MƏHƏMMƏD FÜZULİNİN EŞQ FƏLSƏFƏSİ VƏ ONUN İRFANİ MAHİYYƏTİ


YAQUB BABAYEV




Məqalədə Məhəmməd Füzulinin eşq fəlsəfəsindən və onun əsas mahiyyətindən söhbət açılır. Göstərilir ki, sənətkarın həcmcə geniş olan bədii irsinin mühüm bir qismini məhəbbət mövzulu əsərləri təşkil edir. Onun məhəbbət fəlsəfəsi isə özünəməxsus xüsusiyyətlərə malikdir. Bu mövzuda qələmə alınmış əsərləri, əsasən, iki xətt üzrə qruplaşdırmaq olar: dünyəvi məhəbbətə, yəni məcazi eşqə həsr olunmuş nümunələr; ilahi məhəbbətə, yəni həqiqi eşqə dair nümunələr. Şairin məhəbbət fəlsəfəsi bədii ifadəsini daha çox onun qəzəllərində və “Leyli və Məcnun” poemasında tapır. Sənətkarın yaradıcılığındakı məhəbbət mövzulu poeziya nümunələrinin çoxu qaynağını sufizm  təriqətinin “vəhdəti-vücud” fəlsəfəsindən alır. Başqa sözlə, ilahi eşqə söykənir. Füzuliyə görə, əsl məhəbbət ilahi varlığa olan məhəbbətdir. İnsan maddi aləmdəki varlıqları, o cümlədən də öz həmcinsi olan insanı ilahi aləmin, yəni vəhdət aləminin bir zərrəsi kimi sevməlidir.

GİRİŞ

Bədii sözün sehrkarı olan Məhəmməd Füzuli dünya miqyasında lirik poeziyanın ən istedadlı nümayəndələrindən biri kimi tanınır. O, özünün dediyi kimi, “şairi-Museyi-kəlam” (“Musa kəlam şair”) tək sözdən möcüzə yaratmış, bənzərsiz lirik (həm də epik) əsərlər müəllifi olaraq dünya poeziyasının iftixarına çevrilən sənətkarlar sırasında ön mövqedə qərar tutmuşdur. Bədii söz istər məna-məzmun, istər forma, istər dil-üslub gözəlliyi, istər musiqi ahəngi və çaları, istər estetikası, istər “söz oyunu” və məcazlar sistemi, istər məntiqi rabitə və mətndaxili vəhdət və s. baxımından özünün ən uca, şərəfli və inanılmaz səviyyəsinə məhz bu Azərbaycan sənətkarının qələmi ilə yüksəlmişdir.

Füzuliyə görə, maddi aləmdəki bütün varlıqlar, o cümlədən insan ilahi aləmdən ayrılımış və maddi aləmə düşmüş bir zərrədir. İnsan ruhuna Tanrı tərəfindən vücud sevgisi verildiyi üçün lazım olan məqamda o, ilahi aləmdən ayrılıb yaşadığımız dünyaya enir və cismlə, maddi bədənlə birləşir, surət, şəkil alır. Ancaq bu dünya onun üçün əzab, məşəqqət diyarına, “ayrılıq gecəsinə” (“şəbi-hicran”a) çevrilir. Ona görə də yenidən öz əslinə qayıtmaq həvəsi, arzusu və eşqi ilə çırpınır. Yəni insanı yaşadan və ilahi aləmə məxsus olan ruhun varlığında ayrılıb gəldiyi ilkin aləmə qarşı sonsuz məhəbbət hissi yaranır. Ona görə də o, yenidən əbədi olan vəhdət aləminə, xoşbəxtlik diyarına qayıtmaq istəyir. Bir sözlə, Füzuli eşq yolunu (“təriqi-eşq”i) Allaha qovuşmaq istəyində yeganə vasitə kimi dərk və təbliğ edir. Bu məsələ filosof sənətkarın eşq fəlsəfəsinin əsas mahiyyətini təşkil edir. Şairin fəlsəfi yozumunda o da xüsusi olaraq vurğulanır ki, bu ali həqiqəti qəflət əhli, cahillər, nadanlar yox, yalnız ariflər, batini gözü açıq olanlar, kamillər anlaya bilərlər. Məqalədə deyilən bu məsələlər, onun fəlsəfi mahiyyəti şairin yaradıcılığından verilən konkret misallar əsasında şərh edilir.

TƏDQİQAT

Sənətkarın yaradıcılığının mövzu qalereyasında əsas rəng və çalarlar məhəbbətlə bağlıdır. Məhəbbət Füzuli lirikasının rüknünü, mayasını təşkil edir. O, hər şeydən əvvəl, bir eşq şairi kimi tanınır. Bunun səbəbini də hamıdan yaxşı dahi mütəfəkkir özü izah edir. Lirik “mən”inə müraciətlə bəyan edir ki, ondan mədh və məzəmmət şeirləri ummağa dəyməz. Aşiq olan kamal əhlinin sözü də aşiqanə olmalıdır:

                                         Məndən, Füzuli, istəmə əş’ari-mədhü zəmm,
                                         Mən aşiqəm, həmişə sözüm aşiqanədir (Füzuli, I c., 2005).

Füzulinin Azərbaycan türkcəsində divanının ilk şeiri – “Qəd ənarəl…” qəzəli də məhəbbət mövzusundadır.

Bu qəzəl, bir növ, Füzuli divanının bismillahıdır. Yəni şairin lirikasının əsas ideya yükünü və mövzu istiqamətini özündə ehtiva edir. Həm də burada sufiyanə eşqdən söhbət gedir. Şair məhəbbətin mütəsəvvüf çalarını, yəni həqiqi eşqi əsas götürür. Həqiqət yolunun saliki olmağı, vəhdət sirrinin xəlvət sarayına bələdliyi, varlıqda masivanı (Allahdan başqa bütün xilqəti) deyil, yalnız Haqqın özünün reallığını qəbul etməyi və bu idrakla da eşq zövqü ilə yaşamağı kamal əhli üçün əsas şərt sayır. Çünki şair fəzilət və ariflik yolunda eşqdən özgə bir yolun olduğunu təsəvvür etmir:

                                          Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
                                          Bu fəzilət daxili-əhli-kəmal eyər məni (Füzuli, I c., 2005).

Dahi mütəfəkkirimizin lirik qəhrəmanı eşqə ötəri dünyəvi həvəs kimi baxmır. Filosof təbiətli bu qəhrəman məsələyə irfani gözlə, daha geniş ölçüdə yanaşır. O, eşq qəminə giriftar olalı dünyanın azadəsidir (“Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm”), yəni mülk aləminin başqa bütün qayğılarından azaddır. Eşq dəryasına düşdüyü üçün dünya zövqünü unudub (“Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyanı unut”). Elə buna görə də “eşq zövqilə xoş”dur. Onun fikrincə, cəhənnəm atəşinə yananların işi eşq atəşinə yananlardan daha asandır. Çünki cəhənnəmdə yananlar atəşdə bir dəfə yanıb canını qurtarır. Eşq atəşi isə daimi əzabdır. Ancaq cəfası nəşəlidir. Bu, lirik qəhrəmana təlqin olunan eşq səfası (“səfayi-eşq”) ibtidası sübhi-əzəldə, onun ruhunun yaranış çağında ehsan edilmiş əzəli bir qismətdir. Eşq dərdi bu aşiqdən ötrü o qədər ülvi bir hissdir ki, ona dərman etmək təşəbbüsündə olan kəs həmin aşiqin düşməni timsalındadır:

                                          Eşq dərdilə olur aşiq mizacı müstəqim,
                                         Düşmənimdir, dustlar, bu dərdə dərman eyləyən (Füzuli, I c., 2005).

“Məni candan usandırdı…” qəzəli Füzulinin məhəbbət mövzulu lirik əsərləri içərisində xüsusi yer tutur. Şeir təsirli məzmuna, aydın ideyaya, axıcı dilə, gözəl üsluba, mükəmməl bədii formaya malikdir. Müəllif burada məzmun və zahiri effektin mütənasib harmoniyasını yarada bilib.

Qəzəl birinci şəxsin – lirik qəhrəmanın dilindən deyilir. Bu aşiq qəhrəmanın daxili hisslərini və canandan şikayətlərini sadə və inandırıcı şəkildə ifadə edir. Şeirin mətlədən məqtəyə qədər bütünlüklə bədii suallar və daxili qafiyə, yəni səc` üzərində qurulması onun poetik aurasını daha da gözəlləşdirir. Aşiqin şikayət və daxili təəssüratının bəyanı o qədər sadə, səmimi, həm də obrazlı şəkildə verilir ki, oxucunu inandırır. Onun duyğularına təsir edir, estetik cəhətdən zövqünü oxşayır:

                              Məni candan usandırdı, cəfadən yar usanmazmı?
                             Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı?
                             Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
                             Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? (Füzuli, I c., 2005).

Məşuq eşq əzabının sürəkli iztirabını çəkən aşiqi canından bezdirib. Onun ahı fələkləri yandırır (mübaliğə), arzularının şamı isə yanmır. Ancaq məşuq verdiyi cəfadan usanmır. Tənhalaşmış aşiqin şikayəti həm də ondandır ki, canan onu sevən bütün dərdlilərinin (eşq xəstələrinin) dərdinə dəva ehsan edir. Yalnız bu aşiqə biganə yanaşır. Halbuki onun sevgi yükü başqalarından daha ağırdır. Təbii ki, burada canan dedikdə Allah nəzərdə tutulur.

Eşq qəmini pünhan saxlayan aşiq başqalarının məsləhəti ilə onu sevgilisinə açır. Ancaq ondan bir vəfa və kəramət görmür. “Şəbi-hicran”a (“ayrılıq gecəsi”) düşdüyü, yəni yardan ayrıldığı üçün onun işi ahü-fəğan, bu hicran möhnətinin cəfasını yaşamaqdır. Burada şair “şəbi-hicran” dedikdə, öz ilkin zatından – ilahi aləmdən ayrılıb kəsrətə düşmüş zərrənin əhvalını nəzərdə tutur. Çünki vəhdətdən ayrılıb maddi aləmə düşmüş zərrə bu ayrılıq səbəbindən fəryad edir. Öz əslinə – Yara qovuşmağa can atır. Verdiyimiz bu izahat sufizmdəki eşq və “şəbi-hicran” fəlsəfəsi ilə bağlıdır. Belə ki, təsəvvüf düşüncəsinə görə, öz əslindən ayrılıb fiziki bədənlə qovuşmuş insan ruhu (ilahi “mən”) maddi dünyada “şəbi-hicran”a düşür, əzaba giriftar olur və bunun fəryadını edir. Şair də qəzəldə məhz bunu nəzərdə tutur:

                                          Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
                                          Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? (Füzuli, I c., 2005).

Qəzəldə Füzuli qələminə məxsus obrazlılıq, məcazların bolluğu və dolğunluğu diqqəti cəlb edir. Əlbəttə, bu, qəzəlin bədii keyfiyyətini zənginləşdirir, şeiriyyətini artırır.

                                          Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
                                          Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? (Füzuli, I c., 2005)

beytində bir neçə bəlağət vasitəsi işlədilib. Bədii sualbulanmazmı?; səc` (daxili-qafiyə) – qarşu, su, bu; bədii xitabhəbibim; epitet güli-rüxsar (gül üz); mübaliğəgözümdən qanlı axar su; təlil və ya illət: (Bu elə bir poetik fiqurdur ki, hər hansı bir hadisə, məfhum, proses başqa bir hadisə, məfhum, proses və s.-nin yaranmasına səbəb olur. Yəni bir məfhum və hadisənin varlığı, yaranması başqa bir məfhum və hadisənin, işin səbəb-nəticəsi kimi meydana çıxır). Beytin birinci misrasında məşuqun gül üzünə qarşı (üzü gülə bənzədiyindən və gülün rəngi qırmızı olduğu üçün) aşiqin gözündən su qanlı (yəni qırmızı rəngdə) axır; eyham (metonimiya) – fəsli-gül. Bahar fəslinin adı çəkilmir, lakin həmin ifadə ilə baharın nəzərdə tutulduğu aydındır; bənzətmə – aşiqin gözündən axan qanlı su baharda suların bulanaraq axmasına bənzədilir. Şair qəzəldə dilbərin zahiri gözəlliyini təsvirə o qədər də meyil etmir. Ancaq belə bir inandırma metoduna əl atır ki, aşiqə həmin cananı sevdiyi, onun “rindü şeydası” olduğu üçün tənə eyləyən qafil cananı gördükdə etdiyi qınağa görə utanır.

Şeirdə təsəvvüf anlamındakı eşqrüsvalıq fəlsəfəsinə də toxunulur. Bu fəlsəfi baxışın əsas mahiyyəti ondan ibarətdir ki, eşqi könüldə gizlətmək mümkün deyil. O, istər-istəməz aləmə faş olur. Buna görə də eşq əhli həmişə rüsvay olmalı, xalq içərisində məhəbbət şeydası kimi tanınmalıdır:

                              Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
                             Sorun kim, bu nə sövdadır, bu sövdadən usanmazmı? (Füzuli, I c., 2005).

M.Füzulinin lirik qəhrəmanı filosof aşiqdir. Bu lirik qəhrəmanın məhəbbət müstəvisində cism, can və canana münasibəti dini və sufi-irfani qaynağa söykənir. Daha doğrusu, sevən öz cismani varlığını unudur, yox sanır. Onu bütünlüklə canana qurban etməyə də hazırdır. Çünki nəinki cism, elə can özü də canana məxsusdur. Mərifət mərtəbəsinə yüksəlmiş aşiq də canını yalnız canana görə sevir. Öz cismi və canı da daxil olmaqla şəhadət aləmində (və ümumiyyətlə, varlıqda) canandan özgə bir həqiqətin olduğunu düşünmür.

Alt qatda, mənanın daxili anlamında zikr olunan canan əslində ilahi substansiyanın – Haqqın özüdür ki, hər şey ona məxsusdur. Həbibin canına sevgisi də əslində məhbuba olan vurğunluğundan irəli gəlir. Ariflər canını cananı üçün, cahillər isə cananını canı üçün sevər:

                                         Canı kim cananı üçün sevsə, cananın sevər,
                                         Canı üçün kim ki, cananın sevər, canın sevər (Füzuli, I c., 2005).

Eşqə münasibətdə filosof şairimiz bəzən bir mütəsəvvüf kimi düşünsə də, bəzən də ona real, dünyəvi mövqedən yanaşır. Başqa sözlə, Füzuli həqiqi eşqi qəbul etdiyi kimi məcazi məhəbbəti də məqbul sayır. Sənətkar bunu belə bir fəlsəfi-poetik məntiqlə əsaslandırır ki, məcaz həqiqətə bağlıdır. Daha dəqiqi, məcaz həqiqət günəşinin (vücudi-mütləqin) nurlarının parıltısı, şəfəqidir və deməli, ondan kənarda deyil. Mövcudluğu Ona bağlıdır: 

                                           Xubsurətlərdən, ey naseh, məni mən` etmə kim,
                                           Pərtövi-ənvari-xurşidi-həqiqətdir məcaz (Füzuli, I c., 2005).

Füzulinin məhəbbət və mərifət (irfan) dünyasında sıx-sıx eşq və hicran, eşq və vüsal, eşq dərdinin çarəsizliyi, eşq və divanəlik, eşq və heyranlıq, eşq və məstlik, eşq və rüsvalıq, eşq və məlamət (qınaq), eşq və bəla, eşq və qəm, fəryad və s. əlaqəli bədii-fəlsəfi nüanslara, poetik bəyanlara, fikri təlqinlərə rast gəlirik. Əslində, bunlar sufizm təriqətinin baxışlar sistemində qərarlaşmış məxsusi xətlərdir. İrfan düşüncəsində onların hər birinin eşqlə bağlı özünəməxsus şərhi, mənası vardır. Füzulidəki bədii deyim və qənaətlər də qidasını buradan alır.

Mütəfəkkir sənətkarımızda və ümumiyyətlə, təsəvvüfdə həmin fəlsəfi kateqoriyaların mahiyyəti çox yığcam şəkildə bu cür şərh oluna bilər:

Eşq və hicran: İlahi aləmdən, öz ilkin zatından (vəhdətdən) ayrılan aşiq (zərrə) maddi dünyaya enir və fəraqa düçar olur. Bu, onun üçün “şəbi-hicran”dır (“ayrılıq gecəsi”). Şəhadət aləmində yaşadığı müddət aşiqdən ötrü cəhənnəm ələmi, “ruzi-qiyamət” nisbətindədir:

                                           Hicran gecəsin görgəc duzəx ələmin bildim
                                           Kim, ruzi-qiyamətdir yarın şəbi-hicranı (Füzuli, I c., 2005).

Eşq və vüsal: Hicrandan qurtuluşun və Haqqa (öz əslinə) qovuşmağın yeganə çıxış yolu eşqdir. Məhəbbət bəndə ilə Tanrı arasında vasitəçilərsiz (başqa birisinin yardımı, köməyi olmadan) körpü, birbaşa ünsiyyət vasitəsidir. Amma vüsal təmənnasında olan gərək həm öz cismani həqiqətini, dünyanı və dünya nemətlərini, həm də, ümumiyyətlə, masivanı unuda. Sabitqədəm eşq yolçusu Dildarın görüş zövqü ilə öz fiziki mövcudluğunu yox etməlidir ki, əbədi dövlət olan “dövləti-didar”a, vücudi-mütləqin daimi vəslinə yetsin:

                                           Zövqi-didar ilə dildarın yox etdim varimi,
                                           Dövləti-baqi ki, derlər, dövləti-didar imiş (Füzuli, I c., 2005).

Füzulinin lirik qəhrəmanı “Məskən ey bülbül…” qəzəlində belə bir fikir söyləyir ki, ey müsəlmanlar, əgər mənim yerim “yar kuyi” (yarın məskəni) olsaydı, rövzeyi-rizvanə meyil etsəm, kafər olardım. Yəni sufizmin inanc müstəvisində arif, kamil məhəbbət əhli üçün yarın vüsalına birbaşa çatmaq behişt səadətinə nail olmaqdan da üstündür.

Eşq dərdinin çarəsizliyi: Əgər eşq həqiqətdirsə, başqa sözlə, bəşəri vücudun ruhuna, “mən”inə təlqin olunmuş ölməz Tanrı lütfüdürsə,  onun dərmanı, çarəsi yoxdur. Onu insanın qəlbindən silmək, yox etmək mümkün deyil:

                           Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı,
                           Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz (Füzuli, I c., 2005).

Eşq, ağıl və divanəlik: Ruha bağlı, əzəli qismət olan (əgər eşq həqiqidirsə, o, əzəli tale qismətidir) gerçək eşq ağılla müvafiq deyil və ağılı yoxa çıxarır. Eşq ağılla uyuşmaz. Ağıl hüdudlu, eşq isə sərhədsizdir. Canana da ağılla yox, yalnız eşq ilə qovuşmaq mümkündür. Ağıl olmayan insan vücudunda təbii ki, divanəlik başlayır. Bu prosesdə isə insan ixtiyarsız, yəni çarəsizdir. İxtiyar əzəli qismətə bağlıdır. Deyilən ruhi-psixoloji təbəddülata məhəbbət səbəb olduğundan ona eşq məcnunluğu demək daha düzgündür.

                                           Eylə divanəliyə düşdü könül kim, dildar
                                          Salsa gər boynuna həm zülfi-kəməndin, yenməz (Füzuli, I c., 2005).

Füzuli poeziyasında tez-tez rast gəldiyimiz bu tipli fikirlər göstərilən mətləbin bədii ifadəsinə xidmət edir.

Eşq və heyranlıq: Arif bəndə Xaliqin xəlq etdiyi xilqətin gözəllik və nizamının qüsursuzluğundan heyrətə düşür. Bu bənzərsiz yaradılışın (varlığın) gözəlliyinə, dərkolunmaz kamilliyinə heyran (həm də çaşqın) qalan bəşər övladı həmin varlığın sahibini sevməyə başlayır. Reallıqdakı füsunkarlıqdan doğan heyranlıq onda yaradana bəslənilən nəhayətsiz eşq üçün stimul rolunu oynayır. Füzulinin irfani düşüncəli lirik qəhrəmanı da bu dövr edən fələk (göy qübbəsi) gərdişə (hərəkətə) gəlmədən eşq vadisində sövda ilə heyran və çaşqın imiş. İlahinin xəlq etdiyi xilqətin lətafəti və harmoniyası onu deyilən hala salmışdır:

                                          Vadiyi-eşqdə sövda ilə sərgəştə idim
                                          Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz (Füzuli, I c., 2005).

Eşq və məstlik: Həqiqi aşiqdən ötrü eşq feyz mənbəyidir. Bu nəşənin zövqündən o, məst olmalıdır. Məcnundan tutmuş Füzulinin şeirlərindəki lirik qəhrəmana qədər aşiq ünvanı daşıyanlar bir qayda olaraq eşq sərxoşudur. Şairin əsərlərindən buna aid istənilən qədər nümunə gətirmək olar. O, tez-tez mey (ilahi hikmət və fəzilət şərabı) və meyxanədən də (Tanrı həqiqətlərinin öyrənildiyi məkan, xanəgah) danışır. Bunlar, təbii ki, təsəvvüf simvolikası ilə bağlı fəlsəfi-metaforik anlayış və bədii deyimlərdir.

Eşq və rüsvalıq: Eşq sirrini qəlbdə pünhan saxlamaq mümkün deyil. Çünki əsl məhəbbətin şiddəti, dərəcəsi, miqyası və xassəsi elədir ki, o, könül aləmindən aşıb-daşmalı, faş və eldə car olmalıdır. Əsl aşiqin nəsibi rüsvalıqdır. Füzuli:

                                           Razi-eşqin xəlqdən qılmaq nihan mümkün deyil,
                                           Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin (Füzuli, I c., 2005).

beytində ifadə etdiyi fikirdə məhz bunu nəzərdə tutur. Orta əsrlər irfan poeziyasında bu cür qənaətə tez-tez rast gəlirik. Həqiqi aşiq üçün rüsvalıq bir etalon, səciyyəvi həyati-əxlaqi və ruhi-psixoloji göstəricidir. Bir sözlə, “Eşq ilə riya deyil müvafiq, Risvay gərək həmişə aşiq” (Füzuli, II c., 2005).

Eşq və məlamət: Gerçək sevgi yolçusu həm də daim məlamət, yəni danlaq, qınaq obyektinə çevrilməlidir. Aşiq həqiqəti (eşqin mahiyyətini) dərk etməkdə onu əhatə edənlərdən fərqləndiyinə (yüksəkdə dayandığı) görə ətrafdakılar onu anlamır. Sevənin idraki ucalığı ilə çevrədəkilərin cəhaləti, idraksızlığı arasında müxalifət olduğundan onlar aşiqi başa düşmür və onu məzəmmət, qınaq hədəfinə çevirirlər. Haqqında söhbət açdığımız mütəfəkkir şairimiz nəinki qınaq predmeti, hətta «məlamət mülkünün sultanı»dır:

                                          Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm,
                                          Bərgi-ahim taci-zər, simi-sirişkim təxti-ac (Füzuli, I c., 2005).

Ey Füzuli, mən qınaq (məzəmmət) mülkünün sultanıyam, Ahımın şimşəyi qızıl tac, gümüş göz yaşım isə şirmayı (fil sümüyündən) taxtdır.

Beytin 2-ci misrasında şair şərq poetikasına məxsus məcaz növlərindən olan cəm’dən (Bu elə məcaz növüdür ki, iki və daha artıq əlamət, xüsusiyyət, məfhum eyni bir predmetə aid edilir, eyni bir predmetdə birləşdirilir), təşbeh və mübaliğədən məharətlə yararlanır.

Eşq və bəla (əzab): Eşq zövqünün nəşəsi nə qədər müdhişdirsə, zilləti də o qədər böyükdür. Aşiq öz eşqi yolunda əzab çəkmirsə, (və bunu istəmirsə) o, nə həqiqi aşiq sayıla bilər, nə də ona vüsal sevinci nəsib olar. Sevən bəndə sevgi meydanında nə qədər çox bəla, məşəqqət çəksə, öz eşqinin gerçəkliyini və əzəmətini o qədər çox sübut etmiş olar. Buna görə də əsl aşiq mülk aləmində (hicran dünyasında) həmişə “bəlayi-eşq ilə aşina” olmaq təmənnasındadır. Bir sözlə, irfan qəhrəmanı belə düşünür ki, hicran aləminin bəlasını çəkmədən vüsalın qədri bilinməz. Yardan (aşiqin mənsub olduğu ilkin substansiyadan) ayrılığın zülməti, cəfası çox mübhəm sirləri arif aşiqə rövşən etmişdir:

                                        Vəsl qədrin bilmədim hicran bəlası çəkmədən,
                                        Zülməti-hicr etdi çox mübhəm işi rövşən mana (Füzuli, I c., 2005).

Mövcud aləm həm də aşiqdən ötrü imtahan və sınaq dünyasıdır, onun ölçüsü cəfa və qəm yüküdür.

Eşq və qəm (fəryad): Öz ilkin zatından – Yardan ayrılıb “şəbi-hicran”a düşmüş aşiq (zərrə) mülk aləmində qəm və fəryada məhkumdur. Çünki mövcud aləmdə mütləq, daimi sevinc, rahatlıq və fərəh ola bilməz (olsa da, bu ötəridir). Hicran əzabı və vüsal arzusu sevəni qəmə, möhnətə, məlala, zarlığa düçar edir. Füzulinin aşiqi də şərh olunan əqidə və etiqadın yiyəsidir. O, eşq bazarında möhnət əyarının (ölçüsünün) tərəzisidir, “Qafiləsaları-karivani-qəm”dir:

                          Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,
                          Gözüm hərdəm dolub, min daşə hər saət dəgər başım (Füzuli, I c., 2005).

NƏTİCƏ

Məlumdur ki, orta əsrlər islam dünyasında bədii ədəbiyyatı bir tərbiyə və mənəvi-əxlaqi təşviqat vasitəsi kimi məşğul edən başlıca problemlərdən biri insan və ona münasibət məsələsi idi. Bədii fikrin ictimai-estetik, fəlsəfi-məfkurəvi amalında bəşər övladı ideal bir məxluq sayılırdı. İnsana bu ali niyyətlə yanaşan, onu xilqətdə cəmi yaradılmışlardan üstün tutan söz sənəti humanizmi, insansevərliyi vacib missiya kimi ardıcıl olaraq izləyir və təbliğ edirdi. Göstərilən məziyyət Füzuli poeziyasında da bariz şəkildə özünü göstərir. Həm də mütəfəkkir şairimiz daha professional və qüdrətli qələm sahibi olduğundan deyilən cəhət onun yaradıcılığında sələflərindən və xələflərindən öz sənətinin səviyyəsi qədər ucada dayanır.

Humanist sənətkarın yaradıcılığında insan varlığın ən qiymətli məxluqudur. Onun şərəfi, əzəməti və gözəlliyi hər cür tərifə layiqdir. Ümumiyyətlə, şərq ədəbiyyatında olduğu kimi Füzulidə də reallıqda Tanrıdan sonrakı ən uca məqam bəşəri xilqətə məxsusdur. Şairin lirikasında Tanrı cəlalının və gözəlliyinin tərifi də insanın mikromiqyasda cəlal və gözəlliyinin tərifindən başlanır. Ancaq onu da qeyd etmək yerinə düşər ki, mütəsəvvüf poeziyada olduğu kimi, Füzulidə də kəmalat və cəhalət baxımından adəm övladı iki qrupa ayrılır: kamil insan və cahil insan. Təbii ki, bədii-fəlsəfi dəyərləndirmədə bu insanların yeri, mövqeyi və mərtəbəsi bir-birindən kəskin surətdə fərqləndirilir. Birincinin ucalığı müqabilində ikincinin ucuzluğu nəzərə çatdırılır. İnsan mənəvi-əxlaqi kamilliyə, öz gözəllik, ləyaqət və şərəfini dərk etməyə çağırılır. Füzuli poeziyasının izlədiyi başlıca qayələrdən biri budur. Şairin fikrincə cəhalətlə “hasili-ovqati-şərif” (şərəfli ovqat hasil etmək) mümkün deyil. Bunun üçün irfani rütbəyə çatmaq lazımdır Bunun əsas yolu isə eşqə bağlıdır və aşiqlik meydanından keçir. Bir sözlə, məhəbbət yolçuluğu və aşiqlik missiyası Füzulinin eşq fəlsəfəsinin əsas mahiyyətini, rüknünü təşkil edir. Həm də bu yolçuluq ilahi eşqə dayanan irfani yolçuluqdur.

İstifadə edilmiş ədəbiyyat

1 Araslı, H. (1958). Böyük Azərbaycan şairi Füzuli. Bakı.
2 Araslı, H. (1998). Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı.
3 Babayev, Y. (2018). Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər). Bakı.
4 Əliyev, S. (1986). Füzulinin poetikası. Bakı.
5 Füzuli, M. (2005). Əsərləri, 6 cilddə (tərtib edəni: Araslı H.), Bakı, I c.
6 Füzuli, M. (2005). Əsərləri, 6 cilddə (tərtib edəni: Araslı H.), Bakı, II c.
7 Füzuli, M. (1991). Leyli və Məcnun. (tərtib edib nəsrə çevirəni, müqəddimə və şərhlərin müəllifi: Əliyev S.) Bakı.
8 Füzuli, M. (2005). Seçilmiş əsərləri. 2 cilddə. I c. (lirik əsərləri-şərhlərlə. Tərtib edəni: Yusifli X.) Bakı; II c. (epik əsərləri-şərhlərlə. Tərtib edəni: Xəliloğlu S.), Bakı.
9 Köprülüzadə, F. (1996). Azəri ədəbiyyatına dair tədqiqlər. Bakı.
10 Quliyeva, M. (2010). Şərq poetikasının əsas kateqoriyaları. Bakı.
11 Quluzadə, M. (1965). Füzulinin lirikası. Bakı.
12 Səfərli, Ə., Yusifli, X. (2008). Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər). Bakı.