HƏM OXUCULARI, HƏM DƏ TURİSTLƏRİ CƏLB EDƏN KİTABXANALAR




Təhsildə, elmin inkişafında kitabın və kitabxananın əhəmiyyəti haqqında saysız-hesabsız araşdırmalar aparılıb. Bu dəfə isə təkcə kitabları yox, həm də memarlıq xüsusiyyətləri  və gözəlliyi ilə tanınan kitabxanalardan danışmaq istəyirik.

Dünyanın görməli yerlər siyahısında məşhur tarixi abidələr, təbiət möcüzələri ilə yanaşı, qədim kitabxana binaları da var. Bir çox şəhərlərə insanlar məhz həmin kitabxanaları görmək üçün gedirlər. Memarlıq tarixi, şəhərin mədəni mühiti ilə harmoniyası, özündə qoruyub saxladığı dəyərli əsərləri ilə məşhur kitabxanalar elm və bilik məbədi olmaqla yanaşı, həm də turizm əhəmiyyətli tikililər sırasındadır.

Binalarının memarlıq görünüşü və kitab fondunun zənginliyinə görə Avropanın ən məşhur kitabxanalarının ilk beşliyinə aşağıdakı kitabxanalar daxildir:

  • Ştutqart Şəhər Kitabxanası - Almaniya
  • El Eskorial Kitabxanası - İspaniya
  • Triniti Kollec Kitabxanası - İrlandiya
  • Abbey Kitabxanası - Avstriya
  • Bodleyan Kitabxanası - İngiltərə

 

Almaniyanın Ştutqart şəhərində yerləşən kub formasında və parlaq ağ rəngdə tikilmiş kitabxana fərqli memarlığı ilə müasir incəsənət muzeyini xatırladır. Buradakı nəhəng  oxu zalı tərs çevrilmiş piramida şəklində qurulub. Kitabxananın təbii işığı və sakit atmosferi, səmaya yönəlmiş pəncərələri həm oxucular, həm də turistlər üçün cəlbedici məkandır. “Kitabsevərlərin cənnəti” adını alan kitabxananın sahəsi 21 min

kvadrat metrdən çoxdur. Koreyalı memarlar kitabxanada oxu zalları və masaların dizaynı zamanı  oxucuların diqqətinin yayınmamasına xüsusi fikir veriblər. 9 mərtəbəli binada kafelər, valideynlər və uşaqlar üçün ayrıca istirahət otaqları var. Ştutqart şəhər kitabxanası təkcə şəhər deyil, bütövlükdə almaniyalı bibliomanların  sevimli məkanıdır.

El Eskorial Kitabxanası YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında yer tutub. Əsası İspaniya Kralı III Filip tərəfindən qoyulan kitabxana 1556-1558-ci illərdə tikilib. Kral sarayının içərisində yerləşən kitabxana hökmdara məxsus 42 kitabla fəaliyyətə başlayıb. Bura kitab fondunun zənginliyi ilə yanaşı, memarlıq üslubuna görə də dünyanın ən gözəl kitabxanalarından sayılır. El Eskorialda 40 min cilddən çox nadir əsərlə yanaşı, Klaudio Koello, Tintoretto və El Greko kimi rəssamların əsərlərinin orijinalları saxlanır. Kitabxananın tavan freskaları intibah dövrünün ruhunu əks etdirən əsrarəngiz nümunələr sırasındadır.

Dublin Universitetinin Triniti Kolleci dünyada həm də kitabxanası ilə məşhurdur. 1592-ci ildə yaradılan kitabxananın ilk fondu kilsə və yepiskopların hədiyyələri əsasında formalaşıb. Kitabxananın əsas zalı 65 metr uzunluğu olan Long Room” (Uzun Otaq)  adlı otaq maraqlı dizaynı ilə diqqət çəkir. Bu zalda 200.000-dən çox kitab toplanıb. Triniti Kollecində dünyanın ən qədim mətnlərindən sayılan Kells Kitabının əlyazmaları da var.

Vyana yaxınlığındakı Edmunt Abbey Kitabxanası dünyanın ən əhəmiyyətli kitabxanaları və memarlıq nümunələri arasında yer alıb. Bu kitabxana da YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Barokko və Rokoko üslublu arxitekturası, çiçəkli eskizləri, tavan freskaları və taxta eyvanları ilə kitabxana 1800-cü illərin möhtəşəmliyini əks etdirir.

160 min əsəri qoruyub saxlayan kitabxanada eramızdan əvvəl 820-ci ilə aid manuskriptlərdən tutmuş, 1900-cü illərin əvvəllərində nəşr olunan bir çox kitabları xüsusi kondisionerli otaqlarda oxumaq mümkündür.

Ən zəngin kitabxanalar arasında 1602-ci ildən fəaliyyət göstərən və Oksford şəhərinin simvollarından  sayılan Bodleyan kitabxanası da var. Bodleyanda 13 milyondan çox çap əsəri, o cümlədən Maqna Karta, Şekspirin ilk əsərlərinin əlyazması və Qutenberq İncili kimi nadir nüsxələr, həmçinin “Üzüklərin Hökmdarı” seriyasının və Kafkanın məktublar kolleksiyasının bir hissəsi olan Uels əlyazmaları saxlanılır.

Mükəmməl neoklassik memarlığı və kitab fondunun zənginliyi ilə hər kəsi heyran edən Bodleyan kitabxanası məşhur mədəniyyətə də təsir edən “Qızıl kompas”, “Harri Potter” və “Kral Georqun dəliliyi” kimi bəzi roman və filmlərdə  məkan kimi də istifadə edilib.