ÇƏTİN MÖVZULARIN ASAN İZAHI




“Azərbaycan məktəbi” şagird və tələbələrin öyrənmə prosesini asanlaşdırmaq, öyrənilənləri daha yaxşı mənimsəmək üçün indiyədək müxtəlif üsul və texnikalar haqqında məlumat verib. Bu gün sizi  dünyada məşhur, Azərbaycanda isə az tanınan daha bir texnika ilə tanış etmək istəyirik.

Məşhur amerikalı fizik Riçard Feynmanın adını daşıyan bu öyrənmə texnikası alimin özünün sınaqdan keçirdiyi təcrübələr əsasında formalaşıb.

Riçard Feynman kvant mexanikası və hissəciklər fizikası sahələrinə mühüm töhfələr verən Nobel mükafatlı fizikdir. O, həmçinin kvant hesablamalarının liderlərindən biri və “nanotexnologiya” anlayışının müəllifidir. Feynman Kornel Universitetinin və Kaliforniya Texnologiya İnstitutunun tanınmış müəllimi olub.

Qazandığı bütün uğurlara baxmayaraq, Feynman özünü "çox oxuyan adi bir insan" sayırdı. Alimin düşüncəsinə görə, kifayət qədər səylə kvant mexanikası və elektromaqnit sahələri kimi mürəkkəb mövzuları hər kəs öyrənə bilər.

R.Feynman deyirdi ki, “Fövqəladə insanlar yoxdur. Sadəcə bir şeylə maraqlanıb onu sonadək öyrənənlər var”. Öz dediyinə görə, ona uğur gətirən anadangəlmə intellekti deyil,  bilmədiklərini müəyyənləşdirib sonra onu anlamaq üçün yaratdığı sistemli bir yanaşma idi.

İşi və həyatı boyu Feynman fizika dünyasındakı mürəkkəb anlayışları yenidən nəzərdən keçirərək bilikləri aydın və sadə dillə çatdırmaqla məşğul olub. Onun öyrənmə prosesi ilə bağlı yanaşmaları indi “Feynman texnikası” adlandırılan sistemə daxil edilib.

Feynman texnikası

Feynman texnikası demək olar ki, hər şeyi başa düşmək üçün faydalı olan öyrənmə konsepsiyasıdır. Bu sistem sizə təkcə mövzunu deyil, həm də onu dərindən dərk etməyi öyrədəcək.

Feynman texnikası hər hansı bir mövzunu başa düşmək üçün dörd addımlıq bir prosesdir.  Texnika seçim, araşdırma, yazı-izah və aydınlaşdırma yolu ilə əldə edilən biliyi dərk etməklə yadda saxlamağa imkan verir. O, əzbərləməyi rədd edir.

Feynman yanaşması təkcə şagird və tələbələr üçün deyil, istənilən məlumatı və ya mövzunu öyrənənlər üçün faydalıdır. Riçard Feynmanın yanaşmasına görə, nəyisə sadə dildə izah edə bilmirsinizsə, bu o deməkdir ki, mövzunu kifayət qədər başa düşməmisiniz.  O, mövzunun sadə izahına nail olanadək çox məşq etməyi vacib sayırdı. Bunun üçün yalnız bir dəftər və qələm lazımdır. Əvvəlcə həmin dəftərdə çatdırmaq istədiyiniz mövzu haqqında bir başlıq yazmalısınız. Sonra mövzunu orta məktəb şagirdinə izah edirmiş kimi öz sözlərinizlə izah etməlisiniz. Bu təcrübəni təkrarlamaqla siz həm hekayə yazmaq üslubunuzu təkmilləşdirə, həm də məlumatın məzmununu sadələşdirmək üçün əməli addımlar ata bilərsiniz.

Texnikanın müsbət tərəflərindən biri də budur ki, mövzunu təfərrüatı ilə araşdırarkən öz zəif tərəflərinizi də müəyyən edə bilərsiniz. Unutmayın ki, mürəkkəb ifadə formaları mövzunun başa düşülməsini və mənimsənilməsini çətinləşdirir. Bu səbəbdən də məlumatın hansı yaş qrupu üçün nəzərdə tutulmasından asılı olmayaraq, mövzunun ən sadə izahı verilməlidir. Bu, öyrənilən məlumatın yaddaşda daimi qalmasını təmin edir. Mütəxəssislər bildirir ki, Feynman texnikası ilə öyrənilən məlumatı həyata uyğunlaşdırmaq və istifadə etmək daha asan olur.

Kurikulumun tələb etdiyi məlumatlar bir müddət sonra unudula bilər. Buna görə də məlumatı öyrəndiyiniz zaman ondan həyatınızın qalan hissəsi üçün necə istifadə edəcəyinizi düşünməlisiniz. Feynman texnikası biliyin həyata uyğunlaşdırılması və həmişəlik öyrənilməsini vəd edir.