XARİCDƏ TƏHSİL ÜÇÜN YOL XƏRİTƏNİZ VARMI?




Dünyanın  reytinqli universitetlərində oxumaq, nüfuzlu şirkətlərdə təcrübə keçmək,fərqli mədəniyyətlərdən olan insanlarla tanışlıq və dostluq, dünyagörüşünün genişləndirilməsi, yeni dil öyrənmək kimi üstünlüklər xaricdə təhsili cəlbedici edir. Abituriyentlər adətən düşünürlər ki, xaricdə təhsil almaq həm də gələcəkdə daha nüfuzlu şirkətlərdə işləmək imkanı yaradır.

Son illərdə ölkəmizdə  xaricdə təhsil almaq istəyənlərin sayında böyük artım var. Bununla bağlı aydın yol xəritəsi olmayan valideynlərin bir çox hallarda övladının xaricdə təhsili üçün məsləhətə ehtiyacı olur. “Azərbaycan məktəbi” həm valideynlərə, həm də gənclərə faydalı ola biləcək bəzi nüansları xaricdə təhsil üzrə ekspert Rövşən Əbdülhəsənovla birlikdə araşdırıb. 

- Sizcə, son illərdə xaricdə təhsilə artan maraq nə ilə bağlıdır?

- Bəri başdan deyim ki, xaricdə təhsil istəyi,  dəb, tendensiya və  şöhrət xatirinə olmalı deyil. Yeni nəsil tanınmış universitetlərdə təhsil almaqla peşəkarlıq, bilik və bacarıqlar baxımından daha öndə olacağını, müasir əmək  bazarında üstünlük əldə edəcəyini başa düşür. Güclü maddi-texniki və elmi bazaya malik universitetlərdə fərqli mühit və mədəniyyətlərdə yetişmiş kadrlar ölkənin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq. Ölkədə bu istiqaməti daha da aktuallaşdıran xaricdə təhsillə bağlı dövlət siyasətidir.

Bir neçə il ard-arda olimpiadaçı şagirdlərimizin məşhur universitetlərə qəbulundan sonra gənclərdə böyük həvəs və inam yaranıb. Əvvəllər nüfuzlu universitetlərə qəbula çətin və bahalı bir proses kimi baxılırdısa, indi çoxları bacaracağını anlayır. Məncə, xaricdə bakalavriat təhsili üzrə dövlət dəstəyi proqramının bərpasında da bu tendensiyanın müsbət təsiri oldu.  Dünyanın az qala bütün ölkələrində  xaricdə təhsili dəstəkləyən dövlət proqramları mövcuddur.

Onu da vurğulayım ki,  dünyanın ən yaxşı universitetlərinə malik olan hətta ABŞ-da belə gənclər arasında xarici universitetlərdə təhsilə maraq var.  Onlar da əsasən Çin, Koreya və Qərbi Avropa universitetlərinə üz tuturlar.

- Universitet seçimində nəyə önəm verilməlidir?

- Diqqət yetirilməli əsas məqamlardan birincisi təhsilin keyfiyyətidir. Sonra həmin ölkədə tələbəyə yaradılan şərait, maliyyə əlverişliliyi, ölkənin ünsiyyət dili, mədəniyyəti, iş tapmaq ehtimalı, təhsil zamanı və təhsil başa çatdıqdan sonra kadrlara yaradılan imkanlar xüsusi diqqət yetirilməli məqamlardır.

- Xaricdə təhsil üçün müraciət etməzdən öncəki prosesdə şagirddən nə tələb olunur?

- Birinci vacib şərt şagirdin yüksək akademik göstəriciləridir. Xaricdə oxumaq qərarı 7-8-ci siniflərdən, hətta daha əvvəldən planlaşdırılsa yaxşıdır. Yol xəritəsi də elə bu illərdən qurulmalı və şagird 9-cu sinfə başlamadan hazır olmalıdır. Burada əsas tələblərdən biri SAT imtahanının nəticəsidir. Əgər öncə Türkiyədə təhsil alıb, sonrakı mərhələdə uzaq xaricə getmək planı varsa TrYÖS və YÖS balı vacibdir. Bəzi şagirdlər başqa imtahanlar da verə bilərlər. İngilis dili biliklərini sübut edən TOEFL və IELTS sertifikatı olmalıdır. Qəbul almaq üçün bunlar vacib şərtdir. Üstəlik daha öndə olan universitetlərdən təqaüdlü qəbul almaq istəyən şagirdin üstünlüyünü göstərən nəticələri olmalıdır. Bunun da ən yaxşı nümunəsi beynəlxalq olimpiada və yarışlarda iştirak, məqalə, layihə, icad və yeniliklər, şagirdin başqa bacarıqlarıdır.

Müraciətlərə ən gec 10-cu sinfin əvvəllərindən hazırlaşmaq daha məqsədə uyğundur. Bu zaman müraciəti yönəldə bilən təcrübəli şəxs və qurumların dəstəyindən də istifadə etmək olar.  

- Azərbaycanlı gənclərin təhsil üçün müraciət etdiyi ölkələr siyahısında Türkiyə ilk yerdədir. Bu ölkəni azərbaycanlı tələbə üçün maraqlı edən hansı amillərdir? Türkiyə hansı ixtisaslara yiyələnmək üçün əlverişli sayıla bilər?

-  Türkiyədə təhsil gənclərimiz üçün böyük şansdır. Bir çox ixtisaslar üzrə həm bakalavr, həm də magistr təhsilində Türkiyə universitetləri çox öndədir. Həmin təhsil ocaqlarında  xaricdə  doktorluq dərəcəsi almış müəllimlərin sayı hədsiz çoxdur. Bu da həmin universitetlərin prestijini artırır.  Türkiyədə tibb təhsilinin yüksək olması bütün dünyada qəbul edilir. Bu universitetlərin məzunları Avropanın inkişaf etmiş ölkələrində çalışır.

- Azərbaycanlı tələbələr üçün hansı ölkələri “tələbə dostu”  siyahısına salmaq olar? Ümumiyyətlə bu “dostluğ”un  meyarları hansılardır?

- Türkiyədə təhsil almış biri kimi deyim ki, bu ölkə tələbəyə hər cür yardıma hazırdır. Xüsusilə azərbaycanlı gənclər üçün Türkiyə əsl tələbə dostudur. Viza tələbi yoxdur, yaşamaq izni almaq asandır, problem yarandıqda onu operativ həll etməyə çalışırlar.  ABŞ, Cənubi Koreya, Avropa ölkələrinin də bir çoxu tələbələrin həyatını asanlaşdırmaq üçün hər cür dəstəyi göstərirlər. 

Son illər azərbaycanlı gənclərin ən çox üzləşdiyi problem qəbul aldığı ölklələrə viza ala bilməmələridir. Əslində bu nonses olsa da ildən-ilə artan statistika problemin həll olunmadığını göstərir. Məsələn, İtaliya universitetlərinə qəbul olunan tələbə təhsilə başlamaq üçün viza ala bilmir. Bu sahədə süni bir süründürməçilik var. Bu təkcə İtaliyaya aid deyil. Şərqi Avropa ölkələrində də xoşagəlməz tendensiyalar müşahidə olunur. Burada irqçilik, ayrı-seçkilik, süründürməçiliklə üzləşən tələbələr var. Əslində xarici tələbə ölkə üçün gəlir mənbələrindən biridir. Amma  bəzi ölkələrin hökumətlərinin miqrasiya məsələlərini önə çıxarıb, viza problemi yaratması anlaşılan deyil. 

- Xaricdə təhsil almış mütəxəssis kimi necə fikirləşirsiniz, təhsilini başa vuran gənclərin ölkəyə dönməsi üçün onlarda necə stimul yaratmaq olar?

- Məncə bununla bağlı xüsusi təlaşa ehtiyac yoxdur. Gənclərin bir qismi müxtəlif səbəblərdən geri dönəcək. Digər hissənin isə ölkəyə dönməməsi üçün özlərinə görə müəyyən səbəbləri var, həmin səbəblər aradan qaldırılmalıdır. Ölkə elə bir yerə çevrilməlidir ki, hətta xaricilər bura gəlməyə can atsınlar. Həmin gənclərin bir hissəsinin  Harvard, MİT, Stanford kimi nüfuzlu universitetlərdə, NASA,  Google və b. nəhəng qurumlarda qalıb işləməsi bizə daha çox lazımdır.  Hesab edirəm ki, bu da ölkəyə dolayısı ilə fayda verməkdir.