“SABAHDAN SONRA” NƏ VAR?




Ölkəmizdə BMT-nin iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan “COP29 konfransı”nın keçirildiyi bir vaxtda məktəblilər üçün ekologiya və ətraf mühit problemlərinə həsr olunan təhsil məzmunlu sənədli filmlərlə bağlı tövsiyələr hazırlamışıq. Bu filmlər iqlim dəyişikliyi, tullantılar, su ekosistemləri, heyvandarlıq sənayesi və davamlılıq da daxil olmaqla həyatımızın ən böyük ekoloji problemlərindən bəzilərini əhatə edir.

“2040”

Bu film ekoloji problemlərin aktuallığından çox onların həlli yollarından bəhs edir. Müəlliflər iqlim dəyişikliyi problemlərinin həlli üçün yaradıcı alternativlər axtarır, akademiklər və ekoloji ekspertlərin dəstəklədiyi texnoloji nailiyyətləri təsvir edirlər. Film yaradıcılarının fikrincə, insanlar 2040-cı ilə qədər vəziyyəti yaxşılığa doğru dəyişmək potensialına malikdirlər. Bunun üçün günəş enerjisi kimi bərpa olunan enerji, regenerativ kənd təsərrüfatı təcrübələrinə keçid və dəniz yosunlarının çoxyönlü istifadəsi kütləviləşməlidir.

“İnsan elementi”

Ekoloji maarifçilik məzmununda filmlər siyahısında ətraf mühit fotoqrafı Ceyms Baloqun "İnsan elementi" filmi ilk yerlərdən birini tutur. Filmdə təbiətin dörd elementinin - hava, torpaq, su və odun insanların təsiri ilə necə dəyişdiyinin xronikası verilir. Sənədli film qlobal istiləşmənin insan-təbiət tarazlığını pozan meşə yanğınlarına və qasırğalara təsirini araşdırır. Baloq dəniz səviyyəsinin qalxması nəticəsində böyük problemlərlə üzləşən balıqçılıq icmasının problemlərinə də diqqət yetirir. Film tamaşaçıları təbiətlə münasibətlərinə yenidən baxmağa çağırır.

“Daşqından əvvəl”

Ən yaxşı ekoloji filmlər siyahısında aktyor və Earth Alliance-ın həmtəsisçisi Leonardo DiCaprio və “National Geographic”in əməkdaşlığı nəticəsində yaranan "Daşqından əvvəl" filmi də var. Sənədli filmdə müxtəlif maraqlı tərəflərin meşələri qırması, dəniz səviyyəsinin qalxması, insan fəaliyyətinin iqlim dəyişikliyinə təsiri ilə bağlı qorxunc hesabatlar açıqlanır. Film dünya liderlərini daha davamlı gələcək üçün mübarizə aparmağa və ət istehlakını azaltmaqdan tutmuş ətraf mühitlə bağlı müsbət dəyişikliklərə təsir etməyə çağırır.

“Oranqutanın gözləri”

Tanınmış ekoloji fotojurnalist Aaron Gekoskinin “Oranqutanın gözləri” filmi turizm sənayesində primatlara qarşı qəbuledilməz sui-istifadəni işıqlandırıb. Film oranqutanların və digər vəhşi heyvanların zorla təbii yaşayış yerlərindən çıxarıldığına, oranqutan qaçaqmalçılığı ilə məşğul olan böyük şirkətlərin fəaliyyətinə, heyvanlardan əyləncə və turizm məqsədilə istifadəyə diqqət çəkir.

“Əlverişsiz həqiqət”

Film ABŞ-in keçmiş vitse-prezidenti Albert Qorun insanları qlobal istiləşmə haqqında maarifləndirmək kampaniyasından bəhs edir. Konsert-film kimi yaradılan sənədli film Qorun “hər birimiz qlobal istiləşmənin səbəbkarıyıq, lakin həll yolları öz əlimizdədir” mesajını çatdırır.

“Çay mavisi”

Film kanadalı təbiət mühafizəçisi, professor və avarçəkən Mark Angelonun dünya üzrə misli görünməmiş üç illik çay səyahətinin nəticəsi əsasında yaranıb. Öz macərası zamanı o, qlobal moda sənayesini su ehtiyatlarına vurduğu zərərə görə qınayır.

Film bizi sürətli moda ardınca qaçaraq planetin susuzluğuna səbəb olmamağa, istehlak vərdişlərimizə yenidən baxmağa çağırır.

“Mənim müəllimim - Səkkizayaq”

Netflix tərəfindən yayımlanan “Mənim müəllimim - Səkkizayaq” adlı sənədli film rejissor və dalğıc Kreyq Fosterin səkkizayaqlıyla (ahtapot) özünəməxsus dostluğunu əks etdirir. Müəllif filmi Cənubi Afrikada False körfəzindəki sualtı yosun meşəsində səkkizayaqlıların gündəlik hərəkətlərini və özünü köpək balıqlarından necə müdafiə etdiyini izləməklə yaradıb.

“Ölüm yarışı”

Ekoloji problemlər arasında qanunsuz heyvan ovu və ticarəti də çox aktualdır. Bu filmdə də heyvan brakonyerliyi və alverinə diqqət yetirilib. Beynəlxalq qara bazarda heyvanların və onlara məxsus ayrı-ayrı hissələrin satışı ilə bağlı statistika açıqlanır.

“Fil dişi oyunu”

Bu, fillərin qiymətli sümükləri ucbatından brakonyerlərin hədəfinə çevrilməsi, Çin və Honq-Konqda çox milyonluq fil dişi ticarəti, onun mürəkkəblikləri və nəticələri ilə bağlı çəkilən Netflix filmlərindən biridir. Filmdə bu ticarəti gücləndirən korrupsiya problemlərinə də toxunulur. Filmin müəllifləri bildirir ki, ticarətin dayandırılması üçün dünya miqyasında səy göstərilməlidir. Əks halda növbəti 15 il ərzində fillərin nəsli kəsilə bilər.

“Mal-qaraya sui-qəsd: dayanıqlılığın sirri”

Uzun illərdir ki, ekoloqlar meşələrin qırılması, suyun çirklənməsi və torpağın üst qatının eroziyasının əsas səbəblərindən biri kimi heyvandarlığı göstərirlər. Onların fikrincə, planetə buraxılan istixana qazlarında heyvanların payı nəqliyyatdan daha böyükdür. Sənədli filmin mövzusu da aparıcı ekoloji təşkilatların bu məsələni açıq müzakirə etməməsinə həsr olunub.

“Sadəcə yeyin! Qida tullantılarının hekayəsi”

Həm əyləncəli, həm də maarifləndirici sənədli film kanadalı Qrant Baldvin və həyat yoldaşı Cen Rustemeyerinin altı ay ərzində yalnız qida tullantıları hesabına yaşamağa çalışmalarını təsvir edir. “Son istifadə tarixləri, məhsul və ölçüləri ilə bağlı sistematik vəsvəsəmizi” göstərmək məqsədi ilə film tamaşaçıları qida və onunla münasibətləri yenidən nəzərdən keçirməyə çağırır.

“Sabahdan sonra”

Sənədli elmi fantastika janrı ilə planeti gözləyən problemlərə diqqət yetirib. “Sabahdan sonra”kı günlərdə bizi gözləyən qlobal soyuma və yeni buz dövrünü yarada biləcək problemlərə toxunulub.

“Dəniz ruhu”

“Ən yaxşı ekoloji filmlər” siyahısında bu filmin də adı var. Film balıq ovunun ətraf mühitə mənfi təsiri haqqında inanılmaz faktlar açıqlayır. Müəlliflər insanların dəniz və su hövzələrinə müxtəlif təsirlərini araşdırır və “balıq istehlakına son qoymağın vaxtı çatdığını” vurğulayırlar.

Bu sənədli filmlərin tamaşaçıya çatdırmaq istədiyi mesaj planetin və bəşəriyyətin gələcəyinin hər birimizdən asılı olmasıdır. Onu qorumaq üçün isə təkcə filmlərə baxmaq yox, həm də hərəkətə keçmək lazımdır. “Azərbaycan Məktəbi” jurnalının bu məsələ ilə bağı mövqeyi belədir: “Şüardan şüura!”