HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR




Azərbaycanın görkəmli ədəbiyyat xadimləri Ulu Öndər Heydər Əliyev haqqında dərin minnətdarlıq hissi ilə söz açıblar. Güclü azərbaycançı, türkçü və turançı kimi tanınan xalq şairi Bəxtiyar Vahabzadə elmi və publisistik məqalələrində, müsahibə, məktub və sosial-siyasi şeirlərində, poema və pyeslərində Heydər Əliyevin bədii obrazını yaradıb. Şair yaradıcılığında Heydər Əliyev və azərbaycançılıq mövzusuna sıx müraciət edib. Görkəmli ədəbiyyatşünas-alimlərimiz Heydər Əliyev haqqında qiymətli tədqiqat əsərləri yazıblar. Ədəbiyyat və incəsənət xadimlərimiz də ümummilli liderin parlaq surətini təcəssüm etdirib. Bu məqalədə elm və mədəniyyət xadimlərinin Heydər Əliyev haqqında fikir və düşüncələrinin məğzi ifadəsini tapıb.

GİRİŞ

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 29 sentyabr 2022-ci il tarixli Sərəncam imzalamışdır1.

Azərbaycan xalqı zaman və tarixə Heydər Əliyev idrakının vüsəti və qələbələri ilə qədəm qoyub. İqtisadi-siyasi və mədəni uğurların təminatı Ulu Öndərin qeyri-adi idarəçiliyi və təşkilatçılığı, mətin iradəsi və milli vətənpərvərliyi, uzaqgörən və məqsədyönlü diplomatiya və siyasəti sayəsində mümkün olub, respublikamız bütün sahələr üzrə sürətli inkişaf yolu keçib.

Ulu Öndər xalqımızın yaradıcılıq enerjisini üzə çıxarıb, onun tarixi-mənəvi yaddaşını bərpa edib, qətiyyətli addımlar atıb, milli ruhun canlanmasına ciddi səy göstərib, milli özünüdərk, mənəvi irs və varisliyə genetik qayıdışla müstəqil dövlət quruculuğunu həyata keçirib. Sərəncamda deyilir: “Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir”.

Heydər Əliyevin sayəsində xalqımız vahid ideal – milli istiqlal, müstəqil dövlət məfkurəsi ətrafında birləşib, azərbaycançılıq ideologiyası formalaşıb, doğma ana dilimiz dövlət qayğısı ilə əhatə olunub, bu sahədə əmr və sərəncam verilib, ictimai-siyasi, elmi və mədəni fikir tariximiz əlamətdar hadisələrlə zənginləşdirilib, qüdrətli ölkəmiz çoxəsrlik mənəvi-mədəni irsə sahib çıxıb, qədim diyar kimi sivilizasiyaların qovuşağında tolerantlıq məkanına çevrilib, geniş tarixi şöhrət qazanıb. Heydər Əliyev xalq mənafeyini hər cür dəyərlərdən üstün tutub.

Ulu Öndər Heydər Əliyev dünyanın nüfuzlu siyasətçiləri ilə bir sırada durub, ölkəmizin beynəlxalq aləmdə tanınması və layiqli mövqe
qazanmasında müstəsna xidmətlər göstərib. Güclü Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir. Böyük rəhbər ölkə müstəqilliyini qoruyub-saxlamaq yolunda yorulmadan çalışıb, xarici və daxili siyasətində beynəlxalq hüquq normalarına istinad edib, diplomatik üstünlüklər qazanıb.

Heydər Əliyev bütün dünyada Azərbaycan dövlətinin rəmzidir. Müstəqil Azərbaycan Ulu Öndərin çağdaş və gələcək nəsillərə əmanətidir, onun zəngin və çoxşaxəli tarixi irsi milli sərvətdir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifə borcudur.

Məqalədə ədəbi şəxsiyyətlərin və ədəbiyyatşünas alimlərin Heydər Əliyev haqqında fikir və düşüncələri, Ulu Öndərin milli-mənəvi iftixarımız olan görkəmli şəxsiyyətlərə diqqət və qayğısından örnəklər verilib. 

BƏXTİYAR VAHABZADƏ HEYDƏR ƏLİYEV HAQQINDA

Azərbaycanın görkəmli ədəbiyyat adamları – şairlər, yazıçılar və dramaturqlar Ulu Öndər Heydər Əliyev haqqında qiymətli fikirlər söyləyib, ona dərin minnətdarlıq hissi ifadə ediblər. Bu baxımdan Mirzə İbrahimov, İsmayıl Şıxlı, İsa Hüseynov, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, İlyas Əfəndiyev, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Anar, Elçin, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu, Fikrət Qoca, Qabil, Sabir Rüstəmxanlı və başqalarının fikirləri səciyyəvidir. Onlardan biri də güclü azərbaycançı, türkçü və turançı kimi tanınan xalq şairi, dramaturq, ədəbiyyatşünas-alim və ictimai xadim, dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü, professor Bəxtiyar Vahabzadədir. O, qələmi ilə bu məfkurələr uğrunda mübarizə aparıb. Azərbaycançılıq, türkçülük və turançılıq sənətkarın elmi və publisistik məqalələrində, müsahibə, məktub və sosial-siyasi şeirlərində, poema və pyeslərində təzahür edib. Onun azərbaycançılığı həm də Heydər Əliyev və azərbaycançılıq mövzusu deməkdir.

Xalq şairi Bəxtiyar Vahabzadənin Heydər Əliyev haqqında fikirlərinin müəyyən hissəsi əsərlərinin XI cildində, publisistikasında toplanıb (Vahabzadə, 2005). Bu yazıların çoxu siyasət, türkçülük, azərbaycançılıq və mədəniyyət haqqındadır. Sənətkar Heydər Əliyev obrazını oxucuya, əsasən, məqalə və müsahibələrində təqdim edib.

Bəxtiyar Vahabzadənin XI cilddəki yazıları dialoqlar üzərində qurulmuş, sosial-siyasi, taleyüklü yazılardır, ədəbiyyat və sənət söhbətləridir ki, bütün bunların fonunda Heydər Əliyevin zəngin obrazı canlandırılıb, ümummilli liderin ibrətamiz dərslərinin ədəbi-tarixi əhəmiyyəti ifadə olunub.

Şair 1950-ci illərdə şeir və poemalarının ideya istiqamətinə görə, konkret desək, məşhur “Gülüstan” poemasına görə təqib olunanda,
həbs olunmaq təhlükəsi qarşısında qalanda onu bu təhlükədən Heydər Əliyev xilas edib. Bunu Ulu Öndərin özü də, Bəxtiyar Vahabzadə və başqaları da xatırladıb. Heydər Əliyev MTN-inn yubiley tədbirində rəsmi çıxışı zamanı deyib: “Mən hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Bunlar hamısı onun xatirindədir. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayəti yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı. “Gülüstan” poemasını yazmışdı. Ondan ötrü o adamı həbs etmək məsələsini qoymuşdular... Xəlil Rzanı da həbs etmək məsələsini qoymuşdular. Onu da mən qoymadım, xilas etdim. Neçə-neçə belələrini xilas etdim”2.

Bəxtiyar Vahabzadə “Haqqın, ədalətin səsiylə yazıram” sərlövhəli müsahibəsində jurnalistin verdiyi “Müstəqil dövlətin müstəqil siyasəti sahəsində işləriniz necədir”, – sualı ətrafında Qarabağ hadisələrinə, Heydər Əliyevin bu sahədə mövqeyinə münasibət bildirib və qeyd edib ki, Ulu Öndər hələ 1992-ci ildə Qarabağ məsələsində bizim ayrıca konsepsiyamızın olmasını vacib sayırdı.

“Sular duruldu, gördük dibindəki daşları...” sərlövhəli müsahibəsində Bəxtiyar Vahabzadə Heydər Əliyevin nəzəri və praktik siyasətçi olduğunu xatırladıb: “Fransaya səfər edirdik. Heydər Əliyev bizi təyyarədə qəbul etdi. Elə orada bugünkü durum, dünya siyasətindəki yerimiz, ermənilərin fitnəkarlığı, erməni lobbisinin xaricdə hansı gücə malik olması barədə ətraflı söhbət etdi. Onda o, dönə-dönə vurğuladı ki, vətən üçün qışqırmaq yox, vətən üçün iş görmək lazımdır” (Vahabzadə, 2005).

“Sessiya çağırmaq şəxsi təşəbbüsüm idi” adlı müsahibəsində şair 1990-cı ilin “Şənbə gecəsindən”, habelə “Şənbə gecəsinə gedən yol” əsərindən, faciənin obyektiv və subyektiv səbəblərindən, sessiya çağırmaq zərurətindən, özünün və Xalq yazıçısı İsmayıl Şıxlının sessiyanı idarə etməsindən, Heydər Əliyevin siyasi iradəsindən, onun əleyhdarlarının məkrli hiylələrindən və Heydər Əliyev fenomenindən söz açıb. Şair hesab edib ki, o zaman Azərbaycana qüvvətli bir adam rəhbərlik etsə idi, 20 Yanvar faciəsi törənməzdi. Bəxtiyar Vahabzadə deyib: “Mən Türkiyədə müalicə olunarkən ölkə prezidenti Süleyman Dəmirəl cənabları tərəfindən qəbul edildim. Lissabonda olan hadisədən xəbərim yox idi. Bu barədə Süleyman Dəmirəldən soruşdum. O, Heydər Əliyevin Lissabonda göstərdiyi hünərindən, necə bir çeviklik və cəsarətlə diplomatik gedişlər edərək 52 dövlətin dəstəyini almağa nail olmasından danışıb dedi ki, Heydər Əliyevin qədrini bilin” (Vahabzadə, 2005).

“Yaradıbdır inam məni” müsahibəsinin siyasi-ideoloji əhəmiyyəti daha artıqdır. Yazıda Heydər Əliyevin obrazı onun dövlətçilik təfəkkürü, Ulu Öndərin çoxcildliyinin I-II cildlərinin nəşrləri və “Qayıdış” kitabı ermənilərin avantürist siyasəti fonunda canlandırılıb. Bəxtiyar Vahabzadə həmin kitabların məzmunu və əhəmiyyətindən danışaraq deyib: “Bu kitablar, ilk növbədə, dördillik tariximizin aynasıdır. Kitablarda son dörd ildə keçdiyimiz yol, bu yolda qarşılaşdığımız çətinliklər, qazandığımız uğurlar geniş əks olunmuşdur. Təkcə elə bu cəhətinə görə kitablar çox qiymətlidir. Kitablarda məni ən çox tutan məsələ istiqlalımızla bağlıdır. İstiqlal amalı kimi cildlərdə “İstiqlalımız əbədidir, onu göz bəbəyi kimi qorumalıyıq” fikrinin qırmızı xətt kimi keçməsi məni çox məmnun etdi” (Vahabzadə, 2005).

Sənətkar müsahibəsində Azərbaycanın işğalı ilə bağlı mühüm məsələ üzərində xüsusi dayanıb və göstərib ki, ermənilər Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra fəaliyyətə başladılar. Zori Balayan Ermənistanda çıxan bir kitabda yazır: “Əliyev getdi, bəs indi biz nəyi gözləyirik?” Nə qədər ki, Heydər Əliyev Bakıda hakimiyyətdə idi, daha sonra Siyasi Büronun üzvü idi, düşmənlərimiz açıq hücuma keçə bilmirdilər. Və çox təəssüf ki, biz o zaman Heydər Əliyevin vəzifədə qalması üçün heç bir iş görə bilmədik. Bəlkə də, onun vəzifədən getməsinin günahkarlarından biri biz özümüzük. (Vahabzadə, 2005).

Ermənilər aşkar yazırdılar: “Qarabağ məsələsinə başlamazdan əvvəl yuxarıdakı türk paşasının məsələsini həll etmək lazımdır” (Jurnal redaktoru A.Saakyanın oxucularla müsahibəsindən). Bəxtiyar Vahabzadə: “Heydər Əliyev Moskvada Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra burada həmin məsələlər başlandı. Bəs biz niyə bunları görmürük, qiymətləndirmirik? Bu, tarixdir axı...” (Vahabzadə, 2005).

Xalq şairi Bəxtiyar Vahabzadə Heydər Əliyevlə bağlı ədəbi-ictimai hadisələri diqqətlə izləyib, bu barədə mətbuat orqanlarında çıxışlar edib, Ulu Öndərin mədəniyyət, ədəbiyyat və dil sahəsində siyasətini, onların doğurduğu mövzu və ideyaları poetikləşdirib. Şairin publisistikasında ümummilli liderin xəstəxanada Bəxtiyar Vahabzadə ilə görüşü zamanı baş tutan dialoq da verilib. Görüş zamanı siyasi diplomatiya, elm, səhiyyə, təhsil, tibb xidməti sahəsində yüksək kadr hazırlığı, habelə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, Anar, Elçin, Yusif Səmədoğlu, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Rəşid Behbudov və başqa istedadların sənət fitrətindən, bəstəkar, aktyor istedadının aliliyindən, teatr uğurlarından, eləcə də Türkiyənin Azərbaycana ən güclü dayaq olmasından, Heydər Əliyevin Fransada Beynəlxalq Əlaqələr İnstitutundakı çıxışı və onun müstəqil dövlətçilik siyasətindən söhbət açılıb.

Heydər Əliyev Xalq şairi Bəxtiyar Vahabzadənin 70 illik yubileyinin keçirilməsi ilə bağlı göstəriş verib. Bu da heç şübhəsiz, Bəxtiyar Vahabzadənin timsalında Ulu Öndərin ədəbi şəxsiyyətlərə diqqət və qayğısının təzahürü kimi qiymətləndirilməlidir. Sənətkarın dialoqlu, sosial-siyasi, taleyüklü yazılarında ədəbiyyat və sənət söhbətləri, şeiriyyəti fonunda Heydər Əliyevin ədəbi-tarixi obrazı canlandırılıb.

HEYDƏR ƏLİYEV VƏ ƏDƏBİYYATIMIZ

Heydər Əliyev haqqında görkəmli ədəbiyyatşünas- alimlərimiz qiymətli tədqiqat əsərləri yazıb, onun universal siyasi-ideoloji idrakının əhatəli məqamlarına toxunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” monoqrafiyasının ilk nəşri 1998, ikinci nəşri isə 2009-cu ildə olub3. “Ədəbiyyatda Heydər Əliyev obrazı. Tarixi gerçəklikdən ideala” 2 cildliyi 2018, 2019-cu illərin4, “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən İlham Əliyevə” adlı kitabı 2023-cü ilin nəşrləridir5.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin sosial-siyasi və iqtisadi-mədəni sahədə tarixi xidmətlərini analitik-informativ təhlil edib. Bu baxımdan alimin “Nuhçıxandan Naxçıvana: tarix və müasirlik”, “Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarlıq missiyası”, “Heydər Əliyev yolu: Naxçıvan reallıqları”, “Böyük qayıdışın bəhrələri”, “Böyük inkişafın möhtəşəm hesabatı”, “Yeniləşmədən intibaha”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Ümummilli liderlik missiyasının miqyası”, “Böyük qayıdış epopeyası” və s. məqalələri, habelə “Heydər Əliyev: dövlətçilik təlimi və müasir dövr” (2013) kitabı faktların zənginliyi, analitik təhlil və fərdi yazı üslubu ilə diqqəti cəlb edir.

Akademik İsa Həbibbəyli araşdırmalarında Heydər Əliyev və ziyalılıq, Heydər Əliyev və insan amili, Heydər Əliyev və mənəvi intellektuallıq, Heydər Əliyev və siyasət, Heydər Əliyev və iqtisadiyyat, Heydər Əliyev və mədəniyyət, Heydər Əliyev və elm kimi paralel fəaliyyət sferalarının üstünlüklərini ifadə edib. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı”6 adlı baş məqaləsi ilə açılıb. Müəllif dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə, bu dövrdə elm, ədəbiyyat və incəsənətin inkişaf yoluna, zəngin tarixi-mədəni keçmişimizə, milli-mənəvi, multikultural dəyərlərimizə nəzər yetirib.

Akademik İsa Həbibbəyli məqalələrinin bir vacib tezisini də azərbaycançılıq təlimi üzərində müəyyənləşdirib. Bir məfkurə olaraq müstəqil dövlətin milli ideologiyası səviyyəsinə qaldırılan azərbaycançılıq, dünya azərbaycanlıları ilə əlaqələrin formalaşdırılması, bu istiqamətdə keçirilən tarixi qurultaylar, həmin sahəyə rəhbərlik edən xüsusi dövlət qurumunun təşkili, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin təşkilatlandırılması Azərbaycan tarixində Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” toplusunda akademik İsa Həbibbəylinin Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin dövlətçilik təliminə istinad edən “Azərbaycançılıq ideologiyası konsepsiyası” verilib. Konsepsiyada ideologiyanın prinsipləri, azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, Azərbaycan dili, milli-mənəvi dəyərlər və Azərbaycanşünaslıq bölmələri göstərilib. “Ədəbiyyatda Heydər Əliyev obrazı. Tarixi gerçəklikdən ideala” kitabında giriş məqalələri verilib7. Alim hər iki yazıda göstərib ki, ümummilli lider Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirib, ədəbiyyat 1970-1980-ci illərdə milli-mənəvi dəyərləri təbliğ edib, Heydər Əliyevin böyük şəxsiyyətinə, tarixi xidmətlərinə həssas olub, dahi rəhbər haqqında yüksək ideyalı bədii əsərlər meydana çıxıb.

İsa Həbibbəyli bu qənaətdədir ki, yeni dövr Azərbaycan ədəbiyyatının son yarım əsrdəki inkişafında Heydər Əliyevin ədəbiyyat siyasətinin mühüm əhəmiyyəti olub. Hazırda vacib vəzifə ədəbiyyatda ümummilli liderin ədəbi-bədii obrazını yaratmaqdır. Belə bir vəzifə “Ədəbiyyatda Heydər Əliyev obrazı. Tarixi gerçəklikdən ideala” adlı kitab ilə həyata keçirilib. “2023 – “Heydər Əliyev İli”ndə isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu daha bir filoloji-ideoloji kitabı – “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən İlham Əliyevə” əsərini Ulu Öndərin yubileyi münasibətilə nəşr edib.

Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin siyasi ideoloqudur. İsa Həbibbəylinin qeyd etdiyi kimi, “II Qarabağ savaşında – Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsi, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir” (Həbibbəyli, 2002).

Heydər Əliyev siyasi-kulturoloji fəaliyyət zəminində mifologiya, folklor, klassik və müasir irs, habelə, dünya ədəbiyyatı haqqında qiymətli elmi fikirlər söyləyib. Onun ədəbi-bədii zövqü N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, Q.Zakir, M.F.Axundzadə, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, S.Vurğun, M.Şəhriyar, S.Rüstəm, M.Dilbazi, B.Vahabzadə, N.Xəzri, M.Araz, X.R.Ulutürk, Anar, Elçin, F.Qoca və başqaları ilə bərabər, rus, Avropa klassiklərinin əsərləri əsasında formalaşıb. O, “Kitabi-Dədə Qorqud” dastanlarını “bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir əsər kimi” dəyərləndirib.

AMEA-nın müxbir üzvü, Yaşar Qarayevin “Müstəqillik dövrünün milli öndəri” adlı elmipublisistik məqaləsi “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabındandır8. Analitik, sosial-siyasi və fəlsəfi-etik yönlü bu məqalə “Müstəqilliyimiz əbədidir” və “Qayıdış” kitabları, habelə, müstəqillik dövrünün bədii ədəbiyyatı əsasında yazılıb. Görkəmli alim ümummilli lider Heydər Əliyevi ədəbi-tarixi yaddaş baxımından təqdim edib, onun siyasi fəaliyyətini yüksək qiymətləndirib.

Yaşar Qarayev Heydər Əliyevin ümummilli obrazını 3 baxımdan təqdim edib: 1. 1990-cı illərə qədərki rəhbər-ideoloq, ictimai-siyasi xadim. 2. Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini. 3. Öndərlik, tarixi missiya fəaliyyəti. 

Alim bu tarixi mərhələlərdə siyasi rəhbərin hərtərəfli fəaliyyətinin əsaslarına dövlətçilik və ədəbiyyat fəlsəfəsi zəminindən diqqət yetirib, Heydər Əliyevi bizə sərt həqiqətlər məcrasında təqdim edib. Y.Qarayev “Müstəqilliyimiz əbədidir” (I–IV) və “Qayıdış” adlı beş kitabda böyük rəhbərin qlobal siyasətdə unikal, elit şəxsiyyət olduğunun faktlarını verib. Bu kitablarda siyasi müstəqillikdə dönməzliyin nəzəri təlimi, elmi-strateji əsasları, intizam və icra kodeksi, canlı həyat təcrübəsi göstərilib. Yaşar Qarayev Heydər
Əliyevdən müstəqil dövlətçilik tarixində haqqı olan şəxsiyyət kimi danışıb. Alim Heydər Əliyevin siyasi natiqlik məharətinin fərdiyyətini, onun cazibəsini sözün ecazkar qüdrəti ilə maddiləşdirməyə xüsusi səy göstərib, Ulu Öndərin natiqlik gücünün fərdilikləri, unikallığı detalları ilə ifadə edilib.

Y.Qarayev tarixi sənəd olan “Qayıdış” kitabında bu qayıdışı akademiklər İsa Həbibbəyli və Rafael Hüseynov kimi obrazlı mənalandırıb: “Heydər Əliyevin milli öndərlik tərcümeyi-halında “müstəqillik mərhələsi” onun Naxçıvana tarixi qayıdışı ilə başlayır. Təsadüfi deyil ki, bu dövrlə bağlı sosioloji və publisist çıxışların toplandığı kitab da “Qayıdış” adlanır... Naxçıvanda başlayan “qayıdış” Bakıda davam etdi və Azərbaycanda sosial-mədəni tərəqqi tarixində doxsanıncı illər təzədən yetmişinci illərin təbii, məntiqi davamına çevrildi. Ənənədə tarixi estafet, dövlətçilikdə irsilik probleminin həlli aradakı “böhran” və “parçalanma” mərhələsindən çıxa bilməyin yeganə mümkün və məqbul yolu kimi özünü doğrultdu. Yetmişinci və doxsanıncı illər bir-birinin davamına, Heydər Əliyev isə hər iki on ilin müştərək, ortaq liderinə çevrildi. Genetik kökə, milli “Mən”ə, tarixi yaddaşa, dünya ilə inteqrasiyaya daha miqyaslı şəkildə qayıtdı... Bütün bunların da məntiqi yekunu və nəticəsi o olacaq ki, Qarabağ Azərbaycana və Şuşa Qarabağa qayıdacaqdır”... (Qarayev, 2016).

R.Hüseynov Heydər Əliyevin ölməz obrazının səciyyəvi xüsusiyyətlərini Tarix fonunda göstərib, Ulu Öndəri Tarixin ayrılmaz üzvi hissəsi hesab edib. Müəllif Heydər Əliyevin şəxsiyyət, siyasətçi, insan obrazını hissə-hissə, ardıcıl, pilləli açmağa çalışıb. Alim hər faktı mənalandırmaq, dəyərləndirmək, müqayisə etmək mövqeyinə üstünlük verib, obrazlı fikir və düşüncə onun mətn təhkiyəsinə təravət verib.

Akademik Nizami Cəfərov “Azərbaycanşünaslığa giriş” adlı qiymətli tədqiqatının “Yeni dövrdən ən yeni dövrə... Etnokulturoloji özünüdərkdən milli-siyasi özünütəsdiqə” adlı IV bölümünün “Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşması” adlı yarımbaşlığını Heydər Əliyev dühasına həsr edib və deyib: “Müstəqil Azərbaycan dövlətinin qurucusu, Prezident Heydər Əliyev dünya azərbaycanlılarının şəksiz lideridir” (Cəfərov, 2002).

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabı (Paşayev, 2021) müəllifin “xalqın müqəddəratında müstəsna rol oynayan xilaskarlarımız Heydər Əliyev və İlham Əliyev erasına dair könül çırpıntılarıdır”.

“Heydər Əliyev və Azərbaycan folkloru” məqaləsində Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Heydər Əliyevin folklorda olan obrazını canlandırıb. Müəllif Ulu Öndərin müstəqillikdən əvvəl və sonra olan folklor sahəsində tarixi xidmətlərini ümumiləşdirib.

Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə “Heydər Əliyev və azərbaycançılıq” məqaləsində9 ümummilli liderin müasir mərhələdə azərbaycançılıq ideologiyası təliminin əsaslarına münasibət bildirib. Müəllif Ulu Öndərin tarixi obrazını həm ideoloji-siyasi, həm də mədəniyyət planında canlandırıb (Şəmsizadə, 2006). Alimin ideoloji təhlillərinin ardıcıl təkamülündə AXC ənənəsi, Azərbaycan qayəsi və ümummilli liderin məfkurəsinə istinad edən qaynaqlar əsas olub10.

Xalq yazıçısı Anarın memuar janrında yazılmış “Unudulmaz görüşlər” kitabı 40 ildən artıq dövrü əks etdirən ədəbi-siyasi və ictimai əsərdir. Topluda Ulu Öndərlə görüşlər, mükalimələr, yazıçıların qurultaylarındakı çıxışlar, ədəbi mübahisələr dolğun əksini tapıb, yaxın keçmişimizin mürəkkəb, ziddiyyətli dövrü, ümummilli lider Heydər Əliyevin müdrik və qalibiyyətli obrazı göz önündə canlandırılıb. Salnamə “Heydər Əliyevin müxtəlif illərdəki çıxışları”, “Anarın müxtəlif illərdə çıxışları və Heydər Əliyevə məktubları” və “Unudulmaz görüşlər” başlıqlarından ibarətdir.

Filologiya elmləri doktoru, İstiqlal şairi Xəlil Rza Ulutürk Heydər Əliyev obrazını mədəniyyət hamisi olaraq yaradıb, siyasi hakimiyyətinin əsaslarına diqqət yetirib, bu fonda onun şəxsiyyət və təşkilatçılıq bacarığını ifadə edib.

“Heydər Əliyev mənim həyatımda” adlı qiymətli kitabda (Bakı, 2005) “Kim ona inanarsa, onunla yüksələcək (“Xəlil Rza Ulutürkün gündəliyindən yarpaqlar”)” adlı sərlövhəli məqalə də verilib. Xəlil Rza Heydər Əliyevə şeirlər də həsr edib: “Ucal, yüksəl, respublikam”, “Gəlir böyük Azərbaycan”, “Heydər Dədə – Atatürk”, “Qanım bayrağımdadır” poemasında isə Ulu Öndər haqqında qiymətli poetik parçalar verib.

Xalq şairi Zəlimxan Yaqub Ulu Öndərin torpaq, bayraq, ocaq, Atabəy Məhəmməd, Əcəmi Naxçıvani, Şah İsmayıl Xətai, Üzeyir bəy sevgisindən yazıb. Zəlimxan Yaqub zəmanəsi, vicdanı, gələcəyi qarşısında hesabat verərək “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlı iki əsəri birləşdirən “Əbədiyyət dastanı”nı, əbədiyyətə doğru yol gedən könül nəğmələrini yaradıb. Xalq yazıçısı Elçin Əfəndiyev “Tarixlə üz-üzə dayanmış insan” məqaləsində Heydər Əliyevə qayıdışı xatirələr fonundan, yaxın müşahidələri əsasında təqdim edib, bildirib ki, Heydər Əliyev və elmi-tədqiqat, Heydər Əliyev və tarixi məsuliyyət, Heydər Əliyev və şəxsiyyət problemi həmişə aktual olacaqdır.

Tarixi şəxsiyyətlər və dühalar dünyadan getmirlər, onların böyük əməlləri tarix və millətlər qarşısında nümunə məktəbi olaraq qalır və qalib gəlir. Dahi Heydər Əliyev də belə dühalardandır.

İstifadə edilmiş ədəbiyyat

1 “Azərbaycan” qəzeti, 1918-ci ilin materialları.
2 Axundova, E. (2007). Şəxsiyyət və zaman. I hissə (1923-1969). Bakı, “Ozan”; II hissə (1969- 1982). Bakı, “Ozan”, 2007, 784 s.; III hissə (1982-1990). Bakı, “Ozan”, 2009, 804 s.; IV hissə (1969-1989). Bakı, “Ozan”, 2008, 328 s., V hissə (1990-1993). Bakı, “CBS”, 2013, 736 s.; VI hissə, I kitab (1993-2003), Bakı, “CBS”, 2013, 480 s.; II kitab (1993-2003), Bakı, “CBS”, 2013, 496 s.
3 AMEA Nizami adına Ədəbiyyat İnstitutu. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”. Bakı, 1998, 2009.

4 Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
5 Cəfərov, N. (2002). Azərbaycanşünaslığa giriş. Bakı, “AzAtam”, 466 s.
6 Ədəbiyyatda Heydər Əliyev obrazı. Tarixi gerçəklikdən ideala. Bakı, “Elm və təhsil”, 2018, 400 s.
7 Ədəbiyyatın yüksək amalı və böyük borcu və Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz. Bax. Ədəbiyyatda Heydər Əliyev obrazı. Tarixi ger-çəklikdən ideala. 2 cilddə. Bakı, 2018, 2019.
8 Əhmədov, T. (2015). Seçilmiş əsərləri. 5 cilddə, V cild. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 624 s.
9 Heydər Əliyevin MTN-in yubiley tarixində rəsmi çıxışından. “Xalq qəzeti”, 6 iyun 1997
10 Heydər Əliyev mədəni irsimizin keşiyində. Bakı, 2001
11 Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, “Elm”, 1998, s.125-177.
12 Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, “Şərq-Qərb”, 2009.
13 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I-IV kitablar. Bakı, 1997-1998, “Qayıdış”, Bakı, 1997.
14 Həbibbəyli, İ. (2002). Böyük qayıdış epopeyası. Konfrans materialları. 2002.
15 Həbibbəyli, İ. (2017). Ədəbi şəxsiyyət və zaman. Əsərləri. 10 cilddə, II cild. Bakı, “Elm və təhsil”.
16 Qarayev, Y. (2016). Seçilmiş əsərləri. 5 cilddə. V cild, Bakı: “Elm”.
17 Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. 2 cilddə. I cild, Bakı, “Elm və təhsil” 2016, 800 s.
18 Nəbiyev, B. (2009). Heydər Əliyev haqqında etüdlər. 5 cilddə, IV cild. Bakı, “Çinar-çap”.
19 Paşayev, Q. (2021). Xilaskarlar. Bakı, “Təhsil”, 136 s.
20 Şəmsizadə, N. (2006). Azərbaycançılıq ideologiyası. Bakı, “Nurlar”.
21 Türk dünyasının Bəxtiyarı (Bəxtiyar Vahabzadənin həyatı, yaradıcılığı, və ictimai fəaliyyəti haqqında məqalələr toplusu). I hissə.
Bakı: “Təfəkkür” NPM, 2002. Türk dünyasının Bəxtiyarı (Bəxtiyar Vahabzadənin həyatı, yaradıcılığı və ictimai fəaliyyəti haqqında
məqalələr toplusu). II hissə. Bakı: “Təfəkkür” NPM, 2002.
22 Ulusel, R. (2021). Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi. Bakı, “Elm və təhsil”, 120 s.
23 Vahabzadə, B. (2005). Əsərləri. XI cild. Publisistika. Bakı, “Azərbaycan”, s.316.