NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA TƏLİM-TƏRBİYƏ, ƏXLAQİ-DİDAKTİK MƏSƏLƏLƏR VƏ ƏNƏNƏ PROBLEMLƏRİ
Nizami Gəncəvi yaradıcılığında təlim-tərbiyə və əxlaqi-didaktik məsələlərin bədii-fəlsəfi ifadəsi xüsusi yer tutur. Böyük mütəfəkkir bu məsələlərə Şərq əxlaqi dəyərləri və türk epik düşüncə tipində yanaşıb. Məqalədə Nizami yaradıcılığı üçün xarakterik olan bu məsələlər təhlil olunub. Təhlil prosesində Nizami yaradıcılığının məzmun və ideya xəttini təşkil edən əxlaqi-tərbiyəvi nümunələrə istinad olunub. Nizami sənətində milli-mənəvi ideyaların humanizm fəlsəfəsinə xidmət etdiyi göstərilir. Məqalədə Nizami yaradıcılığının qayəsini təşkil edən humanizm və kamil insan fəlsəfəsinin mahiyyəti və onun tərbiyə məqamlarındakı rolu araşdırılıb. Şairin fikrincə, insan öz ağlı, zəkası, yüksək əxlaqi keyfiyyətləri ilə bu yüksəkliyə ucala bilər. Məqalədə düzgün təlim və tərbiyə üsullarının insan xarakterində müsbət keyfiyyətlərin formalaşmasındakı rolundan da bəhs olunub.
GİRİŞ
Nizaminin əsərlərinin əsas ideyasını təşkil edən əxlaqi-tərbiyəvi məqamlar uşaq mütaliə nümunəsi kimi onların təlim-tərbiyəsində çox mühüm əhəmiyyət kəsb edir. Şairin əsərlərinin məzmun və ideya xəttində tərbiyənin bir çox növləri, xüsusilə də əqli tərbiyə üstünlük təşkil edir. N.Gəncəvi müasir elmi pedaqogikadan
səkkiz əsr əvvəl göstərib ki, əqli tərbiyənin başlıca vasitəsi təlimdir. Şairə görə, təlim dərin bilikləri mənimsətməklə əqli zənginləşdirir, insanın əxlaqını saflaşdırır, onun mənəviyyatını yüksəldir. Nizami ağıl tərbiyəsi ilə tərbiyənin digər tərkib hissələri, xüsusilə, əxlaq tərbiyəsi arasında sıx qarşılıqlı əlaqəni aydın görüb və ona görə də yaradıcılığında tərbiyə ilə bağlı məqamlara həssas yanaşıb. Bu cəhəti xüsusi vurğulayan M.Cəfər yazır: “Nizaminin fikrincə, insan ağıl-kamalı təcrübə vasitəsilə və təlim-tərbiyə yolu ilə əldə edir” (Cəfər, 2003).
Nizamiyə görə, dünyada mövcud olan hər şeyi yalnız ağlın gücü ilə dərk etmək mümkündür. İnsanın ağlının formalaşmasında elmin, təhsilin mühüm rolu vardır. Ağıl tərbiyəsinin başlıca vəzifəsi zəngin elmi dünyagörüşünə sahib, bütün elmlərin sirlərinə dərindən bələd olan, hər şeyi kamil bilən insan yetişdirməkdir. Bunun üçün insan davamlı oxuyub öyrənməlidir. Bu, insanın mənən kamilləşməsinə, mənəvi-əxlaqi keyfiyyətlərlə zənginləşməsinə səbəb olan əsas amillərdəndir. Nizaminin “Sirlər xəzinəsi” poemasında uşaq mütaliə nümunəsi kimi dəyərləndirilən “Yaralı bir uşağın dastanı” hekayəsində ağılın insan həyatında mühüm rol oynamasından bəhs olunur. Bir neçə uşaq birlikdə oynayarkən onlardan biri yıxılaraq əzilir. Yoldaşları onu quyuya atmağı təklif edirlər. Lakin həmin uşaqla yaxşı münasibəti olmayan bir nəfər yoldaşlarının məsləhətinə qulaq asmır, öz ağlına güvənərək yaralanmış uşağın atasına bu xəbəri çatdırır.
Ciddiləşib, üz tutdu öz arxadaşlarına,
– Örtmək olmaz bu işi! – dedi yoldaşlarına.
Məndən görərlər. Məni düşmən bilirlər ona,
Büdrəyənin suçunu yükləyərlər boynuma.
– Qoy gəlib çarə qılsın! – Yürüdü zirək oğlan,
Uşağın atasına xəbər apardı əlan
(Gəncəvi, 2004).
Nizami bu hekayədə əsas ideya xətti kimi ağlın üstünlüyünü təbliğ edib. Şairə görə insan ağlı, cəsarəti sayəsində hər çətinlikdən üzü ağ çıxa bilər.
Kimin ki xilqətində hikmət cövhəri vardır,
Hər şeyə çarə tapır, həmişə üz ağardır.
Göylər vuran düyünü, soruş, yerdə kim açar?
Ayağını göylərə cəsarətlə basanlar.
Əsərdən görürük ki, uşaq ağlı sayəsində həm özünü, həm də yoldaşını çətinlikdən xilas etmiş olur.
TƏDQİQAT
“Xəmsə”yə daxil olan bütün poemaların baş qəhrəmanları yalnız yüksək təhsili, təlimi və tərbiyəsi sayəsində inkişaf edərək bir şəxsiyyət kimi formalaşır, kamillik zirvəsinə yüksələ bilir. Nizamiyə görə, kamil insanın formalaşmasında elmin, təhsilin, biliklərə yiyələnməyin böyük rolu vardır.
Şairin bədii-fəlsəfi düşüncəsinə görə insan öz sənətinin peşəkarı, bilicisi olmalıdır.
O, təlim və tərbiyənin insanın formalaşmasında mühüm rol oynadığını hələ XII əsrdə vurğulayıb, təlimin mahiyyəti, əhəmiyyəti, təşkili formaları, bu prosesdə müəllimin rolu, şagird-müəllim, şagird-şagird, müəllim-valideyn, valideyn-şagird əməkdaşlığı və s. haqqında çox dəyərli fikirlər irəli sürüb. Şərq ədəbiyyatında, eləcə də pedaqoji fikir tarixində ilk dəfə olaraq, məhz Nizami Gəncəvi təlimin təhsilləndirici funksiyası ilə yanaşı, onun tərbiyələndirici və inkişafetdirici funksiyalarının öyrənmə prosesində xüsusi əhəmiyyət daşıdığını bu funksiyaların daha aktual olduğu indiki dövrdən təxminən səkkiz yüz il əvvəl öz poemalarında qeyd edib. Məlum olduğu kimi bilik, bacarıq və vərdişlərin formalaşdırılmasında təlimin təhsilverici funksiyası xüsusi əhəmiyyətə malikdir. Çünki bu funksiya biliklərin tamlığını, sistemliliyini və dərk edilməsini təmin edir. Bacarıqlar müvafiq mövzular üzrə mənimsənilmiş biliklər əsasında yerinə yetirilən kompleks tədbirlər kimi başa düşülür. Təlim prosesində qazanılan bilik və bacarıqlar təkrar fəaliyyətlər nəticəsində möhkəmlənirsə o, vərdişə çevrilir. Oхu və yazı, dərsliklərlə işləmək səriştəsinin formalaşması da qazanılan vərdişlərin səviyyəsindən asılıdır.
Tərbiyəedici funksiya təlim prosesində şagirdlərin dünyagörüşünün, əхlaqi və estetik təsəvvürünün, fəaliyyət motivlərinin formalaşmasına kömək edir. Öyrətmək həm də tərbiyə etmək olduğundan bu obyektiv qanunauyğunluq təlimin mahiyyəti ilə bağlı vəzifədir. Ən əsas əhəmiyyəti isə öyrənilən materialın məzmununda olan tərbiyəvi ünsürlərin müəyyən edilməsi və onların təhsilalanlara çatdırılması ilə xarakterizə olunur. Deməli, keçilən mövzunun tərbiyəvi məqsədini müəyyənləşdirmək və onu şagirdlərə mənimsətmək vacib amillərdən hesab olunmalıdır. Digər tərəfdən, hər bir mövzu planlaşdırılarkən onun təhsilləndirici vəzifəsi ilə yanaşı, tərbiyələndirici vəzifəsi də nəzərə alınmalıdır. Buna nail olmaq daha çox müəllimin pedaqoji ustalığından asılıdır. Tədris olunan fənlər, o cümlədən ədəbiyyat tərbiyəedici məzmun baxımından geniş imkanlara malikdir.
İnkişafetdirici təlim dedikdə, təhsilalanların intellektual inkişafına səbəb ola biləcək potensial imkanlardan maksimum səviyyədə istifadə edilməsi, onların əqli cəhətdən inkişafının təmin olunması, emosional və iradi keyfiyyətlərinin, təşəbbüskarlıq imkanlarının artırılmasına zəmin yaradan əlverişli təlim mühiti başa düşülür. İnkişafetdirici təlimə nail olunması üçün tədris, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun təşkil olunmalı, öyrənmə prosesinin nəticəyönlülüyü təmin edilməli, biliyi təcrübədə tətbiq etmək, özünütəhsil, özünütərbiyə və özünütəkmilləşdirmə vərdişləri formalaşdırılmalıdır.
Nizami əsərlərində təlimin təşkili formalarından bəhs edərkən fərdi və sinif-dərs modelini təsvir edib. Professor Ş. Mikayılovun qeyd etdiyi kimi, “Nizaminin ədəbi qəhrəmanlarının bəziləri (Xosrov, Bəhram) fərdi təhsil alır, lakin “Leyli və Məcnun”, “İsgəndərnamə” əsərlərində, sözün həqiqi mənasında, məktəbdən, sinif-dərs sistemindən danışılır: Məsələn, “İsgəndərnamə” poemasında Ərəstunun təlim vermək üçün bir “ev düzəltdiyi” və burada “yüz nəfər şagirdə dərs öyrətdiyi” göstərilir (Mikayılov, 1984).
“Leyli və Məcnun” poemasında Qeysin “bir bölük” uşaqla dərs oxuması faktı bu fikri bir daha təsdiq edir (Gəncəvi, 2004).
Bildiyimiz kimi, təlimin təşkilinin sinif-dərs forması Avropada ilk dəfə XVII əsrdə tətbiq olunub. Lakin Nizaminin əsərlərində hələ XII əsrdə təlimin təşkilində sinif-dərs formasının elementlərinə toxunulması faktı onun yaradıcılığının sadəcə bədii deyil, həm də elmi cəhətdən yüksək əhəmiyyət kəsb etdiyini göstərir. Şairin “İsgəndərnamə” əsərinin “Şərəfnamə”sində “İsgəndərin təlim alması” səhnəsində qarşılıqlı təlim prinsipinə rast gəlirik. İsgəndərin atası Feyləqus onun təlim-tərbiyəsini “biliklə dolu” olan “alim” Niqumaşa tapşırır. Niqumaş İsgəndərə dərin biliklər, “şahanə tərbiyə, hünər, nəzakət” verməklə yanaşı, onun təlim-tərbiyəsini, eyni zamanda öz oğlu “alim Ərəstu”ya tapşırmışdı:
Həmdərsi Ərəstu, bir qardaş deyə,
Ürəkdən bağlıydı bu şahzadəyə.
Ərəstu aldıqca bilik atadan,
Ona öyrədirdi hər an, hər zaman
(Gəncəvi, 1982).
Əsərin bu hissəsində müəllim-şagird əməkdaşlığı prinsipinin mövcudluğunun şahidi oluruq. Nizami təlim-tərbiyə işində, xüsusilə, şəxsiyyətin formalaşması prosesində müəllimin rolunu yüksək qiymətləndirib. Bu səbəbdən də şair “Xəmsə”də Büzürgümüd (“Xosrov və Şirin”), Mənzər (“Yeddi gözəl”), Niqumaş, Aristotel (“İsgəndərnamə”) və s. kimi ensiklopedik biliyi, yüksək mənəvi keyfiyyətləri ilə diqqəti cəlb edən müəllim obrazları yaradıb, müəllim-şagird münasibətlərinə dair bu gün də öz aktuallığını və pedaqoji dəyərini itirməyən fikirlər söyləyib. Həm təlim, həm də tərbiyə işində müəllimin müstəsna rolunu çox yüksək qiymətləndirən şair, demək olar ki, bütün poemalarında bu məsələyə xüsusi toxunub. Belə ki, Xosrovun (“Xosrov və Şirin”), Qeysin (“Leyli və Məcnun”), Bəhramın (“Yeddi gözəl”), həm də İsgəndərin, Qibtli Mariyənin və Arşimidesin (“İsgəndərnamə”) müəllimləri yüksək savadı, zəngin mənəviyyatı ilə fərqlənən “alim” müəllimlər, “ustad” tərbiyəçilərdir. Professor Y.Talıbovun qeyd etdiyi kimi: “Nizamiyə görə, müəllim özünün dərin biliyi, yüksək mənəviyyatı, əxlaqı ilə seçilməlidir. Onun təsvir etdiyi müəllimlər yüksək ağıl, kamal sahibi, gözəl mənəviyyat timsalıdırlar, ensiklopedik bilikləri ilə zəmanəsinin adamlarını heyran qoyublar. Onlar dövrünün bütün elmlərini, habelə hərb elmlərini, sənətlərini dərindən bilir, Yerlə göyün qovuşmasından, nücum (astronomiya) elminin gələcəkdən xəbər verməsindən bəhs edirdilər” (Talıbov, Sadıqov, Quliyev, 2000).
“Xosrov və Şirin” poemasının baş qəhrəmanı Xosrovun müəllimindən bəhs etdiyi məqamda, şairin bu müqəddəs peşə sahiblərinə olan yüksək diqqət və sevgisinin şahidi oluruq. Belə ki, Nizami ensiklopedik biliyə sahib olan müəllim obrazlarını, o cümlədən yüksək ağıl və istedad sahibi olan Büzürgümüdü əsərlərində məqsədli şəkildə canlandırıb (Gəncəvi, 2004).
“Yeddi gözəl” poemasının baş qəhrəmanı Bəhram Gurun müəllimi Münzir də hərtərəfli biliyi, ərəb, fars, yunan dillərini yaxşı bilməsi, həmçinin “Ulduzlar elmində kəskin məharət”i, həndəsə elminə dərindən bələdliyi və ölçmə işlərində yüksək bacarığı ilə fərqlənir (Gəncəvi, 1983).
“İsgəndərnamə" poemasında şairin təsvir etdiyi “alim Ərəstu” poemada o həm İsgəndərin, həm Arşimidesin, həm də Qibtli Mariyənin müəllimi kimi təqdim olunur, həm ensiklopedik zəka sahibi kimi, həm də “pak” əxlaqı ilə diqqəti cəlb edir (Gəncəvi, 1982).
Bu nümunələrdən göründüyü kimi, təlim-tərbiyə sistemində müəllimin əsas sima olduğunu Nizami Gəncəvi hələ XII əsrdə bilib, onları kamil insanın formalaşması işində mühüm rol oynayan intellektual qüvvə kimi təqdim edib.
Müəllim-şagird əməkdaşlığına “İsgəndərnamə” poemasında İsgəndərin öz müəllimi Niqumaşa olan səmimi münasibətinin və ehtiramının təsvirini nümunə göstərə bilərik. Poemanın “İqbalnamə” hissəsində isə “alim Ərəstu” ilə onun şagirdi Arşimidesin qarşılıqlı hörmət və səmimiyyətini görürük. Ərəstu Arşimidesin xətrini o dərəcədə çox istəyirdi ki, o, dərsə gəlməyəndə (qalan doxsan doqquz şagird gəlsə də) bərk narahat olur, digər şagirdlərə dərs keçmək istəmirdi. Çünki Arşimides həm çox savadlı və bacarıqlı, həm də müəlliminə böyük həvəslə, diqqətlə qulaq asan, məsuliyyətli bir şagird idi. Ona görə də Arsimides dərsə tək gələndə, digər şagirdlər gəlməsə belə, Ərəstu ona çox böyük həvəslə dərs keçirdi. Bu hissədə təlim prosesində şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınmasının şahidi oluruq. Məlum olduğu kimi şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması müasir elmi pedaqogikada həm təlimin, həm də tərbiyənin əsas prinsiplərindən biri hesab olunur.
“İsgəndərnamə” poemasında “Qibtli Mariyənin hekayəsi və onun kimyagərliyi” fəslində “Alimi Ərəstu”dan “elmin sirlərini” dərindən öyrənən Mariyə doğma yurduna qayıdıb onu azad edir və hakimiyyət başına keçir. Şair bununla demək istəyib ki, təkcə hərb gücü ilə deyil, elm gücü ilə də düşmənə qalib gəlmək mümkündür. Bu hissədə əqli tərbiyənin nümunəsini görürük:
Gördü ki, ağıllı, kamallı vəzir,
Əyləşib bir dəstə gəncə dərs verir...
Gördü ki, dava bir cəncəlli işdi,
Həvəslə, səy ilə elmə girişdi...
Təkcə təlim oldu fikri, məqsədi,
Məqsədə biliklə çatmaq istədi
(Gəncəvi, 1982).
NƏTİCƏ
“Xəmsə”nin hər bir məsnəvisi bir bədii-fəlsəfi sənət abidəsidir. Onların hər biri bədii-estetik baxımdan mükəmməl yaradıcılıq nümunəsidir. Yəni Nizami istər birinci məsnəvisi olan “Sirlər xəzinəsi”ndə, istərsə də ondan çox illər sonra, ömrünün sonlarına doğru yazdığı “İskəndərnamə”də eyni dərəcədə yüksək şairlik istedadı nümayiş etdirib.
Tədqiqatçıların müşahidələrinə görə, Nizaminin yaradıcılığında bədii-fəlsəfi baxımdan vahid bir ideya-təkamül xətti vardır: insanın mənəvi, əxlaqi cəhətdən kamilləşməsi. Bu ideya xəttinin əsas mahiyyətində insanın mənən, ruhən tərbiyə olunması dayanır.
Deyilənlərdən belə nəticəyə gələ bilərik ki, Nizami yaradıcılığının məzmun və ideya xəttini təşkil edən əxlaqi-tərbiyəvi məzmunlu nümunələr, humanizm ideyalarını, milli və bəşəri ideyaları təbliğ edən əsərlər bilavasitə tərbiyənin formalaşmasında mühüm rol oynayır. Nizami yaradıcılığının mayasını təşkil edən humanist dəyərlərə malik kamil insan ucalığına insan öz ağlı, zəkası, yüksək əxlaqi keyfiyyətləri ilə yüksələ bilər. Bütün bu sadalanan keyfiyyətlərə nail olmaqdan ötrü düzgün təlim və tərbiyə üsullarından istifadə olunmalıdır.
İstifadə edilmiş ədəbiyyat
1 Cəfər, M. (2003). Nizami yaradıcılığında humanizm // Cəfər M. Seçilmiş əsərləri. I cild. Bakı: Çinar-çap, s. 62-69.
2 Gəncəvi, N. (1982). İsgəndərnamə. Şərəfnamə / Fars dilindən tərcümə edən Abdulla Şaiq. Elmi redaktoru və ön sözün müəllifi prof. Q. Əliyev İqbalnamə. Fars dilindən tərc. ed. M. Rzaquluzadə. İzahlar Ə. Cəfərindir. Baki: Yazıçı, 688 s.
3 Gəncəvi, N. (1983). Leyli və Məcnun / Tərcümə edən S. Vurğun. İzahların müəllifi M. Əlizadə. Bakı: Yazıçı, 303 s.
4 Gəncəvi, N. (1983). Yeddi gözəl / Tərcümə edəni M. Rahim. Ön sözün, izahların müəllifi və elmi redaktoru R. Əliyev. Bakı: Yazıçı, 355 s.
5 Gəncəvi, N. (2004). Xosrov və Şirin / Tərcümə edən Rəsul Rza. İzahların müəllifi Məmmədağa Sultanov. Bakı: Lider nəşriyyatı, 391 s.
6 Gəncəvi, N. (2004). Sirlər xəzinəsi / Farscadan tərcümə edən və izahların müəllifi X.R.Ulutürk. Bakı: Lider nəşriyyatı, 262 s.
7 Mikayılov, Ş. (1984). Nizami Gəncəvinin pedaqoji görüşlərinə dair // Azərbaycan məktəbi, № 9, s.47-52.
8 Talıbov, Y., Sadıqov, F., Quliyev, S. (2000). Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 516 s.