AZƏRBAYCAN UŞAQ ŞEİRİNDƏ HEYDƏR ƏLİYEV OBRAZI: TARİXİ GERÇƏKLİYİN BƏDİİ İNİKASI




Tarixi şəxsiyyətləri öyrənmək, tədqiq etmək təkcə tarix elminin deyil, həm də bədii ədəbiyyatın vəzifəsidir.  Ədəbiyyat tarixin meydana çıxardığı şəxsiyyətlərin bədii obrazını yaratmaqla, eyni zamanda dünən, bu gün və sabah arasında ünsiyyət körpüsü qurur. Tarixin və onu yaradanların ədəbiyyat vasitəsi ilə təbliğ olunması,  böyük şəxsiyyətlərin, filosof və sərkərdələrin, söz və düşüncə adamlarının bədii təqdimatı tarixi həqiqətlərin öyrənilməsində, yaşananlardan dərs çıxarılmasında əhəmiyyətli rol oynayır. Bu şəxsiyyətlərin bədii surəti nə qədər monumental yaradılarsa, onlar öz xalqının milli obrazını, sahib olduğu dəyərləri bir o qədər aydın əks etdirmiş olarlar. Bunu Heydər Əliyev obrazının Azərbaycan ədəbiyyatında yaradılan nümunəsində daha aydın dərk edə, tarixi həqiqətlərin bədii gerçəkliyə çevrilməsinin böyük fəlsəfi-estetik dəyərli məsələ olduğunu görə bilərik. Ümummilli liderin uşaq poeziyasındakı obrazına diqqət yetirsək, göz önündə xilaskar, varlığı ümid və nicat vəd edən, Azərbaycanın özünəqədərki milli dövlətçilik, idarəçilik təcrübəsini təkcə həmfikirlərinə deyil, həm də opponentlərinə qəbul etdirən bir şəxsiyyət, xalqının qəhrəmanı, müdrik şəxsiyyət canlanır. Məqalədə Heydər Əliyevin obrazına daha çox poeziyada rast gəlindiyi vurğulanır. Ulu Öndər haqqında uşaqlar üçün yazılan saysız-hesabsız şeirlərdən bəzi nümunələr verilir. 

Tarixin elmi araşdırmaya ehtiyacı olduğu qədər “bədii tədqiqata” da tələbatı vardır. Çünki xalqın taleyi, mənəvi keçmişi və tarixi şəxsiyyətlərinin bədii ədəbiyyatda tərənnümü tarixçilərin araşdırmalarından az əhəmiyyət kəsb etmir. Bədii fikrin tarixi keçmişdən bəhs etməsi böyük zərurətdən doğur. Ədəbiyyat keçmişin
qaranlıq qatlarını aydınlatmaqla yanaşı, onun tarixi şəxsiyyətlərinin bədii obrazını yaratmağa da borcludur. Bu amil həm də ədəbiyyatın bu gün və sabahla bağlılığını şərtləndirir.

Nəzəri-estetik prinsiplərdə tarixi şəxsiyyətlərin həyatına müraciətin vacibliyi bir neçə amillə şərtləndirilir. Ən əsası isə odur ki, tarix və onu yaradanlar ədəbiyyat vasitəsi ilə təbliğ olunur, böyük şəxsiyyətlərin, filosof və sərkərdələrin, söz və düşüncə adamlarının bədii təqdimi tarixin öyrənilməsində, yaşananlardan ibrət alınmasında əhəmiyyətli rol oynayır. Bu şəxsiyyətlərin bədii surəti nə qədər monumental yaradılarsa, onlar öz xalqlarının milli obrazını, sahib olduğu dəyərləri o qədər aydın əks etdirmiş olarlar. Epoxaların, baş verən hadisələrin, təbəddülatların dərki prosesində bədii tarixin rolu elmi tarixin əhəmiyyətindən heç də az deyil və buna görə də tarixi həqiqətlərin bədii gerçəkliyə çevrilməsi böyük fəlsəfi-estetik dəyəri olan məsələ hesab edilir.

Heydər Əliyevin uşaq poeziyasındakı obrazına diqqət yetirsək, o, xilaskar, varlığı ümid və nicat vəd edən, Azərbaycanın özünəqədərki milli dövlətçilik, idarəçilik təcrübəsini təkcə həmfikirlərinə deyil, həm də opponentlərinə qəbul etdirən bir şəxsiyyət, xalqının qəhrəmanı, müdrik lider, ulu öndər kimi görünür. Heydər Əliyevin obrazına daha çox poeziyada rast gəlirik. Ulu Öndər haqqında uşaqlar üçün saysız-hesabsız şeirlər yazılıb. Nəbi Xəzrinin “İradə möcüzəsi”, Valeh Mirzənin “Ruhu canımızdadır”, Şövkət Məmmədbəylinin “Yaşayacaqdır”, Uğurlu Xəlilovun “Biri günəş, biri Heydər”, Xıdır Alovlunun “Vətənləşən vətəndaş”, Aygün Balın “Heydərin davamçısı gərək ki, Heydər olsun”, Bəhlul Ataxanlının “Dünyanın Heydər oğlu”, İlqar Dağlaroğlunun “Heydər baba”, Aynur Hüseynovanın “Körpələr babası sən, Heydər baba”, Səmid Mövsümovun “Qayəsi nur, özü də nur”, Samir Səyyadoğlunun “Haqqımızdır öyünmək”, Əkbər Qoşalının “Ümidsiz ha deyilik”, Ələmdar Quluzadənin “Heydər baba, öndər baba”, Rafiq Yusifoğlunun “Rəhbərin heykəli”, “Ulu öndər”, Nəriman Hüseynin “Nur övladı”, Fərid Ağamirzəyevin “Heydər baba”, Oqtay Zəngilanlının “Ulu Heydər”, “Millət atası”, “Bir millət, iki dövlət” və başqa bu mövzuda yazılmış şeirlərdə Ulu Öndərin bədii portretinə müxtəlif rakurslardan işıq salınır.

Bu şeirlərdə maraqlı dilemmalara diqqət yetirilməsi olduqca vacibdir. Həmin bədii nümunələrdə Heydər Əliyevdən həm tarixin və zamanın yetirdiyi şəxsiyyət, həm də tarixin özünü yaradan, onu idarə edən, yönləndirən ümummilli lider kimi bəhs olunur: elə söykənən, elin söykəndiyi, yol açan, özü yol olan, xalqdan güc alan, xalqın güc aldığı, genetik yaddaşın, tarixi təcrübənin yetirdiyi və özü nümunəyə, məktəbə çevrilən, vətənin həm əsgəri, həm generalı... Bu dilemmaları bəzən eyni şeirdə, bəzən də ayrı-ayrı, tam fərqli nümunələrdə görmək mümkündür:

           Çağdaş Azərbaycan ölməz əsəri,
           Vətənə məhəbbət tək amalıydı.
           Heydər öz yurdunun sadiq əsgəri,
           Türkün ən qüdrətli generalıydı.
                         (Vahid Əziz)

           Qəlbini bürüyüb Azərbaycana,
           Qəlbinə bürüyüb Azərbaycanı.
                       (Məstan Günər)

            Sən tarixi yaza-yaza
            Özün də tarix oldun.
            (Rafael Hüseynov)

            Sən haqqa arxalandın,
            Haqq sənə arxa durdu.
              (Dursun Musayeva)

Zahid Xəlilin Ulu Öndərə həsr etdiyi silsilə şeirlərində – (“Oxu, Surxay”, “Bulaq”, “O gecə”, “Əl”, “Heydər körpüsü”, “Azərbaycan xiyabanı”, “Uçaq”, “Dağlar”) Vətənin bütün övladlarını öz balası kimi sevən, onlara qayğı və diqqət göstərən, uğurlarından fərəhlənən, qürur duyan bir el babası kimi söz açılır. Müəllif el atasının adı verilən park və xiyabanlardan, bulaqlardan danışır, onların əsrarəngizliyinin və gözəlliyinin sirrini adları ilə əlaqələndirir. Şair üçün Babadağdan da uca, buludlardan yuxarı bir zirvə olan milli öndərin saldığı yol – Heydər yolu kiçik oxuculara örnək göstərilir. “O gecə” şeirində 90-cı illərin əvvəllərində millətin taleyüklü
məsələsinin həllində el dəstəyinə ehtiyac duyulanda bir çağırışı ilə xalqı meydana toplayan liderin sözünün, səsinin qüdrətindən, müdrik addımlarından bəhs olunur. “Əl” şeirində əllərini bayrağa, məşələ döndərib el üçün yol göstərən, bir hərəkəti ilə dünyanı ayağa qaldıra bilən, “Yumulsa zindan, açılsa yaraşıqlı olan”, əzəmətli, mayaka bənzər bir əldən bəhs olunur.

“Heydər körpüsü” şeirində Kür çayının göy sinəsində salınan bir körpünün adını haqlı olaraq onun adından aldığı qeyd olunur. Balacaların dilindən deyilir ki, axı Heydər baba da körpülər qurur. Gecələr yatmayıb işləməklə gündüzlə gecənin, Azərbaycanla uzaq-uzaq ellərin arasında körpü salındığını deyən kiçik oxucu böyük inamla nə vaxtsa Aya, ulduza uzanan körpülərin də qurulacağına ümid bəsləyir.

Başqa bir şeirdə şair Heydər baba ilə Azərbaycanı eyniləşdirir:

           Əl edirlər uşaqlar,
           Heydər baba, can baba,
           Ey Azərbaycan baba,
           Nə yorul, usan, baba!

Gülzar İbrahimova, əsasən, nağıllar yazsa da, redaktoru olduğu “Sehrli xalat” jurnalında onun “Heydər babamız oldu”, “Ulu Öndər”, “Heydər babanın nəsihətləri” (İbrahimova, 2015) adlı şeirlərinə də rast gəlinir. Bu şeirlərdə müəllif kiçiklərin hər ilin gözəl yazında yığışıb el atasına al-əlvan çiçəklərdən çələng toxuduqlarını, şən nəğmələr oxumaqla onu yad etdiklərini, müdrik babalarının nəsihətlərinə daim əməl etməyə çalışdıqlarını diqqətə çatdırır.

Heydər Əliyevə istedadlı, tanınmış şairlərlə yanaşı uşaqlar da səmimi, hiss və duyğularını ifadə edən şeirlər həsr edib. Bu şeirlərin poetik qəhrəmanı uşaq dünyasından görünən Heydər Əliyevdir. Ulu Öndərin nəvəsi Leyla Əliyevanın “Mənim babam” şeiri bunların hamısından fərqlidir, çünki digər şeirlərdə müəlliflər öz qəhrəmanlarını böyüklərin söhbətlərindən, onun haqqında danışılanlardan, gördüyü işlərdən, televiziyadan, tədbirlərdən tanıyıblarsa, bu şeirdəki təəssürat qəhrəmanı ilə daimi ünsiyyətdən, baba-nəvə münasibətindən, sıx müşahidələrdən yaranıb: 

         Mənim babam gözəl insan,
         Sevimlidir, mehribandır.
         Yüz il, min il yaşayasan -
         Desəm ona, уеnə azdır.
         İnsan var ki, qəlbi qara,
         Bəd əməlі, bəd niyyəti.

         Onlar hara, babam hara...
         Bir insandır ədalətli,
         Öz xalqına sədaqətli,
         Мənim babam.
         Kömək edər, əl uzadar,
         Dara düşsə bircə adam.
         Bax, belə bir ömür yaşar.
         Мənim məğrur,
         Мənim əziz Heydər babam!
              (Əliyeva, 2008)

Qeyd etmək lazımdır ki, həqiqəti əks etdirən bu sadə və səmimi sözlər bir evin yox, bütöv elin babasına ünvanlanıb və bu kəlmələri ona doğma nəvəsinin timsalında minlərlə mənəvi övladı deyir.

Heydər Əliyevə yazılan yüzlərlə şeirin əksəriyyətində ona “Heydər baba”, bəzən “el atası” xitabı ünvanlanıb. Amma xalq şairi Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirləri və “oğul” xitabı bir ananın səsi, xeyir-duası kimi duyulur:

         Cavidi vətənə gətirən oğul,
         Onu öz xalqına yetirən oğul,
         Xalqının misilsiz qayğılarını,
         Öz çiyni üstünə götürən oğul,
         Var olsun bu oğul qeyrətin sənin!

         Tarix nə üz görür, nə rüşvət alır...
         Tarixdə tarixi həqiqət qalır.
         Adın həqiqətlə birgə ucalır,
         Xalqına xidmətdir – şöhrətin sənin...
                  (Dilbazi, 2004)

“Aqil mötəbər”, “ağlı ümman”, “ər oğlu ər” kimi tərif etdiyi böyük liderin bacara bildiyi, öhdəsindən gəldiyi çətin işləri, xalq üçün etdiklərini, tökülən qanların qarşısını kəsməsini, Azərbaycanı yadların cızdığı xəritəyə uyğun
bölünməkdən qurtarmasını, Cavidi uzaq Sibirdən vətənə gətirməsini, S.Vurğunun, C.Cabbarlının ev muzeylərinin açılmasını, Vaqif üçün tikilən məqbərəni bir-bir xatırladan Mirvarid Dilbazi silsilə şeirlərini bu dəyərli ana sözü ilə bitirir:

         Canında canımız, qanında qanımız olan oğul!
         Dünya qarşısına çıxan mərdim,
         Sənə bir çələng hörərdim.
         El məhəbbətindən olardı çiçəkləri
         Zaman soldurmayır,
         El qoyduğu çələngləri...
            (Dilbazi, 2004)

Şeirin arxitektonikası sanki Burla xatunun əsrlərdən süzülüb gələn səsini xatırladır.

Rafael Hüseynovun Ulu Öndərə həsr etdiyi şeirləri içərisində “Sədaqət dərsi”, “Sən tarixi yaradan”, “Arzun” (Hüseynov, 2009) şeirləri Heydər Əliyevin bədii portretini əks etdirmək baxımından uşaqlar üçün də uğurlu nümunələrdir. Həmin poetik mətnlərdə ümummilli liderdən bir məktəb, bir örnək kimi bəhs olunur. Vəfa, ləyaqət, sədaqət dərsi verən bu məktəb həm də çətinliklər qarşısında mətanətli, dəyanətli olmağı, arzulara çatmaq uğrunda əzmkarlığı öyrədir. Həmin bədii nümunələrdə poetik qəhrəmandan dönə-dönə oxunmalı kitab kimi danışılır. Bu kitabda “bir qəhrəmanın yenilməzlik hekayəti”, “sadədən sadə insanın dahi olmaq şücaəti” yazılıb. Müəllif sonda bu məktəbdə ən ali dərsin– məhəbbət dərsinin olduğunu xüsusi vurğulayır. Fikrimizcə, bu məhəbbət vətənə, çevrəsinə, xalqına, onu sevənlərə, ona ümid edənlərə bəslənən məhəbbətdir.

Rafael Hüseynovun şeirlərində Ulu Öndər “millətin bələdçisi”, “nurlu mayak”, “tarixi yönəldən”, “uzağı görən memar”, “qalib gəlib, qalib gedən”, “xalqın könül dəftərində adı başda dayanan” kimi bədii təyin və ifadələrlə vəsf olunur.
Dursun Musayevanın “Hələ çiynimizdədir uğurlu əlin sənin” şeiri də uğurlu poetik nümunələrdəndir. Müəllif qəhrəmanının həyatını dastanlara sığmayan hünər salnaməsi, tarix dərsi hesab edir. Onun fikrincə, bu ululuğun səbəbi Heydər Əliyevin haqqa və xalqa arxalanmasında idi.

              Haqqını yaşatdığın
              Millət yaşadır səni.
              Pillə-pillə ucaldıb, kərpic-kərpic qurduğun,
              Bu ölkə, bu məmləkət, məmləkət boyda sevgi,
              Dünya dolusu şöhrət, hörmət yaşadır səni.
              Sənsiz keçən günlərin, hər ayında, günündə,
              Hər kəsin həyatında, hər nəfərin ömründə,
              Görünür yerin sənin.
              Hələ çiynimizdədir
              Uğurlu əlin sənin.
                            (Musayeva, 2008)

Əkbər Qoşalı ümummilli liderin anım günləri ərəfəsində yazdığı şeiri (Qoşalı, 2013) qəmli notlarla başlasa da, sonda – “İzin ilə yürüyürük, Ümidsiz ha deyilik” – deyə təsəlli yeri tapır. Ələmdar Quluzadənin şeirində (Quluzadə, 2010) isə qəhrəman bu dünyanın yaddaşına Azərbaycan yaza bildiyi, vətən torpağında “Heydər baba” boyda dağ, tarix qarşısında başı uca, üzü ağ olduğu üçün öyülür.

Heydər Əliyevin uşaq ədəbiyyatında yaradılan obrazı güclü və suveren dövlət qurmağı bacaran, Azərbaycanın əbədiliyini təmin edən, vətənə tuşlanan zərbələrə sinə gərən, soydaşlarının qayğısını şəxsi problemi hesab edən “Heydər baba” kimi görünür. Bundan sonra da enerjisini tarixdən alan və gələcəyə ötürən ümummilli liderin həyat salnaməsini əks etdirən yüksək ideyaya malik, mənəvi-estetik dəyəri çox güclü olan, uşaqların yaş və qavrama səviyyəsinə uyğun bədii əsərlər yazılacaqdır. Həmin əsərlər, şübhəsiz, təhsilalanların bədii ədəbiyyatda, mütaliəyə marağını artıracaq, məntiqi təfəkkürünü zənginləşdirəcək, vətənpərvərlik tərbiyəsinin aşılanmasında mühüm rol oynayacaq, onların azərbaycançılıq ruhunda böyüməsi üçün motivasiya yaradacaq, onları milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi formalaşmağa sövq edəcəkdir.

İstifadə edilmiş ədəbiyyat

1 Dilbazi, M. (2004). Seçilmiş Əsərləri. Bakı, Lider nəşriyyatı.

2 Əliyeva, L. (2008). Mənim babam. Günəşə qovuşmaq istəyirəm mən! Bakı, Çinar-Çap nəşriyyatı.

3 Hüseynov, R. (2009). Sədaqət dərsi. Xalq qəzeti. 8 may 2009.

4 İbrahimova, G. (2015). Şeirlər. Sehirli dünya, № 39, səh.14-15.

5 Qoşalı, Ə. (2013). Ümidsiz ha deyilik. Yeni Azərbaycan, 9 may.

6 Quluzadə, Ə. (2010). Heydər baba, öndər baba. Savalan, 7-13 may.

7 Musayeva, D. (2008). Hələ çiynimizdədir uğurlu əlin sənin. Mədəniyyət, 6 dekabr.