QISA MÜDDƏTDƏ DAHA ÇOX ÖYRƏNMƏYİN YOLU




Müasir dövrdə informasiya bolluğu insanlardan yalnız çoxlu məlumat öyrənməyi deyil, həm də öyrəndiklərini uzun müddət yadda saxlamağı tələb edir. Xüsusilə şagird və tələbələr üçün dərs zamanı diqqəti qorumaq, mürəkkəb mövzuları başa düşmək və əldə olunan bilikləri sonradan xatırlamaq bəzən çətin olur. Uzun müddət ərzində kitab qarşısında oturmaq hər zaman səmərəli olmur. Əksinə, düzgün metodlardan istifadə etməklə daha qısa müddətdə daha keyfiyyətli nəticə əldə etmək mümkündür. Bu baxımdan, “Pomodoro” və “Feynman” texnikaları effektiv öyrənmənin ən praktik üsullarından sayılır.

“Pomodoro” texnikası ilk növbədə diqqətin idarə olunmasına və vaxtın səmərəli bölüşdürülməsinə kömək edir. Bu metodu 1980-ci illərdə Françesko Kirillo yaradıb. Texnikanın adı pomidor formasında olan mətbəx taymerindən götürülüb. Metodun əsas prinsipi sadədir: insan müəyyən müddət ərzində yalnız bir işə diqqət ayırır, daha sonra qısa fasilə verir. Ən geniş yayılmış formada 25 dəqiqəlik iş və 5 dəqiqəlik fasilə tətbiq olunur. Dörd belə dövrdən sonra isə daha uzun, təxminən 15-30 dəqiqəlik fasilə tövsiyə edilir.

Pomodoro texnikasının əsas üstünlüyü insanın diqqətini müəyyən zaman çərçivəsində bir məqsədə yönəltməsidir. Məsələn, təhsilalan qarşısına “bu gün biologiyanı oxuyacağam” kimi ümumi məqsəd qoymaq əvəzinə, “25 dəqiqə ərzində hüceyrənin quruluşunu öyrənəcəyəm” deyə konkret hədəf müəyyən edə bilər. Bu yanaşma həm diqqətin dağılmasının qarşısını alır, həm də böyük və çətin görünən tapşırığı daha kiçik hissələrə bölür.

Lakin Pomodoro texnikasının yalnız vaxtı bölməkdən ibarət olduğunu düşünmək düzgün deyil. Metoddan maksimum fayda əldə etmək üçün həmin 25 dəqiqə ərzində telefon, sosial şəbəkələr və başqa diqqət yayındırıcı amillərdən uzaq durmaq lazımdır. Fasilə zamanı isə beyinə istirahət vermək vacibdir. Qısa fasilədə ayağa qalxmaq, su içmək və ya bir qədər hərəkət etmək daha məqsədəuyğundur. Beləliklə, insan uzun müddət yorulmadan öyrənmək prosesini davam etdirə bilir.

Öyrənmə zamanı fasilələrin rolu ilə bağlı aparılan araşdırmalar da bu yanaşmanın əhəmiyyətini göstərir. “Behavioral Sciences” jurnalında dərc olunan araşdırmada universitet tələbələri üzərində aparılan təcrübə zamanı planlı qısa fasilələrlə tələbələrin özlərinin müəyyən etdiyi fasilələr müqayisə edilib. Nəticələr göstərib ki, fasilələrin öyrənmə prosesində rolu onların müddətindən və tətbiq olunduğu şəraitdən asılı ola bilər. Tədqiqatçılar bu səbəbdən öyrənmə zamanı fasilələrin şagird və tələbələrin fərdi ehtiyaclarına uyğun şəkildə təşkil edilməsinin daha məqsədəuyğun olduğunu vurğulayırlar.

Pomodoro diqqətin və vaxtın idarə olunmasına kömək etdiyi halda, “Feynman” texnikası öyrənilən məlumatın həqiqətən başa düşülməsinə və yadda qalmasına yönəlir. Bu metod məşhur fizik Riçard Feynmanın öyrənmə yanaşmasından ilhamlanaraq yaranıb. Feynmanın əsas fikirlərindən biri mürəkkəb anlayışı sadə dillə izah edə bilməyin həmin mövzunu həqiqətən başa düşdüyünü göstərməsidir.

Feynman texnikasını tətbiq etmək üçün ilk növbədə öyrənmək istədiyiniz mövzunu seçmək lazımdır. Daha sonra həmin mövzunu sanki başqa bir insana, xüsusilə də mövzu haqqında heç bir məlumatı olmayan birinə izah edirmiş kimi sadə dillə danışmaq və ya yazmaq lazımdır. Əgər izah zamanı müəyyən anlayışları ifadə etməkdə çətinlik yaranırsa, bu, həmin hissənin tam mənimsənilmədiyini göstərir. Bu zaman mənbəyə geri qayıdaraq məlumatı yenidən nəzərdən keçirmək və çatışmayan məqamları tamamlamaq lazımdır.

Məsələn, təhsilalan “fotosintez” mövzusunu öyrənirsə, sadəcə dərslikdəki tərifi əzbərləmək əvəzinə belə izah etməyə çalışa bilər: “Bitkilər günəş işığından istifadə edərək öz qidalanmaları üçün lazım olan üzvi maddələri yaradırlar”. Əgər tələbə bu prosesi daha ətraflı izah edə bilmirsə, deməli, mövzunun müəyyən hissələrini yenidən öyrənməlidir. Bu üsul əzbərləmədən fərqli olaraq, məlumatlar arasında məntiqi əlaqə yaratmağa imkan verir.

Ən yaxşı nəticə isə Pomodoro və Feynman texnikalarının birlikdə tətbiqindən əldə edilə bilər. Məsələn, tələbə 25 dəqiqə ərzində yeni mövzunu oxuya və əsas anlayışları qeyd edə bilər. Sonra 5 dəqiqəlik fasilə verdikdən sonra növbəti 25 dəqiqədə öyrəndiklərini öz sözləri ilə izah edə bilər. Növbəti mərhələdə isə izah zamanı yaranan boşluqları müəyyən edib həmin hissələri yenidən nəzərdən keçirə bilər. Bu proses məlumatın həm öyrənilməsinə, həm də daha yaxşı yadda saxlanmasına şərait yaradır.

Biliklərin uzunmüddətli yaddaşda qalması üçün yalnız bir dəfə oxumaq kifayət etmir. Öyrənilən məlumatı müəyyən intervallarla təkrar etmək də vacibdir. Buna görə Pomodoro və Feynman texnikalarına əlavə olaraq, təkrarlama sistemindən istifadə etmək faydalıdır. Məsələn, yeni öyrənilən mövzu həmin gün qısa şəkildə təkrar oluna, bir neçə gün sonra yenidən xatırlanmağa çalışıla və daha sonra həftəlik təkrar edilə bilər. Burada məqsəd mövzunu təkrar-təkrar oxumaq deyil, onu kitaba baxmadan öz sözlərinlə xatırlamağa və izah etməyə çalışmaqdır.

Nəticə olaraq, effektiv öyrənmə saatlarla kitab qarşısında oturmaqdan daha çox, düzgün strategiyadan istifadə etməklə bağlıdır. Pomodoro texnikası vaxtı düzgün idarə etməyə, diqqəti qorumağa və yorğunluğu azaltmağa kömək edir. Feynman texnikası isə mövzunun əzbərlənməsi əvəzinə, onun mahiyyətinin dərkini təmin edir. Bu iki metod birlikdə tətbiq edildikdə öyrənmə prosesi daha sistemli, məqsədyönlü və məhsuldar olur. Əsas məsələ metodları mexaniki şəkildə tətbiq etmək deyil, onları şəxsi öyrənmə tərzinə uyğunlaşdırmaqdır. Davamlı məşq, düzgün fasilələr, sadə izah və müntəzəm təkrar vasitəsilə əldə olunan biliklərin daha uzun müddət yadda qalmasına nail olmaq mümkündür.