YARIMKÜRƏLƏRİMİZİN GÜCÜNÜ KƏŞF EDƏ BİLƏRİK




Həyatda qazandığımız uğurlara görə beynimizə və onun düşünmək qabiliyyətinə borcluyuq. Bu orqan hərəkət, nitq, məlumatların işlənməsi, planlaşdırma, qərar qəbul etmə kimi bacarıqlarımıza, yaddaş və duyğularımıza cavabdehdir. Elmin və tərəqqinin inkişafına baxmayaraq beynin bir çox qabiliyyətləri hələ də sirr olaraq qalır.

Qavrama, düşüncə və davranış tərzinə görə insan beyni iki yerə bölünür: sağ beyin və sol beyin. Bu iki yarımkürənin xüsusiyyətləri bir-birindən fərqli şəkildə işləyir.  

Beynin daha məhsuldar işləməsini təmin etmək, yarımkürələr arasında əlaqəni optimallaşdırmaq  üçün müxtəlif üsul və məşqlərdən istifadə olunur. Ancaq bu üsullara əl atmazdan öncə, fərdin hansı beyin lobunun dominant olduğu araşdırılmalıdır.

Sağ beyin yarımkürəsini fərqləndirən xüsusiyyətlər

Sağ beyin yarımkürəsi daha çox yaradıcı intellekt kimi tanınır. O, daha çox təsvirə,  forma, rəng və şəkillərə cavab verir. Sağ beyin intuitivdir, fərziyyələrə və hisslərə əməl etməyə meyillidir. Obyektlərlə münasibət qurarkən abstraksiyadan yox, emosionallıqdan bəhrələnir. Görərək və eşitməklə öyrənən sağ beynin şeirə, təxəyyül və metaforaya marağı var. Bədənin sol tərəfində yerləşən hiss orqanlarının və bədən hərəkətlərinin idarə edilməsinə görə məsuldur. Sağ beyin xüsusiyyətlərini qısaca aşağıdakı kimi sıralamaq olar:

  • Görmə və eşitmə prosesləri ilə məşğul olur.
  • Üzləri xatırlayır.
  • Rəsm və obyektlərdən yararlanmaqla ifadəyə üstünlük verir.
  • Hiss, xoşbəxtlik, emosionallıq və şəfqət kimi bütün duyğuların təsiri altındadır.
  • İncəsənət mövzularına maraq göstərir.
  • Öyrənməyə və şəxsi inkişafa diqqət yetirir.
  • O, intuitiv məsələlərdə çox bacarıqlıdır.
  • Problemləri həll edərkən bütün detalları nəzərə alır.
  • O, daha az idarə olunur və risk almağa meyillidir.
  • Həmişə alternativləri və oxşarlıqları axtarır.

Sağ beyin dominantlığı insanın yüksək estetik intellektə malik olmasının göstəricisidir. Rəssam, memar və mühəndislərdə daha çox sağ beyin yarımkürəsi inkişaf etmiş olur. Beynin bu hissəsini inkişaf etdirmək üçün müxtəlif üsullardan istifadə edilə bilər:

  • Rəsm
  • Mahnı oxumaq
  • Musiqi alətlərində ifa etmək
  • Rəqs

 Sol beynin xüsusiyyətləri

Məntiqi zəka kimi önə çıxan sol beyin nitqin və dilin mərkəzidir. Analitik düşünür, məntiqi və sistemli şəkildə davam edir. İnformasiyanın emalı prosesi ardıcıl və detallı düşünməyə meyillidir. Rəqəmsal əməliyyatları tez yerinə yetirə bilir. İstənilən problemi həll etmək üçün səbəb-nəticə əlaqələrindən istifadə edir. Bədənin sağ tərəfində yerləşən hiss orqanlarına görə  məsuliyyət daşıyır. Sol beyin xüsusiyyətlərinə aşağıdakılar daxildir: 

  • Eşitmə və vizual vasitələrlə öyrənir.
  • O az risk alır.
  • Məntiqlidir.
  • Riyazi düşüncəlidir.
  • Duyğularını idarə edir.
  • Planlar qurmağa meyillidir.
  • Güclü yaddaşı var.
  • Yazmağa və danışmağa çox üstünlük verir.

 Sol beyni inkişaf etdirmək üçün tələb olunan üsullara aşağıdakılar daxildir:

  • Mütaliə
  • Əcnəbi dil öyrənmək
  • Riyazi məsələlərin həlli
  • Skanvordların həlli
  • İntellekt və strategiya əsaslı oyunlar

“Sol beyin peşələri”indən danışılarkən  cərrahlıq,   maliyyə məsləhətçiliyi, mühasibatlıq və menecment və s. sadalanır.

 Sağ və sol beyin yarımkürələrinin balansı

Hər kəsin sağ və sol beyni eyni dərəcədə fəaliyyət göstərmir. Bəzi insanlarda sağ beyin dominantdır, digərlərində isə sol beyin üstünlük təşkil edir. Bu, onların gün ərzində düşüncə tərzinə və davranışlarına təsir edir. Ancaq əhəmiyyətli olan hər iki beyin lobunu balanslı şəkildə istifadə etməkdir. Bunun üçün müxtəlif fəaliyyətlər mövcuddur.

Sağ və sol beyni inkişaf etdirmək üçün bəzi fəaliyyətlər:

  • Əllərdən istifadə

Sağ əlinizi aktiv şəkildə istifadə edirsinizsə, sol əlinizlə, solaxaysınızsa sağ əlinizlə yazmağa və çəkməyə cəhd edə bilərsiniz. Bununla da beyninizin digər tərəfinin də aktivliyinə nail ola bilərsiniz. Proses zamanı mümkün qədər səliqəli yazmağa və çəkməyə çalışmalısan.

  • Nəfəs məşqləri

Beyin fəaliyyəti beynin əks tərəfində baş verir. Başqa sözlə desək, sağ burun dəliyindən nəfəs almaq beynin sol hissəsini, sol burun dəliyindən nəfəs almaq isə sağ beyni aktivləşdirir. Buna görə də, beyin loblarınızı aktivləşdirmək üçün əvvəlcə sağ burun dəliyini bağlayıb yalnız soldan nəfəs ala bilərsiniz, sonra sol tərəfi bağlayıb sağ tərəfdən nəfəs ala bilərsiniz.

Beynin sağ lobu vizual yaddaşa görə məsuldur.  Vizual yaddaşınız yetərincə yaxşı deyilsə, sağ beyninizi aktivləşdirmək üçün kartlardan istifadə edə bilərsiniz. Üzü aşağı çevrilmiş kartları çevirməklə onların uyğunluqlarını tapa bilərsiniz. Bu oyun diqqət və yaddaş qabiliyyətini gücləndirir.

Krossvordlar həlli

Beyninizin sol tərəfinin fəaliyyətini gücləndirmək üçün  krossvordlar da əlverişli yoldur. Hər gün bir sudoku və ya krossvord həll etmək diqqət bacarıqlarının inkişafına təkan verir.

Odur ki, beyninizin daha səmərəli fəaliyyəti üçün təklif olunan vasitələrdən uyğun olanını seçə bilərsiniz. Bu, həm də internet asılılığının qarşısını almaq üçün faydalı ola bilər.