MÜƏLLİM-ŞAGİRD ƏMƏKDAŞLIĞINDA ŞAGİRDLƏRİN MÜSTƏQİLLİK QABİLİYYƏTLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİ




Təlim-tədris prosesinin səmərəliliyi pedaqoqun şagirdlə ünsiyyət və əməkdaşlıq yaratmaq bacarıqlarından çox asılıdır. Bu gün təhsil sahəsinin davamlı innovativ inkişafı təlim və təhsil prosesində, o cümlədən müəllim-şagird münasibətlərində klassik pedaqogikanın tətbiqi imkanlarının zəif olduğunu üzə çıxarır. Müasir dövr yeni istiqamət olan əməkdaşlıq pedaqogikasının tətbiqini zərurətə çevirir. XX əsrin 80-ci illərindən inkişaf etməyə başlayan və hazırda daha da təkmilləşdirilərək tətbiq edilən əməkdaşlıq pedaqogikası müəllim və şagird münasibətlərinin demokratik təfəkkür əsasında qurulmasını, şagirdin müstəqillik qabiliyyətlərinin inkişaf etdirilməsini, təlimi öyrədən və öyrənən subyektlərin tabe və asılı deyil, bərabər tərəflər kimi müəyyənləşməsini, bir sözlə, şagirdin cəmiyyət üçün yararlı və yaradıcı şəxsiyyət olaraq yetişdirilməsini ehtiva edir. 

GİRİŞ

Əməkdaşlıq pedaqogikası ümumi pedaqoji istiqamət kimi bütün fənlərin tədrisi və təlimi prosesində tətbiq edilərkən keçilən mövzunun mahiyyətinin daha dərindən açılmasına şərait yaradır. Bu zaman müəllim-şagird, şagird-şagird münasibətlərinin əməkdaşlıq əsasında qurulmasına, “hamının bir nəfər və bir nəfərin hamı üçün” məsuliyyət daşıdığını və öz üzərinə düşən cavabdehliyi dərk etməsinə imkanlar yaranır. Müəllimlə şagird arasında qurulmuş uğurlu əməkdaşlıq şagird şəxsiyyətinin formalaşmasına, onun özünü reallaşdırmasına, özünə inamının yaranmasına, digər insanlarla sağlam münasibətlər qura bilməsinə kömək edir. Bu prosesdə müəllim yalnız pedaqoq deyil, həm də psixoloq və tərbiyəçi qismində çıxış edir. Əməkdaşlıq pedaqogikası şagirdə şəxsiyyətyönlü və fərdi yanaşmanı ehtiva etdiyi üçün təlim prosesində müəllim şagirdə onun bilik və bacarıqlarını, fərdi psixoloji xüsusiyyətlərini və fiziki imkanlarını nəzərə alaraq yanaşır, şagirdin dəyərlər sisteminin formalaşmasına, ətrafdakı insanları başa düşməsinə, gələcəkdə məsuliyyətli vətəndaş kimi yetişməsinə təsir edir.

Əməkdaşlıq pedaqogikasının tətbiqi şagirdin müxtəlif hadisə və proseslərə müstəqil mövqeyinin formalaşmasına, ayrı-ayrı tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini daha səmərəli şəkildə araşdırmasına şərait yaradır. Təlim prosesində müəllim şagirdə istiqamət verir, hansı mənbələrdən yararlanmasının faydalı olduğunu göstərir, müxtəlif təlim vəsaitləri ilə mövzunun yadda qalmasına yardım edir. Bu zaman qrup daxilində şagirdlərin qarşılıqlı kömək əsasında fəal iştirakına imkanlar yaranır, güclü və zəif şagird anlayışı fəal kollektiv anlayışı ilə əvəz olunur. Bu mənada məktəblərdə təlim-tədris prosesində əməkdaşlıq pedaqogikasının tətbiqi xüsusi aktuallıq kəsb edir.

ŞAGİRDLƏRİN MÜSTƏQİLLİK QABİLİYYƏTLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİ

Demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı müstəqil düşünən və qərarlar qəbul edən vətəndaşların olmasını tələb edir. Bu keyfiyyətlərin formalaşdırılmasının əsası məktəbdə qoyulur. Müstəqil düşünən insan gələcək həyatını özü qurmağa çalışır, özünüreallaşdırma qabiliyyətlərini inkişaf etdirir, nailiyyətlər əldə etmək üçün biliklərini artırmağa can atır. Təlim prosesində əmədaşlıq pedaqogikasından istifadə edərək şagirdlərin müstəqillik qabiliyyətlərinin inkişaf etdirilməsi onların gələcəkdə cəmiyyətin inkişafında aparıcı qüvvəyə çevrilməsinə kömək edir.

Əməkdaşlıq pedaqogikası XX əsrin 80-ci illərindən etibarən tədrisdə geniş tətbiq edilməyə başlayıb. Onun əsas məsələlərindən biri təhsilin demokratikləşdirilməsidir. Əməkdaşlıq pedaqogikası müəyyən məqamlarda yaradıcı pedaqogika ilə üst-üstə düşür, uşaqlara təlim prosesində yaradıcı olmaq və öz gələcəyinin qurucularına çevrilmək ideyalarını aşılayır. Bu pedaqoji istiqamət uşağa yaradıcı şəxsiyyət kimi yanaşır, onların istedadının aşkarlanmasına kömək etməyi ehtiva edir (Gorbovskaya, 1987).

Hər bir pedaqoq öz şagirdləri ilə münasibətlərinin uğurlu olub-olmaması ilə bağlı düşünür. Bir çox peşəkarlar əmindirlər ki, müəllim-şagird əməkdaşlığını aşağıdakı hallarda uğurlu hesab etmək olar:

  1. Şəxsiyyətin müasir dövrdə yiyələndiyi bilik və bacarıqların reallaşdırılmasına şərait yaradılırsa;
  2. Öz şəxsi “Mən”ini dərk etməyə və özünəhörmətə əsas verilirsə;
  3. Şəxsiyyətin gələcək inkişafı üçün perspektivlər açılırsa.

Buradan belə bir nəticəyə gəlmək olar ki, müəllim-şagird əməkdaşlığı hər iki tərəfin – həm müəllimin, həm də şagirdin inkişafına yönəldikdə səmərəli hesab edilə bilər (Shevchenko, 1991).

Burada müəllimin inkişafı dedikdə, onun dərsin tədrisi prosesini təkmilləşdirməsi, davamlı surətdə öz üzərində çalışaraq şəxsi bilik və
bacarıqlarını mükəmməlləşdirməsi, təlim və tədris prosesi ilə bağlı yeniliklərdən xəbərdar olması və s. nəzərdə tutulur. Bu qeyd edilənlər müəllimin özünəinam hissini artırır, onun şagirdlərlə səmərəli əməkdaşlıq qura bilməsinə, həmçinin onların bilik və bacarıqlarının inkişafına kömək edir. Müəllim-şagird əməkdaşlığında təhsilalanın müstəqillik qabiliyyətlərinin inkişafı onun özünə inamının formalaşdırılmasını, ünsiyyət bacarıqlarının təkmilləşdirilməsini, istedadının üzə çıxarılmasını ehtiva edir.

Təlim prosesində şagirdlərin müstəqilliyinin, yəni sərbəst fikir yürüdə bilmək, kollektivlə uğurlu əlaqə yaratmaq, öz maraq dairəsini, yaxud maraqlandığı mövzunu seçə bilmək və tədqiq etmək, həmçinin onun qazandığı biliklərdən uğurla istifadə edə bilmək qabiliyyətlərinin inkişaf etdirilməsi vacib məsələdir. Bu əsasda təlim prosesində şagirdlərə aşılanan müstəqilliyin aşağıdakı formaları fərqləndirilir:

  • mənəvi müstəqillik;
  • öz fikrini bildirmək müstəqilliyi;
  • fəaliyyət müstəqilliyi;
  • yaradıcılıq müstəqilliyi;
  • praktik-təşkilati müstəqillik;
  • tətbiqi və tədris müstəqilliyi;
  • idrak müstəqilliyi;
  • təlim əməyi müstəqilliyi;
  • əqli müstəqillik;
  • öz şəxsi şərəf və ləyaqətinin qorunub müdafiə edilməsi üzrə müstəqillik;
  • ağıllı fəaliyyət göstərmək üzrə şəxsi müstəqillik;
  • tənqid, özünütənqid və öz mövqeyini müdafiə etmək üzrə müstəqillik;
  • qərara gəlmək (qəbul etmək) müstəqilliyi (İsmayılova, 2018).

Tədris prosesində təsnifatda təqdim edilən müstəqillik formalarının aşılanması şagirdin yetkin şəxsiyyət kimi formalaşmasına əsas verə bilər, onun analitik qabiliyyətinin və qərar vermə bacarıqlarının inkişafına kömək edər. Lakin şagirdlər fərqli idraki və qavrama, emosional xüsusiyyətlərə malik olduqlarından müstəqillik qabiliyyətinin inkişafı prosesində fərdi yanaşma metodunun tətbiq edilməsi zəruridir.

N.Q. Dayri şagirdlərin müstəqil işlərinin nəticələrini aşağıdakı kimi təsnif edir:

a) İşi şagird özü, başqalarının köməyi olmadan görür; b) O, həqiqətən öz şəxsi biliyinə, bacarığına, həyat təcrübəsinə, dünyagörüşünə əsaslanır. Məsələni öz bildiyi kimi həll edir. Bu işdə öz şəxsi münasibətlərini ifadə edir, təşəbbüs göstərir; c) İşin məzmunu-təhsilverici, tərbiyəedici hissəsi əsasdır, o, şagirdin mənəviyyatını zənginləşdirir, təfəkkürünü inkişaf etdirir (Mehrabov, 2010).

Bir çox hallarda şagirdin özünə inamsızlığı onun sosial mühitlə əlaqə qura bilməsində çətinlik törədir. Özünəinamsızlıq şagirdlərdə öz yoldaşları, həmçinin müəllimləri ilə ünsiyyət qurmağa imkan vermir, onlar özlərini tənha hiss edir, tənəffüslərdə tək gəzir, yaxud sinifdən çıxmır, müəllimə sual verə bilmir, diqqət mərkəzində olmaqdan qorxur, daim gərgin vəziyyətdə olurlar. Bunlar şagirdlərin şəxsi inkişafına mənfi təsir göstərə, onların psixi sağlamlığının pozulmasına gətirə bilər. Özünəinamsızlıq bilavasitə özünüqiymətləndirmənin aşağı olması, öz qüvvəsinə və uğurlar əldə edə biləcəyinə inamsızlıqla bağlıdır. Belə şagirdlər müəllimin qiymətləndirməsindən və yaşıdlarının fikrindən asılı olurlar, bu isə çox zaman apatiya, çalışmamaq istəyi yaradır, emosional böhrana, öz “Mən”-inin itirilməsinə səbəb olur (Fominova, Shabanova, 2013).

Sinif kollektivində asosial şagirdlərlə yanaşı, tənbəl, dərsə həvəsi olmayan şagirdlərə də rast gəlinir və belə uşaqlarla dialoq yaratmaq bir qədər çətin olur. Bir çox pedaqoqlar təlim prosesində belə uşaqlarla müəllim-şagird əməkdaşlığının yaradılmasında çətinlik çəkirlər (Gorbovskaya, 1987). Bununla belə, təlim prosesində əməkdaşlıq pedaqogikasının tətbiqi zəruridir, çünki burada əsas ideya humanist münasibətlərin, humanist kollektivin və humanist cəmiyyətin yaradılması ilə bağlıdır.

Əməkdaşlıq pedaqogikasının üstün tərəflərindən biri də cəmiyyətin dəyərlər sistemində və təhsildə baş verən dəyişikliklərlə bağlı davamlı surətdə yenilənməsi, dövrün inkişaf meyillərinin, fərdə, şəxsiyyətə olan tələblərinin nəzərə alınaraq təkmilləşdirilməsidir. Müəllim və şagirdlərin birgə qarşılıqlı fəaliyyətini nəzərdə tutan əməkdaşlıq pedaqogikası şagirdlərin müstəqillik qabiliyyətlərinin aşkarlanması, yönəldilməsi və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Qeyd edilməlidir ki, müstəqillik qabiliyyətlərinin inkişaf etdirilməsi deyərkən, ilk növbədə şagirdlərin özünəinam hisslərinin aşılanması nəzərdə tutulur. Məlumdur ki, özünəinam hissinin əsasında şəxsiyyətin sosiallaşması problemi dayanır. Daxil olduğu kollektiv hansı dəyərlərə üstünlük verir və şəxsiyyət, o cümlədən şagird bu dəyərlərin özündə inkişaf etdirilməsində maraqlıdırmı? Şagird kollektivinin əsas ideyasının təhsil almaq olduğunu nəzərə alsaq, deyə bilərik ki, burada ağıl və biliklərin nümayiş etdirilməsi əsas şərt kimi çıxış edir. Kristian Boben (Kristian, 2021) uşaqların özünə inamının olmasını bilavasitə onların gələcəyə bağlı olmaları və gələcək uğurlara yönəlmələri ilə əlaqələndirir. Deməli, təlim prosesində müəllim şagirdlərə motivasiya verməli, onun fəaliyyətini təşkilatlandırmalı, onda uğur əldə edəcəyinə inam yaratmalıdır. Motivasiya, eyni zamanda şagirdin gördüyü işin mahiyyətini anlamasına, fəaliyyətinin məqsədini dərk etməsinə kömək edir. Qeyd edilənlərə nail olmaq üçün müəllim şagirdlə dialoq yaratmağa, əməkdaşlıq qurmağa çalışmalıdır. Göründüyü kimi, müəllim-şagird əməkdaşlığında şagirdlərin özünə inamının, müstəqillik qabiliyyətinin inkişaf etdirilməsi tədris prosesinin məqsəd və vəzifələri ilə bilavasitə bağlıdır. Şagirdlərdə müstəqillik qabiliyyətlərinin inkişaf etdirilməsi iki əsasda mümkündür.

1) Müəllim şagirdə evdə çalışmaq üçün tapşırıq verir və bu tapşırığın heç kəsin köməyi olmadan yerinə yetirilməsini əsas şərt olaraq qoyur.
2) Təlim prosesində tapşırılan mövzu qrup üzvləri tərəfindən birgə araşdırılır, hazırlanır və təqdim edilir. Təqdimatda dərsin mövzusu qrupda müzakirə edilir, hər bir qrup üzvü mövzuya öz münasibətini bildirir (Shevchenko, 1991).

Birinci halda qeyd edildiyi kimi, müstəqil yerinə yetirilən işin böyük əhəmiyyəti vardır, bu zaman şagird özü araşdırma aparır, tanış olduğu mövzuya onun özünün yanaşması formalaşır, bu haqda müstəqil mühakimə yürütmək bacarıqları, yaradıcı təfəkkürü inkişaf edir. Şagirdin müstəqil fəaliyyətinin təşkil edilməsi onun müəllimlə qura bildiyi əməkdaşlıqdan çox asılıdır. Belə ki, müəllim, əslində, şagirdin müstəqil fəaliyyətini təşkilatlandırır, onu yönəldir. Bu mənada təlimləndirici və nəzarətedici, yaradıcı və reproduktiv, şifahi və yazılı, qrupla və fərdi, sinif və ev üçün müəyyənləşdirilən müstəqil işlər fərqləndirilir.

N.V.Pıpa əmindir ki, müstəqil işlər şagirdin müstəqillik qabiliyyətlərinin inkişafında əvəzsiz rol oynayır. Belə ki, hər hansı bir mövzu ilə bağlı müstəqil araşdırma aparan zaman şagirddə özünütəhsilləndirmə bacarıqları inkişaf edir, təhsilə maraq artır. Verilən tapşırığı müstəqil şəkildə yerinə yetirən şagirddə özünənəzarət formalaşır, o, tapşırığı düzgün yerinə yetiribyetrimədiyinə əmin olmaq üçün nəticələri təkrar yoxlayır. Tədris prosesində şagirdlərdə müstəqillik qabiliyyətlərinin inkişafı məqsədilə verilən sərbəst mövzular biliklərin daha əhatəli və səmərəli qavranılmasına, mövzuya müstəqil münasibəti ifadə edən fikrin formalaşmasına kömək edə bilər. Davamlı yerinə yetirilən sərbəst işlər şagirdlərdə özünə və əldə etdikləri biliklərə inam yaradır (Rabinovich, Baller, Golubenko, Krylova, 1983).

İkinci halda qeyd edildiyi kimi, müəllim sinifdə təlim prosesində qrupla müzakirə təşkil edir. Şagirdlərin özünəinam hisslərinin və müstəqillik qabiliyyətlərinin inkişafında fərqli təlim metodları tətbiq edilə bilər. Ümumiyyətlə, təlim prosesinin səmərəli şəkildə təşkili təlimtərbiyə sisteminin optimallaşdırılmasının və təkmilləşdirilməsinin mühüm şərti kimi təzahür edir. Müəllim-şagird münasibətlərində əməkdaşlığın qurulması, uğurlu qarşılıqlı əlaqə şagird tərəfindən dərsin lazımi səviyyədə mənimsənilməsinə kömək edir. Müəllim-şagird münasibətlərində əməkdaşlığın yaradılması məqsədilə istifadə olunan metodlar, şagirdlərə təsir fəndləri fərqli ola bilər.

ƏMƏKDAŞLIQ METODİKASININ TƏTBİQİ İSTİQAMƏTLƏRİ

Məktəb pedaqogikasında XX əsrin 70-80-ci illərində yeni bir istiqamət kimi təzahür edən əməkdaşlıq metodikasının tətbiqi zamanı fərqli təsir üsulları təqdim edilir. Vaxtı ilə Minnesota Universitetinin pedaqoqları R.Conson və D.Conson, Koliforniyada C.Arons qrupu və Tel-Aviv Universitetində Ş.Şaran qrupu tərəfindən inkişaf etdirilmiş bu metodika aşağıdakı təlim metodlarını özündə ehtiva edir:

1. Müəllim-şagird əməkdaşlığının və şagirdlərin müstəqillik qabiliyyətlərinin inkişafına yönələn Student Team Learning (STL, komandada təlim) metodu C.Hopkins tərəfindən işlənib hazırlanıb. Bu metod şagird kollektivini dörd nəfərlik qruplara bölərək təlimləndirilməsini nəzərdə tutur. Dərsi izah edən müəllim qrup daxilində şagirdlərin mövzunu bir-birinə qarşılıqlı kömək əsasında mənimsəmələrini təklif edir. Bu zaman qrupa daxil olan hər bir şagirdə xüsusi tapşırıq verilir, yaxud ardıcıl olaraq tapşırığın yerinə yetirilməsi tövsiyə edilir. Qrupun hər bir üzvü ona həvalə edilən məsələni digərlərinə izah edir və bütövlükdə prosesə qrup tərəfindən nəzarət edilir. Bütün qruplar verilən tapşırıqları bitirdikdən sonra hamının iştirakı ilə birgə müzakirə edilir. Şagirdlərin dərsi mənimsədiklərinə əmin olan müəllim onlara test tapşırıqları verir. Hər bir şagird test üzərində fərdi şəkildə işləyir. Fərdi işlərə görə qiymətlər cəmlənir və qrupun ümumi qiyməti elan edilir. Beləliklə, bu zaman zəiflərlə güclülər yarışmır, hər bir kəs ona aid olan tapşırığı yerinə yetirməklə öz işini yerinə yetirir, sanki özü-özü ilə yarışır. Bu zaman həm güclü, həm də zəif şagirdlər qrupa eyni bal gətirə bilərlər (Gorbovskaya, 1987).

Tarixin təlimi prosesində bu metodun istifadə edilməsi ayrı-ayrı tarixi hadisələrin təsviri və təhlilinə, şagirdin şəxsi münasibətinin formalaşmasına kömək edə bilər. Eyni zamanda, mövzunun kollektiv müzakirəsi onun mənimsənilməsi keyfiyyətini yüksəldə, hər bir komanda üzvündə yarış həvəsi oyada və fikir yayınmalarının qarşısını ala bilər.

2. Əməkdaşlıq metodikasında komanda oyunu üsulundan da geniş istifadə edilir. Bu zaman müəllim dərsi izah etdikdən sonra şagirdlərin məsələyə münasibətini müəyyənləşdirmək üçün qruplar yaradır və mütəmadi olaraq komandalararası yarış turnirləri keçirir. Təşkil edilmiş turnirlərdə bərabər biliklərə malik üç nəfər şagirddən ibarət “turnir masaları” təşkil edilir. Hər bir qalib öz komandasına eyni bal gətirir, daha çox bal toplayan komanda qalib elan edilir.

Əməkdaşılıq təliminin təşkili ilə bağlı digər yanaşma cooperative learning adlanır. Bu yanaşma E.Aronson tərəfindən 1978-ci ildə hazırlanıb və Jigsaw adlandırılıb. Bu metod əsasında şagirdlər altı nəfərlik qruplarda birləşir və verilən tapşırıq üzərində (məntiq, yaxud mahiyyətlə bağlı) çalışırlar (Gorbovskaya, 1987). Məsələn, tarix dərsinin təlimi prosesində tarixi hadisənin əhatəli mənimsənilməsi məqsədilə altı nəfərin hər biri hadisə, məsələn, II Dünya müharibəsi ilə bağlı fərqli məqamları (başlanma tarixi və səbəbləri, ilk mərhələdə gedişi, ayrı-ayrı dövlətlərin müharibədə iştirakı imkanları, müharibənin orta və son mərhələləri və s.) əks etdirən informasiya toplayır. Sonra isə müxtəlif qruplardan olan, lakin mövzunun onlara aid hissəsi ilə bağlı məsələləri araşdıran şagirdlə görüşür, topladıqları informasiyanı bir-birinə ötürürlər. Bu proses “ekspertlərin görüşü” adlanır. Sonra onlar öz qruplarına dönür və əldə etdikləri informasiyanı digər qrup üzvlərinə də çatdırırlar. Digər qrup üzvləri də özlərinə aid informasiya haqqında məlumat verirlər. Beləliklə, hamı hadisə haqqında ətraflı məlumat əldə etmiş olur. Dəftərlərində qeydlər aparan qrup üzvləri çalışır ki, hər kəs öz işini məsuliyyətlə yerinə yetirsin, çünki bu onların qiymətlərinə təsir edir. Bu zaman müəllim, demək olar ki, heç bir səy göstərmir. Komandanın hər bir üzvü ayrılıqda və komanda şəklində hesabat verirlər. Son mərhələdə müəllim qrupun istənilən üzvünə ümumi mövzu ilə bağlı hər hansı bir sual verə bilər.

1986-cı ildə R.Slavin əməkdaşlıq təlimi ilə bağlı “Jigsaw-2” metodunu işləyib hazırladı. Burada qrup üzvlərinin sayı 4-5 nəfərə endirilmişdi. Artıq qrup üzvləri mövzunun ayrı-ayrı hissələrini deyil, bütöv mövzunu komanda şəklində araşdırırdılar. Məsələn, hər bir qrup üzvü II Dünya müharibəsi haqqında ümumi məlumat toplayır. Eyni zamanda, onların hər biri mövzunun bu və ya digər hissəsi ilə bağlı daha müfəssəl məlumat toplayır və bu istiqamətdə ekspert hesab edilirdi. Ayrı-ayrı qruplardan olan ekspertlər görüşür, sonda hər bir şagird yoxlanaraq qiymətləndirilir. Qrup üzvlərinin qiymətləri toplanılır və daha çox bal əldə etmiş qrup qalib hesab edilir və mükafatlandırılır (Gorbovskaya, 1987).

Müəllim-şagird əməkdaşlığının yaradılması və şagirdlərin müstəqillik qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə qeyd edilən təlim
formalarından hər biri tətbiq edilə bilər. Təlim metodları təlim prosesində müəllim və şagirdlərin müvafiq məqsədlərə doğru istiqamətlənmiş qarşılıqlı fəaliyyətini müəyyənləşdirir. Bütün təlim metodları dərk olunmuş məqsədlərə, fəaliyyət sisteminə və gözlənilən müvafiq nəticələrə xidmət edir (Musayeva, 2018).

Təlim-tədris prosesində müəllim-şagird əməkdaşlığının şagirdin müstəqillik qabiliyyətlərinin inkişaf etdirilməsinə təsiri imkanları aşağıdakı mərhələlərdə həyata keçirilə bilər:

Dərs və mövzu müəyyənləşdirilir.

Standart: Mövzuya dair materiallar toplanılır.

Məqsəd və ya məqsədlər müəyyənləşdirilir.

İş forması qrup işi kimi müəyyənləşir.

İş üsulu (metodları) seçilir.

Resurslar: dərslik, marker, iş vərəqləri, şəkillər, İKT.

İnteqrasiya: Yaxın fənlərin uzlaşdırılması 

Dərsin gedişi:

Motivasiya: İKT, yəni slayd şagirdlərə nümayiş etdirilir. Mövzu ilə bağlı təhsilalanlara suallar verilir. Cavablar dinlənildikdən sonra mühazirə mətni izahlı şəkildə oxunaraq əlavə məlumatlar verilir. Mövzu ilə bağlı mühüm məsələlərə diqqət yetirilir.

Tədqiqatın aparılması: Tədqiqat aparmaq üçün sinif qruplara bölünür, (məs. 1-ci qrup: A, 2-ci qrup: B, 3-cü qrup: C, 4-cü qrup: D), hər bir qrupa ad verilir və iş vərəqləri paylanılır, tədqiqat sualı səsləndirilir. 

Tədqiqat sualı: Hər bir qrupa mövzu ilə bağlı müqayisəli təhlilə əsaslanan tədqiqat sualı verilir.

Məlumatın mübadiləsi: Müəyyən edilmiş zaman kəsiyində şagirdlər cavabları hazırlayır və ayrı-ayrı qruplar formasında təqdim edirlər.

Məlumatın müzakirəsi: Cavablar diqqətlə dinlənilir, əlavələr olunur və müzakirə edilir.

Nəticə və ümumiləşdirmə: Nəticədə şagirdlər tərəfindən müzakirələrin nəticələrinin toplanması, analizi, sintezi həyata keçirilir. Ümumi müzakirədə şagirdlər müəyyən mövzu haqqında ətraflı məlumat toplaya bilirlər.

Yaradıcı tətbiqetmə və ya ev tapşırığı: Mövzu ilə bağlı esse yazılması tapşırılır. 

Qiymətləndirmə: Təqdimatın əhatəliliyinə, vaxtdan düzgün istifadə edilməsinə, tapşırığın vaxtında və düzgün yerinə yetirilməsinə, qrup üzvlərinin hər birinin mövzu ilə bağlı məlumatlılıq səviyyəsinə, yəni əməkdaşlığın düzgün qurulmasına və öz fikrini çatdırma bacarıqlarına görə aparılır. Ümumi nəticəyə verilən qiymət bütün qrup üzvlərinə şamil edilir.

Bu təlim prosesində müəllim qrupların hər bir üzvünün ümumi müzakirədə iştirak etməsinə imkan yaratmaqla, hər bir qrup üzvünün bildiklərini sərbəst şəkildə və daha dolğun ifadə etməsi üçün esse yazmağı tapşırmaqla onların müstəqillik qabiliyyətlərinin inkişafına kömək edir. Göründüyü kimi, təlim prosesində müəllim məqsədə nail olmaq (əməkdaşlıq yaratmaq və müstəqillik qabiliyyətlərini inkişaf etdirmək) üçün həm qrupla iş, həm də fərdi iş metodlarından birlikdə istifadə edir.

Z.Veysovanın qeyd etdiyi kimi: “Müəllimin dərs zamanı fəal təlimin müxtəlif metod və formalarına müraciət etməsi şagirdlərin təfəkkürünü inkişaf etdirməklə yanaşı, onlarda kəşf olunanı özü üçün yenidən kəşf etməsinə motiv yaradır. Müasir dərs prosesinin gedişində tətbiq edilən fəal təlimin iş formalarına aşağıdakılar aiddir: fərdi iş; kiçik qruplarda iş; cütlük şəklində iş; bütün siniflə birgə iş (Veysova, 2007).

Fərdi iş – esse yazılması verilən tapşırığın bir şagird tərəfindən yerinə yetirilməsi səviyyəsini, hər bir şagirdin potensial imkanlarının açılmasına, onun müstəqil fəaliyyət göstərməsinə şərait yaradılmasına yönəlir. Sinifin kiçik qruplara bölünərək təlimin keçirilməsi, ilk növbədə qrup üzvləri arasında əməkdaşlığın inkişafını təmin edir. Məlumdur ki, şagirdlər içərisindən hər bir qrupun, belə demək olarsa, rəhbəri seçilir və o, qrupda fəaliyyətin təşkil edilməsinə, qrup üzvlərinin hər birinin verilən mövzuya hazırlaşmasına və müzakirədə fəal iştirak etməsinə nəzarət edir. Qrup rəhbərinin hər bir təlim prosesində qrup üzvləri arasından yenidən seçilməsi də şagirdlərdə müstəqillik qabiliyyətinin inkişafına şərait yaradır. Belə ki, bu zaman şagirdlər öz fikirlərini ifadə edərək sərbəst seçim edir, həm də rəhbər seçilən hər bir qrup üzvünün potensial imkanları aşkar edilir.

Unutmaq olmaz ki, qrupla işin təşkili yalnız şagirdlərin fəaliyyətindən ibarət deyil. Bu prosesdə müəllimin də riayət etməli olduğu prinsiplər mövcuddur. Həmin prinsiplər sırasında müəllimin qrup işinin faydalarını şagirdlərə başa salmasını, iş üçün lazım olan materialları əvvəlcədən hazırlayaraq, işin təşkilini dəqiq fikirləşməsini, o cümlədən qrupda iş qaydalarına düzgün riayət edilməsinə nəzarət etməsini qeyd edə bilərik.

Digər mühüm məsələ qrupun tərkibi ilə bağlıdır. Belə ki, müəllim sinfi qrupa bölərkən tərkibin mümkün qədər müxtəlif olmasını əsas
götürməlidir. Qrupları təşkil edərkən “yaxşı” və “pis”, “ zəif” və “güclü” qrupların yaranmasına imkan vermək, dostları bir qrupa salmaq olmaz. Müəllim mümkün qədər tez-tez qrupların tərkibini dəyişərək, şagirdlərin həmişə eyni tərkibdə işləmələrinə yol verməməlidir. O
çalışmalıdır ki, qrup işinin təşkili zamanı müxtəlif cəzbedici üsullara müraciət edərək şagirdlərin bölgüdən yorulmasına imkan yaratmasın1.

Bu proses müəllim – şagird əməkdaşlığının genişlənməsinə kömək edir.

NƏTİCƏ

Müəllimin demokratik münasibəti şagirdlərin ona inamını gücləndirir və birgə iş prosesinə müsbət təsir göstərir. Bu prosesdə müəllimin pedaqoji ustalığı və qrupu idarəetmə xüsusiyyətləri vacib amillər kimi təzahür edir.

Bu metoddan istifadə edilməsinin üstün tərəfləri müəllim-şagird, şagird-şagird əməkdaşlığının qurulması, hər bir şagirdin müstəqillik qabiliyyətlərinin – sərbəst bilik əldə etmək, debat və disskusiyalarda öz fikrini çəkinmədən ifadə etmək və öz mövqeyini göstərmək üçün şəraitin yaradılmasıdır.

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni üzrə Təhsil Proqramı (Kurikulumu) (V-XI siniflər). Bakı: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, 2013, 144 s.
2 Fominova, A.N., Shabanova, T.L. (2013). Pedagogicheskaya Psikhologiya: Uchebnoye posobiye, 2-ye izd., pererab., dopoln., 320 s. 
3 Gorbovskaya, O.I. (1987). “Problemnoye obucheniye na urokakh istorii”. Saratov: Izd. Saratovskaya universiteta, 240 s.
4 İsmayılova, Ü. (2018). Təlim prosesində yeniyetmələrdə müstəqilliyin inkişaf etdirilməsi //Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri, Cild 85, № 3, s.73-78.
5 Kristian, B. (2021). A child was born for us. https://www.paoline.org/wpcontent/uploads/2021/12/LetteraSG_Natale-2021_eng.pdf
6 Mehrabov, A.O. (2010). Müasir təhsilin konseptual problemləri/ A.O. Mehrabov. Bakı: Mütərcim, 516 s.
7 Musayeva, A. (2018). Mətnlə işin təşkilində əyani vasitələrin rolu. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri, Cild 85, №3, s.154-158.
8 Rabinovich, F.M., Baller, E.E., Golubenko, Y.S., Krylova, O.K. (1983). Rolevaya igra – effektivnyy priyem obucheniya govoreniyu. IYA-IYASH, №6, s. 48-52.
9 Shevchenko, S.D. (1991). Shkol’nyy urok: kak nauchit’ kazhdogo. Moskva: Vlados, 174 s.
10 Veysova, Z. (2007). Fəal \ İnteraktiv təlim: müəllimlər üçün vəsait. Bakı: Unicef, 149 s.