OXUYUB-ANLAMA BACARIQLARININ İNKİŞAF PROSESİNİN TƏŞKİLİ YOLLARI


HUMAY ALIKİŞİYEVA




Şagirdlərin oxuyub-anlama bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi bu gün təhsilin qarşısında duran mühüm vəzifələrindən sayılır. Oxu dedikdə, təkcə mətnin sürətli oxusu nəzərdə tutulmur. Mətnlə bağlı suallara cavab verilməsi, mətndəki hadisələrin həyatla əlaqələndirilməsi, mətnin proqnozlaşdırılması, əsas ideyasının tapılması və s. məhz oxuyub-anlama prosesinin düzgün qurulması sayəsində mümkün olur. Şagirdlərin oxuduqlarını dərk etməsi üçün onların lüğət bazası, mətni hissələrə ayırmaq və hadisələri analiz edərək düşünmək bacarığı və s. olmalıdır. Məqalədə şagirdlərin oxuyub-anlama bacarığı, onun formalaşma, inkişaf yolları və həyati bacarıq kimi rolundan söz açılır.

GİRİŞ

Oxuyub-anlama şagirdlərin mətni anlamaq, təhlil etmək, şərh etmək və öz fikirləri ilə ifadə etmək bacarığıdır1. Əsası Azərbaycan dili və ədəbiyyat dərslərində qoyulan bu bacarıqlar digər fənlərin də məzmununun mənimsənilməsində mühüm rol oynayır. Çünki oxuyub-anlama bacarıqları şagirdlərin yeni məlumatları əldə etmək və anlamaq qabiliyyətini inkişaf etdirir. Oxu vasitəsilə müxtəlif mövzular öyrənilir, bu biliklərdən gələcək işdə və həyatın müxtəlif sahələrində istifadə edilir. Oxuyub-anlama bacarıqları şagirdlərə dərsdə öyrənilənləri daha yaxşı başa düşməyə, diqqətini toplamağa və təlim prosesində daha fəal iştirak etməyə imkan verir.

1.1. Oxuyub-anlama nədir?

Oxu vizual, nitq-eşitmə və nitq-motor analizatorlarının iştirak etdiyi mürəkkəb psixofizioloji prosesdir. Oxumağı öyrənməyən və ya zəif oxuyan uşaq lazımi biliyi dərk edə və praktikada istifadə edə bilməz. Əgər uşaq oxuya bilirsə, amma oxuduğunu başa düşmürsə, bu, həm də sonrakı öyrənmə prosesində böyük çətinliklərə və nəticədə məktəbdə uğursuzluğa səbəb olacaqdır.

Anlama dedikdə nə başa düşülür? Bu məsələ barədə pedaqoqların, psixoloqların müxtəlif fikirləri mövcuddur. “Anlaşılan odur ki, onu başqa cür ifadə etmək mümkün olsun” (Yusifov, 2019). “Anlama cisim və hadisələrin idrakın tələblərinə cavab verən, onu ödəyən əlaqələrini dərk etməkdir” (Özen, 2014).

Anlayaraq oxumanın (buna şüurlu oxu da demək olar) məqsədi əsərin məzmununu maksimum tam, dəqiq mənimsəmək və onu başa düşüldüyü şəkildə ifadə etməkdir. Bu isə diqqətli oxu və təhlil vasitəsilə mümkündür. Əgər insan düşünərək oxuyursa, onun təxəyyülü mütləq fəaliyyətdədir və fəal şəkildə daxili obrazla qarşılıqlı əlaqədədir. Bu zaman oxucu özü, əsər və ətraf mühitlə əlaqə yaradır. Psixoloqların nöqteyi-nəzərincə, anlama prosesində təsəvvür və təfəkkür, emosiya və iradə, maraq və s. psixi proseslər fəallaşır (İbadova, 2016).

Tədqiqatçı T.G.Yeqorov oxu bacarıqlarının inkişafında bir neçə mərhələni müəyyən edir: (Yeqorov, 2016)

  • Səslərin (hərflərin) mənimsənməsi.
  • Hecanın oxunması. 
  • Sintetik oxu texnikasının formalaşması.
  • Sintetik oxu.

Səs-hərf birləşmələrinin mənimsənilməsi əlifbanın tədrisi zamanı baş verir. Şagird seçilmiş səsi müəyyən bir qrafik təsvir ilə əlaqələndirir, hərfi mənimsədikdən sonra heca və sözləri oxuyur. Hecanın oxunması mərhələsində hərflərin tanınması və səslərin hecalara birləşməsində çətinlik yaranmır.

Sintetik oxu texnikasının inkişaf mərhələsi sadə və tanış sözlərin bütöv oxunması, mürəkkəb və tanış olmayan sözlərin isə heca-heca oxunması ilə xarakterizə olunur.

Sintetik oxu mərhələsi oxunun texniki tərəfinin artıq oxucu üçün çətin olmaması ilə xarakterizə olunur. Oxuduqlarını anlamaq ön plana çıxır. Cümlədə təkcə sözlərin deyil, həm də ümumi kontekstdə ifadələrin əlaqəsi yaranır. Yalnız mətndəki hər bir sözün mənasını bildikdə
oxuduğunun mənasını anlamaq mümkündür.

Oxuyub-anlama bacarığı özündə şüurlu oxunu cəmləşdirərək şagirdlərin tənqidi təfəkkürünü də inkişaf etdirir. Buraya mətnləri təhlil etmək, müxtəlif yanaşmaları qiymətləndirmək, dəlillərə əsaslanaraq nəticə çıxarmaq və məntiqi nəticələrə gəlmək kimi bacarıqlar daxildir. Mətn üzərində düşünmək və anlamaq bacarıqları inkişaf etdikcə, şagirdlərin yazılı və şifahi ünsiyyət bacarıqları da artır. Bu onların digər insanlarla ünsiyyət qurmalarını, fikirlərini ifadə etmələrini və başqalarının fikirlərini başa düşmələrini asanlaşdırır. Fikrini başqalarına izah və şərh etmək, daha lakonik şəkildə fikir bildirmək və s. kimi vacib davranışlar da məhz oxuyub-anlama bacarığı güclü olan şagirdlərdə daha uğurlu alınır. Bu bacarıqlar şagirdlərin mətndə daha dərin mənaya çatması üçün vacibdir. Şagirdlərin diqqət yetirməli olduğu dörd əsas anlama növü var: ilkin, şərhli, tənqidi və yaradıcı anlama.

........................................................................
1 https://azedu.az/az/news/68667-sagirdlere-oxuyub-anlamabacariqlarine-ucun-vacibdir-serh

İlkin anlama oxunan məlumatın oxudan sonra ilk qavranılmasıdır. Mətndə olan əsas məqamları müəyyən edə bilmək, hadisələrlə bağlı suallara cavab vermək, strategiyalar planlamaq, açar sözlər axtarmaq və s. mətnin ilk oxusu zamanı şagirdin qarşısına qoyduğu əsas məqsədlərdəndir.

Şərhli anlama mətndəki məlumatı digər mənbələrdən, ya da mətnin digər hissələrindəki məlumatlardan sistemli, əlaqəli şəkildə istifadə etməkdir. Tənqidi anlama suallara cavab vermək üçün oxucunun rəyindən və mühakiməsindən istifadə etməkdir.

Yaradıcı anlama yeni ideyalar yaratmaq və ya emosiyaları məzmunla əlaqələndirməkdir. Oxucudan məzmundan kənara çıxmağı və həyatla əlaqə yaratmağı tələb edir. Bu anlama mətndəki problemi həll etmək üçün şagirdə öz yaradıcı təfəkküründən istifadə etməyə imkan verir.

Azərbaycan dili fənninin əsas məzmun xətlərindən biri oxu məzmun xəttidir. Şagirdlərə nitq bacarıqlarına yiyələnməyin texnologiyasını öyrədən bu fənn bütün fənlər arasında körpümetafənn rolunu oynayır. Çünki dinləmə, danışma, oxu və yazı bacarıqları yüksək səviyyədə inkişaf etmiş şagird üçün digər fənləri mənimsəmək də asanlaşır2

Biliklərin əldə edilməsi: oxuyub-anlama bacarıqları şagirdlərin yeni məlumatları əldə etmək və anlamaq qabiliyyətini inkişaf etdirir. Onlar oxumaqla müxtəlif mövzuları öyrənə və bu biliklərdən gələcək işlərində və həyatlarında istifadə edə bilərlər.

Öyrənmənin asanlaşması: oxuyub-anlama bacarıqları şagirdlərə dərsdə öyrənilənləri daha yaxşı başa düşməyə imkan verir. Onların oxuma və anlama bacarıqları yaxşılaşdıqda, şagirdlərin diqqəti daha yaxşı olur, dərsi daha yaxşı izləyir və təlim prosesində daha fəal iştirak edir3

Şagirdlərin oxuyub-anlama bacarıqlarını qiymətləndirərkən qarşıya çıxan boşluqlar müəllimlərin də fəaliyyətində dəyişiklik etmək zərurətini meydana çıxarıb. Şagirdin bilik və bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda müəllim fəaliyyətinin də dəyərləndirilməsi hesab olunur. Fəal təlimdə mətn üzrə işin təşkilində ənənəvi təlimlə müqayisədə kifayət qədər fərqli yanaşma həyata keçirilir. Ənənəvi təlimdə mətn üzrə iş dedikdə, dil qaydaları və mətnə aid faktoloji sualara cavab nəzərdə tutulurdusa, bu gün artıq mətn üzrə işin prinsipləri də dünya təhsil sisteminə inteqrasiya olunaraq həyata keçirilir. Mətn üzrə iş şagirdlərin təfəkkür və oxuyub-anlama bacarıqlarının inkişafına uyğun şəkildə aparılır. Mətnin ideyasının tapılması, mətnə uyğun atalar sözünün seçilməsi, mətnin yenidən adlandırılması, mətndəki hadisələrə münasibət bildirmə, mətnin sonunun proqnozlaşdırılması, müxtəlif iş üsullarından (4N1KH, ziqzaq, insert və s.) istifadə müasir mətn üzrə işin təşkilinə qoyulan əsas tələblərdəndir. Beynəlxalq qiymətləndirmə zamanı şagirdlərimizin mətn üzrə işin təşkilində göstərdikləri nəticələr hələ də ürəkaçan deyil. Bu problemin həlli üçün, ilk növbədə müəllimlərin mətn üzrə işin təşkili ilə bağlı yeniliklərdən xəbərdar olmasını, dünya və qabaqcıl yerli təcrübələrdən bəhrələnməsini təmin etmək lazımdır.

........................................................................
2 http://www.anl.az/down/meqale/az_muellimi/2015/noyabr/463557.html
3 http://www.tipii.edu.az/az/article/288-oxuyub-anlama-strategiyalari

1.2. Oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi yolları

Oxuyub-anlama üzrə işin təşkilində məqsəd şagirdlərin oxuduqları məlumatdakı əsas faktları seçərək müstəqil şəkildə əsas ideyanı müəyyən etmək, ümumiləşdirmək, məntiqi cəhətdən hadisələri dərk etmək və s. bacarıqlarını formalaşdırmaqdır. Tədris ili ərzində mütəmadi olaraq bu bacarıqların formalaşması üçün kompleks və məqsədli şəkildə aparılan işlər şagirdlərə həyati bacarıq olan oxuyub-anlama səriştəsi qazandıracaqdır. Oxuyub-anlama düşüncə və təhlil qabiliyyətlərini təkmilləşdirərək stimullaşdırır. Şagird oxuduğunu anladıqdan sonra onun şəxsi mövqeyi, tənqidi yanaşması, yaradıcı təfəkkürü və s. aktivləşməyə başlayır. Şagirdlər oxuyub-anlama bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün metakoqnitiv biliklərini işə salmalıdırlar. Lüğət bazası zəngin olan şagirdlərə verilmiş mətni anlamaq daha rahatdır. Buraya həm də onlara tanış olmayan sözlərin mənasını müəyyən etmək üçün kontekst açar sözlərdən istifadə strategiyaları daxildir. Bu, şagirdlərə deyilənləri və ondan nə öyrənməli olduqlarını anlamaq üçün mətnlə qarşılıqlı əlaqədə olmağa kömək edir. Şagirdlər mətni anlamaq bacarıqlarına malik olduqda, onlar müəllifin dedikləri ilə bağlı suallara cavab verə, məna və məzmunu ümumiləşdirə, əvvəlki biliklər arasında məlumatı birləşdirə bilərlər. Bir sözlə, bu onlara hərfi qavrayışdan kənara çıxmağa və daha yüksək düşüncə səviyyələrinə keçməyə kömək edir.

Şagirdlərin oxuyub-anlama ilə bağlı çətinliklərinin müxtəlif səbəbləri var:

  • mətni anlamaq üçün lazımi ilkin biliklərə malik deyillər;
  • açar sözləri tapmaqda çətinlik çəkirlər və vacib fikirləri müəyyən edə bilmirlər.

Bunun üçün şagirdlərlə mətnin anlaşılması üçün strateji iş aparmaq lazımdır. Biz oxuyubanlama bacarıqlarının inkişafı üçün təklif və tövsiyələrimizi üç istiqamət üzrə (şagirdin özü, müəllim və valideyn üçün) təqdim edirik.

Şagirdlərin oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün müəllimin görəcəyi işlər:

1. Mövcud biliklər üzərində iş qurun.

Oxuyub-anlama üçün ən böyük maneələrdən biri ilkin, “köhnə” biliklərin olmamasıdır. Mətni oxumazdan əvvəl bütün şagirdlərin əsas terminləri və fikirləri başa düşdüyünə əmin olun. Məsələn, astronomiya haqqında mətn oxuyursunuzsa, şagirdlərdən günəş sistemi haqqında bildiklərini qeyd etmələrini və ya izah etmələrini xahiş edin. Əsas anlayışlar üçün şagirdlərdən qısa suallara cavab vermələrini və ya BBİÖ (Bilirəm, Bilmək İstəyirəm, Öyrəndim) cədvəlindən istifadəni təmin edin.

2. Əsas fikirləri müəyyən edin və ümumiləşdirin.

Ümumiləşdirmə üsullarını modelləşdirmək üçün “Mən edirəm, biz edirik, siz edirsiniz” (‘I Do You Do We Do’) formatından istifadə edin. Bu üsul şagirdlərə tapşırığı necə yerinə yetirəcəklərini göstərmək və işə başlamazdan əvvəl onlara dəstək olmaq üçün nəzərdə tutulub.

Mən edirəm

Dərsin “Mən edirəm” mərhələsində müəllimlər şagirdlərə nəyi bilməli olduqlarını söyləyir və onlara nə etməli olduqlarını göstərirlər. Buna
görə də müəllimlər bu mərhələdə məlumat vermək, izah etmək, modelləşdirmək və nümunələr verməklə məşğul olurlar. Şagirdlər bu başlanğıc mərhələdə qələmlərini yerə qoymalıdırlar ki, diqqətlərini cəmləyə bilsinlər.

1. Bu mərhələnin daha təsirli olması üçün diaqram, təsvir, plakat kimi əyani vəsaitlərdən istifadə etmək faydalıdır.
2. Hazır nümunələrdən istifadə də öyrənmənin bu mərhələsini dəstəkləmək üçün effektiv üsuldur.

Biz edirik

Öyrənmənin bu mərhələsi tapşırıqlar üzərində birgə işləməyi nəzərdə tutur.

1. Bu mərhələdə müəllimlər şagirdlərə işləri ilə bağlı rəy bildirir. Şagirdləri özünüqiymətləndirməyə istiqamətləndirir.
2. Şagirdlərə nümumə olaraq yarımçıq işlər verilir ki, növbəti addımı onlar özü davam etdirsin.

Bu, öyrənmənin daha dərin səviyyəsini inkişaf etdirməyə imkan verir. Bu mərhələdə müəllimlər şagirdləri yeni materialı təkbaşına anlamağa istiqamətləndirir və həvəsləndirirlər.

Siz edirsiniz

Dərsin bu mərhələsi şagirdlərin öyrəndiklərindən istifadə etməsini nəzərdə tutur. Bu artıq onların praktik bacarıqlarını əhatə edir. Şagirdlər işi fərdi şəkildə yerinə yetirməlidirlər. Bununla belə, müəllimlər həmin müddət ərzində şagirdlərin gördükləri işləri izləməli, onlara fasilitatorluq etməlidirlər.

Oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün şagirdin görəcəyi işlər: 

1. Hazırda necə oxuduğunuzu analiz edərək yenidən qiymətləndirin.

Oxuyub-anlamanızı təkmilləşdirməzdən əvvəl, ilk növbədə, hazırda necə oxuduğunuzu və sizə nələrin mane olduğunu başa düşməlisiniz. Tanış olmadığınız müxtəlif mətnlərdən müəyyən hissələri seçərək oxuyun. Oxuduğunuz zaman diqqətinizin davamlılığına, materialı qavramanıza nə qədər vaxt sərf etdiyinizə, qeydlər aparmağınıza xüsusi önəm verin. Oxuyarkən diqqətiniz dağılarsa və ya çaşqınlıq hiss etdiyiniz zaman oxunu dayandırın. Yenidən oxumazdan əvvəl anladıqlarınızı ümumiləşdirin. Əsəri nə qədər öz sözlərinizlə yenidən kontekstləşdirə bilsəniz, oxumağa davam etdikcə onu daha yaxşı başa düşə və məlumatı beyninizdə “canlandıra” biləcəksiniz.

2. Əgər oxuyub-anlamada çətinlik çəkirsinizsə, ucadan oxumağa cəhd edin.

Mətnin bəzi hissələrinin ucadan oxunması anlaşılmayan hissələrin asan qavranmasına və mətnin nəyi çatdırmağa çalışdığını vizual şəkildə formalaşdırmağa kömək edə bilər.

3. Mətnin əvvəlki bölmələrini yenidən oxuyun.

Unutduğunuz hər hansı bir məlumatı xatırlamaq üçün mətnə geri dönüş edərək nəzər salmaq (və ya böyük hissələri yenidən oxumaq) çox faydalıdır. Bu parçaları təkrar oxumaq yaddaşınızı təzələməyə kömək edəcək ki, mətnin sonrakı hissələrini daha yaxşı başa düşə və
şərh edə biləcəksiniz.

4. Mətni proqnozlaşdırın.

Oxuduğunuz mətnin hissələri arasında məntiqi əlaqəni quraraq mətnin davamını proqnozlaşdırın.

5. Mətni sinif yoldaşlarınızla müzakirə edin.

Mətn haqqında indiyə qədər bildiklərini müzakirə etmək hər hansı çaşqınlığı aradan qaldırmağa kömək edə bilər. Mətni oxumayan sinif yoldaşınıza onu öz sözlərinizlə izah edin. Təhlillər göstərir ki, (E.Deyl, 1965) insan bildiyini başqasına izah edərkən qavrama bucağı genişlənir, həmin məlumatı daha dərindən anlamış olur.

Şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsində valideynlərin görəcəyi işlər:

1. Evdə istənilən oxu materialını övladlarınızla birlikdə ucadan oxuyun.

Oxuyarkən hadisələri müzakirə edin və övladınıza baş verənlər haqqında suallar verin. Səncə, bundan sonra nə olacaq? Hansı xarakterlə dost olmaq istərdin? Baş qəhrəmanın yerində olsan nə edərdin? Bu və başqa bu kimi kimi suallardan istifadə edin. Bu suallar təkcə oxumağı əyləncəli etmir, həm də onların oxuduğunu anlama bacarıqlarını gücləndirməyə kömək edir.

2. Övladınızın yaş və idrak səviyyəsinə uyğun kitablar alın.

Övladınız məzmun etibarilə yaş səviyyəsinə uyğun olmayan kitablar oxuyursa, bu ona darıxdırıcı gələcək, kitabın çox çətin olması isə onları ruhdan salacaq. Odur ki, kitab seçərkən onların maraq dairəsini, öyrənmə-anlama tərzlərini – şəkilli və ya rəngli kitab sevmələrini nəzərə alın.

3. Övladınızın nə oxuduğunu müzakirə edin.

Övladınızdan ən çox sevdiyi kitabı, evdə və ya məktəbdə nə oxumağı xoşladığını soruşun. Oxumağı bitirdikdən sonra onlara kitabda baş verənlər və ya bundan sonra nə olacağını düşündükləri ilə bağlı suallar verərək onun oxu-qiraət həvəsini inkişaf etdirin.

5. Oyun əsaslı öyrənməyə cəhd edin.

Övladınız kitab oxumağı sevmirsə, oyun əsaslı öyrənmə onlara vacib anlayışları mənimsəməyə kömək edə bilər. Mətni abzas-abzas oxuyaraq, onu rollar üzrə səsləndirərək oxunan materiala həm maraq yarada, həm də anlamanı daha da asanlaşdıra bilərsiniz.

Oxuyub-anlama bacarıqlarının inkişafı öz növbəsində şagirdlərin mütaliə mədəniyyətinin də yaranmasına təkan verəcəkdir. Bunun üçün kompleks şəkildə iş aparılmalıdır. Yəni şagirdləri bu bacarığa səsləyən təkcə məktəb yox, eyni zamanda ev mühiti də olmalıdır. Məktəbdə bununla bağlı xüsusi həvəsləndirici təşviqat və təbliğat işləri aparılmalı, şagirdlər bu bacarığa sevə-sevə alışdırılmalıdırlar. 

NƏTİCƏ

Oxuduğunu anlamaq, mənasını dərk etmək müasir dövrün oxu ilə bağlı aktual problemlərindəndir. Oxuyub-anlama yazılı mətni başa düşmək və onun üzərində düşünmək, ondan konkret məqsədə çatmaq üçün istifadə etmək, yeni məlumat öyrənmək, inkişaf etmək və cəmiyyətdə iştirak etmək bacarığıdır. Psixoloqların nöqteyi-nəzərindən mətni dərk etməyə yönəlmiş prosesdə oxucunun diqqət və yaddaşı, təxəyyülü və təfəkkürü, emosiya və iradəsi, maraq və münasibətləri birləşir. Buna görə də, semantik oxunuşun öyrədilməsinin əsas psixoloji vəzifələrindən biri mətnlə işləyərkən şagirdin psixi proseslərinin aktivləşdirilməsidir.

Oxuyub-anlama bacarıqlarının inkişafı üçün fənn müəllimləri:

• oxuyub-anlama çətinliyi olan bütün şagirdlər üçün dəstəkləyici mühit yaratmalı, onlara ehtiyac olduqca diferensial yanaşma tətbiq etməli;
• oxuyub-anlama zamanı mövcud problemləri şagirdlərlə birlikdə müzakirə etməli, onları təfəkkürlərini işə salacaq fəaliyyətlərə cəlb etməli;
• oxuyub-anlamanın həyatımızdakı vacib rolu şagirdlərə aşılamalı, oxuduqlarını inteqrasiya olunmuş şəkildə mənimsəməkdə onlara yol göstərməli;
• oxuyub-anlamanı inkişaf etdirmək üçün müxtəlif praktik işlər aparmalı, rollu oyun və simulyasiyadan istifadə olunmalıdır.

Bu gün şagirdyönlü təhsil sistemi aktual olduğundan bu sahədə müəllimlər üçün müxtəlif təlimlərin təşkili vacibdir. Müəllimlər şagirdlərin ehtiyac və maraqlarını öyrənməklə, əslində, onlara diferensial (fərdi) yanaşma tətbiq edə bilərlər. Bu, müəllim-şagird münasibətlərinin formalaşmasına, şagirdlərin fəaliyyətinin stimullaşdırılmasına, təhsildə bərabər imkanların yaradılmasına müsbət təsir göstərəcəkdir.

İKT-dan istifadə bacarığı bu gün istənilən fənnin tədrisində vacib səriştələrdən biri hesab olunur. Oxu təlimi zamanı İKT-dan istifadə və onların tətbiqi müəllimlərin işini asanlaşdırmaqla yanaşı, şagirdlərin də motivasiyasını artıra, eyni zamanda müxtəlif öyrənmə tərzinə malik şagirdlər üçün də dərsi əlçatan edə bilər.

Beləliklə, mətnlə işləməyin bu texnikasından istifadə müəllim və şagirdlərin hərəkətlərinin ardıcıllığını tədricən planlaşdıraraq semantik oxu strategiyasını mənimsəməyə imkan verir. Belə nəticəyə gəlmək olar ki, semantik oxu vərdişlərinin formalaşması, mürəkkəb proses olub, çoxlu müxtəlif bacarıqlardan və bacarıqların sintezindən ibarətdir və onlardan ən azı biri olmadıqda semantik oxu bacarığı formalaşmamış hesab olunur.

Rəyçi: Bibixanım İbadova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Respublikasında təhsil üzrə Dövlət Strategiyası. (2013). https://president.az/az/articles/view/9779
2 İbadova, B. (2016). Oxu nitq fəaliyyətinin növü kimi. Məktəbəqədər və ibtidai təhsil, №1, səh.32-35.
3 İbrahimov, N., Hüseynzadə, L. (2012). Pedaqogika. Dərslik, I cild, 548 səh.
4 Leont’yev, A.A. (1997). Osnovy psikholingvistiki, M.: Smysl. 287 str.
5 Özen, M. (2014). Metinleri ekrandan okumanın anlam kurma üzerine etkisi. “The Journal of Academic Social Science Studies”, №24.
6 Rüstəmov, F. (2006). Pedaqogika tarixi. Bakı, Nurlan, 752 səh.
7 Yegorov T.G. (1953). Psikhologiya ovladeniya navykom chteniya. Moskva, 264 str.
8 Yusifov, M. (2019). Nitq mədəniyyəti. Bakı, Elm və təhsil, 432 səh.
9 https://azedu.az/az/news/68667-sagirdlereoxuyub-anlamabacariqlarine-ucun-vacibdirserh
10 http://www.anl.az/down/meqale/az_muellimi/2015/noyabr/463557.htm
11 http://www.tipii.edu.az/az/article/288-oxuyub-anlama-strategiyalari
12 https://tehsilforumu.az/umumi/7631-shagirdlere-oxuyub-anlama-bacariqlari-neuchun-vacibdir-sherh.html
13 https://www.muallim.edu.az/news.php?id=11997
14 https://www.twinkl.com/teachingwiki/reading-skills
15 https://www.understood.org/en/articles/6-essential-skills-needed-for-readingcomprehension