TELEFON OĞURLUQ İMİŞ…




Eppur si muove

Yəqin Qalileo Qalileyin inkvizisiyaya qarşı mübariz duruşunu nümayiş etdirən məşhur “Eppur si muove” (Və yenə də fırlanır) deyiminə siz də rast gəlmisiniz.

Qalileo Qaliley Pizada anadan olsa da, uşaqlığını və gəncliyini Florensiyada keçirib. Əvvəlcə monastır təhsili alan Qalileo keşiş olmaq istəyirmiş. Amma onun elmi potensialını görən atası tibb təhsili alması üçün oğlunu Piza Universitetinə göndərib. Qeyri-adi istedadı ilə seçilən Qalileo universitetdə tibbdən çox həndəsəyə maraq göstərib. Qaliley qısa müddətdə müəllimlər arasında müxtəlif elmi məsələlərdə öz fərqli fikirləri olan debatçı kimi tanınıb.

1592-ci ildə Qalileoya Padun Universitetinin riyaziyyat kafedrasına başçılıq etmək təklif edilib. Bu onun müəllimlik və elmi fəaliyyətinin ən məhsuldar dövrü idi. Həmin dövrdə o, məşhur ətalət qanununu kəşf etmişdi.

Hollandiyada ulduzları müşahidə edə bilən böyüdücü borunun hazırlandığını eşitdikdən sonra Qaliley də öz böyüdücü teleskopunu düzəldib. O, Ayda kraterləri və dağ silsilələrini kəşf edən, Günəşdə ləkələri görən ilk alim olub. Qaliley də Kopernik kimi heliosentrik sistemə inanırmış.

Heliosentrik nəzəriyyə, Günəşin kainatın mərkəzində yerləşdiyini və bütün planetlərin, o cümlədən Yerin Günəş ətrafında fırlandığını iddia edən astronomik modeldir. Bu nəzəriyyə geosentrik nəzəriyyədən (Yerin kainatın mərkəzində olduğunu və bütün digər göy cisimlərinin onun ətrafında fırlandığını iddia edən model) fərqli olaraq, planetlərin hərəkətlərini və göy hadisələrini daha dəqiq izah etməyə çalışırdı. Lakin bu fikir kilsə qanunlarına və doqmalarına zidd idi. 1633-cü ildə Roma inkvizisiyası Qalileydən heliosentrik nəzəriyyədən imtina və tövbə etməyi tələb edirdi. Rəvayətə görə, Qalileo kilsənin təzyiqi altında heliosentrik nəzəriyyədən rəsmi olaraq imtina etdikdən sonra, əslində hələ də Yer kürəsinin Günəş ətrafında fırlandığına inandığını göstərmək üçün “Eppur si muove” ifadəsini söyləyib. Ancaq bu ifadənin Qalileo tərəfindən söylənildiyi barədə heç bir tarixi mənbə yoxdur. İfadənin Qalileyə aid edilməsi ilə bağlı ən erkən qaynaq 1640-cı illərə aiddir. Onun ölümündən sonra yazılan bir kitabda “Eppur si muove” ifadəsi daha çox simvolik məna daşıyan və Qalileonun elmi irsini vurğulayan bir deyim kimi qəbul edilir.

Ameriqo Vespuççi, yoxsa Riçard Amerika

Başqa bir maraqlı fakt Amerikanın kəşfi ilə bağlıdır.

İndiyədək oxuduğumuz ədəbiyyatda Amerikanın florensiyalı səyyah Ameriqo Vespuççinin şərəfinə adlandırıldığı bildirilir. Hətta yazıçı Qüstav Flober “Amerika ədalətsizlik nümunəsidir, Kolumb kəşf etsə də, Vespuççinin adını daşıyır” deyə yazır. Əslində isə tarixçilər və coğrafiyaçılar Amerikanı kəşf edənlər arasında Kolumb və Vespuççi ilə yanaşı, başqa bir səyyahın adını da hallandırırlar. Amerikalı alimlər tarixi faktlara əsaslanaraq bildirir ki, əslində ingilis donanmasında xidmət edən Con Kabot Vespuççidən iki il əvvəl materikə ayaq basıbmış. Onun ekspedisiyasını Bristoldan olan zəngin bir tacir - Riçard Amerika maliyyələşdirirdi. Kabot 1498-ci ildə müasir Şimali Amerika sahillərinə çıxıb və kəşf edilən torpaqları ekspedisiyanın baş sponsorunun şərəfinə “Amerika” adlandırıb.

“Amerika” sözü ilk dəfə 1507-ci ildə alman kartoqrafı Martin Valdseemüller sayəsində xəritələrdə peyda olub. O bu adın əslində necə yarandığını bilməsə də, qeyd edib ki, "Amerika" sözünü ilk dəfə məhz Kabotun xəritəsində görüb.

İtalyan diasporunun təşəbbüsü və dəstəyi ilə İkinci Dünya Müharibəsinin başlamasından bir neçə il əvvəl İtaliya və Kanada arasında münasibətləri möhkəmləndirmək üçün Monrealda Con Kabotun abidəsi qoyulub. Heykəlin qoyulduğu meydan da səyyah Kabotun adını daşıyır. Postamentin üzərində üfüqü diqqətlə nəzərdən keçirən səyyahın əlində İngiltərə kralı VII Henrixin ona Hindistana doğru dəniz yolu axtarmaq üçün verdiyi icazə var.

Beləliklə, Amerikanı Kolumbun, yoxsa Vespuççinin açması haqqında mülahizələrə Kabot tərəfdarları da qoşulub. Həm də təkzibolunmaz dəlillərlə.

Aleksander Bell və telefon

Telefonun icadının Bellin adına bağlanması Edissonun lampanın ixtiraçısı kimi tanınması hekayəsinə bənzəyir. Uzun müddətdir ki, elm tarixini araşdıranlar telefonu Aleksander Bellin icad etdiyini söyləyirdilər. Tarixçilər “1876-cı il martın 7-də ABŞ-də mühəndis və ixtiraçı Aleksander Qrem Bell “teleqrafın təkmilləşdirilmiş modeli” adlanan səsləri məsafəyə ötürmək üçün icad etdiyi aparatına patent” aldığını yazırdılar. İndiyədək də güman edilirdi ki, insanlar telefona görə məhz bu icada borcludurlar.

Əslində isə lampa məsələsində olduğu kimi, stasionar telefonun ixtirası da bir dəfəyə meydana çıxan icad deyildi. Daha doğrusu, telefon texniki fikrin təkamül prosesində yaranıb. Telefonun ixtirasında XIX əsrin bir çox məşhur mühəndis-ixtiraçılarının əli olub. Bunlar Antonio Meuççi, İnnoçenzo Manzetti, Cohann Philipp Reis və Elişa Qreydir.

Yeri gəlmişkən, ABŞ-dəki qaynaqlar Elişa Qreyin Belldən üç həftə əvvəl patent ərizəsi verdiyini qeyd edir, bir çox müasirləri Bellin öz həmkarının ideyasını oğurladığını bildirirlər. 2002-ci ildə ABŞ Konqresi telefonu nə Aleksander Bellin, nə də Elişa Qreyin icad etdiyini açıqlayıb. Konqresin qərarında telefonun ixtirasının ingilis dilini zəif bilən və patent almaq üçün pulu olmayan italyan Antonio Meuççiyə məxsus olduğu göstərilib.