BEYNƏLXALQ TƏCRÜBƏDƏ TƏHSİLİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ, TƏHSİLİN İNKİŞAFINI STİMULLAŞDIRAN MEXANİZMLƏR, QRANT SİSTEMİ




Keyfiyyətli təhsil, tədris resursları ilə təminat, həmçinin təlim mühitinin yaradılması üçün təhsilə maliyyənin ayrılması şərtdir. Təhsilə ayrılan maliyyənin təhsilin keyfiyyətinə kömək edə biləcəyi bəzi xüsusi yollar vardır. Bu tədqiqatda beynəlxalq təcrübəyə əsaslanan və təhsilin keyfiyyətinin yüksəldilməsində rol oynayan bir sıra mexanizmlər təsvir edilib: 1) Təhsil müəssisələrinə yüksək keyfiyyətli kadrların cəlb edilməsi: daha yüksək əməkhaqqı və güzəştli iş şəraitinin təklif edilməsi ilə yaxşı kadrların təhsil müəssisəsinə cəlb edilməsi; 2) Təhsil müəssisələrinin tədris resursları ilə təmin edilməsi: dərsliklər, İKT və tədris materialları kimi digər resursların alınması; 3) Təhlükəsiz və dəstəkləyici təlim mühitinin yaradılması: məktəb şəraitinin təkmilləşdirilməsi, dəstəkləyici mühitin yaradılması, şagirdlərin psixi sağlamlıq və sosial dəstək xidmətlərindən yararlanması; 4) Kurikulumların və təlim metodlarının təkmilləşdirilməsi: yüksək keyfiyyətli kurikulumların və təlim strategiyalarının, o cümlədən onların tətbiqinin həyata keçirilməsi. Araşdırmalar göstərir ki, təhsilə maliyyə ayırmaq və onu məqsədəuyğun istifadə etməklə təhsilin keyfiyyətini artırmaq mümkündür.

GİRİŞ

Təhsil şagirdlərə və gənclərə həyat şəraitini yaxşılaşdırmaq və əmək bazarında yer tutmaq üçün daha parlaq perspektivlər verməklə əhalinin maariflənməsi və yoxsulluğun azaldılmasında əsas rol oynayır. Dünya əhalisinin artımı, urbanizasiya, iqlim dəyişikliyi, təbii fəlakətlər, ölkələr arasındakı münaqişələr və s. kimi məsələlər təhsilin daha keyfiyyətli və dayanıqlı mexanizmlər üzərində qurulmasını tələb edir.

Təhsillə məşğul olan beynəlxalq təşkilatlar durmadan bu istiqamətdəki bir sıra problemləri aradan qaldırmağa səy göstərir. Buna baxmayaraq, dünyada sözügedən sahədə bəzi problemlər hələ də qalmaqdadır. Məsələn, hələ də ümumi təhsil pilləsini uğurla başa vurub, növbəti təhsil pillələrində keyfiyyətli təhsillə təmin oluna bilməmək qlobal xarakteri ilə diqqəti cəlb edir.

Dünyada təxminən 263 milyon uşaq və gənc məktəbə getmir, onların təxminən yarısı münaqişə zonalarında yaşayır. GPE-yə (Global Partners in Education – Təhsildə Beynəlxalq Tərəfdaşlıq) daxil olan ölkələrdə ibtidai məktəbi bitirən şagirdlərin sayı əvvəlkinə nisbətdə (2008-2012) 7,6% artıb. Həmçinin bütün inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 2,9% olduğu halda, GPE-yə daxil olan ölkələrdə 4,4%-ə qədər azalıb. Təhsil alan qızların sayı 2002-2014-cü illərdə 56%-dən 71%-ə yüksəlib.

Təhsilin inkişaf etdirilməsi həm ən kasıb ölkələrdə, həm də miqrant, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ölkələrdə sosial-iqtisadi şəraitin yaxşılaşdırılması naminə vacib işdir. Təhsilin idarə edilməsindəki vacib məsələlərdən birincisi keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və onlara əsaslanan strateji mexanizmlərin hazırlanmasıdır.

Beynəlxalq təcrübələrə əsasən təhsilin keyfiyyət göstəricilərini aşağıdakı kimi təsvir etmək olar:

Qeyd edildiyi kimi, iqtisadi artım və qloballaşma şəraitində təhsilin keyfiyyətinin yüksəldilməsi prioritetdir. Təhsildə keyfiyyəti  şərtləndirən üç göstərici (bilik, bacarıq və vərdişlər) təlim nəticələrinin, şagird nailiyyətinin əsasını təşkil edir. Demək olar ki, bütün ölkələrin təhsil proqramları şagirdlərin (tələbələrin) nailiyyətlərini yaxşılaşdırmağa fokuslanır.

Təhsili necə inkişaf etdirmək olar sualını cavablandırarkən Nəticə Əsaslı Təhsilin (bundan sonra NƏT) xüsusiyyətlərinə, yerli təhsil sistemi üçün prioritet hesab edilən keyfiyyət göstəricilərinə diqqət etmək, onları stimullaşdıracaq inkişaf mexanizmlərini müəyyənləşdirmək lazımdır1. Ənənəvi təhsil sistemindən fərqli olaraq NƏT-in inkişaf prosesində fərdi öyrənmə, innovativ  texnologiyalar, kreativ yanaşmaya əsaslanan fərqli modellərin olması vacibdir. Təhsilin keyfiyyət göstəriciləri və onları stimullaşdıran
mexanizmlər özünəməxsus inkişaf strategiyası olan bir çox ölkələr tərəfindən araşdırılıb. Beynəlxalq təşkilatların təhsilin keyfiyyəti və şagird nailiyyətlərinin yaxşılaşdırılmasına dair təklif etdiyi inkişaf mexanizmlərini ümumiləşdirərək aşağıdakı kimi təsvir etmək mümkündür:

  • Missiya və məqsədlərin müəyyənləşdirilməsi;
  • Proqramın məqsədlərinin müəyyənləşdirilməsi;
  • Şagirdlərin təlim nəticələrinin müəyyənləşdirilməsi;
  • Bilik, bacarıq və səriştələrin qiymətləndirilməsi;
  • Təhsil müəssisələrinin nəticələrinin təhlil olunması;
  • Nəticələrin sillabus, bölmə və dərs planına uyğun təhlil olunması;
  • İnnovativ tədris metodlarının müzakirəsi və təkmilləşdirilməsi;
  • Qiymətləndirmə və qiymətləndirmə vasitələrinin təhlil olunması (Onlayn qiymətləndirmədən mütəmadi istifadə etməklə);
  • Rubrik (Qiymətləndirmə meyarlarının səviyyələr üzrə təsvirinin verildiyi cədvəldir) və qiymətləndirmə sxemlərinin təhlili zamanı
    diferensial yanaşmanın tətbiq edilməsi (onlayn qiymətləndirmədən mütəmadi istifadə etməklə);
  • İnnovativ texnologiyalardan istifadə etməklə şagird–müəllim–məktəb–valideyn münasibətlərinin gücləndirilməsi;
  • Nəticəyə əsaslanan təhsil proqramlarının akkreditasiyasının təşkil olunması;
  • Şagirdlərin performans qabiliyyətlərinin artırılması;
  • Konstruktiv yanaşma və s.

Sözsüz ki, ölkələrdə təhsil sisteminin inkişafı birbaşa onların iqtisadi imkanları və təhsil strategiyasından asılıdır. Xarici ölkələrdə təhsillə bağlı reytinqlərə nəzər saldıqda bu mənzərə aydın görünür. Məsələn, təhsil sistemində keyfiyyət göstəricilərinə görə son 10 yeri tutan ölkələr – Nigeriya, Burkina Faso, Mali, Mərkəzi Afrika Respublikası, Efiopiya, Eritreya, Qvineya, Pakistan, Qambiya, Anqola, ilk 10 yeri tutan ölkələr - Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, Kanada, Fransa, Yaponiya, Avstraliya, İsveçrə, Sinqapur və Niderlanddır (“Azərbaycan Müəllimi” qəzeti, 2018). Təbii ki, reytinq sistemində inkişaf göstəricilərinə görə ölkələri fərqli yerlərdə görə bilərik.

Beynəlxalq təcrübədə təhsil üzrə təqdim edilən qrant layihələrinin qiymətləndirilməsi və müqayisə edilməsi üçün reytinq sistemindən istifadə edilir. İstifadə olunan reytinq sistemi xüsusi olaraq qrant verən təşkilatdan və layihənin xarakterindən asılı olaraq dəyişə bilər (Cədvəl 1). Bir qayda olaraq, reytinq sistemində qrant layihələrin qiymətləndirilməsi bir sıra meyarlara əsasən həyata keçirilir. Belə ki, layihə təşkilatın missiyasına uyğun olmalı, həyata keçirilməsi mümkünlüyü və davamlılığı, layihənin potensial təsiri əsaslandırılmalı, həmçinin iştirakçılarının ixtisas və təcrübəsi, büdcə və maliyyə planı, tərtibat tələblərə uyğunlaşdırılmalıdır.

Cədvəl 1 Beynəlxalq təcrübədə təhsil üzrə qrant layihələrinin qiymətləndirilməsinə dair meyarlar

Təhsil insanın daha yaxşı həyat və karyera imkanlarına sahib olmaq şansını artırmaqla yanaşı, sülhü təbliğ etməli, gender bərabərliyini tənzimləməlidir. Qeyd etmək lazımdır ki, təhsilin inkişafını dəstəkləyən bütün beynəlxalq təşkilatlar dünyanın ucqar və əlçatan olmayan ərazilərində yerləşən ölkələrin təhsilinə, həmçinin peşə bacarıqları üzrə təhsil proqramlarına da dəstək göstərir. Müxtəlif ölkələr təhsilin inkişaf mexanizmlərini stimullaşdırmaq üçün innovativ metodlardan istifadəni vacib hesab edir. Buraya müəllim hazırlığı, məktəbdənkənar layihələrin həyata keçirilməsi və s. zamanı informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadəni aid etmək olar. Bəzi ölkələrin nümunəsində dövlət və beynəlxalq qrant layihələri vasitəsilə təhsili inkişaf etdirən mexanizmlərə nəzər salaq:

İndoneziya: “Cakartadakı məktəblərdə fəaliyyətə görə verilən bonusların əldə edilməsi” qrant layihəsi.

Bəzi Cakarta məktəblərinə resursların verilməsi səmərəli olmayıb. Statistika göstərir ki, bir çox məktəblər şagirdlərin öyrənməsi, müəllimlərin səriştələrinin artırılması və məktəb şəraitinin yaxşılaşdırılması kimi məsələləri tənzimləyən yeni “Milli Təhsil Standartları”nı effektiv şəkildə reallaşdırmağa müvəffəq olmayıb. Təhsil rəsmiləri məktəbi maliyyələşdirmək və onu “Milli Təhsil Standartları”na əsaslanan keyfiyyət göstəriciləri ilə əlaqələndirməklə bu problemi həll edib. Fəaliyyətə görə verilən bonusların alınması proqramına uyğun olaraq, bütün dövlət məktəbləri onlara ayrılan əsas qrantı almağa davam edib, lakin yüksək nəticə göstərən məktəblər hər şagird üçün əsas qrantın 20 faizi həcmində olaraq əlavə bonus alıb. Fəaliyyətə görə verilən qrant bəzi məktəblərdə keyfiyyətin yüksəlməsinə səbəb olsa da, bəzi məktəblərdə nəticələr qənaətbəxş olmayıb. Bu isə onu göstərib ki, istifadə olunan mexanizm bütün məktəblərdə eyni nəticə verməyə bilər.

Mərakeş: “Təhsildə idarəetməni təkmilləşdirməyə xidmət edən müqavilələrin bağlanmasına dəstək” qrant layihəsi.

Təhsil sistemi və idarəetmə islahatını həyata keçirməyə xidmət edən müqavilələrin bağlanmasına maraq göstərən Mərakeş hökuməti
sözügedən qrant layihəsi vasitəsilə ölkənin iki bölgəsində yerli, regional və milli hökumətlər arasında müvafiq müqavilələrin hazırlanması və sınaqdan keçirilməsinə kömək edir.

Banqladeş və Nepal: “Ölkə daxilində təhsilin inkişafı ilə bağlı qərarların qəbul edilməsi”layihəsi.

Bir çox ölkələrdə məktəblərdə regionlarda təhsil işçilərinin düzgün işləməsi və dövlətə məxsus resurslardan məqsədəuyğun istifadə etməsi, həmçinin onların məktəblə bağlı düzgün qərar qəbuletmə bacarıqlarını və məktəbdə qiymətləndirmə sisteminin şəffaflığını yoxlamaq məqsədilə bu kimi layihələrin həyata keçirilməsi vacib hesab edilir. Bu qrant layihəsi üç ölkədə təhsil işçilərinin qərar qəbuletmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan sahə əsaslı eksperimentin inkişafını stimullaşdırmağa xidmət edir. Layihə zamanı mobil telefonlar və oyun texnologiyalarından istifadə edərək təhsil işçilərinə məktəblər haqqında hipotetik məlumatların göstərilməsi və resurs bölgüsü ilə bağlı qərarlar qəbul etmələri tövsiyə olunur. Qeyd etmək lazımdır ki, burada digər məqsəd onlarla bağlı gələcəkdə müəyyən qərarların verilməsində əsas arqument kimi dəyərləndiriləcək faktların toplanmasıdır.

Kolumbiya: “Xidməti təminatını təkmilləşdirmək üçün məktəbin məlumatlarından istifadə”.

Bu qrant təhsilin keyfiyyətinə yönəlmiş çoxölçülü göstəriciləri qiymətləndirir və Kolumbiyada təlim nəticələrinin monitorinqi prosesinin inkişafına kömək edən ikinci qrantın davamıdır. Təhsilin keyfiyyət göstəricilərinə müəllimlər və direktorların pedaqoji və akademik bacarıqları, ailə, məktəb və cəmiyyətə məxsus fikirlər, məktəb iqlimi, şagirdlərin rifahı, məktəbin inzibati və infrastruktur xüsusiyyətləri və s. daxildir. Yeni sistem məktəb direktoru, müəllimlər, valideynlər və şagirdlərdən məlumat toplamaqla məktəb haqqında müəyyən məsələlərə aydınlıq gətirir. Nəticəyə əsaslanan maliyyələşdirmə yanaşmasından istifadə etməklə, keyfiyyət ölçülərində irəliləyişlər göstərən məktəb direktorları artan maliyyə vəsaiti alacaqlar. Bu pilotun nəticələri keyfiyyətdə ölçüləri və nəticələrə əsaslanan maliyyələşdirmə (ənənəvi nəticələr və ya daxilolmalar yanaşması əvəzinə) ətrafında təşkil edilmiş informasiya sisteminin ümumi effektivliyini qiymətləndirmək üçün istifadə edilə bilər.

Dominikan Respublikası: “Fondun məktəbin yerləşdiyi bölgənin performansı ilə əlaqələndirilməsi” qrant layihəsi.

Dominikan Respublikası məktəblərin on il ərzindəki ehtiyaclarına əsaslanaraq, maliyyə resursları və onlarla bağlı görüləcək işləri region daxilindəki məktəblər arasında bölüşdürüb. Bu prosesin bir hissəsi kimi Təhsil Nazirliyi maliyyə transfertlərini region səviyyəsində müəyyənləşdirməklə, sektorun idarə edilməsini təkmilləşdirməyə müvəffəq olub. Eyni zamanda, müxtəlif kontekstlərdə nəticələrə əsaslanan maliyyələşdirmə mexanizmlərinin və fəaliyyətə görə verilən qrantların yaradılması üçün yeni dizayn və innovativ yanaşmaların müəyyənləşdirilməsi məqsədilə məlumat bazası formalaşdırılır.

Hindistan: “İbtidai təhsil səviyyəsində nailiyyətlərin monitorinqini təkmilləşdirmək məqsədilə texnologiyadan istifadə” qrant layihəsi.

Bu layihə əsasında Hindistan hökuməti məktəblərdə monitorinq keçirmək, müəllimlərə mentorluq etmək və s. məqsədlərlə bir qrup təhsil işçisini müqavilə ilə işə götürüb. Bu şəxslər müəyyən vaxt ərzində peşəkar inkişafını artırır və ezam olunduqları yerlərdə müvafiq işlər yerinə yetiriblər. Proses iştirakçıları müəyyən müddət ərzində lazımi texnoloji resurslarla təmin olunub, keyfiyyəti yüksəltmək üçün innovativ metodlardan istifadə edib, eyni zamanda görülən işlərlə bağlı məlumatları toplayaraq aidiyyatı üzrə hesabat veriblər.

Peru: “Məktəb rəhbərləri üçün hazırlanmış Fəaliyyət Əsaslı Karyera İslahatlarının Qiymətləndirilməsi”.

Peruda davam edən islahatlar zamanı təhsil sistemində keyfiyyətin yüksəldilməsi nəzərdə tutulub. Bu islahatın məqsədi ümumi təhsilin bütün səviyyələrində məktəblərdə rəhbər səviyyəli heyətin fəaliyyətə əsaslanan karyera istiqamətini və kompensasiya proqramını formalaşdırmaqdır. Sözügedən qrantı 2014-cü və 2016-cı illərdə məktəblərin idarə edilməsi və təşkilinin təkmilləşdirilməsinə yönələn siyasətdə orta səviyyəli dəyişikliyin həyata keçirilməsi prosesinin qiymətləndirilməsinə maliyyə dəstəyi verib.

Çin: “Sinifdaxili təlim fəaliyyətlərin qiymətləndirilməsi” qrant layihəsi.

Layihənin məqsədləri – Çinin Guanqdonq əyalətində 36 müəllimin peşə bacarığının inkişaf etdirilməsi məqsədilə ixtisasartırma təlimlərinin təşkil edilməsini maliyyələşdirmək, onların onlayn platformalar üzərindən müxtəlif fəaliyyətləri icra etmək bacarıqlarını formalaşdırmaq və ya inkişaf etdirmək, bu prosesin nəticəsini qiymətləndirməkdən ibarətdir. Bu layihə də müxtəlif kontekstli layihələrin həyata keçirilməsi üçün mexanizmlərin müəyyənləşməsində məlumat bazası rolunu oynayır.

Hindistan: “Müəllim fəaliyyətini stimullaşdırma üsulu ilə təkmilləşdirmək” qrant layihəsi.

Dövlət tərəfindən maliyyələşdirilən bu layihə çərçivəsində Hindistanın Bihar əyalətində məktəblərdə işləyən müəllimlərin innovativ fəaliyyətlərinin təkmilləşdirilməsi vasitəsilə regionda təhsilin keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulub. İştirakçıların təlimlərə cəlb edilməsi onların Pratham Vətəndaş Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirmə nəticələrinə əsasən həyata keçirilib.

Tanzaniya: “Müəllimlərin maaşının şagirlərin nailiyyətlərinə uyğunlaşdırılması” qrant layihəsi.

Tanzaniya hökuməti 2015-ci ildə ölkənin təhsil sisteminin keyfiyyətini stimullaşdırmaq və bu sahədə yaranan problemləri aradan qaldırmaq üçün innovativ yanaşmalardan istifadə olunacağını elan edib. Müəyyən olunmuş sxem əsasında şagirdlərin nailiyyətlərinə uyğun olaraq müəllimlərin maaşlarına artımlar edilib. Şagird nailiyyətlərinin yüksəldilməsi təhsilin keyfiyyətinə müsbət təsir edib. Sonralar bu mexanizm bir sıra ölkələrdə də uğurla həyata keçirilib.

İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ TƏHSİL SEKTORUNUN İNKİŞAF PERSPEKTİVLƏRİ

“Result Report” jurnalı 2022-ci il buraxılışında Qlobal Təhsil Monitorinqinin nəticələri və YUNESKO-nun Statistika İnstitutundan əldə etdiyi məlumatlara əsasən GPE (Global Partnership for Education - Təhsil üçün Qlobal Tərəfdaşlıq) təşkilatı 2025-ci ildə təhsilin məqsəd və nəticələri, həmçinin bu istiqamətdə görüləcək işlərlə bağlı vacib məqamlar müəyyənləşdirib. GPE tərəfdaş ölkələrə bildirib ki, təhsilin inkişafı üçün davamlı dəyişiklik mexanizminin tətbiq edilməsi vacib olarsa, hətta strategiyada belə kəskin manevrlər edilə bilər. Bu sahədə həyata keçirilən pilot layihələr çərçivəsində görüləcək tədbirlərin bir çoxu eksperimentdən uğurla keçib, tərəfdaş ölkələrin 70 faizində müsbət nəticələrlə müşahidə edilib (Cost-Effectiveness of Interventionsin Increasing Test Scores, 109). Buraya təhsil xərclərinin artırılması, əlilliyi olan və aztəminatlı ailələrin uşaqlarının, həmçinin bütün qızların təhsilə cəlb edilməsi, təhsil müəssisələrinin hamısının kadrlarla təmin olunması, proseslərin nəticələrinin mütəmadi olaraq təhlil olunması və s. mexanizmləri aid etmək olar (Computer science research in Malaysia: a bibliometric analysis, 109).

İsveçrə təhsil sistemində keyfiyyətin yaxşılaşdırılmasına dair stimullaşdırma mexanizmləri, qrant layihələrinin tətbiqi

İsveçrənin ümumi və ali təhsil müəssisələrində təhsil alan hər kəsin, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi mexanizmlərini özündə ehtiva edən hər bir layihənin qrant sistemindən faydalanmaq hüququ var. İsveçrə təhsilin inkişafına ən çox qrant ayıran 6 ölkədən biridir. İsveçrənin ən yaxşı qrantları aşağıdakılardır:

1. “Bridge”(“Körpü”) qrant layihəsi.

Layihə İsveçrə Milli Elm Fondu (SNSF) və İsveçrə İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Bridge (Körpü) proqramına əsasən
həyata keçirilib. Bu qrant proqramı həm təcrübəli, həm də gənc tədqiqatçılara mövcud problemlərin yeni həlli yollarını təqdim etməsi
məqsədilə lazımi səviyyədə, innovasiyalara əsaslanan elmi-tədqiqatlar aparması üçün maliyyə imkanları verir, tədqiqatçılar arasında
sağlam rəqabətin aparılmasına şərait yaradır2.

2. “EPFL Həvəsləndirmə” Qrantı (EPFL İqnition).

İsveçrənin Lozanna Federal Texnologiya İnstitutu (The École Polytechnique Fédérale de Lausanne) işlərinə maneə yaradan problemləri aradan qaldırmaqla böyük ideyaları olan tədqiqatçılara kömək edir. Əksər hallarda bir sıra maneələrə görə çox istedadlı tədqiqatçılar layihələrini, ümumiyyətlə, üzə çıxarmayıb. İlk dəfə bu layihədə iştirak edən tədqiqatçılar layihə müddətində Lozanna Federal Texnologiya İnstitutunun laboratoriyasından limitsiz istifadə edə bilirlər.

3. “EPFL Innogrants” layihəsi.

Bu qrantı qazanmaq istəyən təşəbbüskarlar yeni ideyanın fərqli olduğunu əsaslandırır, aydın biznes planı təqdim edir və layihə müddətində müəyyən olunmuş məbləğdə məvaciblə təmin olunurlar.

4. “Innosuisse Flaqman” layihəsi.

“Innosuisse-in Flaqman” İsveçrədə startaplar üçün stimullaşdırma mənbəyi hesab edilən ən yaxşı qrantlardan biridir və ölkənin sosial-iqtisadi inkişafına xidmət edən innovasiyaları sürətləndirir. Bu layihə çərçivəsində investorlar, təhsil və elm sahəsi üzrə tədqiqatçılar, təşkilatlar arasında əməkdaşlıq yaradılır və ya təkmilləşdirilir. İsveçrə əməkdaşlıq və sistemli innovasiyanı uğura aparan əsas yol hesab edərək təhsil sahəsində də innovasiyaları dəstəkləməklə həm təhsil sistemini, həm də iqtisadiyyatını inkişaf etdirməyə müvəffəq olur3. Onu da qeyd etmək lazımdır ki, sözügedən layihədə büdcə məhdudiyyəti yoxdur. İştirakçının öz layihəsini əsaslandıra bilməsi kifayətdir.

5. Innosuisse Booster.

“Innosuisse Booster” İsveçrə təhsil, sənaye, elm və s. sahədə geniş spektrli problemləri həll edə bilən yeni texnoloji innovasiyaları stimullaşdırmaq məqsədli maliyyələşdirmə sistemidir.

Qazanmaq üçün layihənin, həqiqətən, innovativ olduğunu və gələcək üçün yararlı olacağını əsaslandırmaq lazımdır.

6. Milli Tədqiqat Proqramları.

İsveçrə Milli Elm Fondunun maliyyələşdirdiyi Milli Tədqiqat Proqramları bir sıra sahələrdə elmi təcrübələrin və innovativ layihələrin maliyyələşdirilməsini həyata keçirən qrant layihədir. Əhatə etdiyi sahələrin miqyası genişdir. Hər bir layihə rəhbəri işə başlamaq üçün müəyyən məvacib alır. Daha sonra tədqiqat xərcləri və işçilərin maaşları, həmçinin əməkdaşlıq, şəbəkələşmə və s. məqsədlə nəzərdə tutulan maliyyə ilə təmin edilir.

İsveçrə təhsil və elm sahəsində GPE və digər beynəlxalq təşkilatların təşəbbüslərini dəstəkləyir. Amma 2010-cu ildə təhsilə yardım pik həddinə çatsa da, 2010-2011-ci illərdə 7 faiz azalıb. İsveçrə tərəfindən 2017-2020-ci illər ərzində GPE-nin fonduna 38 milyon məbləğində maliyyə yardımı edilib. Bununla da GPE-nin təşəbbüsü ilə təhsilə ayrılan maliyyə yardımı 50 faiz artıb. Bu fond vasitəsilə dünyanın ən kasıb ölkələrinin təhsil sistemlərinə yardım edilib, həmin ölkələrdə hər kəsin məktəbə getməsinə müəyyən qədər maliyyə təyin edilib. Nəticədə, 2014-cü ildə əlavə olaraq 64 milyon uşaq məktəbə cəlb edilib.

İsveçrə ənənəvi olaraq müvafiq proqramı həyata keçirməklə təhsilin keyfiyyətinin artırılması məqsədilə innovasiyaları öyrənmək üçün daim dünya təhsil sisteminə inteqrasiya edir. Təsadüfi deyil ki, elm və riyaziyyat sahəsində ən yaxşı təhsil sisteminə malik olan ölkələr arasında İsveçrə də yer almaqdadır.

Rusiya təhsil sistemində keyfiyyətin yaxşılaşdırılmasına dair stimullaşdırma mexanizmləri, qrant layihələrinin tətbiqi

Rusiya təhsil, elm və texnologiya sahəsinə göstərdiyi diqqətə və nailiyyətlərinə görə dünya ölkələri arasında xüsusilə fərqlənir. Dövlət tərəfindən maliyyələşdirilən institutlarda təklif olunan kursların çoxu elm sahəsinə yönəlib. Burada daha çox humanitar və sosial elmlər üzrə proqramlar üstünlük təşkil edir. Bu gün Rusiyada 25-34 yaşlı gənclərin təxminən üçdə ikisi, 55-64 yaşlıların isə yarısından çoxu ali təhsil alıb.

Rusiya təhsil sektorunun kəmiyyət və keyfiyyətcə artması onun sosial-iqtisadi sahədə rəqabətdə ölkələrin çoxundan daha öndə olmasına səbəb olub. Rusiya iqtisadiyyatının mərkəzində “insan kapitalı” durur. Ümumdünya Fondunun göstəricilərinə görə, 2022-ci ildə dünyada elmi-tədqiqat və inkişaf üzrə işlərin 1,2%-i, təhsil üzrə 4%-i, səhiyyə və biotexnologiya üzrə təxminən 5%-i, informasiya və kommunikasiya texnologiyaları üzrə 4%-i Rusiyanın payına düşür. Nəticədə, ÜDM-də Rusiyanın payı14% olub.

Rusiya təhsil sistemini inkişaf etdirmək məqsədilə innovativ metodlar və müasir texnologiyaların tətbiqinə maliyyə ayıran ilk 10 ölkədən biridir. Ölkə səviyyəsində aparılan “Rəqəmsal inkişaf – təhsilin keyfiyyətinin yüksəldilməsi vasitəsi kimi” adlı tədqiqatda da əsas hədəf rəqəmsal inkişaf trayektoriyalarından istifadə etməklə təhsilalanların 4K, sosial və həyati bacarıqların stimullaşdırılması, həmçinin nailiyyətlərin təhlili və proqnozlaşdırılmasında yeni metod və yanaşmalardan istifadə etməkdir. Bu zaman təhsilalanların akademik fəaliyyətini mütəmadi izləməklə yanaşı, təlimin idarə edilməsi sistemlərini tətbiq etməklə təlim nailiyyətləri aşağı olan şagirdləri vaxtında müəyyənləşdirmək mümkündür.

Texnologiyanın inkişaf dinamikasının tələblərinə cavab verən mütəxəssislərin formalaşmasını əsas prioritet hesab edən Rusiya dövləti İnfrastruktur və Təhsil Fondunu yaratmaqla cəmiyyətdə innovativ transformasiyalara uyğun təhsil sistemini qurmağa fokuslanıb. Rusiyanın inkişaf institutlarından biri kimi fondun missiyası nanosənaye sahəsində davamlı təhsil və peşəkar keyfiyyətlərin inkişafını stimullaşdırmaqdır. Onun əsas devizi ömürboyu təhsildir. Fondun dəstəyi ilə yüksək texnologiyalı təhsil proqramları yaradılıb, yüzlərlə elektron kurs, proqram və video-mühazirələrin daxil olduğu və hamı üçün əlçatan rəqəmsal təhsil resursları kolleksiyasının əsası qoyulub. Bu sistem vasitəsilə təhsilalanlar və tədqiqatçılar nəinki ölkədaxili, hətta dünyanın, demək olar ki, bütün ölkələri vasitəsilə əməkdaşlıq edir, olimpiadalarda iştirak edir, təhsil alırlar. Həmçinin onlayn təhsil vasitəsilə dünyanın istənilən universitetlərinə çıxış imkanı əldə edilir. Fond təhsil sahəsində bir çox layihələrin həyata keçirilməsi ilə ölkənin təhsil sektoruna böyük töhfələr verir. Onların bəzilərinə nəzər yetirək:

1. “Nanosənayedə elektron təhsil” qrant layihəsi.

Layihə çərçivəsində hazırlanan onlayn kurslar və qabaqcıl təlim proqramları əsasında mühəndislər, mühəndislik universitetlərinin tələbələri və müəllimləri, texnoloji şirkətlərin mütəxəssisləri və başqaları bilik və bacarıqlarını inkişaf etdirə bilərlər.

2. “Gələcəyin texnoliderləri akseleratoru” qrant layihəsi.

Tələbələr və gənc müəllimlər proqrama dəvət olunaraq özlərini biznes işçisi kimi sınaqdan keçirirlər. İştirakçılarda komandada işləmək, layihə yaratmaq və ya öz innovativ məhsulunu yaratmaq bacarığı formalaşır.

3. “Məktəb liqası proqramı” qrant layihəsi.

Uşaq və gənclər üçün nəzərdə tutulan bu layihənin əsas ideyası təhsil, elm və biznesin müasir inkişafı konteksti ilə zənginləşdirilməsi, təbiət elmlərinin tədrisini qabaqcıl metodlardan istifadə etməklə tətbiq etməkdir. Ölkənin 9 şəhərini əhatə edən proqram-layihədə bütün iştirakçılar arasında əməkdaşlıq təmin edilir. Nəticədə, belə qənaətə gəlmək olar ki, inkişaf etmiş ölkələrdən bir neçəsi təhsilə ayırdığı qrantların miqdarına görə xüsusilə fərqlənir (Cədvəl 2).

Cədvəl 2 Təhsilə daha çox qrant ayıran inkişaf etmiş ölkələr

İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRDƏ TƏHSİL SEKTORUNUN İNKİŞAF PERSPEKTİVLƏRİ

İnkişaf etməkdə olan ölkələrdə təhsilin keyfiyyətinə, həmçinin öyrənmə prosesinə təsir edən üç əsas amili qeyd etmək lazımdır:
1) yüksək ixtisaslı kadr və innovativ təlim resurslarının ancaq mövcud büdcənin imkan verdiyi qədər mövcudluğu;
2) təhsilalanların və təhsilverənlərin həyat şəraitinin onların işinə təsir etməsi;
3) təhsil islahatlarının həyata keçirilməsi, təhsilin idarə edilməsinə bir sıra amillərin müdaxiləsi.

Sosial problemlər təhsil sisteminin inkişafına təsir edən ən vacib amildir. Bu baxımdan, inkişaf etməkdə olan ölkələrin beynəlxalq təşkilatlardan ianə və dəstək almağa ehtiyacı var. Bu gün bir çox beynəlxalq təşkilatlar sərhədləri aşaraq dünyada təhsilin inkişafı üçün faydalı layihələr həyata keçirməkdədir. Məsələn: “Uşaq Təhsili üzrə Beynəlxalq Assosiasiya” qrant layihəsi. Təşkilatın missiyası uşaqların öyrənməsini stimullaşdırmaq, onların rifahı və inkişafını dəstəkləməkdir.

“Beynəlxalq Təhsil Təşkilatı” qrant layihəsi. 

170-dən çox ölkəni təmsil edən bu təşkilatın məqsədi irqçilik və ksenofobiyaya qarşı mübarizə aparmaq, keyfiyyətli təhsil mühiti yaratmaq, təhsilverənləri stimullaşdırmaq və s. ibarətdir.

Təhsil üzrə Qlobal Tərəfdaşlıq təşkilatı (GPE).

Təhsil sahəsində saysız fəaliyyətləri ilə seçilən bu təşkilat bir çox qrant layihələrinin maliyyələşməsinə dəstək verib.

İnkişaf etməkdə olan ölkələrin təhsil sistemində ən böyük problem təhsilalanların məktəbdə olarkən kifayət qədər öyrənməməsidir. Məsələn, təxminən 250 milyon uşaq əsas oxu və riyaziyyat bacarıqlarına sahib deyil, baxmayaraq ki, oların yarısı ən azı dörd il məktəbə gedirlər. Bu ölkələrdə yerli və beynəlxalq qrantlar vasitəsilə təhsili stimullaşdırmağın 5 mexanizmini qeyd etmək olar:

1. Təhsil haqqını azaltmaq.

Bir neçə Afrika ölkəsi məktəblərdə təhsil haqqını ləğv edib. Bu isə ibtidai (primary) məktəbə qəbulda böyük artıma səbəb olub. Məsələn, məktəb ödənişlərinin ləğvindən sonra Qanada qeydiyyat 12 faiz, Keniyada 18 faiz, Efiopiyada 23 faiz və Malavidə 51 faiz artıb.

2. Məktəbdə nahar proqramlarının tətbiq edilməsi.

Sübut edilib ki, normal qidalanmayan uşaqların nəticələri aşağı olur. Məktəb zamanı yeməklə təminetmə dərs zamanı bu uşaqların aclığını aradan qaldıracaq, həmçinin məktəbə müntəzəm davamiyyəti artıracaq. Çinin kəndlərində uşaqlara vitaminlərin verilməsi onların nailiyyətlərinin artmasına səbəb olub.

3. Valideynləri maarifləndirmək.

Valideynlərin təhsilə qoyduğu sərmayə övladlarının uğuru üçün çox vacibdir. Bununla belə, 759 milyona qədər valideyn savadsızdır və onlar övladları üçün nəyin vacib olduğunu bilmirlər.
4. Yeni təhsil modelinə əsaslanmaq.

Stenford Sosial İnnovasiya İcmalına görə, test ballarına və nailiyyətlərə sərmayə qoymaq artıq təhsilin keyfiyyətinə təsir etmək üçün faydalı üsul hesab edilmir4. Yeni təhsil modelinə əsasən ənənəvi məzmunu mühüm maliyyə, sağlamlıq və inzibati bacarıqlarla birləşdirmək lazımdır.

Təhsilalanlarda komanda işi, liderlik və tənqidi düşünmə bacarığı formalaşdırılmalı, onlar sahibkarlıq layihələrinə cəlb edilməlidirlər.

5. Müəllimlərin təkmilləşdirilmiş resurslarla təmin edilməsi. 

Braziliyada təhsili stimullaşdıran innovativ mexanizmlər və qrant sistemi

Braziliya dünyanın təhsil sahəsində inkişafı gücləndirmək məqsədilə qrant layihələri həyata keçirən ilk ölkələrindən hesab edilir.

1.Bolsa Escola” – hələ 1995-ci ildə 6-15 yaş arası şagirdlərin öyrəməsinə dəstək verən qrant layihədir.

2. “Bolsa Familia” – təhsilin inkişafına dəstək olmaq üçün yoxsul ailələrin maddi rifahını gücləndirməyə xidmət edir.

3. Stony Wold Herbert Fondunun Tədqiqat Qrantları və Təqaüdləri – müəllimlərin fəaliyyətini stimulaşdırmaq məqsədilə təqaüdlər və
qrantlar təklif edir. 
4.TEACH Grant” – təhsilalanların təhsil haqlarının ödənilməsinə dəstək verən layihədir.
5. “Sabahın müəllimləri” – qrant layihəsi müəllimləri ödənişsiz əsaslarla ixtisasartırma təlimlərinə cəlb edir.
6. “Rəqabətli sabah üçün müəllimlər” (TCT). Bu layihə çərçivəsində müəllimlər paralel olaraq fərqli təlimlərə gedirlər.
7. “BEST Robotics Grant” son qrantlardan biridir və ən yaxşı (Mühəndislik, elm və texnologiyanın artırılması) robototexnika qrantı
kimi tanınır. Müəlimlərin peşəkar inkişafı üçün də maliyyə dəstəyi verir. STEAM təlimləri də bu proqrama daxildir.

Macarıstan təhsil sistemində keyfiyyətin yaxşılaşdırılmasına dair stimullaşdırma mexanizmləri, qrant layihələrinin tətbiqi

İƏİT-in (OECD) “Məktəb Liderliyinin Təkmilləşdirilməsi Fəaliyyəti” kontekstində Budapeşt Korvinus Universitetinin Performans İdarəetmə Araşdırma Mərkəzinin hazırladığı “Macarıstanda məktəb liderliyinin inkişafına dair hesabat”da təhsilin keyfiyyəti ilə bağlı əsas problemlər öz əksini tapıb: qiymətləndirmənin aparılması ilə bağlı problemlər, əksər müəllimlərin hazırlıq səviyyəsinin pedaqoji və akademik cəhətdən aşağı olması və s. Müsbət hal kimi qeyd etmək lazımdır ki, Macarıstan hökuməti təhsilin keyfiyyətinin inkişaf etdirilməsi məqsədilə innovativ metodların öyrənilməsi və tətbiqində maraqlıdır. Ölkə 1996-cı ildən Avropa İttifaqının bir sıra təhsil proqramlarında (lider, müəllim və tələbə mübadiləsi, ümumi inkişaf proqramlarında) iştirak edir.

Avropa İttifaqının (Aİ) Feyra sammitinin qərarına əsasən Macarıstanda ömürboyu təhsil strategiyası yazılıb. Bu konsepsiyaya görə, insanlar həyatının istənilən mərhələsində öyrənməyə başlaya, istənilən təhsilalma formasını seçə bilərlər. Ömürboyu təhsil strategiyasının müsbət və mənfi tərəflərini nəzərdən keçirsək görərik ki, o, Macarıstan təhsil sistemində bir sıra problemlərin də yaranmasına səbəb olub. Məsələn:

  • Ömürboyu təhsil strategiyası və onun həyata keçirilməsinə nəzarət edən qanuni və institusional sistemin olmaması;
  • İnsan resurslarının əmək bazarına nisbətən zəif olması;
  • Aİ ilə müqayisədə böyüklərin təhsili ilə məşğul olan pedaqoqların sayca az, ixtisas səviyyəsinin qeyri-kafi olması;
  • Təlimin məzmununun zəifləməsi;
  • Regionlararası əməkdaşlığın zəif olması;
  • Qiymətləndirmə sisteminə nəzarət edən müasir, vahid sistemin olmaması; 
  • Biznes sektoru və ayrı-ayrı şəxslərin təhsil sisteminə maddi dəstək verməməsi;
  • Dərs yükü və maaşların azlığına görə müəllimlərin sayının az olması.

2022-ci ildə Avropa komissiyası tərəfindən aparılan “Macarıstanda Təhsil və Elm Monitoru”nun hesabatında bu ölkədə təhsilin mövcud dövr üçün keyfiyyət göstəriciləri aşağıdakı kimi təsvir edilib:

  • Erkən uşaqlıq dövründə icbari ibtidai təhsilə başlayan təhsilalanların sayı;
  • Təhsilalanlar və təhsilverənlərin rəqəmsal bacarıqları;
  • Təhsilalanların oxu, riyaziyyat və elm üzrə bacarıqları;
  • Elm və təhsildən kənar qalan əhalinin faiz göstəricisi;
  • Təhsil alan böyüklərin faiz göstəricisi;
  • Təhsilə ayrılan sərmayənin miqdarı;
  • Ali təhsil alan əhalinin faiz göstəricisi; 
  • Dövlətin ali təhsilə ayırdığı maliyyənin digər xərclərlə nisbətdə faiz göstəricisi;
  • Dövlətin ali təhsilə ayırdığı maliyyənin digər ölkələrlə nisbətdə faiz göstəricisi.

Sözügedən hesabatda təhsilin keyfiyyətini stimullaşadıran mexanizmlər də təqdim olunub, xüsusilə də innovativ texnologiyaların təhsilin keyfiyyətinə müsbət təsir etdiyi vurğulanıb:

1. Dövlət Audit İdarəsi tərəfindən ölkədə rəqəmsal təhsil təcrübəsi və pandemiya dövründə məktəblərin bağlanması zamanı tədrisin keyfiyyəti araşdırılıb (2021). Müəyyən edilib ki, genişzolaqlı internetə çıxışın yayılması rəqəmsal təhsilin daha effektivliyinə səbəb olsa da, müəllimlərin rəqəmsal səriştəsini artırmağa, demək olar ki, müvəffəq olmayıb. Məktəb, müəllim və valideynlərin bu sahədəki təcrübələri arasındankı kəskin fərqlər, ümumilikdə təhsilin də keyfiyyətinə təsir edib. Ona görə də, dövlət tərəfindən 2022-ci ildə milli kurikuluma yenidən baxılaraq təkmilləşdirilməsi, İT fənninin də kurikuluma əlavə edilməsi və 5–9-cu siniflərdə təlimlərin təşkili üçün (4 illik) 520 milyon dollar qrant ayrılıb.

2. Digər bir layihə Avropa Sosial Fondunun İqtisadi İnkişaf və İnnovasiya Proqramı (2014-2020) çərçivəsində həyata keçirdiyi “Peşə təhsili və təlimində məktəbi erkən bitirənlərin sayının azaldılması” layihəsidir. Bu layihənin məqsədi peşə təhsilinə marağın artırılması və peşə təhsili alanların səriştələrinin artırılması, həmçinin 9-cu siniflərin bilik və bacarıqlarının yoxlanılması, peşə mərkəzli institusional inkişaf planının tərtib olunması, müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsi, rəqəmsal insfrastrukturun inkişaf etdirilməsi idi. Layihəyə 76 milyon dollar qrant ayrılıb. Statistik nəticələrə əsasən demək olar ki, layihə uğurlu olub.

3. Macarıstan xarici tələbələrin ölkəyə gəlməsi və beynəlxalq əməkdaşlığına böyük qrant ayıran ölkələrdəndir.

4. Ali Təhsilin Rəqəmsal Transformasiyasına Dəstək qrant layihəsi. Pandemiya dövrü ali təhsil pilləsində də tədrisə təsir etdi. Rəqəmsal texnologiyalardan istifadə ali təhsil müəssisələrində də təhsilalanların və təhsilverənlərin əməkdaşlıq, fəaliyyət və öyrənmə üsullarını müsbət mənada dəyişdirdi.

5. Dəyişən dünyada həssas və davamlı təhsilin formalaşdırılması qrant layihəsində elmi-tədqiqat işlərinin stimullaşdırılması nəzərdə tutulur.

İnkişaf etməkdə olan ölkələr ümumilikdə büdcənin daha az hissəsini təhsilə ayırsalar da, onlardan bir çoxu: Braziliya, Çin, Meksika, Cənubi Afrika, Efiopiya, Keniya, Pakistan, İndoneziya, Banqladeş təhsil sisteminin inkişafına əhəmiyyətli dərəcədə vəsait ayırır. 

NƏTİCƏ

Beynəlxalq təcrübədə bir sıra mexanizmlərin, xüsusilə də innovativ metodların təhsilin keyfiyyətinin artırılmasındakı rolu araşdırılarkən gəlinən nəticələri belə qruplaşdırmaq olar:

1. İnkişaf etmiş ölkələrdə iqtisadi inkişafın daha yüksək olması təhsilə daha çox maliyyə ayrılmasına imkan yaradır. Bu səbəbdən həmin ölkələrdə qrant sistemi daha çox inkişaf edib.

2. İnkişaf etməkdə olan ölkələr təhsilin inkişafını stimullaşdıran mexanizmlərin həyata keçirilməsində kifayət qədər uğurlu deyil. Burada əhalinin rifahı, sosial problemlər, infrastruktur imkanları, yüksək keyfiyyətli kadrların olmaması və s. kimi məsələlər təhsil qrantlarının ayrıldığı təqdirdə belə, problemlərin həllinə maneələr yarada bilir.

3. İnkişaf etmiş ölkələr, həm inkişaf etməkdə olan, həm yoxsul ölkələrin təhsil sisteminə yardım etmək məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, sərmayə qoyur.

4. Ümumiyyətlə, elm, texnologiyanın inkişafı istənilən halda bütün ölkələrə təsir edir, təhsil sistemi çoxsaylı yeni texnologiyaların davamlı və mərhələli tətbiqi ilə sürətlə inkişaf edir.

İstifadə edilmiş ədəbiyyat

1 “Azərbaycan Müəllimi” qəzeti. 01 iyun 2018.
2 Computer science research in Malaysia: a bibliometric analysis.
3 Education in developing countries – what policies and programmes affect learning and time in school? Amy Damon, Paul Glewwe, Suzanne Wisniewski, Bixuan Sun, 2021.
4 file:///C:/Users/USER/Downloads/Hungary%20education%20(2).pdf
5 https://businessyield.com/grant-opportunities/government-grants-detailed-guide/
6 https://data.snf.ch/grants?q=innovation%20teaching&funding-l2=8D707EC3-F26C-4510-AE12-A4A9B9E3A228,029CC96A-048A-4D85-9152-9F9DF6E25C181333.
7 https://expeducation.ru/ru/article/view?id=4616

8 https://ideas.repec.org/a/eee/injoed/v48y2016icp53-65.html - Human agency and legacyinnovation tensions in the internationalization of higher education: Re-orientations managed by internationally-educated scholars of Central Asia.
9 https://ideas.repec.org/a/eee/injoed/v48y2016icp53-65.html-International Journal of Educational Development
10 https://link.springer.com/chapter/10.1007/978-1-4020-9377-7_3
11 https://psych3850n.wordpress.com/2017/10/05/the-issue-of-education-in-developingcountries/- The Importance of Education InDeveloping Countries
12 https://sharpsheets.io/blog/switzerland-topgovernment-grants-startups/
13 https://tamamproject.org/wpcontent/uploads/2015/10/Karma-Al-Hassan-Education-System-Quality-Indicators.pdf
14 https://www.borgenmagazine.com/educationin-developing-countries/
15 https://www.creatrixcampus.com/blog/15-ways-to-improve-education-quality-and-student-achievement-with-outcome-based-education
16 https://www.emerald.com/insight/content/doi/10.1108/E - Economic rationalism and education reforms in developed countries
17 https://www.emerald.com/insight/content/doi/10.1108/EUM0000000005495/full/html— Journal of Educational Administration
18 https://www.grants.gov/learn-grants/grant-making-agencies/department-ofeducation.html
19 https://www.oecd.org/derec/sweden/Rapport-Education-developing-countries.pdf
20 Mezhdunarodnoye sotrudnichestvo v obrazovanii: Sbornik nauch.-metod. statey, SPb.: Nestor, 1999.