ŞUŞA QƏZASINDA İLK TƏHSİL OCAQLARI


KÖNÜL MİKAYILOVA Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin böyük elmi işçisi. E-mail: [email protected] https://orcid.org/0000-0003-2817-5593




Azərbaycanın maarifçilik tarixinə ilk təhsil ocaqları kimi düşmüş 12 mədrəsədən 2-si Şuşada fəaliyyət göstərib. Gövhəriyyə və Beytülədəb adlanan bu mədrəsələrdə bir çox görkəmli şəxsiyyətlər yetişib. Tarixdən məlumdur ki, 1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı çar Rusiyasının tərkibinə qatılıb. Müstəmləkəçi mövqeyini möhkəmlətmək üçün çar Rusiyası hər zaman işğal etdiyi bölgələrdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində özünün imperiya maraqlarını təmin etməyə çalışıb. Bu baxımdan Şuşa qəzasında da təhsil məsələlərinə, o cümlədən, məktəblərin açılmasına, təlimin məzmununa məhz bu mövqedən yanaşaraq imperiyaya xidmət edəcək kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Araşdırmalar göstərir ki, çar Rusiyası mədrəsələrin nəzdində prixod məktəbləri açıb, lakin müsəlmanlar bu məktəblərdə uşaqlarının təhsil almalarına qarşı çıxıblar. Sonrakı dövrlərdə qəza uçilişləri, savad məktəbləri, rus-tatar məktəbləri, zemstvo (şəhər və kənd) məktəbləri, edadi (real gimnaziya) gimnaziyası, progimnaziyalar və s. kimi təhsil müəssisələri fəaliyyət göstərib. Şuşanın təhsil tarixində kənd təsərrüfatı uçilişləri də yer alır. Çar Rusiyası dövründə Şuşanın Rusiyada təhsil alan ziyalı şəxslərinə dair məlumatlar da məqalədə öz əksini tapıb.

GİRİŞ

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Vətən müharibəsi (II Qarabağ müharibəsi) mühüm yer tutur. Qarabağda işğal altında olan
torpaqlarımız azad edilərək Böyük Zəfər qazanıldı. Azərbaycanın müzəffər ordusunun rəşadətli qələbəsi dünya hərb tarixində böyük əks-sədaya səbəb oldu. Ali Baş Komandan İlham Əliyevin siyasi cəbhədə göstərdiyi əzmkarlıq, xalqının milli maraqlarını və mənəvi dəyərlərini müdafiə etməsi XXI əsr tarixində dərin iz buraxdı. Bu gün Qarabağ tarixinin daha dərindən araşdırılması, obyektiv tarixi faktların gələcək nəsillərə çatdırılması, düşmənin saxtalaşdırdığı tarixin ifşa edilməsi olduqca vacibdir. Bu baxımdan, Qarabağın alınmaz qalası hesab edilən və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın təhsil tarixinin öyrənilməsi aktuallığı ilə diqqəti cəlb edir.

İLK TƏHSİL OCAQLARI

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycanın ilk təhsil ocaqları kimi mədrəsələrin fəaliyyəti cəmiyyətin maariflənməsi və inkişafında mühüm rol oynayıb. Mədrəsələrdə, əsasən, ərəb və fars dilləri, ərəb qrammatikası, məntiq, kəlam (dini dоqmatika), fiqh (İslam hüququ), riyaziyyat, kalliqrafiya (xəttatlıq), tarix və ədəbiyyat öyrədilirdi. Azərbaycanda fəaliyyət göstərən 12 mədrəsədən biri də 1750-ci ildə Pənahəli xan tərəfindən Şuşada qamışdan tikilən Cümə (Gövhər Ağa, İbrahimxəlil xan məscidi də adlandırılmışdır) məscidinin nəzdində fəaliyyət göstərən Gövhəriyyə mədrəsəsi olub (Gövhəriyyə, 2021; Mədrəsə, 2021).

Şuşa şəhərində fəaliyyət göstərən digər mədrəsə isə Beytülədəb mədrəsəsi (Ədəb evi) idi. O, “Mərdinli” məscidinin nəzdində fəaliyyət göstərirdi. Mədrəsədə ümumtəhsil və ali təhsil fənləri kimi fiqh (İslam hüququ), kəlam (şəriət), sərf (morfologiya), nəhv (qrammatika), kətəbə (dəftərdarlıq), şeir və əruz, əxbar (dini tarix) fənləri tədris olunurdu. Ali təhsil pilləsində isə fəlsəfə, məntiq, tibb, elmi-ədəd (hesab), həndəsə, elmi-nücum (astronomiya), kimya, mexanika, musiqi tədris edilirdi (Beytülədəb, 2021).

Mədrəsədə “Füzuli divanı”, Sədinin “Gülüstan” və “Bustan” əsərləri, “Tarixi-Nadir”, “Camei-Abbas” və başqa kitablar dərslik və dərs vəsaitləri kimi istifadə olunurdu. 

Bu mədrəsələrdə Qasım bəy Zakir (1784, Şuşa), Xurşudbanu Natəvan (1832, Şuşa), Mir Mövsüm Nəvvab (1833, Şuşa), Mirzə Camal Cavanşir-Qarabaği (1773, Şuşa), Mirzə Adıgözəl bəy Qarabaği (1780, Şuşa), Əhməd bəy Cavanşir (1833, Şuşa qəzası) kimi tanınmış şəxsiyyətlər təhsil almışdılar.

Qeyd edək ki, böyük şair Molla Pənah Vaqif də 1859-cu ildə Qazax mahalından Qarabağa köçərkən bir müddət bu mədrəsələrdə müəllim kimi fəaliyyət göstərmişdir. Onun Şuşada Saatlı məhəlləsində mədrəsə nəzdində açdığı məktəb də Azərbaycan məktəb tarixində əhəmiyyətli yer tutur.

ÇAR RUSİYASI DÖVRÜNDƏ ŞUŞADA TƏHSİL

Tarixdən məlumdur ki, 1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı çar Rusiyasının tərkibinə qatılıb. Şuşa qəzası vahid inzibati
ərazi hesab olunurdu. Lakin 1830-cu ildə milli, dini və ictimai zülmə qarşı Zaqatala üsyanının təsiri nəticəsində Çar Rusiyası Cənubi Qafqazda inzibati-hərbi islahatlar aparmış və Şuşa qəzasının inzibati ərazisində dəyişikliklər etmişdi. Bu islahata görə, 1846-cı ildə Şuşa qəzasının ərazisi bölünərək – Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarına birləşdirilmişdi. Bununla da Şuşa qəzası vahid inzibati-siyasi idarəsini itirmişdi.

O zaman çar Rusiyasının apardığı təhsil islahatına görə, Qafqaz təhsil müəssisələri Xarkov Tədris Dairəsinin tabeliyində fəaliyyət göstərirdi. 1844-cü ildə çar Rusiyası mövqelərini möhkəmlətmək məqsədilə Qafqaz canişinliyi yaradılmış və 1848-ci ildə “Qafqaz Tədris Dairəsi və onun tabeliyində olan təhsil müəssisələri ilə bağlı Əsasnamə” qəbul edilmişdi. Çar Rusiyası Qafqazda rus təhsil və tərbiyəsini bərqərar etmək məqsədilə ilk təhsil müəssisələri kimi məscidlərin nəzdində fəaliyyət göstərən mədrəsələrdə prixod (kilsə) məktəblərini açmağı nəzərdə tuturdu.

Məhəllə (prixod) məktəblərində təhsil 3 illik idi. Burada rus dili, qısa coğrafiya, tarix, hesab, rus qanunşünaslığının əsasları, mühakimə üsulu və yazı qaydaları öyrədilirdi. Lakin müsəlmanlar öz övladlarını belə məktəblərə vermədikləri üçün hökumət fərqli davranmağa məcbur oldu. Məktəb və mədrəsələrə aid 1893-cü ildə yeni qanun qəbul edildi. Bu qanuna görə, məktəb və mədrəsələr məktəb direktorluğuna, yaxud ruhani məclislərinə deyil, birbaşa qubernatorluğa tabe oldu. Yeni qanun əsasında müsəlman əhaliyə formal olaraq dini azadlıq vəd edildi (Ağamalıyev, 2013).

Lakin prixod məktəbləri ilə yanaşı, 1830-cu ildə (bəzi mənbələrdə 1927-ci il göstərilir) təməli qoyulan Şuşa qəza (əyalət) məktəbi Azərbaycanda və Cənubi Qafqazda ilk şəhər məktəbi oldu. Şuşada Bazel alman missionerlərinin Yevageli cəmiyyəti tərəfindən məktəbə bir il müddətinə pulsuz bina verildi. Məktəbdə Mirzə Həsən bəy Əmirov və Mirzə Aslan bəy Əmirov müəllim kimi fəaliyyət göstəriblər. Qəza uçilişi dövlət idarələri üçün qulluqçular, Azərbaycan və rus dillərində tərcüməçilər hazırlayırdı. Məktəbdə şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsm, rəsmxətt, nəğmə, gimnastika və s. tədris edilirdi. Məktəbdə təhsilin pullu olmasına baxmayaraq, ildən-ilə təhsil alanların sayı çoxalırdı. Əgər əvvəllər məktəbin iki sinfində 19 nəfər təhsil alırdısa, 1834-cü ildə təhsilalanların sayı 44 nəfərə çatmışdı. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi. Şuşa qəza məktəbi 1874-cü ildə Cənubi Qafqazda daha yüksək statuslu məktəbə – ilk şəhər məktəbinə çevrildi. 1880-ci illərdə Şuşa şəhər məktəbi daha da inkişaf etdi, onun nəzdində xüsusi musiqi sinifləri, ipəkçilik peşəsi və bazar günü məktəbləri təşkil olundu. Bu məktəbdə müəllim kadrlarının hazırlığına da diqqət yetirilirdi. Belə ki, buranı bitirən məzunlar imtahan verərək ibtidai sinif müəllimi ola bilərdilər. Böyük maarifçilər, təhsil və pedaqoji fikir tarixinin görkəmli nümayəndələri Əliş bəy Tahirov, Firudin bəy Köçərli həmin məktəbin məzunudur. Şuşa şəhər məktəbi 1927/1928-ci tədris ilindən yeddi-illik məktəb kimi fəaliyyətə başladı və ölkədə uğurlu fəaliyyətinə görə 1933-cü ildə nümunəvi məktəb adını aldı. 1937/1938-ci tədris ilindən bu məktəb Şuşa şəhər 1 nömrəli orta məktəbinə çevrildi. 1966-cı ildə onun bazasında Şuşa şəhər 4 nömrəli məktəbi yaradıldı, 1 nömrəli şəhər orta məktəbi isə başqa binaya köçürüldü və bu məktəbə böyük bəstəkar Ü.Hacıbəylinin adı verildi. 1992-ci ildən (Şuşanın ermənilər tərəfindən işğalı ilə əlaqədar) Şuşa şəhər 1 nömrəli orta məktəbi öz fəaliyyətini Bakıda, Yasamal rayonundakı 38 nömrəli orta məktəbin binasında davam etdirməli oldu.

Qeyd edək ki, hələ 1982-ci ilin yanvarında ulu öndərimiz Heydər Əliyev Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin keçirilməsi ilə bağlı qərar imzalamış və yubiley tədbirləri təntənəli şəkildə keçirilmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni silahlı birləşmələrindən azad edilmiş qədim mədəniyyət beşiyi Şuşa şəhərində belə təntənəli yubiley tədbirlərinin keçirilməsi üçün geniş imkanlar yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili ”Şuşa ili” elan etməsi bunun bariz nümunəsidir.

Digər məktəb şəbəkələrindən biri isə savad məktəbləri (ibtidai məktəblər) olmuş, bu məktəblər 1883-cü ildə Cəbrayıl qəzasında Qarğabazar məktəbi, 1885-ci ildə Xocavənd rayonunda Tuğ kənd məktəbi adı ilə fəaliyyət göstərmişdi. Bu məktəblər Çar Rusiyası tərəfindən maliyyələşdirilmirdi, hətta yerli əhalinin belə maliyyələşdirməsinə imkan verilmirdi. Buna baxmayaraq, Azərbaycan ziyalıları hər zaman təhsil müəssisələrinin açılması üçün rus təhsil dairələrinə müraciətlər edirdilər (Mərdanov, 2011).

Bu müraciətlər əsasında çar Rusiyası dövründə Şuşada rus-tatar təhsil müəssisələri də fəaliyyət göstərmişdi (Mərdanov, 2011):

I. Dövlət:

a) şəhər iki illik Şuşa şəhərində rus-tatar məktəbi (1896)
b) şəhər bir illik Cəbrayıl qəzası rus-tatar məktəbi (1876) 
Xankəndi rus-tatar məktəbi (1897)

II. İctimai məktəblər:

a) şəhər iki illik Şuşa şəhər rus-tatar məktəbi (1896)
b) şəhər bir illik Şuşa Təzəcam rus-tatar məktəbi (1898)

III. Şəxsi təhsil müəssisələri:

– Şuşa şəhəri (1867);
– Şuşa şəhəri (1868);
– Şuşa şəhəri (1874);
– Şuşa şəhəri (1885);
– Şuşa şəhəri (1896);

Çar Rusiyası dövründə Şuşada zemstvo məktəblərində 3 il olmaqla 8-12 yaşlı uşaqlar təhsil alırdı və təhsil pulsuz idi (Mərdanov,
2011).

Fəaliyyət göstərən təhsil müəssisələrindən biri də istedadı və qabiliyyəti ilə seçilən şagirdlər üçün nəzərdə tutulmuş gimnaziyalar idi. 4 illik təhsil müddətində, əsasən, ensiklopedik biliklər verilirdi. Latın və müxtəlif xarici dillər, riyaziyyat, coğrafiya, ümumi tarix, Rusiya tarixi, təbiət tarixi, siyasi iqtisad, incəsənət, ana dili, ədəbiyyat, ilahiyyat, texnologiya və ticarət sahələri öyrədilirdi.

Gimnaziya iki tipli idi: klassikreal gimnaziyalar. Real gimnaziyalar sonradan real uçilişlər adlandırıldı. Klassik gimnaziyalarda şagirdlər universitet və digər təhsil müəssisələri üçün hazırlanırdı. Belə gimnaziyalardan biri də
1894-cü ildə yaradılan Marlinski Qadın Gimnaziyası idi. Bu gimnaziya əvvəllər qız məktəbi kimi fəaliyyət göstərmişdi. Gimnaziya imperatriça Mariya Fyodorovnanın şərəfinə qız məktəbi kimi yaradılmışdı. Sonralar bu gimnaziyaların əsasında progimnaziyalar təşkil edildi. Progimnaziyalar dörd sinifli olur, adətən, gimnaziya olmayan yerlərdə açılırdı. İbtidai məktəb müəllimi və birinci sinif rütbəsi üçün imtahan vermək hüququ var idi.

XIX əsrin ikinci yarısında yaradılmış təhsil müəssisələrindən biri də Şuşa edadi (real gimnaziya) gimnaziyası idi. Şuşada 6 sinifli real məktəb kimi əsası qoyulan bu gimnaziya 20 sentyabr 1881-ci ildə əhalinin də maddi dəstəyi əsasında yaradılmışdı. Bu məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi: 58 nəfər azərbaycanlı, 91 nəfər erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi.

Şuşa real məktəbinin Azərbaycanın ictimai-mədəni inkişafında rolu böyükdür. Məktəbin məşhur şagirdləri sırasında Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Məmməd bəy Tahirov, Məşədi Zeynal Haqverdiyev, Xudadat bəy Əzizbəyov və başqalarının adlarını qeyd etmək olar.

Şuşa real məktəbinin tələbələrindən Bayram Hacıyev, Cəmil bəy Musayev, Ələkbər bəy Əliyev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmişdi (Realnoe, 2021).

Qafqaz Tədris Dairəsinin tabeliyində olan təhsil müəssisələrində müəllimlərin seçimi fərqli idi. Əgər təhsil müəssisəsi bir illik təhsil verirdisə, müəllim 3 illik təhsilə, iki illik təhsil verirdisə, müəllim 5 illik təhsilə malik olmalı idi. Azərbaycanda belə ali təhsil müəssisəsi mövcud olmadığı üçün azərbaycanlılar Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alırdılar. Seminariyada 240 nəfərdən çox azərbaycanlı təhsil almışdı. Onlardan Zəkəriyyə bəy Aslanov (1858, Şuşa), İsmayıl bəy Şərifbəyov (1859, Şuşa), Səfərəli bəy Vəlibəyov (1861, Şuşa), Məmməd bəy Məlikyeqanov (1894, Şuşa), Xosrov bəy Şirinbəyov (1896, Şuşa), Əbdüləli bəy Vəlibəyov (1862, Şuşa), Əliş bəy Tahirov (1863, Şuşa), Firidun bəy Köçərli (1863, Şuşa), Abdulla bəy Məlikaslanov (1870, Şuşa), Süleyman (Sani) Axundov (1875, Şuşa), Bədəl bəy Bədəlbəyov (1875, Şuşa), Fərhad Ağazadə (1880, Şuşa), Zülfüqar bəy Hacıbəyov (1881, Şuşa), Azad bəy Əmirov (1883, Şuşa) və b. Şuşa şəhərində anadan olmuş, prixodnu, zemstvo kimi məktəblərdə təhsil aldıqdan sonra təhsillərini Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmişdilər (Mərdanov, 2011).

Bu seminariyanın fəaliyyət göstərdiyi ilk illərdə azərbaycanlıların təhsil almasında çətinliklər olsa da, dini baxımdan ayrı-seçkilik qoyulmurdu. Lakin 1902-ci ildə Qori Müəllimlər Seminariyasına direktor təyin olunan ermənipərəst Miropyev azərbaycanlılara qarşı amansız mövqe tutmuş və bir neçə azərbaycanlını haqsız olaraq seminariyadan qovdurmuşdu.

Qeyd edək ki, hələ 1853-cü ildə Zaqafqaziya müsəlman məktəbinin şagirdləri üçün yeni imtiyazlar verən əsasnamə imzalanmışdı. Müsəlman məktəblərini bitirmiş şagirdlər imperiyanın ali təhsil müəssisələrində təhsillərini davam etdirə bilərdilər. Əsasnamədə qafqazlı şagirdlərin təhsil alacağı müəssisələrin adları və tələbə sayı da qeyd olunmuşdu. Çar Rusiyası dövründə təxminən 418 azərbaycanlı tələbə həmin ali təhsil müəssisələrində təhsil almışdı (Mərdanov, Tahirzadə, 2018). Aşağıda onlardan bir neçəsinin adları qeyd olunub.

Mühəndis ixtisası üzrə:

1. Fərrux bəy Mirzə Həmid bəy oğlu Vəzirov (Şuşa şəhəri) – Sankt-Peterburq Dağ Mədən Akademiyası (1886).
2. Şahqulu Mirzə Bəhman Mirzə oğlu Qovanlı-Qacar (Şuşa şəhəri) – Sankt-Peterburq Dağ Mədən Mühəndisləri İnstitutu (1898).
3. Teymur bəy Mehmandarov (Şuşa şəhəri) – Sankt-Peterburq Texnologiya İnstitutu (1898). 
4. Əsəd bəy Fətulla bəy oğlu Rüstəmbəyov (Şuşa şəhəri) – Sankt-Peterburq Texnologiya İnstitutu (1903).

5. Lütfəli Rəhim bəy oğlu Behbudov (Şuşa qəzası, Bayat kəndi) – Sankt-Peterburq Texnologiya İnstitutu (1903).
6. Xudadat bəy Məlikaslanov (Şuşa qəzası, Tuğ kəndi) – Sankt-Peterburq Yol Mühəndisliyi İnstitutu (1904).
7. Hidayət bəy Zülfüqar bəy oğlu Tarıverdiyev (Şuşa şəhəri) – Kiyev Politexnik İnstitutu (1912).
8. Cavad Həyatov (Şuşa şəhəri) – Sankt-Peterburq Texnologiya İnstitutu (1913). 
9. İsmayıl Əbdüləziz oğlu Lənbəranski (Şuşa qəzası, Lənbəran kəndi) – Sankt-Peterburq Politexnik İnstitutu (1915).
10. Teymur bəy Məlikaslanov (Şuşa qəzası, Tuğ kəndi) – Sankt-Peterburq Yol Mühəndisləri İnstitutu (1918).

Hüquqşünas ixtisası üzrə:

11. Nəriman bəy Həşim bəy oğlu Nərimanbəyli (Şuşa şəhəri) – Moskva Universiteti fizika-riyaziyyat (1911), Xarkov Universitetinin hüquq fakültəsi (1915).
12. Bahadır Qasım oğlu Vəlibəyov (Şuşa qəzası, Çəmənli kəndi) – Kiyev Universiteti (1914).
13. Azad bəy Abbas oğlu Əmirov (Şuşa şəhəri) – Moskva Universiteti (hüquq və tibb fakültələri, 1915).

Tibb ixtisası üzrə:

14. Əbdülkərim bəy Mustafa bəy oğlu Mehmandarov (Şuşa şəhəri) – Sankt-Peterburq Tibb-Cərrahiyyə Akademiyası (1877).
15. İbrahim bəy Sadıq bəy oğlu Mehmandarov (Şuşa şəhəri) – Sankt-Peterburq Tibb-Cərrahiyyə Akademiyası (1879).
16. Cəmil Məşədi Nəsir oğlu Lənbəranski (Şuşa qəzası, Lənbəran kəndi) – Kiyev Universiteti (1913).
17. Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov (Şuşa qəzası, Pərioğlular kəndi) – Novorosiysk Universiteti (1915).
18. Əmir bəy Zəkəriyyə bəy oğlu Aslanov (Şuşa şəhəri) – Kiyev Universiteti (1916). 
19. Şükür bəy Hacı Cəfərqulu oğlu Ağayev (Şuşa şəhəri) – Kazan Universiteti (1917).

Müəllimlik ixtisası üzrə:

20. Mina Davartdarova (Şuşa şəhəri) – Tiflis Nücabə Qızlar İnstitutu (1907).
21. Pənah Ələkbər oğlu Qasımov (Şuşa şəhəri) – Tiflis Müəllimlər İnstitutu (1907).

Əldə olan mənbələrdə nəinki Şuşa ziyalılarının, bütövlükdə azərbaycanlı ziyalıların bir qisminin sonrakı taleyi haqqında kifayət qədər məlumat yoxdur.

NƏTİCƏ

Ümumiyyətlə, aparılan araşdırmalar göstərir ki, Şuşa tarixən təhsil, mədəniyyət mərkəzi, maarifçilik beşiyi olub. Azərbaycan ziyalıları imperiya dövrünün bütün qadağalarına, çətinliklərinə baxmayaraq, elm və təhsil almaq uğrunda daim mübarizə aparıblar. Çar Rusiyası dövləti Azərbaycan təhsilinə nə qədər laqeyd münasibət göstərsə də, sadə vətənpərvər insanlar azərbaycanlı uşaqlarının təhsil almaları üçün öz evlərinin məktəb binası kimi istifadə olunmasına, eləcə də şəxsi vəsaitləri hesabına təhsil almalarına dəstək olublar. Belə vətənpərvərlik, fədakarlıq, milli düşüncənin inkişafı əzmi Azərbaycanın elm, təhsil və mədəniyyətinin inkişafında, milli ruhlu şəxsiyyətlərin formalaşmasında mühüm rol oynayıb.

İstifadə edilmiş ədəbiyyat

1 Ağamalıyev, K. (2013). Qafqaz Təhsil Dairəsinin yaradılması tarixindən. Azərbaycan müəllimi, №2.
2 Beytülədəb mədrəsəsi. URL:https://az.wikipedia.org/wiki/Beyt%C3%BCl%C9%99d%C9%99b_m%C9%99dr%C9%9
9s%C9%99si
3 Çingizoğlu, Ə. (2013). Qarabağda maarif. Bakı: Zərdabi LTD, 288 səh.
4 Əhmədov, H.M. (2014). Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: ADPU, Elm və təhsil, 432 səh.

5 Gövhəriyyə mədrəsəsi. https://az.wikipedia.org/wiki/G%C3%B6vh%C9%99riyy%C9%99_m%C9%99dr%C9%99s%C9%99si
6 Qarabağnamələr. II kitab. Bakı: Şərq-Qərb, 2006, 286 s.
7 Mahmudov, Y.M., Şükürov, K.K. (2005). Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı: Təhsil, 380 səh.
8 Mədrəsə. https://az.wikipedia.org/wiki/Kateqoriya:M%C9%99dr%C9%99s%C9%99l%C9%99r
9 Mərdanov, M., Tahirzadə, Ə. (2018). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). I cild. A hərfi. Bakı: Təhsil, 480 səh.
10 Mərdanov, M., Tahirzadə, Ə. (2019). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərfi. Bakı: Təhsil, 552 səh.
11 Mərdanov, M.C. (2011). Azərbaycan təhsil tarixi. I cild. Bakı: Təhsil, 295 səh.
12 Mərdanov, M.C. (2011). Azərbaycan təhsil tarixi. II cild. Bakı: Təhsil, 702 səh.
13 Mərdanov, M.C. (2011). Azərbaycan təhsil tarixi. III cild. Bakı: Təhsil, 671 səh.
14 Mikayılova, K.V. (2021). Qarabağın təhsil tarixi. Bakı: Orxan, 136 səh.
15 Mirmehdi. (2006). Xəzani “Kitabi-tarixi Qarabağ”. Bakı.
16 Real’noe uchilishe. URL: ru.wikipedia.org/wiki/Реальное...
17 Tahirzadə, N.A. (2015). Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz. Bakı: Nurlan, 480 səh.
18 Zemstvo. URL: ru.wikipedia.org/wiki/Земство.