DİL AÇAN OYUNLAR




Nitqin formalaşması, dilin açılması uşaq inkişafının ən vacib mərhələlərindəndir. Bəzi uşaqlarda bu inkişaf vaxtında ola, bəzilərində isə gecikə və ya ləng gedə bilər. Unutmayaq ki, uşaqlar dil açarkən ailə üzvlərini təqlid edir və onlardan öyrənirlər. Buna görə də onların sözləri anlamasına yardım etmək üçün mümkün qədər aydın və səlis danışmaq vacibdir.

Psixoloqlar bildirirlər ki, məktəbəqədər dövrdə valideynlərin uşaqla bərabər oynadıqları oyun və birgə fəaliyyətlərlə zehni bacarıqlar arasında birbaşa əlaqə mövcuddur.

Uşaqlar oyuncaqlarla vaxt keçirməyi çox sevirlər. Odur ki, oyuncaq seçərkən danışan oyuncaqlara üstünlük vermək olar. Oyuncaq telefonlar və ya danışan kuklalar vasitəsilə uşaqlar təqlid etməyə başlayırlar. Belə oyunlar uşaqların yeni söz öyrənmələrində, cümlə qurmalarında, təxəyyülün inkişafında təsirli olur.

Şəkilli hekayə və nağıl kitablarına birlikdə baxmaq, onlar haqqında danışmaq, şəkildəki personajları təsvir etmək dil inkişafındəhəmiyyətli vasitələrdən sayılır. Yaradıcılığı gücləndirəcək bu vasitələr həm də uşağınızla birlikdə əyləncəli və səmərəli vaxt keçirməniz üçün idealdır.

Kiçik yaşlarda danışıq qabiliyyətinin inkişafına təsir edən vasitələrdən biri də uşaq mahnılarıdır. Birlikdə oxuya biləcəyiniz şən  uşaq mahnıları əylənərək öyrənməyə uyğun seçimdir.

Uzun cümlələr qurmaq təcrübəsi də uşaqlarda səlis danışmaq qabiliyyətini formaşaldırmağa yardım edən vasitələrdəndir. Onu bu yolla öyrəndiyi yeni sözləri cümlədə işlətməyə həvəsləndirə bilərsiniz.

Dili inkişaf etdirən fəaliyyətlər arasında uşaqdan evdəki əşya və oyuncaqlara ad qoymasını istəyə, onları sərbəst səsləndirməyi öyrənənə qədər yardım göstərə bilərsiniz. Bu oyunu uşaqla birlikdə hər yerdə oynamaq mümkündür.

Sadə və aydın suallarla onu cümlələr qurmağa həvəsləndirmək olar. Sual-cavab onun gələcəkdə fikirlərini daha yaxşı ifadə etməsinə güclü zəmin yaradır.

Uşağınızın düşüncələri haqqında danışa bilərsiniz. Cavab almağa başlayanda diqqətlə qulaq asmalısınız. Ehtiyac olarsa düzgün sözlərdən istifadə etməklə  söylədiklərini təkrarlaya bilərsiniz. Bu, uşağınızın tələffüzünü yaxşılaşdırmağa kömək edir.

Övladınız sizə əşyalar göstərməyə başlayanda, məsələn, “bu evdir” dedikdə, həmin obyektin digər detallarını vurğulaya bilərsiniz. Məsələn, “bu ağ evdir”, “bu ev beş mərtəbəlidir” kimi detalları əlavə edə bilərsiniz. Bu, uşaqların söz ehtiyatını və müşahidə qabiliyyətini inkişaf etdirir. Marketdə və ya bazarda məhsulların adını, ondan nə hazırlandığını soruşmaqla onu söhbətə çəkə bilərsiniz. Söhbət üçün açıq tipli suallar daha effektivdir.  Məsələn, “Pişik getdi. Səncə, o harada gizlənir?” Belə suallar yeni və fərqli cavablar tələb etdiyi üçün uşaqların danışmaq həvəsini artıra bilər.

Gördüyünüz iş haqqında danışmaq da övladınızın nitq  inkişafını dəstəkləyir. Məsələn, “Mən indi ayaqqabılarımı geyinirəm. Paltomu sonra geyinəcəm”. Bu halda uşaq da öz hərəkətlərini təsvir edə bilər.

Uşaqların sərbəst danışıq vərdişlərinin formalaşmasına kömək edən oyunlardan biri də saymaqdır. Bu oyunda uşaq təkcə rəqəmləri deyil, həm də yeni sözlər öyrənir.

Ailə daxilində söhbətlər, jurnal və kitab oxuma saatları, izlənilən animasiya filmi haqqında müzakirələr də faydalı fəaliyyətlər sayılır.

Valideynlərin ən çox etdiyi səhvlərdən biri uşaqları dinləməməkdir. Uşaqlar bir şey söyləməyə həvəsli olanda onları diqqətlə dinləməyə çalışın. Bunu isə göz təması qurmaqla, sözünü kəsməmək və onu dəstəklədiyinizi göstərən bədən hərəkətləri ilə etmək daha inandırıcı görünə bilər.Unutmaq olmaz ki, nitq inkişafı uşağa eşitdiyini düzgün başa düşmək, mühakimə yürütmək, sual vermək, əşya və hadisələri tutuşdurmaq, məntiqi nəticəyə gəlmək imkanı verir. Eyni zamanda, uşağa kiçik yaşlarından öz ana dilində danışmağı öyrətmək də çox vacibdir. Tanınmış pedaqoq K.D. Uşinskinin dediyi kimi, ana dili hər cür əqli inkişafın əsasını təşkil edir və bütün biliklərin xəzinəsidir.