MÜƏLLİM ÖYRƏNƏN MÖVQEYİNDƏ DƏ OLA BİLƏR

Son illərdə dünyada sosial ədalət, mədəni müxtəliflik və inklüzivlik kimi anlayışlara artan diqqət “woke education” adlandırılan yeni bir tendensiyanın formalaşmasına səbəb olub. “Woke” (oyanış) sözü əvvəlcə sosial ədalətsizliklərə qarşı məlumatlı və həssas olmağı ifadə edirdi. Sonralar bu anlayış təhsildə kurikulumun yenilənməsi, dərs metodlarının dəyişdirilməsi və məktəb siyasətlərinə sosial həssaslığın daxil edilməsi kimi daha geniş mənalarda istifadə olunmağa başladı. Bu yanaşma həm tərəfdarları, həm də əleyhdarları tərəfindən geniş şəkildə müzakirə edilir və müxtəlif ölkələrdə aparılan tədqiqatlarda fərqli şəkildə izah olunur.
“Woke” təhsilinin mahiyyəti, əsasən, sosial ədalət, inklüzivlik, mədəni müxtəliflik və tarixi ədalətsizliklərin öyrənilməsi üzərində qurulur. Tədris prosesi daha çox təhsilalanların fərdi təcrübələrinə, onların şəxsiyyətinə və sosial reallıqlara əsaslanır. Bu istiqamətin nəzəri təməllərindən biri tanınmış amerikalı tədqiqatçı Gloria Ladson-Billingsin irəli sürdüyü “mədəni cəhətdən uyğun pedaqogika”dır. O göstərir ki, tədrisin mərkəzində yalnız akademik bilik deyil, həm də şagirdin sosial-mədəni mənsubiyyəti dayanmalıdır. Onun fikrincə, sinifdə şagirdlərin səslərinin eşidilməsi və onların təcrübələrinə hörmət edilməsi həm akademik nailiyyətləri artırır, həm də məktəbdə mənsubiyyət hissini gücləndirir.
Beynəlxalq tədqiqatçılar göstərir ki, “woke” təhsili siyasi bir etiketdən daha çox bu istiqamətləri ifadə edir:
- inklüzivlik,
- sosial şüur,
- tənqidi düşüncə,
- mədəni həssaslıq,
- şagird mərkəzli pedaqogika.
Bu yanaşma həm də braziliyalı pedaqoq Paulo Freirenin yaratdığı “tənqidi pedaqogika”ya əsaslanır. Freireyə görə, təhsil təkcə bilik ötürülməsi deyil, eyni zamanda şagirdlərin cəmiyyətdəki sosial strukturları başa düşməsi və onları dəyərləndirməsi üçün bir vasitədir. Bu baxımdan “woke” təhsili şagirdləri yalnız mövcud reallığı qəbul etməyə deyil, həm də sosial münasibətlərə tənqidi yanaşmağa təşviq edir. Freirenin ideyaları xüsusilə Avropa universitetlərində geniş müzakirə olunub və sosial şüurun formalaşdırılması ilə bağlı yeni kurikulum modellərinin hazırlanmasına təsir edib. Onun pedaqoji düşüncəsinin əsas prinsipləri aşağıdakılardır:
- Freire ənənəvi təhsili “bank modeli” adlandırırdı: müəllim bilik “ötürür”, şagird isə passiv şəkildə “qəbul edir”. Onun fikrincə, bu model tənqidi düşüncəni öldürür və şagirdləri passivləşdirir.
- Müəllim-şagird münasibətləri qarşılıqlı dialoqa söykənməlidir. Dərs prosesində müəllim öyrənən, şagird isə öyrədən mövqeyində də ola bilər.
- Şagirdlərin real həyatda yaşadıqları problemlər təlimin başlanğıc nöqtəsi olmalıdır. Təhsil abstrakt nəzəriyyələrdən daha çox həyatla əlaqəli olmalıdır.
- Kurikulum cəmiyyətdə mövcud olan müxtəliflikləri əhatə etməli və bütün qrupların, o cümlədən marginal qrupların təcrübələrini dərs materiallarında əks etdirməlidir.
“Woke” təhsili çərçivəsində geniş istifadə edilən digər praktik yanaşma Louise Derman-Sparksın işləyib hazırladığı “qərəzə qarşı təhsil” (“anti-bias education”) modelidir. Onun araşdırmaları göstərir ki, erkən yaşlardan inklüziv və qərəzsiz mühitdə böyüyən uşaqlar daha güclü empatiya hissinə malik olur, sosial müxtəlifliyi daha rahat qəbul edir və çoxmədəniyyətli cəmiyyətlərdə daha effektiv sosial qarşılıqlı münasibətlər qurur. Derman-Sparks qeyd edir ki, inklüziv kurikulumun məqsədi uşaqları müəyyən bir ideoloji istiqamətə yönəltmək deyil, onların müxtəlif perspektivlər arasında balans qura bilməsini təmin etməkdir.
Bu yanaşmaların nəticəsi olaraq dərsliklər yenilənib, kurikuluma fərqli mədəniyyətlərdən olan müəlliflərin əsərləri daxil edilib və müəllimlər üçün “anti-qərəz təlimləri” təşkil olunub. Tədris daxili ayrıca fəaliyyətlər - diskussiyalar, qrup işləri, debatlar daha geniş yer almağa başlayıb. Bu dəyişikliklər müəllimlərin rolunu yenidən düşünməyi tələb edib: artıq müəllim yalnız bilik verən tərəf deyil, həm də sosial müzakirəni yönləndirən fasilitator kimi çıxış edir.
“Woke” təhsili ilə bağlı ciddi tənqidlər də mövcuddur. Tənqidçilər iddia edirlər ki, sosial ədalət mövzularına həddindən artıq fokuslanma bəzən “biz və onlar” kimi qütbləşdirici yanaşmalar yarada bilər. Bəzi mütəxəssislər düşünür ki, bu model bəzən şagirdləri müəyyən ideoloji çərçivəyə salır və alternativ perspektivlərin ifadəsinə mane olur. Xüsusən də akademik azadlıq və söz azadlığı kontekstində bu məsələ ciddi müzakirə mövzusu olaraq qalır.
Bu müzakirələrdə Avropada tanınmış təhsil filosofu Gert Biesta tarazlığın vacibliyini vurğulayır. Onun fikrincə, təhsilin məqsədi yalnız sosial məsələlər haqqında məlumat vermək olmamalıdır; akademik bacarıqlar, tənqidi düşüncə və şəxsiyyət formalaşması arasında balans qorunmalıdır. Biesta qeyd edir ki, təhsil sisteminin hər hansı ideoloji istiqamətə həddindən artıq meyillənməsi tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər.
“Woke” təhsilini dəstəkləyənlər isə bildirirlər ki, bu yanaşma heç bir şəkildə əsas akademik fənləri əvəz etmir, əksinə onlara əlavə dəyər qatır. Məsələn, tarix dərslərində müxtəlif xalqların perspektivlərinin paralel öyrənilməsi hadisələri daha dərindən başa düşməyə kömək edir. Ədəbiyyat dərslərində fərqli mədəni kimlikləri əks etdirən mətnlərin təhlili şagirdlərin analitik bacarıqlarını zənginləşdirir. Bu səbəbdən “woke” təhsilinin tərəfdarları bunu daha çox “kurikulumun genişlənməsi” kimi qiymətləndirirlər.
Digər tərəfdən, bəzi ölkələrdə “woke” təhsilinin tətbiqi fonunda şagirdlərin oxu, yazı və riyaziyyat nəticələrinin aşağı düşməsi müzakirələrə səbəb olub. Tənqidçilər iddia edirlər ki, məktəblər əsas akademik bacarıqları gücləndirmək əvəzinə ideoloji təlimlərə daha çox vaxt ayırır. Bu narahatlıqlar xüsusilə ABŞ-də geniş yayılıb. Tərəfdarlar isə bildirirlər ki, akademik geriləmənin əsas səbəbləri sosial-iqtisadi bərabərsizliklər, resurs çatışmazlığı və məktəblərdə yüksək şagird sıxlığıdır; “woke” yanaşması isə bu problemləri azaltmağa yönəlib.
Nəticə etibarilə, “woke” təhsili qlobal miqyasda həm dəstəklənən, həm tənqid olunan bir yanaşmadır. Bu model, əsasən, təhsil mühitində bərabərliyi, sosial şüuru və müxtəlif perspektivlərin nəzərə alınmasını təşviq edən geniş bir tendensiyanı ifadə edir. Əsas məsələ isə onun necə tətbiq olunması, tarazlığın necə qorunması və akademik keyfiyyəti zəiflətmədən cəmiyyətin dəyişən ehtiyaclarına necə cavab verməsidir.
Ağca Talıbova

