“ALTI PAPAQ” TEXNİKASI




Təhsilalanların fərqli və yaradıcı düşüncələri mənimsəyib tətbiq etməsi üçün bir çox texnikalar mövcuddur. Bunlardan biri də Edvard de Bononun “Altı papaq” texnikasıdır.

Düşünmək üçün “Altı papaq”dan bəhs edən bu texnika  öz   kreativliyi ilə fərqlənir. Müəllifin 1985-ci ildə nəşr olunan eyni adlı (“Six Thinking Hats”) kitabı fərqli düşüncə, problemlərin və mübahisələrin həlli yollarına yaradıcı yanaşmaların tapılması haqqındadır.

Edvard de Bono britaniyalı psixoloq, yaradıcı düşüncə sahəsində məsləhətçi və yazıçıdır. Tibb, fiziologiya və psixologiya üzrə təhsili  onun müxtəlif problemlərə fərqli yanaşmasına, fənlərin inteqrasiyası sahəsində mövzuları dərk etmək bacarığına təsir edib.  “Altı papaq”la düşünmək beyin fırtınası metodunun ən məşhur növlərindən biri sayılır.

Edvard de Bono yazır ki, insan təfəkkürü həyatı boyu yaradıcı düşüncədən uzaqlaşıb stereotiplərə yiyələnməyə meyillidir. Bu, bir çox amillərlə bağlıdır: mədəni-sosial mühit, din, təhsil, məntiq, əxlaq haqqında aşılanmış fikirlər və s. Bundan əlavə, düşünmək prosesi həm də insanın özünün əhvali-ruhiyyəsi, duyğu və intuisiyalarından da asılıdır.

Göstərilənlərin hamısına əsaslanan Edvard de Bono beynin adi düşüncə və qərar qəbul etmə vəziyyətini dəyişə bilən 6 üsul təklif edib. Onlar istənilən problemə müxtəlif aspektlərdən baxmağa əsaslanır.

“Altı papaq” metodu psixoloji rol oyunudur. Müxtəlif rəngli papaqlar fərqli düşüncə tərzləri deməkdir və onları taxmaqla insan beynini bu rejimə kökləyir. De Bononun texnikası müzakirə mövzusuna müxtəlif rakurslardan baxmaq bacarığı aşılayır.

Texnika şagird və tələbələrə müxtəlif şəraitlərdə necə davranacaqlarını göstərən təsiredici yenilikdir. Texnikaya daxil olan 6 rəngli papaq gündəlik həyatda qarşımıza çıxmaq ehtimalı olan 6 fərqli vəziyyəti simvollaşdırır. Bu texnika təhsil ictimaiyyətində “Altı cüt ayaqqabı”, “Altı məşq tərzi”, “Altı məşq nümunəsi” kimi müxtəlif adlarla da tanınıb. De Bononun icadı şagirdləri düşündürməkdən əlavə, onların düşüncələrini ətrafdakılara çatdıra bilmək məqsədi daşıyır.

Bu texnikanın tətbiqi zamanı  təhsilalanlar fikirlərini daha konkret şəkildə paylaşa, qrup daxilində sosiallaşma bacarıqlarını yüksəldə bilərlər. Texnikanın üstünlükləri aşağıdakılardır:

  • Şagirdə standart düşüncə tərzindən uzaqlaşmağa imkan verir;
  • Qlobal düşünməyi asanlaşdırır;
  • Hadisələrə daha geniş perspektivdən baxmaq imkanı yaradır;
  • Yaradıcılıq və analitik düşünmək bacarıqlarını genişləndirir;
  • Maraq və motivasiya səviyyəsini artırır.

Bəs texnikadan necə istifadə etmək olar?

Qərarın qəbul olunmasında 6 müxtəlif rəngli papaqdan istifadə olunur.

Edvard de Bono öz metodunun tətbiq olunması təcrübəsindən danışarkən qeyd edir ki,  qərarlar debatdan doğulur və burada bütün komandanın maraq və ya prioritetlərini  nəzərə alan deyil, daha uğurla müdafiə olunan fikir qalib gəlir. Bu müşahidəyə əsaslanaraq, texnikanın müəllifi əhəmiyyətli dərəcədə fərqli bir yanaşma - paralel düşüncə təklif edir. Məsələ burasındadır ki, problem arqumentlərin, ideyaların mübarizəsində deyil, onların birliyində nəzərdən keçirilməlidir.

“Altı papaq” texnikasından istifadə obrazlı şəkildə çoxrəngli karandaşlarla çəkilən rəsm kimi təqdim edilə bilər. Rəngarəng bir şəkil yalnız müxtəlif rəng çalarlarının istifadəsi ilə mümkün olduğu kimi,  de Bononun metodunda da növbə ilə altı papağı taxdıqdan sonra real situasiyanı görmək mümkündür:

          -  Ağ papağı sınayanda diqqətimizi əlimizdə olan məlumatlara yönəldirik. Hansı məlumatların çatışmadığını, onu haradan tapacağımızı, problemi həll etmək üçün artıq məlum olan fakt və nəticələrdən necə istifadə edəcəyimizi anlamağa çalışırıq.

Ağ papaq, əslində, hadisələrin inkişafında səbəb-nəticə əlaqəsini və qanunauyğunluqları müəyyənləşdirmək  üçün istifadə olunan retrospektiv idrak üsuludur.

          - Qırmızı papaq taxmaqla biz intuisiyanı və hisslərimizi işə salırıq. Daxili səsimiz bizə nə deyir? Bu mərhələdə intuitiv hesablamalar və hisslər çox vacibdir, çünki onlar problemə emosional münasibəti aydınlaşdırmağa imkan verir. Əgər müzakirə kollektiv şəkildə aparılırsa, digər insanların cavabları, onları hərəkətə gətirən  qüvvələr və təklif etdikləri həll yollarını  anlamağa çalışmaq vacibdir. Bunun üçün hər kəs öz həqiqi hiss və duyğularını gizlətməməli, dürüst və səmimi olmalıdır.

           - Qara papaq geyinəndə sağlam tənqidə əsaslanan pessimist rolunda olmalısan. Problemin həlli üçün təklif olunan variantlar gələcəkdə mümkün risklərin, çətin və gözlənilməz vəziyyətlərin qarşısını almağa yönəlməlidir. Burada hər fikirdə zəif nöqtələri tapmaq və diqqət yetirmək vacibdir. Qara papaqdan ilk növbədə artıq uğur qazanmış və pozitiv düşüncəyə vərdiş edənlər istifadə etməlidirlər. Bu insanlar çox vaxt çətinlikləri real qiymətləndirə bilməyən insanlardır.

           - Sarı papaq qaranın tam əksidir və problemə optimist, müsbət baxışı nəzərdə tutur. Sarı papaqlılar hər bir həllin güclü və üstün tərəflərinə diqqət yetirməlidirlər.

           - Yaşıl papaq yaradıcılığa, qeyri-adi ideyaların axtarışına və fərqli baxışlara cavabdehdir. Burada əvvəllər təklif olunan həll yolları qiymətləndirilmir, yalnız onların hər hansı mövcud vasitələrlə (beyin xəritələri, assosiasiyalar və yaradıcı təfəkkürün aktivləşdirilməsi üçün digər yollarla) sonrakı inkişafı nəzərdə tutulur.

           - Mavi papaq prosesin başlanğıcında hədəflər qoyan və sonunda işi uğurla yekunlaşdıran lider tərəfindən geyinilir. O, bütün prosesi idarə edir, nizamlayır, mövzuya və reqlamentə nəzarət edir.

Bu texnika şəxsi problemlərin həlli üçün də istifadə edilə bilər. Ailə üzvləri ilə birlikdə ailə məsələlərinin müzakirəsində və ya həmkarlarla bərabər işlə bağlı problemlərin optimal həllinin axtarışında bu texnikanın böyük köməyi ola bilər. Kitabın müəllifi əmin edir ki, “Altı papaq”dan istifadə edən qruplarda mümkün qarşıdurmalar minimuma enir. İnsanlar müxtəlif təfəkkür növlərinə malik olduqda və bunun fərqinə vardıqda, problemi müzakirə edərkən hər baxışın əsaslı olduğunu qəbul edir və qarşısındakıların fikrinə hörmətlə yanaşırlar.