2025-İN ƏN UĞURLU 10 TƏHSİL TƏDQİQATI




“Edutopia” saytı 2025-ci ildə təhsil sahəsində aparılan ən uğurlu 10 araşdırma haqqında geniş məlumat yayıb. Siyahıda yer alan ilk tədqiqat ABŞ-nin bir çox ştatında, eləcə də bir neçə başqa ölkədə olan məktəblərdə mobil telefonlara tətbiq olunan qadağalarla bağlıdır.

Mobil telefon qadağası

Tədqiqatçılar Hindistanda 10 universitet kampusunda 1000-dən çox taxta telefon qutusu quraşdıraraq mobil telefon qadağalarının akademik nəticələrə təsirini öyrənmək üçün eksperimentə başlayıblar. Bir semestr ərzində təxminən 17 min təhsilalanın bir hissəsi dərslərə telefonla, digər hissəsi isə telefonsuz daxil olub. Tədqiqatlara görə, telefonsuz siniflərdə hətta çətinlik çəkən şagirdlər arasında belə daha yaxşı nəticə əldə olunub. Tədqiqatçılar bildiriblər ki, telefon qadağaları “qiymətləri əhəmiyyətli dərəcədə yaxşılaşdıra” və “nailiyyəti artıra” bilər. Bu tapıntılar mobil telefon məhdudiyyətləri ilə daha yüksək akademik nəticələr arasında açıq səbəb-nəticə əlaqəsinin mövcudluğunu göstərir.

Akademik nəticələrin yüksəlməsindən əlavə, Hindistanda aparılan araşdırmada siniflərdə dərslərin daha az pozulması, dərslə əlaqəsi olmayan fəaliyyətlərin azalması və müəllim-şagird münasibətlərinin yaxşılaşması da qeydə alınıb.

Riyaziyyat mətnlərin şifrəsini açır

Orta məktəb səviyyəsində 1000 riyazi məsələnin həllini analiz edən tədqiqatçılar müəyyənləşdiriblər ki, şagirdlər tez-tez mətn şəklində təqdim olunan məsələləri hesablana bilən addımlara çevirməkdə çətinlik çəkirlər. Məsələn, ailə səfəri üçün yanacaq, yemək və qalma xərclərinin hesablanması kimi sadə görünən ssenarilər belə onlara çətin gəlir.

Araşdırmada ən çox istifadə edilən üsul (mətnin əsas hissələrinin vurğulanması) gözlənilən effekti verməyib. Lakin bu üsul diaqramların çəkilməsi, məlumatların kateqoriyalara ayrılması, oxlar və qeydlərlə müşayiət olunduqda şagirdlər məsələnin strukturunu daha yaxşı anlayıblar. Bu strategiyalardan istifadə edən şagirdlərin məsələləri düzgün həll etmək göstəricisi 29 faiz artıb.

Qısa fasilələrin uzunmüddətli təsiri

Araşdırmalar göstərir ki, qısa fasilələr şagirdlərin diqqətini və ümumi nəticələrini əhəmiyyətli dərəcədə artırır. Böyük Britaniyada aparılan tədqiqatda müəyyən olunub ki, şagird diqqətində ilk zəifləmə cəmi beş dəqiqədən sonra başlayır və dərsin sonuna qədər davam edir.

Bu problemi araşdırmaq üçün 253 şagird 90 dəqiqəlik mühazirələrdə iştirak edərkən müşahidə edilib. Bir qrupda hər 10 dəqiqədən bir 90 saniyəlik mikro-fasilələr, digər qrupda isə dərsin ortasında bir dəfə 10 dəqiqəlik fasilə verilib. Mikro-fasilələr gözləri yummaq, sakit söhbət etmək, dartınmaq və ya su içmək kimi sadə fəaliyyətlərdən ibarət olub. Diqqətin ölçülməsi testlərində mikro-fasilələr tətbiq edilən qrup hər mərhələdə digər qruplardan 76 faizə qədər daha yaxşı nəticə göstərib.

Tədqiqatçılar vurğulayırlar ki, “mükəmməl davamlı diqqət” bioloji baxımdan mümkün deyil. Buna görə də müəllimlər öyrənmə prosesini daha kiçik hissələrə bölməli və hər 10-15 dəqiqədən bir fasilələrdən istifadə etməlidirlər.

Əlyazma qalib gəlir

Yeni araşdırmalar ekranla kağız arasındakı rəqabətdə əlyazmanın üstün gəldiyini göstərir. Tədqiqatlar sübut edir ki, klaviatura ilə yığmaq deyil, məhz əl ilə yazmaq uşaqlarda hərfləri tanımaq və sözləri oxumaq üçün zəruri olan idrak çərçivəsini formalaşdırır.

Tədqiqatçılar oxumağı hələ öyrənməmiş 5 yaşlı uşaqlardan yeni hərfləri və ikihecalı sözləri öyrənmələrini xahiş ediblər. Daha sonra uşaqlar bu material üzərində ya əllə yazaraq, ya da klaviatura ilə yığaraq məşq ediblər. Ardınca uşaqların bacarıqları qiymətləndirilib.

Əl ilə yazanlar demək olar ki, bütün göstəricilər üzrə daha yüksək nəticələr göstəriblər. Son illərdə neyroelm sahəsində aparılan tədqiqatlar da bu nəticələri təsdiqləyir.

Cavab yerinə ipucları verin

Yeni bir araşdırma göstərir ki, böyüklər çətinlik çəkən uşağa həddindən artıq tez müdaxilə etdikdə, bu, problemin uşağın imkanlarından kənarda olduğu mesajını verə və onun özünəinamını, intellektual risklərə meylini azalda bilər.

Tədqiqatçıların nəzərdən keçirdiyi araşdırmalara əsasən artıq 5 yaşdan yuxarı uşaqlar böyüklərin tez-tez müdaxilə etməsi nəticəsində “çətin tapşırıqlara davam etmək motivasiyasını itirirlər”. Bu da göstərir ki, hətta yaxşı niyyətli davranışlar belə əks təsir göstərə və bacarıqların inkişafı üçün vacib imkanları məhdudlaşdıra bilər. Tədqiqatçılar müəllimlərə uşaqlara kömək məqsədilə birbaşa cavab vermək əvəzinə, ipucları təqdim etməyi və istiqamətləndirici suallar verməyi tövsiyə edirlər. Bu uşağın müstəqilliyini qoruyur və özünəyetərliliyi inkişaf etdirir.

Süni intellekt vaxta və kağıza qənaət edir

Xüsusi təhsil müəllimləri sənədləşməyə - fərdi təhsil planlarının (IEP) hazırlanması, həftəlik irəliləyişlərin qeydi, uyğunlaşdırmaların izlənməsi və s. xeyli vaxt ayırmalı olurlar.

Son tədqiqatlarda təcrübəli xüsusi təhsil müəllimlərindən şagirdin əlillik növü, əvvəlki göstəriciləri və ehtiyacları barədə qısa təsvir əsasında IEP hazırlamaları xahiş edilib. Daha sonra həmin müəllimlər eyni məlumatları təqdim edərək süni intellekt vasitəsilə analoji sənədlər hazırlayıblar.

Altı meyar üzrə (aydınlıq, ölçüləbilənlik, vaxt uyğunluğu və s.) aparılan analiz göstərib ki, müəllimlərin və süni intellektin hazırladığı sənədlər arasında statistik baxımdan əhəmiyyətli keyfiyyət fərqi yoxdur. Araşdırmanın aparıcı müəllifi və keçmiş xüsusi təhsil müəllimi Danielle Vaterfield qeyd edib ki, süni intellekt kağız işlərini azaltmaq və müəllimlərin diqqətini şagirdlərlə birbaşa ünsiyyətə yönəltmək potensialını açıq şəkildə nümayiş etdirir.

Xoşbəxt uşaqlar

Yeni bir araşdırmaya görə, gündəlik 30 dəqiqəlik fasilə ibtidai sinif şagirdlərinin rahat və dərsə hazır olması üçün kifayət etmir.

Tədqiqatçılar 130 dördüncü sinif şagirdini müqayisə edərək onlara ya 30, ya da 45 dəqiqəlik gündəlik fasilə veriblər. Daha sonra uşaqların kortizol səviyyəsi -xroniki stressin bioloji göstəricisi ölçülüb. 45 dəqiqə fasilə alan qrupda kortizol səviyyəsi 68 faiz daha aşağı olub.

Tədqiqatçılar vurğulayırlar ki, fasilələr tez-tez, strukturlaşdırılmamış və açıq havada olmalıdır. Araşdırmalar göstərir ki, müstəqil oyun daha xoşbəxt və sosial baxımdan daha bacarıqlı uşaqların formalaşmasına şərait yaradır.

Münasibətlərin dəyəri

Şagirdlər bağçadan orta məktəbə qədər müəllimlərlə təxminən 15 min saat vaxt keçirirlər və bu münasibətlərin keyfiyyəti öyrənmədə həlledici rol oynayır.

70 illik araşdırmaları və 2,6 milyon şagirdi əhatə edən geniş meta-təhlil göstərib ki, etibarlı və dəstəkləyici müəllim-şagird münasibətləri daha yüksək akademik nailiyyətlər, daha müsbət davranış, güclü özünənəzarət və mənsubiyyət hissi ilə sıx əlaqəlidir. Xüsusilə orta və yuxarı siniflərdə bu təsir daha qabarıq şəkildə özünü göstərir.

Digər bir meta-analiz isə sosial-emosional proqramların akademik nailiyyətləri orta hesabla 8,4 faiz artırdığını ortaya qoyub. Araşdırmaçılar vurğulayırlar ki, özünü məktəbə aid hiss edən şagirdlər akademik baxımdan daha uğurlu olurlar.

Müəllimlik ən çətin peşə ola bilər

Tədqiqatçılar nəzəriyyəyə əsaslanan müəllim hazırlığı proqramlarını praktikaya yönələn proqramlarla müqayisə ediblər. Sinif situasiyalarını simulyasiya edən məşqlər, ustad müəllimlərin videolarının izlənilməsi və məşqçi nəzarətində rol oyunlarında iştirak edən namizəd müəllimlər daha yüksək bacarıq nümayiş etdiriblər.

Nəticələr göstərib ki, praktika nəzəriyyəni üstələyir. Onlarla, bəzən yüzlərlə fərqli şagirdlə işləmək son dərəcə mürəkkəbdir və bu iş yalnız nəzəri biliklərlə mümkün deyil.

GPT ilə yazanlar heç nə xatırlamır

ChatGPT-dən istifadə edilərək yazılmış esselər tamamlandıqdan cəmi bir neçə dəqiqə sonra müəlliflər yazdıqları mətnin böyük hissəsini xatırlamayıblar.

2025-ci ildə MIT-də aparılan bir araşdırmada tələbələr EEG cihazlarına qoşularaq esse yazıblar. ChatGPT-dən istifadə edən tələbələrin yazıları statistik baxımdan bir-birinə çox oxşar olub və beyin fəaliyyəti zəif koordinasiya olunub. Maraqlıdır ki, bu tələbələrin yalnız 17 faizi bir neçə dəqiqə sonra yazdıqları mətnin bir cümləsini belə çətinliklə xatırlaya bilib. Yardımsız yazan tələbələrdə isə bu göstərici 89 faiz təşkil edib.

Araşdırma göstərir ki, süni intellektdən nə vaxt və necə istifadə edilməsi həlledici əhəmiyyət daşıyır. Əvvəlcə mətni özləri yazan, daha sonra redaktə mərhələsində AI-dən istifadə edən tələbələr daha yaxşı nəticələr əldə ediblər. Tədqiqatçılar müəllimlərə Sİ ilə dəstəklənən mərhələləri Sİ-siz öyrənmə mərhələləri ilə balanslaşdırmağı tövsiyə edirlər.

Zemfira Məmmədqızı