UNİVERSİTET MUXTARİYYƏTİ: MALİYYƏ, AKADEMİK VƏ İNZİBATİ PERSPEKTİVDƏN YANAŞMA
Universitet elmi fəaliyyətlə məşğul olan qurumdur. Bu ali təhsil müəssisəsi biliyi istehsal edir, öyrədir, təqdim edir və yayır. Bu dörd funksiya onun əsas prinsipini təşkil edir. Bacarıqlı, sorğu-sual etməyi bacaran, müəyyən fərziyyələr əsasında sual verən, milli-iqtisadi vəziyyət barədə düşünən vətəndaşlar yetişdirən universitet cəmiyyətə mühüm töhfələr verir. Universitetin bu vəzifəni yerinə yetirməsi və bununla bağlı müsbət nəticələr əldə etməsi üçün onun ideal şəraiti olmalıdır. Üzərinə götürdüyü rol və vəzifələri yerinə yetirmək üçün universitet mövcud siyasi vəziyyətdən uzaq durmağı bacarmalı, akademik, inzibati və maliyyə sahələrində öz seçim hüququna malik olmalıdır. Universitet muxtariyyəti akademik dünyanın rasional və rəqabətli təbiətinin əsasını təşkil etdiyindən, bu, akademik mühitdə çox müzakirə olunan və haqqında danışılan bir anlayışdır. Universitet muxtariyyətinin ölçüləri olan maliyyə, akademik və inzibati muxtariyyətləri kontekstdən çıxarmadan dəyərləndirmək, araşdırmaq lazımdır. Bu məqalənin məqsədi aparılan araşdırmalar çərçivəsində həm inzibati, həm də akademik muxtariyyət anlayışlarını müqayisə və təhlil etmək olsa da, maliyyə muxtariyyəti məsələsinə də toxunulur.
GİRİŞ
Muxtariyyət dedikdə, müəssisə və ya təşkilatın müvafiq qanunvericilik əsasında özünü idarəsi başa düşülür. Təhsildə muxtariyyət elm və düşüncə azadlığının hüquqi təminatıdır. XIX əsrdə Almaniyanın Berlin Universitetində əsası qoyulan azadlıq-muxtariyyət haqqında müzakirələrin ABŞ-da “1940-cı il Bəyannaməsi” olaraq adlandırılan manifestlə davamı, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və YUNESKO kimi beynəlxalq təşkilatların diqqətini cəlb etməsi, şübhəsiz ki, universitetlərin muxtariyyətinin təmin edilməsinin zəruriliyinə işarə edir.
YUNESKO-nun ali təhsilli kadrların statusu ilə bağlı tövsiyəsində muxtariyyət: “Ali təhsil müəssisələrinin akademik tədqiqatları, fəaliyyət qaydaları, idarəetmə və digər fəaliyyətləri baxımından effektiv qərar qəbul etmək üçün zəruri olan özünüidarəetmə” kimi müəyyən edilir (Alpkaya, 2001). Ali təhsil müəssisələrinin muxtariyyəti və akademik azadlıq haqqında Lima bəyannaməsində isə anlayış belə izah olunur: “Muxtariyyət ali təhsil müəssisələrinin daxili fəaliyyəti, maliyyə işləri və idarə olunması ilə bağlı qərarların qəbul edilməsində, təhsil, tədqiqat və başqa əlaqəli fəaliyyətlərdə öz siyasətlərini formalaşdırmaqda digər qüvvələrdən asılı olmamasıdır” (Lima Bəyannaməsi, 2003).
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 2003-cü ildə nəşr olunan, ali təhsil idarəçiliyinin dəyişən strukturunun və ömürboyu təhsil üçün davamlı strategiyaların müzakirə edildiyi “Təhsil siyasətinin təhlili” hesabatında universitetin muxtariyyəti səkkiz meyarın mövcudluğu ilə əlaqələndirilir (Ceran, 2013):
• Daşınmaz əmlaka və digər avadanlıqlara sahib olmaq;
• Ssuda ilə fond yaratmaq;
• Yaradılan resursları müstəqil şəkildə öz məqsədləri üçün xərcləyə bilmək;
• Akademik proqram və dərsin məzmununu müəyyən edə bilmək;
• Akademik heyətin işə qəbulu və işdən çıxarılması barədə qərar qəbul etmək;
• İşçilərin əmək haqqını müəyyən edə bilmək;
• Tələbə kvotalarını müəyyən edə bilmək;
• Tələbələrin ödəməli olduqları təhsil haqqını müəyyən edə bilmək;
Muxtariyyət anlayışı akademik aləmdə çox müzakirə edilən, ortaq fikrin əldə olunmadığı və hər kəsin özünə uyğun şərh etdiyi bir anlayışdır. Lakin “Təhsil siyasətinin təhlili” hesabatında universitet muxtariyyət meyarlarından, Lima bəyannaməsindən və YUNESKO-nun müvafiq tövsiyəsindən universitet muxtariyyətinin üç ölçüsünün olduğu qənaətinə gələ bilərik: maliyyə, akademik və inzibati muxtariyyətlər.
Akademik muxtariyyət tədqiqtaçıların elmi araşdırmalarını heç bir kənar təzyiqə məruz qalmadan sərbəst seçmək, həyata keçirmək və nəticələrini elan etmək azadlığı kimi müəyyən edilir. İnzibati muxtariyyətə sahib olan universiteti demokratik şəkildə öz üzvləri idarə edir.
İnzibati və akademik muxtariyyətin əsasını təşkil edən maliyyə muxtariyyəti (Feyzioğlu, 1981) təhsil müəssisələrinin onlara ayrılan resursları, büdcələrini, bir sözlə, xərclərini özlərinin idarə etmələri ilə yanaşı, müstəqil olaraq müxtəlif qanuni mənbələrdən maliyyə əldə etmək hüququna sahib olmaları deməkdir.
1990-cı illərdən başlayaraq inkişaf etmiş ölkələr ali təhsil müəssisələrinin muxtariyyətini xeyli inkişaf etdirib, məsələ ilə bağlı məqalələrin sayı da artıb. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil müəssisəsinin muxtariyyətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik olduğu qeyd edilsə də, onun nələrdən ibarət olduğu məlum deyil. Azərbaycandakı pedaqoji mənbələri nəzərdən keçirərkən universitetlərin muxtariyyəti ilə bağlı hər hansı bir araşdırmaya rast gəlmədik və ölkəmizdə ali təhsil müəssisələri ilə bağlı daha çox pedaqoji məsələlərin tədqiqat obyektinə çevrildiyinin şahidi olduq. Lakin dünyanın innovativ pedaqoji mənbələrində muxtariyyətin universitet üçün aktual bir məsələ olduğu aydın şəkildə nəzərə alınır. Universitetlərin inkişaf etməsi, cəmiyyətin və dünyanın ehtiyaclarını ödəməsi üçün maliyyə, akademik və inzibati cəhətdən muxtar olmasına xüsusi diqqət yetirilir.
AKADEMİK MUXTARİYYƏT
Akademik muxtariyyət universitetlərin daşıdığı vəzifə baxımından ön planda dayanır. Çünki o, əslində mahiyyət etibarı ilə özündə elmi yenilikləri ehtiva edir. Bu elmi yeniliklər elmi araşdırmalarda ən real nəticələrə imkan yaradan maksimum azadlıqla müəyyən olunur.
Pedaqoji mənbələrdə göstərildiyi kimi, akademik muxtariyyət elmi dərəcələrin əldə edilməsi, tədris proqramlarının təşkili, elmi tədqiqatların aparılması və yayılmasında sahib olunan azadlıq kimi başa düşülür (Öztürk, 2006). Akademik muxtariyyətə xarici təzyiqlərdən başqa, universitetin öz təşkilatı quruluşunun, eyni zamanda professor-müəllim heyətinin şəxsi konfliktlər, akademik qısqanclıq və ya ideoloji fərqliliklərə görə bir-birləri ilə mübarizəsi kimi davranışların da təsiri vardır (Büken, 2006; Aktan, 2008).
Bütün bunlar onu göstərir ki, akademik azadlıq elmi-tədqiqatların tematikasının müəyyənləşdirilməsi, əlaqələndirilməsi, tədqiqat işlərinin təşkili və aparılması, elmi kadrların hazırlanması və s. məsələlərindən ibarətdir.
Orta əsrlərdə Avropada qurulan universitetlər mövcud hüquq sistemindən kənarda özünü idarə edən qurumlar idi. Orta əsrlərdə universitetlərdə akademik azadlıq Berlin Universitetinin (1809) yaradıcılarından olan Vilhelm Von Humboldtun təşəbbüsləri ilə rəsmiləşdirib.
Vilhelm fon Humboldtun yaratdığı Berlin Universiteti modeli və müəyyənləşdirdiyi prinsiplər hələ də universitetlərə təsirini davam etdirməkdədir. Vilhelm fon Humboldtun fikrincə, universitetin əsas prinsiplərindən olan “Tədris etmə və öyrənmə azadlığı” “akademik muxtariyyət” dir. Bu prinsipə görə, Berlin Universiteti insan beyninin tam azad düşündüyü bir məkan olmalı, universitetdəki professorlar və tələbələr istər dini, istərsə də siyasi təsirə məruz qalmadan sərbəst şəkildə araşdırmalar apara və təhsil ala bilməlidirlər (Erdem, 2013).
XX əsrin sonlarına yaxın İngiltərədə qüvvəyə minmiş “Təhsil İslahatları Aktı”-nda da (1988) akademik muxtariyyətdən bəhs olunur və onun mahiyyətinə münasibət bildirilir: “Akademik muxtariyyət professor-müəllim heyətinin işlərini, imtiyazlarını itirmə riski olmadan, qanunvericiliyə əməl etmək şərti ilə ümumi qəbul edilmiş məsələləri yoxlamaq, sorğulamaq, mübahisəli olmayan yeni fikirlər irəli sürmək azadlığıdır” (Erdem, 2013).
Bütün bunlar o deməkdir ki, universitetlərin akademik muxtariyyəti zəuri bir pedaqoji anlayış kimi tarixi konteksdə müxtəlif zamanlarda təhsil mütəxəssislərinin diqqət mərkəzində dayanıb. Hətta ona mövzu azadlığı, yanaşma azadlığı, dil azadlığı kimi bir çox fərqli aspektlərdən yanaşılıb.
Mövzu azadlığı nədir? Adətən tədqiqat mövzuları əvvəlcədən müəyyən edilir və konkretləşdirilir. Bu proses müəyyən sifarişçi təşkilatlar və aparılmış tədqiqatların nəticələrinə əsasən müəyyən edilir. Mövzuların müəyyən olunmasında və onların daha kefiyyətli şəkildə tədqiqat obyektinə çevrilməsində həlledici amillərdən biri, əslində, tədqiqatçının arzusu və şəxsi təşəbbüsü hesab edilir. Təcrübə göstərir ki, tədqiqatçılar o zaman daha uğurlu və kefiyyətli araşdırmalar apara bilirlər ki, onlar mövzunu sərbəst seçirlər. Bu yanaşma, əslində, mövzunun seçilməsində azadlığın olması tələbinin vacib amil olduğunu göstərir. Tədqiqatçının mövzuya istənilən mövcud rakursdan yanaşması, eləcə də sərbəst yanaşma bacarığı nümayiş etdirməsi isə yanaşma azadlığıdır. Tədqiqatçının öz sərbəst linqvistik ifadə və üslubunu müəyyən etməsi də dil azadlığıdır.
Lima Bəyannaməsinin 1-ci maddəsində akademik muxtariyyətə “fərdi və ya kollektiv şəkildə tədqiqat, araşdırma, müzakirə aparmaq, yaratmaq, öyrətmək, izah etmək, bilik əldə etmək, biliyi çatdırmaq azadlığı” kimi tərif verilib. YUNESKO-nun Tövsiyəsinin 27-ci maddəsində isə akademik muxtariyyət tədris yanaşması ilə məhdudlaşdırılmayaraq tədqiqat aparmaq və onun nəticələrini yaymaq, dərc etmək, işlədikləri müəssisə haqqında sərbəst fikir bildirmək, institusional senzuradan azad olmaq, akademik orqanlarda (Elmi Şura və s.) iştirak etmək azadlığı olaraq ifadə edilir.
Amerika Universitet Professorları Assosiasiyasına görə, universitet müəllimlərinin malik olmalı olduğu akademik azadlığın üç əsas şərti var (Buken, 2006):
• Tədqiqatlar aparmaq və nəticələri dərc etdirmək;
• Universitetdə dərs deyərkən nəyi və necə öyrədəcəyinə qərar vermək;
• Tədqiqat və düşüncələrinə görə institusional senzuraya, təzyiqə məruz qalmamaq.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, akademik muxtariyyət universitetin xarici amillərdən azad ola bilməsi, tərkibində hansı fakültələrin açılmasıyla bağlı sərbəst qərar verməsi, eyni zamanda kim öyrədəcəyi, nə öyrədəcəyi, necə öyrədəcəyi, kimə öyrədəcəyi barədə müstəqil seçim etməsidir. Universitetlərin akademik proqramlarını, tədqiqat siyasətlərini professor-müəllim heyətinin iştirak etdiyi universitet şuraları tərəfindən müəyyən edilməsi akademik muxtariyyətin əsas şərtlərindən biridir. Bu gün dünyada akademik muxtariyyəti universitetin dəyişən siyasi şəraitdən təsirlənməsinin qarşısını alır. Bu o deməkdir ki, universitetdə təzyiq və göstəriş olmadan sərbəst şəkildə təhsil almaq və araşdırma aparmaq olar.
İnzibati muxtariyyət isə akademik muxtariyyətin təminatıdır.
İNZİBATİ MUXTARİYYƏT
Bir universitetin idarəetmə tərzi o universitetin nə qədər muxtar olduğunu göstərən ən mühüm göstəricilərdən biridir. İnzibati muxtariyyət universitetin rektorlarını seçmək, professor-müəllim heyətini işə götürmək üsulunun öz idarəetmə orqanı tərəfindən universitet daxilindəki bütün tərəflərin iştirakı ilə sərbəst müəyyənləşdirməsidir. Bu mərhələdə universitetin “dövlət” ilə əlaqəsinin ölçüləri və sərhədləri mühüm amillərdən biridir.
İnzibati muxtariyyətin 3 mühüm şərti var (Aktan, 2008; Öztürk, 2006):
• İdarəetmə orqanlarının hakimiyyətə gəlişi və hakimiyyətdən gedişi yolları;
• Bu orqanların sərbəst şəkildə qərar qəbul etmək və həyata keçirmək səlahiyyəti;
• Universitetdəki bütün tərəflərin idarəetmədə iştirakı.
Universitetin inzibati muxtariyyəti – universitetlərin dövlət qurumu olduğu ölkələrdə siyasi hakimiyyət, universitetlərin özəl qurum olduğu ölkələrdə isə kapital qarşısında muxtariyyətinin olması, qanunlarla müəyyən edilmiş hədlər daxilində öz qaydalarını müəyyən etməsi, resursları barədə qərarvermək hüququna malik olması, akademik və qeyri-akademik işlərini öz orqanları vasitəsilə həyata keçirməsi deməkdir (Öztürk, 2006).
Deyilənlərdən bu nəticəyə gələ bilərik ki, inzibati muxtariyyət universitetin tərkibinə daxil olan bölmələrin öz qərarını bütün üzvlərin iştirak etdiyi qurumlarda müzakirə edərək qəbul etməsidir. İnzibati muxtariyyət üçün universitetlərdə qərar qəbuletmə səlahiyyətinin demokratik yolla seçilmiş şuralarda olması vacibdir. İnzibati muxtariyyət o demək deyil ki, dövlətin universitetə heç bir müdaxiləsi, ondan heç bir tələbi yoxdur. Universitetlər öz işlərini idarə etməkdə sərbəst olsalar da, onlara fəaliyyət hüququ verən dövlətdən və onun orqanlarından müəyyən qədər asılıdırlar. Dövlətin universitetin fəaliyyətinə müdaxiləsi nə qədər arzuolunmaz olsa da, biganəliyi də bir o qədər çox narahatçılıqlar yaradar.
MALİYYƏ, AKADEMİK VƏ İNZİBATİ MUXTARİYYƏTİN MÜQAYİSƏSİ
Aparılan bir çox araşdırmalarda muxtariyyətin maliyyə, inzibati və akademik ölçülərinin hər üçü bir yerdə nəzərdən keçirilmədiyindən tədqiqatlar əhatəli deyil. Bu tədqiqatların ümumi cəhəti ondan ibarətdir ki, onlarda bir muxtariyyətin digərlərindən daha vacib olduğu sübut edilməyə çalışılır.
Universitetdə akademik muxtariyyətdən gözlənilən faydanın əldə edilməsi dövlət resurslarından səmərəli istifadə və bu istifadəni təmin edəcək sistemin ardıcıllığı ilə mümkündür. Bu səbəbdən bir çox tədqiqatlarda maliyyə muxtariyyətinin inzibati və akademik muxtariyyətin təminatı olması fikri ilə qarşılaşırıq.
Lakin Avropa Universitetlər Birliyinin Avropa ölkələri universitetlərinin muxtariyyəti ilə bağlı həyata keçirdiyi qiymətləndirməyə nəzər saldıqda maliyyə muxtariyyətinə görə universitetləri ön sıralarda olan ölkələrin akademik muxtariyyət baxımından sonuncu yerdə olduğunu görürük (Cədvəl 1).
Cədvəl 1 Avropa ölkələri universitetlərinin muxtariyyəti
Mənbə: (https://eua.eu/issues/4:autonomy-and-governance.html)
Eyni zamanda, universitetləri akademik muxtariyyətdə ön sıralarda olan bəzi ölkələrin maliyyə muxtariyyətlərinə görə sonuncu yerləri bölüşdüyünü müşahidə edirik (Cədvəl 2). Bu, maliyyə muxtariyyətinin akademik və inzibati muxtariyyətin əsasını təşkil etməsi fikrini şübhə altına alır.
Mənbə: (https://eua.eu/issues/4:autonomy-and-governance.html)
Hesab edirik ki, bu ölkələrin universitetlərinin maliyyə, inzibati və akademik muxtariyyət baxımından tərtib etdikləri reytinqdə kəskin fərqlərin olmasının səbəbi muxtariyyətin müəyyən edilməsində istifadə olunan meyarlardan qaynaqlıdır.
Məsələn, inzibati muxtariyyət meyarlarından biri universitet rektorunun seçki yolu ilə təyin edilməsidir. Lakin dünyanın bəzi qabaqcıl universitetlərində rektor seçki yolu ilə təyin edilməsə də, bu universitetlərdə o, bir növ
simvolik xarakter daşıyır. Belə universitetlərdə fakültələr müstəqil maliyyə resurslarına malik olmaqla yanaşı, onu müstəqil idarə etmək, qanuni mənbələrdən maliyyə əldə etmək hüququna malikdirlər. Qeyri-institusional strukturu olan universitetlərdə isə daha çox rektor işi ön plana çıxır, ona görə də digər inzibati bölmələr və kadrlar passiv məsuliyyət daşıyırlar. Bu səbəbdən də hesab edirik ki, rektorların təyin edilmə formasını inzibati muxtariyyət meyarı kimi qəbul etmək yalnış nəticələrə gətirib çıxara bilər.
Maliyyə muxtariyyətinin inzibati və akademik muxtariyyətin əsası olduğunu bildirən tədqiqatların əksinə olaraq, maliyyə müstəqilliyini təmin etmək zəminində universitetlərin bazarla qurduqları əlaqə nəticəsində muxtariyyət idealından getdikcə daha çox uzaqlaşaraq bazar iqtisadiyyatından aslı olduğunu iddia edən (məsələn, Özcan və Çakır, 2016) tədqiqatlara da rast gəlirik.
Bəzi araşdırmalarda isə universitet muxtariyyətinin əsasının akademik muxtariyyət olduğu iddia edilir. Dos. Dr. Hüseyin Korkut (1993) “Universitet muxtariyyəti” adlı məqaləsində universitet muxtariyyətinin maliyyə və akademik muxtariyyətdən ibarət olduğunu, akademik muxtariyyətdən danışarkən isə bəzi inzibati qərarları verərkən azad olmağın vacib olduğunu açıqlayır. Akademik muxtariyyəti izah edərkən Cevizci (2005) bildirir ki, “akademik muxtariyyət universitetlərdə çalışan professor-müəllim heyətinin universitetin, eyni zamanda kənar səlahiyyətlilərin təsiri, təzyiqi, hədəsi olmadan, yalnız elmin universal prinsiplərinə sadiq qalaraq həqiqətləri yazmaq, ifadə etmək, öyrətmək tələbi və ya hüququ”dur. Dinler (2013) tədqiqatında yazır ki, universitetin professor-müəllim heyətinin həm də dövlət qulluqçusu olması fikri onların elmi azadlıqlarını məhdudlaşdırır, çünki onlar dövlətin rəsmi ideologiyasına bağlanmalı və dövlətə sədaqət kimi öhdəliklər daşımalıdırlar.
Ədəbiyyatda akademik və inzibati muxtariyyətin müxtəlif təriflərinin verildiyini və “akademik azadlıq, universitet muxtariyyəti, akademik muxtariyyət, elmi muxtariyyət, elm azadlığı” kimi bir çox təlqinedici anlayışların bir-birinin əvəzinə istifadə olunduğunu da müşahidə edirik.
MÜZAKİRƏ, NƏTİcƏ VƏ TƏKLİFLƏR
Aparılan araşdırmalara nəzər saldıqda universitet muxtariyyətinin müxtəlif tərifləri ilə qarşılaşırıq. Sözügedən çaşqınlığın səbəbi akademik azadlıq və inzibati spesifikliyin kifayət qədər başa düşülməməsi, onların əhatə dairəsi və sərhədlərinin bəlli olmamasıdır. Mövcud tədqiqatların daha çox akademik və maliyyə muxtariyyətinə yönəldiyini görürük. Fikrimizcə, bunun səbəblərindən biri də akademik muxtariyyətin universitetin hüdudları çərçivəsində professor-müəllim heyətinin müstəqil fəaliyyət göstərmək səlahiyyəti kimi müəyyən edildiyi üçün inzibati muxtariyyət anlayışını da özündə ehtiva etməsidir. Yəni, universitetlərin inzibati muxtariyyət meyarından biri də universitetin akademik heyətinin onun idarə edilməsində iştirakı olduğu üçün akademik muxtariyyətin həm də inzibati muxtariyyət anlayışını özündə ehtiva edir. Başqa sözlə, universitetlərin inzibati heyəti professor-müəllim heyətidir. İnzibati heyətin əsas məqsədi akademik heyətin daha yaxşı işləməsinə töhfə verməkdir. Universitetin inzibati balansı akademik və inzibati muxtariyyət olduğu üçün bu iki anlayışı bir-birindən təcrid edilmiş şəkildə izah etmək mümkün deyil. Bundan əlavə, ali təhsildə inzibati muxtariyyətin tərifi ölkədən ölkəyə fərqli ola bilər. Başqa sözlə desək, zahirən sadə görünən inzibati muxtariyyətin müəyyən edilməsi çətin bir anlayışdır. Universitetin inzibati muxtariyyəti dövlətin qanunvericilik aktları, o cümlədən cəmiyyətin mədəniyyəti və tarixi ilə bağlı olduğundan, inzibati muxtariyyətin tərifi ilə bağlı ortaq fikir yoxdur. Universitetin inzibati muxtariyyətinin hüdudları qanunvericilik aktları ilə müəyyən olunduğundan, bunun dövlətin idarəetmə sistemindən asılı olduğunu deyə bilərik.
Akademik muxtariyyətlə bağlı verilən bütün tərifləri qısaca belə xülasə edə bilərik: akademik muxtariyyətin universitet üçün çox mühüm yeri var və universitetdəki professor-müəllim heyəti öz işlərini itirmək təhlükəsinə məruz qalmadan istədikləri mövzu üzərində tədqiqat aparmaq, fikirlərini sərbəst ifadə etmək, düşüncələrinə görə təzyiqlərə məruz qalmamaq, tədqiqatların nəticələrini dərc etmək, təhsil və təlim proqramlarını seçmək hüququna malik olması deməkdir. Akademik muxtariyyət qeyri-məhdud deyil. Akademik muxtariyyət etik qaydalara, akademik etikaya və qüvvədə olan qanunlara zidd davranışlara yol vermir. Akademik muxtariyyətə malik olmaq həm də dürüst, akademik dəyərlərə sadiq olmaq, etik davranmaq, elmi cəhətdən yalnış davranışların qarşısını almaq və elmin nəticələrinə görə məsuliyyətlə hərəkət etmək deməkdir. Deyə bilərik ki, akademik etika universitetin akademik muxtariyyət sərhədlərini müəyyən edir.
Universitetlərin təkcə təhsil fəaliyyətinə deyil, həm də dövlətin inkişaf strategiyasının hazırlanmasına töhfə verməsi gözləntisi yeni nəsil universitetlərin – təşəbbüskar universitetlərin yaranmasına gətirib çıxarır. Bu eyni zamanda universitet-sənaye əməkdaşlığını zəruri edir. Yeni nəsil universitetlərin ən mühüm hərəkətverici qüvvəsi universitet-sənaye əməkdaşlığının qurulmasıdır. Bir çox araşdırmalarda bu transformasiya universitetlərə yeni gəlir mənbələri təmin etmək imkanı verdiyi üçün universitet muxtariyyəti baxımından da müsbət qarşılanır. Universitetlərin maliyyə muxtariyyəti ilə bağlı araşdırmalarda maliyyə muxtariyyətinin inzibati və akademik muxtariyyətin əsasını təşkil etdiyi bildirilir. Başqa sözlə, maliyyə muxtariyyəti olmayan universitetin inzibati və akademik muxtariyyəti ola bilməz. Bu səbəbdən bütün universitetlərin təşəbbüskar universitetlərə çevrilməsi fikri dəstəklənir.
Universitetlərin heç bir şəxs və ya qurumun təzyiqinə məruz qalmaması, siyasi alət kimi istifadə edilməməsi elmi və ictimai inkişaf baxımından böyük əhəmiyyətə malikdir. Universitetin missiyasının mövcud olması üçün universitet muxtariyyəti akademik, inzibati və maliyyə muxtariyyət münasibətləri kontekstində işlənməli və hər kəs tərəfindən qəbul edilən bir tərif verilməlidir. İnsan haqları beynəlxalq səviyyədə diqqət mərkəzində olduğu kimi, beynəlxalq aləmdə də universitet muxtariyyəti daim diqqət mərkəzində olmalıdır. Bu məqsədlə atılacaq ikinci addım universitet muxtariyyətini ölçən beynəlxalq mexanizmin yaradılması ola bilər.
İstifadə edilmiş ədəbiyyat
1 Aktan, C. (2008). Akademik özerklik. http://www. canaktan. org/egitim/uni vers itereform/aka-ozerklik.htm. Erişim 27.10.2021
2 Alpkaya, G. (2001). “UNESCO’nun 1997 Tarihli Kararı Işığında Akademik Özgürlük”, Cevat Geray’a Armağan, Ankara: Mülkiyeliler Birliği Yay, s. 229-244.
3 Büken, N.Ö. (2006). Türkiye örneğinde akademik dünya ve akademik etik. Hacettepe Tıp Dergisi, 37(3), 164-170.
4 Ceran, Y. (2013). Kamu İç Denetimi Açısından Üniversitelerde İç Denetim. Selçuk Üniversitesi Sosyal Bilimler Meslek Yüksek Okulu Dergisi, Cilt:16, Sayı:1, 3-16.
5 Cevizci, A. ( 2005). Felsefe sözlüğü, İstanbul: Pradigma Yay.
6 Dinler, V. (2013). Akademik özgürlüğün sınırı üzerine sorular. Muhafazakar Düşünce Dergisi, 9 (35), 239-261.
7 Erdem, A.R. (2013). Üniversite Özerkliği: Mali, Akademik ve Yönetsel Açıdan Yaklaşım. Yükseköğretim ve Bilim Dergisi, Cilt: 3, Sayı:2, 97-100.
8 Feyzioğlu, B. (1981). Üniversite Özerkliği. Maliye Araştırmaları Merkezi Konferansları, Sayı:128, 127-133.
9 Korkut, H. (1993). Üniversite Özerkliği. Eğitim ve Bilim, 17(88).
10 Lima Bildirgesi Akademik Özgürlük ve Yüksek Öğretim Kurumlarının Özerkliği (2003). Eğitim Bilim ve Toplum Dergisi, Cilt:1, Sayı http://www.egitimbilimtoplum.com.tr/index.php/ebt/article/view/36/54. Erişim Tarihi: 24.10.2021.
11 Özcan, D., & Çakır, H. (2016). Üniversite-Toplum, Devlet, Piyasa/Sermaye İlişkileri Bağlamında Üniversite Özerkliği . Yükseköğretim ve Bilim Dergisi, (1), 31-40.
12 Öztürk, S. (2006). Üniversite özerkliği göstergeleri üzerine bir değerlendirme. Eğitim Bilim ve Toplum, 4(16), 114-145.
13 Öztürk, S. (2006). Üniversitelerin yapısal ve işlevsel değişiminde üniversite özerkliğinin yeniden tanımlanması veya özerklik kavramı ve üniversite özerkliği, Üniversite ve Toplum, 6(4). Erişim: 27.10.2021, http://www.universitetoplum.org/text. php3?id=287
14 Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2009. 108s.
15 UNESCO. (2008). 1997 recommendation concerning the status oh higher education teaching personnel. United Nations Educational, Scientific and Cultural Organization, Paris, France. Retrieved from http://unesdoc.unesco.org/images/0016/001604/160495e.pdf
16 Avropa Universitetlər Birliyi (The European University Association) rəsmi internet səhifəsi. Erişim: 27.10.2021, https://eua.eu/issues/4:autonomy-andgovernance.html