oxutdurmaq, sitat seçmək, plan tərtib etmək və sairə kimi qiymətli, səmərəli üsullardan kifayət qədər geniş istifadə olunmur.

Dərsin təhlili üçün vahid bir sxem ola bilməz, çünki təhlil metodu dərsə nə məqsədlə qulaq asdığımızdan, onun məhz hansı cəhətini aydınlaşdırmaq istədiyimizdən asılıdır. Dərsi əsasən üç məqsədlə təhlil etmək olar: 

a) Didaktika məqsədilə aparılan təhlil. Dərsi təhlil etmək qaydalarını pedaqoji təcrübə keçən tələbələrə öyrətmək üçün aparılır.

b) Yoxlama və nəzarət məqsədilə aparılan təhlil. Bu halda direktor, müfəttiş, yaxud tədris hissə müdiri təlimin vəziyyətini öyrənməklə müəllimin işini yoxlayır və aşkar olunmuş qüsurları aradan qaldırmaq üçün müəllimə yardım göstərir.

c) Elmi məqsədlə aparılan təhlil. Müəllimin iş təcrübəsinin məhdud bir sahəsini öyrənib elmi surətdə ümumiləşdirmək məqsədi ilə aparılır.

Birinci və ikinci halda təhlil universal (ümumi, hərtərəfli) səciyyə daşıyır, üçüncü halda isə məhdud “seçmə” səciyyəyə malik olur, çünki müfəttiş, yaxud təcrübə aparan şəxslər bütün təlim-tərbiyə prosesini öyrəndikləri halda, elmi işçilər həmin prosesin yalnız müəyyən bir cəhətini, müəyyən məhdud bir nöqteyi-nəzərdən tədqiq edirlər. Ona görə elmi işçi dərsi nə məqsədlə, hansı problemlər – məsələlər çərçivəsində tədqiq etdiyinə müvafiq olaraq xüsusi təhlil metodikası düşünməlidir. Professor E.Qolant dərsi təhlil etməyin universal sxemini yazmışdır. Nümunə üçün həmin sxemi göstəririk:

Dərsi təhlil etməyin ümumi sxemi

  1. Tədris materialının məzmunu. Materialın düzgünlüyü, dolğunluğu və tamlığı, əməli əhəmiyyəti, tərbiyəvi cəhətdən faydalı olması, müasir həyatla əlaqələndirilməsi, ifadə üsulunda ardıcıllıq və rabitə.
  2. Dərsin quruluşu. Materialın və tədris üsulunun düzgün seçilməsi, ayrı-ayrı tədris prosesi ünsürlərinin yer və vaxt etibarilə düzgün bölünməsi, bunlardan yerində, düzgün və müəyyən ölçü ilə istifadə olunması (giriş hissəsi, ifadə, tətbiq, keçilən dərsi möhkəmlətmək, qeyd edib hesaba almaq).
  3. Dərsin başlanması. Dərsə hazırlıq səviyyəsi. Sinifdə təmizlik və intizam, mövzunun göstərilməsi, keçmiş mövzu ilə əlaqə yaratmaq.
  4. Yeni materialın izah edilməsi. Tətbiq olunan üsulların məqsədə uyğunluğu (onların nə dərəcədə əyani, aydın olması, şagirdlərin başa düşməsi və yaxşı mənimsənməni təmin etməsi, şagirdləri müstəqil çalışdıra bilməsi, onların fərdi xüsusiyyətlərini nəzərə alması). Müəllimin yeni mövzunu izah etməsi, söhbət, kitab üzərində iş, əyani vəsaitin nümayiş etdirilməsi, ekskursiya.
  5. Şagirdlərin əməli işi. Müəllim ayrı-ayrı (şifahi, yazılı və laborator) iş növlərini necə seçmiş və bunları necə tətbiq etmişdir? Bu iş növləri şagirdlərin dərsdə fəal iştirak etmələrinə və müstəqilliyinə imkan verirmi, keçilmiş materialı möhkəmlətməyə kömək edirmi? Dərsdə kollektiv və fərdi iş necə təşkil edilir?
  6. Biliyin hesaba alınması. Hesaba almaq üsulları, şagirdlərin biliyi, verilən qiymətlərin düzgünlüyü.
  7. Evə verilən tapşırıqlar. Tapşırıqların məzmunu və müddəti, bu barədə izahat, icranın yoxlanması.
  8. Şagirdlərin intizamı. Diqqət, səy və əxlaq.
  9. Müəllimin özünü idarə etməsi. Rabitəli, ardıcıl və dərin məntiqlə, ölçüb-biçərək danışması, səliqəli olması, hər hansı çətinlikdən çıxış yolu tapa bilməsi. Şagirdlərə münasibəti, onlara təsir etmək ölçüləri. Nitq mədəniyyəti, səsi, hərəkətləri.
  10. Şagirdlərin nitq mədəniyyəti. Şifahi nitq, yazı, qrafik təsvir.
  11. İşin nəticəsi. Plan necə həyata keçirilmişdir? Biliyin həcmi, dərinliyi, möhkəmliyi. Əməli hazırlıq. Dərsin tərbiyəvi əhəmiyyəti. 
  12. Nəticə və təkilflər. Bütün yuxarıdakıların əsasında dərs mərhələlərlə qeyd olunur, təhlil edilir, nəticə çıxarılır və nəhayət əməli təkliflər irəli sürülür (prof. E.Y. Qolant – “Dərslərə qulaq asmaq məktəbə rəhbərlik etməyin bir vasitəsidir”, 1944-cü il).

Dərsləri qeyd etmək üsulu

Dərsləri qeyd etməyin üç üsulu vardır. İndiyədək dərsi stenoqram üsulu ilə yazmağa çox əhəmiyyət verilirdi. Pedaqoji kabinələrdə yüzlərcə belə stenoqramlar yığılıb qalırdı. Bunları elmi məqsədlə işləyib öyrənmək böyük çətinlik törədirdi.

Görkəmli pedaqoqların fikrincə pedaqoji prosesi hərtərəfli əks etdirmək dərsin stenoqramını müəyyən dərəcədə qiymətdən salan cəhətdir. Stenoqram yalnız pedaqoji prosesin nitqini, ifadə mətnini qeydə alıb saxlayır. Dərsin “protokol” üsulu ilə qeydə alınması daha etibarlıdır. Burada dərsə qulaq asan onu obyektiv surətdə təsvir etməklə bərabər eyni zamanda dərs haqqında (daha doğrusu, dərsin ayrı-ayrı tərkib hissələri haqqında) öz subyektiv-şəxsi fikirlərini, təəssüratlarını da yazır. Əlbəttə, eyni zamanda həm dərsin gedişini qeyd etmək, həm də onu təhlil edib yazmaq asan məsələ deyildir və belə bir işi yalnız təcrübəli, hazırlıqlı elmi işçi görə bilər. Ona görə ən yaxşı üsul E.Zeyliger tərəfindən məsləhət görülən “seçib qeyd etmək” üsuludur. Bu halda dərsə qulaq asan onun hər bir ünsürünü deyil, yalnız ən səciyyəvi məsələ və dəlillərini qeyd edir, tədqiqatın məqsədinə müvafiq olan materialı seçib götürür.

VII sinifdə dərs

Dərsin mövzusu: “Təkhədlinin və çoxhədlinin işarələrinin dəyişməsi mövzusunu təkrar etmək”.

Dərs evə verilmiş tapşırığın (cəbri kəsirlərin bütün əməllərinə aid misallar) yoxlanması ilə başlanır. Şagirdlərdən bir neçəsi tapşırılmış misalları oxuyur, onların həll edilməsi yollarını izah edir və cavablarını deyirlər. Müəllim şagirdlərin cavablarına diqqətlə qulaq asır və misalı kimin nə cür həll etdiyini müəyyənləşdirir.

Müəllim: – uşaqlar, biz bu dərsdə cəbri ifadələrin işarələrinin dəyişilməsi haqqında bütün bildiklərimizi təkrar edəcəyik – deyə üç nəfər şagirdi lövhəyə çağırır.

Çağırılmış şagirdlər lövhəni üç hissəyə bölürlər. Müəllim qabaqcadan evdə hazırladığı 4 sualdan ibarət yazılı tapşırığı onların hər birinə verib, həmin tapşırıqları lövhədə sakit həll etməyi tapşırır (bu tapşırıqların məzmununu tam və kəsirli cəbri ifadələrin eyniyyət çevrilmələrində işarənin əsas dəyişmə halları təşkil edir).

Həmin üç şagird lövhədə tapşırığı həll etməklə məşğul ikən müəllim sinfə çoxhədliləri müstəqil surətdə vuruqlarına ayırmağa dair bir neçə misal verir və uşaqlar bunu bir-bir həll edirlər.

Müəllim partalar arasında gəzərək sinfin işinə diqqətlə nəzarət edir. Sinif hər bir misalı həll etdikdən sonra şagirdlərdən biri tapşırığı hansı yolla həll etdiyini və alınmış cavabı bildirir.

Sinif müstəqil işi qurtaran kimi, demək olar ki, eyni zamanda lövhə önündəki üç şagird də tapşırığı yerinə yetirib qurtarır. Sinfin diqqəti bu şagirdlərə cəlb olunur. Onlar növbə ilə öz hazır qeydlərini ətraflı izah edirlər. Müəllim tələb edir ki, şagirdlər öz işlətdikləri əməliyyatın qayda və xüsusiyyətlərini dürüst ifadə etsinlər. Müəllimin əlavə sualları sayəsində sinif yazı taxtası önündəki şagirdlərin məlumatına diqqətlə qulaq asır, səhvləri düzəldir və beləliklə sorğuda fəal iştirak edir.

Nümunələri həll etmək qaydalarını bir daha izah etdikdən sonra müəllim yazı taxtasında evə tapşırığı qeyd edir.

Dərsin təhlili və ona aid qeydlər

“Dərsin bir sıra müsbət cəhətləri vardır. Hər şeydən əvvəl addımbaşı nəzərə çarpır ki, müəllim dərsə formalcasına deyil, hər məsələni ciddi düşünərək, hərtərəfli ölçüb-biçərək hazırlaşmışdır.

Dərsin müəyyən və şagirdlər üçün aydın bir məqsədi vardır: şagirdlərin buraxdıqları hər səhvlə əlaqədar olaraq cəbri ifadələrin işarələrinin dəyişməsini təkrarlamaq.

Beləliklə, eyni bir əməliyyat – ifadənin işarəsinin dəyişməsi – müxtəlif hallarda dəfələrlə təkrar olunur. Bu, son dərəcə qiymətli üsuldur. Bunun sayəsində müəllim proqramın ayrı-ayrı mövzuları arasında əlaqə yaradır, kursun zahirən bir-birindən ayrı, pərakəndə olan hissələri arasında birlik, vəhdət əmələ gətirir. Müəllimin dərsdən əvvəl hazırladığı və şagirdlərə verdiyi tapşırıqlarda şagirdlərin buraxdıqları ən tipik səhvlər nəzərə alınmışdı.

Çevrilmələrin gedişini izah edərkən şagirdlər riyazi əməllərin qayda və xüsusiyyətlərini aydın və dürüst ifadə edirlər. Müəllim tez-tez “nə üçün?” – deyə hər bir əməlin səbəbini soruşur, hər şeyin aydın və ətraflı izah olunmasını tələb edir. Bunun sayəsində şagirdlərin nitqi inkişaf edir və onlar bilikləri şüurlu surətdə mənimsəyirlər.

Nəhayət, bir müsbət cəhəti də qeyd etmək lazımdır ki, o da dərsin gözəl və müvəffəqiyyətli quruluşudur. Məzmun etibarilə dolğun olan bu dərsdə müəllim hər şeyi əsas məqsədə tabe etmiş, vaxtı hər dəqiqəsinədək düzgün bölmüşdür”. 

Təlim prosesində şagirdlərin öyrənilməsi

1. Pedaqoji xarakteristika ümumi psixoloji xarakteristikalardan fərqli olaraq şagirdin təlim və tərbiyə sahəsindəki qabiliyyətini, onun fərdi xüsusiyyətlərilə məktəbdəki müvəffəqiyyəti və əxlaqı arasındakı əlaqəni müəyyənləşdirir. Başqa sözlə desək pedaqoji xarakteristikada şagirdin fərdi xüsusiyyətləri tərbiyəvi məqsədlə, tərbiyə nöqteyi-nəzərindən təsvir olunur.

Pedaqoqlar adətən hər rübün sonunda pedaqoji şura iclasında ayrı-ayrı şagirdləri xarakterizə edirlər, onların xüsusiyyətini, səciyyəsini göstərirlər. Lakin bu xarakteristikalar bir çox hallarda elmi surətdə əsaslandırılmır. Halbuki şagirdin dərsdən geridə qalmasının, yaxud özünü pis aparmasının səbəblərini öyrənmək işində elmi surətdə əsaslandırılmış xarakteristikaların böyük əhəmiyyəti vardır.

Pedaqoji xarakteristikaların həm geniş elmi, həm də bilavasitə əməli əhəmiyyətə malik olduğunu nəzərə alaraq belə xarakteristikalar haqqında aşağıdakı göstərişləri faydalı hesab edirik:

  1. Düzgün pedaqoji xarakteristika tərtib etmək üçün müəllim uzun müddət şagirdi öyrənməli, onun yalnız məktəbdə deyil, evdə də özünü necə apardığını müşahidə etməli və bu məqsədlə valideynlərlə möhkəm əlaqə saxlamalıdır.
  2. Xarakteristika tərtib edən müəllim uşaqların yaş xüsusiyyətləri və psixolojisi ilə tanış olmalıdır.
  3. Şagirdləri müşahidə etməklə ümumi pedaqoji təcrübə arasında üzvi əlaqə yaradılmalıdır.
  4. Müəllim şagirdi ardıcıl və müntəzəm olaraq öyrənməlidir, onu yalnız tək, fərdi çalışdığı zaman deyil, kollektiv içərisində də müşahidə etməlidir.
  5. Şagirdə, onun şəxsiyyətinə qiymət verərkən hər hansı əsassız rəydən və subyektiv hisslərdən kənar olmaq lazımdır.
  6. Müşahidənin mühüm nəticələrini, bütün səciyyəvi, əlamətdar faktları pedaqoji gündəlikdə qeyd etmək lazımdır.
  7. Hər bir şagird üçün ayrıca xarakteristika vərəqəsi saxlamaq olar. Həmin şagird haqqında bütün qeydlər bu vərəqəyə yazılaraq müəllimdə müəyyən tam bir təsəvvür əmələ gətirir. Uzun müşahidə nəticəsində toplanmış bu qeydləri müəllim diqqətlə müqayisə edir, şagirddə hansı xüsusiyyətlərin üstünlük təşkil etdiyini, əsas və həlledici olduğunu müəyyənləşdirir və i.a.
  8. Şagirdin şəxsiyyətinə qəti pedaqoji qiymət vermək və yekunlaşdırıcı xarakteristika yazmaq işinə xüsusi ehtiyatla yanaşmaq lazımdır, çünki belə qəti xarakteristika çox vaxt şagirdin sinifdən-sinfə keçirilməsi, məktəbdən xaric edilməsi kimi ciddi məsələlərdə həlledici rol oynayır.

MONOQRAFİYANIN ƏLYAZMASI ÜZƏRİNDƏ İŞLƏMƏK VƏ ONU ÇAPA HAZIRLAMAQ QAYDALARI

Mürəkkəb əlyazmanı qaydaya salmaq üsulu

Biz yuxarıda göstərdik ki, əsər üçün toplanmış ilk sənədlər ayrıca vərəqələrdə qeyd olunur. Bütün bu materiallar hələ sahmana salınmış əlyazma demək deyildir. Bunların arasında əlaqə və ardıcıllıq yoxdur. Müəllifin vəzifəsi təxmini iş planı əsasında bu ayrı-ayrı sənədləri sistemə salmaq, bunların arasında ardıcıl məntiqi əlaqə yaratmalıdır.

İlk növbədə əsərin böyük bölmələrini və fəsillərini, sonra isə yarım fəsilləri, paraqrafları və abzasları müəyyənləşdirmək lazımdır. Yalnız bizə lazım olan faktlar, sitatlar, materialı əsaslandıran rəqəmlər toplandıqdan və bütün bunlar elmi surətdə təhlil edilib ümumiləşdirildikdən sonra müəllif topladığı materialları ilk dəfə nəzərdən keçirir və seçməyə başlayır.

Birinci nəzərdən keçirmə zamanı əsərin quruluşu müəyyənləşdirilir, onun ümumi həcmi təyin edilir, hissələrin, fəsillərin, paraqrafların, abzasların sayı və sıra nömrəsi dəqiqləşdirilir, təxmini iş planının məqsədə müvafiq və dolğun olduğu bir daha yoxlanılır. İşin bu mərhələsində bəzən yeni fəsillər əlavə olunur, yaxud artıq bölmələr ixtisara düşür, bir sözlə material yenidən qruplaşdırılır.

Əlyazma ikinci dəfə yoxlanarkən, ayrı-ayrı paraqraf və abzasların harada və necə istifadə ediləcəyi, müəyyən fikir və sitatdan harada istifadə etməyin daha münasib olduğu, ifadənin ardıcıllığı və möhkəm rabitəli olması üçün hansı materialın ixtisar, yaxud əlavə edilməli olduğu müəyyənləşdirilir.

Material üçüncü dəfə yoxlanarkən əlyazma artıq yekun şəklə salınır. Bu mərhələdə ayrıayrı hissələrə və paraqraflara müvafiq sərlövhələrin tapılmasına xüsusi diqqət verilir. Müəllif işin bacarıqla abzaslara bölünməsinə, müəyyən bir fikrin, yaxud dəlilin aydın və qabarıq ifadə olunmasına diqqət yetirir ki, oxucu hər bir ideyanın ifadə olunmasına haradan başlandığını və harada tamamlandığını aydın başa düşsün. Ayrı-ayrı fikir və ya sözləri oxucunun nəzərinə çatdırmaq və həmin fikrin mətnin qalan hissəsinə nisbətən əhəmiyyətlilik dərəcəsini qeyd etmək üçün xüsusi vasitələrdən (kursiv, qara yazı, altından xətt çəkmək, durğu işarələri və i.a.) yerində və bacarıqla istifadə etməlidir.

Əlyazmanın xarici və daxili tərtibatı

Gənc müəlliflər toplanmış çoxlu materialla əlyazma arasındakı böyük fərqi hələ aydın təsəvvür edə bilmirlər. Əlyazma ilə çapa hazırlanmış kamil əsər arasında xeyli fərq vardır. Hətta hər bir “kitabı”, yaxud “məqaləni” belə elmi və ya bədii cəhətdən kamil əsər hesab etmək olmaz, çünki kamil elmi, yaxud bədii əsərdə dərin elmi təhlil və ümumiləşdirmə, elmi, məntiq qüvvəsi, yüksək sənətkarlıq olmalıdır.

Əlyazmanı qaydaya salmaq metodikasını aydınlaşdırmaq məqsədilə biz işin iki həlledici mərhələsi üzərində dayanmalıyıq: qaralama halında olan əlyazmanı qaydaya salmaq və onu çapa hazırlamaq.

Əlyazmanın “xarici” və “daxili” tərtibatı birbirindən fərqlidir. Bununla belə əlyazmanın xarici və daxili tərtibatı arasında müəyyən bir vəhdət yaradılmalıdır ki, bu da müəllif, texniki redaktor və rəy yazan adamın əlbir işi sayəsində başa gəlir.

Xarici tərtibat dedikdə, biz maşından çıxmış əlyazmanın oxunub yoxlanmasını, sitatların yerinə qoyulmasını, ilk mənbə ilə müqayisə edilməsini, maşında olmayanı, düstur və şərti işarələrin əl ilə yazılmasını nəzərdə tuturuq.

Daxili tərtibat dedikdə biz əlyazmanın məntiqi quruluşunu və məzmununu, ədəbi ifadə üsulunu, ümumi üslubunu, müəyyən fikirlərin təsdiqi üçün gətirilən misalları və dəlilləri, bunların düzgünlüyünü nəzərdə tuturuq.

İfadə yalnız uzun və gərgin yaradıcı əmək nəticəsində kamil şəkil ala bilər. Klassiklər dəfələrlə göstərmişlər ki, müəllif öz yazdığı mətnə tənqidi yanaşdıqda və yerli ixtisardan çəkinmədikdə onun əsəri daha da kamilləşir. 

Bəzən mətni artıq parçalardan və ifadələrdən təmizləmək müəllif üçün son dərəcə yorucu olur, lakin mətn üzərində bu cür səy və diqqətlə, səbr və iradə ilə işləmədən həqiqi yaradıcılıqla məşğul olmaq mümkün deyildir. Əsəri çapa hazırlayarkən tələsmək çox zaman pis nəticə verir, ayrı-ayrı fikirlər təhrif olunur, yaxud oxucuya bütün aydınlığı ilə çatmır. Mətnin tam düzgün, hər bir ifadənin dəqiq və dürüst olması üçün əsəri bir neçə dəfə düzəltmək, köçürmək və bütün artıq şeyləri amansızcasına ixtisar etmək lazımdır. “Ən böyük hikmət – sözün sadəliyindədir” (M.Qorki).

Elmi əsərin ifadə olunması

Tədqiqat sistemi ilə ifadə sistemi arasında müəyyən fərq vardır. Əlbəttə, ifadə üsulu formal cəhətdən tədqiqat üsulundan fərqlənməyə bilməz. Tədqiqat, materialı bütün təfərrüatınadək mənimsəməkdən, öyrənməkdən, onun müxtəlif inkişaf formalarının daxili əlaqələrini izləməkdən ibarətdir. Yalnız bütün bunlar yerinə yetirildikdən sonra materialın həqiqi hərəkəti, inkişafı lazımi elmi səviyyədə təsvir və ifadə oluna bilər. Tədqiqat zamanı təfəkkürün möhkəm məntiqi ardıcıllıqla getməsi məcburi deyildir. O, dolayı yollarla, axtara-axtara həqiqətə yaxınlaşır. Elmi hipoteza uzun axtarışların nəticəsində meydana çıxır. İfadədə isə, müəllif bütün materialı aydın məntiqi çərçivə içərisinə yerləşdirir, oxucunu dərhal öz ümumi hipotezası və tədqiqat metodu ilə tanış edir. Halbuki o özü bu elmi hipotezaya və tədqiqat üsuluna birdən-birə deyil, tədricən gəlib çıxmışdır. Müəllif həqiqəti müstəqil axtarıb taparaq hazır şəkildə oxucunun nəzərinə çatdırır. Onun vəzifəsi bununla qurtarmır. Hər bir müəllifin eyni zamanda müəyyən psixoloji-pedaqoji vəzifəsi də vardır: o, əsəri elə yazmalıdır ki, müəyyən hazırlıq səviyyəsinə malik olan oxucular onu asanlıqla başa düşsünlər. O, əsəri izahedici, aydınlaşdırıcı misallarla təmin etməlidir, kitab məhdud elmi işçilər dairəsi üçün yazıldıqda onu xüsusi metodoloji giriş hissəsi ilə təmin etməlidir və i.a. Ona görə elmi populyar əsərlərin ifadə üsulu monoqrafiya və dissertasiya səciyyəli əsərlərdən kəskin surətdə fərqlənir. Birinci əsərlərdə yuxarıda göstərdiyimiz pedaqoji cəhətlər üstün yer tutmalıdır, ikinci qrup əsərlərə isə xüsusi pedaqoji tələblə yanaşmırıq.

Pedaqoji monoqrafiyaların yazılmasında müşahidə edilən əsas qüsurlar

V.İ.Lenin 1921-ci ildə yazdığı “Xalq Maarif Komissarlığının işi haqqında” sərlövhəli məqaləsində pedaqoji tədqiqat əsərlərinin əsas və səciyyəvi nöqsanlarını göstərmişdir:

1. Dəlillərin düzgün öyrənilməməsi və düzgün toplanmaması:

“Biz dəlilləri az bilirik, hədsiz-ölçüsüz dərəcədə az bilirik, onları toplamağı bacarmırıq”. Lenin göstərir ki, tədqiqatçı qarşısına müəyyən konkret məsələlər qoymalı, əməli təcrübənin göstəriş və nəticələrini öyrənməli, bunları ümumiləşdirməlidir. Lenin boş və ümumi mühakimələr, məktəbin əməli işilə bağlı olmayan mücərrəd şüarlar irəli sürən tədqiqatçıları kəskin tənqid edir.

2. Planın düzgün tərtib olunmaması, məsələnin işlənməsində və aydınlaşdırılmasında məntiqi ardıcıllığın pozulması.
3. Nəticələrin aydın yazılmayıb dumanlı və dağınıq olması.
4. Tədqiqat əsərinin əməli cəhətdən faydalı olmaması.
5. Mühakimələrin şablon olması, yaradıcılıq ideyasının olmaması.
6. Bəzi tədqiqat əsərlərinin irəli sürdüyü məsələlər artıq vaxtı keçmiş məsələlərdən ibarət olur və beləliklə nəzəriyyə təcrübədən geridə qalır.
7. Bir sıra başqa əsərlərində V.İ.Lenin müəlliflərin sitatlardan və ilk mənbələrdən düzgün istifadə etmədiklərini göstərir.

Pedaqoji monoqrafiyaya verilən ümumi tələblər

Professor V.Y.Strulinski tarixi monoqrafiyaların təhlili ilə əlaqədar olaraq aşağıdakı qiymətli göstərişləri verir:

  1. Hər bir elmi əsərin öz tədqiqat meyarı, aydın tədqiqat xətti, istiqaməti olmalıdır.
  2. Müəyyən bir müəllif tədqiq edilərkən onun görüşlərini tədqiqatçı zorla öz məqsədinə, öz planına uyğunlaşdırmamalı, əksinə, əsərin planını həmin müəllifin materiallarındakı məntiqə əsasən qurmalıdır.
  3. Əsər başdan-ayağa sitatlar yığımından ibarət olmamalıdır.
  4. Müəllif hər hansı bir pedaqoji klassikin ümumi görüş sistemi haqqında sintetik bir tədqiqat əsəri yazmaq istəyirsə o, hər şeydən əvvəl həmin klassikin bütün əsərlərini oxumalı və tarixi-tənqidi cəhətdən dərin təhlil etməlidir.
  5. Əgər müəllif özündən əvvəlki müəlliflərin fikirlərindən fərqlənən elmi orijinal bir fikir irəli sürürsə o, öz rəyini bəyannamə şəklində, hökm halında ifadə etməyib, elmi-tədqiqat əsasında sübut etməli və əsaslandırmalıdır. 

Nəzəri pedaqoji monoqrafiyalara verilən tələblər

  1. Tədqiqat üçün mövzu seçərkən ölkəmizdə xalq maarifinin inkişafı ilə əlaqədar olan mühüm əməli vəzifələri əsas götürmək lazımdır. Müəllimin təlim-tərbiyə işinin vəziyyəti və məzmunu, təşkilat formaları və metodları bu mövzular içərisində əsas və həlledici yer tutmalıdır.
  2. Monoqrafiyada hər bir fikri və nəticəni əməli işlə, təcrübə ilə əsaslandırmaq lazımdır. Müəllif pedaqoji prosesin mürəkkəb hadisələrini konkret surətdə təhlil etməli və təlim-tərbiyənin ictimai həyatla, ictimai amillərlə şərtləndiyini, əlaqədar olduğunu aydınlaşdırmalıdır.
  3. Hər bir pedaqoji tədqiqat əsərində müəllif seçdiyi pedaqoji hadisəni ətraflı təsvir və təhlil etməli, onun inkişaf meyillərini və yolunu, həmçinin elmdə onun öyrənilməsi tarixini göstərməlidir.
  4. Hər bir pedaqoji dəlil dialektik inkişafda öyrənilməlidir, onun pedaqoji nəzəriyyə və təcrübəyə nə kimi yenilik gətirdiyini aydınlaşdırmalıdır. Pedaqoji inkişaf tarixində birbirinin əksi olan yeni və köhnə nəzəriyyələrin, ölməkdə və inkişaf etməkdə olan görüşlərin mübarizəsi öz inikasını tapmalıdır.
  5. Pedaqoji anlayışları quru əqli nəticələrdən, quru mühakimələrdən çıxarmaq olmaz, bu anlayışların mahiyyətini və başqa məfhumlar, amillərlə qarşılıqlı əlaqəsini açıb göstərmək lazımdır. Pedaqoji dəlilləri tarixi materializm dünyagörüşü əsasında materialist nöqteyinəzərindən izah etmək lazımdır.
  6. Bütün elmi hipotezaları və təklifləri mütləq təcrübədə yoxlamaq, sınaqdan keçirmək lazımdır.

Məktəblərin təcrübəsini ümumiləşdirməyə aid monoqrafiyalar necə yazılmalıdır

  1. Hər bir belə monoqrafiya məktəbdə təlim və tərbiyənin müəyyən konkret sahəsinə həsr olunmalı və məktəb işi ilə əlaqədar olan bütün məsələləri deyil, konkret bir məsələni həll etməyə doğru yönəldilməlidir.
  2. Tədqiqat materialı ciddi sistem əsasında seçilməli və qruplaşdırmalıdır.
  3. Dəlillər geniş təhlil olunmalı və elmi-nəzəri səviyyədə işıqlandırmalıdır.
  4. Məktəb işinin ümumiləşdirməyə həsr olunmuş monoqrafiyada nəzəriyyə ilə təcrübə arasında elə möhkəm qarşılıqlı əlaqə olmalıdır ki, təcrübə yalnız nəzəriyyəni əsaslandıran misallar yığımı olaraq qalmayıb, nəzəriyyəni yeni faktlar və nəticələrlə daha da zənginləşdirsin.
  5. Tədqiqatda əsas diqqəti müəllimin bütün iş sistemini öyrənməyə vermək lazımdır.
  6. Monoqrafiya müəllifi müəllimin tədris prosesindəki rolunu göstərməklə kifayətlənməyib, şagirdlərin inkişafını da əks etdirməlidir.
  7. Müəllif dəlilləri toplamaq metodikasında, onların təhlili və ümumiləşdirilməsində səhv buraxmamalıdır.

Monoqrafiyanın üslubu və dili

  1. Monoqrafiyanın dili aydın, yığcam, ifadəli və dəqiq olmalıdır. Maksim Qorki demişdir ki, dilin saflığı, məna dürüstlüyü və kəskinliyi uğrunda mübarizə etmək mədəniyyətin kəskin silahı uğrunda mübarizə aparmaq deməkdir.
  2. Müəllif öz əsərini möhkəm və sarsılmaz bir inamla, etiqad və qətiyyətlə, böyük elmi ehtirasla yazmalıdır. Bunun üçün o, öz nəzəriyyə və təcrübələrinə, çıxardığı nəticələrə və hökmlərə möhkəm inanmalıdır.
  3. Müəllif az sözlə çox və dərin fikir ifadə etməyə çalışmalıdır, sözçülüyə yol verməməlidir.
  4. Müəllif öz dilinin geniş oxucular kütləsi üçün aydın olmasına çalışmalıdır. “İncəsənətin böyük əsərləri məhz ona görə böyükdürlər ki, onları hamı başa düşə bilir” (L.Tolstoy).
  5. Müəllif əsər üzərinə səliqə ilə və vicdanla işləməli, onu hər hansı qüsurlardan diqqət və qayğı ilə təmizləməli, çap olunan sözə hörmətlə yanaşmalıdır.

Lafarq, Karl Marksın ədəbi və elmi tələbkarlığı, öz əsərinə böyük məsuliyyət hissilə yanaşması haqqında yazmışdır: “O ciddi işləmək və dəfələrlə yenidən düzəltmək sayəsində materialı müvafiq şəklə salmayınca, buna nail olmayınca heç bir şeyi nəşr etdirmirdi. Axıradək işlənməmiş bir əsərlə kütlə qarşısına çıxmaq fikri onun üçün dözülməz idi”.

6. Müəllif ifadənin uzun və yorucu olmasına yol verməməli, onu ikinci dərəcəli dəlillərlə doldurmamalıdır.

Əsərin quruluşu

Əsərin quruluşu, onun məqsədindən, ideya məzmunundan və həcmindən asılıdır. Pedaqoji monoqrafiyalar 4 növ olur. Bunların bəziləri müəyyən bir tam pedaqoji sistemə həsr edilir, başqaları müəyyən bir pedaqoji problemin həllinə həsr edilirlər. Üçüncü qrup monoqrafiyalar bir məktəbin, yaxud bir müəllimin iş təcrübəsinə həsr olunur.

Dördüncü növ monoqrafiyalar bir neçə müəllimin müəyyən bir konkret sahədəki iş təcrübəsinə həsr edilir. Aydındır ki, bu monoqrafiyaların hər birinin özünə məxsus quruluşu olur. Lakin zahiri cəhətdən onların hamısı eyni hissələrə bölünürlər: müqəddimə, başlanğıc, yaxud giriş hissəsi, fəsillər, paraqraflar. Bəzən kitabın yaxşı mənimsənilməsini asanlaşdırmaq məqsədilə hər paraqrafın əvvəlində yarımsərlövhə yazılır.

Əsərin quruluşu haqqında aşağıdakı göstərişləri yadda saxlamaq lazımdır:

  1. Hər bir tamamlanmış fikir ifadə edən müstəqil və tam parçanı, abzas halında ayırmaq lazımdır.
  2. Hər fəslin, bölmənin yaxud paraqrafın əvvəlində həmin fəslin və ya bölmənin məzmununu qısaca ifadə edən sərlövhə verilməlidir.

Əsərin ayrı-ayrı hissələrinin əhəmiyyəti

Kitab aşağıdakı tərkib hissələrindən ibarət olur:

1. Titul vərəqi, yəni kitabın birinci vərəqi. Bu səhifənin mətni kitabın cildindəki yazıların eyni olur. Burada müəllifin adı və elmi dərəcəsi, kitabın səciyyəsi və sairə məlumat verilir. 

Əsərə ad vermək asan iş deyildir. Çünki onun sərlövhəsində bütün kitabın məzmunu və məqsədi qısa və dəqiq şəkildə əks olunmalıdır. Ona görə kitabın sərlövhəsini əsər qəti surətdə yazılıb qurtardıqdan sonra, onun mahiyyəti dürüst təyin edildikdən sonra vermək məqsədə daha müvafiqdir.

2. Müqəddimə. Müqəddimədə adətən əsərin planı izah olunur, onun nə məqsədlə çap olunduğu, özündən əvvəl eyni mövzuda yazılmış kitablardan fərqi göstərilir. Müqəddimə kitabın əvvəlində çap olunduğuna baxmayaraq onu əsər hazır olub qurtardıqdan sonra yazmaq lazımdır, çünki əlyazma və bütün yeni çıxmış kitablar dərindən öyrənildikdən sonra müəllif bir sıra yeni fikirlərin məhz müqəddimədə, yaxud kitabın nəticə hissəsində ifadə edə bilir.

3. Başlanğıc, yaxud giriş hissəsi. Hər hansı kitabın giriş hissəsi iki səciyyə daşıya bilər. Bu hissədə ya metodoloji izahat verilir və əsərin başlıca məsələləri, məqsədi göstərilir, yaxud da həmin məsələnin tarixinə aid yazılmış ədəbiyyat icmal şəklində tarixi-tənqidi surətdə işıqlandırılır. Giriş fəslinin məzmunu əsərin və tədqiq olunan materialın səciyyəsindən asılıdır.

4. Fəsillər, yarım fəsillər, paraqraflar. Əsəri adətən fəsil adlanan bir neçə böyük hissəyə bölürlər. Müəllif fəsillərin sayını artırmağa çalışmamalıdır. Əgər material həcm etibarilə böyükdürsə, sayca az olan fəsillər çərçivəsində yarım fəsillərin və paraqrafların sayını artırmaq məqsədə daha müvafiqdir. Bunun sayəsində əsər daha yığcam və oxucu üçün daha sadə olur.

Maşında çap olunmuş əlyazmanın yoxlanması

Yuxarıda biz göstərdik ki, əlyazma hələ maşında yazılmamış onu təhlil və sintetik (ümumi) surətdə oxuyub yoxlamaq və düzəltmək lazımdır. Birinci halda əlyazmanın hər bir hissəsi ayrıca yoxlanır, ikinci halda isə əlyazma bir tam əsər kimi nəzərdən keçirilir və onun ayrı-ayrı hissələri arasındakı əlaqə, vəhdət, ümumi fikir sistemi yoxlanır.

Əlyazma maşından çıxdıqdan sonra da onu bu qayda ilə oxuyub yoxlamaq lazımdır. Müəllif mütləq maşında çap olunmuş əsəri orijinalla, əlyazma ilə müqayisə etməli, vahid imla və üslub yaratmağa çalışmalıdır.

Kitabda, xüsusilə elmi əsərlərdə bir çox qeydlər, göstəricilər, əlavə izahatlar olur. Bəzən müəllif müəyyən bir istilahı, yaxud dəlili səhifənin axırında əlavə izah edir. Bəzən sitatın irəli sürdüyü fikrin mənbəyini göstərir. Bu qeyd, göstərici və izahatların hamısına birlikdə kitabın elmi aparatı deyirik. Fəlsəfi əsərlərdə eyni mətnin başqa variantları, həmçinin başqa müəlliflərin həmin mətnə aid qeyd və fikirləri də elmi aparata daxil olur.

1. Biblioqrafik və predmet-mövzu göstərici. Çox vaxt müəllif mövzu üzərində işlədiyi zaman istifadə etdiyi kitabların siyahısını da öz əsərinə əlavə edir. Bu siyahı əlifba sırası ilə, yaxud müntəzəm bir qaydada verilir.

Bəzi böyük həcmli elmi-tədqiqat əsərlərində adlar göstəricisi olur. Müəllif mətndə adları çəkilən müəlliflərin və görkəmli simaların adlarını əlifba sırası ilə yazıb hər bir adın qarşısında həmin adın çəkildiyi səhifələri göstərir. Adlar göstəricisi oxucu və tədqiqatçı üçün son dərəcə faydalıdır, onun işini xeyli yüngülləşdirir. Tutalım ki, siz akademik Heydər Hüseynovun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” adlı kitabında M.F.Axundova aid bütün parçaları və fikirləri oxumaq istəyirsiniz. Kitabın sonunda xüsusi adlar gös-təricisi vardır. Orada əlifba sırası ilə M.F.Axundovu tapıb onun adı çəkilən bütün səhifələri öyrənə bilərsiniz.

Bəzi kitablarda xüsusi “predmet-mövzu göstərici” olur. Predmet-mövzu göstəricisində kitabın toxunduğu mühüm məsələ və mövzular əlifba sırası ilə verilir. Siz bu göstəriciyə baxaraq müəyyən bir məsələdən, yaxud mövzudan hansı səhifələrdə bəhs olunduğunu asanlıqla öyrənə bilərsiniz.

2. Əlavə qeydlər. Müəllif sitat gətirəndə adətən bu sitatı haradan götürdüyünü əlavə qeydlər halında göstərir, bəzən isə mətnə, yaxud başqa əsərdən gətirdiyi parçaya aid fikrini də bu əlavə qeydlə verir. Belə qeydlər ya səhifənin sonunda olur, ya sitatın axırında mötərizə içində verilir, yaxud da kitabın sonuna əlavə edilir.

3. Şəkillərin siyahısı. Əgər kitabın mətni müəyyən şəkillərin verilməsini tələb edirsə müəllif şəkillərin siyahısını tərtib etməlidir. Mətnə əlavə edilən şəkillər müxtəlif fotoşəkillərdən və çertojlardan, eskiz və cədvəllərdən, sxem və diaqramlardan ibarət ola bilər. Müəllif şəkilləri sıra qaydası ilə nömrələməli, hər şəklin hansı səhifədə veriləcəyini və altında nə yazılacağını göstərməlidir.

4. Mündəricat. Mündəricatda kitabın bütün fəsillərinin adları verilir. Mündəricat bir növ kitabın müfəssəl planıdır, onun məzmun ardıcıllığını və hər fəslin konkret mövzusunu ifadə edir. Əlyazmanın bütün sərlövhələri mündəricata mətndəki ardıcıllıqla və təhrif edilmədən köçürülməlidir.

Mündəricat kitabın bütün bölmələrini ardıcıl surətdə əks etdirməklə bərabər məntiqi quruluş etibarilə bir vəhdət təşkil etməlidir.

Əlyazmanı oxuyarkən, yaxud kitabın mətbəə səhifələrini düzəldərkən mündəricatı mətnə baxaraq ciddi surətdə yoxlamaq, xüsusilə ayrıayrı sərlövhələrin təhrif olunmasına, səhifələrin düzgün göstərilməsinə, sərlövhələrin ardıcıllığına diqqət vermək lazımdır.

Kitabın mətbəədə yığılması və müəllifin vəzifəsi

Özünə qarşı tələbkar və məsuliyyətli olan müəllif kitab mətbəədə yığıldıqca əsərinin mətnini bir daha diqqətlə yoxlamalıdır. Bu dövrdə müəllif artıq əsaslı üslub dəyişiklikləri etməkdən çəkinməlidir. Belə düzəlişlər əlyazma çapa hazırlanan zaman olmalıdır. İndi müəllif əsasən mətnin imlasını, durğu işarələrini, müxtəlif şərti işarələrin düzgün yazılmasını və sairə cəhətləri yoxlayıb islah etməlidir.

Bəzən müəllif mətnin məzmununu ciddi surətdə yoxladığı halda onun texniki qüsurlarına kifayət qədər diqqət verə bilmir. Bunun nəticəsində kitabda məzmunu təhrif edən ciddi texniki xətalar ola bilir. Ona görə müəllif mətbəədə yığılmış səhifələri maşında çap olunmuş orijinalla müqayisə etməli, mətnin həm mündəricəsinə, həm də texniki cəhətinə diqqət verməlidir.

Müəllifin işində son mərhələ

Kitab mətbəədə yığılıb çapdan çıxanadək müəllifdə bir sıra yeni fikirlər əmələ gələ bilər, onun tədqiq etdiyi məsələyə aid yeni kitablar, yaxud məqalələr çıxa bilər. Belə hallarda, şübhəsiz, müəllif öz əsərinə müəyyən əlavələr etmək istəyəcəkdir, o, öz qeydlərini əsər çap olunub qurtaranadək müqəddimə, yaxud nəticə şəklində yaza bilər. Ona görə müqəddimə mətnin lap əvvəlində verildiyinə baxmayaraq kitabın çapa hazırlanması qurtarana yaxın tərtib olunur. 

Məktəblərin və müəllimlərin təlim-tərbiyə sahəsindəki iş təcrübəsini təhlil etmək və elmi surətdə ümumiləşdirmək istəyən hər bir müəllif bu qanuni və şərəfli tələbi yadında saxlamalıdır. Məktəbin zəngin təcrübəsini ümumiləşdirmək, yaxud pedaqoji tariximizin mühüm mərhələlərinin görkəmli xadimlərini öyrənmək və oxuculara çatdırmaq istəyən müəllif öz əsərinin ideya məzmununa, məfkurə dolğunluğuna əsas
diqqət verməlidir. 

Biz bu məqalədə geniş müəllimlər kütləsini elmi-tədqiqat işinə cəlb etmək, onların arasındakı təcrübə mübadiləsini elmi əsaslar üzərində daha da inkişaf etdirmək məqsədilə məktəb işini ümumiləşdirməyin və tədqiqat əsərləri yazmağın sınanmış yollarını, kitab və məqalə üzərində işləməyin əsas qaydalarını, formalarını ətraflı izah etdik.