ŞAGİRDLƏR TELEFONLARINDAN AĞILLI OLMALIDIRLAR




Məktəblərdə ağıllı texnoloji qurğulardan, telefon və saatlardan, tabletlərdən istifadənin təsirləri uzun müddətdir ki, bütün dünyada müzakirə mövzusudur. Ağıllı qurğulardan istifadənin tərəfdarları və əleyhdarları arasında cəmiyyətin müxtəlif təbəqələri təmsil olunur. Məktəblərdə ağıllı telefonların istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələrə artıq BMT-nin strukturları da qoşulub. 

UNESCO  son hesabatında məktəblilərin ağıllı texnoloji cihazlardan həddən artıq istifadəsi ilə bağlı ciddi narahatlığını açıqlayıb. Təşkilatın  baş direktoru Odri Azule bildirib ki, "ağıllı texnoloji qurğulardan istifadə təhsilin keyfiyyətinin yüksəlməsinə, prosesin asanlaşmasına, şagird və müəllimlərin xeyrinə yönəldilməlidir". Hesabat  müəllifləri etiraf edirlər ki, yeni texnologiyalar müəyyən bacarıqların mənimsənilməsi və konkret elmi sahələrdə biliklərin əldə edilməsi üçün faydalı ola bilər. Amma məktəblər özləri uşaqları texnoloji qurğuların zərərli təsirlərindən qorumaq üçün bu sahəni tənzimləməlidirlər.

Hesabatda qeyd olunur ki, “PISA ( Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) kimi proqramların irimiqyaslı beynəlxalq tədqiqatlarından əldə edilən nəticələr İKT-nin həddən artıq istifadəsinin şagirdlərin nailiyyətlərinə mənfi təsirini təsdiqləyib”.  

 

UNESCO-nun qənaətinə görə, mobil cihazın hətta çantasında olması belə məktəblilərin diqqətini yayındırır, onun fikrini cəmləməsinə mane olur.  Burada qeyd olunur ki, dünyanın hər dördüncü ölkəsi məktəblərdə smartfonların istifadəsini məhdudlaşdırıb. Siyahıda ilk yerdə 2018-ci ildən bu qadağanı həyata keçirən Fransa gəlir. Xatırladaq ki, bu qadağa Fransa prezidenti Emmanuel Makronun seçkiqabağı proqramında seçicilərə verdiyi vədlərindən biri idi. Artıq bir neçə ildir ki, Fransa məktəblərində müəllimlər günün əvvəlində şagirdlərdən smartfonları yığır və dərs bitdikdən sonra qaytarır. Bu ildən siyahıya İtaliya da qoşulub. Finlandiya və Hollandiya isə 2024-cü ildən smartfon qadağası tətbiq edəcək.

 

UNESCO hesabatının həmmüəlliflərindən biri  Manos Antoninis deyib ki, “Biz təhsildə texnologiyadan istifadə edərkən keçmiş səhvlərimizdən dərs almalıyıq ki, gələcəkdə onları təkrarlamayaq. Biz uşaqlara texnologiya ilə və texnologiyasız yaşamağı öyrətməliyik”.

 

“Canlı ünsiyyətə diqqət yetrin” - hesabat müəlliflərinin verdiyi əsas mesaj budur.

UNESCO texnologiyanın təhsilə müsbət təsirini danmasa da “təhsil texnologiyaya deyil, insanlarla qarşılıqlı ünsiyyətə əsaslanmalıdır” fikrini vurğulayır.

 

Hesabatda qeyd olunur ki, son 20 ildə bir çox siniflərdə kağız ekranlarla əvəzlənib; şagirdlər çoxcildlik ensiklopediyaları deyil, elektron Vikipediyanı araşdırmağa üstünlük verirlər. Təkcə 2021-ci ildə Vikipediyaya gündə 244 milyon səhifə baxışı olub. Üstəlik, pandemiya məktəblərdə “texnoloji inqilabı” sürətləndirib: milyonlarla şagird qısa müddətdə onlayn təhsilə keçib.

UNESCO-nun məlumatına görə, 2022-ci ildə dünyada orta məktəblərin təxminən 50 faizi təhsil məqsədləri üçün internetə qoşulub.

Bununla bağlı narahatlığını açıqlayan hesabat müəllifləri qeyd edir ki,  cəmiyyət texnologiyanın təhsil prosesində hansı yeri tutacağına aydın şəkildə qərar verməlidir. "Təhsildə texnologiyaya həddən artıq önəm verilməsi cəmiyyətə və gələcəyimizə baha başa gələ bilər. Texnologiyaya xərclənən vəsait sinif otaqlarının tikintisinə, müəllimlərin maaşına, dərsliklərdən istifadə imkanı olmayan uşaqlar üçün dərsliklərin alınmasına yönəldilməlidir ki, onlar da dərslik və bərabər oxuma imkanları qazansınlar”.  Ekspertlər vurğulayırlar ki, texnologiyanın təhsildə faydaları qeyri-bərabər paylanır və imkansız ailələrin uşaqları adətən onlardan istifadədən kənarda qalırlar.

Hazırda İngiltərədə hökumət məktəblərdə mobil telefondan istifadəni tamamilə qadağan etmək istəyir. Smartfonun zərərli təsirlərindən danışarkən onlar  dərs zamanı mobil telefonun zəng çalması, sinif yoldaşlarının bir-birinin gizli fotoşəkillərini çəkməsi, bundan müxtəlif məqsədlərlə istifadəni sadalayıblar.

İngiltərə hökumətinin təhsil üzrə katibi Gillian Kiqan UNESCO-nun xərdarlıqlarına istinad edərək bildirib ki, mobil qurğular diqqəti yayındıra, kiber zorakılığa gətirib çıxara və şagirdlərin şəxsi həyatına təhlükə yarada bilər. Onun sözlərinə görə, orta məktəb şagirdlərinin 29 faizi dərsdə telefondan icazəsiz istifadə edir.

Almaniya da bir müddətdir ki, məktəblərdə mobil telefondan istifadəyə qadağanı müzakirə edir. Bu ölkənin bir sıra siyasətçiləri və elm adamları, həmçinin Pediatriya və Yeniyetmə Həkimlərinin Peşəkar Assosiasiyası smartfon və planşetlərin uşaqların fiziki sağlamlığına da təhlükə törətdiyini söyləyiblər. Onların fikrincə, ekran asılılığı olan uşaqlar kifayət qədər açıq havada olmur və bununla da müəyyən xəstəliklərin risk qrupuna daxil olurlar.

 Almaniyanın təhsil nazirinin avqustun ortalarında “ən azı ibtidai məktəblərdə mobil telefonların tamamilə qadağa”sı tələbi ölkədə ciddi narazılıqla qarşılandı. Alman Müəllimlər Assosiasiyası bildirib ki, "Bütün yaş qrupları və bütün məktəb sektoru üçün mobil telefonlar qadağan edilə bilməz". Onların yanaşmasına görə, bir çox valideynlər gün ərzində övladları ilə təmasda olmaq istəyirlər.

 UNESCO iddia edir ki, ağıllı qurğular şagirdlərin diqqətlərini yayındırmaqla onların  akademik göstəricilərinin zəifləməsinə də səbəb olur - "Rəqəmsal inqilabın ölçüyəgəlməz potensialını qəbul etsək də cəmiyyətdə, xususilə təhsil sistemində  onun istifadəsinin tənzimlənməsi ilə bağlı çağırışları da dinləməliyik”.

Azərbaycanda da məktəblilərin dərs zamanı ağıllı telefonlardan istifadəsinin məhdudlaşdırılması ilə bağlı çağırışlar səslənsə də, hələlik bununla bağlı hər hansı qərar verilməyib.