UŞAQLAR DA BÖYÜK KƏŞFLƏR EDİR




Biz adətən uşaqları ətrafda atılıb-düşən, məqsədsiz, bütün enerjisini mənasız hərəkətlərə həsr edən varlıqlar kimi görürük. Bəzən onların hansı möcüzələrə qadir olduğunu unuduruq. Bu möcüzələri reallaşdırmaq imkanı olan uşaqlar dünyanın taleyində iz buraxmağı bacarıblar. Onlar  hətta böyüklərlə rəqabət apara biləcək gücə malik olduqlarını göstəriblər.

Sizə təqdim etdiyimiz ixtiralarla tanış olanda bu ideyaların uşaq beynində yarandığına təəccüblənəcəksiniz.

 

Corc Nissen

 

İndi batut kimi tanıdığımız və üstündə tullanmaqdan həzz aldığımız aləti o, 16 yaşı olanda icad edib. Dünyada yeni idman növünün inkişafına təkan verən bu ixtira həm də uşaqların ən çox həzz aldığı park oyuncaqları sırasındadır. Corc Nissen idman və fitnes, eləcə də batutla bağlı 40-dan çox patenti olan mühüm ixtiraçılardan biri idi.

 

  Luis Brayl

 

Əngəlli insanların həyatında əvəz olunmaz iz buraxan Brayl 3 yaşında düşdüyü qəzadan sonra görmə qabiliyyətini itirib. Amma bu faciə ona 15 yaşında nöqtələrlə kodlanmış yazı sistemini, “Brayl əlifbasını” yaratmaq və inkişaf etdirmək imkanı verib. Beləliklə, Luis Brayl gözdən əlillər üçün əlifbanı yaratmaqla milyonlarla insanın həyatını asanlaşdırmaq, onların təhsil almasına böyük töhvə verməklə adını məşhur ixtiraçılar sırasına salıb.

 

Marqaret Nayt

 

XIX əsrin ən məşhur qadın ixtiraçısı kimi tanınan Marqaret Nayt 12 yaşında ikən pambıq fabrikində elektriklə çalışan toxuculuq dəzgahlarında işləyirdi. Buranın təhlükəli yer olduğunu anlayan Naytın ilk ixtirası işçilərin həyatını qorumaq və əməyin təhlükəsizliyini təmin etmək üçün xüsusi cihaz idi. M.Nayt sonrakı illərdə kağız çanta və onu qatlayan maşınlar üçün əlavə detallar icad etdi.

 

Benjamin Franklin

 

ABŞ-ın qurucu liderlərindən olan Benjamin Franklini adətən siyasi uğurlarına görə tanıyırıq. Ancaq o, 1700-cü illərin əvvəllərində, 11 yaşında olarkən böyük su hövzələrində üzməyi asanlaşdıran üzgəclər icad edib. Taxtadan hazırlanan orijinal, oval formalı və üstü deşikli üzgəclər həm əl, həm də ayaq üçün nəzərdə tutulmuşdu. Sonrakı illərdə Franklin bir çox icadların müəllifi olub.

 

Filio Teylor Farnsvorth

 

Filio Teylor Farnsvorth mexaniki sistemlərin şəkilləri birləşdirə bilməyəcək qədər yavaş hərəkət etdiyini araşdırmağa başlayanda çox balaca idi. Gələcəyin dahisi  15 yaşında ikən öz televiziya sistemini yaratmağa çalışıb. İllərlə bu ixtira üzərində çalışan və bir çox problemlər yaşasa da bundan əl çəkməyən Teylor sonra öz laboratoriyasını açmaqla ilk uğurlu televiziya yayımını etməyi bacarıb.

 

Kelly Reinhart

 

Uşaq olanda valideynləri onu və bacı-qardaşını xəyallarındakı oyuncaq və əşyaların  şəklini çəkməyə, sonra isə   bəyənilən rəsmin prototipini hazırlamağa həvəsləndirirdilər. Kovboy tapançaları haqqında düşünən Kelli uşaqların video oyunlarını yanında gəzdirməsinə imkan verən çanta şəkli çəkmişdi. Kelli və ailəsi bu dizaynı təkmilləşdirdikdən sonra1998-ci ildə ideyanı rəsmi olaraq patentləşdirdilər. İndi “bel çantası” kimi tanınan ideyanın müəllifi hazırda uşaqlara ixtiraçı olmağı öyrədən qeyri-hökumət təşkilatında çalışır.

 

Param Caqqi

 

13 yaşında ətraf mühit texnologiyaları ilə maraqlanan Param Caqqi EcoTube adlı cihaz hazırlayıb. Avtomobillərin yaratdığı karbon qazı emissiyalarını azaltmağa yönəlmiş cihazı dizayn edən Caqqi, həmçinin karbontəmizləmə, bioreaktorlar və termoelektrik generatorlarla bağlı bir çox patentlərə sahibdir. 2011 və 2012-ci illərdə “Forbs” jurnalının “30 yaşdan aşağı məşhurlar” siyahısında yer alan Param hazırda “Hatch Apps” adlı şirkətin baş direktorudur.

 

Bəşəriyyətə töhfələr vermiş ixtiraçı uşaqlar çoxdur. Onların nailiyyətləri dünyada yaşından asılı olmayaraq hər kəsi ruhlandırır.

 

Təxəyyül, fərqli baxış bucağı və  maraq yaşından asılı olmayaraq hər bir uşağa arzularını həyata keçirməyə kömək edə bilər. Bunun üçün onların özlərini müxtəlif sahələrdə sınamasına şərait yaratmaq lazımdır.

 

 

https://lemelson.mit.edu   

https://www.britannica.com 

materialları əsasında