AZƏRBAYCAN RESPUBLİKASINDA ALİ MƏKTƏB MƏZUNLARININ MƏŞĞULLUQ MƏSƏLƏLƏRİ




Qloballaşma proseslərinin sürətlənməsi Azərbaycan Respublikasını da dünya əmək bölgüsünə daxil etdi. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası neft emalı sahəsinə yatırım dalğasına səbəb oldu və bu sahədə yeni iş yerləri yaradıldı. Buna baxmayaraq, Azərbaycanın əmək bazarında tələb və təklif arasında böyük fərq özünü göstərir. Ali məktəb məzunlarının hazırlığının əmək bazarının tələbləri ilə uyğunsuzluğu ali təhsil sisteminin peşəkar standartlar sisteminə keçidi və ixtisas çərçivələrinin müəyyən edilməsi zərurətini yaradır. Gənc mütəxəssislərin işlə təminatı məsələsinə bir tərəfdən təhsil sisteminin səciyyəvi cəhətləri, digər tərəfdən isə əmək bazarında yaranan dəyişkən tendensiyalar təsir göstərir. Məzunların əmək bazarına çıxışı ilə bağlı problemlərin həlli məqsədilə əmək meyillərinin müəyyən edilməsinə, tələbələrin peşəkar motivasiyası və əmək davranışına həsr olunmuş monitorinq tədqiqatlarının aparılmasına ehtiyac var. Hazırda, peşə təhsili sisteminin əmək bazarının tələbləri əsasında təkmilləşdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet məsələlərindən biridir. Səriştələr əsasında hazırlanmış peşə standartlarının tətbiqi milli işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin artırılması və onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas alətdir.

GİRİŞ

Əmək bazarının yaranması və fəaliyyəti ilə bağlı problemlər bütün ölkələrin sosial-iqtisadi inkişafında mərkəzi yeri tutur, belə ki, əmək istehsalın mühüm amilidir. Sosial əmək sahəsinin inkişafı iqtisadi tərəqqinin təmin edilməsində aparıcı rol oynamaqla məşğulluğun müsbət təsirinə malik olmaq, işləyənlərin və onların ailə üzvlərinin mümkün qədər yüksək gəlirinə nail olmaq məqsədlərinə xidmət edir.

Bazar iqtisadiyyatının mövcud olduğu ölkələrdə sosial əmək sahəsi uzun tarixi yol keçərək təkmilləşib. Azərbaycanda, eləcə də sovet məkanına daxil olan digər ölkələrdə əmək bazarı mürəkkəb keçid dövründə formalaşmağa başladı. Əvvəllər mövcud olan idarəetmə sisteminin faktiki olaraq fəaliyyət göstərmədiyi vaxtda yeni sistemin hələ formalaşmamış olması bir sıra çətinliklərlə müşayiət olunurdu. Keçid dövrü istehsalın dərin tənəzzülü və inflyasiyanın yüksək səviyyəsi ilə paralel gedirdi. Problemlər faktiki olaraq sosial-iqtisadi həyatın bütün tərəflərini əhatə edərək məşğulluğun kəskin azalmasına, işsizliyin artmasına, real gəlirlərin və əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanın vəziyyəti silahlı münaqişəyə görə daha mürəkkəb idi. Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində məcburi köçkünlərin yerləşdirilməsi, işlə və minimal həyat şəraiti ilə təmin edilmələri böyük çətinliklər yaradırdı.

Məşğulluğun yüksəldilməsi, sosial-iqtisadi inkişaf istiqamətində dövlət tərəfindən bir sıra təbdirlər həyata keçirilən, “2019-2030-cu illər üçün Azərbaycanda məşğulluğun milli strategiyası”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət proqramı” hazırlanıb. Hazırda keçid dövründə yaranan çətinliklərin əsas hissəsi həll olunsa da, ölkə bu dövrlə bağlı problemlərin izlərindən tamamilə azad ola bilməyib.

Qloballaşma proseslərinin sürətlənməsi Azərbaycan Respublikasını da dünya əmək bölgüsünə daxil etdi. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası neft emalı sahəsinə yatırım dalğasına səbəb oldu və bu sahədə yeni iş yerləri yaradıldı. Bu gün neft Azərbaycanın qloballaşma prosesinə qoşulmasında yeganə amil deyil və qeyri-neft sahəsi getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayıb, bu isə öz növbəsində nizamlanmış iqtisadi yüksəlişə imkanlar yaradacaq.

MƏZUNLARIN MƏŞĞULLUQ MƏSƏLƏLƏRİNİN HƏLLİNDƏ ALİ MƏKTƏBLƏR VƏ ŞİRKƏTLƏR ARASINDA ƏMƏKDAŞLIQ

İnkişaf etmiş ölkələrdə də iqtisadi artım sürətini aşağı salan qlobal tənəzzül və inflyasiyanın təzyiqi dünya əmək bazarına son dərəcə mənfi təsir göstərir, eyni zamanda elmi-texniki inqilabın növbəti mərhələsi ilə əlaqədar rəqəmsallaşmanın sürətlənməsi, süni intellektin tətbiqi bir sıra peşələrə olan ehtiyacı azaldır və ya sıradan çıxarır. Bu proseslər məşğulluq sahəsində insan kapitalı strukturunun dəyişilməsi, əmək ehtiyatlarının təkmilləşməsi istiqamətində tədbirlər həyata keçirən Azərbaycana da təsir göstərməkdədir. Aydındır ki, vaxtında tədbirlər görərək insan kapitalının inkişafı üçün şərait yaradan, biznes subyektləri üçün stimulverici mexanizmlər tətbiq edən, həmçinin rəqəmsal iqtisadiyyatın elementlərindən istifadə edən ölkələr irəli gedə biləcək. Bu mənada Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyası, sənayenin inkişafının əmək bazarına uyğunlaşdırılması istiqamətində ilk addımlarını atır. Müstəqillik dövründə böyük inkişaf yolu keçən Azərbaycanda son illər genişmiqyaslı sosial layihələr həyata keçirilir, ölkə əhalisinin məşğulluğunun artırılması, müxtəlif sosial məsələlərin həlli və əmək bazarının inkişafı üçün büdcədən əhəmiyyətli vəsaitlər ayrılır. Bu gün dövlət və özəl sektorlar gənclərin işlə təmin olunması istiqamətində tədbirlər görür, həmin məqsədlə inzibati idarəçilik islahatları həyata keçirilir.

Azərbaycanda ali məktəb məzunlarının məşğulluq məsələsinin həllində ali məktəblər və iri şirkətlər arasında əməkdaşlıq mühüm rol oynayır. Məsələn, “Azərsun Holdinq” şirkəti ali məktəblərlə danışıqlar apararaq personalın toplanması sahəsində təsirli üsul tətbiq edir. Belə ki, şirkət işə qəbul üçün təcrübə şərtini deyil, istedad, kreativ düşüncə, xüsusi bacarıqlar, işləmək və təhsil almaq arzusunu əsas kriteriyalar hesab edir.

“Azərkimya” istehsalat birliyi kadr siyasətində gənclərə xüsusi diqqəti ilə seçilən təşkilatlardan hesab oluna bilər. Təşkilat Respublikanın dörd ali təhsil müəssisəsi ilə mütəmadi danışıqlar apararaq kimya və kimya mühəndisliyi sahələrində təhsil alan tələbələrin istehsalat birliyinin zavodlarında təcrübə keçməsi üçün tədbirlər görür, tələbələrin təcrübə baxımından zənginləşməsi prosesinə rəhbərlik edir. Dünyanın nüfuzlu şirkətlərindən sayılan “Petkim Petrokimya holdinq” şirkətində də gələcək məzunların təcrübəsini təşkil edən “Azərkimya” İB, tələbələri səmərəli təkliflər üzrə müsabiqələrə cəlb edərək, gələcək əməkdaşların seçilməsini uğurla tətbiq edir. İstehsalat Birliyinin müəssisələrində təqaüd yaşına çatmış və bir neçə il iş stajı olan əməkdaşların yeni işə başlayan məzunlara təhkim edilməsi təqdir ediləcək haldır (Əliyev, 2016).

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin məlumatlarına görə, boş iş yerləri olsa da, iş axtaran namizədlər iş təklif edənlərin kriteriyalarına uyğun gəlmirlər və bu mənzərə daha çox texniki ixtisas sahələrində müşahidə olunur. Azərbaycanın əmək bazarında tələb və təklif arasında böyük fərq yalnız nadir ixtisas üzrə mütəxəssislərin çatışmazlığı problemini ortaya qoymur, Azərbaycanın təhsil sisteminin qarşısına yeni vəzifələr qoyur. Bu gün Azərbaycanda karbohidrogen əməliyyatları sahəsində sertifikatlı mütəxəssislərə, neft hasilatı üçün xüsusi proqram üzrə biliklərə sahib mühəndislərə, qazma qurğularını təmizləyəcək mütəxəssislərə, əmək təhlükəsizliyi mütəxəssislərinə, əməyin mühafizəsi üzrə məsləhətçilərə, neft yataqlarının rəqəmsal idarə edilməsi üzrə mütəxəssislərə böyük tələbat var. Göstərilənlərdən əlavə, şirkətlər proqram təminatı sahəsində kadrlara: səs siqnalı ötürmə sistemləri, gigiyena və təhlükəsizlik, qidalanma, efir və bitki yağları üzrə mütəxəssislərə, aqronomlara ciddi ehtiyac duyurlar. Azərbaycanın bir çox ali məktəbinin tədris proqramlarının müasir tələblərdən 10-15 il geri qaldığını etiraf etməliyik. İş axtaranlarda xüsusi peşə vərdişlərinin olmadığını nəzərə alan Dövlət Məşğulluq Agentliyi namizədlərə əlavə kurslar keçməyi təklif edir, “diplomlu olmaq mütəxəssis olmaq deyil” şüarını əsas tutur. Buradan anlaşılır ki, Azərbaycan tələbələri ixtisas seçimində kadrlara ciddi ehtiyac duyulan sahələrə diqqət yetirmirlər. Ali məktəb məzunlarının yalnız 42%-nin işlə təmin olunması da bunu təsdiq edir1.

GƏNC MÜTƏXƏSSİSLƏRİN HAZIRLIQ SƏVİYYƏSİ VƏ ƏMƏK BAZARI

Ali məktəb məzunlarının hazırlığının əmək bazarının tələbləri ilə uyğunsuzluğu ali təhsil sisteminin peşəkar standartlar sisteminə keçidi və ixtisas çərçivələrinin müəyyən edilməsi zərurətini yaradır. Gənc mütəxəssislərin işlə təminatı məsələsinə bir tərəfdən təhsil sisteminin səciyyəvi cəhətləri, digər tərəfdən isə əmək bazarında yaranan dəyişkən tendensiyalar təsir göstərir. Regional əmək bazarı bu gün ixtisaslı kadrlarla doludur və yaxın gələcəkdə onların sayının azalacağı ehtimalı yoxdur. Bu isə gənc mütəxəssislərin işlə təmin edilməsi vəziyyətinin getdikcə çətinləşməsi deməkdir. Gənc mütəxəssislərin əmək bazarına girişi prosesində üzə çıxan problemlərin mənbəyini yalnız məzunların iş təklif edənlərlə ünsiyyətdə özlərini adekvat təqdim edə bilməmələri ilə izah etmək doğru olmaz. Bu, tələbələrin ixtisas mərhələsi seçimində düzgün istiqamətlənməməsi, ixtisas tədrisinin və ümumiyyətlə, konkret ali məktəbdə tədrisin səviyyəsi ilə xeyli dərəcədə bağlıdır. Ona görə də məzunların əmək bazarına çıxışı ilə bağlı problemlərin aradan qaldırılması məqsədilə əmək meyillərinin müəyyən edilməsinə, tələbələrin peşəkar motivasiyası və əmək davranışına həsr olunmuş monitorinq tədqiqatlarının aparılmasına ehtiyac var.

........................................................................
1 https://az.sputniknews.ru/20190415/obrazovanie-azerbaijan-trudoustrojstvo-420040097.html

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il Əsasnaməsi gənc mütəxəssislərin əmək bazarına inteqrasiyası istiqamətində mühüm fəaliyyət planlarını nəzərdə tutur. Əsasnamə ali təhsil (həmçinin orta təhsil) müəssisələrində təcrübə və karyera şöbələrinin yaradılmasını vacib hesab edir2.

Mərkəzlərin fəaliyyətində mühüm məqsədlər bunlardan ibarətdir:

  • tədris planlarına müvafiq planlar üzrə tələbələrin (bakalavr və magistrlərin) istehsalat-pedaqoji təcrübəsinin təşkili;
  • ali məktəblərin əmək bazarı ilə əlaqəsinin yaradılması, nizamlanması və inkişaf etdirilməsi;
  • universitetlərə gələcək kadr hazırlamaq məqsədilə abituriyentlərin cəlb edilməsi və bu məqsədlə görüşlərin keçirilməsi;
  • universitetlərin müxtəlif istehsal müəssisələri və təşkilatlarla əlaqə yaradaraq zəruri müqavilələr bağlamaları.

2018-ci ilin noyabrında Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində “Gənclərin inkişaf və Karyera mərkəzi” fəaliyyətə başladı. Respublika Prezidenti İlham Əliyevin 2019-cu il 01 oktyabr tarixli Sərəncamına əsasən, şəhərlərdə və bölgələrdə yaşayan gənc vətəndaşların hərtərəfli inkişafının təmin edilməsi məqsədilə əlavə tədbirlər haqqında müddəalar təsdiqləndi. Yerlərdə bu məqsədlə yaradılan nümayəndəliklər müxtəlif peşəkar treninqlər, ustad dərsləri keçirməli, tədris və təcrübi proqramlar hazırlamalı, görüşlər, seminarlar və intellektual oyunlar təşkil etməlidirlər. Nəzərdə tutulan tədbirlər: gənclərin əlavə bilik və bacarıqlara yiyələnmələri, müxtəlif tədris proqramlarında iştirak etmələri, eləcə də əmək bazarı barədə lazımi informasiya və məsləhətlər almaları üçün əvəzsiz fürsətdir.

Azərbaycanda insan kapitalının inkişafı prosesində Azərbaycan İnsan resursları İnstitutunun (Azərbaycan HR institutu) fəaliyyətini xüsusilə qeyd etməliyik. Bu, personalların idarə olunması, tədrisi və təkmilləşdirilməsi sahəsində aparıcı təşkilatdır. Azərbaycan İnsan resursları İnstitutu əmək bazarının müasir tələblərinə uyğun müxtəlif işlər görür ki, onların arasında liderlik və menecment kursları, kadrların təhsili və sertifikatlaşdırılması proqramları, elektron tədris sistemi mühüm yer tutur. Fəaliyyəti beynəlxalq standartlara uyğun gələn Azərbaycan İnsan resursları İnstitutu, HRCI (HR Certification Institute) və SHRM (Society for Human Resources Management) kimi aparıcı təşkilatlarla əməkdaşlıq edir3.

2015-ci ildən başlayaraq Azərbaycanda iş adamları, kadr üzrə mütəxəssislər, dövlət və özəl şirkət nümayəndələrinin iştirakı ilə təşkil olunan Milli insan resursları forumu iş təcrübəsi, yeni innovasiyalar, son layihələr barədə məlumatların paylaşılması, həmçinin peşəkar mühitdə aktual mövzuların müzakirəsi məqsədlərinə xidmət edir. Bakıda 2022-ci ilin aprelində “Axına qarşı”, 2023-cü ilin mayında “Gələcəyə dəyər” şüarı altında təşkil olunan Milli insan resursları forumları məşğulluqla bağlı bir sıra problem mövzuların (“İstedad, yoxsa təcrübə”, “Fərqli prizma”, “Gələcəyin insanı”) müzakirəsini diqqət mərkəzində saxlayır. Zirvə panellərində “komanda idarəçiliyi”, “Azərbaycanın əmək bazarının perspektivləri” kimi mühüm məsələlərin həlli ətrafında fikir mübadiləsi aparılır (DMA, 2020).

2020-ci ilə aid Azərbaycanda məşğulluqla bağlı statistik göstəricilər işsizlərin ümumi sayı nisbətində gənclərin sayının yüksək olduğunu təsbit etdi. 2010-cu il ilə müqayisədə 2019-cu ildə gənclər arasında işsizlik 14,9%-dən 12,4%-dək azalsa da, ümumi işsizlik səviyyəsindən 2,6 dəfə yüksək olaraq qalır. Azərbaycanda ümumi işsizlik səviyyəsinə nisbətdə gənclər arasında işsizlik faizinin yüksək göstəriciləri, əsasən, məşğulluq sahəsində məhdud imkanlar, iş təcrübəsinin olmaması ilə izah edilir (Azerbaijan education, 2020). Azərbaycanda işgüzar iqlimin müşahidəsi göstərir ki, ixtisaslı mütəxəssislərin çatışmazlığı bu ölkədə fəaliyyətdə olan Avropa İttifaqı biznesi üçün ciddi maneələr yaradır. Bir çox şirkətlər akademik 

........................................................................
2 https://bsu-uni.edu.az/az/department/7 
3 https://www.hrinstitute.az/

təhsili və peşəkar hazırlığı qeyri-məqbul qiymətləndirərək təhsil sistemində rəqəmsallaşmanın aşağı səviyyəsini, praktiki müasir metodların tətbiq edilməməsini irad tuturlar. İş təklif edənlər iş fəaliyyətində zəruri olan yalnız texniki vərdişləri deyil, koqnitiv (məsələn, problemləri hesablayaraq həll etmək), adekvat sosial davranış (müstəqil işləmək bacarığı, liderlik, komandada iş və s.) bacarıqlarına sahiblik tələblərini də qoyurlar və səriştələrin formalaşdırılaraq inkişaf etdirilməsi Azərbaycanın təhsil sisteminin prioritet məsələlərinə çevrilməlidir (European Training Foundation, 2020).

İctimai münasibətlər sistemində dəyişikliklər təhsil sistemindən mühüm islahatlar tələb edərək, yeni tarixi mərhələ olan postsənaye dövrü ilə ayaqlaşmaq zərurətini yaradır. XXI əsrdə bütün ölkələrin siyasətində əsrin tələblərinə hazır olmaq, bunun üçün təhsildən başlamaq vacibdir (Bəndəliyeva, 2022; Əmirova, 2023).

Peşə təhsili sisteminin əmək bazarının tələbləri əsasında təkmilləşdirilməsi dövlət siyasətinin prioritet məsələlərindən biridir. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsis edilməsi əmək bazarı ilə təhsil sistemi arasındakı maneələrin qaldırılması məqsədini daşıyır. Səriştələr əsasında hazırlanmış peşə standartlarının tətbiqi milli işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin artırılması və onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas alətdir (“Xalq” qəzeti, 2018). Ali təhsil müəssisələrində keyfiyyətin yüksəldilməsi, onlara inam və etibarın yaradılması məqsədilə keyfiyyət təminatının tətbiq olunması təklifləri son illər tez-tez səslənir (Həsənzadə, 2023). Gənc mütəxəssislərin (ümumiyyətlə, gənclərin) işlə təminatı məsələsi sahibkarlar üzərinə də müəyyən məsuliyyətlər (yeni iş yerləri açmaq, yatırımlar və s.) qoyur (Həmzəzadə, 2018).

NƏTİCƏ

Hər il əmək bazarına çıxan gənc mütəxəssislərin layiqli işlə təmin olunması hazırda inkişaf etmək istəyən bütün ölkələrin mühüm problemidir. Problemin aktuallığı onunla izah edilir ki, dünya iqtisadiyyatının savadlı idarəçiliyə ehtiyacı var və bu günə qədər məşğulluq sahəsində əmək ehtiyatlarından təsirli istifadə mexanizmlərinin yaradılması mümkün olmayıb. Yaranan yeni problemlər, artıq mövcud olan problemləri daha da kəskinləşdirir. Belə ki, işsizlik artır, əmək bazarının tələb və təklifi arasında uyğunsuzluq hökm sürür, məzunların iş axtarışı müddəti uzanmaqda davam edir. Bundan əlavə, gənc mütəxəssislərin əmək bazarında digər problemli meyillər də özünü göstərir:

  1. Aktiv biznes-informasiya prosesləri şirkətlərdə iş yerlərinin ixtisarına, işsizliyin artmasına səbəb olur;
  2. Gənc nəslin motivasiyası ilə bağlı çətinliklər ortaya çıxır və bu da idarəçilik fəaliyyətində yeni yanaşma şərtini ortaya qoyur; 
  3. Gənclərin iqtisadiyyatın real sahələrində (kənd təsərrüfatı, sənaye və s.) fəaliyyətə zəif marağı; gənclərin xeyli hissəsinin uzaqdan fəaliyyətə üstünlük verməsi;
  4. İşləmək və təhsil almaq (diplomdan sonrakı təhsil və s.) istəməyən insanların sayının artması. 

2020-ci ilin martında Dünya Bankı Azərbaycanda məşğulluq üzrə layihəni dəstəkləyərək 100 milyon dollar həcmində kredit ayırdı. Qeyd edək ki, layihə qadınlar, əhalinin ölkə daxilində yerdəyişmə edən təbəqələri ilə yanaşı, gənclərin də məşğulluq məsələlərini əhatə edir. Ümumiyyətlə, gənc mütəxəssislərin peşəkarlıq keyfiyyəti də ciddi əhəmiyyət kəsb edir. Yeni fəaliyyət növlərinin, ixtisasların və innovasiya müəssisələrinin yaranması insan kapitalının tətbiqi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək sosial bərabərsizliyi dərinləşdirir, qeyri-formal məşğuliyyət növləri isə getdikcə norma kimi qəbul edilir. Müasir gənc mütəxəssislərin əmək bazarı xüsusiyyətləri arasında: təhsildən iş fəaliyyətinə keçid dövrünün uzun (eyni zamanda təhlükəli) olması; passivliyin artması; əmək bazarına münasibətdə qətiyyətsizlik və fəaliyyətsizliyin artması; az əmək haqqı; məcburi qeyri-tam iş günü; müvəqqəti iş kimi halları qeyd edə bilərik. Digər tərəfdən, Azərbaycan gənclərinin əmək potensialının inkişafına yüksək sosiallaşma və təhsilalma həvəsi, təhsilin keyfiyyətinin (formal, qeyri-formal, məlumatlandırıcı) yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər, gənclər arasında sahibkarlığın artması, əmək bazarında aktivlik və mobillik, müxtəlif fəaliyyət növlərinə hazır olmaq (təhsil, iş, ictimai, innovativ fəaliyyət və s.) kimi pozitiv amillər də təsir göstərir.

İstifadə edilmiş ədəbiyyat

1 “Xalq” qəzeti. (2018). 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası), 31 oktyabr.
2 Azerbaijan education, training and employment developments 2020. (2020). European Training Foundation.
3 Azerbaijan HR İnstitute. (2023). https://www.hrinstitute.az/ – müraciət tarixi 24.08.23.
4 Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında,. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://president.az/az/articles/view/34328 –
müraciət tarixi 24.09.23.
5 Bəndəliyeva, G. (2022). XXI əsr bacarıqlarına dair beynəlxalq təcrübənin tədqiqi. Azərbaycan məktəbi. № 4 (701), s. 106–112.
6 DMA. (2020). “Axına qarşı” şüarı ilə Milli İnsan Resursları Forumu baş tutub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı. https://dma.gov.az/media/xeberler/milliinsan-resurslari-forumu – müraciət tarixi 24.08.23.
7 Əliyev, A. (2016). Gənc kadrların hazırlanması və işlə təminatı diqqət mərkəzindədir. “Azərbaycan” qəzeti, 8 noyabr.
8 Əmirova, G. (2023). XXI əsrin səriştələri: gözlənilən nəticələr, Pedaqoji Universitetin xəbərləri, humanitar, ictimai və pedaqoji elmlər seriyası, №2, s. 127-136.
9 Həmzəzadə, M. (2018). “Azərbaycanda gənclərin məşğulluğunun təmin edilməsi problemləri”, Bakı, https://unec.edu.az/application/uploads/2018/12/H-mz-zad-M-st-c-b-Arzu-o-lu.pdf müraciət tarixi 24.08.23.
10 Həsənzadə, R. (2023). Ali təhsil müəssisələrində keyfiyyətin təmin olunmasında akkreditasiyanın rolu. Azərbaycan məktəbi, 2023 №2, s. 66-72.
https://www.realpress.az/?smode=content&item=Azerbaycanin-emek-ve-meshgulluqsahesinde-islahatlari-BET-de-teqdim-olunub–müraciət tarixi 22.09.23
11 Təcrübə və məzunların karyera inkişafı şöbəsi. (2022). https://bsuuni.edu.az/az/department/7– müraciət tarixi 24.09.23.
12 Vakansii yest, lyudey nayti trudno: rınok truda “perekosila” sfera obrazovaniya. Sputnik Azerbaycan. (2019). https://az.sputniknews.ru/20190415/obrazovanie-azerbaijan-trudoustrojstvo-420040097.html – müraciət tarixi 23.09.23