TƏHSİLDƏ KEYFİYYƏTİN TƏMİNATI İDRAKİ, ÜNSİYYƏT VƏ PSİXOMOTOR BACARIQLARIN İNKİŞAF ETDİRİLMƏSİNDƏ MÜHÜM VƏZİFƏLƏRDƏN BİRİ KİMİ


Sahil Cəfərov




Məqalədə pedaqoji prosesin təkmilləşdirilməsi üzrə müxtəlif istiqamətlər təhlil olunur. Həmin istiqamətlərdə işlərin daha səmərəli qurulması üçün konkret yollar göstərilir, müasir dövrün sosial-iqtisadi və ictimai-siyasi proseslərinin inkişaf tendensiyasına uyğun vəzifələr müəyyənləşdirilir. Məqalənin praktik faydalılığı pedaqoji prosesin təşkilində mərhələlər üzrə görüləcək işlərlə, əsasən də, pedaqoji fəaliyyətin taksonomiyanın qanunları çərçivəsində təşkili ilə izah edilə bilər. Bu tədqiqat işində həm də pedaqoji prosesin şagirdin şəxsiyyət olaraq formalaşmasında yeri və rolu, habelə şəxsiyyətin idraki, ünsiyyət və psixomotor bacarıqlarının inkişaf etdirilməsi yönündə görüləcək işlər sistemli şəkildə təhlil olunur. Burada başlıca olaraq idrak fəaliyyətinin inkişafı, emosional-affektiv fəaliyyətin sistematikası və psixomotor bacarıqların təkmilləşdirilməsi taksonomiyanın qanunları çərçivəsində təhlil edilir və ən səmərəli istiqamətlər üzrə sistemləşdirilir. Məqalədə göstərilən istiqamətlərin pedaqoji prosesin təkmilləşdirilməsindəki rolu da elmi-praktik məzmunda şərh olunur və qiymətləndirilir.

GİRİŞ

Müasir dövrün reallıqları düşüncəmizdə, iş və şəxsi həyatımızda baş verən dəyişikliklərlə xarakterizə olunur. Bu baxımdan, XXI əsrdə güclü məntiqi, tənqidi və yaradıcı təfəkkürə sahib şəxsiyyət modelinin yaradılmasına ehtiyac var. Müasir dövrdə təhsilin qarşısında qoyulan mühüm vəzifə rəqabətədavamlı və daim öz üzərində çalışan insan yetişdirməkdir. Dəyişən dünyaya uyğunlaşmaq insanların qarşısında bir sıra tələblər qoyur. Buraya ömürboyu öyrənmə, tənqidi təfəkkür və problem həlletmə, yaradıcı təfəkkür, əməkdaşlıq edərək komandada birgə çalışmaq, qarşılıqlı anlayış və tolerantlıq, informasiya-kommunikasiya texnologiyalarından effektiv şəkildə istifadə və s. daxildir. Bu səriştələr içərisində müstəqil öyrənmə başlıca yer tutur. Çünki müasir dövrün insanı daim öz üzərində çalışmalı, potensialını artırmalı və müxtəlif situasiyalardan, qarşılaşdığı çətinliklərdən optimal çıxış yolunu tapa bilməlidir. Bu tələblərin reallaşdırılmasında mühüm olan vəzifələrin həllində keyfiyyətli təhsil xüsusi əhəmiyyət kəsb edir. Çünki təhsil inkişafı həmişə qabaqlamalıdır ki, düşünülmüş, təkmilləşdirilmiş məqsədləri müəyyənləşdirmək mümkün olsun. Məhz bu tələblərin əhəmiyyəti tədqiq etdiyimiz istiqamətin aktuallığını bir daha təsdiq edir.

TƏHSİLİN KEYFİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ SƏBƏB, NƏTİCƏ VƏ MƏNTİQİ ƏSASLAR

Araşdırmalar təsdiq edir ki, tarixin bütün dövrlərində cəmiyyət öz sosial sifarişlərini konkret məqsədlərdə ifadə edir və eyni zamanda, funksional, sistemyaradıcı kateqoriya olaraq inkişafın digər komponentlərini də müəyyənləşdirir. Tarixi sınaqlardan keçmiş bu tendensiya yaşadığımız dövrdə də davam edir. Bu baxımdan, müasir dövrdə cəmiyyətdə baş verən sosial-iqtisadi və ictimai-siyasi proseslər bütün sahələrdə dinamik inkişafın təmin olunmasını tələb edir. Bu proses, əslində, hər bir sahəyə, o cümlədən təhsil sahəsinə də təsirsiz ötüşmür. Təhsil cəmiyyətin inkişafını sürətləndirən və cəmiyyət üzvlərinin potensialını artıran mühüm faktordur. Təhsilə yiyələnən hər bir şəxs həm intellekt səviyyəsində, həm qarşılaşdığı münasibətlər sistemində, həm mənəvi-əxlaqi cəhətdən davranış normalarında, həm də daxili potensialında əhəmiyyətli dəyişikliklərin baş verməsinin şahidi olur. Deməli, təhsili “cəmiyyəti irəli aparan lokomotiv” adlandırmaq olar. 

Pedaqoji prosesin funksiyaları sırasına daxil olan təhsil bilavasitə bilik, bacarıq və vərdişlərin mənimsənilməsi ilə xarakterizə olunur. Məsələyə ümumi şəkildə yanaşsaq, pedaqoji prosesin üç əsas funksiyanı yerinə yetirdiyini qeyd etməliyik. Bu funksiyalar sırasına təhsilverici və ya öyrədici, inkişafetdirici və tərbiyəedici funksiyalar daxildir. Həmin funksiyalara müvafiq olaraq, pedaqoji fəaliyyətin subyekti, yəni müəllim öz fəaliyyətini üç əsas istiqamətdə tənzimləyir.

Pedaqoji prosesin təhsilverici funksiyasına uyğun olaraq müəllim, bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil edir. Buna görə də o, təlim prosesində əlaqələndirici, istiqamətverici və məsləhətverici funksiyaları yerinə yetirməklə subyekt rolunda çıxış edir. Şagird isə həmin prosesdə tədqiqatçı, təcrübəçi və yaradıcı funksiyaları yerinə yetirməklə subyekt rolunda çıxış edir. Bu mənada, təlim prosesinin müasir modeli subyekt-subyekt münasibətləri üzərində qurulan, qarşılıqlı əməkdaşlıq şəraitində formalaşan bir modeldir. Müasir kontekstdə təhsilin məzmun elementi olaraq qazanılan bilik-fakt, hadisə və proseslər haqqında təsdiq olunan informasiyadır. Lakin həmin informasiyanın ənənəvi təhsildən fərqli olaraq minimum səviyyəyə endirilməsi vacibdir. Burada məqsəd təhsilalanın fəaliyyətinin həyati bacarıqlar fonunda istiqamətləndirilməsidir. Təlimin məzmun elementlərində qeyd olunduğu kimi, bacarıq biliyin praktikaya tətbiqidir. Şagirdlərdə praktik bacarıqların formalaşdırılması, bir tərəfdən, onların müstəqil həyat fəaliyyətinə hazırlanmasıdırsa, digər tərəfdən, onlarda milli-mənəvi dəyərlərin və ümumbəşəri keyfiyyətlərin formalaşdırılmasıdır. Təlimin müasir modeli əsasında formalaşan şagird milli-mənəvi dəyərlər fonunda vətənpərvərlik ideyalarına sadiq olur və ümumbəşəri prinsiplərə hörmətlə yanaşaraq, dövlətini dünya dövlətləri sırasında layiqincə təmsil etməyi bacarır.

Müəllim pedaqoji prosesin inkişafetdirici funksiyasına uyğun olaraq, şagirdlərdə şüurun, intellektin və emosional-iradi proseslərin formalaşması üçün münbit şərait yaradır (Əhmədov, Zeynalova, 2019). Bu baxımdan, o, tədris olunan mövzu üzərində şagirdləri düşündürür, problemli situasiya yaradır və yerinə yetirilmiş prosesə refleksiyanı (yenidən baxış) təşkil edir. Birinci növbədə, şagirdlərdə diqqətin davamediciliyi təmin olunur, ixtiyari diqqət təkmilləşir, fakt, hadisə və proseslərin mahiyyətinə nüfuz edilir. Deməli, burada qavrayış səviyyəsi reallaşır. Şagirdlərdə fakt, hadisə və proseslərin mahiyyəti barədə dolğun təsəvvürlər formalaşmaqla bərabər, məntiqi, tənqidi və yaradıcı təfəkkürün bu və ya digər formada inkişafına şərait yaranır. Əslində, bu proses taksonomiyanın səviyyələri üzrə cərəyan etməlidir. Çünki görülən işin əsasında ardıcıllıq və sistemlilik mövcud olanda inkişafın davamlılığı baş verə bilər.

TƏHSİLİN KEYFİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ PEDAQOJİ İSTİQAMƏTLƏRİN KOMPLEKSLİLİYİ

Təbii haldır ki, bütün proseslərdə məqsəd məzmunu, məzmun vasitələri, vasitələr isə öz növbəsində praktik fəaliyyəti reallaşdırır. Təlim prosesində qeyd olunan ardıcıllığın ümumi harmoniyası taksonomiyanın qanunları ilə ekvivalentlik təşkil edir. Etiraf etməliyik ki, ümumtəhsil məktəblərində pedaqoji prosesin həyata keçirilməsində taksonomiyanın qanunlarına tam riayət olunmur. Halbuki pedaqoji prosesin reallaşması fonunda qeyd etdiyimiz faktın mənfi fəsadlarının aradan qaldırılması üçün təlim taksonomiyanın qaydaları üzrə həyata keçirilməlidir. Bəs taksonomiya nədir? Taksonomiya təlim məqsədlərinin şəbəkəli, ardıcıl, sistemli, zəncirvari və iyerarxik düzülüşüdür (Həsənov, Rüstəmova, Babayeva, 2023).

Taksonomiyanın səviyyələrinə daxildir:

Xatırlamaq mərhələsi biliklərin sistemli şəkildə yadda saxlanmasını tələb edir. Bu mənada, minimum biliklər səviyyəsinin formalaşdırılması tələb olunur və eyni zamanda, həmin biliklərin möhkəmləndirilməsi vəzifəsi reallaşdırılır. Aşağı təfəkkür səviyyəsinə daxil olan xatırlamaq mərhələsi hafizəyə əsaslanan proses kimi xarakterizə olunur. Anlamaq səviyyəsi şagirdlərin təlim fəaliyyətinin giriş-motivasiya, əməliyyat-idraki və nəzarət-qiymətləndirmə şərtləri ilə səciyyələnir (İbrahimov, Hüseynzadə, 2013). Şagird fakt, hadisə və proseslər haqqında məlumat topladıqca, qarşılaşdığı bütün elementləri anladıqca, mahiyyəti aydınlaşdırdıqca onda mövqe motivi baş qaldırır. Pedaqoji-psixoloji ədəbiyyatlarda qeyd olunduğu kimi təlimin psixoloji əsasını motiv, maraq və tələbatlar təşkil edir (Bayramov, Əlizadə, 2002). Bu mənada, şagirdin təlim fəaliyyəti əslində zəncirvari düşüncə çalarları ilə bilavasitə bağlıdır. Çünki təlim şagird psixologiyasının bütün laylarını hərəkətə gətirən fəaliyyət növüdür. Bu zəncirvariliyin əsas halqaları idrak prosesinin elementlərindən ibarətdir. Məsələyə məntiqi yanaşsaq, demək olar ki, elmi-pedaqoji mahiyyət idrak elementlərinin növbələşməsi fonunda mümkündür. Proses daxilində dinamik harmoniya duyğunun qavrayışla, qavrayışın diqqətlə, diqqətin hafizə ilə, hafizənin təxəyyüllə, təxəyyülün təfəkkürlə və nəhayət, təfəkkürün nitq ilə sıx bağlılığında ifadə olunur (İbrahimov, Hüseynzadə, 2013). Yalnız bu prosesdən sonra tətbiq etmək mərhələsinə keçidə icazə verilir.

Qeyd etmək vacibdir ki, təlim fəaliyyəti dialektikanın əsasında duran qneseologiyanın qanunları ilə şərtlənir. İdrak fəlsəfəsi fundamental qanunları ilə mənimsəmə aktını canlı seyrdən abstrakt təfəkkürə, oradan da praktikaya keçiddə hesab etməyi zəruri sayır. Canlı seyrdə hissi duyğular önə çıxır, yəni hər hansı proses dəqiq, sistemli, ardıcıl müşahidə olunur. Abstrakt təfəkkürdə müşahidə olunan fakt, hadisə və proseslər təhlil-tərkib süzgəcindən keçirilir, nəzəri həll yolları hasil olur və tətbiqetmə prosesinə start verilir. Üçtərəfli proses olaraq, canlı seyrdən abstrakt təfəkkürə, oradan da praktikaya tətbiqin təşkili pedaqoji prosesin səmərəliliyini bilavasitə şərtləndirir.

Taksonomiyanın növbəti səviyyəsi olaraq tətbiqetmə daha çox praktik bacarıqların formalaşdırılması ilə xarakterizə olunur. Bu səviyyə prosedur ilə bağlı biliyin xarakter xüsusiyyətləri və prinsipləri üzrə qazanılır. Diqqət yetiriləsi məqam odur ki, bu proses canlı seyrdən abstrakt təfəkkürə, oradan da praktikaya doğru növbələşən fəaliyyətlə xarakterizə olunur. Çünki tətbiq etmək xatırlamaq və anlamaq səviyyələri ilə bağlı prosedurun nə dərəcədə keyfiyyətli olduğunu üzə çıxarır. Digər tərəfdən, tətbiq etmək səviyyəsində şagirdin praktik bacarıqlara yiyələnmə qabiliyyəti müəyyənləşir. Bu prosesdə təhsilalanın müstəqil fəaliyyəti təmin olunmalı, onun tədqiqatçı, təcrübəçi və yaradıcı subyekt olaraq fəallığı üçün şərait yaradılmalıdır. Tətbiq etmək səviyyəsində şagirdlərdə giriş-motivasiya, əməliyyat-idraki və nəzarət-qiymətləndirmə mərhələləri üzrə təlim fəaliyyəti irəliləmə tendensiyasında davam edir.

Taksonomiyanın təhlil etmək səviyyəsinə qalxa bilən şagird artıq pedaqoji-psixoloji baxımdan daha mürəkkəb əməliyyatların aparılmasını bacarmış olur. Belə olduğu halda, şagird fakt, hadisə və prosesləri hissələrə parçalaya, uyğun normalar üzrə onları xarakterizə edə və nəticənin alınmasına doğru düzgün strategiya müəyyənləşdirə bilir1 (Abbasov, 2010). Bu mərhələdə şagird fakt, hadisə və prosesləri analiz etməklə ən üstün olanı seçir və məqbul səviyyəni müəyyənləşdirir.

Taksonomiyanın dəyərləndirmək səviyyəsi artıq yerinə yetirilən prosesin qiymətləndirilməsi ilə səciyyələnir. Burada metakoqnitiv bilik şagirdin öz fəaliyyətinə yenidən baxmasını tələb edir. Elmi-pedaqoji ədəbiyyatda refleksiya adlandırılan bu proses təhsilalana imkan verir ki, həyata keçirdiyi fəaliyyətin bütün elementlərini əvvəldən axıra qədər yenidən nəzərdən keçirsin, qiymətləndirsin, zəif tərəflərini müəyyən etsin, güclü tərəflərini isə diqqət mərkəzində saxlasın. Şagird öz səhvlərini özü müəyyənləşdirdikdə daha çox səmərə verir. Əslində, dəyərləndirmək səviyyəsi növbəti mərhələ üçün başlanğıcdır. Növbəti mərhələ dedikdə, taksonomiyanın yaratmaq səviyyəsi nəzərdə tutulur. Bu baxımdan, dəyərləndirmə prosesi istər sosial-pedaqoji, istərsə də rasional şərtlərlə zəngindir. Burada özünüqiymətləndirmə faktoru şagirdin təlim fəaliyyətinin axırıncı mərhələsini məntiqi cəhətdən tamamlayır, taksonomiyanın növbəti səviyyəsinə çıxış yaranır.

Taksonomiyanın yaratmaq səviyyəsi əvvəlki səviyyələr üzərində köklənmiş bir mərhələdir. Yaratmaq bütün səviyyələrin müxtəlif qütbdə yer tutmasından asılı olmayaraq, onları bir məcraya doğru yönəltməklə xarakterizə olunur. İyerarxik düzülüş olaraq taksonomiyanın xatırlamaq səviyyəsindən başlayaraq bütün səviyyələrinin biri digərini şərtləndirir. Bu o deməkdir ki, pedaqoji prosesin keyfiyyət göstəricilərinin önəmli tərəfi olaraq, təlim məqsədlərinin sistematikası taksonomiyanın qanunları əsasında yaradılmalıdır. Çünki təlim məqsədlərinin sistemli, ardıcıl və iyerarxik düzülüşü öz pedaqoji ifadəsini yalnız taksonomiyanın tələbləri çərçivəsində düzgün tapa bilər. Eyni zamanda, ümumi təlim nəticələrinin reallaşma səviyyəsi müəllimin taksonomiyaya nə dərəcədə istinad etməsindən bilavasitə asılıdır. Pedaqoji meyarlarla 

........................................................................
1 Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020 ci il 361 nömrəli qərarı.

qiymətləndirib təhlil etdiyimiz bu proseslərin yerinə yetirilməsi məsuliyyəti bilavasitə müəllimdən asılıdır. Taksonomiya, bir növ, tədrisin mükəmməl yerinə yetirilməsi üçün strategiyadır. Pedaqoji fəaliyyəti həyata keçirən müəllim həmin strategiyadan düzgün, sistemli, ardıcıl, keyfiyyətli və lazım olan məqamlarda istifadə etməyi bacarmalıdır. Bunun üçün müəllim taksonomiyanı nəzəri və praktik cəhətdən yüksək səviyyədə mənimsəməlidir.

Müəllim pedaqoji prosesin tərbiyəedici funksiyasına uyğun tədris olunan mövzu vasitəsilə şagirdlərdə mənəvi-əxlaqi keyfiyyətlərin davranış nümunələrini, qarşılıqlı münasibətlər sistemini formalaşdırır və inkişaf etdirir. Bu prosesin əsas modeli öz məntiqi ifadəsini sosial təcrübənin ötürülməsində tapır. Təcrübənin ötürülməsi pedaqoji prosesin mexaniki elementi deyil, çünki təcrübə özündə bir çox cəhətləri birləşdirir. Bu mənada, biliklər sistemi, bacarıqlar sistemi, vərdişlər, yaradıcı təcrübə, anlayışlar sistemi və qarşılıqlı münasibətlər sistemi təcrübə anlayışının bir-birini tamamlayan elementləri hesab olunur. Tədris olunan mövzu vasitəsilə təhsilalanların mənəvi-əxlaqi keyfiyyətlərinin formalaşdırılması çox vacibdir, ona görə ki, bu
keyfiyyətləri əxz edən şagird təlim fəaliyyətinə meyilli olur. Elmi-pedaqoji ədəbiyyatda qeyd olunduğu kimi, təlim şagirdlərin intellekt səviyyəsini formalaşdırdığı halda, tərbiyə təlim fəaliyyətinə düzgün münasibət yaradır. Digər tərəfdən, tərbiyə milli-mənəvi keyfiyyətlərin inkişafını da sürətləndirir. Fərqli prizmadan düşündükdə isə tərbiyə müəyyən mənada bilik və bacarıqları da inkişaf etdirən pedaqoji prosesdir. Bu mahiyyət onun məqsədində açıq müşahidə olunur. Həmin məqsəd isə sistemyaradıcı kateqoriya olaraq tərbiyənin ünsürləri və komponentləri arasında pedaqoji rabitə yaradır. Qeyd olunan mahiyyət bizə onu deməyə imkan verir ki, pedaqoji prosesin tamlığının qorunması məqsədilə tərbiyəedici funksiya mütləq yerinə yetirilməlidir (Əhmədov, Zeynalova, 2019).

Pedaqoji prosesin təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyaları əks qütbdə yerləşən kateqoriyalar deyil; bunlar arasında prinsipcə ziddiyyətli fərqlər yoxdur; həmin funksiyalar ayrı-ayrı məqsədlərə xidmət etmir və onların həyata keçirilmə mexanizmi bir məqsəd üzərində qurulur: hərtərəfli, inkişaf etmiş şəxsiyyətin
formalaşdırılması.

Araşdırmalar onu da deməyə imkan verir ki, pedaqoji prosesin keyfiyyət göstəriciləri təkcə yuxarıda qeyd etdiyimiz məzmunla məhdudlaşmır. Həmin məzmunda ən vacib məsələlərdən biri də pedaqoji prosesin təşkilinə verilən ümumi tələblərdə ifadə olunur. Həmin tələblərin mahiyyət və məzmununun aşağıdakı istiqamətlərdə izah olunması ən optimal səviyyədə qəbulolunandır:

Pedaqoji prosesin tamlığı prinsipi. Bu prinsipə əsasən pedaqoji proses o zaman tam yerinə yetirilmiş və vəzifələri dəqiq reallaşmış hesab olunur ki, bu zaman təhsilverici, inkişafetdirici və tərbiyəverici vəzifələr bir-birini tam dolğun məntiqlə tamamlamış olsun. Öyrədici funksiya bilik, bacarıq və vərdişlərin mənimsənilməsi
ilə bitdiyi, inkişafetdirici funksiya isə tədris materialının mahiyyətinə məntiqi yanaşma ilə səciyyələndirildiyi halda, tərbiyəedici funksiya tədris olunan mövzudan qazanılmış bilik, bacarıq və vərdişlərin həyatda praktiki əhəmiyyətinin izah olunması ilə tamamlanır. Ona görə də, pedaqoji prosesin tamlığı təhsil məqsədlərinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasıdır (Həsənov, Rüstəmova, Babayeva, 2023).

Təlimdə bərabər imkanların yaradılması prinsipi. Təlimdə bərabər imkanların yaradılması – müəssisənin təhsil infrastrukturuna uyğun olaraq, təhsilalanlar üçün eyni təlim şəraitinin təmin edilməsi, təhsil prosesinin şagirdlərin meyil-marağı və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsidir2. Təhsilalanlara bərabər imkanların yaradılması üçün təlim tapşırıqları 4 səviyyədə təşkil olunmalıdır. 1-ci səviyyə çətin tapşırıqlar

........................................................................
2 Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020 ci il 361 nömrəli qərarı.

kateqoriyasına, 2-ci səviyyə nisbətən çətin tapşırıqlar kateqoriyasına, 3-cü səviyyə orta tapşırıqlar kateqoriyasına, 4-cü səviyyə isə asan tapşırıqlar kateqoriyasına daxil edilməlidir. Bu iyerarxik düzülüş hər bir şagirdə təlim fəaliyyətində aktivlik imkanı yaratmaqla bu dinamikanın saxlanılmasını şərtləndirir. Təlimdə bərabər imkanların yaradılması həm də təlim tapşırıqlarının tərtibinin şagirdlərin potensial imkanlarına uyğun sistemləşdirilməsini tələb edir. Təlim tapşırıqları diferensial formada şagirdlərin intellekt səviyyəsinə uyğun hesablanmalıdır. Çünki diferensial təlim şagirdlərin marağına, hazırlıq səviyyəsinə, öyrənmə tərzlərinə uyğun
olaraq həyata keçirilir və dərsin bir neçə komponentində öz əksini tapır. Burada əsas məqsəd öyrənmə mühitinin bütün şagirdlər üçün əlçatan olmasını təmin etməkdir. Əsas şərt olaraq, kəmiyyət və keyfiyyət bir-birini məntiqi şəkildə tamamlamalıdır. Fikrimizi bir cümlə ilə ifadə etməyə çalışsaq, onu deyə bilərik ki, təhsildə bərabər imkanların yaradılması prinsipinə əməl olunarsa, sinifdə ən zəif şagird də təlim fəaliyyətindən kənarda qalmaz. 

Şəxsiyyətyönlülük prinsipi. Bu prinsipin gözlənilməsi təhsilalanlarda idraki, ünsiyyət və psixomotor fəaliyyətlərin reallaşması, təlim prosesində bütün fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarına uyğunlaşdırılması, istedad və qabiliyyətlərinin, potensial istedadlarının inkişaf etdirilməsi ilə xarakterizə olunur. Ümumi təlim nəticələrinin reallaşması təhsilalanın idraki, ünsiyyət və psixomotor bacarıqlarının dinamikasından asılıdır. Ona görə də təhsilin məzmunu elə müəyyənləşməlidir ki, şagirdlərdə idrak proseslərinin aktivləşməsinə, ünsiyyət və psixomotor bacarıqların inkişafına şərait yaransın.

Şagirdyönlülük prinsipi. Bu prinsipi rəhbər tutaraq müəllim dərsi şagirdlərin maraq və tələbatlarına uyğun qurmalı, onların potensial imkanlarını müəyyənləşdirməlidir. Unutmaq olmaz ki, dərsin keyfiyyətli qurulmasında ilkin şərt yüksək motivasiyanın yaradılmasıdır. Çünki dərsin sonrakı mərhələlərinin keyfiyyəti ilkin mərhələdən asılıdır. Şagirdlərin marağının nəzərə alınması ümumi təlim nəticələrinin reallaşmasına əhəmiyyətli dərəcədə təsir edir. Bu baxımdan, müəllim müxtəlif təlim üsullarından istifadə etməklə dərsi şagirdlərin maraq və tələbatlarına uyğun qurmağı bacarmalıdır.

İnkişafyönlülük prinsipi. Bu prinsip şagirdin təlim nəticələrinin təhlilini aparmağa, zəif tərəflərinin müəyyənləşdirilməsinə və çətinlik çəkdiyi məqamların aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə istiqamətlənib. Burada əsas diqqət şagirdi daha perspektivli məqsədlərə nail olmağa həvəsləndirməklə bərabər, pedaqoji prosesin keyfiyyətini yüksəltməyə yönəldilməlidir. Rus pedaqoqu L.Vıqotskinin ifadəsi ilə desək, təlim inkişafı həmişə qabaqlamalıdır (Həsənov, Rüstəmova, Babayeva, 2023). Müəllim daimi olaraq şagirdlərin təlim nəticələrinin təhlilini aparmalı və onların səviyyələrini artıra biləcək tapşırıqlar verməlidir. Burada rəylərin konstruktiv şəkildə verilməsinə xüsusi diqqət yetirilməlidir. Çünki gələcəyə yönəlmiş rəy şagirdi yeni perspektivlərin əldə olunmasına istiqamətləndirir.

Fəaliyyətin stimullaşdırılması prinsipi. Bu prinsip pedaqoji prosesdə müasir yanaşma modelinin əsas tələblərindən biridir. Təlim tapşırıqlarının qiymətləndirilməsi prosesini həm mimika və jestlərlə, həm də rasional ifadələrlə yerinə yetirmək mümkündür. Bu prosesdə müəllim şagirdin bütün nailiyyətlərini obyektiv müəyyənləşdirməyi, qiyməti şagirdin bilik səviyyəsinə uyğun verməyi bacarmalıdır.

Təlimdə dəstəkləyici mühitin yaradılması prinsipi. Məlum faktdır ki, dəstəkləyici mühit həm maddi-texniki bazanın yüksək səviyyədə olması, həm də sinifdə mənəvi-psixoloji mühitin normal vəziyyətdə qurulması ilə xarakterizə olunur. Sinifdə mənəvi-psixoloji mühitlə yanaşı, maddi-texniki baza yüksək səviyyədə təmin olunduqda şagirdlərin inkişafına əlverişli zəmin yaranır. Burada müəllimdən gözlənilən əsas tələb sinif mühitini şagirdyönlü, pedaqoji prinsiplərə uyğun səviyyədə qurmağı bacarmasıdır. Səmərəli öyrənmə mühitinin formalaşdırılması həm də sinfin effektiv idarə olunmasını şərtləndirir. 

Qeyd etdiyimiz reallıqlardan çıxış edərək onu deyə bilərik ki, pedaqoji prosesin təkmilləşdirilməsi işi mürəkkəb və çox vacib bir vəzifə olaraq qalır. Bu prosesin keyfiyyətli yerinə yetirilməsinin həm təhsilalanlar, həm də təhsilverənlər üçün çox böyük səmərəsi ola bilər. Bu mənada, düzgün strategiyalarla təşkil olunmuş pedaqoji proses təhsilalanlara bilik, bacarıq və vərdişlərin qazanılmasında, intellekt səviyyəsinin yüksəldilməsində və mənəvi-əxlaqi keyfiyyətlərin formalaşmasında fayda verə, təhsilverənlərin isə peşə fəaliyyətinin səmərəliliyini təmin etməklə pedaqoji fəaliyyətinin təkmilləşdirilməsini təmin edə bilər.

NƏTİCƏ

Məqalədə pedaqoji prosesin təkmilləşdirilməsi istiqamətində müasir dövrün tələbləri səviyyəsində yeni ideya və konsepsiyalar təhlil olunub, ümumiləşdirilib, pedaqoji prosesin təkmilləşdirilməsi üçün psixo-pedaqoji cəhətdən konkret yollar göstərilib. Qeyd etdiyimiz istiqamətlərdə, xüsusən taksonomiyanın tələbləri əsasında pedaqoji işin qurulması, ilk növbədə dərsin təhsilalanların maraq və tələbatlarına uyğun qurulmasına, onların potensial imkanlarının inkişaf etdirilməsinə, beləliklə də effektiv öyrənmə mühitinin formalaşmasına xidmət edəcəkdir. Məhz pedaqoji işin bu şəkildə təşkili “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd edildiyi kimi, hərtərəfli inkişaf etmiş, öz məsuliyyətini dərk edən, müstəqil və yaradıcı düşünən, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli gənclərin formalaşmasına şərait yaradacaqdır.

İstifadə edilmiş ədəbiyyat

1 Abbasov, Ə. (2010). “Kurikulum islahatı zamanın tələbidir”. “Kurikulum” jurnalı, №1.
2 Abbasov, Ə.M., Cavadov, İ.A., İbadov, B.O. (2020). Kurikulum bələdçisi: izahlar və tətbiqlər. Bakı.
3 Allahverdiyeva, F., Tağıyeva, S. (2018). Pedaqogika. Bakı.
4 Aslanlı, K. (2017). Azərbaycanda innovasiya siyasətinin effektivliyinin artırılması yolları. Bakı.
5 Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020 ci il 361 nömrəli qərarı.
6 Bayramov, Ə.S., Əlizadə, Ə.Ə. (2002). Psixologiya. Bakı, “Çinar-Çap” Nəşriyyat-Poliqrafiya müəssisəsi.
7 Əhmədov, H., Zeynalova, N. (2019). Pedaqogika. Bakı.
8 Həsənov, İ., Rüstəmova, A., Babayeva, N. (2023). Kurikulum.Metodika.Pedaqogika Bakı.
9 İbrahimov, F., Hüseynzadə, R. (2013). Pedaqogika. I-II cild. Bakı.
10 Sadıqov, F.B. (2018). Ümumi pedaqogika (dərs vəsaiti). Bakı, Maarif.