PANDEMİYA ƏSAS SƏBƏB DEYİL
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) məktəblilərin uğurları ilə bağlı “PISA 2022” (Programme for International Student Assessment – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) adlı araşdırmanın nəticələrini açıqlayıb.
2000-ci ildən başlayaraq həyata keçirilən proqram 15 yaşlı şagirdlərin təbiət fənləri, riyaziyyat və oxu bacarıqları üzrə araşdırmalar aparır. Araşdırma İƏİT-ə daxil ölkələrin hökumətləri tərəfindən yaxından izlənir və qlobal meyar halına gəlib.
2022-ci ildə keçirilən son araşdırmada 81 ölkə və 690 000 şagird iştirak edib.
Adətən 3 ildən bir keçirilən araşdırma COVID 19 pandemiyası nəticəsində bir il gec reallaşdırılıb. PISA-2022 nəticələri bütün dünyada məktəblilərin bilik səviyyəsinin kəskin şəkildə azaldığını göstərib. İƏİT ölkələrində orta göstərici riyaziyyat savadlılığı üzrə 15, oxu üzrə isə təxminən 10 bal aşağı düşüb.
Əvvəlki illərin reytinqdə ilk pillələri tutan Asiya ölkələri PISA 2022-də də ən yüksək bal toplayıblar. Sinqapur hər üç sahədə birinci yerdədir. PISA 2018-də o, reytinqdə ikinci yeri tutmuşdu. 2018-ci ilin digər liderləri – Çin Xalq Respublikasının dörd əyaləti 2022-ci ildə tədqiqatda iştirak etməyiblər. İƏİT-nin rəsmi internet səhifəsində bu, sınaqların keçirildiyi müddətdə həmin məktəblərin bağlı olması ilə izah edilib.
Bu dəfə riyaziyyat sahəsində təhsil sistemlərinin effektivliyi daha ətraflı araşdırılıb. Araşdırmanın nəticələrinə görə, Sinqapurdan sonra Makao (ÇXR), Tayvan (ÇXR), Honq-Konq (ÇXR), Yaponiya və Cənubi Koreya gəlir.
Təhsil ekspertlərinin fikrincə, məktəblilərin savadlılığının qlobal reytinqində "geriləmə", hər üç sahədə balların azalması qismən pandemiya ilə izah oluna bilər. Çünki bir sıra ölkələrdə, o cümlədən Fransada “oxu və təbiət fənlərində balların azalması, riyaziyyatda mənfi tendensiyalar 2018-ci ildən əvvəl də nəzərə çarpırdı”.
Yaponiya, Sinqapur və Cənubi Koreyada koronavirus məhdudiyyətlərinə baxmayaraq göstəricilər yaxşılaşıb.
Avropa ölkələri arasında Estoniya liderlik edir və eyni zamanda riyaziyyat üzrə qlobal onluğa daxildir.
Fransadan sonra ən kəskin geriləmə Almaniya və Polşada nəzərə çarpıb.
Ölkəmizi riyaziyyat fənni üzrə qiymətləndirmədə Bakı məktəbliləri təmsil edib. 81 ölkə arasında 56-cı yerdə qərar tutan Azərbaycanın nəticələri digər fənlərə nisbətdə əhəmiyyətli dərəcədə yüksəkdir. Şagirdlər 25 ölkədən, o cümlədən Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyadan daha yaxşı nəticə göstəriblər. Azərbaycanlı şagirdlərin riyaziyyatda narahatlıq səviyyəsi İƏİT ortalamasından aşağıdır, bunu da ekspertlər müsbət hal kimi dəyərləndirirlər. Azərbaycan PISA 2022-də sosial-iqtisadi ədalətlilik indeksi üzrə Norveç, Kanada, Birləşmiş Krallıq kimi ölkələrlə eyni səviyyədədir. Ölkəmiz PISA 2022 nəticələri üzrə 2018-ci ilə nisbətən geriləsə də regiondakı ölkələrlə müqayisədə irəlidədir və MDB ölkələri arasında 3-cü yerdədir.
Qeyd edək ki, Azərbaycan PISA tədqiqatında ilk dəfə 2006 və 2009-cu illərdə iştirak etsə də, zəif nəticə göstərdiyinə görə prosesdən uzaqlaşmışdı. 2018 və 2022-ci illərdə aparılan PISA tədqiqatının nəticələrində ölkəmiz əvvəlki dövrlərlə müqayisədə irəliləyiş əldə edib.
Bu prosesdə iştirak həm də bütün iştirakçı ölkələrdə təhsilin keyfiyyətinin yüksəldilməsinə stimul verir.