KOMANDADA FƏALİYYƏTİN TƏLƏBƏLƏRİN ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFINA TƏSİRİ
SEVİNC SEYİDOVA, Bakı Dövlət Universitetinin doktorantı, Bakı Modern Beynəlxalq Məktəbinin direktoru. E-mail: [email protected] https://orcid.org/0000-0002-1980-360X
Təhsilalanların peşə keyfiyyətlərinin formalaşması və gələcəkdə komanda tərkibində səmərəli fəaliyyət göstərməsi üçün onların təşkilati
bacarıqlara yiyələnməsi əhəmiyyətli məsələdir. Belə ki, tələbələrin gələcək peşə həyatında nailiyyətləri yalnız bilik və təcrübi vərdişlər sayəsində deyil, kollektivdə həmkarları ilə ünsiyyət qura bilmək qabiliyyətindən də asılı olacaq. Ünsiyyət səriştələri insanın kiçik yaşlarından formalaşmağa başlasa da, tələbəlik illərini ən məhsuldar dövr hesab etmək olar. Kifayət qədər ünsiyyət səriştələrinə malik insan müxtəlif situasiyalarda, o cümlədən, işgüzar mühitdə özünü sərbəst hiss edir, peşəkar mütəxəssisə çevrilir. Komandada iş tələbənin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə bilavasitə təsir göstərir. İş həyatına hazırlanan mütəxəssisin emosiyalarına hakim olması, özünəinam nümayiş etdirməsi, ümumiyyətlə, davranışlarına nəzarət etməsi mühümdür. Uğurlu ünsiyyət bacarığı qarşılıqlı anlaşmanı təmin edir, münasibətlərdə etibar yaradır, problemlərin effektiv həllini təmin edir. Proses zamanı gələcək mütəxəssisdə yaradıcı, peşəkar problemlərin həllinə qeyri-standart yanaşma formalaşır, kreativlik, sərbəstlik, özünütəsdiq, ideyalar irəli sürmək kimi keyfiyyətlər inkişaf etdirilir.
GİRİŞ
Müasir iş həyatında rəqabətədavamlı, peşəkar səriştələrə, ünsiyyət bacarıqları və müsbət şəxsi keyfiyyətlərə malik kadrlara tələbat artdıqca komandada iş vərdişləri xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Əmək bazarında istehsal problemlərinin öhdəsindən asanlıqla gələ bilən yüksək hazırlıqlı peşəkarlara ehtiyacın artması kollektiv fəaliyyət prosesində mühüm ünsiyyət vərdişlərinə malik mütəxəssislərin hazırlanmasını aktual edir.
XXI əsrin istehsal bazarına texnologiyaların aktiv nüfuz etdiyi zamanda, fərqli yaradıcı komandalar tərkibində işləyə biləcək mütəxəssislərin hazırlanması məktəb dövründən başlayaraq universitetdə də davam etdirilməli, mütəxəssisin bütün iş həyatında təkmilləşməsi üçün baza yaradılmalıdır. Hazırda öz fəaliyyətini həmkarlarının hərəkətlərinə uyğunlaşdıraraq iş tempini tutan, birgə fəaliyyət prosesində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün problemi anlayaraq qərarlar qəbul edən mütəxəssislərə ehtiyac var. Bu mənada “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda da sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq (maddə 4.0.3) vacib prioritetlərdən hesab edilir.
Ali təhsil dövründə şəxsiyyətlərarası münasibətlərin formalaşmasında ünsiyyət ehtiyacı, özünü və başqasını anlamaq son dərəcə mühümdür. Bu gün ali məktəblərin qarşısında peşəkar məsələlərin öhdəsindən operativ və effektiv gələ biləcək, verbal və qeyri-verbal zəruri vərdişləri özündə birləşdirən ünsiyyət bacarıqlarına malik yeni mütəxəssislər hazırlamaq tələbi durur. Təhsil fəaliyyətinin zəruri şərti olan ünsiyyət, tələbə həyatının bütün digər tərəflərinə genezis amili və fəaliyyət şərti kimi təsir göstərir.
Müasir mütəxəssisin işgüzar keyfiyyətlərinin artırılması üçün komandada iş və təşkilati bacarıqların formalaşması əhəmiyyətli məsələdir. Komandada iş tələbələrin ünsiyyət səriştələrinin, başqa sözlə, razılığa gəlmək, öz fikrini başqalarına çatdırmaq, haqlı olduğuna inandırmaq kimi keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəldilib.
Komandada fəaliyyət təşkilatçılıq qabiliyyəti ilə sıx əlaqəli olaraq məsuliyyət, kollektivdə hər bir fərdin maraqlarını nəzərə almaqla öhdəlikləri bölüşdürmək bacarığı deməkdir (Bondarevskaya, Kul’nevich, 1999). Beləliklə, qrup şəklində iş müasir mütəxəssisin hazırlığı sistemində ən önəmli yer tutur.
TƏHLİL VƏ TƏKLİFLƏR
Tələbələrin tədris dövründə qazandıqları şəxsi keyfiyyətlər peşə fəaliyyətlərinə güclü təsir edir. Peşə həyatında nailiyyətlər yalnız bilik və təcrübi vərdişlər sayəsində deyil, kollektivdə həmkarları ilə ünsiyyət qura bilmək qabiliyyətindən də asılıdır. Gələcək mütəxəssisin iş həyatında emosiyalarına hakim olması, özünəinam nümayiş etdirməsi, öz reaksiyalarına, ümumiyyətlə, davranışlarına nəzarət etməsi mühümdür. Uğurlu ünsiyyət bacarığı münasibətlərdə etibar yaradır, qarşılıqlı anlaşmanı və problemlərin effektiv həllini təmin edir. Ali təhsil sahəsində islahatların davam etdiyi və peşəkar kadrların hazırlığında çoxpilləli mərhələyə keçid şəraitində gələcək mütəxəssislərin yüksək ünsiyyət mədəniyyəti digər mühüm bacarıqlar sırasında yer alır (Sarayeva, 2010).
Bir sıra elmi əsərlərdə ünsiyyətin tədris fəaliyyəti ilə sıx bağlı olduğu qeyd edilir, başqa sözlə, tələbə təhsil dövründə ünsiyyət anlayışının müxtəlif istiqamətlərini öyrənir. Müəllimlərlə ünsiyyət, kurs yoldaşları ilə ünsiyyət, təcrübə prosesində peşəkar ünsiyyət tədris dövrünün ayrılmaz hissələridir. Ünsiyyət bacarıqları ənənəvi olaraq düzgün, savadlı, anlaşılan şəkildə fikrin ifadə edilməsi və ünsiyyət tərəfdaşlarından informasiyanın adekvat olaraq qəbul edilməsidir. Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və vərdişlərə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə istiqamət verir (Həmzəyev, Əmiraslanova, 2007).
Ünsiyyət bacarıqları içərisində məlumat mətninin düzgün, adekvat hazırlanması, nitq bacarığı, daxili və xarici təzahürlərin həmahəngliyinin təmin edilməsi, ünsiyyət maneələrinin aradan qaldırılması diqqətdən yayınmayacaq məsələlərdir. Ünsiyyətin demokratik, humanist əsaslarla qurulmasını, əlverişli emosional-psixoloji atmosfer yaradılmasını, özünə nəzarəti, əməkdaşlığı təşkil etmək bacarığını interaktiv bacarıqlar qrupuna aid edərək, bunlara xüsusi qiymət verə bilərik. Peşəkar etikanın prinsip və qaydalarına riayət, aktiv dinləyici olmaq, xoş təəssürat yaratmaq bacarığı kimi keyfiyyətlər də yüksək ünsiyyət səriştələrinin göstəriciləridir (Glazunova, 2012).
Ali məktəb məzunları peşəkar biliklərə yiyələnməkdən savayı komandada iş vərdişlərinə də malik olmalı və özünü müxtəlif sosial rollarda sınamalıdır (Malysheva, 2017). Pedaqoji-psixoloji ədəbiyyatların təhlili göstərir ki, komandada iş səriştələrinin formalaşmasının elmi əsasları bu və ya digər dərəcədə tədqiqatçıların diqqətini cəlb edir. K.Cruz və J.Pinto belə hesab edirlər ki, şəxsiyyətlərarası münasibətlər, eləcə də üzvlərin önəm verdikləri dəyərlər komandada işə müsbət təsir göstərir (Cruz, Pinto, 2019). Eyni dəyərlərə malik komanda üzvləri daha aktiv işləyir və bir-birini dəstəkləməyə çalışırlar, bu səbəbdən də komandanın təşkili prosesində sözügedən amil mütləq nəzərə alınmalıdır (Eva, 2014). J.C.Morey və digər tədqiqatçılar hər komanda üzvünün rolunun qəti müəyyən edilməsini komandanın effektiv işi ilə əlaqələndirirlər (Morey, Simon, Jay, Wears, Salisbury, Dukes, 2002). V.S.Okuneva belə hesab edir ki, komandanın layihə üzərində işi interaktiv texnologiyalarla zənginləşdirilməlidir, çünki bu, ünsiyyət səriştələrini inkişaf etdirir. Müəllifin qənaətinə əsasən komanda üzvləri məqsədə nail olmaq üçün mütəmadi olaraq ünsiyyətdə olmalı, bir-biri ilə konstruktiv dialoq qurmalıdırlar (Okuneva, 2012). Marjan Laal digər müəlliflərlə müştərək tədqiqat işində göstərir ki, əməkdaşlıq şəraitində çalışaraq qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq mümkündür və bu proses zamanı tələbələrin potensial imkanları üzə çıxır. Komandada iş zamanı tələbələr müxtəlif rollar yerinə yetirərək, birbirindən yeni biliklər alır, fərqli nöqteyi-nəzərləri dinləyir və komandada iş vərdişlərini inkişaf etdirirlər. Bu üsulu tədris prosesində müxtəlif fənn müəllimləri çox istifadə edir. Bu üsuldan istifadə zamanı yaranan çətinlik ondan ibarətdir ki, tələbəni bu cür işləməyə öyrətmək lazımdır (Marjan, Azadeh, Mozhgan, Khattami-Kermanshahi, 2013).
Ali məktəblərdə kollektiv işlərin bir çox üsulları təcrübədən keçirilir. Bunlar arasında laboratoriya şəraitində eksperimentlər aparılması, problemli situasiyaların birgə həlli, maketlərin hazırlanması, elmin müxtəlif sahələri üzrə nəzəri məsələlərin həlli mövcuddur. Qeyd etmək lazımdır ki, bütün bu üsullar içərisində mühüm olan tələbələrin ümumi nəticə uğrunda birləşməsidir. Bu növ qrupların təşkilində və fəaliyyətində yalnız tədris məqsədləri deyil, tələbələrin bacarıq və səriştələrinin formalaşması da izlənməlidir. Təhsilalanlar heyət tərkibində çalışarkən aşağıdakı keyfiyyətlərin inkişafına diqqət yetirməlidirlər:
1. İnformasiyanı qəbul edərək, təhlil və müqayisə etmək;
2. Əsas məqsədə nail olmaq üçün işi rasional təşkil edə bilmək;
3. Qrupun fəaliyyətində öz yerini və rolunu müəyyən etmək.
Bunlara diqqət yetirilərsə, kollektiv iş keyfiyyətli ünsiyyət vərdişlərinin formalaşaraq inkişaf etdirilməsinə baza yaratmış olacaq. Psixoloqlar qrupların tərkibindən bəhs edərkən çox böyük olmayan və qeyri-həmcins kollektivlərin yaradılmasını uğurlu nəticə üçün əsas hesab edirlər. Qız və oğlan tələbələrin daxil olduqları qruplar daha məsuliyyətli, işgüzar olmaq, mədəni münasibət nümayiş etdirmək həvəsi yaradır, münasibətlərin, bilavasitə ünsiyyətin yumşaq tonlarla müşayiətini təmin edir.
Kollektiv fəaliyyət mürəkkəb olmaqla hər kəsdən öz rolunu oynamağı tələb edir. Komandada fəaliyyət vərdişləri bütün tədris posesi boyunca formalaşır, ali təhsildən sonrakı dövrdə də bu proses davam edir. Müvafiq səriştələrin daha təsirli aşılanması üçün intizam çərçivəsində bütün məlum metod və üsullardan istifadə etməklə auditoriyanı cəlb etmək şərtdir (Slastenin, Podymova, 1997). Beləliklə, qrupda iş yalnız bacarıq və vərdişləri formalaşdırmır, analitik qabiliyyəti, təhlil qabiliyyətini də inkişaf etdirir.
Belə qənaətə gəlmək olar ki, tələbələrin ünsiyyət səriştələri ilə dərslərə münasibətləri arasında müsbət əlaqə mövcuddur və bu, tədris prosesinə pozitiv təsir göstərə bilər. Ünsiyyət vərdişləri göstəriciləri nə qədər yüksək olarsa, tələbələrin təhsildə uğurları da o qədər çox olar. Qeyd edə bilərik ki, ünsiyyət ətraf mühitin dəyişdirilməsinə təsir edən, müəyyən məqsədlərə xidmət edən fəaliyyət növüdür. Təhsildə uğurlu olmayan tələbələr ünsiyyətə çətin girir, özünə inamsız davranır, utancaq olur, ünsiyyət təşəbbüskarı kimi nadir halda çıxış edərək, müxtəlif münaqişəli situasiyalardan çətin çıxır, şəxsiyyətlərarası və işgüzar ünsiyyətdə maneələrlə üzləşirlər. Ünsiyyət bacarıqlarının yüksək səviyyəsi öz əksini verbal intellektdə tapır. Veksler testinə əsasən verbal intellekt qeyri-verbal intellektdən fərqli olaraq təhsildə uğurla sıx bağlıdır (Byuzen, 2002). Verbal intellekt tələbənin davamiyyətini bütün fənlər, xüsusilə humanitar fənlər üzrə müəyyən edir.
Müasir mütəxəssisin sosial və peşəkar fəaliyyətini yüksək səviyyədə həyata keçirməsi üçün yalnız ənənəvi deyil, geniş ünsiyyət bacarıqlarından istifadə etməsi, gündəlik həyatında, təhsil və peşə fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməsi zəruridir. Aydındır ki, tələbələrin əksəriyyəti ünsiyyət səriştələrinin formalaşmasının aşağı mərhələsində olur və onlardan ümumi ünsiyyət bacarıqlarından əlavə peşəkar ünsiyyət səriştələrinə malik olmaq da tələb olunur. Bu baxımdan, tələbələrin ünsiyyət bacarıqlarının formalaşmasını iki amil çətinləşdirir:
- Ümumi ünsiyyət bacarıqlarının aşağı səviyyəsi ilə peşəkar ünsiyyət əlaqələrinə malik olmaq tələbi arasında ziddiyyətin mövcudluğu;
- Tələbələrin təhsil və peşə fəaliyyətində informasiya texnologiyalarından istifadə ilə bağlı ünsiyyət səriştələrinə malik olmaq tələbi (Gladchenko, 2013).
Şəxsiyyətin ünsiyyət əhatəsinin formalaşması tam inkişaf bazasının təməlinin qoyulduğu tələbəlik dövründə daha uğurla həyata keçirilə bilər. Bu gün ünsiyyət vərdişlərinin optimallaşdırılması üçün bir sıra müxtəlif üsul və vasitələr mövcuddur. Bunlardan biri ünsiyyət vasitələrinin inkişafı üçün sosial-psixoloji treninqdir. Treninq prosesində tələbələr öz emosiya və hisslərini anlamaq üsullarını öyrənirlər. Bu baxımdan, tələbələrə yardım məqsədi ilə emosional durumun psixoloji özününizamlama metodları da təklif oluna bilər.
Peşə fəaliyyəti çox zaman rəqabətlə bağlı olur, ona görə də komandada iş bacarıqlarının ayrılmaz hissəsi məhz tolerantlıq və münaqişələrə yol verməməkdir. Komandada işin tələbələrin ünsiyyət bacarıqlarına təsirindən danışarkən münaqişəli situasiyalarda münasibət məsələsi də diqqətdən kənarda qala bilməz. Münaqişələrin idarə edilməsi münaqişədə olan insanların davranışına məqsədyönlü təsirlə bağlıdır. Bu situasiyada bir elementi dəyişməklə münaqişənin gedişatını idarə etmək mümkündür. Sözügedən situasiyada elə şəxsi və işgüzar münasibətlər qurulmalıdır ki, bu hər iki tərəfin münasibətini yumşalda bilsin.
Kollektiv daxilində münaqişəli situasiyanı tədqiq edən bir qrup müəllif münaqişəli situasiyaların həllində 3 amili əsas sayır. Bunlara kollektivin formalaşma mərhələsində üzvlərin psixoloji uyğunluqlarının nəzərə alınması, kollektivin mənəvi-psixoloji stimullarına istinad və narazılığın müəyyən edilərək aradan qaldırılması üçün toplantıların təşkil edilməsi daxildir (Shakirova, Sultanova, Tomashova, 2021).
Hər hansı vərdiş kimi ünsiyyət vərdişləri də yaradıla və inkişaf etdirilə bilər. Komandada iş zamanı tələbələrin ünsiyyətinin düzgün təşkili üçün vacib şərtləri və prinsipləri qeyd edək:
- Həmsöhbətin sözünü kəsməmək;
- Qarşı tərəfin söylədiyi fikri onun əvəzinə tamamlamamaq;
- Həmsöhbətlə göz əlaqəsinin vacibliyini unutmamaq, lakin baxışların fasilələrlə başqa səmtə yönəldilməsini də nəzərə almaq;
- Həmsöhbəti dinləyərkən, arada onun söylədiklərini anladığınıza dəlalət edən işarələr vermək;
- Dərhal cavab verməyə tələsməmək. Bu daha rasional cavab verməyə imkan yaradacaq;
- Səs tonuna diqqət yetirmək. Dialoq zamanı düzgün seçilən sözlərlə yanaşı intonasiya və nitq davranışı da mühüm rol oynayır;
- Jestlərə, qeyri-verbal ünsiyyətə diqqət yetirmək. Belə ki, mütəmadi yerə baxmaq, çiyinlərini qısmaq, qolları çarpaz vəziyyətdə
saxlamaq insanın özünə inamsızlığının göstəricisidir.
Komandada iş zamanı tələbələr güclü emosional narahatlıq keçirir, belə ki, vəzifələrin bölüşdürülməsi, problemin həllində alternativ variantlar seçilməsi, layihənin təhvil verilməsi prosesləri, adətən, həyəcanla müşayiət olunur. İş prosesində hər bir üzvün fərdi özəlliyi, bir-birinə hörmət və səbir göstərmək kimi vacib keyfiyyətlər tərbiyə olunur və nəticələrə görə bütün üzvlər məsuliyyət daşıyır. Komandada işləyərkən tələbələr bir-biri ilə yalnız tədris proqramı üzrə deyil, bir sıra müxtəlif məsələlərlə (məsələn, tənqid və yumora münasibət) əlaqədar də ünsiyyətdə olurlar. Komanda işinin təşkili nəinki eyni qrupa daxil olan üzvlərin bir-birini öyrənməsinə imkan yaradır, eyni zamanda müəllimlərə təhsilalanları yaxşı tanımaq, onların səriştə səviyyəsini müəyyən etmək imkanı verir. Birgə fəaliyyətin nəticəsi komanda üzvlərinin bir-biri ilə münasibətinin düzgün qurulmasından çox asılıdır. Tələbələrin komandada birgə uğurlu iş üçün nəzərə almalı olduğu bir neçə əsas qayda var:
- komanda üzvlərini diqqətlə dinləmək;
- komanda üzvlərindən biri fikrini tamamladıqdan sonra digər üzvün sözə başlaması;
- suallar verərək deyilənlərin aydın olubolmamasını soruşmaq;
- öz fikrini aydın çatdırmaq və başqalarından da bunu xahiş etmək;
- təkliflər vermək və bu barədə digər üzvlərin fikrini soruşmaq;
- təklif və ideyaları birlikdə müzakirə etmək;
- birgə qərarlar qəbul etmək;
- birlikdə nəticələr əldə etmək.
Komandada iş tələbələrdə ünsiyyət səriştələrinin inkişaf etdirilməsinə əsaslı təsir göstərməklə yanaşı, onlara problemlərin həlli bacarıqlarını da aşılayır. Komandada birgə fəaliyyət tələbələrdə özünütəkmilləşdirmə ehtiyacını da ortaya çıxarır. Müəyyən bacarıqlara malik tələbələr özlərindən üstün hesab etdiklərindən nümunə alaraq daha da aktuallaşmağa cəhd edirlər. Özünüaktuallaşdırma insanın mümkün imkanlarının üzə çıxarılmasıdır ki, bu da inkişaf deməkdir (Yusifova, 2010).
Proses zamanı gələcək mütəxəssisin yaradıcı, peşəkar problemlərin həllinə qeyri-standart yanaşması, kreativlik, sərbəstlik, özünüinkişafa hazırlıq, özünütəsdiq, müstəqil məqsədlər qoymaq, ideyalar irəli sürmək, öz fəaliyyətini planlaşdırmaq və onun nəticələrini təhlil etmək kimi səriştələri formalaşır.
NƏTİCƏ
Ünsiyyət bacarıqları şəxsiyyətin yüksək nəzəri və təcrübi hazırlığına əsaslanan, biliklərdən yaradıcı istifadə imkanları verən şüurlu ünsiyyət davranışlarının toplusu olaraq, gələcək mütəxəssislərin peşəkar fəaliyyətində xüsusi önəm daşıyır. Gələcək mütəxəssislərin peşə fəaliyyətində rəqabətədavamlılığını təmin etmək üçün mühüm şərtlərdən biri məhz heyət tərkibində ünsiyyətin düzgün qurulması bacarığının aşılanmasıdır.
Ünsiyyət bacarıqlarının formalaşması son dərəcə qlobal əhəmiyyətli məsələdir, çünki insanın həyat və fəaliyyəti ünsiyyətsiz bir məna kəsb etmir, ünsiyyətin keyfiyyəti və əldə edilən nəticə isə mədəni münasibətdə ifadə olunur. Kifayət qədər ünsiyyət səriştələrinə malik insan müxtəlif situasiyalarda, gündəlik həyatında, işgüzar və peşəkar mühitdə özünü sərbəst hiss edir. Ünsiyyət səriştələri insanın kiçik yaşlarından formalaşmağa başlasa da, tələbəlik dövrünü ən məhsuldar hesab etmək olar.
Komandada işin ünsiyyət münasibətlərinə təsirindən bəhs edərkən bir sıra problemlərə diqqət yetirməkdə fayda var. Belə ki, bəzi tələbələrdə ünsiyyət mədəniyyətinin, işgüzar görüşlər barədə təsəvvürün, dinləməklə paralel düşünmə bacarığının və qarşı tərəfə münasibətdə öz mövqeyini düzgün ifadə etmək bacarığının olmaması komandada birgə fəaliyyət zamanı maneələr yaradır. Bununla əlaqədar aparılan təhlillər göstərir ki, ali məktəblərdə humanitar fənlərin imkanlarından lazımi qədər istifadə olunmur. Rəqabətədavamlı mütəxəssislərin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, onların məqsədyönlü şəkildə hazırlanması üçün tədris metod və vasitələrinin, eləcə də təşkilatçılıq formalarının lazımi səviyyədə olmaması da prosesə mənfi təsirini göstərir. Təbii ki, komandada iş dövründə ünsiyyət səriştələrinin formalaşması və inkişafı asan proses deyil və ali məktəblərin tədris prosesində xüsusi proqramın hazırlanaraq reallaşdırılmasını tələb edir.
İstifadə edilmiş ədəbiyyat
1 Bondarevskaya, Y.V., Kul’nevich, S.V. (1999). Pedagogika i lichnost’ v gumanisticheskikh teoriyakh i sistemakh vospitaniya. Rostov-n/D, 560 s.
2 Byuzen, T. (2002). 10 sposobov kak stat geniyem. Мoskva, AST, Astrel, s. 253
3 Cruz, K., Pinto, J. (2019). Team Focus in Focus: Its Implications for Real Teams and Their Members // Journal of work and organizational psychology-revista de psicologia del trabajo y de lasorganizaciones, 35 (2). pp. 123-133.
4 Eva, I.E. (2014). Increasing Values of Teamwork and Responsibility of The Students. Through Games: Integrating Education Character in Lectures // Procedia Social and Behavioral Sciences 123. pp. 196–203.
5 Gladchenko, V.Y. (2013). Kommunikativnyye umeniya: podkhody i klassifikatsii. “Kul’turnaya zhizn’ Yuga Rossii”, № 2 (49), s.84-85.
6 Glazunova, Y.G. (2012). Formirovaniye umeniya rabotat’ v komande kak obshcheprofessional’noy kompetentsii budushchego menedzhera // Vestnik Voronezhskogo gosudarstvennogo tekhnicheskogo universiteta. s. 61–64.
7 Həmzəyev, M.Ə., Əmiraslanova, S.F. (2007). Ünsiyyətin psixologiyası. Bakı, 230 s.
8 Malysheva, A.D. (2017). Sposobnost’ rabotat’ v komande kak obshchekul’turnaya kompetentsiya studentov vuza // Sovremennyye problemy nauki i obrazovaniya, № 2. s.51-74.
9 Marjan, L., Azadeh, S.N., Mozhgan, L., Khattami-Kermanshahi, Z. (2013). What do we achieve from learning in collaboration? // Procedia-Social and Behavioral Sciences 93, pp.1427–1432.
10 Morey, J.C., Simon, R., Jay, G.D., Wears, R.L., Salisbury, M., Dukes, K.A. (2002). Error reduction and performance improvement in the emergency department through formal teamwork training: Evaluation results of the Med Teams project // Health Services Research. 37 (6). pp. 1553-1581.
11 Okuneva, V.S. (2012). Proyektnaya deyatel’nost’ v formirovanii u studentov sposobnosti rabotat’ v komande // Sibirskiy pedagogicheskiy zhurnal. №5. s.96–102.
12 Sarayeva, V.V. (2010). Formirovaniye kommunikativnykh umeniy studentov vuza. Pedagogika i psikhologiya professional’nogo obrazovaniya. Kazanskiy pedagogicheskiy zhurnal. № 2, s. 22-28.
13 Shakirova, D.M., Sultanova, G.M., Tomashova, A.G. (2021). Analiz konfliktnoy sredy vnutri kollektiva na primere personala meditsinskogo ucherezhdeniya. Krasnoyarsk Science, Vol. 10, No 2, s.84-98.
14 Slastenin, V.A., Podymova, L.S. (1997). Pedagogika: innovatsionnaya deyatel’nost’. Moskva: ICHP» Izd-vo Magistr». 224 s.
15 Yusifova, R. (2010). Müasir psixologiyada özünüaktuallaşdırma problemi və onun psixososial əsasları. Psixologiya jurnalı, № 1, s.41-53.