YANLIŞ BİLDİYİMİZ ELMİ KƏŞFLƏR




Digər təhriflər kimi yanlış təsəvvürlər də çox uzunömürlü olur. Başqa qaynaqlardan aldığımız çoxsaylı məlumatlar nə vaxtsa inandığımız fikri təkzib etsə də, biz ilk təsəvvürümüzə sadiq qalmağa çalışırıq. Bəzən əsası olmayan bir hekayə yüzillər boyu real hadisə kimi qələmə verilir. Bu, elm sahəsində də belədir.

Elmi kəşflərlə bağlı insanların düşüncəsinə hakim kəsilən bir neçə yanlış təsəvvür var:

  • Nyutonun başına alma düşdü.
  • Kolumb Yerin dairəvi olduğunu sübut etdi.
  • Tomas Edison lampanın ixtiraçısıdr.

İndi bütün bu yanlış təsəvvürlər haqqında bir az daha ətraflı danışacağıq.

Nyutonun başına alma düşübmü?

İsaak Nyutonun (1642-1727) başına düşən və bununla da ümumdünya cazibə qanununun kəşfinə töhfə verən alma haqqında deyilənlər elm aləmində bəlkə də ən məşhur əfsanədir. Bu əfsanəyə görə, gənc Nyuton öz bağında alma ağacının altında oturarkən başına düşən alma sayəsində böyük kəşf edib. Bu anda o, almanın niyə başqa istiqamətə deyil, yerə doğru hərəkət etməsi və ya heç tərpənməməsi sualına cavab axtarmağa başlayıb. Almanın düşməsinə səbəb kimi Yerin cazibə qüvvəsi fikrini irəli sürüb. Bu fərziyyə sonra onun cazibə nəzəriyyəsinin əsas ideyalarından birinə çevrilib.

Bəs həqiqətən belə bir hadisə olubmu? Əslində İsaak Nyuton mürəkkəb fizika qanununu sevimli qardaşı qızına sadə sözlərlə izah etmək üçün başına alma düşməsilə bağlı hekayəni özü uydurub. Buna baxmayaraq, alimin dostu və bioqrafı Uilyam Stakeleyin xatirələri sayəsində Nyutonun evinin bağçasındakı alma ağacı yüz ildən çox muzey eksponatı olub və minlərlə insanın ekskursiya məkanına çevrilib.

Nyuton sağlığında dostlarına kəşfin necə ortalığa çıxdığını izah etmək üçün almanın düşməsi və bu prosesin qanunauyğunluqları haqqında fikirlərini danışıb. Ancaq Nyutonun qardaşı qızı Katerina Konduit əmisinin ona danışdığı nağılı hamıya real hadisə kimi çatdırıb. Sonralar Nyuton da bu versiyanı həvəslə dəstəkləməyə başlayıb.

Göründüyü kimi, böyük fizikin alma hekayəsi çox uzunömürlüdür.

Kolumb Yerin dairəvi olduğunu sübut etdi

Yerin dairəvi olduğunu ilk dəfə Xristofor Kolumbun sübut etməsi haqqında mif tarixi hadisələrin təhrifidir. Əslində, Yerin sferik forması ideyası Kolumbun vaxtından çox əvvəl formalaşıb.

Yerin kürə formasında olması ilə bağlı ilk arqumentlər Aristotelə məxsusdur. Qədim yunan riyaziyyatçısı Eratosfen isə hətta Yerin çevrəsini hesablamışdı. Onun hesablamalarının nəticəsi bu gün qəbul edilən ölçülərə yaxındır.

Orta əsrlərdə Yerin dairəvi olması fikri geniş yayılmışdı və təbii ki, Kolumb da bu barədə məlumatlı idi. Bəs “Kolumbun Yerin yuvarlaq olduğunu sübut etməsi” fikri elmə haradan gəlib? Görünür, bu, daha çox Kolumbun həyata keçirdiyi ekspedisiyalarda “dəyirmi Yer nəzəriyyəsinin” təcrübədə təsdiqindən sonra baş verib. Kolumbun ekspedisiya ərəfəsində apardığı riyazi hesablamalar buna müəyyən dərəcədə şərait yaradırdı. Əslində isə onun hesablamaları Yerin sferikliyini sübut etmək üçün deyil, səfərdə özü ilə nə qədər su və yemək götürməli olduğunu aydınlaşdırmaq üçün idi.

Kolumb Yerin çevrəsini hesablayarkən peşəkar riyaziyyatçıların söylədiyi rəqəmdən daha kiçik bir rəqəm əldə etmişdi. Səyyah Yerin çevrəsinin əslində 40.000 kilometrə yaxın olduğunu hesablaya bilsəydi, onun ekspedisiyaya başlamağa qərar verib-verməyəcəyi məlum deyil. Beləliklə, onun Amerikanı kəşf etməsi ehtimalı da sual altında düşür. “Amerikanın kəşfi” də əslində başqa yanlış ifadə edilmiş hekayənin mövzusudur. Bu haqda gələn yazılarımızda söhbət açacağıq.

Edisonun lampası

Hamımız məktəbdə keçdiyimiz fizika dərsində lampanı Tomas Edisonun icad etdiyini öyrənmişik. Amma tarixdə göstərilir ki, Edisonun közərmə lampasının ixtirasına patent 20 dekabr 1879-cu ildə verilib. Bəs bu hekayə necə yaranıb?

Əslində közərmə lampaları o vaxta qədər bir neçə onilliklər ərzində məlum idi. Burada “közərmə lampası” dedikdə elektrik enerjisinin işığa çevrildiyi cihaz nəzərdə tutulur. Edison isə belə bir lampanın yaradılması üzərində işləyən çoxsaylı alim və ixtiraçıdan biri idi. Sadəcə onların çevirmə üsulları fərqli idi.

Hələ 1809-cu ildə ingilis De La Rue platin spiral ilə közərmə lampası icad etmişdi. 1838-ci ildə belçikalı Jobar karbon, 1854-cü ildə alman Henrix Göbel isə bambuk lifli lampa yaratdılar. Sonrakı illərdə rus mühəndislər Pyotr Yabloçkov və Aleksandr Lodıgin, ingilis Cozef Svan və bir çox başqaları öz variantlarını hazırladılar.

Bəs Edisonun lampasının digərlərindən fərqi nə idi? O, hazırladığı lampada közərmə üçün karbon liflərindən istifadə etdi. Bu isə lampanı optimallaşdırdı və kommersiya baxımından daha uğurlu etdi. 1879-cu ildə o, karbon lifini yüksək vakuumlu şüşə lampada təqdim etdi. Bu da sələflərinin prototiplərindən daha davamlı və praktik məhsul idi. Edison öz lampasının patentləşdirilməsində və bazarda təbliğinə çox böyük səy göstərdi. Onun bu səyləri elektrik lampalarının geniş yayılmasına və sonradan dünyanın ən böyük elektrik avadanlıqları istehsalçısına çevrilən “General Electric”-in yaranmasına səbəb oldu.

Beləliklə, Edisonun elektrik lampasının yeganə ixtiraçısı olması barədə mif daha çox onun patentinin uğurlu kommersiyalaşdırılması, işıq lampasının populyarlaşması və elektrik işıqlandırmasının yayılmasında göstərdiyi xidmətin səbəbindən yaranıb. Bununla belə, tarixi faktlar təsdiq edir ki, lampanın yaradılması işi bir neçə onilliklər ərzində bir çox alim və ixtiraçıların səylərinin nəticəsidir.