SEL MƏKTƏBİN MƏDƏNİYYƏTİNƏ HOPMALIDIR

Hazırda dünya təhsilində akademik biliklərlə yanaşı, sosial-emosional bacarıqların inkişafına da xüsusi diqqət yetirilir. Sosial-emosional öyrənmə (Social-Emotional Learning) adlı bu yanaşma uşaqların emosiyalarını anlamalarına, münasibətləri sağlam şəkildə idarə etmələrinə və məsuliyyətli qərarlar qəbul etmələrinə dəstək olur. Bununla belə, hələ də bir çox məktəblərdə davranış çətinliklərini cəza ilə həll etməyə çalışırlar. ABŞ-nin bu sahədə aparıcı, müstəqil, qeyri-kommersiya təşkilatı olan Child Mind Institute-un mütəxəssisi Lakisha Hoffman qeyd edir ki, “uşaqlar riyaziyyatı bilməyəndə onlara riyaziyyat öyrədirik, bilmədiklərinə görə cəzalandırmırıq. Amma özlərini tənzimləməyi bilməyəndə, adətən, onları cəzalandırırıq”.
Bu fikir göstərir ki, uşaqların emosional və sosial bacarıqları da akademik bacarıqlar kimi öyrədilməli və dəstəklənməlidir. Hər kəsdə bu bacarıqlar anadangəlmə olmur; bunun üçün konkret təlim, məşq və davamlı təkrara ehtiyac var.
Sosial-emosional öyrənmə sahəsində ən geniş qəbul edilən çərçivələrdən biri CASEL modelidir (Akademik, Sosial və Emosional Öyrənmə üzrə Əməkdaşlıq). Bu çərçivəyə əsasən sosial-emosional öyrənmə beş əsas bacarıqdan ibarətdir:
- Özünü dərk: uşağın öz emosiyalarını tanıması, düşüncə və hisslərinin davranışlarına necə təsir etdiyini anlaması.
- Sosial fərqindəlik: başqalarına qarşı empatiya göstərmək, fərqli perspektivləri qəbul etmək və digər insanların hisslərinə hörmətlə yanaşmaq.
- Məsuliyyətli qərarvermə: şəxsi və sosial davranışlarında etik və düşünülmüş qərarlar vermək.
- Özünü idarəetmə: emosiyaları və impulsları idarə edə bilmək, stresslə mübarizə aparmaq və şəxsi hədəflər müəyyənləşdirmək.
- Münasibət bacarıqları: dəstəkləyici, sağlam və uzunmüddətli münasibətlər qurmaq və saxlamaq.
Bu beş sahə uşaqların həm məktəbdə, həm də həyatda daha güclü, daha inamlı və daha uyğunlaşa bilən fərdlərə çevrilməsinə şərait yaradır.
Aparılmış çoxsaylı araşdırmalar göstərir ki, sosial-emosional öyrənmə proqramlarından keçən uşaqlar:
- daha yüksək akademik nəticələr göstərir,
- sinifdə özlərini daha rahat və inamlı hiss edirlər,
- stress və çətinliklərlə daha yaxşı mübarizə aparırlar,
- sosial münasibətlərdə daha uğurludurlar.
Sosial-emosional öyrənmənin müsbət təsirləri təkcə qısamüddətli deyil; onlar illər boyu davam edən dayanıqlı nəticələr verir. Ən önəmlisi isə bu faydaların bütün sosial, iqtisadi və coğrafi qruplarda eyni dərəcədə təsirli olmasıdır. Bu, sosial-emosional öyrənmənin təhsil sistemində bərabərliyi və inklüzivliyi gücləndirən vasitə olduğunu göstərir.
Uşaqlar üçün ən böyük zərər öz davranışlarının nəticələrini başa düşməmək və ya emosiyalarını idarə edə bilməməkdir. Sosial-emosional öyrənmə isə bu boşluğu dolduraraq onların potensiallarını daha effektiv şəkildə reallaşdırmalarına şərait yaradır.
Stanford Universitetinin (ABŞ) təhsil üzrə aparıcı mütəxəssisi Linda Darling-Hammondun tədqiqatlarına əsasən sosial-emosional öyrənmə proqramları ən yüksək effekti iki əsas istiqamət üzrə həyata keçirildikdə verir:
- Açıq dərs şəklində
Hammond vurğulayır ki, şagirdlər sosial-emosional bacarıqları sistemli və strukturlaşdırılmış şəkildə öyrəndikdə onların emosional savadlılıq səviyyəsi daha sürətlə yüksəlir. Açıq təlimlər zamanı müəllimlər şagirdlərlə aşağıdakı sahələr üzərində işləyirlər:
- emosiyaları tanımaq və adlandırmaq;
- hissləri sağlam şəkildə ifadə etməyi öyrənmək;
- başqalarının perspektivlərini anlamaq;
- konfliktlərin konstruktiv həlli;
- problemlərin səmərəli şəkildə həll edilməsi.
Tədqiqatçının sözlərinə görə: “Açıq sosial-emosional öyrənmə dərsləri uşaqlara emosional davranışın əsaslarını – düşüncə, hiss və davranışın qarşılıqlı təsirini anlamağı öyrədir”.
- Gündəlik təcrübədə möhkəmləndirmə
O, qeyd edir ki, sosial-emosional öyrənmənin əsas gücü məhz məktəbin gündəlik atmosferində üzə çıxır. Onun fikrincə, effektiv sosial-emosional öyrənmə yalnız ayrıca dərs və ya fəaliyyət deyil, məktəbin mədəniyyətinə hopmuş davranış standartıdır. Müəllimlərin gündəlik rolu bunun üçün həlledicidir. Onlar şagirdlər arasında real vaxtda yaranan konfliktləri sakit şəkildə idarə edir, empatiya nümayiş etdirir və bunu uşaqlara da öyrədirlər. Səhv edən şagirdi cəzalandırmaq əvəzinə, həmin vəziyyəti bir öyrənmə məqamına çevirərək hörmət, əməkdaşlıq və anlayış nümunəsi göstərirlər
- Üçsəviyyəli sosial-emosional öyrənmə dəstək modeli
Stanford Universitetinin araşdırmalarında göstərilir ki, beynəlxalq məktəblərin çoxu üçpilləli sosial-emosional öyrənmə sistemindən istifadə edir:
I səviyyə. Universal sosial-emosional öyrənmə tədrisi: bütün şagirdlərə yönəlmiş əsas proqramlar və dərslər.
II səviyyə. Məqsədli dəstək: davranış və sosial münasibətlərdə orta səviyyəli çətinlik yaşayan şagirdlər üçün kiçik qrup məşğələləri.
III səviyyə. İntensiv fərdi dəstək: emosional tənzimləmə və davranış çətinlikləri daha güclü olan uşaqlar üçün fərdi planlar, psixoloji məsləhətlər və müdaxilə strategiyaları.
- Valideynlərin sosial-emosional öyrənmədə rolu
Tədqiqatçı ailənin sosial-emosional öyrənmə prosesində rolunun əvəzedilməz olduğunu vurğulayır. Onun fikrincə, ev mühiti sosial-emosional öyrənmənin təbii davamı kimi fəaliyyət göstərir. Valideynlər aşağıdakı yollarla sosial-emosional öyrənməyə mühüm töhfə verə bilərlər:
- öz emosiyalarını idarəetməni nümunə ilə göstərmək;
- uşağa hisslərini ifadə etmək üçün təhlükəsiz və açıq mühit yaratmaq;
- problem həlletmə bacarıqlarını gündəlik həyatda birlikdə tətbiq etmək;
- sakitləşdirici strategiyaları (nəfəs məşqləri, fasilə götürmək və s.) öyrətmək.
Hammond bu fikri belə yekunlaşdırır: “Sosial-emosional öyrənmənin ən güclü nəticələri məktəb tədrisi ilə ailə nümunəsinin bir-birini tamamladığı zaman ortaya çıxır”.
Mütəxəssis əlavə sosial-emosional öyrənmə dəstəyinin lazım olduğunu göstərən əlamətləri aşağıdakı kimi sıralayır:
- xroniki məyusluq və ya əsəbilik;
- tez-tez mübahisələrə girmək;
- impulsiv davranışlar;
- akademik göstəricilərin zəifləməsi;
- narahatlıq, kədər və ya aqressiyanın artması.
Bəzən davranış çətinliklərinin kökündə depressiya, narahatlıq və ya ADHD (Diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu) kimi başqa problemlər ola bilər. Bu halda mütəxəssis dəstəyi almaq vacibdir.
Əgər valideyn olaraq məktəbdə sosial-emosional öyrənmə proqramlarının gücləndirilməsini istəyirsinizsə, bunu ən yaxşı şəkildə övladınızın dərs nəticələrinə təsiri ilə əsaslandıra bilərsiniz. Araşdırmalar sosial-emosional öyrənmə bacarıqları inkişaf etmiş şagirdlərin daha sakit, diqqətli və uğurlu olduğunu təsdiqləyir. Bu da sosial-emosional öyrənməyə göstərilən səyin həm uşaqların rifahına, həm də məktəbin ümumi akademik nəticələrinin yüksəlməsinə real töhfə verməsinin sübutudur.
Ağca Talıbova

