"PUL YOXDUR" FİKRİ ŞÜURALTINDA KÖK SALIR




İnsanlar bütün həyatı boyu işçi, istehlakçı, ailə başçısı kimi maliyyə qərarları verirlər. Dayanıqlı gəlir əldə etmək, səmərəli xərcləmə və effektiv qənaət vərdişi, rasional investisiya bacarığı maliyyə savadlılığının əsas göstəricisi sayılır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) meyarlarına görə, maliyyə savadlılğı fərdlərin maliyyə məhsul və xidmətlərini anlamaq, maliyyə risk və imkanlarını qiymətləndirmək, rasional seçimlər etmək üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq və davranışlar toplusudur.

Daha sadə dildə desək, maliyyə savadlılığı pul qazanmaq, qənaət etmək, xərcləmək, saxlamaq, rifah səviyyəsini və həyat keyfiyyətini yaxşılaşdırmaq bacarıqlarının məcmusudur.

Uşaqların maliyyə savadlılığı da daha kiçik çərçivədə eyni məqamları əhatə edir:

  • Xərcləri planlaşdırmağı öyrənmək;
  • Məqsədlər qoyub ona çatmaq üçün qənaət etmək;
  • Alış-veriş zamanı məhsul seçməyi bacarmaq.

Mütəxəssislərin fikrincə, maliyyə savadlılığının əsaslarına uşaqlıqdan yiyələnmək, gələcəkdə firavan yaşamaq şansını artırır.

Maliyyə mütəxəssislərinin mətbuatda və sosial mediadakı çıxışlarına əsaslanıb Azərbaycanda maliyyə savadlılığı ilə bağlı durumun elə də ürəkaçan olmadığını söyləmək olar. Azərbaycanla eyni vəziyyətdə olan qonşu ölkələrdə kiçik yaşdan uşaqlara pulla rasional davranmağı öyrətmək üçün məktəb proqramında dəyişikliklər edilib.

Azərbaycanda da fənn kurikulumlarında aparılan dəyişikliklərdən sonra ibtidai siniflərdə riyaziyyat və həyat bilgisi dərslərində maliyyə savadlılığının elementlərinə yer verilib.

Bəs dünya praktikasında bununla bağlı hansı qabaqcıl təcrübə və yanaşmalar var? Burada həmin məqamlara toxunmaq istədik.

Əvvəla, təhsil siteminin fərqli mərhələlərində şagirdlərə həmin yaşa uyğun biliklər verilir.

Uşaqların maliyyə savadlılığının artırılması ilə bağlı məsələləri, əsasən, məktəb öz üzərinə götürür. Burada uşaqlara nəzəriyyədən uzaq, praktiki biliklərə söykənən təqdimatlar və interaktiv oyunlar vasitəsilə bilik və bacarıqlar aşılanır.

Maraqlıdır ki, bir çox ölkələrdə maarifləndirici proqramlar təkcə məktəblilər üçün deyil, həm də bağça yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Məktəbəqədər uşaqları erkən yaşdan iqtisadiyyatın ibtidai əsasları ilə tanış etmək istəyi maliyyə savadlılığının formalaşması zərurətindən yaranıb. Halbuki o yaşda nadir hallarda uşaqlara cib xərcliyi verilir. Bununla belə, məktəbəqədər uşaq hər gün iqtisadiyyatın durumu ilə bağlı xəbərləri eşidir. Bu ya ailədə, ya da uşaq bağçasında ola bilər. Bir çox hallarda valideynlər övladlarına istədiyi oyuncağın və ya əşyanın əvəzinə başqasını alanda, bunu onun qiymətinin baha olması ilə izah edirlər.

Dünyada uşaqların maliyyə savadlılığı ilə bağlı vahid standart və qiymətləndirmə meyarları olmasa da, onları ümumi bir prinsip birləşdirir - praktiki bacarıqları möhkəmləndirmək və məlumatlılığı artırmaq. Bu prosesdə uşaqlarda pulla necə davranmaq və hansı səhvlərin baş verə biləcəyi haqqında anlayış formalaşır. Müəllimlər səbəb-nəticə əlaqələri qurur və uşaqlara müxtəlif vəziyyətləri hərtərəfli izah edirlər.

Rusiyada aparılan bir sorğuda göstərildiyi kimi, rus valideynlərin 89 faizi övladlarına pulla düzgün davranmağı öyrətmək istəyirlər. Amma onlar özləri belə nəyin “doğru” olduğunu bilmirlər.

Valideynlərin vəzifəsi övladlarının pulla səriştəli davranması üçün zəmin yaratmaqdır. Bəzi ailələrdə bu mövzu müxtəlif səbəblərdən tabu sayılır. Onlar hesab edirlər ki, uşaq böyüdükcə özü pulu idarə etməyi öyrənəcək. Halbuki, uşaq özünə məxsus maliyyəni idarə etməyi nə qədər tez mənimsəsə, gələcək səhvlərdən o qədər çox uzaq olar.

Uşaqların maliyyə savadlılığının formalaşdırılması valideynlər üçün də faydalıdır:

  • Onlar övladlarının bütün şıltaqlıqlarını təmin etməklə hər şeyi öz üzərlərinə götürmək məcburiyyətində deyillər;
  • Son model geyimi, smartfonun ən son versiyasını və ya məşhur brendin idman ayaqqabısını almaq tələbləri aradan qalxır;
  • Gündəlik həyatda ehtiyac duyduğu xırda şeyləri müstəqil almağı öyrənir;

Valideynlərin kiçik yaşlardan uşağa ayırdığı cib xərcliyindən düzgün istifadə həm uşağın, həm də valideynlərin həyatını asanlaşdırır.

10-11 yaşlı uşağı ailə büdcəsi ilə tanış etmək onun valideynin bank hesabının limitsiz olmadığını anlamasına kömək edir. Uşaqlara gəlir və xərclər - kommunal ödənişlər, ipoteka, aylıq abunələr, ərzaq məhsulları və s. haqqında məlumat verilməlidir. Xarici mütəxəssilər deyir ki, uşaq valideynlərin məcburi ödənişləri etdikdən sonra nə qədər pulunun qaldığını da bilməlidir.  

Uşaqların böyük xərcləri üçün pul ayırarkən onların qarşısında seçim qoyulmalıdır: telefon, yoxsa velosiped? Bu, ona düşünmək, özü ilə danışıqlar aparmaq, güzəştə getmək, lazımsız istəklərdən əl çəkmək bacarıqları qazandıracaq.

Uşağa nə qədər tez-tez pul vermək lazımdır?

Maliyyə savadlılğı layihələrinin müəllifləri hesab edir ki,  ibtidai sinif şagirdlərinə həftədə 1-2 dəfə, az miqdarda pul verilə bilər.

5-ci sinifdən etibarən isə uşağın aylıq xərclərini hesablayaraq,  ayrılan pulu bir və ya iki dəfəyə vermək doğru olar. Bu üsul onun maliyyə planlamasını öyrənməsinə kömək edəcək.

Bu halda uşağın pulu nəzərdə tutulandan daha  əvvəl də tükənə bilər: o, çox şey ala, itirə və ya bir dostuna verə bilər. Bu halda onu qınamaq və ya ona qəzəblənmək doğru yanaşma deyil. Unutmayın ki, bu, uşağın öz puludur və onu istədiyi kimi xərcləyə bilər. Yetkinlikdə böyük vəsaitlərlə səhv etməkdənsə, uşaqlıqda kiçik məbləğləri itirə-itirə öyrənmək daha doğrudur. Uşağın maliyyə səhvlərini qəbul etmək və buna hazır olmaq lazımdır. Əgər övladınıza ayda bir dəfə xərclik verirsinizsə və o, daha tez qurtarırsa, ona verilən müddətə uyğunlaşmağın vacibliyini xatırladın. Onun büdcəsinə əlavəni isə hansısa iş müqabilində etməyə çalışın. Əcnəbi mütəxəssislər bunun üçün maşını yumaq, it gəzdirmək, ev işləri variantlarını təklif edirlər.

Valideynlər övladına pulları səmərəli xərcləmək yolları haqqında da danışmalıdır. Məsələn, onu cib xərcliyinizdən xeyriyyəçiliyə - insanlara, uşaqlara, heyvanlara kiçik ianələr ayırmağa təşviq edə bilərsiniz. Onlara heç vaxt “pul yoxdur deməyin”! "Pul yoxdur" – fikri şüuraltında özünə möhkəm yer edə, gələcəkdə maliyyə çatışmazlığı yaşamadığı halda belə, onda narahatlıq hissi yarada bilər. Valideynlər övladının maliyyə ilə bağlı uğursuzluğunu da dəyərli təcrübəyə çevirməyi bacarmalıdır.

Maliyyə çatışmazlığı ucbatından uşaqlığı və gəncliyi çətin olan valideynlərin övladlarına qarşı ifrat əliaçıqlılğı da yanlışdır. Durmadan hədiyyə almaq uşağın gözündə əşyaların və pulun dəyərini azaldır.  

“Əla” və “yaxşı”dərs qiymətləri müqabilində pul verməyi də mütəxəssilər doğru saymır. Onların fikrincə, burada başqa stimullar olmalıdır. Biliyin keyfiyyətinə pulla təsir etmək düzgün deyil.

Orta siniflərdə uşaqlarda maliyyə savadlılğı çərçivəsində aşağıdakı biliklər verilir.

  • İnternetdə təhlükəsiz davranış və alış-veriş qaydaları;
  • şəxsi və ailə gəlir-çıxarlarını təhlil etmək;
  • maliyyə planı hazırlamaq;

Yuxarı siniflərdə isə daha geniş bilik və bacarıqlar öyrədilir:

  • biznes fəaliyyətinin risklərini qiymətləndirməyi öyrənmək;
  • maliyyə təşkilatlarının saxtakarlığını və manipulyasiyasını anlamaq;
  • malların qiymətini, alışların dəyərini hesablamaq;
  • vergiləri bilmək və hesablamaq;
  • insanın həyat keyfiyyətini, ailənin maddi rifahını doğru qiymətləndirmək və bunu yüksəltmək üçün yollar təklif etmək;

Mütəxəssilərin fikrincə, məktəb dərsləri ilə yanaşı, uşağın maliyyə savadlılığını artırmağın yollarından biri də oyunlardır. Xarici təcrübədə ibtidai məktəbdə bununla bağlı təlim prosesi daha çox oyunlar üzərində qurulub. Uşaqların ticarət və pul münasibətləri, bazar dünyasında bacarıqlarının formalaşması üçün müxtəlif masaüstü və virtual oyunlardan istifadə olunur.

Zemfira Məmmədqızı