EFFEKTİV TƏQDİMATIN LİNQVİSTİK, PSİXOLİNQVİSTİK MEYARLARI VƏ NİTQİN STRUKTURU


JALƏ ZEYNALLI Filologiya üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi.




Monoloji nitqin bir forması olan təşkil olunmuş nitq geniş auditoriyaya xidmət edən kommunikativ prosesdir. Bu prosesi linqvistik, struktur baxımdan düzgün tənzimləmək effektiv təqdimatın hazırlanmasında mühüm rol oynayır. Təqdimatın effektivliyini pozan məqamlardan biri də budur ki, insanlar bəzən fikirlərini çatdırmaqdan qorxur, bəzən isə düzgün çatdıra bilmirlər. Eyni zamanda hər hansı bir səbəbdən natiqin fikirlərinin dolaşıq olması informasiyanın ötürülməsində və anlaşılmasında problemlər yaradır. Bu problemlər də birbaşa nitq və
psixikanın əlaqəsi ilə bağlıdır. Effektiv təqdimatın psixolinqvistik meyarlarını təşkil edən bu məqamlar da nitqin effektivliyini təmin edən önəmli faktorlardandır. Məqsədimiz məqalədə qeyd olunan effektin nitq meyarları haqqında maarifləndirmə işləri apararaq insanların dildən düzgün istifadəsini təmin etməkdir. Unutmamalıyıq ki, gələcəyimizin təminatı həm də gözəl, düzgün, səmimi, sağlam danışıqdan keçir. Məqalədə tələbələrin nitqində linqvistik xətaların aşkar edilməsi, bu xətaların düzəldilməsi və səbəblərinin müəyyənləşdirilməsindən bəhs olunub, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyəti istiqamətində tapşırıqlar verilib və nəticələr göstərilib.

GİRİŞ

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanının 1-ci və 4-cü hissələrinin icrası nəticəsində Nazirlər Kabinetinin Qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Nizamnamədə qeyd olunduğu kimi, Monitorinq Mərkəzi ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur, öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Apardığımız tədqiqat Monitorinq Mərkəzinin sadalanan fəaliyyət istiqamətlərini əhatə edir. Belə ki, araşdırmamızın məlumat bazasını “Azərbaycan dilində akademik və işgüzar kommunikasiya” fənninin tədrisi zamanı qeyriixtisas qruplarında təhsil alan tələbələrin şifahi və yazılı nitqlərindən topladığımız materiallar, eyni zamanda tələbələrə verilən tapşırıqlar əsasında televiziya və radioda yayılan verilişlərdə, çap və elektron kütləvi informasiya vasitələrində, reklam, elan və afişalarda, küçə adlarında onların aşkar etdiyi nitq qüsurları təşkil edir.

Tədqiqat işinin məqsədi effektiv monoloji nitq qurmaq bacarığının formalaşdırılmasından ibarətdir. Bu işin yerinə yetirilməsi üçün isə effektiv nitqin yuxarıda qeyd olunan 3 meyarı müəyyənləşdirilir:

1. Azərbaycan dilinin fonetik, leksik-semantik, qrammatik normalarına riayət olunmasının vacibliyini önə çıxaran linqvistik meyar;

2. Nitqin psixika ilə əlaqəsi fonunda üzə çıxan nitq problemlərinin aradan qaldırılması üçün psixoloji sağlamlığın əhəmiyyətini göstərən psixolinqvistik meyar;

3. Nitqin planlı təşkil olunmasını təmin edən önəmli faktorlardan biri olan nitq strukturu. 

“Monoloji nitqin əsas məqsədi nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunu başqasına çatdırmaqdır. Bu nitq proqramlaşdırılmış, təşkil olunmuş nitqdir. Belə ki, danışan deyəcəklərini əvvəlcədən düşünür, eyni zamanda ifadə edəcəyi fikrin həcmini bilir. Bundan başqa, ifadə edəcəyi fikrin xarakterini müəyyənləşdirir, auditoriyaya müraciət formasını dəqiqləşdirir. Hansı materialları deyəcəyini, müsahibinin və müsahiblərinin səviyyəsini, deyəcəklərinin onlara necə təsir edəcəyini təsəvvüründə qabaqcadan canlandırır” (Xəlilov, 2021).

Qeyd olunduğu kimi, təqdimatın hazırlanması planlaşdırılmış prosesdir. Bu proses əvvəlcədən təşkil olunur. Yəni mövzu seçilir, mövzu ilə əlaqədar ədəbiyyatlar nəzərdən keçirilir; lazımi material və faktlar toplanılır; mövzu üçün plan tərtib edilir; mövzunun həcmi, əhatə dairəsi təyin edilir; fikrin ardıcıllığına nail olmaq üçün bəzi qeydlər aparılır; material sistemləşdirilir; mövzunun məzmunu dərindən öyrənilir; əlverişli ifadə tərzi müəyyənləşdirilir. Tələbənin təqdimatı məhz monoloji nitqə nümunədir. Bu məqamda tələbənin dinləyicisi müəllimi və öz qrup yoldaşlarıdır. Müəllim əvvəlcədən elan etdiyi meyarlara əsasən tələbənin çıxışını dəyərləndirir. Tələbənin çıxışı zamanı nəzərə almalı olduğu meyarlar bunlardır: 1. Norma; 2. Üslub; 3. Sürət; 4. Bədən dili; 5. Nitqə qoyulan tələblər; 6. Səs tonu və intonasiya; 7. Nitqin strukturu; 8. Əyanilik; 9. Auditoriya ilə əlaqə; 10. Arqumentlər və əsaslandırma.

Çıxış zamanı mövzu qısa, aydın və tam şəkildə əks olunmalı, əsas məqamlar vurğulanmalı, mətn lazımsız sözlərlə yüklənməməlidir. Yaxşı təqdimat yığcam olmalı və mövzunu əhatə etməlidir. Natiq tələb olunan məlumatları çatdırmaq potensialına malik olmalı, pozitiv bədən dilindən istifadə edərək əsas məqamları qarşı tərəfə ötürə bilməlidir. “Nitqdə vurğulanan əsas məqamların sayı az olmalıdır. Çıxışın həcmindən asılı olmayaraq, bunların sayının üçdən çox olmaması məsləhət görülür. Çünki auditoriyanın diqqəti və yaddaşı çox məhduddur və hətta ən parlaq çıxışdan belə, yadda saxlana biləcək 2-3 əsas fikir olacaq. Məqsəd bu olmalıdır ki, auditoriyanın yaddaşında məhz sizin istədiyiniz fikirlər qalsın” (Bayramov, 2016). İstənilən məlumatı çatdırmaq üçün natiq diaqramlar, şəkillər, qrafiklər, cədvəllər, xəritələr və s. kimi əyani vasitələrdən daha çox istifadə etməlidir. Hər bir slayd yalnız məhdud və vacib məlumatları ehtiva etməlidir.

EFFEKTİV TƏQDİMATDA NİTQİN STRUKTURU

Düzgün tərtib edilmiş mətn, bir növ, naviqator rolunu oynayır. Natiq uğurlu çıxış etmək istəyirsə, nitqini  əvvəlcədən müəyyənləşdirilmiş plan əsasında qurmalıdır. Həmin plan nitqin strukturudur. Effektiv təqdimatın hazırlanmasında nitqin strukturunun düzgün təşkili vacib şərtdir. Nitqin strukturunun düzgün qurulmaması
dinləyicilərdə fikir dolaşıqlığı yarada bilər. Buna görə də natiq topladığı məlumatları düzgün çatdırmaq üçün bir plan tərtib etməlidir. Bu plan əsasında monoloji nitqə keçid edilir. Nitqin strukturunun qurulmasında üç komponent əsas rol oynayır: Giriş, əsas hissə və nəticə. 

Giriş

Nitqin strukturunun qurulmasında giriş əsas rol oynayır. Auditoriyanın diqqətini sual verərək, əsas məqamları vurğulayaraq, sitat gətirərək, mövzu ilə əlaqəli əhvalat danışaraq cəlb edə bilərik. Məsələn:

1. Mövzu: Gənc və yaşlı nəsil qarşıdurması.

Sual: Gənclər dünəni bəyənmir, yoxsa yaşlılar bu günü?

2. Mövzu: Dinləmə mədəniyyəti.

Sitat: Filosof Plutarx deyib: “Dinləməyi öyrənsən, istənilən həmsöhbətdən fayda götürə bilərsən”.

3. Mövzu: Sosial şəbəkələrdəki üslub və norma pozuntusu.

Əsas məqamlar: Sözlərin tələffüz şəklinə uyğun yazılması; durğu işarələrindən istifadə olunmaması; Azərbaycan dili klaviaturasından istifadə edilməməsi; qeyri-normativ qısaltmalardan istifadə; üslubların yanlış inteqrasiyası.

4. Mövzu: Zamanın idarə olunması.

Sitat: “Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansısa vacib işlərə vaxt çatmayacaq” (Əl Farabi).

5. Mövzu: Dilimin ucundakı kəlmələr. 

Sitat: Söz var ki, gəlib keçər; söz var ki, dəlib keçər...

Verilən nümunələr şifahi təqdimatların giriş hissəsindən götürülüb. Gördüyümüz kimi, təqdimatın giriş  hissəsində mövzu ilə əlaqəli əsas məqamları qeyd edərək, sual verərək, sitat gətirərək diqqət çəkməyə çalışılır və bu şəkildə mövzunun əhəmiyyəti vurğulanır.

Nitq prosesində girişin düzgün təşkili effektiv təqdimatın edilməsində vacib məqamdır.

Əsas hissə

Əsas hissə girişdə əks olunan fikirlərin ətraflı izahıdır. Bu hissədə statistik məlumatlar, tarixi faktlar, fikirləri təsdiqləmək üçün istifadə etdiyiniz araşdırmalardan nümunələr və ya tədqiqat nəticələri verilə bilər. Bunlar da fikrin təsdiqini göstərən ünsürlərdir. Əsas hissədə mövzu haqqında məlumatlar əsaslandırılmış şəkildə verilməlidir. Ancaq bu şəkildə auditoriyanı inandıra bilərsiniz. Bu hissədə, əsasən, problem qoyulur və həlli yolları göstərilir. Məsələn:

1. Mövzu: Gənc və yaşlı nəsil qarşıdurması.

Problem: Nəsillər özləri həll edə bilmədikləri problemləri özlərindən sonra gələnlərin üzərinə yıxmağa meyilli olurlar...

Həlli yolları: Vəziyyəti idarə etmək öz əlimizdədir. Əvvəlcə dinləməyi, sonra başa düşməyi, bəzən susmağı, bəzən bağışlamağı və ən əsası güzəştə getməyi bacarmalıyıq!

2. Mövzu: Dinləmə mədəniyyəti.

Problem: İnsanlar hansı hallarda qarşı tərəfi dinləmirlər?

Həlli yolları: Kobud olmayın; nitqin strukturunu düzgün qurun; səmimi olun; səsləndirilən fikirlərə görə məsuliyyət daşıyın; öyrədici səs tonu ilə danışmayın; qərəzli münasibət göstərməyin; həmsöhbətinizin üzərində üstünlük nümayiş etdirməyin.

3. Mövzu: Vaxtın idarə olunması.

Problem: Vaxt dördnala çapan at kimidir: əgər sənin xeyrinə işləməsini istəyirsənsə, onu yüyənləməyi bacarmalısan.

Həlli yolları: 1. Gündəlik tutun; 2. Həyatımız ən xırda hadisələrdən ibarətdir, onlara diqqət yetirin; 3.Yorulmusunuzsa, istirahətdən imtina etməyin; 4. Ən mühüm işləri qeyd edin, oxşar tapşırıqları qruplaşdırın; 5. Səhərlər ən xoşagəlməz və mürəkkəb işləri yerinə yetirin; 6. Axşamlar zaman ayırıb, gün ərzində etdikləriniz haqqında yazın.

4. Mövzu: Uğura gedən yol.

Problem: Uğura gedən yolda qarşımıza çıxa biləcək çətinliklər.

Həlli yolları: 1. Həmişə çəkindiyiniz və verməkdən qorxduğunuz qərarı verməlisiniz; 2. Yatmaq tələbatdır, lakin adətən oyandığınız vaxtdan daha tez oyanmalı olacaqsınız; 3. Bir işdən yayınmaq nə qədər cazibədar olursa olsun, heç vaxt üstünlük olmamalı və sizi narahat etməlidir; 4. Səhvlərinizdən nəticə çıxarmalısınız; 5. Öhdəsindən gəldiyiniz bütün bu çətinliklər sizi formalaşdırır. Orta statistik həyatla uğurlu bir həyatı fərqli edən bunlardır; 6. Çətin olanı seçin; 7. Nə qədər güclü və bacarıqlı olduğunuzu görüb nəticəyə heyran qalacaqsınız.

5. Mövzu: Sosial şəbəkələrdə üslub və norma pozuntusu.

Problem: Sosial şəbəkələrdə məişət üslubunun üstünlük təşkil etməsi və ədəbi dil normalarının tələblərinə riayət olunmaması.

Həlli yolları: Azərbaycan ədəbi dili və üslub normalarına bələd olmaq.

Problemin həlli yolları göstərilərkən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nəşrləri kimi etibarlı mənbələrdən istifadə etmək lazımdır. 

“Etibarlı mənbə kimi insan (mütəxəssis, alim, ictimai xadim, şirkətin rəhbəri), təşkilat (araşdırma mərkəzi, universitet, beynəlxalq qeyri-hökumət təşkilatı) və ya yazılı material (elmi məqalə, araşdırmanın nəticələri, şirkətin hesabatı) götürülə bilər” (Bayramov, 2016).

Yekun hissə

Bu hissə giriş və əsas hissədə verilən məlumatların yekunu istiqamətində olmalıdır. Sonda əsaslandırdığınız fikrə təkan olaraq mövzu ilə bağlı mövqe bildirilməlidir. Unutmamalıyıq ki, yekun hissə bir çox hallarda auditoriyanın təqdimat haqqında qərarına təsir edəcək.

1. Mövzu: Gənc və yaşlı nəsil qarşıdurması.

Giriş: Gənclər dünəni bəyənmir, yoxsa yaşlılar bu günü?

Problem: Nəsillər özləri həll edə bilmədikləri problemləri özlərindən sonra gələnlərin üzərinə yıxmağa meyilli olurlar...

Problemin həlli: Vəziyyəti idarə etmək öz əlimizdədir. Əvvəlcə dinləməyi, sonra başa düşməyi, bəzən susmağı, bəzən bağışlamağı və ən əsası güzəştə getməyi bacarmalıyıq!!!

Yekun: Bir gün sən də qocalacaqsan!

2. Mövzu: Dinləmə mədəniyyəti.

Giriş: Filosof Plutarx deyib: “Dinləməyi öyrənsən, istənilən həmsöhbətdən fayda götürə bilərsən”.

Problem: İnsanlar hansı hallarda qarşı tərəfi dinləmirlər?

Həlli yolları: Kobud olmayın; nitqin strukturunu düzgün qurun; səmimi olun; səsləndirilən sözlərə görə məsuliyyət daşıyın; öyrədici səs tonu ilə danışmayın; qərəzli münasibət göstərməyin; həmsöhbətinizin üzərində üstünlük nümayiş etdirməyin; inandırıcı olun.

Yekun hissə: Bir çox hallarda dinləmək bacarığı danışmaq bacarığından daha üstündür. Dinləyin və faydalanın.

3. Mövzu: Vaxtın idarə olunması.

Problem: Vaxt dördnala çapan at kimidir: əgər sənin xeyrinə işləməsini istəyirsənsə, onu yüyənləməyi bacarmalısan.

Həlli yolları: 1. Gündəlik tutun; 2. Həyatımız ən xırda hadisələrdən ibarətdir, onlara diqqət yetirin; 3. Yorulmusunuzsa, istirahətdən imtina etməyin; 4. Ən mühüm işləri qeyd edin, oxşar tapşırıqları qruplaşdırın; 5. Səhərlər ən xoşagəlməz və mürəkkəb işləri yerinə yetirin; 6. Axşamlar zaman ayırıb, gün ərzində nə etdiyiniz haqqında yazın.

Yekun: Zamanın keçməyini gözləmə, zamanı keç.

4. Mövzu: Uğura gedən yol.

Problem: Uğura gedən yolda qarşımıza çıxa biləcək çətinliklər.

Həlli yolları: 1. Həmişə çəkindiyiniz və verməkdən qorxduğunuz qərarı verməlisiniz; 2. Yatmaq tələbatdır, lakin adətən oyandığınız vaxtdan daha tez oyanmalı olacaqsınız; 3. Bir işdən yayınmaq nə qədər cazibədar olursa olsun, heç vaxt üstünlük olmamalı və sizi narahat etməlidir; 4. Səhvlərinizdən nəticə çıxarmalısınız; 5.
Öhdəsindən gəldiyiniz bütün bu çətinliklər sizi formalaşdırır. Orta statistik həyatla uğurlu bir həyatı fərqli edən bunlardır; 6. Çətin olanı seçin; 7. Nə qədər güclü və bacarıqlı olduğunuzu görüb nəticəyə heyran qalacaqsınız.

Yekun hissə: Uğura aparan yol zəhmətdən keçir.

5. Mövzu: Sosial şəbəkələrdə üslub və norma pozuntusu.

Problem: Sosial şəbəkələrdə məişət üslubundan istifadə edilməsi.

Həlli yolları: Azərbaycan ədəbi dil normalarına bələd olmaq.

Yekun hissə: Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə kompleks qaydada nəzarət
edilməlidir.

Nəticə olaraq demək olar ki, effektiv təqdimatın hazırlanmasında əsas meyar nitqin strukturunun düzgün qurulmasıdır. Nitqin strukturu 3 əsas hissədən ibarətdir: Giriş – mövzunun qısa xülasəsi; 2. Əsas hissə – problemin əsaslandırılmış həlli yolları; 3. Yekun hissə – məntiqi qənaət.

EFFEKTİV TƏQDİMATIN LİNQVİSTİK MEYARI

Təqdimatın effektivliyini təmin edən meyarlardan biri də şifahi və yazılı nitq prosesinin linqvistik göstəricilərinin keyfiyyətli olmasıdır. Linqvistik meyarlar dedikdə,

• nitqə qoyulan başlıca tələblər: nitqin aydınlığı, yığcamlığı, rabitəliliyi, münasibliyi, təmizliyi, orijinallığı və s.;

• ədəbi dilin normaları: fonetik (orfoepik və orfoqrafik), leksik, qrammatik (morfoloji və sintaktik) normalar;

• nitq prosesində ədəbi dilin funksional üslublarının düzgün müəyyənləşdirilməsi nəzərdə tutulur.

Araşdırma əsasında tələbələrin şifahi və yazılı nitqindəki qüsurlar yuxarıda qeyd olunan linqvistik meyarları əhatə edir və fonetik, leksik, qrammatik norma pozuntuları kimi təqdim olunur. Hər bir normanın tələbləri və onların pozulduğu hallara nümunələr əsasında nəzər yetirək:

Fonetik norma

Başqa sözlə desək, ədəbi dilin səs sistemini öyrənən norma olan fonetik normanın tələbləri orfoepiya və  orfoqrafiya qaydalarını tənzimləyir.

Orfoepiya qaydaları – səslərin düzgün tələffüz qaydalarıdır:

• sözlərin ədəbi dilin tələffüz qaydasına uyğun şəkildə tələffüzü, yəni yazılış və deyiliş arasındakı fərqlərin formalaşdırdığı səs dəyişmələri;
• səslərin sözlərdə ahəng qanununa uyğun düzülüşü, yəni sait və samitlərin ahənginin qanunauyğun şəkildə tənzimlənməsi ilə düzgün tələffüzü;

• şəkilçilərin sözlərə ahəng qanununa uyğun artırılması fonunda sözlərin düzgün tələffüzü;

• şəkilçilərin, samit və saitlərin düzgün, ədəbi tələffüz normalarına, əsasən, tələffüzü, söz və şəkilçi arasındakı münasibətlərdə səs dəyişmələri;

• ixtisar və qısaltmaların, vurğunun tələffüz qaydası.

Orfoepik normanın tələblərinin ən çox rast gəlinən pozulma hallarına əldə etdiyimiz nümunələr əsasında diqqət yetirək:
1. Yazılış və deyiliş arasındakı fərqlərin formalaşdırdığı səs dəyişmələrinin orfoepiya qaydasına əsasən düzgün tələffüz edilməməsi.
Bu məqamda aşkar edilmiş fonetik norma pozuntularına misal olaraq [istiyirəm] əvəzinə [istəyirəm], [payeziya] əvəzinə [poyeziya], [pazitiv] əvəzinə [pozitiv], [prases] əvəzinə [proses], [fanetik] əvəzinə [fonetik] yanlış tələffüz nümunələrini gətirmək olar. Bu qəbildən olan norma pozuntularının səbəbi bəzi insanların kitab üslubunda – hərfi üslubda danışmağa meyilli olmasıdır.

Professor N.Əhmədli məsələyə münasibətini bu şəkildə bildirir: “Bəzilərinə elə gəlir ki, kitab cümlələri ilə danışmaq, sözü yazıldığı kimi tələffüz etmək yüksək savadlılıq əlamətidir. Əslində isə belə deyil. Yazının öz qaydaları olduğu kimi, danışığın da öz normaları var və onlara əməl etmək hamının borcudur” (Əhmədli, 2017).

“Kitab üslubunda danışanlar, oxuyanlar sözlərin yazılışını, hərf tərkibini əsas götürür və belə başa düşürlər ki, sözlər nə cür yazılırsa, elə də tələffüz edilməlidir. Belə deyiliş ədəbi tələffüz baxımından qüsurlu sayılır. Natiq bu qəbildən olan, yəni orfoepiyası orfoqrafiyasından fərqlənən söz və qrammatik formaları ədəbi tələffüz qaydasında söyləməli və ya oxumalıdır” (Abdullayev, 2015).

2. Vurğunun tələffüz qaydasının pozulduğu hallar.

Orfoepik normanın əsas tələblərindən biri də aksentuasiya, yəni vurğunun düzgün qoyulması məsələsidir. Nitqlərdə vurğu ilə bağlı pozuntu halına ən çox aşağıdakı halda rast gəlinib:

[Neqati`v] əvəzinə [ne`qativ], [poziti`v] əvəzinə [po`zitiv], [allergi`ya] əvəzinə [alle`rgiya], [İngi`ltərə] əvəzinə [İngiltə`rə] və s.

Bu kimi hallara daha çox ingilis dilində təhsil alan qeyri-ixtisas qruplarındakı tələbələrin dilində rast gəlinir. Belə ki, [ne`qativ], [po`zitiv] kimi tələffüz qaydası əcnəbi dilə məxsus tələffüz qaydasıdır.

Alınma sözlərin dilimizə keçməsində vasitəçi olan dillərin və yaxud da sadəcə hər hansı bir dilin tələffüz qaydasının təsirinə məruz qalmaq da orfoepik norma ilə bağlı pozulma hallarına səbəb olur. Məsələn, [İngi`ltərə] əvəzinə [İngiltə`rə], [filan] əvəzinə [falan] tələffüzünə türk dili istifadəçilərinin və dinləyicilərinin, [stəkan] əvəzinə [stakan] tələffüzünə rus dilinin təsirindən qurtara bilməyən təbəqənin dilində rast gəlinir.

Ə. Dəmirçizadə tələffüzü müxtəlif orfoepik üslublar adı altında sistemləşdirir və qeyd olunan orfoepik qüsurlu nümunələrə bənzər nümunələri sərbəst üslubun əcnəbilik çalarlığı, yəni başqa dillərə xas olan çalarlıqlar adı altında təsnif edir (Dəmirçizadə, 2007).

Bu kimi hallara milli teleradio məkanında da tez-tez təsadüf olunur: Rus dilində tərkibində “ц (ts)” olan ümumi isimlər azərbaycanca s ilə (цирк – sirk; лицей -lisey; абзац -abzas), xüsusi isimlərdə isə sözün əvvəlində s (Циалковский – Sialkovski), ortasında və sonunda isə ts ilə yazılır və deyilir: Кузнецов – Кuznetsov; Муромец – Muromets. Televerilişlərdən nümunələr: “İctimai təşkilat və siyasi partiyalardan olan müşahidəçilərin qeydiyyat protsesi başa çatıb”; “Yeni il münasibəti ilə tsirkdə təşkil olunmuş tamaşa uşaqların xoşuna gəlmişdir”. Əslində, [prases][sirk] deyilməli idi. Rus dili vasitəsilə dilimizə keçmiş və ruscada “ь” işarəsi ilə müşayiət edilən, yəni yumşaq tələffüz olunan samitlər Azərbaycan dilində sözün ortasında yumşaq, sonunda isə sərt deyilir: пальто – pal(ь)to, роль – rol. Demək olar, bütün aparıcılar və verilişlərdə iştirak edən aktyorlar bu cür sözlərin sonunu da yumşaldırlar: “Mənə bu rol(ь) həvalə olunanda məsuliyyətini yaxşı dərk edirdim”; “Ansambl(ь) qostrol(ь)dan təzəcə qayıdıb” (Əhmədli, 2017).

3. Fonetik dialektizmlərdən istifadə.

Müxtəlif şivələrin daşıyıcıları olan tələbələrin nitqində dialekt tələffüzünə təsadüf olunur:

Nəyə – neyə, həyəcanlanmaq – heyecanlanmaq, çəkmə – çekmə, dəyirman – degirman, inək – ineg, ələk – əleg və s. Bu hal şimal-şərq ləhcəsinin səciyyəvi xüsusiyyətlərindəndir və sözün birinci və ikinci hecalarında açıq “ə” saitinin yarımqapalı “e” saitinə keçidi əsnasında müşahidə olunur (Əzizov, 2016).

işdemeg, yeməg, üreg, kiçig, ineg və s. – k>g; g keçidi də şimal-şərq şivələrinin xarakterik xüsusiyyətidir. Bu şivələrdə çoxhecalı sözlərin sonunda “g” səsinin tələffüzü geniş yayılıb (Məmmədli, 2019).

• Qərb ləhcəsinin səciyyəvi xüsusiyyətlərindən olan mən, sən əvəzliklərinin yönlük halda maῆa, saῆa formasında işlənməsi. Ümumiyyətlə, bəzi tələbələrin nitqində əvəzliklərin müxtəlif formalarına təsadüf edilir: maῆa, saῆa, maᾶ, səə, həylə, belənçik, eləncig, budey, odey və s.

Xalx, bayax/bəyağ və s.– q>x; q>ğ dəyişməsi qərb, cənub və şimal qərb şivələrində üstünlük təşkil edir (Məmmədli, 2019).

• Sözün əvvəlinə “i” səsinin artımı hadisəsi: istəkan//iskan//istikan, ispirt və s.

• Sözün birinci hecasında yarımqapalı “e” saitinin açıq “ə” saitinə keçidi: deyil>dəyil, yenə>gənə və s. E>ə dəyişməsi Azərbaycan dilinin cənub şivələrində geniş yayılıb (Əzizov, 2016).

• Dialekt fonetikasının səciyyəvi xüsusiyyətlərindən olan “ı”“i” saitlərinin düşməsi: hamsı, yadma, danşır, qarşığ, həmşə, yarsı, çalşır və s. (Məmmədli, 2019).

• Qərb bölgəsindən olan tələbələrin nitqində c>j əvəzlənməsinə təsadüf edilir: goja, bajı, balaja, gedəjəm və s.

• Söz ortasında və sonunda “g” səsinin işlənməsi: ignə, dügi, gög və s. Bu hadisə şimal-şərq ləhcəsinə xas fonetik xüsusiyyətdir (Məmmədli, 2019).

• Dialektlərdə “-gıl, -gil” əmr şəkilçilərinə ancaq “-qınan, -ginən” mürəkkəb şəkilçilərin tərkibində rast gəlinir: gəlginən, görginən və s. (Şirəliyev, 2008). Tələbələrin nitqində yazginən şəklində istifadəyə təsadüf edilib.

Gəlif, gedif və s. – Azərbaycan dili dialektlərinin qərb ləhcəsində və Zaqatala, Qax dialektlərində nəqli keçmiş zaman -ıf şəkilçisi ilə ifadə olunur (Məmmədli, 2019).

Sözlərin dialekt tələffüzünü Ə.Dəmirçizadə sərbəst üslubun şivəçilik çaları (Dəmirçizadə, 2007), N.Abdullayev isə dialekt xüsusiyyətli tələffüz tərzi adlandırır (Abdullayev, 2015).

10-cu sinfin Azərbaycan dili dərsliyində də tələffüz səhvləri mövzusuna yer ayrılıb. Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli “Füyuzat” jurnalında dərc etdirdiyi məqaləsində tələffüz səhvlərini dialekt tələffüzü və orfoqrafik tələffüz adı altında qruplaşdırır (Hacıyev, Bektaşi, Hüseynova, 2022). Müxtəlif mənbələrdə fərqli adlarla adlandırılmasına baxmayaraq dialektlərdən istifadə ədəbi dil üçün xarakterik deyil.

4. Elvari xarakterli tələffüz üslubu.

Ədəbi dil üçün xarakterik olmayan digər bir üslub da N.Abdullayevin adi üslub, Ə. Dəmirçizadənin sərbəst üslub adlandırdığı elvari xarakterli tələffüz üslubudur.

Şivəyə nisbətən ədəbi dilə daha yaxın olsa da, ədəbi dilə xarakterik olmayan elvari üslubda tələffüz olunan sözlərə nümunə olaraq: hasant, gə gedəy, mə`mçün, siznən, məniynən və s. kimi sözləri göstərmək olar.

Leksik norma

Ədəbi dilin leksik normasının əsas şərti fikrin ifadəsi üçün sözlərin məna incəlikləri nəzərə alınaraq, birbaşa tələb olunan sözün, ifadənin dəqiq seçilib işlədilməsidir. Eyni zamanda ədəbi dildə istifadəsi məqbul sayılmayan sözlərdən (loru sözlər, varvarizmlər, vulqar sözlər, dialektlər, jarqonlar, arqolar, köhnəlmiş sözlər və s.) istifadə, nitqə verilən başlıca tələblərə (dəqiqlik, düzgünlük, aydınlıq, təmizlik, orijinallıq və s) riayət olunmaması, nitqdə uzunçuluğa, yersiz təkrarlara yol verilməsi halları da ədəbi dilin leksik normasını pozan hallardandır.

Tələbələrin nitqindəki təqdimat zamanı ədəbi dilin leksik normasını pozan hallar düzgün qarşılığı verilərək aşağıdakı şəkildə sistemləşdirilib: 

1. Fikrin ifadəsi üçün sözlərin məna incəlikləri nəzərə alınmadan yanlış, qeyri-dəqiq ifadələrin seçilib istifadə olunması:

Həyatın fərqli cürə pəncərələri var – Həyata fərqli rakurslardan baxmaq olar.

Çiynində həyatın yükləri mövcuddur – Çiyinlərində həyatın ağır yüklərini daşıyır.

Dəyişməyə qeyrət (cəhd) edirəm. 

Həyata pozitiv cəhətdən baxın (“cəhətdən” sözü artıqdır).

Bunun yaxşı bir xəbəri (tərəfi) də var – İşin müsbət tərəfi bundan ibarətdir ki…

Pozitiv aura bəxş etmək – pozitiv enerji vermək, xoş əhval-ruhiyyə bəxş etmək

Fərman verilmişdir – Qərar qəbul edilmiş və fərman imzalanmışdır.

Dilin dövlət səviyyəsində qorunmasını təkmilləşdirdi – Dilin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi 

Yuxarı (yüksək/ali) rütbə Laçını götürdük (işğaldan azad etdik)

Kəndlər bir-bir gedəndə (işğal olunanda).

Nümunələrin düzgün qarşılıqları verilərkən onların ifadə etdiyi mənalara söz birləşməsi, cümlə daxilində yanaşılıb. Kontekst içində Azərbaycan dilinə spesifik formada fərqli şəkildə də ifadə etmək mümkündür. Məsələn:

Bu yaş kiçik – /az/ görünə bilər, amma… – Yaşın az olmasına baxmayaraq...

Məsələlərə detallı girməyib – /yanaşmayıb/ – Məsələləri təfərrüatlı izah etməyib.

2. Tələbələrin çıxış zamanı istifadə etdiyi varvarizmlər də diqqət çəkən məqamlardandır:

Stipendiya – təqaüd; Uje – artıq; Delavoy – işgüzar; Vsyo – bu qədər, kifayətdir, yetərlidir, bəsdir; Plyus – üstəgəl / əlavə olaraq; Prosto – sadəcə; Starosta – sinif nümayəndəsi.
Gənclər bəzi məlumatları Türkiyə türkcəsində olan qaynaqlardan araşdırdıqlarına görə çıxış zamanı həmin dilə xas olan sözlərdən istifadə halları müşahidə edilir:
Baxış açısı – baxış bucağı; Merak etmək – maraq göstərmək; Yarqılamaq – mühakimə etmək; Acımaq – yazığı gəlmək, ürəyi yanmaq, halına yanmaq; Çoğunluq – çoxluq, əksəriyyət; Qeyret etmək – səy göstərmək; Yansıyır – əks olunur; Yaşam şəraiti – həyat şəraiti.
3. Leksik normanın pozulduğu hallardan biri də nitqi ağırlaşdıran yersiz təkrarlardır: imtahan müddəti zamanı, fəaliyyət fəallaşdı, həyat fəaliyyətini həyata keçirtmək, daha bir kitab daha kimi uzunçuluğa yol açan yersiz ifadələrə tələbələrin nitqində rast gəlinir.
4. Arqolar – məhdud təbəqə təşkil edən insanlar arasında istifadə olunan bəzi sözlər bu gün yeni nəslə məxsus xüsusi leksika formalaşdırır. Bu kimi sözlər ədəbi dil normalarını pozur: Görüldü atmaq – mesajı oxuyub cavab verməmək. Trollamaq – qalmaqal yaratmaq, süni gündəm yaratmaq, sataşmaq, söz atmaq və s.

Qrammatik norma

Ədəbi dilin qrammatik norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir. Bu tələbin pozulduğu hallara aiddir:

• Adlara və feil köklərinə artırılan şəkilçilərin ardıcıllığının pozulması;

• Sözün tərkibində heç bir funksiyası olmayan artıq şəkilçilərin istifadəsi;

• Müəyyən miqdar və qeyri-müəyyən saylardan sonra gələn isimlərin cəmdə işlədilməsi;

• Bir cümlədə və ya mətni təşkil edən cümlələrdə zaman uzlaşmasının pozulması, yəni müxtəlif zaman formaları işlədilərək nitqin aydınlığını pozan qeyri-sabit zamanın mövcudluğu;

• Bir cümlədə iki inkar göstəricisinin olması;

• Yanaşma, idarə və uzlaşma əlaqələrinin pozulması.

Qrammatik norma özlüyündə morfoloji və sintaktik normalara ayrılır. “Morfologiya və sintaksis dilin qrammatik quruluşundan bəhs etsə də, dilin leksik-qrammatik mənalarına, morfoloji əlamətlərinə, sintaktik formalarına görə özünəməxsus əlamət və xüsusiyyətləri-qrammatik məfhumların mühüm və ümumi əlamətlərinin norması vardır” (Saytların monitorinqi ilə bağlı hesabat, 2021).

Morfoloji norma

Qeyd olunan qrammatik normaların tələbələrin nitqində ən çox rast gəlinən pozulma hallarına nümunələr əsasında diqqət yetirək:

1. Sözün tərkibində heç bir funksiyası olmayan artıq şəkilçilərin istifadəsi:

Tələbələrin nitqlərində müşahidə olunan sakitçilik, xoşbəxtçilik, öhdəçilik, müsəlmançılıq kimi sözlərin tərkibindəki –çi şəkilçisinin funksiyası yoxdur, sözlərin ancaq zahirən dəyişməyinə xidmət edir. Nə digər sözlərlə əlaqələndirici funksiyası, nə də kök-şəkilçi münasibətində rolu var. Eləcə də, “pəncərəni açan zamanı”, “insanların hər yalanlarında” nümunələrində “zamanı” sözündəki artıq “–ı” və “yalanlarında” sözündəki “–lar” şəkilçilərinin istifadəsi də dilin morfoloji normasını pozur.

2. Feil köklərinə artırılan şəkilçilərin ardıcıllığının pozulması: danışarlardı, deyərlərdi.

3. Müəyyən miqdar və qeyri-müəyyən saylardan sonra gələn isimlərin cəmdə işlədilməsi: Heç bir insanlar, iki mərhələlərdən keçmişdir, bir neçə qruplara bölünür, anlaşıqlı bir cümlələrdən, belə bir ifadələr, bir neçə məsələlər, fərqli bir xüsusiyyətlər.

Sintaktik norma

“Sintaktik norma “fikrin maddi dil cildinə salınması qaydaları”dır; sintaktik quruluş sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələnməsi qaydalarının məcmusu və sistemidir” (Saytların monitorinqi ilə bağlı hesabat, 2021).

1. Bəzən sözlər arasındakı idarə əlaqəsini təmin edən şəkilçilər ya ixtisar olunur, ya artıq yazılır, ya da dəyişdirilir. Bu zaman idarə itir və nitqin strukturu pozulur: rus bölməsi (ndə) oxuyur, fırıldaq yolla (rdan) istifadə edərək, sözdən xoşuma (xoşum) gəlir (söz xoşuma gəlir).

2. Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına malik olmalıdır: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feili xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir (Abdullayev, 2015). Bu ardıcıllığın pozulması isə cümlənin mənasının anlaşılmasında çətinlik törədir, nitqin aydınlığına, səlisliyinə xələl gətirir: izah edəcəyim bundan sonra mövzu, öyrənməyi başqalarının fikirlərini bacarmalıyıq və s.
3. Uzlaşma əlaqəsinin pozulma halları: həmin günlər gözləyirlər, hamı insanları qüsurlu olaraq qəbul etməlidirlər və s.

EFFEKTİV TƏQDİMATIN PSİXOLİNQVİSTİK MEYARI

Effektiv təqdimatın psixolinqvistik meyarı dedikdə, nitqlə psixikada gedən proseslərin əlaqəsi fonunda nitqin keyfiyyətinin, effektivliyinin dəyərləndirilməsi nəzərdə tutulur. Bu mənada istər verbal, istərsə də qeyri-verbal ünsiyyət zamanı qurduğumuz nitq və nümayiş etdirdiyimiz davranışlar bizim daxili dünyamızdan, psixikamızda gedən proseslərdən xəbər verir. Yəni nitq və psixika bir bütündür.

İnsanların nitqindəki psixoloji prosesləri öyrənmək psixolinqvistikanın vəzifəsidir. Bu istiqamətdə apardığı araşdırmalarında professor F.Veysəlli məsələyə bu şəkildə münasibət bildirir: “Psixoloqların insanın dil davranışlarını müşahidə etməsi nəticəsində məlum olur ki, bu müşahidələr həm praktik, həm də elminəzəri problemlərin müəyyənləşdirilməsi, düzgün danışıq vərdişlərinin aşılanması, dillə, sözlə və sözsüz (verbal və nonverbal) ünsiyyətin müəyyənləşməsi və s. psixolinqvistikanın inkişafına təkan verən amillərdir” (Veysəlli, 2007).

A.Babayev də ritorika ilə psixologiyanın bağlılığını bu şəkildə əsaslandırır: “İnsan düşünəndə və danışanda onun bütün beyin qabığı fəaliyyətdə olur. Bu prosesdə nitq mərkəzi xüsusi fəaliyyətdə olmalıdır ki, səs siqnallarını analiz edərək onu mənalandıra bilsin. Bu proses həm dinləmə, həm də danışma zamanı fəal sürətdə davam edir. İnsanın danışıq zamanı hansı psixi prosesin təsiri altında olması həlledici rola malikdir. Əgər ritor müsbət emosiyaların təsiri altındadırsa, onda onun psixolinqvistik mexanizmi açıq olur, nəticəcədə nitqi gözəl olur. Əksinə, mənfi emosiyaların təsiri altında olduqda psixolinqvistik mexanizm sanki bağlı olur. Bu vaxt adam bildiyini də danışa bilmir” (Babayev, 2011).

Firudin bəy Köçərli nitqlə psixikanın əlaqəli olmasını, nitqin aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirərək əsaslandırır: “Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur” – deyirdi (Abdullayev, 2015).

Deyilənləri əsas götürərək, təqdimat prosesində tələbələrin nitqinin keyfiyyətinin aşağı olmasının səbəblərindən birinin onların psixoloji vəziyyəti ilə əlaqəli olduğu aşkarlandı. Belə ki, tələbə nə qədər mövzuya hakim olsa da, nitqin struktur prinsiplərinə və linqvistik meyalarına nə qədər riayət etsə də, əgər psixoloji problemləri varsa, bu, mütləq onun nitqində əks olunur. Məsələn, yaşadığı mənfi hadisələr nəticəsində aldığı travmalar onlarda sosial fobiya, özgüvən problemi, apatiya, utancaqlıq, müxtlif xarakterli qorxular və s. formalaşdırır. Bu da birbaşa onların nitqlərində təzahür edir.

Problemlər, əsasən, özgüvən, özdəyər, özsevginin olmamasından qaynaqlanır. Sevgi, qayğı əskikliyindən əziyyət çəkən fərdlər uşaqlıqdan ailəsi, müəllimləri, yaxın ətrafı tərəfindən sevgi görmədikləri üçün onlarda özgüvən əskikliyi formalaşır. Çünki sevgi görməyən, emosional və fiziki şiddət görən fərd özünü sevgiyə layiq bilmir, sevməyi və sevgi verməyi bacarmır, bu da ətrafla konfliktlərə və özgüvənsizliyə yol açır. Özgüvəni olmayan bir fərd isə auditoriya qarşısında söz deməyə çəkinir, gülüş obyekti olmaqdan qorxur, həyəcanlanır və s.

Tələbələr təqdimat zamanı həyəcanlarını cilovlamağı bacarmadıqları üçün biliklərini təqdim edə bilmirlər. Həyəcan nitqin sürətinin artmasında, unutqanlıqda, fikir dolaşıqlığında, mətnin məntiqi ardıcıllığının pozulmasında və s. özünü göstərir. Həyəcanın təməlində duran özgüvənsizlik fərddə “birdən bacarmaram”, “uğurlu ola bilməyəcəm” kimi avtomatik fikirlər formalaşdırır. Bu da nitqin keyfiyyətinə xələl gətirir.

Bəzən tələbələr təqdimatlarını yüksək səviyyədə hazırlayıb yüksək göstəricilər qazanmaq üçün səy göstərmirlər. Bu hal onların işə məsuliyyətlə yanaşmamasından, etinasızlığından, minimumla kifayətlənmək və s. kimi xüsusiyyətlərindən qaynaqlanır. Bunun müxtəlif səbəbləri ola bilər. Belə ki, istər uşaqlıq dövründə, istərsə də həyatın digər mərhələlərində ətrafdan özünə qarşı etinasızlıq görüb psixoloji zərbə alan bir tələbədə özünə, öz fəaliyyətinə qarşı etinasızlıq formalaşa bilir. Etinasızlıq isə fərdin özgüvənini sarsıdaraq yüksək deyil, minimum göstəricilərlə kifayətlənməsinə gətirib çıxara bilər.

Bu kimi problemlərin çoxşaxəli səbəblərindən geniş danışmaq olar. Məqsədimiz əsas təşkil edən psixoloji məqamları önə çıxararaq psixi sağlamlığın nitqin keyfiyyətindəki önəmini irəli sürmək, təqdimatın effektivliyindəki əhəmiyyətli rolunu vurğulamaqla müəllim və valideynlərə bu işin ciddiyyətini aşılayaraq məsuliyyətini dərk etmələrini təmin etmək, eyni zamanda tələbələrə öz həyat keyfiyyətinin məsuliyyətini ətrafa yükləmədən öz boyunlarına çəkərək sağlam addımlar atmağa təşviq etməkdir.

Nəticə olaraq qeyd etmək istərdik ki, effektiv təqdimatın qeyd olunan hər üç meyarı nitqin keyfiyyətində bərabər şəkildə əhəmiyyət kəsb edir və hər üç istiqamətdə maarifləndirmə işləri aparmaq zərurətini doğurur. Zərurət isə ehtiyacdan yaranır. Belə ki, bütün cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə də ana dilinin saflığının qorunması və təkmilləşdirilməsi istiqamətində faydalı işlər görən sağlam fərdlərə, gözəl natiqlərə hər zaman ehtiyac vardır.

Aparılan araşdırma istər ali təhsil müəssisələrində “Akademik və işgüzar kommunikasiya” fənninin, istərsə də orta məktəblərdə “Azərbaycan dili” fənninin tədrisi zamanı praktiki əhəmiyyətli material kimi istifadə oluna bilər. Araşdırmanın aparılmasını zəruri edən məqamlardan biri də tələbələrin yazılı və şifahi nitqlərində aşkar olunan, orta məktəb proqramının müəyyən materiallarını mənimsəmədiklərini əks etdirən qüsurlardır. Araşdırma materialının orta məktəblər üçün xüsusi əhəmiyyəti də məhz bundan ibarətdir ki, məktəb dövründə şagirdlərin nitqinin təkmilləşdirilməsi rosesində araşdırmada qeyd olunan meyarlar istiqamətində daha ciddi işlər aparılsa, məktəb dövrünü başa vurub ali təhsil ocağında təhsilə başlayan gənclər daha gözəl nitq qabiliyyətinə malik, daha sağlam dil istifadəçisi kimi geniş ictimaiyyətə faydalı olarlar.

İstifadə edilmiş ədəbiyyat


1 Abdullayev, N. (2015). Nitq mədəniyyətinin əsasları. Bakı: “MBM” nəşriyyatı.

2 Azərbaycan dilinin dialektoloji lüğəti. (2007). Bakı: “Şərq-Qərb” nəşriyyatı. 

3 Azərbaycan dilinin orfoqrafiya lüğəti. (2021). Bakı: “Elm” nəşriyyatı.

4 Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi. https://monitorinqmerkezi.az/

5 Babayev, A. (2011). Azərbaycan dili və nitq mədəniyyəti. Bakı: “Elm və təhsil” nəşriyyatı. 

6 Bayramov, R. (2016). Sözünə güvən. Bakı: “Parlaq İmzalar MMC” nəşriyyatı.

7 Dəmirçizadə, Ə. (2007). Müasir Azərbaycan dili. Fonetika, Orfoepiya, Orfoqrafiya. Bakı.

8 Dublajlar və Azərbaycan dili. (2022). Bakı:“Elm və təhsil” nəşriyyatı.
9 Elbrus, Ə.İ. (2016). Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Dərs vəsaiti. 2-ci nəşri. Bakı: “Elm və təhsil” nəşriyyatı.

10 Əhmədli, N. (2017). Milli teleradio məkanında ədəbi dil normalarına necə əməl olunur? “Xalq qəzeti”, 25 noyabr.

11 Hacıyev, T., Bektaşi, S., Hüseynova, Y. (2022). Azərbaycan dili-10(dərslik). Bakı: “Şərq-Qərb” nəşriyyatı.

12 Həsənzadə, N., Pənahova, G., Abbasov, Ə. (2016). Azərbaycan dili və nitq mədəniyyəti (dərslik). Bakı: “Ekoprint” nəşriyyatı.

13 Xəlilov, B. (2021). Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Bakı: “Adiloğlu” nəşriyyatı.

14 Qəzetlərin dili monitorinq aynasında. (2022). Bakı: “Elm və təhsil” nəşriyyatı.

15 Məhərrəm, M. (2019). Azərbaycan dialektologiyası (dərslik). Bakı: “Zərdabi LTD”.

16 Məmmədli, N. (2021). Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (dərslik). Bakı: “Elm və təhsil”.

17 Nəzəroğlu, C. (2022). Danışığınla həyatı qazan. III nəşr. Bakı: “Qanun” nəşriyyatı.

18 Radioların dili monitorinq aynasında. (2022). Bakı: “Elm və təhsil”. 

19 Saytların monitorinqi ilə bağlı hesabat. (2021). Bakı: “Elm və təhsil”.

20 Şirəliyev, M. (2008). Azərbaycan dialektologiyasının əsasları. Bakı: “Şərq-Qərb”. 

21 Veysəlli, F. (2007). Dil. Bakı: “Təhsil NPM”.