TƏHSİLDƏ ChatGPT “KABUSU”




Son zamanlar ən çox müzakirə olunan mövzulardan biri OpenAI texnologiya şirkətinin hazırladığı ChatGPT botudur. Bu robot süni intellekt texnologiyasından istifadə etməklə tərcümələr edə və hekayələr hazırlaya, riyazi tənlikləri həll edə, hətta yazılmış koddakı səhvləri tapıb düzəldə bilər. Bəzi çevik tələbələr tapşırıq və elmi işlərini artıq bu qabaqcıl chatbot vasitəsilə yerinə yetirməyə başlayıblar. Bu faktlar müxtəlif ölkələrin təhsil mütəxəssislərinin narahatlığına səbəb olub.

 Təhsildə ChatGPT-nin köməyindən istifadə olunmalıdırmı?

 

Mövzu ilə bağlı müxtəlif fikirlər var. Bəzi pedaqoqlar ChatGPT texnologiyasının son illərdə bəşəriyyət tərəfindən yaradılmış ən böyük nailiyyətlərdən biri olduğu ilə razılaşsalar da, başqaları bunu təhsil sisteminə təhlükə kimi görürlər. Hazırda sərhədləri məlum olmayan bu texnologiyaya tələbələr asanlıqla daxil ola bilirlər. Bu yaxınlarda istifadəyə verilməsinə baxmayaraq, ChatGPT artıq tədqiqat mövzusuna da çevrilib.

ABŞ-ın Şimali Miçiqan Universitetinin professoru Antoni Aumann süni intellekt texnologiyasını araşdıranlardan biridir. Tələbələrə verdiyi tapşırıqların əvvəlkilərə nisbətən qüsursuz yerinə yetirildiyini görən Aumannın araşdırmaları göstərib ki, tələbələr tapşırıqları ChatGPT-dən istifadə etməklə hazırlayıblar. Bəs bu botdan təhsildə necə yararlanmaq olar? Gəlin detallara nəzər salaq.

ChatGPT əslində istifadəçilərə tez və ətraflı cavab verə bilən bir dil modeli robotudur. Modelin infrastrukturunda “Generative Pretrained Transformer” (GPT) adlı texnologiya mövcuddur. GPT dil modeli kimi süni intellekt texnologiyasından istifadə etməklə mənalı mətnlər yaradır. Robot istifadəçinin göstərişlərinə uyğun olaraq verilənlər bazasında konkret mövzuda yazılan bütün mətnləri yoxlayır. Araşdırma zamanı topladığı məlumatlar əsasında yeni mətnlər hazırlayır. Azərbaycan dili variantı da olan proqram müxtəlif chatbot proqramlar və ya insanların hazırladığı sual-cavab proseslərində istifadə oluna bilər. Hazırda başlanğıc mərhələsində olan OpenAI ChatGPT tətbiqi aşağıdakı sahələrdə istifadə oluna bilər:

 

  • Sualların yaradılması və cavablandırılması;
  • Akademik, ədəbi və s. mövzularda mətn yaratmaq;
  • Mətndə açar sözlərin aşkarlanması;
  • Mətnin ümumiləşdirilməsi;
  • Tərcümə;
  • Riyazi məsələlərin həlli;
  • Səhvlərin aşkarlanması və düzəldilməsi;
  • İstənilən mövzuda təkliflər vermək;
  • Kod yazmaq və mövcud kodları inkişaf etdirmək bacarığı;

 

Bəs bu botun mümkün mənfi təsirləri nələrdir?

Mövzumuz təhsildə ChatGPT olduğundan, biz daha çox bu yeni modelin təhsilə mənfi təsirini araşdıracağıq. ChatGPT hazırda inkişafda olan bir modeldir. Ona görə də bütöv mənzərə ilə bağlı qəti mühakimə yürütmək hələ tezdir. Bu gün mənfi tərəflərini təsvir etdiyimiz modelin bir çox xüsusiyyətlərinin gələcəkdə düzəldiləcəyi bir həqiqətdir. Bütün bunları nəzərə alaraq, ChatGPT-nin təhsildə istifadəsinin mənfi cəhətlərini aşağıdakı kimi sadalaya bilərik:

 

  • Statistikaya əsaslanan kompüter proqramlarının səhv etmə ehtimalı hər zaman var. Bu, ChatGPT dil modelinə də aiddir, çünki bu model, həm də statistik məlumatlara əsaslanır.
  • Model bəzən heç bilmədiyiniz bir mövzuda yanlış təkliflər verə bilər. Hətta bu yanlış təklifləri bəzi səhv məlumatlarla dəstəkləyə də bilər.
  • Hazırda, Google məlumatları daha etibarlı sayılır, çünki o, çoxsaylı nəticələri bir yerdə müqayisə etmək imkanı verir. Buna görə də, yeni chatbot bu mərhələdə Google əvəzinə deyil, Google ilə birlikdə istifadə oluna bilər.
  • Modelin kommersiya və ictimaiyyətə açıq versiyası 2021-ci ilə qədər olan məlumatları əhatə edir. Ona görə də, tətbiqdən 2021-ci ildən sonrakı yeni verilənlərlə bağlı heç bir dəstək almaq olmur.
  • Üzərində işlədiyiniz bir layihə tapşırığınız varsa sistem layihənizi inkişaf etdirməkdə sizə kömək edə bilər. Əgər sıfırdan yeni bir layihə hazırlamaq istəyirsinizsə, OpenAI ChatGPT hələ bu bacarıqlara sahib deyil.
  • Mövcud təhsil sistemində şagirdlərə aldıqları məlumatların anlaşılan olub-olmadığını müəyyən etmək üçün suallar verilir. Yeni dil modeli bu sualların cavabını təqdim edir. Mütəxəssislər bunu mövcud təhsil sisteminə zərbə vura biləcək təhlükə kimi görürlər.

Süni intellektlə artıq həyatın bütün sahələrində - avtomatik idarəetmə və park edə bilən avtomobillərdən tutmuş, uğurlu cərrahi əməliyyatlar apara bilən robotlara qədər öz sözünü deyir. Bunun ən bariz nümunələrini bu gün təhsil sektorunda görmək mümkündür. Təhsildə ChatGPT-nin istifadəsi ilə ənənəvi tətbiqlər öz yerini çox fərqli metodologiyalara vermək üzrədir. Qısa müddət əvvələ qədər distant təhsil yalnız kompüter kursları üçün nəzərdə tutulduğu halda, bu gün demək olar ki, bütün kursları uzaqdan onlayn izləmək mümkündür. Beləliklə, təhsil sektorunda baş verən bu transformasiyaya daha yaxından nəzər salaq.

Süni intellekt tətbiqləri təhsil sektorunda çalışan idarəçi və müəllimlərin işini xeyli asanlaşdırır. İşi təkcə dərs keçmək olmayan müəllimlərin də imtahan vermək, qiymətləndirmək, tələbələrin suallarını cavablandırmaq kimi əsas vəzifələri var. ChatGPT-dən istifadə edən müəllim eyni anda yüzlərlə imtahan sənədini qiymətləndirə və ya suallar hazırlaya bilər. Beləliklə, müəllimlər tələbə və şagirdlərinin akademik və ya şəxsi problemlərinə daha çox vaxt ayıra bilərlər.

Süni intellekt sistemləri bu gün tez-tez qarşılaşdığımız intellektual məzmun istehsalında da müəllimlərə dəstək verir. Bu texnologiyalarla ənənəvi kurikulumdan istifadə etməklə müəyyən bir mövzuda rəqəmsal ağıllı məzmun yaradıla bilər. Bu bir həqiqətdir ki, indiki tələbələr kürəyində ağır dərslikləri daşımaqdansa, hər cəhətdən daha səmərəli və qənaətcil rəqəmsal kitabları mənimsəyirlər.

Süni intellekt modelləri ilə təkcə rəqəmsal dərsliklər deyil, həm də tələbə auditoriyasına xas rəqəmsal dərslər yaradıla bilər. Bu dərslərdə məlumatların vizuallaşdırılması veb əsaslı simulyasiyalarla təmin edilə bilər ki, tələbələr dərsləri daha yaxşı qavrasınlar.

 Əslində hər bir tələbənin qazanacağı uğurları üzə çıxarmaq üçün fərdlərin istedad və maraqlarına uyğun təlim proqramı həyata keçirmək lazımdır. Təhsildə ChatGPT-dən istifadə etməklə tələbənin nəyi və necə öyrəndiyini asanlıqla müəyyən etmək olar. Beləliklə, müxtəlif üsullardan istifadə etməklə fərdiləşdirilmiş təhsil proqramı yaradıla bilər.

Ənənəvi təhsil üsullarından istifadə etməklə hazırlanan kurikulumlar adətən tələbələrin 80 faizini cəlb edir. Süni intellekt tətbiqləri isə hər bir tələbənin maraq və qabiliyyətlərinə uyğun proqramlar təklif edərək bu nisbəti yüz faizə çatdıra bilər.

Chatbot tələbələr üçün hər zaman əlçatandır. Bu onlara böyük üstünlük verə bilər. Beləliklə, tələbə klassik təhsil sistemindən fərqli olaraq dəsr cədvəlini günün ən məhsuldar saatlarına uyğun olaraq qura bilər.

Klassik təhsil sistemlərinin ən böyük problemlərindən biri şagird və tələbələrin dərslərdə iştirakıdır. Süni intellektlə hazırlanan fərdi təlim proqramları tələbələri bu qayğılardan da azad  edir.

İndi təhsil işçilərini narahat edən əsas məsələ ChatGPT-nin plagiata böyük imkanlar yaratması ehtimalıdır.

Bir çox ekspertlər OpenAI ChatGPT robotunun  təlimin bir çox sahəsində inqilabi dəyişikliklər edəcəyini desələr də, modelin plagiata geniş imkanlar yaradacağını da vurğulayırlar. ChatGPT tapşırıq və araşdırma həllində asan yolu seçənlər üçün son dərəcə cəlbedicidir. ABŞ-ın Furman Universitetinin  müəllimləri deyir ki, mühazirəçilər süni intellektdən istifadə edərkən plagiatlığa diqqət yetirməlidirlər.

Onların fikrincə, təhsildə plagiat yeni anlayış deyil. Akademik həyatda əvvəllər çoxlu plagiat cəhdləri olub, indi də var. Ona görə də plagiatların sayında böyük artım gözlənilmir.

Süni intellekt texnologiyalarından istifadə etməklə plagiat cəhdlərinin qarşısını almaq üçün artıq bütün dünyada bəzi təşəbbüslər həyata keçirilməyə başlanılıb. Məsələn, ABŞ-ın Nyu-York, Los-Anceles və Baltimor şəhərlərindəki dövlət məktəbləri süni intellekt tətbiqlərindən istifadəni qadağan ediblər. Avstraliyanın səkkiz aparıcı universiteti diqqəti kağız-qələm imtahanlarına yönəltmək qərarına gəlib və imtahanların qiymətləndirilməsi metodunda dəyişiklik edilməsini təsdiqləyib.  Nyu York Təhsil Departamentinin sözçüsü Jenna Lyle açıqlamasında vurğulayıb ki, belə tətbiqlər akademik uğur üçün zəruri olan tənqidi düşünmə və problem həll etmə qabiliyyətlərini zəiflədir.

 Məhdudiyyətlər tətbiq etməklə plagiatın qarşısı alınmağa çalışılsa da, tələbələrin bu qadağaları hansısa formada aşacağını təxmin etmək çətin deyil. Ona görə də indiki məqamda süni intellektli robotların təhsil sisteminə uyğunlaşdırılması yollarını tapmaq daha məntiqlidir. Görünür, həyatımıza yeni daxil olan bu texnologiyanın təhsilə müsbət və mənfi təsirləri hələ uzun müddət araşdırılacaq və müzakirə olunacaq.

 

Məqalə  https://www.theguardian.com https://www.vice.com   materialları əsasında hazırlanıb.