NAXÇIVANDA TƏHSİLİN VƏ PEDAQOJİ FİKRİN İNKİŞAF MEYİLLƏRİ




Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvanda hər zaman təhsilin qarşısında duran ən böyük məqsəd və vəzifə hərtərəfli inkişaf etmiş gənclərin yetişdirilməsi olub. Bunun üçün isə, ilk növbədə, savadlı kadr potensialı olmalı idi. XIX əsrdə Azərbaycanda pedaqoji hərəkatın başlıca problemlərindən biri pedaqoji kadr hazırlayan təhsil müəssisələrinin olmaması idi. Bu sahədə ilk addım XX əsrdə atıldı. Belə ki, həmin dövdə ilk dəfə seminariyalar açıldı, sonralar isə bu seminariyalar pedaqoji texnikumlara çevrildi. Azərbaycanın əksər bölgələrində olduğu kimi, Naxçıvanda da texnikumlar kadr potensialına olan ehtiyacı ödəmədiyi üçün sonralar ali təhsil müəssisələri fəaliyyətə başladı. Məqalədə, əsasən, Sovet dövründə Naxçıvanda yaranan və fəaliyyət göstərən texnikumların və ali məktəblərin kadr hazırlığında rolu və yeri araşdırılıb.

XX əsrin əvvəllərində Azərbaycanda pedaqoji kadr hazırlığı sahəsində ilk addımlar atıldı. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi (1918), Gəncə Müəllimlər Seminariyasının (1914) və Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması (1919) milli pedaqoji kadr hazırlığında mühüm əhəmiyyətə malik idi.

Sovet hakimiyyəti dövründə pedaqoji kadr hazırlığının yeni mərhələsi başlandı, məktəblər genişləndirildi. XX əsrin 20-ci illərinin əvvəllərində Bakı, Gəncə, Quba, Tiflis və İrəvanda belə təhsil müəssisələri təşkil olundu. Ümumiyyətlə, 1922-ci ildə respublikada 7 müəllimlər seminariyası var idi. Bu təhsil ocaqları yaradılarkən tarixi təcrübəyə əsasən ilkin variantda se-minariya kimi işə başlamışdı, lakin 1925/26-cı tədris ilindən pedaqoji texnikumlara çevrildi.

Naxçıvanda da müəllimlər seminariyasının açılması həmin illərə təsadüf edir. Naxçıvan Mərkəzi Dövlət Tarix Arxivində saxlanan sənədlər və 1927-ci ildə nəşr olunmuş “Naxçıvan Zikur pedaqoji texnikumu” adlı məcmuə seminariyanın təşkili və fəaliyyəti haqqında
ətraflı məlumat verir. Muxtar Respublikada ilk dünyəvi məktəb Ehsan xan Kəngərlinin XIX əsrin 30-cu illərində açdığı rus-tatar qəza məktəbidir. XIX əsrin sonlarında Naxçıvanda üsuli-cədid məktəbləri yaranmağa başladı. Ordubadda M.T.Sidqi tərəfindən “Əxtər” (1892), Naxçıvanda “Məktəbi-tərbiyə” (1894), “Qız məktəbi” (1896) kimi o dövr üçün uşaqlara zəngin bilik verən məktəblər təsis edildi. Bununla bərabər “Məhəlli məktəblər”, “Məktəbi-xeyriyyə”, “Rüşdiyyə” kimi məktəblər də fəaliyyət göstərirdi. Ümumiyyətlə, 1920-ci ilədək Naxçıvanda 45 məktəb yaradılmışdır1.

1921-ci ildən etibarən Naxçıvanda təhsil, mədəniyyət və digər sahələrdə inkişaf meyilləri gücləndi. Bu və ya digər sahələrdə işləyəcək kadrların hazırlanması məqsədi ilə orta ixtisas məktəbləri-texnikumlar yaradıldı. Yeni yaranan məktəblərin və texnikumların müəllim kadrlarına ehtiyacını təmin etmək məsələsi 1922-ci ilin avqustun 28-də öz işinə başlayan Naxçıvan müəllimlərinin birinci qurultayında qoyuldu. Qurultayın üçüncü günü müəllimlər seminariyasının açılması təklifini Əbdüləzim Rüstəmov (Naxçıvan Muxtar Respublikasının ilk maarif komisarı) verdi. Üç gün davam edən qurultayın qətnaməsinin beşinci maddəsində Naxçıvan şəhərində müəllimlər seminariyası açılması fikri irəli sürüldü (Naxçıvan Zikur pedaqoji texnikumu, 1927). Təxminən iki ay sonra, yəni 1922-ci il noyabrın 1-də Naxçıvan Xalq Maarif Komissarlığının iclası oldu. Həmid Mahmudovun (maarif xadimi, Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib) sədrliyi ilə keçirilən bu iclasda Naxçıvan şəhərində müəllimlər seminariyası yaradılması məsələsinə yenidən baxıldı və qərara alındı ki, bütün əsas tədbirlər on gün ərzində başa çatdırılsın. İclasda seminariyanın müdiri, onun müavinləri və müəllimlər təyin olundu. Təhsil müəssisəsinə rəhbərlik Qori seminariyasını və Tiflis Aleksandr Müəllimlər İnstitutunun tam kursunu bitirən, dövrünün tanınan pedaqoqlarından biri olan Xəlil Hacılarova tapşırıldı.

Texnikuma tələbə qəbulu üzrə 5 noyabr 1922-ci ildə imtahan komissiyasının üzvləri təyin edildi. 137 nömrəli əmrə əsasən göstərildi ki: “Bu gündən etibarən seminariya müdirinin təhti sədarətində yoldaşlar Əbdüləzim Rüstəmovun, Həsən Qazızadənin, Nazlı Nəcəfzadənin və Həsən Səfərzadənin iştirakı ilə Darülmüəllimə imtahan komissionu üzvləri təyin olunur. Məzkur komissiona təklif olunur bu gündən etibarən öz vəzifələrinə başlasınlar. Naxçıvanda seminariyaya daxil olmaq üçün müraciət edən şagirdlərdən imtahan etsinlər”2.

Beləliklə, Naxçıvan Pedaqoji Texnikumu 1922-ci il noyabrın 10-da öz işinə başladı. Texnikuma cəlb edilən 60 tələbədən 22-si birinci hazırlıq kursuna, 28-i ikinci hazırlıq kursuna, 10-u isə əsas sinfə daxil oldu. 

Seminariya o zaman Naxçıvanda fəaliyyət göstərən məşhur “Ünas” (qız) məktəbinin binasında yerləşdirildi. “Naxçıvan Zikur Pedaqoji Texnikumu” məcmuəsində texnikumun müdiri Xəlil Hacılarovun verdiyi məlumatdan aydın olur ki, maddi-texniki baza cəhətdən seminariyanın çətinlikləri var idi. Bu cür çətinlikləri aradan qaldırmaq üçün texnikum Duz mədənləri idarəsinin himayəsinə verildi (Rzayev, 2018). Lakin Naxçıvan şəhərində bu seminariyanın fəaliyyəti 1924/25-ci tədris ilində, demək olar ki, dayandırıldı. Seminariyanın bazası əsasında Ordubad şəhərində də belə bir təhsil ocağı yaradıldı. Tələbələrdən 90 nəfəri Ordubad Pedaqoji Texnikumuna köçürüldü. Sonralar isə qabaqcıl maarif xadimlərinin təkid və tələbi ilə Azərbaycan Xalq Maarif Komissarlığı bu iki məktəbi Naxçıvan Zikur Pedaqoji Texnikumu adı altında birləşdirdi və Naxçıvan Pedaqoji Texnikumu yaradıldı.

Texnikumun pedaqoji heyəti Naxçıvanda geniş maarifçilik fəaliyyəti ilə tanınan müəllimlərdən təşkil olunub. Texnikuma rəhbərlik yenə də Xəlil Hacılarova tapşırılıb. Texnikumdakı təlim-tərbiyə işlərinin gedişi haqqında fikir söyləməklə yanaşı, XX əsrin 20-ci illərinin ziddiyyətli və mürəkkəb inkişaf proseslərinin bu təhsil ocağına da təsirsiz qalmadığını yaddan çıxarmaq olmaz. Oktyabr inqilabından sonrakı ilk illərdə başqa sahələrdə olduğu kimi, təhsil və maarifin bütün sistemini tamamilə yenidən (bolşevikcəsinə) qurmaq işinə başlandı. Bu da bir sıra metodoloji səhvlərə gətirib çıxarırdı. Ənənə və varislik prinsipinin, tələblərinin məqsədyönlü şəkildə pozulması tədris planı və proqramlarının tez-tez dəyişilməsi və məcburi olmaması tədrisin keyfiyyətini xeyli aşağı saldı. Dərslik və tədris vəsaitləri yox dərəcəsində idi. Naxçıvan Zikur Pedaqoji Texnikumu belə bir şəraitdə fəaliyyətə başladığından təlim-tərbiyə işlərində də bir sıra çətinliklərlə qarşılaşmalı oldu. Texnikumda istifadə olunan birinci proqram oktyabr inqilabının ilk ilində Rusiya məktəbləri üçün nəzərdə tutulmuşdu. Həmin proqrama əsasən klassik ədəbiyyat geniş şəkildə tədris olunur, dil dərsləri, demək olar ki, keçirilmirdi. İkinci proqramda məşhur təlim qaydası – məlumdan məchula getmək yolu əsas götürülərək əvvəlcə müasir ədəbiyyatın tədrisindən başlayıb, türklərin islamiyyətdən əvvəlki ədəbiyyatına doğru getmək nəzərdə tutulurdu. Bu məsələ, o dövrün Azərbaycan ictimai-pedaqoji mühitində geniş mübahisələrə və müzakirələrə səbəb oldu və yarasız sayılaraq rədd edildi. Maarif xadimi, jurnalist, tədqiqatçı və şair Şeyx Məhəmməd Rasizadə və və o dövrdə tanınmış müəllim Qənbər Hacılı da məsələyə yanaşma tərzində o dövrün görkəmli pedaqoqlarının mövqeyini müdafiə etdi. Proqram haqqında müəlliflərin daha bir qeydində göstərildi: “həmin proqramın naqis tərəfi ondadır ki, ancaq osmanlı şivəsində vücuda gələn türk ədəbiyyatı ilə Azərbaycan türkcəsində olan ədəbi parçalar” saxlandı (Rzayev, 2018). Müəllimlərin fikrincə, hər iki ədəbiyyatın mütərəqqi əsasda inkişafına Qərb və rus ədəbiyyatının təsirsiz qalmadığı məlumdur. Buna görə də onlar tələbələrin dünya ədəbiyyatı ilə tanışlığının lüzumsuz olması fikri ilə razılaşmırdılar.

1924/25-ci tədris ilindən texnikumda əvvəlcə “Dan ulduzu” adı ilə ayda 2 dəfə, sonralar “Gənc müəllim” adı ilə on gündən bir divar qəzeti nəşrə başladı. Qəzet mətbəədə yığılır, şəkillərdən istifadə olunurdu. Texnikumun Naxçıvanda nəşr olunan mətbuat orqanları ilə sıx əlaqəsi var idi. Müəllim və tələbələr ictimai-siyasi, elmipedaqoji məqalə və yazıları ilə bu or-qanlarda müntəzəm çıxış edirdilər. Bu məqalələrdə, əsasən, tələbələr üçün lazım olan elmi yeniliklər öz əksini tapırdı. İlk illərdə cəmi 100-ə yaxın kitab və didaktik materialla fəaliyyətə başlayan texnikum, artıq 1927-ci ildə 3500 nüsxədən ibarət sistemli kataloqa malik kitabxana yarada bildi. 1927-ci ildə ilk buraxılışı olan bu təhsil müəssisəsinin Naxçıvanda maarifin və pedaqoji kadrların ilk dəstəsinin hazırlanmasında xidmətləri əvəzsizdir. Azərbaycanın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev bu texnikumun məzunudur. İlk təhsilini Naxçıvan şəhərində alan H. Əliyev o dövrdə burada fəaliyyət göstərən orta məktəblər haqqında deyib: “XX əsrin əvvəllərində Naxçıvanda təhsil və mədəniyyət
çox geniş olub. Burada çox yüksək səviyyəli məktəblər var idi. Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Məktəblərdə verilən dərslər və şagirdlərin dərsləri qavramaları çox yüksək səviyyədə idi” (“Azərbaycan” qəzeti, 1994, 4 oktyabr).

Orta təhsilini bitirdikdən sonra iki il pedaqoji texnikumda təhsil alan ulu öndər Heydər Əliyev 1939-cu ildə Pedaqoji Texnikumu fərqlənmə ilə bitirib və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirib (1939-1941). Naxçıvanda aldığı təhsili Heydər Əliyev sonrakı illərdə minnətdarlıqla xatırlayırdı: “O dövrdə aldığım təhsil gələcək həyatımın bütün mərhələlərində mənə yardım edibdir”3. 60 ildən sonra, ona dərs deyən müəllimləri və onların tədris etdikləri fənlərin adlarını dəqiqliklə söyləməsi ümummilli liderin müəllimlərinə bəslədiyi dərin hörmətin ifadəsi idi.

Yüksək təhsil ənənələrinə malik texnikum sonralar Naxçıvanda fəaliyyət göstərən İkiillik Müəllimlər İnstitutunun, Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (Naxçıvan Dövlət Universitetinin) layiqli sələfi sayıla bilər.

Naxçıvan MSSR xalq Komissarları Şurasını 14 avqust 1939-cu il tarixli qərarı ilə yaradılan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu 1939-cu il sentyabrın 15-də cəmi iki fakültə ilə (dil-ədəbiyyat, fizika-riyaziyyat) fəaliyyətə başladı. Əvvəllər heç bir tədris avadanlıqları, kifayət qədər maddi-texniki bazası olmayan institut işgüzar və təşəbbüskar pedaqoji kollektivin səyləri ilə çox qısa vaxtda xeyli əyani vəsaitlərlə və tədris avadanlıqları ilə zənginləşdi. Ümumtəhsil məktəbləri üçün müəllim hazırlamaqda çox böyük rolu olan, müəllimlərin tərkib və təhsil dərəcələrinin artmasına böyük təsir edən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu 15 ilə yaxın davam edən fəaliyyəti dövründə, sözün əsl mənasında, Muxtar Respublikanın pedaqoji kadr potensialının yaranmasında müstəsna rol oynadı. Həmin institutun yüzlərlə məzunu sonralar Azərbaycanın ictimai-siyasi fikrinin, elminin, mədəniyyət və maarifinin aparıcı simaları kimi tanındılar. İlk ilində (1939/40) cəmi iki fakültə üzrə fəaliyyətə başlayan instituta qəbul olunan 129 tələbədən 64 nəfəri 1941-ci ildə səfərbərliyə alınıb, 1941-1945-ci illər müharibəsinə göndərildiyindən ilk buraxılışda institutu cəmi 65 nəfər bitirdi. Onlardan 52 nəfəri ədəbiyyat, 13 nəfəri fizika-riyaziyyat ixtisası üzrə müəllimlik diplomu aldı. İlk məzunlardan 31 nəfəri qızlar idi (Məmmədov, 2004).

İnstitut tələbələrindən və məzunlarından 3 nəfərin – Qəzənfər Əkbərovun (1917-1944), Nəcəfqulu Rəfiyevin (1912-1972) və Abbas Quliyevin (1916-1997) müharibə dövründə çox böyük qəhrəmanlıqlar göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi Naxçıvan Dövlət Müəllimlər İnstitutunda tərbiyə işinin yüksək səviyyədə aparılmasını və qələbənin qazanılmasında institutun rolunu sübut edir.

Yenicə fəaliyyətə başlayan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun ilkin fəaliyyət illəri çox ağır dövrə təsadüf etsə də, tələbə kontingenti və digər sahələrdə yaranan bir sıra çətinliklər və ciddi problemlər institutun pedaqoji heyətinin mübarizə ruhunu sındıra bilmədi. Onların gərgin və fədakar əməyi sayəsində müharibə illərində təhsil müəssisəsi öz fəaliyyətini dayandırmadı və əyani şöbənin dörd fakültəsi (dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix, təbiət-coğrafiya) üzrə 166 nəfər məzun oldu.

İnstitut 1939-1954-cü illərdə 4 fakültə üzrə (əyani və qiyabi şöbələr) fəaliyyət göstərib. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun fəaliyyəti dövründə qiyabi təhsilə də xüsusi diqqət verilib, həmin dövrdə qiyabi təhsil sistemi ön plana çəkilməklə pedaqoji kadrların seçilib təhsilə cəlb olunmasına səy göstərilib.

XX əsrin 40-cı illərində Muxtar Respublikanın ucqar rayon və kəndlərində Azərbaycan SSR XMK-nin 17 fevral 1944-cü il tarixli 35 nömrəli əmrinə əsasən açılmış xüsusi kursları bitirən müəllimlər çalışırdılar. İbtidai məktəb müəllimləri hazırlayan 2 aylıq və natamam orta məktəbin V-VII sinifləri üçün müəllim hazırlayan 4 aylıq kursları bitirib müəllim işləyənlərin qiyabi təhsilə cəlb edilməsi də Naxçıvanda pedaqoji kadr hazırlığında mühüm mərhələ oldu. Müxtəlif illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun əyani və qiyabi şöbələrini 1159 nəfər bitirərək Naxçıvanda və Azərbaycanın digər rayonlarında pedaqoji fəaliyyətlə məşğul olmağa başladılar.

Qiyabi şöbə də daxil olmaqla Naxçıvan Dövlət Müəllimlər İnstitutunun illər üzrə aşağıdakı sayda müdavimi olub:

1941-ci ildə 62 nəfər (o cümlədən qızlar 20 nəfər), 1942-ci ildə 37 nəfər (qızlar 17 nəfər), 1943-cü ildə 33 nəfər (qızlar 23 nəfər), 1944-cü ildə 49 nəfər (qızlar 24 nəfər), 1945-ci ildə 33 nəfər (qızlar 8 nəfər), 1946-cı ildə 42 nəfər (qızlar 8 nəfər), 1947-ci ildə 56 nəfər (qızlar 9 nəfər), 1948-ci ildə 73 nəfər (qızlar 11 nəfər), 1949-cu ildə 92 nəfər (qızlar 13 nəfər), 1950-ci ildə 111 nəfər (qızlar 20 nəfər), 1951-ci ildə 133 nəfər (qızlar 28 nəfər), 1952-ci ildə 200 nəfər (qızlar 39 nəfər), 1953-1954-cü illərdə 238 nəfər (qızlar 181 nəfər), cəmi 1159 nəfər (qızlar 381 nəfər) (Məmmədov, 2004).

Cəmiyyətin sürətlə artan tələbatı yeni təhsil müəssisələrinin açılmasını zəruri edirdi. Bu məqsədlə 1967-ci ildə Naxçıvan şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı fəaliyyətə başladı. Filialda üç ixtisas – Azərbaycan dili və ədəbiyyatı, tarix və riyaziyyat ixtisasları üzrə mütəxəssislər hazırlanırdı.

Naxçıvan filialına tarix elmləri namizədi, dosent Əli Əliyev (1967-1970) və coğrafiya elmləri namizədi, dosent Səfəralı Babayev (1970-1972) rəhbərlik ediblər. Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru Əziz Şərif, (1961-1988) Azərbaycan Elmlər Akademiyasından Məmmədcəfər Cəfərov, professor Məmmədhüseyn Təhmasib, professor Vəli Əliyev, Bakı Dövlət Universitetindən professorlar Abbas Zamanov, Fərhad Zeynalov, Yusif Seyidov, Maarif Əkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetindən tanınmış alimlər – Cəfər Cəfərov, Abbasqulu Məhərrəmov, Quşdan Bağırov, Əlisa Şükürov, Qardaşxan Orucov, Firudin Abdullayev və başqaları Naxçıvan filialında dərs deyiblər.

Tələbə Elmi Cəmiyyəti yaradılmışdı ki, bu da ali məktəbin tələbələrinin elmi yaradıcılığa həvəsləndirmək məqsədi daşıyırdı. Akademik İsa Həbibbəylinin söylədiyi kimi “Naxçıvan filialı özünün quruluşuna və maarifçi ənənələrinə görə Qafqazda ad-san qazanmış Qori Müəllimlər Seminariyası kimi regionun yeni maarifçilik hərəkatının hərəkətverici qüvvəsinə çevrilmişdir” (Həbibbəyli, 1992).

Naxçıvan filialı öz maddi-texniki bazası, kadr potensialı, qısa müddətdə əldə etdiyi təcrübə əsasında 12 iyul 1972-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 214 nömrəli qərarı ilə müstəqil pedaqoji instituta çevrildi və bu ali pedaqoji təhsil ocağına kimyaçı alim Yusif Məmmədəliyevin adı verildi. Dahi siyasətçi Heydər Əliyev özünün böyük uzaqgörənliklə həyata keçirdiyi bu maarifçi ideyası haqqında sonralar demişdi: “Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir. Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyan insanlardan biri və onun təşəbbüskarıyam. Universitetin ötən bu müddətdə nə qədər böyüməsini, inkişaf etməsini öz gözlərimlə görürəm… Mən bu gün böyük iftixar hissi keçirirəm ki, 30 il bundan öncə əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir”4.

Naxçıvan Dövlət Pedaqoji İnstitutunda filial dövründən mövcud olan ixtisaslardan başqa fizika, kimya-biologiya, ümumi texniki fənlər ixtisasları üzrə də mütəxəssislərin hazırlanması da gerçəkləşdirildi.

Naxçıvan Dövlət Pedaqoji İnstitutunun keçdiyi inkişaf yolunda bu ali təhsil ocağına müxtəlif illərdə rəhbərlik etmiş texnika elmləri doktoru, professor İsrafil Məmmədovun (1972-1977), tarix elmləri doktoru, professor İshak Məmmədovun (1978-1984), fizika-riyaziyyat elmləri doktoru, professor İsgəndər Cəfərovun (1985-1989) xidmətləri olub. Fəaliyyət göstərdiyi illər ərzində Naxçıvan Dövlət Pedaqoji İnstitutunu 8247 nəfər bitirib.

Təhlil və hesablamalarımıza görə fəaliyyət göstərdiyi 18 il ərzində (1972-1990) Naxçıvan Dövlət Pedaqoji İnstitutunun əməkdaşlarının müəllifliyi ilə 172 adda kitab nəşr edilib, 2 minə yaxın məqaləsi çap olunub. Pedaqoji İnstitutda təhsil alanlar içərisində bədii yaradıcılıqla məşğul olmuş, incəsənətin müxtəlif sahələrində işləmiş, dövlət idarələrində, müxtəlif informasiya vasitələrində yüksək bacarıq nümayiş etdiriblər. Regionda elmi-texniki nailiyyətlərin qazanılmasında, çoxəsrlik maarifçi-demokratik ənənələrin davam və inkişaf etdirilməsində, bölgədə ziyalı mühitinin dirçəldilməsində bu təhsil ocağının müdavimlərinin mühüm rolu vardır və bu tendensiya indi də davam edir.

Ümumiyyətlə, Naxçıvan Dövlət Pedaqoji İnstitutu Muxtar Respublikanın təhsil tarixində xüsusi yeri və əhəmiyyəti olan bir tədris ocağı olub. İnstitut özündən əvvəlki təhsil müəssisələrinin layiqli varisi, sonrakı dövrlərdə fəaliyyət göstərən bu tip tədris ocaqlarının çox yaxşı ənənələrə malik sələfi sayıla bilər. İnstitutun elmi kadr potensialı, tədris-tərbiyə sahəsində qazandığı nailiyyətlər, müsbət təcrübə regionun digər ali təhsil müəssisələri üçün faydalı olub.

Müstəqil ali məktəbin yaradılması Muxtar Respublika məktəblərini peşəkar kadrlarla təmin etməyə şərait yaratdı. Təhsil sahəsində qazandığı uğurlar və güclü elmi-pedaqoji kadr potensialının olması nəzərə alınaraq Naxçıvan Dövlət Pedaqoji İnstitutu 29 dekabr 1990-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan Dövlət Universitetinə çevrildi.

Hazırda Naxçıvan Dövlət Universiteti regionda ən nüfuzlu, qabaqcıl təhsil ənənələrinə malik tədris ocaqlarından biridir. Yarandığı gündən beynəlxalq tərəfdaşlığa önəm verən Universitet hazırda doxsandan çox xarici təhsil ocağı ilə əməkdaşlıq edir. Naxçıvan Dövlət Universiteti 2013-cü ilin mayından Mövlana Mübadilə Proqramına qoşulub. Mübadilə çərçivəsində universitet müəllimləri bir həftədən üç ay müddətinədək, tələbələr isə altı aydan (bir semestr) – on iki ayadək (2 semestr) mübadilə proqramında iştirak edərək başqa ölkələrin qabaqcıl təcrübələrini mənimsəyib öz fəaliyyət sahələrində tətbiq edirlər. Müstəqil Azərbaycanın gənc nəslinin dünyagörüşünün inkişafına xidmət edən “Heydər Əliyev Universiteti” Naxçıvan Dövlət Universitetində əsl dövlətçilik məktəbi kimi uğurla fəaliyyət göstərir.

NƏTİCƏ

Naxçıvanda ali məktəblərin inkişaf tarixi elmi və ictimai əhəmiyyətə malik tədqiqat sahəsidir. Bu cəhət, hər şeydən əvvəl, Azərbaycan xalqının təhsil və pedaqoji fikir tarixinin qədim və zəngin ənənələrə sökəndiyini təsdiq edir, ölkənin təhsil sisteminin tamlığını, onun pillələri arasında qarşılıqlı əlaqələri əks etdirir. Tədqiqatın aktuallığını şərtləndirən cəhət həm də ali təhsilin hər hansı bir cəmiyyət və dövlətlərin tarixində inkişafın bütün istiqamətlərində mühüm rol oynamasıdır. Ali təhsil müəssisələrinin tarixi təcrübəsinin öyrənilməsi ona görə vacibdir ki, ilk növbədə, onun cəmiyyət strukturu ilə inteqrasiyası müəyyənləşir, təlim-tərbiyə prosesinin konkret təşkili formaları üzə çıxır, tələbələrlə müəllimlər arasında münasibətlər haqqında anlayışlar formalaşır, bu münasibətlərin konkret tarixi şəraitdə öyrənmə prosesinə verdiyi səmərəni müəyyənləşdirmək mümkün olur. Problemin öyrənilməsi həm də ona görə vacibdir ki, bakalavr hazırlanan təhsil müəssisələrinin sosial həyata verdiyi bəhrəni müəyyənləşdirmək, onların tarixi təcrübəsini əsas götürüb yeni şəraitdə inkişaf etdirmək, ali məktəbin dövlət orqanları ilə, elmi-pedaqoji mühitlə qarşılıqlı əlaqələrini aşkar etmək imkanı olur. Məqaləni aktuallaşdıran aşağıdakı cəhətləri xüsusi qeyd etməyi lazım bilirik:

1) Naxçıvanda fəaliyyət göstərmiş ilk texnikum və institutlarla bağlı indiyədək xüsusi tədqiqat işləri aparılmayıb;

2) Tədqiqat mövzusu kimi seçdiyimiz Naxçıvanda fəaliyyət göstərmiş ilk texnikum və institutların elmi-pedaqoji, sosial-iqtisadi nöqteyi-nəzərdən, həmçinin maddi, tədris-təchizat baxımından araşdırılmasına indiyədək diqqət yetirilməyib;

3) Naxçıvanda ali təhsilin inkişaf xüsusiyyətlərinin öyrənilməsi problemi gələcək təhsil quruculuğu baxımından da aktuallıq kəsb edir.

İstifadə edilmiş ədəbiyyat

1 “Azərbaycan” qəzeti. 1994, 4 oktyabr.
2 Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Naxçıvan, “Qeyrət” nəşriyyatı, 2002, s.80.
3 Həbibbəyli, İ. (1992). Naxçıvan Universitetinin yetirmələri. Bakı, N. Tusi adına ADPU– nun nəşriyyatı, s.120.
4 Məmmədov, V. (2001). Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu. Bakı, Çənlibel nəşriyyatı, s.140.
5 Məmmədov, V. (2004). Naxçıvan Müəllimlər İnstitutu. Naxçıvan, Əcəmi, s.136.
6 Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, F. 1. s. 2, iş 40, 30 v.
7 Naxçıvan Zikur pedaqoji texnikumu. Naxçıvan, 1927. s. 50.
8 Rzayev, V. (2018). Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri). Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 392 səh.
9 Tarix və onun problemləri, 2013, №2 Bakı Dövlət Universiteti.