ANA DİLİ VƏ ÇOXDİLLİLİK PROBLEMLƏRİ


Elnarə Əliyeva




Müasirliyin vacib şərtlərindən biri milliliyi saxlamaqla dünyaya inteqrasiya etməkdir. Müasir texnologiyanın imkanlarından istifadə etmək, dünya miqyasında sosiallaşmaq müxtəlif millətlərin əsas hədəfidir. Çoxmillətli cəmiyyətdə kütləvi ikidillilik qaçılmaz sosial təzahürdür. Tədqiqatçılar ikidilliliyə sahib olmanın beyin üçün əhəmiyyətini sübut ediblər. Həmçinin ikidilli və ya çoxdilli insan mühitə daha asan adaptasiya olur. Elm və texnika inkişaf etdikcə, aparıcı xarici dilə daha çox tələbat yaranır. Müasir dövrümüzdə, demək olar ki, bütün ölkələrdə ingilis dilinin nüfuzu artıb. Lakin beynəlxalq dillərin sərhədləri genişləndikcə və funksiyaları artdıqca yerli dillər tədricən tənəzzülə uğrayır, bəzən isə məhv olmaq təhlükəsi ilə üzləşir. Məqalədə çoxdilliliyin müsbət və mənfi tərəfləri göstərilib, beynəlxalq dilə sahib olmanın yerli dillər üçün törətdiyi təhlükədən bəhs edilib.

GİRİŞ

Dil aparıcı mədəniyyətlərarası alətdir. Hər bir dil hansısa mədəniyyətin daşıyıcısıdır. İnsan bu və ya digər mədəniyyətə mənsubluğu çərçivəsində milli kimliyini dərk edir. Bu dərketmə fərdin linqvistik şüurunda sabitləşir və ünsiyyət prosesində öz əksini tapır.

Müasirliyin ən vacib şərtlərindən biri milliliyi saxlamaqla dünyaya inteqrasiya etməkdir. Müasir texnologiyanın imkanlarından istifadə etmək, dünya miqyasında sosiallaşmaq müxtəlif millətlərin əsas hədəfidir.

İnsan sosiallaşma prosesində mənəvi inkişaf yolu keçir və çoxdillilik bu inkişafa təkan verir. Çoxdilli cəmiyyətdə reallıqları düzgün dərk etmək, fikri asan ifadə etmək ünsiyyətdə başlıca şərtdir. Bu zaman əsas komponent ana dili, ikinci komponent isə müxtəlif millətləri təqdim edən, başqa xalqların mədəni dəyərlərini əks etdirən digər dil hesab olunur. B.X.Xasanov bildirir ki, adətən, “ana dili” sosial-etnik, yaxud sosiolinqvistik kateqoriya hesab olunur. M.N.Quboğlu isə bu fikri inkar edərək onu psixoloji kateqoriya hesab edir. Çünki o təkcə insanın kimlə, nə haqqında, nə qədər çox, hansı səbəbdən söhbət etdiyini, hansı dildə yazıb, oxuyub, fikirləşdiyini deyil, daha çox dil vasitəsilə müəyyən millətə və xalqa öz mənsubluğunu necə ifadə etməsini əks etdirir (Khasanov, 1987).

Son illər sosiolinqvistik ədəbiyyatda ana dilinin təyin olunması ilə bağlı, insan həyatında funksionallıq baxımından daha çox əhəmiyyət daşıyan, həmişə ana və millət ilə bağlı olmayan dilin ana dili kimi qəbul edilməsi haqqında yeni fikirlər yaranıb (Ayupova, 1988). İnsanın həyatında aparıcı rol oynayan, onun daim istifadə etdiyi dilin ana dili adlandırılmasının daha düzgün olması iddia edilir. Halbuki ana dili millətin əsas atributudur. Dil irsi, irqi səciyyə daşımasa da, ana dili milli mənlik, milli kimliklə bağlıdır. Tədqiqatlar göstərir ki, körpə hələ ana bətnində ikən onun səsini duyur. Odur ki, anasının doğma dilində ünsiyyətə başlamaq daha asan reallaşır.

Dil və mədəniyyətin qarşılıqlı əlaqəsini qarışıq ailədə doğulan çoxdilli uşağın nümunəsində öyrənmək olar. Əgər valideynlər iki fərqli dilin daşıyıcısıdırsa, onlar tamam başqa millətin arasında yaşayırlarsa, bu halda ailəyə təbii yolla “üçüncü” dil də daxil olur. Təbii çoxdilli mühitdə uşaq bir neçə mədəniyyəti gündəlik məişətdə doğmalarının əhatəsində asanlıqla özününküləşdirir. Bu halda üçdilli uşaq üç dil sisteminin, üç mədəniyyətin arasında tərbiyə alır. Dilin süni yolla daxil olması isə insanın fərdi maraq və məqsədlərinin nəticəsidir. M.Yelena bildirir ki, “çoxdillilik şar üzərində balans yaratmağa bənzəyir, dayansan yıxılacaqsan” (Yelena, 2008).

Çoxdilli insanlar, adətən, bildikləri dillərdən şəraitə uyğun olaraq, yəni məişətdə daha çox ana dilindən, I dildən, rəsmi yerlərdə isə digər dildən istifadə edirlər. İkidillilik və çoxdillilik dil kontaktının əsas səciyyəvi əlamətlərindəndir. Çoxdilli insanın şüurunda onun danışdığı bütün dillər həqiqətən də bir-biri ilə bağlıdır və qarşılıqlı əlaqədədir. Lakin təbii ki, peşəkar ünsiyyət 1-2 dil üzərində qurulur.

ÇOXDİLLİ TƏHSİL

İbtidai siniflərdə çoxdilli təhsilin əhəmiyyəti daha çox qiymətləndirilir və ictimai həyatdakı inkişafına imkan yaradılır. Ana dilinə əsaslanan çoxdilli təhsil qeyri-dominant dillərdə, azlıq qruplarının dillərində və yerli dillərdə danışan əhali qruplarının dil öyrənməyə çıxışını asanlaşdırır. UNESCO 2023-cü il fevralın 21-də təşkil ediləcək tədbirlərdə təhsili ömürboyu öyrənmə perspektivi və müxtəlif kontekstlərə çevirmək üçün çoxdilliliyin potensialının araşdırılıb müzakirə edilməsini tələb olaraq qarşıya qoyur. UNESCO hesab edir ki, ilk dil və ya ana dilinə əsaslanan təhsil erkən yaşlardan başlamalıdır, çünki erkən uşaqlıq dövrü təhsil öyrənmənin əsasıdır.

Kanadanın şimalında, Dene hindularının kəndlərində müəllimlər ilk iki ildə uşaqlara yalnız ana dillərini öyrədirlər. Yalnız 3-cü sinifdə tədricən ingilis dilini öyrətməyə başlayırlar. Nəticədə, uşaqlar bacarıqlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilirlər. Yalnız ana dili dərslərinin köməyi ilə uşaqlar məktəb anlayışını daha yaxşı başa düşə bilirlər.

Türkiyədə çox sayda dil öyrənmək imkanının olması ilə yanaşı, digər dillər seçmə fənn olaraq 5-ci sinifdən tədris olunur. Bu zaman bir dili azı 10 nəfərin seçməsi vacib şərtdir.

Azərbaycan uzun müddət sovet imperiyasının tabeliyində olduğu üçün həmin dövrdə rus dilini bilmək vacib şərt sayılırdı. Bu dil aparıcı xətt təşkil edirdi. Lakin təəssüf ki, bu gün də ana dilinin əhəmiyyətini dərk etməyən, milli şüuru oyanmayan valideynlər rus dilli məktəblərə üstünlük verirlər. Ölkəmizdə rus dili 2-ci dil səviyyəsində adətən yüksək reytinqə malik olub. Rus bölməsinə marağın artması və bu bölmədə təhsil alan azərbaycanlı şagirdlərin ana dili bacarıqlarının aşağı olması narahatlıq doğurmaya bilməz. Bu problemin qarşısının alınması məqsədilə 2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayının artırılması, tədrisi rus dilində həyata keçirilən siniflərdə Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Zəfər tarixi, Azərbaycan musiqisi, hərbi hazırlıq dərslərinin Azərbaycan dilində tədris olunması nəzərdə tutulub1. Müsbət haldır ki, 2023-2024-cü tədris ilində rus bölməsi üzrə birinci sinfə 11 943, 2022-2023-cü ildə isə 14 989 uşaq qəbul olunub2.

Son vaxtlar ingilisdilli məktəblər də fəaliyyət göstərir. Dünyaya inteqrasiya yolunun dəyişdiyini dərk edənlər artıq ingilisdilli məktəblərə üstünlük verirlər. Ölkəmizdə azsaylı xalqların dillərində də təhsil mövcuddur.

Ölkədə 1.428.608 şagird (91,2%) dövlət dilində – Azərbaycan dilində təhsil alır. 4086 (91,96%) məktəbdə tədris yalnız Azərbaycan, 16 (0,36%) məktəbdə rus, 6 (0,14%) məktəbdə gürcü dilində aparılır. Digər dillərdə (ingilis, türk, fransız) təhsil alan şagirdlər 0,2 % təşkil edir. 312 (7,02%) məktəbdə tədris Azərbaycan – rus, 9 (0,20%) məktəbdə Azərbaycan – rus – ingilis, 3 (0,07%) məktəbdə Azərbaycan – gürcü, 1 (0,02%) məktəbdə Azərbaycan – rus – gürcü dilləri üzrə aparılır3

Azərbaycan tolerant və multikultural ölkə olduğu üçün, burada azsaylı xalqlara hər cür şərait yaradılıb. Ölkəmizdə ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris edilir. Ləzgi dili 101 məktəbdə (13590 şagird), talış dili 252 məktəbdə (20908 şagird), avar dili 19 məktəbdə (1695 şagird), saxur dili 4 məktəbdə (585 şagird), udin dili 3 məktəbdə (154 şagird), kürd, xınalıq və ivrit dili isə hərəsi 1 məktəbdə tədris edilir. Ümumilikdə milli azlıqlara mənsub 37123 şagird öz ana dilini öyrənir4.

Amma qeyd etməliyik ki, çox vaxt ikinci və üçüncü dillərdən yersiz istifadə də baş alıb gedir. İngilis dili bilməyən sahibkarlar öz dükanlarının, ofislərinin adını ingilis dilində yazırlar. Son illər hətta məişət səviyyəsində yerli-yersiz əcnəbi dillərdən alınmalara yol verilir.

Qloballaşan dünyada beynəlxalq dil olaraq ingilis dilini bilmək kifayət edir ki, yüksək səviyyədə məlumatlı olasan. Bu dildə kitab və internet resursları digər dillərə nisbətən daha zəngindir. İngilis dilini bilmək gələcəkdə işlə təminat məsələlərini də asanlaşdırır. Buna görə də valideynlərin əksəriyyəti övladlarına bu dili
öyrətməyə çalışırlar.

Dil başqa bir mədəniyyətə açılan pəncərədir. İkinci və ya üçüncü dil öyrənmək həmişə yeni mədəniyyətlə məşğul olmaq və dünyanı fərqli baxışla dərk etmək deməkdir. 

Beləliklə, UNESCO 2023-cü ildə məktəbəqədər və ibtidai təhsilin çoxdillilik vasitəsilə öyrənilməsinə, yox olmaqda olan və ya yox olmaq təhlükəsi ilə üzləşən dilləri canlandırmağa səsləyir.

........................................................................
1 https://525.az/news/235683-yeni-tedris-ili-neler-ved-edir-faktlar-reqemler-gozlentiler
2 https://oxu.az/society/776209
3https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%B7%D1%8B%D0%BA%D0%B8_%D0%B2_%D0%98%D0%BD%D1%82%D0%B5%D1%80%D0%BD%D0%B5%D1%82%D0%B5
4https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%B7%D1%8B%D0%BA%D0%B8_%D0%B2_%D0%98%D0%BD%D1%82%D0%B5%D1%80%D0%BD%D0%B5%D1%82%D0%B5

ÇOXDİLLİLİYİN FAYDALARI

Çoxmillətli cəmiyyətdə kütləvi ikidillilik qaçılmaz sosial təzahürdür. Tədqiqatçılar ikidilliliyə sahib olmanın beyin üçün əhəmiyyətini sübut ediblər. Bu, təfəkkürün çevikliyini artırır və insanın yüksək səviyyəli inkişafını səciyyələndirir. 
Praktiki əhəmiyyəti. Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur.

Çoxdillilik beynin inkişafına təkan verir, düşünmənin çevikliyini artırır. İnsanda özünəinam hissi artır. Təcrübə göstərir ki, insan hansısa xarici vətəndaşla onun öz dilində ünsiyyətə girirsə, bu zaman müsbət enerji alır, inamlı olur.

Çoxdilli insan tanış olduğu mədəniyyətlərin təsiri altında daha kreativ düşünür. Ünsiyyət dairəsinin genişlənməsi ilə insan öz həyatını rəngarəng edir. Stressi azalır, onun məhsuldarlığı artır.

Bioloji, psixoloji əhəmiyyəti. İnsanın xarici dildə düşünməsi şüuraltı qorxudan, intuitiv səhvlərdən uzaq durmağa, problemi daha dərindən təhlil etməyə imkan verir. Çikaqo universitetinin tədqiqatçıları öz ekspermentlərində bu nəticəyə gəliblər ki, xarici dil beyni təmizləyir və aydın düşünməyə şərait yaradır. Xarici dil qorxu ilə motivasiya olunmuş ana dilinə nisbətən daha az emosional rezonans yaradır5.

Toronto Universitetindən olan kanadalı tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, xarici dil öyrənmək Alçqeymer xəstəliyinin simptomlarının yaranmasının qarşısını alır (Yelena, 2008). Bu kimi müsbət cəhətləri əsas götürənlər çoxdilli təhsili daha çox təbliğ edirlər.

Poliqlotlar bir dildən digərinə keçməklə beyni fəaliyyətdə saxlayırlar. Nəticədə neyrodegenerativ proseslər başlayanda beyin uğursuz neyronlardan gələn zərəri kompensasiya etmək üçün imkan tapır.

Xarici dil öyrənmək diqqətin cəmləşdirilməsini formalaşdırır. Belə ki, insan hər hansı xarici dilin qaydalarını, həmin dildəki yeni sözləri öyrənmək üçün fikrini cəmləşdirməli olur. Hər gün mütəmadi olaraq ən azı 30 dəqiqə xarici dil öyrənməyə vaxt sərf edən insanda diqqət cəmləşdirmək vərdişi yaranır. Beləliklə, dil öyrənmək diqqət yayınmasının qarşısını alır.

ÇOXDİLLİLİYİN MƏNFİ TƏRƏFLƏRİ

Çoxdilliliyin və ya ikidilliliyin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də diqqət çəkir. Erkən yaşdan iki və ya üç dil öyrənməyə məcbur qalan uşağın dil inkişafı gecikir. Belə ki, ikidilli uşaq gündəlik həyatda özünü ifadə etməyə çətinlik çəkir, ana dilində söz ehtiyatı az olur. Çox vaxt o, dilləri bir-biri ilə qarışdırır, təmiz danışa bilmir. Araşdırmalar sübut edir ki, valideynlər evdə ana dilində danışıb övladını başqa dildə oxutdururlarsa, uşaqların elmi inkişafı ləngimiş olur. Psixoloqlar da hesab edirlər ki, uşaq ana bətnində eşitdiyi, duyduğu dili daha tez və asan öyrənmiş olur. Bu səbəbdən də ana dilini öyrəndikdən sonra, yəni dil inkişafının ikinci mərhələsində xarici dilə keçid etmək tövsiyə olunur. Tədqiqatçılar bildirirlər ki, “ikidilli uşağın iki dildəki söz ehtiyatı birdilli uşağın bir dildəki söz ehtiyatına bərabərdir, yaxud bir az çoxdur” (Göçmen, 2018). Burada bir maraqlı məqam da ondan ibarətdir ki, uşaq qarşısındakı insanın dil biliyinə uyğun danışır. Qarşısındakı onu başa düşdüyü halda fikrini ifadə edərkən qarışıq leksika və bəzən də qarışıq sintaksis nümayiş etdirmiş olur. Lakin qarşı tərəf ikinci dili bilmirsə, uşaq intuitiv şəkildə təmiz danışmağa cəhd edəcək. Araşdırmalardan məlum olur ki, evdə uşaqla ana öz ana dilində, ata isə xarici dildə ünsiyyət qurarsa, ikidillilik daha uğurlu nəticə verə bilir. Bütün bunlara baxmayaraq, uşağın zehni inkişafı, əqli qavraması da vacib şərt kimi nəzərə alınmalıdır. Yəni əqli inkişafı zəif olan uşağı erkən dövrdən ikinci dillə yükləmək özünü doğrultmur.

Çoxdillilik insan vəziyyətinin əsasını təşkil edir. Biz hamımız müəyyən mənada çoxdilliyik – istər istedad 

........................................................................
5 https://www.kp.ru/daily/25875/2839603/

baxımından, istərsə də gündəlik “dil həyatımız” baxımından. Dillər düşüncə və duyğularımızda, ifadəmizdə və sosial qarşılıqlı əlaqəmizdə yaradıcı qüvvə kimi əsas rol oynayır və dillər bizim həyat tərzimizdə yaradıcı qüvvədir” (Ayupova, 1987).

Çoxdilliliyi yaymaq üçün ikidilli, çoxdilli lüğətlər, danışıq kitabçaları hazırlanmalı, çoxdilli saytlar yaradılmalıdır.

Müasir dünyada ən işlək dillər ingilis, ispan, ərəb, rus, fransız, alman, çin, portuqal dilləri hesab olunur. Dünya ölkələrinin təmsil olunduğu Birləşmiş Millətlər Təşkilatında 6 rəsmi dil var: ingilis, fransız, ərəb, çin, rus və ispan dilləri6. Elm, texnika, iqtisadi inkişaf, siyasi üstünlük və s. səbəblərdən dünya ölkələrində yerli dillər tədricən öz statusunu itirir. Münhendəki Lüdviq Maksimilian Universitetinin etnoloqu Tomas Reynhardt bildirir ki, qloballaşma onlardan biridir. Yeni texnologiyalar fərdi “dünya dillərinin” getdikcə daha çox yayılmasına kömək edir. Hətta Misirdəki nümayişdə bu günlərdə üzərində ingiliscə yazılar olan bannerlərdən istifadə edilir
ki, CNN-də (Cable News Network) mesajı yaya bilsin. Dünya nə qədər yaxınlaşırsa, bir dildə danışmaq bir o qədər vacib olur.

Kiberməkanda linqvistik müxtəlifliyi və çoxdilliliyi təşviq etmək üçün Dünya Dillər Atlası yaradılıb. Bu, qlobal dil müxtəlifliyinin dinamizmini və dərinliyini əks etdirən onlayn platformadır. Atlasın tərtibi üçün dünyanın 193 ölkəsindən material toplanıb.

Mütəxəssislər hesab edirlər ki, dilin yaşaması üçün ən azı 100 min insanın həmin dildə danışması lazımdır. Bütün dövrlərdə dillər doğulub, var olub, sonra bəzən də heç bir iz buraxmadan ölüb. Lakin onlar heç vaxt XX əsrdəki qədər tez yox olmayıblar. Tədqiqatçılar bunu həm də texnologiyanın inkişafı ilə əlaqələndirirlər.

UNESCO Təhlükə Altındakı Dillər Atlasının redaktoru Xris Molesey (Chris Molesey) yazır ki, “Yuxu gördüyün, düşündüyün, hətta başqa dillərdəki fikirləri asanlıqla tərcümə etdiyin dil ana dilindir”. Onun fikrincə, dünyada, xüsusən şəhərlərdə ana dilinin yanında bir də “metropoliten” dil, yəni şəhər dili istifadə edilir. Bu, həm də iqtisadiyyatla bağlıdır. Böyük şirkətlərdə işləyənlər, şirkət içində əsas ünsiyyət dili kimi ingiliscəyə üstünlük verirlər (Erdoğan, 2019). Sadəcə təhsil və şəhərlərdə deyil, gündəlik həyatımızı əhatə edən internetdə də ana dillərin yox olması müşahidə olunur.

UNESCO-nun verdiyi məlumata görə, dünyada 5 mini yerli dili olmaqla 7 mindən çox dil istifadə olunur. Bu dillərin 40 % yox olmaq təhlükəsi altındadır.

Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor müavini Andrey Şluinski bildirib ki, “Mən Afrikaya gedənə qədər məktəbi dil müxtəlifliyinin düşməni hesab edirdim. Təhsil sosial liftdir. Lakin Afrikada olandan sonra belə qərara gəldim ki, əsas düşmən televizordur. Məncə, radio, TV və internet dillərin məhv olmasını sürətləndirir və biz tezliklə bunun şahidi olacağıq (Yelena, 2008). Dillərin məhv olmasının qarşısını almaq məqsədilə hər il fevralın 21-də Beynəlxalq Ana Dili Günü qeyd olunur.

Beynəlxalq Ana Dili Gününün tarixi isə 1952-ci ildə banqladeşli tələbələrin Şərqi Pakistanda öz ana dillərinin (benqal dili) rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır. 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olub. Banqladeş nümayəndələri 21 fevralın həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması üçün UNESCO-ya müraciət edib, 1999-cu ilin noyabrında UNESCO Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin7. UNESCO hər il bu müqəddəs günün bir mövzuya həsr olunmasını tövsiyə edir. Xüsusən son illər çoxdilli təhsil daha çox diqqət mərkəzinədir.

........................................................................
6 http://www.tipii.edu.az/az/article/261-21-fevral-beynalxalq-ana-dili-gunudur 
7 https://medeniyyet.az/page/news

Ana dilinə əsaslanan çoxdilli təhsil qeyri-dominant dillərdə, azlıq qruplarının dillərində və yerli dillərdə danışan əhali qruplarının dil öyrənməyə çıxışını asanlaşdırır. UNESCO fevralın 21-də təşkil ediləcək tədbirlərdə təhsili ömürboyu öyrənmə perspektivi və müxtəlif kontekstlərə çevirmək üçün çoxdilliliyin potensialının araşdırılıb müzakirə edilməsini tələb olaraq qarşıya qoyur.

Hazırda UNESCO-nun məlumatına görə, Rusiyada 136 dil yox olmaq təhlükəsi ilə üz-üzədir və 20 dil artıq ölü elan edilib. Türkiyədə 3 dil məhv olub, 15 dil isə məhv olmaq təhlükəsi altındadır. Azərbaycanda 1 dil – kilit dili məhv olub (XX əsrin əvvəllərinə qədər Ordubadda işlədilib, İran qrupu dillərindəndir, müasir talış dilinə qohumdur), ləzgi, talış dilləri zəif, cuhuri, rutul, saxur açıq şəkildə təhlükədə, buduq, xınalıq, qrız, tat, udin dilləri isə ciddi şəkildə təhlükədə hesab olunur8.

İnternet resurslarının istifadə dairəsinin genişlənməsi, qloballaşan dünyada hakim dilə olan ehtiyacı artırır. Statistik hesablamalara görə, 2019-cu ildə veb-saytlarda istifadə olunan dillərin dinamikası göstərir ki, ingilis dili 54%, rus dili 6%, Azərbaycan dili 0,1%-dir9. Göründüyü kimi, internet resurslarında ana dilimizi əks etdirən materiallar olduqca aşağı həddədir. 

NƏTİCƏ

Qloballaşan dünyada ikidillilik dövrün başlıca tələbidir. Lakin bununla yanaşı, milli dilləri də qorumaq və inkişaf etdirmək zərurət təşkil edir. Azyaşlılar internet məkanda milli dillərdə, o cümlədən Azərbaycan dilində inkişafetdirici materiallarla təmin olunmalıdır. Əks təqdirdə, bu sahədə boşluğu doldurmaq istəyən savadlı valideyn övladını başqa dilə yönəldəcək, beləliklə, dolayısı yolla xarici dili təbliğ etmiş olacaq. Bu səbəbdən də Azərbaycan dilinin istifadə dairəsini genişləndirməli, internet resurslarını zənginləşdirməli, gənc nəslə milli dil sevgisini təlqin etməliyik.

İstifadə edilmiş ədəbiyyat

1 Ayupova, V. (1988). Voprosy sotsio-lingvistiki: tipy dvuyazychiya v Bashkirii. Sverdlovsk, Izd. Ural’skogo Universiteta, 72 str, s.14.
2 Budushcheye yazykovogo obrazovaniya v Yevrope. https://www.thelanguagesector.eu/ru/meertaligheid/3677-the-future-of-languageeducation-in-europe
3 Erdoğan, İ. (2019). 21 Şubat Dünya Anadil Günü: ‘Her iki haftada bir dil yok oluyor/ https://www.bbc.com/turkce/haberler-47311366
4 Əliyeva, E. (2023). Qloballaşan dünyada ana dili problemi. TƏDQİQLƏR, № 1-2, s.7-13.
5 Əliyeva, A. 21 fevral Beynəlxalq Ana Dili Günüdür. http://www.tipii.edu.az/az/article/261-21-fevral-beynalxalq-ana-dili-gunudur
6 Göçmen, A. (2018). İki Dilli Çocuk Yetiştirirken Bilmeniz Gereken 6 İpucu. https://egitimkolektifi.com/iki-dilli-cocukyetistirirken-bilmeniz-gereken-alti-ipucu
7 https://az.wikipedia.org
8 https://edu.gov.az/az/generaleducation/umumi-melumat_310
9 https://525.az/news/235683-yeni-tedris-ilineler-ved-edir-faktlar-reqemler-gozlentiler
10 Khasanov, B.K. (1987). Kazakhsko-russkoye dvuyazychiye (Sotsial’no-lingvisticheskiy aspekt). Alma-ata, Nauka. 200 str. s.3.
11 Kiseleva, K. (2020) Yazyki narodov Rosii: komu oni rodnyye i pochemu my khotim ikh sokhranit’./ https://xn—80aidamjr3akke.xn—p1ai/articles/yazyki-narodov-rossii-komu-onirodnye

........................................................................
8 https://edu.gov.az/az/general-education/umumi-melumat_310
9 mozg.https://www.kp.ru/daily/25875/2839603/ 

12 Kuzina, S. Inostrannyy yazyk prochishchayet. mozg.https://www.kp.ru/daily/25875/2839603/
13 Yelena, M. (2008). Nashi trekh yazychnyye deti /Yelena Madden – SPb: Zlatoust. 308 s.
14 Yаzyki v Internete https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%B7%D1%8B%D0%BA%D0%B8_%D0%B2_%D0%98%D0%BD%D1%82%D0%B5%D1%80%D0%BD%D0%B5%D1%82%D0%B5