SOSİAL MEDİADAN ÇOX İSTİFADƏ EDƏNLƏR FOMO-ya MƏRUZ QALIR




Son illərdə “FOMO” (“Fear of Missing Out” – “Bir şeyi itirmək qorxusu”) anlayışı sadəcə gənclər və sosial media istifadəçiləri arasında deyil, peşəkar sahələrdə, o cümlədən, müəllimlər arasında da rast gəlinən psixoloji təzyiqə çevrilib. Təhsil sahəsində texnologiyanın inkişafı müəllimlər üçün müsbət imkanlarla yanaşı, müəyyən çətinliklər də yarada bilər. Müəllimlər bəzən yeniliklərdən uzaq qalmaqdan qorxaraq müasir yanaşmalar və təcrübələr axtarırlar. FOMO müasir dövrdə sosial mediadan qaynaqlansa da, əsasən, başqalarının etdiklərini təkrarlamaq istəyi ilə əlaqədardır. Müəllimlər hazırda seminarlar, kurslar, yeni metodlar və ya dünya miqyasında trend olan yanaşmaları qaçırmaqdan narahat ola bilərlər. Onlar bəzən özlərini həmkarları ilə müqayisə edib geri qaldıqlarını düşünə bilərlər.

FOMO və ibtidai sinif müəllimlərinin iş motivasiyası mövzusu ilə maraqlanan mütəxəssislər FOMO-nun necə meydana gəldiyini və iş motivasiyasına təsirini daha ətraflı öyrənmək üçün vəziyyət analizi üsulundan istifadə ediblər.

Araşdırmada iştirak edənlər Binjai (İndoneziya) şəhərində çalışan üç ibtidai sinif (“Pendidikan Anak Usia Dini” – PAUD) müəllimi olub. Məlumatlar müsahibə üsulu ilə toplanıb və təhlili kodlar, kateqoriyalar və məlumat konsepsiyaları yaratmaq yolu ilə aparılıb. Nəticələr göstərib ki, FOMO və təlimdə motivasiya arasında əlaqə sosial medianın intensiv istifadəsi və burada nümayiş etdirilən müsbət təsvirlərdən yaranan rifah hissi ilə bağlıdır. Bu araşdırma ibtidai sinif müəllimlərində FOMO ilə iş motivasiyası arasındakı əlaqəni anlamağa xidmət edir.

Tədqiqatlar göstərir ki, FOMO insanların öz həyatlarını başqalarının yaşayışı ilə müqayisə nəzəriyyəsinə əsaslanır. Instagram, Facebook və TikTok kimi sosial media platformaları bu müqayisəni daha da artırıb. Başqalarının sosial mediada həyatlarının ideal şəkildə göstərilməsi insanlarda öz həyatlarının kifayət qədər uğurlu olmaması hissi yarada bilər. Xüsusilə sosial mediadan çox istifadə edənlər FOMO-ya daha çox məruz qalır.

“Pew” Araşdırma Mərkəzi bildirir ki, təhsil sahəsində rəqəmsal texnologiyaların tətbiqi müəllimlərin iş şəraitinə və motivasiyasına ciddi təsir edir. Məlumatlara əsasən təhsilverənlərin 70 faizi sosial medianı davamlı izləyir və bu platformalardan faydalanırlar. Yeni texnologiyalara uyğunlaşmamaq müəllimlər arasında qorxu və gərginlik hissi yaradır.

“Harvard Graduate School of Education”un tədqiqatlarına görə, yeni bilik və innovasiyaların tədris proqramlarına inteqrasiya edilməsi müəllimlərin stress səviyyəsini 52 faiz artırır. Bu, tədris prosesini müəllimlər üçün daha mürəkkəb və çətin edir.

Bundan əlavə, müəllimlərin 35 faizində təlim və metodlarla bağlı dəyişiklik etmədikləri üçün “peşə yorğunluğu” əlamətləri müşahidə olunur. Onlar təhsil mühitinə adaptasiya olmaqda çətinlik çəkir və bu onların psixoloji və peşəkar rifahlarına mənfi təsir göstərir.

Bəzi müəllimlər isə rəqəmsal texnologiyaları öyrənməkdə çətinlikdən, məlumatların istifadəsinə itirdikləri vaxtdan narazıdırlar.

Bu statistikalar təhsildə rəqəmsal texnologiyaların tətbiqinin vacib olduğunu, lakin müəllimlərin bu texnologiyaları mənimsəməkdə qarşılaşdıqları çətinlikləri və əlavə stressləri də nəzərə almağın vacibliyini göstərir.

Araşdırmalar göstərir ki, müəllimlər FOMO hissini yaşadıqları zaman bu həm pozitiv, həm də neqativ nəticələrə yol aça bilər:

Pozitiv təsirlər:

  • yeni metodları öyrənmək üçün motivasiya yarana bilər;
  • müəllimlər peşə biliklərini yeniləmək istəyə bilərlər;
  • şagirdlərin ehtiyaclarına uyğun metodlar tətbiq etmək daha asan olur.

Neqativ təsirlər:

  • davamlı stress emosional yorğunluğa;
  • birbaşa fokuslanmağa;
  • şəxsi həyata vaxt ayırmaqda problemlərə səbəb ola bilər.

FOMO-nu idarə etməyin təməl yollarından bəziləri bunlardır:

  • prioritetlərin düzgün müəyyən edilməsi;
  • hər bir mükəmməl görünən yeniliyi tətbiq etmək əvəzinə, real ehtiyaclara diqqət yetirilməsi;
  • vaxtın düzgün planlaşdırılması;
  • yeni texnologiyaları öyrənmək və ya kurslarda iştirak üçün spesifik vaxt ayrılması;
  • qarşılaşdırmadan çəkinmək;
  • özünüzü həmkarlarla müqayisə etməmək, çünki hər kəsin peşəkar yolu fərqlidir;
  • meditasiya, idman və ya sevimli bir hobbiyə vaxt ayırmaqla stressi azaltmaq.

FOMO ilə mübarizə aparmaq üçün bəzi ölkələr maraqlı təcrübələr təqdim edir.

ABŞ-də müəllimlərin FOMO-dan təsirlənməsinin qarşısını almaq üçün müxtəlif proqramlar həyata keçirilir. Bu proqramlar, əsasən, texnologiyadan effektiv istifadəni öyrədən təlimləri əhatə edir. Təlimlər zamanı müəllimlər yeni təhsil tətbiqləri ilə tanış edilir, beləliklə, həm texnologiyanın dərs prosesində düzgün istifadəsi təmin edilir, həm də müəllimlər arasında rəqabət hissi azaldılır.

Finlandiya isə FOMO ilə mübarizə sahəsində inklüziv yanaşması ilə fərqlənir. Ölkədə müəllimlərin şəxsi və peşəkar inkişafını dəstəkləyən xüsusi mentorluq proqramları həyata keçirilir. Müəllimlərin stress səviyyəsini azaltmaq, iş və şəxsi həyat arasında balans yaratmaq üçün tədbirlər görülür. Bu, onların professional iş fəaliyyətində daha rahat və səmərəli olmasına şərait yaradır.

İngiltərədə bəzi psixoloji mərkəzlər FOMO-nun yaratdığı stressi aradan qaldırmaq üçün xüsusi terapiya metodlarını tətbiq edir. Terapiyalar sosial mediadan məsuliyyətli və fasilələrlə istifadəni, emosional sağlamlığı gücləndirməyi təşviq edir.

Beləliklə, ölkələr arasında FOMO-nun təsirlərini azaldaraq müsbət iş mühiti yaratmaq üçün fərqli strategiyalar tətbiq edilir. Bu təcrübələrdən ilhamlanaraq iş mühitində müəllimlərin rifahını yüksəltmək mümkündür.

FOMO hissini başa düşüb idarə etmək müəllimlərə peşəkar inkişaf və şəxsi həyat arasında balans yaratmağa kömək edir. Bu yanaşma, həm gələcəyi formalaşdırmağa, həm də psixoloji gərginliyi idarə etməyə imkan verir. Yenilikləri mənimsəmək prosesi addım-addım olmalıdır, çünki sürətli irəliləyişlərdən çox, sabit və sistemli inkişaf daha önəmlidir.

Ağca Talıbova