PARETO QANUNU: DAHA ÇOX DEYİL, DAHA MƏNALI İŞ GÖRMƏK




İnsan fəaliyyətində nəticələrin və resursların qeyri-bərabər paylanması tarix boyu müşahidə olunub. Lakin bu hadisənin elmi izahını ilk dəfə XX əsrin əvvəllərində italyan iqtisadçısı Vilfredo Pareto (1848–1923) verib. O, apardığı sosial-iqtisadi araşdırmalar zamanı müəyyən edib ki, İtaliya əhalisinin 20 faizi ölkə sərvətinin təxminən 80 faizinə sahibdir. Daha sonra bu nisbət təkcə iqtisadiyyatda deyil, digər sahələrdə də təkrarlanan bir qanunauyğunluq kimi ortaya çıxıb. Beləcə, “Pareto qanunu” və ya “80/20 prinsipi” adlanan bu fikir geniş tətbiq olunub.

Zaman keçdikcə bu prinsipin iqtisadiyyatdan tutmuş biznes menecmentinə, psixologiyadan texnologiyaya qədər bir çox sahədə tətbiqinə başlanılıb. Son illərdə isə təhsil sistemində də Pareto qanununun əhəmiyyətinə dair çoxsaylı tədqiqatlar aparılır. Çünki öyrənmə prosesi, resurs bölgüsü, müəllim fəaliyyətinin səmərəliliyi və təhsilalanların uğurları da eyni şəkildə qeyri-bərabər paylanma ilə xarakterizə olunur.

Pareto prinsipi sadə olsa da, dərin məna daşıyır: nəticələrin böyük hissəsi fəaliyyətin az qismindən əldə olunur. Yəni fəaliyyətin və ya resursun 20 faizi nəticələrin 80 faizini formalaşdırır. Bəzən bu nisbət 70/30 və ya 90/10 kimi dəyişsə də, əsas ideya dəyişmir – az sayda amil böyük nəticə yaradır.

Bu fikir təhsildə xüsusilə aktualdır, çünki öyrənmə prosesində bütün fəaliyyətlər eyni səviyyədə nəticə vermir. Tələbə gündə 5 saat oxusa belə, biliklərinin əsas hissəsini daha çox həmin vaxtın yalnız 1 saatında, yəni diqqətinin və marağının ən yüksək olduğu mərhələdə qazanır. Eyni ilə müəllimin dərs planında da bəzi hissələr ümumi öyrənmə nəticələrinə digərlərindən qat-qat çox təsir göstərir.

Təhsil tədqiqatçıları Pareto qanununu öyrənmə sosiologiyası, konstruktivizm və metakoqnitiv psixologiya baxımından izah etməyə çalışırlar. Məsələn, konstruktivist yanaşmaya görə, bilik insanın fəal şəkildə qurduğu təcrübədir; yəni öyrənən fərd çoxsaylı məlumat axını içində əsas anlayışları seçir. Bu seçmə prosesi təbii olaraq Pareto paylanması ilə uyğunlaşır: öyrənilən məlumatların az hissəsi uzunmüddətli yaddaşda qalır və real bacarıqlara çevrilir.

2022-ci ildə ScienceDirect platformasında yayımlanan “The Pareto principle in virtual communities of learning” adlı tədqiqatda göstərilir ki, onlayn öyrənmə icmalarında aktiv iştirakçıların 20 faizi bilik mübadiləsinin 80 faizini təmin edir. Bu isə öyrənmə resurslarının qeyri-bərabər istifadəsini göstərir.

Eyni yanaşma 2023-cü ildə ResearchGate-də dərc olunan “Application of the pareto principle in medical education” adlı məqalədə də təsdiq olunur: tibb təhsili alan tələbələrin biliklərinin əsas hissəsi dərs proqramının 20 faizlik modullarından formalaşır. Bu, müəllimlər üçün prioritetləşmənin vacibliyini sübut edir.

Bəs Pareto qanununun təhsildə tətbiq istiqamətləri hansılardır?

  • Kurikulum və dərs planlaması

Tədris proqramı (kurikulum) hazırlanarkən Pareto prinsipi müəllimə və planlaşdırma komandasına hansı mövzuların öyrənməyə daha çox təsir etdiyini müəyyənləşdirməyə yardım göstərir? Məsələn, xarici dil tədrisində söz ehtiyatının 20 faizi gündəlik danışığın 80 faizini təşkil edir. Bu fakt öyrənmə prosesinin istiqamətini daha məqsədyönlü qurmağa imkan verir.

  • Müəllim fəaliyyətinin analizi

Pareto qanunu müəllim fəaliyyətinin səmərəliliyini ölçməkdə də istifadə oluna bilər. Bir müəllimin dərsdə tətbiq etdiyi metodların 20 faizi şagirdlərin motivasiyasının və nəticələrinin 80 faizini formalaşdıra bilər.

Bunu müəyyən etmək üçün Pareto diaqramı tətbiq olunur: müəllimlər tədris prosesində hansı fəaliyyətlərin (diskussiya, problem həlletmə, praktiki işlər və s.) daha çox nəticə verdiyini statistik olaraq analiz edə bilirlər.

  • Qiymətləndirmə və tədris keyfiyyətinin yüksəldilməsi

Araşdırmalar göstərir ki, tələbə səhvlərinin 80 faizi 20 faizlik əsas konseptual boşluqlardan qaynaqlanır. Bu səbəbdən tədris keyfiyyətinin yüksəldilməsi üçün müəllimlər Pareto yanaşması ilə səhv analiz aparır və əsas problem növlərini aradan qaldırmağa fokuslanırlar.

Məsələn, All Research Journal-da dərc olunan “Analysing the deficiencies in teacher education by Pareto chart” adlı araşdırmada müəllim hazırlığı proqramlarında 10 əsas çatışmazlıq müəyyən edilib, lakin onların yalnız 2-si (20 faizi) ümumi keyfiyyətin 80 faizinə təsir göstərib. Bu, islahatların istiqamətini aydın şəkildə müəyyənləşdirir.

  • Rəqəmsal təhsil və onlayn öyrənmə

Müasir dövrdə onlayn təhsil sistemləri (LMS, MOOC, Coursera və s.) Pareto qanununu təbii şəkildə nümayiş etdirir. Məsələn, onlayn kurslarda iştirakçıların yalnız 20 faizi dərslərin 80 faizini tamamlayır, müzakirələrin və əks-əlaqənin əsas hissəsini də məhz bu qrup təmin edir.

Bu fakt müəllimlər üçün həm problem, həm də fürsətdir: əsas aktiv qrup vasitəsilə passiv tələbələri cəlb etmək, öyrənmə icmalarını bərabərləşdirmək mümkündür.

  • Tələbə özünüidarəsi və öyrənmə strategiyaları

Tələbələr üçün Pareto prinsipi “ağıllı oxumaq” strategiyasının əsasını təşkil edir. Əgər tələbə öyrənəcəyi materialın 20 faizlik əsas hissəsini (anlayışlar, formulalar, nümunələr) düzgün müəyyən edirsə, bu, imtahan nəticəsinin 80 faizini təmin edə bilər. Buna “strateji selektiv öyrənmə” də deyilir.

  • Pareto diaqramı: təhsil analitikası üçün vasitə

Pareto qanununun vizual ifadəsi olan Pareto diaqramı təhsil müəssisələrində qərar qəbuletmə prosesində mühüm rol oynayır.

Bu diaqram vasitəsilə:

  • Təhsilalanların çox çətinlik çəkdiyi fənlər və mövzular müəyyənləşir;
  • Resurs israfı (məsələn, təkrarlanan mövzular, aşağı təsirli fəaliyyətlər) aşkarlanır;
  • Prioritet islahat istiqamətləri seçilir.

Pareto qanununun təhsil sistemi üçün bir çox üstünlükləri var. Qanun effektiv resurs bölgüsünə, öyrənmədə motivasiyaya, analitik qərarverməyə imkan yaradır. Adaptiv öyrənmə modelləri (məsələn, AI əsaslı platformalar) bu prinsip əsasında fərdi öyrənmə trayektoriyaları qurur, müəllimləri ən təsirli metodları seçməyə və tədris prosesində israfı azaltmağa sövq edir.

Bununla belə, Pareto qanunu universal bir “sehrli formula” deyil. Təhsildə bərabərlik, sosial ədalət, mənəvi dəyərlər kimi amillər də rol oynayır. Pareto yanaşmasının həddindən artıq tətbiqi bəzən bu dəyərlərin arxa plana keçməsinə səbəb ola bilər.

Təhsil tədqiqatçısı K. O’Neil qeyd edir ki, “Pareto prinsipi effektivlik üçün güclü alətdir, lakin təhsilin məqsədi yalnız maksimum nəticə deyil, həm də hər bir fərdin potensialını açmaqdır”.

Müəllimlər üçün bu prinsip dərs planlamasında fokuslanma və sadələşdirmə imkanı yaradır; təhsilalanlar üçün isə öyrənmədə məqsədyönlü strategiyalar formalaşdırır.

Pareto yalnız statistik qanun deyil, həm də düşüncə tərzi kimi qəbul edilməlidir. O, təhsil sisteminə “daha çox deyil, daha mənalı iş görmək” fəlsəfəsini gətirir.

Bu baxımdan Pareto qanunu XXI əsr təhsili üçün sadəcə bir nisbət deyil, səmərəliliyin və məqsədyönlülüyün elmi ifadəsidir.