ÖMÜRBOYU TƏHSİL KONTEKSTİNDƏ KOUÇİNQ ŞƏXSİ KEYFİYYƏTLƏRİ KAMİLLƏŞDİRƏN PEDAQOJİ VASİTƏ KİMİ


Nurlan Məmmədov, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının doktorantı. E-mail: [email protected] https://orcid.org/0000-0002-9673-086




Qloballaşan dünyanın təhsil ehtiyaclarının çevik ödənilməsində, insan resurslarının idarə olunmasında, kadr islahatları, müəllim mobilliyi və mütəxəssislərin işgüzar fəaliyyətində əlavə təhsil böyük rol oynadıqca, onun təşkili modellərinin də əhəmiyyəti artır və təcrübənin, karyera inkişafının, xüsusi bacarıqların və digər zəruri işgüzar keyfiyyətlərin formalaşması üçün yeni pedaqoji alətlərə ehtiyac yaranır. Bu baxımdan, kouçinqdən bir vasitə olaraq istifadə mühüm əhəmiyyət kəsb edir. Məqalədə kouçinqin keçdiyi tarixi inkişaf mərhələləri təhlil edilib, onun məqsəd və mahiyyəti izah olunub. Həmmüəlliflər kouçinqi fasiləsiz təhsil sistemində əlavə təhsilin modeli kimi qiymətləndiriblər. Elmi araşdırmaların nəticələri göstərir ki, müasir dövrdə qeyd olunan zəruri işgüzar keyfiyyətləri əldə etmək üçün işləyənlərin və təhsilalanların yenidən universitet auditoriyalarına geri qayıtmağa kifayət qədər vaxtı, zamanı, həvəsi olmur. Eyni zamanda kadrların işgüzar keyfiyyətlərinin yüksəldilməsi və onların peşəkarlığının təkmilləşdirilməsindən ötrü əlavə vəsait ayrımaq çox vaxt işəgötürənlər üçün iqtisadi maraq kəsb etmir. Belə bir şəraitdə iqtisadi-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələrində fəaliyyət göstərən vətəndaşların və təhsilalanların təhsil ehtiyaclarını ödəyən əlavə təhsilin təşkilinin yeni modellər əsasında tətbiqinə zərurət yaranır. Bu baxımdan, əlavə təhsilin təşkilinin yeni modellərindən biri kimi kouçinq şəxsi-işgüzar keyfiyyətləri yüksəldən əlverişli vasitə kimi qiymətləndirilə bilər.

GİRİŞ

XXI əsrdə dünyada istənilən bir ölkənin inkişafının rəhni, ilk növbədə insan resurslarının keyfiyyəti ilə müəyyən edilir. Bu gün ömür boyu öyrənmək təxirəsalınmaz bir zərurətə çevrilir. Dövlətin və xalqın inkişaf səviyyəsini və iqtisadi rifahını ölkənin sahib olduğu təbii sərvətlərindən daha çox onun təhsilinin, mədəniyyətinin və elminin inkişaf səviyyəsi müəyyən edir. Müasir dövrdə son dərəcə vacib olan bu sosial-iqtisadi problemin həlli başlıca plana keçir və xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, elmi-texniki inkişafın göstəriciləri, əhalinin bilik səviyyəsi, onların texniki səriştə və bacarıqlara yiyələnməsi xalqın rifahının yüksəldilməsinin və bütövlükdə vətəndaşların sosial-iqtisadi inkişafının başlıca təminatçısı rolunda çıxış edir. Araşdırmalar göstərir ki, bütün bu qeyd edilənlər insanın köməyi ilə həyata keçirildiyinə görə, onun özünün texniki bilik, bacarıq və səriştə ehtiyatının formalaşmasına xüsusi diqqət ayrılmalıdır.

Hələ XX yüzilliyin əvvəllərinədək iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən istehsalatda və ya idarəetmədə hər hansı bir ixtisasa və ya texnologiyaya yiyələnməklə uzun müddət (ən azı 5 il) həmin biliklə kifayətlənmək, akademik və iş mühitində qarşıya çıxan problemləri, bu və ya digər məsələləri həll etmək mümkün idi. Zaman keçdikcə cəmiyyətin həyatında köklü dəyişikliklər baş verib, sürətlə inkişaf edən müasir dünyada informasiyanın həcmi kəskin dərəcədə artıb, elm və texnologiya sahəsində böyük irəliləyişlər əldə olunub. Belə bir dövrdə dünyada insan kapitalının da rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz bunları nəzərə alaraq deyib: “Bizim inkişafımızı, gücümüzü, ölkəmizin qüdrətini insan kapitalı müəyyənləşdirir. Təbii resurslar, sadəcə olaraq, bir vasitə kimi bizə kömək göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir”.

Belə bir tarixi şəraitdə elm və texnologiyanın son nailiyyətlərini mənimsəmək, akademik mühitdə və əmək bazarında baş verən yeni çağırışlara cavab verə bilmək üçün təhsildə fasiləsizlik prinsipinin əhəmiyyəti getdikcə artır. Qeyd etməliyik ki, kouçinq şəxsi məqsədləri, vasitələri və onlara nail olmaq yollarını, həmçinin öz həyat konsepsiyalarını və dünyagörüşünü izah edən metod kimi özünüdərketmə vasitəsidir. Məhz ona görə də bu vasitənin əlavə təhsilin təşkili modeli kimi qəbul edilməsi məqsədəuyğundur.

FASİLƏSİZ TƏHSİL SİSTEMİNDƏ KOUÇİNQ

Təcrübə və araşdırmalar göstərir ki, son illər təhsil sistemində, xüsusilə ümumtəhsil, orta ixtisas təhsili və ali təhsil müəssisələrində kouçinq çoxşaxəli inkişaf prosesi kimi aktiv tətbiq olunur. Belə ki, yuxarı sinif şagirdlərinin peşə oriyentasiyasında kouçinq köməyi, xarici dilin öyrənilməsində kouçinq texnologiyası, esse müsabiqələrini qazanmaq üçün kouç dəstəyi və s. kimi yanaşmalar kouçinqin təhsil sistemi üzrə terminologiyada öz yerini müəyyən edib. Bu yanaşmalar, eyni zamanda pedaqogika elmini nəzəri müddəalarla zənginləşdirməyə geniş imkanlar yaradır. Məlumdur ki, terminoloji sistemlərdə fasiləsiz olaraq dəyişikliyin yaranması ictimai-siyasi həyatın inkişafı, sosial sifarişə uyğun olaraq gündəlik istifadə edilən, xüsusilə elmi-texniki tərəqqinin hesabına dilimizə daxil olan anlayışlarla bilavasitə bağlıdır. Bu baxımdan, baş vermiş dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın imkanlarını kontekstə uyğun düzgün istiqamətləndirmək olduqca vacibdir.

Tədqiqatlar göstərir ki, dilə daxil olan yeni terminlərdən elmin müxtəlif sahələrindəki dəyişikliklərə uyğun olaraq istifadə mühüm tələblərdən biridir. Çünki ictimai həyatın əksi olan terminologiya sistemi müxtəlif elm sahələrini birləşdirdiyi kimi, digər (əcnəbi) dillərin fonetik, leksik və qrammatik xüsusiyyətlərini də özündə cəmləşdirir. Ona görə də alınma və beynəlxalq terminlərin dilimizə axını daxil olan terminlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual məsələləri meydana çıxarır.

“Kouç” (“Coach”) etimoloji xüsusiyyətlərinə görə ingilis mənşəli sözdür. “Cambridge Dictionary”- də (“Kembric lüğəti”ndə) “coach” sözü aşağıdakı üç mənada işlədilib:

1) A comfortable bus used to take groups of people on long journeys (insanları uzaq səfərlərə aparmaq üçün istifadə olunan rahat avtobus);
2) Someone whose job is to teach people to improve at a sport, skill, or school subject, a football / tennis coach (insanlara idman və ya məktəb fənləri ilə bağlı bacarıqlarını təkmilləşdirməyi öyrədən şəxs, futbol, tennis məşqçisi);
3) A vehicle with wheels that is pulled by horses (atlar tərəfindən çəkilən təkərli nəqliyyat vasitəsi). 

Fərqli formada izah etsək, kouçinq uzaq gələcəyə fokuslanmamaq şərti ilə yaxın və orta perspektiv üçün real vaxt rejimində cərəyan etməklə işgüzar fəaliyyətin məhsuldarlığını artırmağa yönəlmiş proses kimi başa düşülür. Məsələn, idman kouçinqi yeni zirvələri fəth etmək, rekordu təzələmək istəyən və bunun üçün böyük potensiala malik şəxsə (idmançıya), yaxud kollektivə (komandaya) qarşıya qoyulmuş məqsədə (hədəfə) ən optimal yolla çatmaq imkanlarını göstərir. Məlumdur ki, bir çox idman növlərində, xüsusilə də futbolda komandanın baş məşqçisi “kouç” (“coach”) adlanır. Kouç idmançıların fərdi qaydada texniki paramterləri, fiziki göstəriciləri, çıxışları üzrə məsuliyyət daşımaqla yanaşı, eyni zamanda komanda üzrə ruh yüksəkliyinin həmişə qorunub saxlanılmasını təmin edir, onların daim formada olmasında, motivasiyasının və qələbəyə inamının formalaşdırılmasında böyük rol oynayır.

Bütün bunlarla yanaşı, kouçinqin pedaqogika elmi və təhsil sistemi ilə bağlılığı məsələsi də xüsusi maraq doğurur. Məlumdur ki, təhsilin inkişafında modernləşdirmə və humanistləşdirmə mühüm əhəmiyyət kəsb edir. Özünü inkişaf etdirməyə qadir bir şəxsiyyətin formalaşdırılması təhsilin əsas dəyəri və məqsədi kimi qəbul edilir. Məhz bu yanaşmanın tətbiqi yeni pedaqoji paradiqma meydana gətirir.

Fikrimizcə, əlavə təhsil və onun yeni, müasir modelləri olmadan belə bir paradiqmanın tətbiqi çox çətindir. Bu, ilk növbədə, onunla bağlıdır ki, əlavə təhsil vətəndaşların, xüsusilə pedaqoji kadrların diplomdan sonrakı işgüzar həyatında bütün təhsil ehtiyaclarını çevik ödəyə bilən modellərlə zəngindir. Həmin modellərdən biri də kouçinqdir. Elmi araşdırmalar göstərir ki, kouçinqin aşağıdakı qanunauyğunluqlara görə əlavə təhsilin modeli kimi nəzərdən keçirilməsi məqsədəmüvafiq hesab edilə bilər: 

1) öyrənmə prosesinə lazım olan bütün şəxsi keyfiyyətləri formalaşdırması;
2) şəxsiyyətin hərtərəfli inkişafı üçün psixoloji dəstək yaratması;
3) öyrənməyə və təcrübə əldə etməyə təşviq etməsi;
4) əmək bazarında rəqabətədözümlülük yaratması;
5) dəstəkləyici mühitdə cərəyan etməsi və nəticəyönlü olması.

Qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, kouçinq yeni bir pedaqoji paradiqma kimi təhsilin vasitələrindən biri və insan fəaliyyətinin digər sahələrinə aktiv şəkildə nüfuz etməyə başlayan innovasiya adlandırıla bilər.

Kouçinq təhsil modeli olmaqla yanaşı, eyni zamanda, həm də təhsilalma prosesidir. Bu o zaman təhsilalma prosesinə çevrilə bilir ki, insanı (təhsilalanı, subyekti) hazırda olduğu səviyyədən olmaq istədiyi səviyyəyə istiqamətləndirsin. Prosesin müddəti qarşıya qoyulmuş məqsəddən asılı olaraq dəyişə, həmçinin ömürboyu davam edə bilər. 

Kouçinq anlayışı ilə bağlı tədqiqatlarda onun mahiyyəti “səmərəliliyin maksimum artırılması məqsədilə insan potensialının aşkara çıxarılması” (Uitmor, 2005) kimi göstərilir. Kouçinq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə geniş yayılıb. O, XXI əsrin vacib peşələrindən biri kimi qiymətləndirilir. Kouçinqin izahında fərqli yanaşmalar olsa da, ümumi konseptual yanaşmalar uyğundur. Tədqiqatçı M.Dauni və başqaları insanların böyük daxili qabiliyyətlərə malik olduğuna möhkəm inamı kouçinqin əsas prinsipi kimi qəbul edirlər. Bu, bir həqiqətdir ki, bütün insanlar öz gündəlik həyatında göstərdiklərindən daha böyük daxili qabiliyyətlərə malikdirlər (Dauni, 2008).

Beynəlxalq Kouçinq Federasiyası tərəfindən kouçinqin fəlsəfəsinə uyğun olaraq tərifi aşağıdakı kimi müəyyən edilib: “Peşəkar kouçinq – insanlara öz şəxsi və professional həyatında keyfiyyətcə yeni nəticələr əldə etməyə kömək edən peşəkar xidmətlərin göstərilməsi prosesidir”. Göründüyü kimi, Beynəlxalq Kouçinq
Federasiyası kouçinqi proses kimi qiymətləndirir. Lakin təhsil kontekstində kouçinq həm də təhsilin bir modeli kimi nəzərdən keçirilir. Bu kontekstdə kouçinq bir proses kim insanların şəxsi və işgüzar fəaliyyətinin bir parçasına çevrilib, bu fəaliyyətin tərkibinə nüfuz edərək onların öz biliklərini dərinləşdirməsinə, səmərəliliyin artırılmasına və həyat keyfiyyətlərinin yüksəldilməsinə imkan yaradır. Hər görüşdə şəxs söhbətin məqsədini özü seçir, kouç isə onu dinləyir, müşahidə və suallar formasında mövzuya öz töhfəsini verir. Göründüyü kimi, kouçinq qarşı tərəfin: təhsilalanın, öyrənənin hazırkı vəziyyətindən nəzərdə tutulmuş vəziyyətə çata bilməsi üçün nəticəyönlü fəaliyyətdir. 

Buna görə də təhsilalanların şəxsi inkişafına pedaqoji dəstək üçün innovativ texnologiyalardan səmərəli istifadəyə ciddi ehtiyac vardır. Bu cür texnologiyalara məhz kouçinq yanaşması tələb olunur ki, buraya daxili mənbələrin və resursların səfərbər edilərək fərdin subyektiv mövqeyinin aktuallaşdırılması aiddir. Kouçinq şəxsiyyətyönlü olduğu, fərdiləşdirilmiş təlim və tərbiyə prinsiplərinə cavab verdiyi və yeni nəslin təhsil standartlarının tələblərinə uyğun gəldiyi üçün hesab edirik ki, pedaqogikanın tədqiqat sahəsinə aid edilə bilər. Bu hal xüsusilə fərdin sosiallaşması zamanı özünü göstərir. Çünki şəxsiyyət fərdin tədricən sosiallaşması prosesində meydana gəlir. Bu anlayış insanın özünəməxsus ümumi və xüsusi əlamətlərini, həm də təkcə, təkrarlanmayan xüsusiyyətlərini ifadə edir. İnsanın sosial fərdiliyi, sosial keyfiyyətlərinin səciyyəviliyi onun şəxsiyyət kimi formalaşdığını qeyd etməyə əsas verir (Cəbrayılov, 2016).

Kouçinq isə vətəndaşın bir şəxsiyyət kimi özünün perspektivini dəyişdirməyə və istədiyi məqsədə çatmaq üçün yeni yanaşmalardan istifadəyə kömək edən texnikaları əhatə edir. Buraya “arzular çarxı”, “zaman xətti” və “GROW” texnikaları daxildir. “Arzular çarxı” texnikası öyrənənin diaqonostik qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Kouç bu texnika vasitəsilə öyrənənin indiki arzuları ilə gələcək hədəfləri arasında qanunauyğunluğu müəyyən edir. Bunun üçün təhsilalana məqsəddən asılı olaraq sayı 10 ilə 100 arasında yazılı sual, yaxud test blankı, digər hallarda isə şifahi müsahibə sualları verilir. Cavabların nəticəsində korreksiya aparılır. Burada əsas şərt kouçun heç bir vəchlə öyrənənə istiqamətləndirici müdaxilələrin etməməsidir.

“Zaman xətti” texnikasının əsas səciyyəvi xüsusiyyəti kouçinqin qarşıya qoyulan məqsədə nail olmaq üçün nəzərdə tutulan müddəti şərti zaman şkalalarına ayıraraq “son tarix” alətini (“deadline”) tətbiq etməsindədir. Sxem 1-də tezisin yazılması ilə əlaqədar nümunədə bu texnikanın necə işlədiyinə baxa bilərik.

Sxem 1 “Zaman xətti” texnikasında icra prosesinin şkalası

GROW adlanan digər bir texnikanın (bu söz ingilis dilindən “cücərti” mənası verdiyi üçün kontekstdə uğurla işlədilir) 4 mərhələsinin hər biri aydın məqsəd daşıyır. Əvvəlcə məqsəd müəyyən edilir, sonra reallıq ilə məqsəd müqayisə olunur, daha sonra reallıqla əhatə olunan real vaxt rejimində məqsədə çatmaq üçün mövcud çıxış yollarından ən optimalı seçilir. Son mərhələdə isə hədəfə çatmaq üçün hərəkətə keçilir (Whitmore, 2009). Cədvəl 1-də nümunə olaraq həmin xüsusiyyətlər öz əksini tapıb.

Cədvəl 1 GROW abreviaturasının izahı

Bəzi mənbələrdə isə kouçinq pedaqoji və psixoloji metod kimi səciyyələndirilir. Məsələn, “Psixoloji konsultasiya və psixoterapiya” adlı əsərdə kouçinq müəyyən məqsədə çatmağa kömək edən konsaltinq və təlim metodu kimi xarakterizə edilib (Ayvi, 2000).

Araşdırmalar göstərir ki, kouçinq fəlsəfəsinin formalaşmasına xidmət edən əsas dəyərlər aşağıdakı istiqamətlər üzrə göstərilə bilər:

1) inam;
2) ustadlıq;
3) əməkdaşlıq;
4) hörmət.

Kouçinqin inkişafında bu dəyərlərin, eləcə də bir çox elm sahələrinin, xüsusilə pedaqogika və psixologiyanın (idman psixologiyası, klinik psixologiya, sosial psixologiya, sənaye psixologiyası, pedaqoji psixologiya və s.), həmçinin liderliklə bağlı nəzəriyyələrin böyük təsiri olub.

Cədvəl 2-də kouçinqin ən geniş yayılmış istiqamətləri verilib. Bu istiqamətlər arasında əlavə təhsillə birbaşa bağlılıq təşkil edənlər arasında üstünlük, fikrimizcə, şəxsi inkişaf və kompetensiyalar kouçinqidir.

Cədvəl 2 Kouçinqin əsas istiqamətləri

Yuxarıda qeyd olunanları təhsil kontekstində də nəzərdən keçirmək mümkündür. Göründüyü kimi, kouçinq insanları daha müstəqil və özünü təmin edən işçilərə çevirir. Bu qanunauyğunluq təhsilverən-təhsilalan münasibətləri üçün də doğrudur, burada daha çox təhsilalanların müstəqilliyi və effektiv öyrənməsi təşviq olunur. Biz cədvəl 2-də 11-ci sıraya təhsil kouçinqi adı verib pedaqogika ilə əlaqələndirə bilərdik. Lakin bu səthi yanaşma olardı. Çünki M.O.Andreyeva (7), E.Parslou (8), O.S.Rıbina (9), Q.A.Smirnova (10), Ş.Sezer (11), P.D.Abduraxmanova və başqalarının (12), həmçinin J.Yakobs, A.Boardman və digərlərinin (13) məqalələrində “təhsil kouçinqi” və “pedaqoji kouçinq” ilə bağlı yanaşmalara rast gəlinir. Bu proses hələ formalaşma mərhələsində olduğundan yuxarıda qeyd olunanların hamısını ümumilikdə təhsil kouçinqinə aid etmək, yaxud təhsil kouçinqinin özünü ayrıca bir model kimi tətbiq etmək üçün, fikrimizcə, bu istiqamətdə yeni elmi-pedaqoji araşdırmaların aparılması məqsədəuyğundur.

Kouçinq mentorluqdan fərqli olaraq təhsilləndirici və təlimverici funksiya yerinə yetirməsə də, təhsilləndirici və təlimverici mühiti formalaşdıran, öyrənməyə və öyrətməyə təşviq edən dəstəkləyici mühit və iştirakçılar formalaşdırır, həm təhsilverənlər, həm də təhsilalanlar üçün nəticələrin yaxşılaşdırılmasını hədəfləyir. Hazırda bir çox məktəblər, kolleclər və universitetlər dörd fərqli sahədə kouçinqdən istifadə edirlər:

1) təhsil menecmentini dəstəkləmək;
2) pedaqoji kadrların peşəkarlığını təkmilləşdirmək;
3) təhsilalanlara birbaşa dəstək olmaq;
4) təhsil müəssisələrinin bir-biri ilə əlaqələrini qurmaq.

Məsələn, ABŞ-da kouçlar təcrübələrini inkişaf etdirməyə kömək etmək üçün müəllimlərlə işləyirlər. Avstraliyada təhsildə rəhbər işçilər liderlik bacarıqlarını artırmaq, İngiltərədə təhsil işçiləri rifahlarını yaxşılaşdırmaq və liderlik keyfiyyətlərini yüksəltmək üçün kouça müraciət edirlər. Yeni Zelandiyada tələbələrə bir-birilərinə kouçinq dəstəyi vermək öyrədilir (Blackman, 2010). Türkiyədə isə xüsusilə işgüzar və şəxsi özünüinkişaf məqsədi ilə kouç dəstəyindən faydalanırlar və belə dəstəyi göstərənlər “yaşam koçu” adlanır.

Bir çox xüsusi təhsil müəssisələrində müəllimlər həm də kouç funksiyasını yerinə yetirirlər, lakin müəllim və kouç ümumilikdə bir sıra vəzifələri həyata keçirməklə müəyyən oxşarlıqlara malikdirlər. Müəllimlər təhsilin bütün səviyyələrində öyrənənlər üçün bilik, bacarıq və vərdişlər formalaşdırır, liderlik keyfiyyəti aşılayır, peşəkar təcrübələrinə əsaslanaraq bir çox pedaqoji funksiyalar həyata keçirirlər, kouçlar isə həm də ayrılmış akademik saatdan kənar öyrənənlərə onların gələcək fəaliyyətini nəzərdə tutan ixtisaslaşmış istiqamət verirlər. Burada müəllimin rolu nəzərdə tutulmuş tədris planında başa çatırsa, kouçinqin rolu öyrənənin peşəkar fəaliyyət göstərməsinədək daha uzaq perspektiv xətləri əhatə edir. Bütün bunlarla yanaşı, bu iki rol arasında biliyin dərinliyi, ötürülməsi və əks-əlaqənin təmin edilməsi mexanizmləri də daxil olmaqla bir çox fərqlər meydana gəlir. Lakin nəticə etibarı ilə hər iki rol üçün təhsil son məqsəddir və hər ikisində təhsilalanları və ya öyrənənləri rəqabətədözümlü mühitə hazırlamaq üçün zəruri bilik və təcrübənin ötürülməsi və onun mənimsənilməsinə nəzarət əsas şərtdir. 

Qeyd etdiklərimiz belə bir qənaətə gəlməyə əsas verir ki, bu gün rəqabətli əmək bazarında səriştə və bacarıq sahibinin yox, ilk növbədə bu səriştə və bacarıqların özünün tez bir zamanda inkişaf etdirilməsi üstünlük təşkil edir, lakin peşəkar bilik və bacarıqlar insanın xüsusi biliklərin mənimsənilməsi üçün mühüm olan dərin şəxsi keyfiyyətləri əsasında formalaşdırılmış olur. Buna görə də şəxsiyyətin inkişafının zəruriliyi onun özünü təsdiq etməsi və müasir cəmiyyət üçün özünü reallaşdırması ilə şərtlənir (Məmmədov, 2022).

Sosial sifarişin dinamikliyi və dəyişkənliyi baxımından yeni təhsil paradiqmasının məqsədi insanı hərtərəfli, ahəngdar və yaradıcı şəkildə inkişaf etdirməkdir. Çünki belə bir insan olmadan nə iqtisadiyyat, nə cəmiyyət, nə də tərəqqi mövcud ola bilər. Buna görə, XX əsrin sonu – XXI əsrin əvvəllərində yaradıcı potensialın inkişafına təkan verən, onu fasiləsiz olaraq təkmilləşdirməyi zəruri hesab edən paradiqmanın formalaşmasına ehtiyac yaranıb.

NƏTİCƏ

Kouçinqin tarixi inkişaf yoluna, məqsəd və mahiyyətinə nəzər salmaqla yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, kouçinq özü təhsildə fasiləsizliyin aparıcı həlqəsi olan, başqa sözlə, ilkin formal akademik baza təhsili ilə diplomdan sonrakı təhsili əlaqələndirən əlavə təhsilin bir modelidir. Kouçinqin özü əlavə təhsilin bir modeli olmasına baxmayaraq onun özünün də submodelləri, texnologiyaları və metodları mövcuddur. Lakin kouçinqin təcrübə və təlim mübadiləsi olmaması onu mentorluqdan fərqləndirən əsas xüsusiyyətdir. Əlavə təhsilin bu modeli şəxsi və peşəkar (ixtisasyönlü) müstəvidə təhsilalanların öz potensiallarını maksimum dərəcədə artırmalarına zəmin yaradan, onların düşüncə və yaradıcılığını stimullaşdıran və tərəfdaşlıq prinsipləri üzərində qurulmuş prosesdir. Bu proses qarşıya qoyulan pedaqoji məqsədə çatmaq üçün real vaxt rejimində təşkil olunur. Buraya şüurun stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, fəaliyyətin layihələndirilməsi, yaxud modelləşdirilməsi, məqsəd(lər)in müəyyən edilməsi və planlaşdırılması, inkişaf və məsuliyyətin idarə olunması kimi komponentlər daxildir.

Qeyd olunanları ümumiləşdirərək, kouçinqi ömürboyu təhsil kontekstində əlavə təhsilin bir modeli kimi nəzərdən keçirməklə özünün öyrədici texnologiyalar sisteminə malik olan, şəxsi keyfiyyətləri cilalayıb kamilləşdirən effektiv pedaqoji-psixoloji vasitə kimi səciyyələndirmək mümkündür.

İstifadə edilmiş ədəbiyyat

1 Abdurakhmanova, P.D., Idrisova, P.K., Gadzhibekova, Z.K. (2021). “Pedagogicheskiy kouching kak sredstvo povysheniya motivatsii studentov k izucheniyu inostrannogo yazyka”. Mir nauki, kul’tury, obrazovaniya, № 1, s. 4 (89), str. 301-303.
2 Andreyeva, M.O. (2013). Rayonnaya administratsiya shkoly. Nauchno-metodicheskiy zhurnal.– Rostov n/d,– №1.
3 Ayvi, A.E., Ayvi,M.B., Saymon-Dauning, L. (2000). Psikhologicheskoye konsul’tirovaniye i psikhoterapiya. – M.: Psikhoterapevticheskiy kolledzh. 487s.
4 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında nitqi. 29 iyul 2020-ci il. URL: https://president.az/az/articles/view/40267
5 Blackman, A. (2010). Coaching as a leadership development tool for teachers September 2010. Professional Development in Education, 36(3): s.421-441.
6 Cambridge Dictionary. URL: www.dictionary.cambridge.org
7 Cəbrayılov, İ.H. (2016). Şəxsiyyət və onun formalaşması problemi. // “Azərbaycan məktəbi” jurnalı, № 1 (671), s.62.
8 Jacobs, J., Boardman, A., Potvin, A., & Wang, C. (2017). Understanding teacher resistance to instructional coaching. Professional Development in Eeducation, 44(5), s.690-703.
9 Məmmədov, N.R. (2022). “Kouçinq əlavə təhsilin modeli kimi” // Qədim diyar – beynəlxalq onlayn elmi jurnal. I Respublika elmi konfransının materialları. S.43-46, Bakı, 16 dekabr.
10 Parslou, E., Rey, M. (2003). Kouching i obucheniye. Prakticheskiy i tekhnicheskiy metod. SPb: Piter.
11 Rybina, O.S. (2011). Obrazovatel’nyy kouching lichnoy effektivnosti i professional’noy kompetentnosti studentov. Aktual’nyye voprosy sovremennoy pedagogiki: materialy Mezhdunarodnoy nauchnoy konferentsii. Ufa: Leto. s. 112-114.
12 Sezer, Ş. (2016). The effects of educational coaching on students’ academic motivation, error-oriented motivation and educational stress. Turkish Online Journal of Eeducational Technology, s.850–855.
13 Smirnova, G.A. (2014). Pedagogicheskiy kouching kak al’ternativa t’yutorstvu. // Innovatsionnyye pedagogicheskiye tekhnologii: Material I Mezhdunar. nauch. konf. (kv. Kazan’, oktyabr’). — Kazan’: S. 205-207.
14 Uitmor, D. (2005). Kouching ochen’ effektiven. – M.: Mezhdunarodnaya akademiya korporativnogo upravleniya i biznesa. 168 s., 17 str.
15 Whitmore, J. (2009). “The impact of the Inner Game and Sir John Whitmore on coaching: a commentary” Annual Review of High Performance Coaching and Consalting, p.27.