AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞUŞA FİLİALI (1989-1992-ci illər)




28 noyabr 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı əsasında müstəqil Xankəndi Pedaqoji İnstitutu təşkil edilib. Filialın təşkilində əsas məqsəd Azərbaycanın qədim və əzəli torpağı olan  Qarabağ bölgəsindəki Azərbaycan və erməni məktəblərini yüksəkixtisaslı müəllim kadrları ilə təmin etmək idi. 28 noyabr 1973-cü ildə filialın bazasında müstəqil Xankəndi Pedaqoji İnstitutu təşkil edildi. 1988-ci ildə Qarabağda baş verən erməni qiyamının ilk zərbəsi Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin  pedaqoji kollektivinə dəydi. İnstitutun Azərbaycan şöbəsinin ölüm təhlükəsi ilə üzbəüz qalan müəllim və tələbələri 1988-ci il mayın 16-da erməni silahlıları tərəfindən Xankəndindən qovuldu. 1 noyabr 1989-cu ildə
Şuşada Azərbaycan Pedaqoji İnstitutunun Şuşa fakültəsi yaradıldı. 26 yanvar 1991-ci ildə Şuşa fakültəsinin əsasında ADPİ-nin Şuşa filialı təşkil edildi. 1992-ci il martın 25-də filialın kollektivi Ağcabədi şəhərinə köçürüldü. Məqalədə Şuşa filialının keçdiyi çətin və mürəkkəb inkişaf yolu araşdırılıb.

GİRİŞ

1992-ci ildə Ermənistan Respublikasının silahlı dəstələri Şuşa şəhərini işğal etməklə Azərbaycan xalqının  maddi-mənəvi, mədəni irsinə, illərlə formalaşmış təhsil infrastrukturuna ağır zərbə vurdular. Dağıntıya məruz qalan təhsil ocaqlarından biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı oldu. Şuşa filialı  Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi əsasında yaranıb. Bəs Xankəndi Pedaqoji İnstitutu özü  necə və hansı məqsədlə yaradılmışdı?

PEDAQOJİ İNSTİTUTUN XANKƏNDİ FİLİALI

Xankəndi Pedaqoji İnstitutu ADPİ-nin 1968/69-cu tədris ilindən fəaliyyətə başlayan Xankəndi filialı əsasında təşkil olunub (Rüstəmov, 2021). Filialın təşkilində əsas məqsəd Azərbaycanın qədim və əzəli torpağı olan Qarabağ bölgəsindəki Azərbaycan və erməni məktəblərini yüksəkixtisaslı müəllim kadrları ilə təmin etmək idi. İlk vaxtlar filologiya, tarix və fizika-riyaziyyat fakültələrində 8 ixtisas (Azərbaycan dili və ədəbiyyatı, erməni dili və ədəbiyyatı, riyaziyyat, riyaziyyat-əlavə fizika, fizika, tarix, ümumi texniki fənlər və əlavə fizika) ixtisasları üzrə kadr hazırlanırdı. İlk tədris ilində filiala 245 tələbə qəbul olundu. Təlim Azərbaycan və erməni dillərində aparılırdı. 1972-ci ildə 4 fakültədə, 30 qrupda 720 nəfər tələbə təhsil alırdı. Onların təhsil-tərbiyəsi ilə 50-yə yaxın müəllim məşğul olurdu (Rüstəmov, 2021). Pedaqoji İnstitutun professor-müəllim heyəti müntəzəm olaraq Xankəndi filialına tələbə qəbulu aparmağa, mühazirə oxumağa, dövlət imtahanlarında iştirak etməyə ezam olunurdu. Filialın müəllim və tələbələri Pedaqoji İnstitutla sıx əlaqə saxlayır, müxtəlif konfranslarda və tədbirlərdə iştirak edirdilər.

Pedaqoji İnstitutun yarıməsrlik yubileyi münasibəti ilə 5-7 aprel 1972-ci ildə institutun əsas binasında (indiki Sahil körpüsü) Xankəndi filialı günləri keçirilib. Tədbirdə institutun rektoru professor Həşim Ağayev, institut partiya komitəsinin katibi İ.Süleymanov, filologiya fakültəsinin dekanı, professor Afad Qurbanov, institut komsomol komitəsinin katibi Rəcəb Əliyev çıxış edərək institutun 50 ildə qazandığı tədris və elmi uğurlarından bəhs ediblər.

XANKƏNDİ PEDAQOJİ İNSTİTUTU

28 noyabr 1973-cü ildə filialın bazasında müstəqil Xankəndi Pedaqoji İnstitutu təşkil edildi. İnstitutda Azərbaycan, erməni və rus məktəbləri üçün müəllim kadrları hazırlığı həyata keçirilirdi. 1973-1988-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda 3 minə yaxın müəllim hazırlanıb. 1974-1988-ci illərdə professor Nəcəf Quliyev institutun prorektoru vəzifəsində çalışıb. 1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunda 10 kafedrada 102 nəfər müəllim çalışırdı ki, onlardan da 4 nəfəri elmlər doktoru, professor, 36 nəfəri elmlər namizədi,  dosent idi. Aspirantura hazırlığı keçən 17 nəfər gənc tədqiqatçı dissertasiya müdafiəsi ərəfəsində idi.

QARABAĞDA ERMƏNİ QİYAMI

1988-ci ildə Qarabağda baş verən erməni qiyamının ilk zərbəsi Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin pedaqoji kollektivinə dəydi. Azərbaycan torpağı olan Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin ərazi iddiaları ilə çıxış etmələri Xankəndi Pedaqoji İnstitutunda tədris prosesinin pozulması ilə nəticələndi. Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı professor-müəllim və tələbə kollektivi erməni millətçilərinin əməllərinin, məkrli planlarının həyata keçirilməsinə maneçilik törətdiyindən onlara ciddi fiziki və mənəvi təzyiq göstərilirdi. İnstitutun Azərbaycan şöbəsinin ölüm təhlükəsi ilə üzbəüz qalan müəllim və tələbələri 1988-ci il mayın 16-da erməni silahlıları tərəfindən Xankəndindən qovuldu. Pedaqoji kollektiv Şuşa Mədəni-Maarif Texnikumunun tədris binası və yataqxanasında yerləşdirildi. 26 iyun 1998-ci ildə texnikumun binasında Şuşa ictimaiyyəti ilə görüşən Xüsusi İdarəetmə Komissiyasının sədri A.Volski növbəti tədris ilində tələbələrin Xankəndi Pedaqoji İnstitutuna qaytarılacağı haqqında söz verdi.

ERMƏNİ İDDİALARININ GENİŞLƏNMƏSİ

Erməni iddialarının getdikcə genişlənməsi problemin tezliklə həllinə şübhə yaradırdı. Azərbaycanlı tələbələrin yenidən Xankəndi Pedaqoji İnstitutuna qayıdaraq ermənilərlə birlikdə təhsil alması qeyri-mümkün idi. 14 oktyabr 1988-ci ildə SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkov Xankəndi Pedaqoji İnstitutunun fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verdi. Bununla əlaqədar olaraq SSRİ Xalq Təhsili Komitəsinin sədr müavini Q.F.Qusev 17 oktyabr 1988-ci il tarixində 6 maddədən ibarət 382 nömrəli qərar verdi”1. Xankəndi Pedaqoji İnstitutunun 2 il müddətinə müvəqqəti olaraq bağlanması qərara alındı. Bununla əlaqədar olaraq  institutun tələbələrinin həmin il noyabrın 1-nə kimi Azərbaycanın Gəncə, Ermənistanın Yerevan, Leninakan  və Kirovakan pedaqoji institutlarına köçürülməsi planlaşdırıldı. Erməni şöbəsi qərara etinasız yanaşaraq öz  fəaliyyətini Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunda davam etdirdi. Azərbaycan xalq təhsili naziri Müslüm Məmmədov Azərbaycan şöbəsi tələbələrinin bir hissəsinin Gəncə, digər hissəsinin isə Naxçıvan pedaqoji institutlarına köçürülməsi qərarına gəldi. İki yerə bölünmə ilə bağlı kollektivin  (kollektivə müvəqqəti olaraq Raqub Kərimov rəhbərlik edirdi) ciddi etirazından sonra 100 nəfərlik professor-müəllim kollektivi və 1200 nəfər tələbə Gəncə Pedaqoji İnstitutuna köçürüldü. Müəllim və tələbələrin Gəncə Pedaqoji İnstitutuna köçürülməsi ilə bağlı Azərbaycan xalq təhsili naziri Müslüm Məmmədov 18 oktyabr 1988-ci ildə 6 maddədən ibarət 121 nömrəli qərar verdi və müvafiq komissiya (14 nəfərdən ibarət) yaratdı.  Komissiyanın sədri nazir müavini Y.İ.Korotkov, müavin isə B.A.Xankişiyev idi. 

TƏLƏBƏLƏRİN GƏNCƏ PEDAQOJİ İNSTİTUTUNA KÖçÜRÜLMƏSİ

Həmin dövrdə Gəncə Pedaqoji İnstitutuna Qurban Qurbanov rəhbərlik edirdi. O, Şuşadan gələn tələbələrin instituta yerləşdirilməsi ilə bağlı 22 oktyabr 1988-ci il tarixli 5/199 nömrəli əmr imzaladı. Tələbələr həmin il  noyabrın 25-də Gəncədə tədrisə başladılar. Bir ilə yaxın Gəncədə fəaliyyət göstərən pedaqoji kollektivin təkidli tələbi ilə şöbənin Şuşaya köçürülməsi qərara alındı. 1989-cu il oktyabrın 25-də pedaqoji kollektiv  Şuşaya köçürüldü. Bir gün sonra dərslər başlandı. Müəllim və tələbələrin Şuşaya köçürülməsində dosent  Raqub Kərimovun, dosent Ənvər Əhmədin, dosent Mayıl Alıcanovun, dosent Zəfər Hüseynovun, dosent Mirələm Vəliyevin, dosent Süleyman Zeynalovun mühüm xidmətləri oldu.

ADPU-NUN ŞUŞA FAKÜLTƏSİ

Azərbaycan SSR xalq təhsili naziri Rafiq Feyzullayevin 1 noyabr 1989-cu il tarixli 1160 nömrəli əmrinə əsasən Şuşada Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şuşa fakültəsi yaradıldı və internat məktəbinin bazasında yerləşdirildi. Bu məqsədlə Şuşa rayon Partiya Komitəsi 160 min rubl vəsait ayırdı. Xankəndi Pedaqoji İnstitutunun ləğvindən sonra Gəncəyə və digər ali pedaqoji məktəbə gedən tələbələr öz fakültələrinə qayıtdı. 15 noyabr 1989-cu ildə ADPİ-nin rektoru, professor Səlvər Aslanovun əmri ilə tarix elmləri namizədi, dosent Mayıl Alıcanov fakültənin dekanı, dosent Zəfər Hüseynov dekan müavini təyin edildi. Professor Nəcəf Quliyev, professor Nazim Axundov, professor Kamil Quliyev, dosent Süleyman Zeynalov, dosent Ənvər Əhməd, dosent Mirələm Vəliyev, dosent Yusif Ağayev, dosent Zabil Bayramov, dosent Şahlar Kərimov, dosent Yusif Fərzəliyev, dosent İnqilab Quliyev, dosent Kazım Mirzəyev, dosent İslam Həşimov, dosent Raqub Kərimov, dosent Nəsib Şəfiyev, dosent Məhəmməd Hüseynov və b. Şuşa fakültəsində öz fəaliyyətlərini davam etdirməyə başladılar.

Xalq Təhsili Nazirliyinin icazəsi ilə fakültədə riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı, tarix, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə pedaqoji kadr hazırlığı davam etdirildi. Nazir Rafiq Feyzullayevin əmri ilə fakültənin strukturunun və ştat cədvəlinin müəyyənləşdirilməsi və əmrə nəzarət Planİqtisad idarəsinin rəisi Bəybala Xankişiyevə və Ali təhsil idarəsinin rəisi Misir Mərdanova, fakültənin Əsasnaməsinin hazırlanması ADPİ-nin rektoru professor Səlvər Aslanova həvalə edildi.

ADPU-NUN ŞUŞA FAKÜLTƏSİNİN FİLİALA ÇEVRİLMƏSİ

Az sonra Şuşa Rayon Partiya Komitəsinin birinci katibi, SSRİ Ali Sovetinin üzvü Vaqif Cəfərov ADPİ-nin Şuşa fakültəsinin filiala çevrilməsi ilə bağlı Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Həsənova məktubla müraciət etdi. Məktubda Şuşa fakültəsinin təşkili üçün zəruri olan tədbirlərin həyata keçirildiyi bildirilir və Şuşa fakültəsinin ADPİ-nin filialına çevrilməsinə kömək göstərilməsi xahiş olunurdu. Məktubda yazılırdı: Qarabağa Xalq Yardımı Komitəsinin vəsaiti ilə 7 mərtəbəli yataqxananın və əlavə tədris korpusunun tikintisi planlaşdırılır. Şuşa fakültəsində riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı, tarix, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisaslarında 600-dən artıq tələbə təhsil alır. Fakültədə bir neçə tədris laboratoriyası təşkil olunub və müasir avadanlıqlarla təchiz edilib. Yeni fənn kabinetləri yaradılıb. Rektorluq fakültəyə hesablama maşınları verib. 20 min nüsxədən artıq dərslik və dərs vəsaiti alınıb. Fakültədə 7 kafedra var. Kafedralarda 36 professor-müəllim fəaliyyət göstərir ki, onlardan da 3-ü elmlər doktoru, professor, 23-ü elmlər namizədi, dosentdir.

Xalq Təhsili Nazirliyinin 26 aprel 1990-cı il tarixli 48004-1939 16 nömrəli əmri ilə qəbul imtahanlarının Şuşa şəhərində keçirilməsinə icazə verilib. Bu məqsədlə APİ-dən fakültəyə ezam olunan 2 elmlər doktoru, professorun və 5 elmlər namizədi, dosentin iştirakı ilə qəbul komissiyası yaradılıb. 1990/91-ci tədris ilində Şuşa fakültəsinin əyani və qiyabi şöbələrinə Azərbaycan dili və ədəbiyyatı, tarix əlavə sovet hüququ, riyaziyyat, informatika və hesablama texnikasının əsasları, ÜTF və fizika, ibtidai təlim pedaqogikası və metodikası, pedaqogika və psixologiya (məktəbəqədər tərbiyə) ixtisasları üzrə 250 tələbə qəbul olunub. 
ADPİ-nin rektorluğunun Şuşa fakültəsinin filiala çevrilməsi ilə bağlı 13-03/265 nömrəli 17 mart 1990-cı il tarixli məktubuna Xalq Təhsili Nazirliyi də müsbət rəy verib.

PEDAQOJİ İNSTİTUTUN ŞUŞA FİLİALININ TƏŞKİLİ

Edilən müraciətdən 14 ay sonra Nazirlər Sovetinin sədri Həsən Həsənov Şuşa rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi və Xalq Təhsili Nazirliyinin təkliflərini nəzərə alaraq Şuşa fakültəsinin əsasında ADPİ-nin Şuşa filialının təşkili haqqında 26 yanvar 1991-ci ildə 4 maddədən ibarət sərəncam imzaladı. Nazirlər Soveti Sədrinin sərəncamına uyğun olaraq 22 fevral 1991-ci ildə Xalq Təhsili Nazirliyi 22 maddədən ibarət 116 nömrəli əmr, 25 mart 1991-ci ildə ADPU-nun rektoru, professor Səlvər Aslanov 3/93 nömrəli əmr imzaladı. İnstitut üzrə verilən əmrə nəzarət tədris işləri üzrə prorektor professor Eldar Abbaszadəyə, qiyabi və axşam şöbələri üzrə prorektor Məlikməmməd Cəbrayılova həvalə edildi.

Xalq təhsili naziri professor Rafiq Feyzullayevin imzaladığı həmin əmrlə Şuşa filialının 14 maddəlik Əsasnaməsi təsdiq olundu. Şuşa fakültəsinin dekanı dosent Mail Alıcanov filialın direktoru vəzifəsinə təyin edildi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun2 rektorunun əmri ilə dosent Zəfər Hüseynov tədris və elmi işlər üzrə, Səyyar Əliyev isə inzibati-təsərrüfat işləri üzrə direktor müavinləri təyin edildilər.

1 aprel 1991-ci ildə ADPU-nun rektoru, professor Səlvər Aslanovun imzaladığı 1/183 nömrəli əmrlə filialın strukturu aşağıdakı kimi təsdiq edildi:

Filialda 3 fakültə: Tarix-filologiya (dekan – dosent Raqub Kərimov); Pedaqoji (dekan – dosent İslam Həşimov); Fizika-riyaziyyat (dekan – dosent Nəsib Şəfiyev) yaradıldı.

Filialda aşağıdakı kafedralar fəaliyyət göstərirdi:

1. Ədəbiyyat və onun tədrisi metodikası kafedrası (müdir – professor Kamil Quliyev);

2. Dilçilik və onun tədrisi metodikası kafedrası (müdir – dosent İlhami Cəfərsoylu);

3. Ümumi tarix kafedrası (müdir – dosent Kazım Mirzəyev);

4. SSRİ tarixi kafedrası (müdir – dosent Yusif Fərzəliyev);

5. Ümumi riyaziyyat kafedrası (müdir – dosent Cəfər Zeynalov);

6. Fizika və ÜTF kafedrası (müdir – professor Əbülfət Rüstəmov);

7. Sosial-siyasi elmlər kafedrası (müdir – dosent Yusif Ağayev);

8. Pedaqogika və psixologiya kafedrası (müdir – dosent Mirələm Vəliyev); 

9. Bədən tərbiyəsi kafedrası (müdir – b/m İsa Qasımov).

Həmin əmrlə 44 nəfər (30 müəllim, 14 tədris-köməkçi heyət) işə qəbul edildi ki, onlardan da 21-nin elmi dərəcəsi var idi. Filialın inkişafına, tələbə və müəllimlərin sayının artmasına, maddi-texniki bazanın möhkəmlənməsinə, yeni laboratoriya və kabinetlərin yaradılmasına, onların avadanlıqlarla təchiz edilməsinə həm Xalq Təhsili Nazirliyi, həm də ADPU-nun rektorluğu qayğı ilə yanaşırdı.

1991-ci ildə ADPU-nun Şuşa filialına daxil olmaq üçün ərizə verənlərin sayı çox olduğundan 30 nəfər müvəffəq qiymət alsalar da, müsabiqədən keçə bilməyib. 12 avqust 1991-ci il tarixində Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi, SSRİ Ali Sovetinin üzvü V.Cəfərov xalq təhsili naziri, Sov.İKP Nəzarət-təftiş komissiyasının üzvü, professor R.Feyzullayevə məktubla müraciət edərək müsabiqədən keçməyən həmin tələbələrin tələbə heyətinə daxil edilməsi üçün sərəncam verməyi xahiş etdi. Nazirlik bütün imtahanlardan müvəffəq qiymət alaraq müsabiqədən keçməyən 30 nəfərin (“Pedaqogika və psixologiya” – 6 nəfər “İbtidai təlim pedaqogikası və metodikası” – 14 nəfər, “Tarix, əlavə sovet hüququ” – 8, “Azərbaycan dili və ədəbiyyatı” – 1, “ÜTF, əlavə fizika” – 1) tələbələr sırasına daxil edilməsinə icazə verdi.

Çətin dövrlər olmasına baxmayaraq kollektiv tədrisin keyfiyyətinin aşağı düşməməsinə çalışırdı. Ermənilərin tez-tez yolu bağlaması, avtobusların düşmən hücumlarına məruz qalması professor-müəllim və tələbə kollektivini ruhdan salmırdı. Əsas çətinlik ondan ibarət idi ki, Bakıdan filial üçün ayrılan avadanlıqlar maşınla Ağdama aparılır, oradan Şuşaya vertolyotla daşınırdı. Müəllimlərin əksəriyyəti günlərlə Ağdam aeroportunda qalmalı olurdu.

ŞUŞA FİLİALININ İLK ŞƏHİDLƏRİ

Erməni təxribatı, demək olar ki, hər gün genişlənirdi. Erməni qəsbkarlarının açdığı atəş nəticəsində filialın iki müəllimi Böyük Vətən Müharibəsi veteranı Mürşüd Dünyamalıyev və gənc alman dili müəllimi Sara Əliyeva, filialın iki tələbəsi Elsevər və İldırım şəhid oldular. Xeyli tələbə müxtəlif dərəcəli xəsarət aldı. Şuşa filialının fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinin Kosalar və Cəmilli kəndlərinin müdafiəsində əsl fədakarlıq və qəhrəmanlıq göstərən tələbəsi Şakir Salahova 8 oktyabr 1992-ci ildə (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

Xocalı faciəsi erməniləri daha da azğınlaşdırmışdı. Növbəti hədəf Qarabağın tacı olan Şuşa şəhəri idi. Şuşa şəhəri Topxana tərəfdən “Alazan” tipli raketlərlə atəşə tutulurdu. Filialın yerləşdiyi bina düşmənin əsas hədəflərindən biri idi.

ADPU-nun Şuşa filialının fəaliyyəti uzun sürmədi. O dövrdə erməni silahlıları azərbaycanlılar yaşayan kəndlərə tez-tez hücum edirdilər. Bir neçə Azərbaycan kəndi ermənilər tərəfindən işğal olunmuşdu. Tələbələrin və müəllimlərin həyatı üçün ciddi təhlükə yaranmışdı. Bütün bunlara baxmayaraq, ADPU-nun Şuşa filialı öz fəaliyyətini davam etdirirdi. Filialın fəaliyyətini genişləndirmək, əlavə olaraq, Şuşada Azərbaycan Neft-Kimya İnstitutunun və Azərbaycan Tibb Universitetinin filiallarını açmaq nəzərdə tutulsa da, bunları reallaşdırmaq mümkün olmadı. Əksinə, Şuşa filialı şəhərdən çıxarılandan az sonra onun tarixi binası ermənilər tərəfindən yandırıldı. 1992-ci il martın 25-də filialın kollektivi Ağcabədi şəhərindəki 1 nömrəli məktəbin binasına köçürüldü, daha sonra isə 114 nömrəli Texniki Peşə Məktəbinin binasında yerləşdirildi. Respublikada tələbə qəbulunun test üsulu ilə aparılması Şuşa filialının tələbə kontingentinin ildən-ilə azalmasına səbəb oldu. 

1994-cü il iyunun 28-də Şuşa filialının rəhbərliyində kadr dəyişikliyi aparıldı. Dosent Ənvər Əhməd filialın direktoru təyin edildi. Filialda üç fakültədə 6 ixtisas üzrə pedaqoji kadr hazırlığı aparılırdı. Tarix-filologiya fakültəsinə dosent Raqub Kərimov, pedaqoji fakültəyə dosent İslam Həşimov, riyaziyyat fakültəsinə 1996-cı ildən baş müəllim Ənvər Quliyev rəhbərlik edirdi. Filialda tədris işləri ilə yanaşı elmi-tədqiqat işlərinə də ciddi fikir verilirdi. Əvvəlki strukturdan fərqli olaraq burada xarici dillər kafedrası təşkil edilmişdi. ADPU-nun rektoru,
professor Bəhlul Ağayevin təşəbbüsü ilə ildə iki dəfə ADPU-nun Elmi Əsərlərinə əlavə olaraq filialın əməkdaşlarının əsərlərindən ibarət məqalələr məcmuəsinin nəşri qərara alınmışdı. Filialda tədrisin və elmi işlərin yüksək səviyyədə aparılmasına həm ADPU-nun, həm də digər ali təhsil müəssisələrinin və elmitədqiqat institutlarının əməkdaşları cəlb olunmuşdu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı təşkil edildi. Ağcabədi filialı 2015-ci ildən ADPU-nun Ağcabədi filialına çevrilib.

MƏDƏNİYYƏTİMİZİN PAYTAXTI: ŞUŞA ŞƏHƏRİ

Şuşa şəhəri 1992-ci il mayın 8-dən etibarən düşmən tapdağı altında qalsa da, sahibini gözlədi. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan ordusunun qəhrəmanlığı  sayəsində işğaldan azad edildi. “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür...” 3.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanı Azərbaycan dövlətinin mədəniyyət paytaxtı elan etməklə onun dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini bildirib. Bu gün Şuşa şəhəri beynəlxalq və respublika əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, yenidən qurulur, bərpa edilir.

İstifadə edilmiş ədəbiyyat

1 İnstitutda Xankəndi günləri // “Gənc müəllimi” qəzeti, 12 aprel 1972.

2 Mərdanov, M. (2011). Azərbaycan təhsil tarixi. II cild. Bakı: Təhsli.

3 Nəcəfov, Ə. (2000). Xankəndi Pedaqoji İnstitutu. Bakı.

4 Prezident İlham Əliyev: 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır //https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_2020_ci_il_noyabrin_8_i_Azerbaycan_tarixinde_ebedi_qalacaqdir.

5 Rüstəmov, F.A. (2021). Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları Bakı: ADPU.

6 Rüstəmov, F.A. (2021). Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları. Bakı: ADPU.

7 Rüstəmov, F.A. (2021). Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi (1921-2021-ci illər). I hissə Bakı: ADPU.

8 Şuşa fakültəsinin filiala çevrilməsi haqqında filialın ilk direktoru dosent M.Alıcanovun təqdim etdiyi sənədlər.