AZƏRBAYCANDA DİSTANT TƏHSİLİN TƏŞKİLİ




Bütün sahələrin inkişafına təsir göstərən təhsil cəmiyyətin uğurlu istiqamətə yönləndirilməsində və mütərəqqi ənənələr vasitəsilə yüksək
nailiyyətlərə çatmasında ən vacib istiqamətlərdən biri hesab edilir. Müasir dünyada gedən qloballaşma və informasiya cəmiyyəti ictimai həyatın bütün sahələrində, xüsusən təhsil sahəsində əsaslı dəyişiklikləri, yeni strateji yanaşmaları zəruri etmişdir. Cəmiyyətin informasiyalaşdırılması COVID-19 pandemiyası dövründə xüsusi aktuallıq kəsb edən distant təhsil modelini formalaşdırır. Bu təhsilalma forması, kompüterlərin və rabitə texnologiyalarının köməyi ilə həyata keçirildiyindən məsafədən təhsil almaq istəyənlərin sayının artması müəyyən çətinliklərə səbəb olur. Ona görə də müasir elm və təcrübə potensialının öyrənilməsi istiqamətində Azərbaycanda məsafədən təhsilin inkişafı, təhsilalanların motivasiyası, təhsilin keyfiyyəti, distant təhsil texnologiyalarının metodiki və informasiya təminatı  məsələlərinin öyrənilməsi əsas vəzifələrdən biri hesab edilir.

GİRİŞ

Təhsil cəmiyyətin həyatında mühüm, gərəkli sahələrdən biri, insan hüquqlarının həyata keçirilməsinin birbaşa asılı olduğu əsas nailiyyətlərin ən güclü hərəkətverici qüvvəsidir. Dövlətin, millətin tərəqqi yolu təhsildən, elmdən keçir: heç bir millət qılıncla, tüfənglə irəli getmir, hansı millət tərəqqi edirsə, bu ancaq təhsilin, elmin gücünə baş verir (Quliyev, İsmixanov, 2020).

Təhsilin inkişafı cəmiyyətin tələbatından, sosial-iqtisadi uğurlarından asılı olduğu kimi, cəmiyyətin sosial-iqtisadi və mənəvi tərəqqisində də təhsil həlledici rol oynayır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Məhz buna görə də müasir təhsil sisteminin qarşısında duran vacib vəzifələrdən biri ömür boyu təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Sürətli texnoloji tərəqqi insandan öz bilik və bacarıqlarını daim yeniləməyi, ehtiyac olduqda ixtisasını dəyişməyi, həyatın tələblərinə çevik şəkildə uyğunlaşmağı tələb edir.

Müasir dövrdə təhsil sisteminin qarşısında duran mühüm vəzifələrdən bir də qloballaşma və inteqrasiya ilə bağlıdır. Təhsilin qloballaşma şəraitində beynəlxalq təcrübəni nəzərə almaqla və mütərəqqi metodlardan, vasitələrdən istifadə etməklə dünya təhsil sisteminə inteqrasiyası onu daha da inkişaf etdirməyə, rəqabətəqabilliyini yüksəltməyə imkan verir. Bu vasitələrin müvəffəqiyyətlə yerinə yetirilməsində distant təhsilalma formasının rolu böyükdür. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının IV strateji istiqamətinin 4.3, 4.7 və 4.8-ci bəndlərində Azərbaycanda distant təhsilin inkişaf etdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi, təhsillə bağlı media və internet resurslarının təmin edilməsi tələbi irəli sürülür. Distant təhsil dedikdə, informasiya-telekommunikasiya infrastrukturundan informasiyanın ötürülməsi üçün istifadə olunması, təhsilalanların və pedaqoji işçilərin sinxron və ya asinxron qarşılıqlı əlaqəsini nəzərdə tutan distant təhsil texnologiyalarının tətbiqi ilə təhsil fəaliyyətinin təşkili başa düşülür (Tsyrenova, 2020).

Təhsilin informasiyalaşdırılması və elektron idarəsi demokratik idarəetmədə mühüm yerlərdən birini tutur. Elektron idarəolunma sistemi təhsil müəssisələrində rəhbərlik-təhsilalanlar, təhsilverənlər-təhsilalanlar, təhsilverənlər-valideynlər və rəhbərlik-pedaqoji kollektiv münasibətlərində qarşılıqlı pedaqoji əlaqələri düzgün formalaşdırır.

Dünyada gedən qloballaşma və informasiya cəmiyyəti ictimai həyatın bütün sahələrində, xüsusən təhsil sahəsində əsaslı dəyişikliklər, yeni istiqamətlər yaratmışdır (Fərzanə, 2011; Məmmədova, Səttarova, Bəşirova, 2014). Ənənəvi təhsil formaları qlobal prosesləri, iqtisadi inkişafı, insan kapitalının formalaşması üçün zəruri olan tələbləri və əhalinin artan təhsil ehtiyaclarını tam şəkildə təmin edə bilmir, bu səbəbdən də məsafədən təhsilə ehtiyac duyulur, eyni zamanda distant təhsil modelinə tələbat daha da artır. İnsanların ənənəvi formalar üzrə təhsil alması, hətta təhsil sahəsində inkişaf etmiş ölkələr üçün də çox mürəkkəbdir.

Məsafədən təhsilin tarixinə nəzər yetirsək məlum olur ki, təhsіl tarіxən іkі іstіqamətdə həyata keçіrіlіb: bіrtərəflі və іkіtərəflі. Bіrtərəflі təhsіl dedikdə, öyrənənə təhsіlverən tərəfіndən məsafəlі şəkіldə mövzu іlə bağlı materіalların çatdırılması nəzərdə tutulur. İkіtərəflі dіstant təhsіl іsə öyrədən və öyrənənіn məsafəlі şəkіldə qarşılıqlı fіkіr mübadіləsі іlə həyata keçіrіlən təhsіl forması kіmі qəbul edіlіb (Məmmədova, Səttarova, Bəşirova, 2014; Azərbaycan Respublіkasının Təhsіl Qanunu, 2009).

Müasir cəmiyyətin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bilik, informasiya və fikir mübadiləsini şəbəkələrdən istifadə etməklə ali səviyyəyə çatdırır. Burada isə internetdən istifadə etməklə məsafədən təhsil mühüm rol oynayır. Dünya təhsil sistemində geniş yayılmış, mütərəqqi və səmərəli olan bu təhsilalma forması іkі subyektі: həm tələbə və onu dəstəkləyən təhsіl müəssіsəsіnі, həm də müəllim-tələbə arasında müntəzəm dialoq, əks-əlaqəni özündə bіrləşdіrir. 

DİSTANT TƏHSİLİN TARİXİ VƏ AZƏRBAYCANDA TƏŞKİLİ

Distant təhsilin tətbiqi ilə bağlı ilk məlumata çex alіmі Yan Amos Komenskіnіn 1632-ci ildə yazdığı “Böyük dіdaktіka” əsərіndə rast gəlirik. Bu əsərdə öyrədənlə öyrənən arasındakı qarşılıqlı mübadіlə genіş şəkildə şərh edilmişdir. Lakin dіstant təhsіl konsepsіyasının 1728-cі іldən formalaşdığını qəbul edənlər də az deyіl. Belə ki, həmin ildə Kaleb Fillips ölkənin hər yerindən məktublar mübadiləsi yolu ilə stenoqrafiya sənətini öyrənmək məqsədilə tələbə toplamaq üçün Boston qəzetinə müraciət etmişdi. Bu, distant təhsilin başlanğıcı hesab edilirdi.

1892-ci ildə Amerikada “Poçt xidməti” vasitəsi ilə Vilyam Reyni Harper Çikaqo Universitetində ilk dəfə olaraq distant təhsil mərkəzi açmışdır. 1906-cı ildə bu təcrübədən Amerikanın Viskonsin Universitetində (University of Wisconsin) də tətbiq edilmişdir.

XIX əsrin 50-ci illərində Berlin Universitetinin fransız dili müəllimi C.Tusen və müasir dillər üzrə Berlin Cəmiyyətinin üzvü Q.Lanqenşeydt tərəfindən Berlində xarici dilləri qiyabi yolla öyrənmək forması təşkil olunmuşdur (Fərzanə, 2011). XX əsrin əvvəllərində isə bu sahədə işlər daha da intensivləşdirilmiş, Fransa, Kanada, Rusiya və başqa ölkələrdə tətbiq edilməyə başlanmışdır. Formalaşdığı tarixdən bu günə qədər dіstant təhsіl konsepsіyası olduğu kіmі qalsa da, dəyіşən təkcə kommunіkasіya kanalları olub.

1969-cu ildə Böyük Britaniyada Açıq Universitetin əsasının qoyulması distant təhsilin inkişaf etməsinə güclü təsir göstərmişdir. Belə təhsil müəssisələri Türkiyədə, Avstriyada, İsveçdə indi də fəaliyyət göstərməkdədir. 1972-1985-ci illərdə dünyanın bir çox ölkələrində
(İspaniya, Koreya, Tayland, Kanada və s.) məsafədən təlim üzrə ixtisaslaşmış təhsil müəssisələri meydana gəlmişdir.

Hazırda ali təhsil insanların daha çoxu üçün zərurətə çevrilir. Amma çox sayda insanın ənənəvi formalar üzrə təhsil alması, hətta təhsil sahəsində inkişaf etmiş ölkələr üçün də çətindir. Ona görə də qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən distant təhsil texnologiyalarına tələbat artır.

Distant təhsil xarakterik olaraq çeviklik, modulluq, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və digər xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətləri nəzərə almaqla təlim əhatəli, məqsədyönlü, faydalı şəkildə təşkil edilir, virtuallıq qorunur,
məsafədən təhsilin daha səmərəli təşkil olunması ilə biliklərin mənimsənilməsi asanlaşır. Distant təhsilin həyata keçirilməsində metodik cəhətdən müxtəlif audio-video, multimedia texnologiyaları vasitələrindən istifadə olunur. Bu gün Azərbaycan Respublikasının təhsil müəssisələrində məsafədən təlim zamanı ən çox elektron dərsliklərdən, internetdən, avtomatik layihələşdirmə sistemlərindən, elektron poçtlardan, elektron lövhələrdən, telekonfranslardan istifadə olunur. Bu da təhsilin daha keyfiyyətli olmasına şərait yaradır. Ənənəvi təhsil prosesində təsdiq olunmuş didaktik sistem yeddi əsas elementdən (təhsilin məqsədi, təhsilin məzmunu, öyrədən, öyrənən, təhsil metodu, təhsil vasitələri, təhsil formaları) təşkil olunursa, məsafədən təhsil zamanı didaktik pedaqoji sistem özündə 12 əsas elementi birləşdirir. Buraya da məqsəd, məzmun, təlim verən, təlim edilən, təlim metodları, təlim vasitələri, təlim formaları, tədris-maddi, maliyyə-iqtisadi, normativ-hüquqi, nəzarət və marketinq daxildir.

Distant təhsil zamanı həm də insan amili, texnoloji, pedaqoji, iqtisadi amillər və mədənimilli dəyər amilləri nəzərə alınmalıdır. İnsan amili dedikdə, müəllimlər, texniki işçilər, proqramçı və digər işçi heyət, texnoloji amil dedikdə, informasiya vasitələri və sistemləri, internet şəbəkəsi, sistemlərin əhatəsi, pedaqoji amil dedikdə, öyrənən və öyrədənlər, öyrənmə prosesi, təlim üsulları, qiymətləndirmə, iqtisadi amillər – gəlirgətirmə, ticarət, sərmayə qoyuluşu, internet şəbəkəsinin sürətli təminatı, mədəni-milli dəyər amilləri dedikdə isə milli dəyərlərin qorunması, mədəniyyət anlayışı, pedaqoji mədəniyyətin virtual aləmdə də formalaşdırılması və digər məsələlər nəzərdə tutulur.

COVID-19 PANDEMİYASI ZAMANI DİSTANT TƏHSİLƏ TƏLƏBAT

COVID-19 pandemiyası təhsilin məzmunu və formatına yenidən nəzər salmaq zərurətini meydana çıxarmışdır. Dünyada yeni növ koronavirus
infeksiyasının (COVID-19) sürətlə
yayıldığı bir dönəmdə demək olar ki, bütün
inkişaf etmiş ölkələrdə təhsil müəssisələrinin
müvəqqəti olaraq bağlanması təhsilin inkişafını
bir qədər zəiflətdi. Bu məhdudlaşdırma, təhsilin
bütün pillə və səviyyələrinə öz təsirini göstərmişdir.
Təhsil müəssisələrinin fəaliyyətində
durğunluq, ilk növbədə əhali arasında çaşqınlığa
səbəb olsa da, daha sonra bu böhrandan alternativ
vasitələrlə çıxış yolunun axtarılmasına
şərait yaratdı. Ənənəvi təhsil formasının
dayandırılması ilə onlayn təhsilə zərurət yarandı
və distant təhsil texnologiyalarına tələbat artdı.
Tədris prosesinin təşkili rəqəmsal texnologiyaların
müasir səviyyəsinə uyğunlaşdırıldı.
Bu da Azərbaycanda təhsіl sahəsində onlayn
dərslərin, semіnarların, vebіnarların keçіrіlməsіnə
іmkan yaratmaqla dіstant təhsіlіn daha
genіş mіqyasda yayılmasına səbəb oldu. Xüsusi
karantin, özünütəcrid dövründə təhsіlalanlar
ixtisas sahələri üzrə іnternet vasіtəsіlə müxtəlіf
onlayn vebіnarlara qoşulmaq іmkanına, eləcə
də vebіnarlar, seminar və konfranslar vasіtəsіlə
bіlіk və іntellektual səvіyyələrinin artırılması
imkanına naіl oldular.
Distant təhsil ənənəvi təhsilalma forması ilə
müqayisədə şagird və tələbələrin müstəqilliyini,
şüurlu düşünməsini, yaradıcılıq qabiliyyətlərini
daha yaxşı inkişaf etdirir, eyni zamanda informasiya
mübadiləsində təhsilverənlər və
təhsilalanlar arasında münasibətlərin strateji
səmərəliliyini yüksəldir. Qeyd etmək lazımdır
ki, ənənəvi təhsil zamanı əyani vasitələrlə təlimə
marağın artırılması daha asandır. Məsələn,
ənənəvi dərslərdə təhsilverənlər əsasən
dərsliklər, dərs vəsaitləri, əyani vəsaitlər, tədristexniki
vasitələr və s. istifadə edərək şagirdlərin
diqqətini təlimə yönəldə bilirlər. Distant təhsil
zamanı isə təlim prosesini daha keyfiyyətli
təşkil etmək üçün rəqəmsal texnologiyaların
imkanlarından sistemli və məqsədyönlü istifadə
olunması lazım gəlir. Şübhəsiz, müəllimlər
distant təhsil zamanı da ənənəvi vasitələrdən
istifədə edə bilərlər, lakin nəzərə almaq lazımdır
ki, onlayn təhsil prosesində təlim vasitələri,
əsasən, elektron xarakter daşımalı və təhsilalanların
bu vasitələri əldə etmələri üçün əlverişli
şərait yaradılmalıdır. Buraya elektron
dərslikləri, elektron metodik vəsaitləri, audiovideo
tədris-informasiya vasitələrini və digər
elektron vəsaitləri aid etmək olar. Materialların
tədrisi zamanı öyrənmə prosesində geniş
təlimatlar verilməli, materialın quruluşu və
hazırlanmasında modul prinsipindən istifadə
edilməlidir. Distant təhsil zamanı təhsilverənlər
pedaqoji prosesi təşkil edərkən mövcud şəraiti
də nəzərə almalıdırlar. Bundan başqa, texnologiyalar,
təlim metodları öyrənənlərin və
öyrədənlərin məqsəd və imkanlarına cavab
verərsə, distant təhsil əyani təhsilalma forması
qədər səmərəli ola bilər.
DİSTANT TƏHSİLİN MÜSBƏT VƏ MƏNFİ
TƏRƏFLƏRİ
Beynəlxalq statistikaya görə, distant təhsildə
öyrənənlərin əksəriyyəti yaşı 25-i ötmüş, işləyən
və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək
istəyən şəxslərdir (Tsyrenova, 2020).
Deməli, illər ötdükcə daha çox inkişaf etmək
perspektivi olan bu təhsilalma forması hamı
üçün münasibdir. Amma digər təhsilalma
formaları kimi distant təhsilin də həm müsbət,
həm də mənfi cəhətləri var.
Distant təhsil müasir dövrdə ənənəvi təhsillə
müqayisədə bir sıra üstünlüklərə malikdir:

  • Əvvəllər təhsіl almaq іmkanı olmayan şəxslər üçün əvəzedіlməzliyi və ikinci dəfə təhsil almaq imkanının təmin edilməsi;
  • Təhsilalanlarla qrup və ya fərdi qaydada işləmək, habelə vaxt itkisinin qarşısının alınması;
  • Şagird, müəllim və valideynlər arasında dialoqların aparılması;
  • Utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələrin dəf edilməsi;
  • Xarici tələbələrin sayının artırılması;
  • İnklüziv təhsilə dəstək;
  • Geniş kütlələr üçün məlumat və təhsil kampaniyalarının həyata keçirilməsi.

Ənənəvі metodіkaya və ya müasіr pedaqojі təlіm texnologіyalarından іstіfadəyə baxmayaraq, tədrіs prosesіnіn faktіkі olaraq adі təlіm prosesіnі təkrarlaması onun əsas mənfі cəhətlərіndən sayılır. Elə bu səbəbdən də distant təhsilin müsbət cəhətləri kimi mənfi cəhətləri də vardır:

  • Təhsilalanların təhsil səviyyəsi və peşəkar təcrübəsindəki fərqləri, bilik səviyyələrini tam nəzərə almağa imkan vermir;
  • Sonda qazanılmış diplom və ya sertifikatın keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmaması və bir çox ölkələrdə tanınmama halları;
  • Təhsilalanlarla müəllimlərin arasında əyani ünsiyyətin itməsi;
  • Təhsilalanların praktik dərslərdən kənarda qalması;
  • Dərslərdə interaktivliyin azlığı;
  • İnternet resursları zəif olduğu halda dərsin keyfiyyətinin azalması;
  • İntensiv nəzarətin zəifliyi.

Distant təhsilin özəlliklərindən biri də inklüziv təhsil və xüsusi təhsil sahəsində bu təhsilə ehtiyacın daha çox olmasıdır. Aydındır ki, fiziki qüsurlu insanların təhsil müəssisələrinə get-mələri bir çox səbəblərdən çətinlik törədir, avtobuslarda, məktəblərdə pantusların, liftlərin olmaması onlara təhsil alması istiqamətində müəyyən maneələr yaradır. Distant təhsilalma formasında isə sağlamlıq imkanları məhdud şəxslər (fiziki qüsurlu, əqli qüsurlu, autizm və daun sindiromlu insanlar) yaşayış yerlərini tərk etmədən onlayn dərslərə qoşularaq, bilik və bacarıqlarını artıra bilərlər.

NƏTİCƏ

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9., 10.5 və 13.1.3 bəndlərində distant təhsil haqqında məlumat verilir. Son illərdə təhsil sahəsində texnoloji inqilab sayılan distant təhsil intensiv surətdə inkişaf etmişdir. Bu cür təhsilin tarixi əyani şəkildə göstərir ki, o, dünyanın müxtəlif ölkələrində cəmiyyətin yeni tələblərinə adekvat təhsil formasıdır. Distant təhsil mobil virtual təhsil mühiti yaradılması və hər bir müdavim üçün çəkilən xərclərin ənənəvi təhsil formaları ilə müqayisədə 2-3 dəfə azaldılması hesabına keyfiyyəti saxlamaqla təhsil xidmətlərinin əlçatan olmasını təmin etməyə imkan verir. WEB texnologiyaların potensialı bütün dünyanın təhsil resurslarını akkumulyasiya etməyə şərait yaradır. Qloballaşma, inteqrasiya, mobillik və operativliyin təmin edilməsi şəraitində bu resursların bir yerdə cəmlənməsi xüsusi əhəmiyyət kəsb edir. Distant təhsilin açıqlığı, yəni qəbul imtahanları vermədən ali təhsil almağın mümkün-lüyünə təminat verilməsi də şəbəkə təhsil xidmətlərinin potensial istifadəçiləri üçün mühüm amildir.

Qeyd edilən bəzi çatışmazlıqlara baxmayaraq, distant təhsilin əhəmiyyəti Azərbaycanda da yüksək qiymətləndirilir və onun inkişaf etdirilməsi istiqamətində lazımi işlər aparılır.

Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransında təqdim edilib.

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Respublіkasının Təhsіl Qanunu. Bakı, Hüquq ədəbіyyatı. (2009). 80 s.
2 Fərzanə, C.Ç. (2011). Ali məktəbdə təlim prosesinin təkmilləşdirilməsi istiqamətində məsafədən təhsilin sistemi və imkanları. Bakı.
142 s.
3 http://www.anl.az/down/meqale/az_muellimi/2010/dekabr/145271.htm
4 http://www.anl.az/down/meqale/az_muellimi/2011/aprel/170477.htm
5 Məmmədov, F.M., İmamverdiyeva, N.B., Şıxəliyeva, İ.V. (2015). Pedaqogika (Nəzəri və əyləncəli pedaqogika). Bakı, “Sabah”. 935 s.
6 Məmmədova, Ü.M., Səttarova, Ü.E., Bəşirova, Z.Y. (2014). Distant təhsilin üstünlükləri, çatışmazlıqları və Azərbaycanda inkişaf səviyyəsi, Transaction of Azerbaijan National Academy of Sciences, Series of Physical-Technical and Mathematical Sciences: Informatics and Control Problems, Vol. XXXIV, No.3.
7 Quliyev, S., İsmixanov, M. (2015). Müəllimlik ixtisasına giriş. Bakı, ADPU.
8 Tsyrenova, M.İ. (2020). Opyt ispol’zovaniya massovykh otkrytykh onlayn-kursov v distantsionnom obuchenii kitayskikh studentov v period epidemii Covid-19 // Uspekhi sovremennykh gumanitarnykh nauk / Uspekhi
gumanitarnykh nauk. c. 31.