MASLOU PİRAMİDASI TƏHSİLDƏ
Akademik uğur qazanmaq hər bir təhsilalanın arzusudur. Ancaq insanın əsas ehtiyacları ödənilməsə, təhsil də daxil olmaqla heç bir sahədə nailiyyət əldə edə bilməz. Bunu Maslounun ehtiyaclar piramidası iddia edir. Maslounun ehtiyaclar iyerarxiyası (Maslow's hierarchy of needs) və ya Maslou nəzəriyyəsi kimi də tanınan bu psixoloji nəzəriyyəni 1943-cü ildə amerikalı psixoloq Abraham Maslou təqdim edib. Bu iyerarxiya insan ehtiyaclarının beş səviyyəli modelini bir piramidada əks etdirən psixoloji nəzəriyyədir.
Aşağıdan yuxarıya doğru bu ehtiyaclar fizioloji, təhlükəsizlik, sevgi və insani münasibətlər, hörmət və qəbulolunma, özünüifadə formasında təqdim olunub. Burada əsas şərt odur ki, növbəti mərhələyə keçməzdən əvvəl hər bir səviyyənin ehtiyacları təmin olunmalıdır.
Maslounun ehtiyaclar iyerarxiyası insan motivasiyasını və rifahını anlamaq üçün əhəmiyyətli bir çərçivə təmin etsə də, onun prinsiplərini təhsil şəraitinə tətbiq etmək problemlər yarada bilər. Təhsil işçiləri hər səviyyədə şagirdlərin tələblərini təmin etməyə çalışdıqları üçün müxtəlif çətinliklərlə üzləşə bilərlər. Rasmussen Universitetinin (ABŞ) hazırladığı məqalədə bu modelin təhsil prosesinə tətbiqi, məktəbyaşlı uşaqların motivasiyasına və davranışına təsiri ilə bağlı tövsiyələr verilir. Universitetin məqaləsində göstərilir ki, inkişaf etmiş ölkələrin təhsil sistemində müəllimlər və təhsil psixoloqları daha effektiv öyrənmək mühiti yaratmaq üçün bu prinsiplərdən daha çox tətbiq etməyə çalışırlar.
Tövsiyələrdə qeyd olunur ki, müəllimlər təhsil təcrübələrini Maslounun piramidasına uyğunlaşdırmaqla uşaqlar üçün qayğıkeş tədris mühiti yarada bilərlər. Bu, uşaqların hərtərəfli böyüməsinə və rifahına, piramidada irəliləməsinə və daha yaxşı öyrənmək təcrübəsi qazanmasına kömək edə bilər.
Universitet mütəxəssislərinin fikrincə, şagirdlər təlim prosesində iştirak etməzdən əvvəl onların fizioloji ehtiyacları nəzərə alınmalı və ödənilməlidir. Məktəb qida və su, sanitar qovşaqlar və rahat dərs mühitini təmin etməklə şagirdlərin fizioloji ehtiyaclarının ödənilməsinə kömək edə bilər. Şagirdlər qida və ya mənzil kimi əsas fizioloji ehtiyaclarını ödəməkdə çətinliklərlə üzləşdikdə təhsil sistemləri pulsuz yemək və yataqxanaların təmin olunması təşəbbüsləri ilə çıxış edə bilər. Bunun üçün icma təşkilatları ilə əməkdaşlıq çərçivəsində dəstək proqramları və yemək ehtiyatları yaradıla bilər. Pedaqoqlar həmçinin mövcud variantlar haqqında biliklərini artıra və təhsilalanların çəkinmədən yardım istəməsi üçün yollar təqdim edə bilərlər.
Bundan əlavə, gigiyena və sağlamlıq kimi məsələlərin həlli şagirdlərin ümumi rifahını və öyrənməyə hazırlığını yaxşılaşdıra bilər.
İyerarxiyanın ikinci pilləsindəki tələblərə həm fiziki, həm də emosional təhlükəsizlik daxildir. Bunlar effektiv öyrənmək prosesi üçün vacibdir. Təhsilalanların təhlükəsiz və yüksək qiymətləndirildikləri dəstəkləyici sinif şəraitinin yaradılmasında müəllimlərin mühüm rolu var. Təhlükəsiz və dəstəkləyici öyrənmə mühitinin yaradılması zorakılıq, təcavüz və ya emosional narahatlıq hallarına qarşı fəal yanaşma tələb edir. Müəllimlər zorbalığa qarşı qaydalar işləyib hazırlaya, həmçinin travma alanlara dəstək qrupları yarada bilərlər. Pedaqoqlar həmçinin inklüziv və emosional cəhətdən sağlam mühit yaratmaq üçün empatiya, hörmət və müsbət ünsiyyəti təşviq edə bilərlər.
Sosial varlıq olaraq insanın sevgi və hörmətə əsaslanan münasibətləri hər kəsin, xüsusilə uşaqların rifahı üçün olduqca vacibdir. Uşaqların sinfə mənsubluq hissi yaradılmalı, yaşıdlar arasında müsbət münasibətlərin formalaşmasına, müxtəlifliyin qəbul olunmasına səy göstərilməlidir. Pedaqoqlar inklüziv sinif strategiyalarından, birgə öyrənmək imkanından, yaşıdların mentorluğu və multikultural təhsil təşəbbüslərindən istifadə edə bilərlər. Məktəbdə şagirdlərə öz hekayələrini, adət-ənənələrini və mədəni mənşəyini ifadə etmək şansının təmin edilməsi də vacibdir. Bu, müxtəlif qrupların özlərini məktəbə daha bağlı və evdəki kimi hiss etmələrinə kömək edə bilər. Şagirdlərlə sıx əlaqələr qurmaq, yaşıdlarını cəlb etməklə müsbət icma münsibətləri yaratmaq da hörmət və sevgiyə əsaslanan mühitin yaradılmasında faydalı ola bilər.
Tövsiyələrdə qeyd olunur ki, şagirdlərin dördüncü pillədəki hörmət ehtiyaclarının dəstəklənməsinin lazım olduğunu anlamaq uğurlu nəticələrin və irəliləyişin təşviqi üçün çox vacibdir. Şagirdlərin özünə hörmətinin artması, nailiyyət qazanması və şəxsi inkişafı üçün imkanlar təmin edilməlidir. Pedaqoqlar müxtəlif öyrənmə üslublarını hazırlamaqla bu təlimatı genişləndirə bilərlər. Təhsilalanların xarakterinin güclü tərəflərinə diqqət yetirmək, iradə və qətiyyət bacarıqlarını inkişaf etdirən konstruktiv tənqidi yanaşmanı təmin etmək də lazımdır. Hörmət özünə dəyər, bacarıq və qəbul olunmaq hissləri tələb edir. Müəllimlərə şagirdlərə müsbət tənqidi münasibət göstərməklə onların özünə hörmətini artırmaq, səy və nailiyyətlərini qiymətləndirmək üçün imkanlar yaratmaq təklif olunur. Pedaqoqlar müsbət münasibətlərin qurulmasını aşılamaqla təhsilalanlara inam və müsbət mənlik şüurunun inkişafında kömək edə bilər.
Maslounun iyerarxiyasındakı son pillə özünüifadə ehtiyacı ilə bağlıdır. Pedaqoqlar müstəqillik, yaradıcılıq və şəxsi inkişaf üçün imkanlar təqdim etməklə bunu təşviq edə bilərlər. Buraya təhsilalanlara öz fəaliyyətlərində seçim imkanı vermək, yenilikləri araşdırmağa sövq etmək daxil ola bilər. Müəllimlər şagirdlərə öz maraqlarını həyata keçirməkdə kömək etməlidirlər.
“Brooks and Kriiks” saytının məqaləsində də qeyd olunur ki, sağlam tədris mühiti yaratmaq üçün şagirdlərin ümumi rifahının prioritetləşdirilməsi vacibdir.
Həmin məqalədə də qeyd olunur ki, Maslounun ehtiyaclar iyerarxiyasının təhsildə tətbiqi şagirdlərin hərtərəfli inkişafını dəstəkləyən güclü alətdir. Müəllimlər şagirdlərin əsas ehtiyaclarını nəzərə almaqla onların rifahını təmin edə, öyrənməyə marağını artıra və akademik uğurlarını inkişaf etdirə bilərlər. Belə yanaşma daha inklüziv, təhlükəsiz və motivasiyaedici təhsil mühiti yaradır.