MƏQSƏD HƏYATA HAZIRLAMAQDIR




Hazırda dünyada 300 ildən çox tarixi olan özəl məktəblər şəbəkəsi fəaliyyət göstərir.

Özəl təhsil müəssisələrinin tarixi qədim, yunan, Roma və Misirə qədər gedib çıxır. Həmin dövrdə azad və zəngin ailələrin, əsasən, oğlan övladları xüsusi müəllim, mentor və ya akademiyalar vasitəsilə təhsil alırdı. Orta əsrlərdəki Azərbaycan feodallarının saraylarında da oğlan uşaqlarının təhsili ilə məşğul olan xüsusi mentorlar çalışırdı. İstər klassik yazılı ədəbiyyatda, istərsə də folklorumuzda bunun bir çox nümunələrinə rast gəlmək olar. Azərbaycan ədəbiyyatında “lələ” və “lələlik” institunun funksiyası da məhz saray zadəganlarının övladlarının təhsili, dünya görüşü və həyata hazırlanmasından ibarət idi.

Dünyada XVIII və XIX əsrlərdəki sənayeləşmə və şəhərləşmənin yayılması məktəblərin açılması prosesini sürətləndirdi. İnkişaf etmiş şəhərlərdə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də çoxalmağa başladı.

Hazırda Azərbaycanda 30-dan artıq özəl məktəb fəaliyyət göstərir. Adətən özəl məktəblər qurucularının və himayədarlarının dəyər və hədəflərinə uyğun formalaşır. Bütövlükdə özəl məktəblərin əsas hədəfləri bunlardır:

  1. Keyfiyyətli təhsil: şagirdlərə daha keyfiyyətli və fərdi təhsil imkanı yaratmaq;
  2. Akademik nailiyyətlər və ali təhsil üçün güclü zəmin: şagirdlərin akademik uğurlarını artırmaq və onları prestijli ali məktəblərdə təhsilə hazırlamaq;
  3. Təsisçilərin özlərinə doğma saydıqları dəyər və əxlaq meyarlarına görə təhsil: müəyyən dini və ya əxlaqi dəyərlər çərçivəsində təhsil vermək.
  4. Fərdi inkişaf: şagirdlərin şəxsi bacarıqlarını və istedadlarını kəşf etmələrinə yardım göstərmək.

Mütəxəssislərin fikrincə, bir qayda olaraq, özəl məktəbləri daha cəlbedici edən amil orada sinifdə daha az uşağın olması, fərdi tədris, güclü və səmimi şagird-müəllim əlaqəsinin olmasıdır. Bundan əlavə, bəzi özəl məktəblər müəyyən bir təhsil fəlsəfəsinə (Montessori, Valdorf kimi) və ya dini etiqada əsaslanan proqram təqdim edirlər.

Onlar özəl məktəbin mənfi tərəflərinə aşağıdakıları aid edirlər:

  1. Yüksək təhsil haqqı;
  2. Sosial müxtəlifliyin əskikliyi;
  3. Əlçatanlıq problemləri;
  4. Təqaüd və yardımların məhdudluğu;

Azərbaycandakı vəziyyət belədir ki, özəl məktəblərin kurikulumları müxtəlif proqramlara əsaslana bilər. Bu proqramlar arasında Elm və Təhsil Nazirliyinin (ETN) təsdiq etdiyi milli kurikulum, beynəlxalq kurikulumlar və ya bu ikisinin birləşmələri yer ala bilər. Özəl məktəblərdə daha çox tətbiq edilən kurikulum proqramları aşağıdakılardır:

  1. Milli Kurikulum

Bir çox özəl məktəbin tədris proqramı ETN-in müəyyən etdiyi milli kurikuluma əsaslanır. Bu proqram, Azərbaycan dilində tədris olunan fənlərdən və milli təhsil standartlarına uyğun dərslərdən ibarətdir.

  1. Beynəlxalq bakalavriat (International Baccalaureate - IB)

IB proqramı əsas təhsil proqramlarından sayılır və bəzi özəl məktəblərdə tətbiq olunur. Bu proqram şagirdlərin tənqidi düşünmə, araşdırma və analitik bacarıqlarını inkişaf etdirməsi üçün olduqca effektli sayılır.

 

  1. Kembric Proqramı (Cambridge International)

Kembric proqramı Cambridge Assessment International Education tərəfindən təqdim edilən bir proqramdır və bəzi özəl məktəblər bu kurikulumu istifadə edir. Bu proqram şagirdlərə geniş və dərin təhsil təklif etməklə yanaşı, onların beynəlxalq səviyyədə tanınan akademik kvalifikasiyalar qazanmasını da təmin edir.

  1. Amerika kurikulumu

Bəzi özəl məktəblər ABŞ-ın təhsil standartlarına uyğun olaraq Amerika kurikulumunu tətbiq edir. Bu proqram şagirdlərin Amerika standartlarına uyğun təhsil alıb ABŞ universitetlərinə qəbul olmaq üçün hazırlığını təmin edir.

  1. Britaniya kurikulumu

Ölkədəki bəzi özəl məktəblər İngiltərənin təhsil standartlarına uyğun olaraq Britaniya kurikulumu əsasında fəaliyyət göstərir. Bu proqram şagirdlərə GCSE və A-Level kvalifikasiyaları verməklə onların reytinqli universitetlərə qəbul olunmalarına kömək edir.

Bəs Azərbaycandakı ödənişli təhsil müəssisələrinin hansı özünəməxsusluğu var?

Bu suala cavab olaraq hazırda özəl təhsil sektorunda çalışan mütəxəssis Əli Tatlı bildirdi ki, yetişdikləri sosial mühit, valideynlərin statusu və məktəbin təqdim etdiyi imkanlar bu şagirdlərə çoxluqdan fərqli perspektiv vəd edir. Özəl məktəblərdə təhsil alan şagirdlərin valideynlərinin onlardan gözləntiləri çox yüksək olur. Bu gözləntilər uşaqlara daha yüksək özünə inam verməklə, onların özlərini daha bacarıqlı və qabiliyyətli hiss etməsinə səbəb olur. Özəl məktəblər güclü sosial münasibətlər, gələcəkdə dostluq və tərəfdaşlıq əlaqələri yaratmaq perspektivi vəd edir. Çünki dövlət məktəblərindən fərqli olaraq burada uşaqlarla daha çevik və keyfiyyətli ünsiyyət qurulur.

Əli Tatlının fikrincə, özəl məktəblərdə valideyn-məktəb, məktəb-şagird münasibətləri də fərqli səviyyələrdədir. Uşaqlara yaradılan mühit, aparılan işlər, onlarla qurulan ünsiyyət şagirdlərin şəxsiyyət kimi yetişməsinə imkan yaradır.

Özəl məktəblərin üstünlükləri arasında xaricdə təhsil imkanları vurğulansa da, son illər dövlət məktəbləri də bu sahədə xeyli irəliləyişə nail olub. Dövlət məktəblərinin məzunları arasında da xaricdə təhsil alanların sayı ildən-ilə artmaqdadır. Hətta son illərin statistikasına əsaslanıb demək olar ki, dünyanın aparıcı universitetlərində xüsusi təqaüdlərlə qəbul alan tələbələr arasında dövlət məktəblərinin məzunları çoxluq təşkil edir. Reallıq cəmiyyətdə “private school uşağı” adı ilə təqdim olunan özəl məktəb məzunları ilə dövlət məktəblərini bitirənlərin bilikləri arasında böyük fərq olmadığını göstərir. Hətta yerli və beynəlxalq olimpiadalardakı uğurlarına görə dövlət məktəbləri özəl məktəblərdən xeyli qabaqdadır.

Zemfira Məmmədqızı