İRƏVANDA PEDAQOJİ TƏHSİL TARİXİNDƏN
XIX əsrin 80-ci illərində İrəvan şəhərinin ictimai həyatında çox mühüm hadisələr baş vermişdir. 1881-ci il noyabrın 8-də Azərbaycanın təhsil tarixində izi qalan İrəvan Müəllimlər Seminariyası Rusiya İmperiyası Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq fəaliyyətə başlamışdır. Bu Seminariya Azərbaycan məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında mühüm rol oynamışdır. Tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan Respublikasında 1918-ci ildə azərbaycanlılara qarşı bəslənən kin-küdurətlə, Qərbi
Azərbaycanda, o cümlədən İrəvanda azərbaycanlılara qarşı erməni silahlı birləşmələrinin törətdikləri soyqırımla yanaşı, İrəvan Müəllimlər Seminariyası da təcavüzə məruz qalmış, daşnaklar hakimiyyətə gəldikdən iki ay sonra – 1918-ci il avqustun 6-da seminariyanın fəaliyyəti dayandırılmışdır. 37 illik fəaliyyəti dövründə İrəvan Müəllimlər Seminariyasının Azərbaycan məktəb və pedaqoji fikir tarixində xüsusi xidməti olmuş, təhsil ocağı öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 dekabr 2021-ci ildə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir:
“İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.
1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır”.
Bu Sərəncam Azərbaycan məktəb və təhsil tarixinin öyrənilməsində yeni istiqamətləri müəyyənləşdirir. Eyni zamanda bu, Qərbi Azərbaycanda, xüsusilə qədim Azərbaycan şəhəri İrəvanda tarixən fəaliyyət göstərmiş, azərbaycanlıların orta ixtisas və ali pedaqoji təhsil almasında böyük rol oynamış pedaqoji təhsil müəssisələrinin təşkili və fəaliyyətinin elmi istiqamətdə öyrənilməsinə böyük təkan verir.
İrəvan şəhəri bütün dövrlərdə Qərbi Azərbaycanda azərbaycanlıların mədəni mərkəzi olmuşdur. Firidun bəy Köçərli bu barədə yazırdı: “Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub” (Köçərli, 1981). Bu şəhər görkəmli elm və mədəniyyət xadimlərinin beşiyi kimi tanınmış, Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri olmuş ədiblər bəxş etmişdir. “İrəvanda dünyanın hər yerindən sorağı gələn ziyalı nəsillər yetişmişdir. Onlardan XIX əsrin ikinci yarısında tanınan Mirbabayevlər, Bağırbəyovlar, Topçubaşovlar, Muğanlınskilər, Fərəcovlar və başqa nəsillərin nümayəndələri İrəvan quberniyasında nüfuz və mövqe sahibləri olmuşdur. İrəvan Qafqazda elmin, maarifin, mədəniyyətin ən çox inkişaf etdiyi mərkəzlərdən biri kimi tanınmışdır. Burada 1881-ci ildə müəllimlər seminariyası, 3 gimnaziya, bir qadın gimnaziyası, 2 pansionat fəaliyyət göstərmiş, teatr tamaşaları verilmişdir” (Məhərrəmov, 2010).
XIX əsrin 80-ci illərində İrəvan şəhərinin ictimai həyatında çox mühüm hadisələr baş vermişdir. 1881-ci ildə İrəvan Kişi Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası, 1884-cü ildə İrəvan Qız Gimnaziyası fəaliyyətə başlamışdır (Məhərrəmov, 2010).
XIX əsrdə İrəvanda azərbaycanlıların təhsil alması üçün yerli ziyalılar öz hesablarına məktəblər açaraq, onun maliyyələşməsinə maddi cəhətdən yardım göstərmişlər: “Ermənistan SSR (indiki Ermənistan Respublikası – İ.B.) MDTA-da bir sənəddə deyilir ki, İrəvan ziyalıları iki il davam edən yazışmalardan sonra dövlət tərəfindən istənilən cavabı və köməyi ala bilmirlər. Şəhərdə öz hesablarına yeni məktəb açmalı olurlar. 1898-ci il martın 29-da Göy məsciddə yığıncaq çağırırlar. 104 nəfər iştirak edir. Əliqulu xan İrəvanskinin sədrliyi ilə 14 nəfərlik komissiya seçilir. Komissiya üzvlərindən hər biri həftədə ən azı üç saat məktəbdə olur, onun qayğısını çəkir, dərslərdə iştirak edirmiş. Məktəbin xərclərini ödəməyə dair ayrıca bir cədvəl tərtib olunub. Cədvəldən aydın görünür ki, Abbasqulu xan İrəvanski hər il 50 manat, Pənah xan Makinski də 50 manat, qalan 17 nəfərin hərəsi 25, 31 nəfərin hərəsi 15, 54 nəfərin hər biri 10 manat vermişlər. Bu cədvəldə Eynəli bəy Sultanovun da adı vardır” (Sovet Ermənistanında Azərbaycan kitabı, 1985).
Bu təhsil müəssisələri təkcə İrəvan şəhərində deyil, bütövlükdə Qərbi Azərbaycanda azərbaycanlıların savadlanmasında, dövrü üçün yeni tipli məktəblərdə təhsil almasında, “mədəniyyətin tərəqqisi, maarifin yayılmasına yol açmaq sahəsində” (Məmmədov, Əsədov, 1992) mühüm rol oynamışdır. Digər tərəfdən, İrəvan Müəllimlər Seminariyası Azərbaycan məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında mühüm rol oynamışdır.
İrəvan xanlığı dönəmində İrəvan şəhərində mollaxanalar, mədrəsələr fəaliyyət göstərirdi. Burada dini təhsil alan azərbaycanlılar gələcəkdə həmin dövrdə yeni tipli məktəblərdə təhsil almaları üçün, eləcə də yeni tipli məktəblərin açılmasında fəallıq göstərmişlər. XIX əsrin əvvəllərindən fəaliyyətə başlayan İrəvan progimnaziyası, ikisinifli ibtidai məktəb, İrəvan Kişi Gimnaziyası İrəvanda maarifçiliyin inkişafında, yüksək təhsil görmüş azərbaycanlıların yetişməsində xüsusi rol oynamışdır. N.Mustafa bu konteksdə fikrini əsaslandıraraq yazır: “İrəvan Kişi Gimnaziyası Azərbaycan xalqı, elmi, mədəniyyəti və incəsənəti üçün bir neçə tanınmış şəxslər yetişdirmişdir. Tanınmış dövlət adamlarından Məhəmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər ağa Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, Əziz Əliyev, təhsil və elm adamlarından Miryusif Mirbabayev, Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov, generallardan Həbib bəy Səlimov, Qambay Vəzirov İrəvan Gimnaziyasının məzunu olmuşlar. İrəvan Gimnaziyasını bitirən azərbaycanlı qızların bəziləri 1918-1920-ci illərin soyqırımı nəticəsində İrəvandan köçsələr də, qalanları sovet illərində İrəvanda təhsil və məktəb sahəsində çalışmışlar. İrəvan Kişi Gimnaziyasının məzunlarının bəziləri bölgə məktəblərində (Qərbi Azərbaycanın rayonlarındakı məktəblərdə – İ.B.) müəllim olaraq çalışmış, bəziləri isə Rusiyanın müxtəlif universitetlərində təhsillərini davam etdirmişlər” (Mustafa, 2015).
XIX əsrin axırlarında İrəvan şəhərində təhsil sahəsində yeni səhifə açıldı. 1881-ci il noyabrın 8-də İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladı. R.Səfərov göstərir ki, Azərbaycanın təhsil tarixində izi qalan İrəvan Müəllimlər Seminariyası – “Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi barədə” Rusiya İmperiyası Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılmışdır. Üç maddə və qətnamədən ibarət olan həmin qərarda qeyd edilirdi: “1) İmperiyada Müəllimlər Seminariyası və Zaqafqaziya Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kutaisi və İrəvan quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın... 3) Ştatların layihələri üzrə Seminariyaların saxlanılması üçün – Kutaisi Seminariyasına 27.800 rubl, İrəvan Seminariyasına 28.350 rubl, yekun olaraq isə Zaqafqaziya diyarının yerli büdcəsinə ildə əlli altı min yüz əlli rubl keçirilsin...” (Səfərov, 2012).
Seminariyanın direktoru Stepan Suşevski olmuşdur. İrəvan Müəllimlər Seminariyası 37 il fəaliyyət göstərmiş, 1918-ci il avqustun 6-da bağlanmışdır. Ermənistan Mərkəzi Dövlət Arxivində azərbaycanlılarla bağlı sənədlərdə İrəvan Müəllimlər Seminariyası barədə də məlumat yer almışdır. 1890-cı ilə aid saxlanılan sənəddə göstərilir ki, Seminariya açılanda iki sinif olub: hazırlıq və I sinif. 1883-cü ildə III sinif açılıb. Seminariyanın 1890-cı ilədək 7 buraxılışı olub. Məzunlara ibtidai məktəb müəllimi adı verilib. 1884-cü ildə 5, 1885-ci ildə 9, 1886-cı ildə 14, 1887-ci ildə 6, 1888-ci ildə 10, 1889-cu ildə 13, nəhayət 1890-cı ildə 12 nəfər məzun olub. Bu 12 nəfərdən 6 nəfəri İrəvan və Yelizavetpol (Gəncə – İ.B.) məktəblərində, 4 nəfəri kilsə-ruhani məktəblərində, 1 nəfəri Stavropolda işləyib.
1895-ci ilə aid saxlanılan sənəddə göstərilir ki, həmin ilə kimi seminariyanın 14 buraxılışı olub. 1891-ci ildə 12, 1892-ci ildə 4, 1893-cü ildə 5, 1894-cü ildə 9, 1895-ci ildə 14 nəfər olmaqla 123 nəfər məzun olub. Məzunların milli tərkibi müxtəlif olmuşdur: 8 nəfəri rus, 10 nəfəri gürcü, 67 nəfəri erməni, 25 nəfəri tatar (azərbaycanlı – İ.B.), 2 nəfəri dağlı, 10 nəfəri digər millətlər.
İrəvan Müəllimlər Seminariyasını 1915-1916-cı tədris ilində 19 nəfər, 1916-1917-ci tədris ilində 22 nəfər, 1917-1918-ci tədris ilində 23 nəfər bitirmişdir (Sovet Ermənistanında Azərbaycan kitabı, 1985).
İrəvan Müəllimlər Seminariyasının 1902-ci il buraxılışı
Seminariyanın fəaliyyəti dövründə Məmmədbağır Qazızadə, Rəşid bəy Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Cəfər bəy Cəfərov, Molla Məmmədbağır Qazızadə müsəlman şöbəsinin müdiri olmuşlar. Məmmədbağır Qazızadə, Mixail Klopov, Axund Məmmədbağır Kazımzadə (tatar (Azərbaycan) dili müəllimi), Firidun bəy Köçərli (1885-1895, ana dili və şəriət müəllimi), Mirzə Məmmədvəli Qəmərli (1901-1911), Rəhim Xəlilov (1903, Azərbaycan dili müəllimi), Rəşid bəy Şahtaxtinski (1903, Azərbaycan dili müəllimi), Mirzə Cəfər Məmmədov (1911-1917, Azərbaycan dili müəllimi), Məmməd Axundov, K.Şulkin, Axund Məmmədbağır Tağızadə, Mirzə Məmmədvəli Qəmərlinski, Həbib bəy Səlimov (idman müəllimi), Məmməd Əliyev seminariyada müəllim işləmişlər. İrəvan Müəllimlər Seminariyasının məzunu Cabbar Məmmədov 1913-cü ildə seminariyada tatar dili (Azərbaycan dili – İ.B.) müəllimi işləmişdir.
Qeyd edək ki, İrəvan Müəllimlər Seminariyasının məzunları haqqında məlumatlar Ermənistan Mərkəzi Dövlət Arxivində saxlanılır. Bu arxivdə saxlanılan sənəddən aydın olur ki, İrəvan Müəllimlər Seminariyasını Əkbər Mehdi oğlu Əkbərov 1907-ci ildə, Əhməd bəy Qazıyev 1891-ci ildə, Cəfərbəy Cəfərbəyov 1901-ci ildə, Əli Əşrəf Qazıyev 1886-cı ildə, Həsənbəy Axund Molla Xəlilbəy oğlu Qazıyev 1900-cü ildə, Cabbar Məmmədov 1902-ci ildə, Fərəməz Mahmudbəyov Əskərbəy Bəxşəlibəyov oğlu 1917-ci ildə, Məmməd bəy Əlibəy oğlu Mahmudbəyov 1914-cü ildə, Həsən Nəzirbəyov 1887-ci ildə, Saleh Məşəditeymur oğlu Güllücinski 1916-cı ildə, Ağabəy Rəhimbəy oğlu Firidunbəyov 1905-ci ildə bitiriblər (Məmmədov, 2002).
XIX əsrin sonlarına doğru İrəvanda yeni məktəblər açılır, teatr həvəskarları tez-tez tamaşalar göstərirdilər. “Rus-Azərbaycan” qız məktəbi əhalinin rəğbətini qazanmışdı. Məktəbin müdiri Haşım bəy Nərimanbəyov, İrəvan gimnaziyasının müəllimlərindən İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski, Axund Məmmədbağır Qazızadə və başqalarının bu sahədəki xidmətləri unudulmazdır.
Axund Məhəmmədbağır Qazızadənin evində yerləşən ikisinifli rus-tatar (Azərbaycan) qızlar məktəbinin himayəçisi knyaginya Yelena Çaqodaeva (İrəvan quberniyasının vitse-qubernatoru knyaz Aleksey Çaqodayevin həyat yoldaşı), müdiri Antonina Kalinina, şəriət müəllimi Pxakadze olmuşdur.
Molla Məhəmmədbağır Qazızadə ilə eyni dövrdə maarif və mədəniyyətin yayılmasında hər cür məşəqqətlərə sinə gərən Mirzə Qədim İrəvani, İsa Sultan, Əbülfət və Məhəmməd Şahtaxtinskilər, Fazil İrəvani, Firidunbəy Köçərli, Əliquluxan İrəvanski, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Məmmədvəli Qəmərlinski, Haşım bəy Vəzirov, Mirzə Ələkbər Mirzəzadə, Cabbar Əsgərzadə, Mir Məhəmməd Fətullayev, Abbas ağa Fərəcov kimi çoxsaylı ziyalılar üzərlərinə düşən missiyanı şərəflə doğruldurdular.
İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuş Stepan Zelinskinin (milliyyətcə erməni idi) SMOMPK-da (“Qafqazın ərazi və
tayfalarının təsviri materialları məcmuəsi”ndə) dərc etdirdiyi “İrəvan şəhəri” məqaləsində göstərir ki, 1880-ci ildə İrəvan şəhərindəki məscidlərdə 153 şagird təhsil alır ki, onların təlimi ilə 8 müəllim məşğul olur. Bundan əlavə, İrəvanda ali dini müsəlman məktəbi fəaliyyət göstərir və orada tələbələrdən təhsil haqqı alınmır, əksinə təhsildə müvəffəqiyyətlərindən asılı olaraq məscid onlara 3 rubldan 10 rubladək mükafat verir. Müəllif ali dini müsəlman məktəbində əksəriyyətinin kəndlərdən gələnlərdən ibarət olduğunu, hər il 60-a qədər tələbənin təhsil aldığını, tam kursu bitirdikdən sonra onlara axund rütbəsi verildiyini və əmmamə daşımaq səlahiyyətinə malik olurdu. S.Zelinski ali dini məktəbin hansı məscidin nəzdində fəaliyyət göstərdiyini yazmasa da, belə güman etmək olar ki, həmin məktəb şəhərin baş məscidi olan Cümə və yaxud Hüseynəli xan məscidinin nəzdində fəaliyyət göstərmişdir (Çingizoğlu, 2011).
Gələcək tədqiqatların elmi-pedaqoji istiqamətinin düzgün müəyyənləşdirilməsində İrəvan Müəllimlər Seminariyasında dərs deyən azərbaycanlı ziyalılar barədə qısa məlumat verməyi zəruri hesab edirik.
Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə – İrəvan quberniyası ruhani məclisinin rəisi, qazi, pedaqoq – İrəvan şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini atası Hacı Molla Mehdi Qazızadədən almış, sonra mədrəsədə oxumuş, ali təhsilini isə Nəcəf şəhərində almışdır. Məhəmmədbağır Qazızadə görkəmli din alimlərindən biri olmaqla yanaşı, fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmlərinə dərindən yiyələnmiş, ədəbiyyat və şeirdə xüsusi bacarığı ilə fərqlənmişdir.
Firidun bəy Köçərli 1885-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat almış və
orada pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, İrəvanda fəaliyyət göstərdiyi dövrdə (1885-1890) seminariyada ana dili, hüsnxət fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsində çalışmışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələri verilmişdir. F.Köçərli 1893-1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərmişdir. 1895-ci ildən Qori Müəllimlər Seminariyasının tatar şöbəsinə Azərbaycan dili və şəriət müəllimi təyin edilmiş, 1910-cu ildən həmin Seminariyanın Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə bu şöbənin inspektoru vəzifəsinə təyin olunmuşdur. Seminariyanın Azərbaycanın Qazax şəhərinə köçürülməsinə nail olmuşdur.
Mirzə Məmmədvəli Qəmərli 1871-ci ildə İrəvan şəhərində çar ordusunun generalı Əli Qəmərlinskinin ailəsində anadan olmuşdur. O əvvəlcə mollaxanada dini dərs almış, sonra gimnaziyaya daxil olmuş, təhsilini tamamlayaraq ayrı-ayrı yerlərdə açılan bir və ikisinifli məktəblərdə ana dilindən dərs demişdir. O, 1898-ci ildə İrəvanda rus-tatar məktəbini bitirmiş, 1900-cü il martın 13-də İrəvan Quberniya məclisində imtahan verərək müəllim adı almışdır. 1901-1911-ci illərdə İrəvan rus tatar gimnaziyasında işləmişdir.
Mirzə Məmmədvəli Qəmərli İrəvan ədəbimədəni mühitinin tanınmış nümayəndəsi kimi ömrü boyu müəllim işləmişdir. Lakin o, müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra dəyərli kitabların, o cümlədən “Atalar sözü”, “Vətən dili”, “İrəvan Quberniyası haqqında xatirələr”, eləcə də birinci, ikinci və üçüncü siniflər üçün “Ana dili” dərsliklərinin müəllifi olmuşdur. O, bir neçə vətənpərvər ziyalı ilə birlikdə 1902-ci ildə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu haqda “Kaspi” qəzeti, bir qədər sonra “Şərqi-rus” qəzeti özünün 1903-cü il 14-cü nömrəsində həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etmişdir. Burada deyilirdi: “Bir neçə illərdən bəri şəhərimizdə iqdamət edən Məmmədqulu bəy Kərim Soltani cənabları zükur məktəbi açıb, hər il beş-on müsəlman uşağı gimnaziyaya verməkdən başqa bir xüsusi qız məktəbi dəxi təsis etmişdi ki, milyonlar ocağı Bakıdan başqa Qafqaz və Azərbaycanın heç bir yerində belə xeyirli və lazımlı işə əqdəm olunmayıbdır. Hansı ki, bu saətdə 18 nəfər müsəlman qız uşağı məktəbdə öz dilində oxuyub yazmaq və ehkami diniyəsini öyrənməkdən əlavə rusca dəxi kəmali-intizam və tərəqqi ilə təhsil etməkdədirlər”.
İrəvan Müəllimlər Seminariyasının müəllimləri tərəfindən nəşr olunmuş “Ana dili” kitabı. 1906-cı il.
İrəvan Müəllimlər Seminariyasının müəllimləri tərəfindən 1906-cı ildə nəşr olunmuş “Ana dili” kitabı (Müəlliflər: Mirzə Qəmərlinski, Nərimanbəyov, Şahtaxtinski, Rəcəbov, Qazıyev, Cəfərbəyov, Mirzə Ələkbər Mirzə Abdulla oğlu. Üzünü köçürən: Mirzə Şəfi Rəfizadə Təbrizski) dərs vəsaiti kimi istifadə olunurdu.
Eyni zamanda, Seminariyanın şəriət müəllimi Qazızadə Axund Əbdülhəsənin 1911-ci ildə çap olunmuş “Dürusi şəriə” kitabı (4 hissədən ibarətdir) seminariyada ilahiyyət dərsində istifadə edilirdi (Məmmədov, 2002).
Azərbaycan müəllimlərinin 15 avqust 1906-cı ildə keçirilən I qurultayında iştirak edən Məmmədvəli Qəmərlinski Mirzə Ələkbər Sabir Tahirzadə ilə tanışlığını belə xatırlayır: “Mən Sabirlə 1906-cı ildə Bakıda müəllimlər qurultayında tanış ola bildim. Bizi doktor Nəriman Nərimanov tanış etdi və Sabirə belə dedi: “Mirzə Məmmədvəli də İrəvan çuxurunun görkəmli maarifpərvərlərindəndir. İrəvanda bir qrup müəllim heyəti vardır ki, onlar kasıb balalarının təhsili üçün fədakarcasına və yorulmadan çalışırlar. Onların səyi və təlaşı ilə, hətta İrəvanda qızlar məktəbi də açılmışdır. Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və mənə xüsusi meyil, rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik. Mən Sabiri İrəvana qonaq dəvət etdim. Lakin biz ikimiz də bir dərddə və bir vəziyyətdə idik. Bizim İrəvan xərcimizi N.Nərimanov ödədi. Qurultaydan sonra biz İrəvana getdik. Rəhmətlik Sabir Nəriman bəy Nərimanbəyov, Həmid bəy Şaxtaxtinski, Sultanov, Qazıyevlər və başqaları ilə tanış olarkən dedi: “Mirzə, sizin bu müəllimlər, məktəblər, dərs üsulunuz, xüsusən də müsəlman qız məktəbi məni valeh etdi. Yaxın gələcəkdə bizim millətin də ön sıralarda olacağına əmin olmaq olar” (“Palitra” qəzeti, 2015).
Bu xatirə-açıqlamalar İrəvan türklərinin ictimai-mədəni mühiti haqqında xoş görüntülər yaratmaqla bərabər böyük şairimiz M.Ə.Sabirin də sevinc hislərini səciyyələndirmiş və onda “yaxın gələcəkdə bizim millətin də ön sıralarda olacağına əmin olmaq olar” inamını gerçəkləşdirmişdir.
Məmmədvəli Qəmərli erməni daşnakları 1916-cı ildə vəhşiliklər, qırğınlar törədəndə böyük çətinliklər bahasına ailəsi ilə Gəncə şəhərinə köçmüş, burada məktəb direktoru işləmişdir. Direktoru olduğu məktəbdə Qərbi Azərbaycandan (Ermənistandan) məcburi köçürülən qadınları və uşaqları erməni daşnaklarından gizlədən Mirzə Məmmədvəli ermənilər tərəfindən elə məktəbdəcə vəhşicəsinə qətlə yetirilmişdir (“Palitra” qəzeti, 2015).
Tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan Respublikasında 1918-ci ildə azərbaycanlılara qarşı bəslənən kin-küdurətlə, Qərbi Azərbaycanda, o cümlədən İrəvanda azərbaycanlılara qarşı erməni silahlı birləşmələrinin törətdikləri soyqırımla yanaşı, İrəvan Müəllimlər Seminariyası da təcavüzə məruz qalmış, daşnaklar hakimiyyətə gəldikdən iki ay sonra – 1918-ci il avqustun 6-da seminariyanın fəaliyyəti dayandırılmışdır. 37 illik fəaliyyəti dövründə İrəvan Müəllimlər Seminariyası öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində xüsusi tarixi xidməti olmuşdur. “Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Xaqan bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov bu seminariyanın məzunları olmuşlar. İrəvan Müəllimlər Seminariyasının məzunları quberniyanın (İrəvan quberniyasının – İ.B.) sərhədləri daxilindəki rus-tatar (Azərbaycan) məktəblərinə təyin edilirdi” (Mustafa, 2015).
1899-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirmiş Həmid ağa Xəlil ağa oğlu Şahtaxtinski Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, görkəmli maarifçi idi. Pedaqoji fəaliyyətə İrəvan Müəllimlər Seminariyasında başlamış, seminariyada Azərbaycan və rus dillərini tədris etmiş, eyni zamanda İrəvan Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur (Əhmədov, 2014).
Haşım bəy Vəzirov İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Qərbi Azərbaycanın Böyük Vedi kəndində müəllimliyə başlamışdır. Daha sonra İrəvan şəhərində, Şuşada, Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmiş, bir müddət isə məktəb müdiri işləmişdir. İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada “müsəlman-rus” məktəbi yaradılanda Mir Haşım bəy oraya direktor vəzifəsinə dəvət edilmiş, məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilmişdi. O, ictimai işlə qızğın məşğul olmaqla bərabər, Şuşa real məktəbinin hazırlıq sinfində ana dilindən dərs demişdir. O, 30 il jurnalistika sahəsində də çalışmış, “Tazə həyat” (1907 1908), “İttifaq” (1908-1909), “Səda” (1909-1911), “Kavkazets” (1911, rus dilində), “Sədayi-vətən” (1911), “Sədayi-həqq” (1912), “Sədayi-Qafqaz” (1915-1916) qəzetlərini və “Məzəli” (1914-1915) jurnalını nəşr etdirmişdir.
Təəssübkeş bir millətçi olan Mir Haşım bəy erməni quldurlarına qarşı mübarizə apardığına görə 1906-cı ildə ermənipərəst hökumət
tərəfindən tutulmuş və sürgün edilməsinə qərar verilmişdir. Lakin xəstə olduğundan bu qərar müvəqqəti olaraq təxirə salınsa da, qubernatorun iradəsi ilə sağalan kimi Şuşadan Stavropola sürgün edilmişdir. Onun sürgün həyatı uzun çəkməmiş, 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy əvvəlcə Şuşaya qayıtmış, sonra Bakıya gələrək ömrünün axırınadək orada yaşamışdır. O, ömrünün sonunadək peşəkar jurnalist kimi xalqının maarifləndirilməsinə xidmət etmişdir.
Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulmuşdur. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir.
Həbib bəy Səlimovun həyatı, əsasən, hərbi işlə bağlı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Azərbaycana polkovnik-leytenant rütbəsi ilə qayıdan Həbib bəy Səlimov Cümhuriyyət ordusunda müxtəlif vəzifələrdə işləmiş, vətəninə ləyaqətlə xidmət etmişdir.
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar oxuyan məktəblərin pedaqoji kadrlarla təmin edilməsi məqsədilə EK (b)P MK-nın nəzdində fəaliyyət göstərən “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin, EXMK-nın “Azlıqda qalan millətlər” bürosunun rəhbəri Mehdi Kazımovun, “Zəngi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və başqa qeyrətli azərbaycanlı ziyalıların erməni şovinist dairələri qarşısında təkidli tələbi, ciddi səyi, siyasi və milli iradəsi sayəsində 1924-cü il oktyabrın 15-də İrəvan Türk Pedaqoji Texnikumu açıldı. Bu Texnikumun açılması Azərbaycan məktəblərində müəllim kadrlarına olan ehtiyacın aradan qaldırılması işinin müəyyən dərəcədə qaydaya salınması sahəsində ilk addım oldu.
Texnikumun fəaliyyəti dövründə bir neçə dəfə adı dəyişdirilmiş, 1925-ci ildə Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu, XX əsrin 30-cu illərinin əvvəllərində İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu, 1936-cı ildə İrəvan Pedaqoji Məktəbi adlandırılmışdır. Bu texnikuma Mehdi Kazımov (1924-1933), Bəhlul Yusifov (1933-1942), Həbib Məmmədzadə (1942-1948), Əsgər Cəfərov (1948, 6 ay bu vəzifədə işləmişdir) rəhbərlik etmişlər. Dövrünün vətənpərvər ziyalılarından olan Ələşrəf Bayramov, Əsgər Əsgərzadə, Bülbül Kazımova, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev pedaqoji texnikumda müəllim kimi fəaliyyət göstərmişlər.
1929-cu ilin iyun ayında İrəvan Türk Pedaqoji Texnikumunun ilk buraxılışı olmuşdur. 1926-cı ildə qəbul olunmuş 32 nəfər tələbədən 20 nəfəri texnikumu bitirməyə müvəffəq ola bilmişdir ki, onlardan da 18 nəfəri oğlan, 2 nəfəri isə gənc qız olmuşdur (Allahverdiyev, Cəfərov, 2017).
Bu texnikumda Azərbaycan dili və metodu, Azərbaycan ədəbiyyatı, erməni dili, rus dili, rus ədəbiyyatı, hesab və hesab metodu, cəbr, tarix və tarix metodu, SSRİ konstitusiyası, coğrafiya və coğrafiya metodu, təbiət və təbiət metodu, fizika, pedaqogika, psixologiya, şəkil və şəkil metodu, şərqi, musiqi və musiqi metodu fənləri tədris edilirdi.
Akademik Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər sonra, ilk əmək fəaliyyətinə İrəvan Türk Pedaqoji Texnikumunda başlamışdır. Texnikumda Y.Məmmədəliyev 1926-1927-ci illərdə kimya-biologiya fənnini tədris etmişdir (Allahverdiyev, Cəfərov, 2017).
Yüksək səviyyəli pedaqoji kadrların hazırlanmasına görə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu 1934-cü ildə keçmiş SSRİ-də ümumittifaq texnikumlar yarışında birinci yerə çıxmış və 7000 manat məbləğində pul mükafatına layiq görülmüşdür (Allahverdiyev, Cəfərov, 2017). Bu texnikumun Qərbi Azərbaycanın azərbaycanlı məktəblərinin pedaqoji kadrlarla təmin olunmasında böyük rolu olmuşdur.
Azərbaycanın görkəmli şair və yazıçıları – Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mir Cəlal, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Sabit Rəhman, Səməd Vurğun, Əbülhəsən, Mikayıl Rəfili, Süleyman Rüstəm İrəvan şəhərində müəyyən tədbirlərdə iştirak edərkən bu texnikumda olmuş, tələbələrlə görüşmüşlər. 1935-ci ildə Azərbaycanın görkəmli şəxslərindən ibarət nümayəndə heyəti İrəvanda səfərdə olarkən M.S.Ordubadi texnikumun müəllim və tələbə heyəti qarşısında çıxış edərkən bu tədris ocağının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu texnikum bizdə böyük intibahlar yaratdı. Türk mədəniyyətinin nə qədər böyük inkişafda olduğunun canlı şahidi olduq” (Allahverdiyev, Cəfərov, 2017).
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-inKür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul etmişdir. Bu qərarların nəticəsi olaraq İrəvan Pedaqoji Məktəbi 1949-cu ildə Azərbaycanın Xanlar (indi Göygöl) rayonuna köçürülmüş və pedaqoji məktəb Xanlar Pedaqoji Məktəbi adlandırılmışdır.
Görkəmli coğrafiyaçı akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, azərbaycanlı qadınlar arasında ilk dəfə filologiya elmləri namizədi və filologiya elmləri doktoru elmi dərəcəsi almış alim və Dilçilik İnstitutunun ilk qadın direktoru professor Zərifə Budaqova, görkəmli tarixçilərdən professor Yusif Yusifov, professor Süleyman Məmmədov, professor Nəzər Paşayev, metodistlərdən professor Əli Fərəcov, pedaqoqlardan professor Abbas İsmayılov, filoloqlardan professor Fərhad Fərhadov, professor Cəfər Cəfərov, Azərbaycan SSR Maarif Nazirliyində Baş Məktəblər idarəsinin rəisi, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru işləmiş filologiya elmləri namizədi Zəhra Əliyeva, filologiya elmləri namizədi, dosent Kövsər Tarverdiyeva, filologiya elmləri namizədi, dosent Nəcəf Nəcəfov, tibb üzrə görkəmli alim, əməkdar elm xadimi, professor Nəriman Əliyev, funksional analiz üzrə tanınmış riyaziyyatçı, dosent Qasım Mustafayev, hüquqşünas, hüquq elmləri namizədi Nəriman Yusifov, fəlsəfə elmləri namizədi, dosent Sabir Səfərov, partiya və dövlət xadimləri Həbib Həsənov, Cümayıl Mərdanov, Tapdıq Əmiraslanov, Abbas Mustafayev, Cəlil Quliyev, ədəbiyyat və mədəniyyət xadimləri Abbas Tahir, əməkdar rəssam Cabbar Quliyev və başqaları İrəvan Pedaqoji Məktəbində təhsil almışlar (Allahverdiyev, Cəfərov, 2017). Bu ziyalılar Azərbaycan elminin, təhsilinin inkişafında, eləcə də Azərbaycanın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişlər. İrəvan Pedaqoji Məktəbini bitirmiş məzunların əksəriyyəti Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuşdur.
Ümumiyyətlə, tam olmayan məlumata görə, fəaliyyət göstərdiyi 25 il ərzində İrəvan Pedaqoji Məktəbini 214 nəfər bitirmişdir.
İrəvanda tarixən fəaliyyət göstərmiş orta ixtisas üzrə pedaqoji təhsil müəssisələri Azərbaycan təhsil tarixində özünəməxsus yer tutur. Azərbaycan məktəb və pedaqoji fikir tarixi kontekstində İrəvan orta ixtisas pedaqoji təhsil müəssisələrini tədqiq edib Azərbaycan təhsil ictimaiyyətinə çatdırılması pedaqogika sahəsində çalışan mütəxəssislərin qarşısında əsas vəzifə kimi durmaqdadır.
İstifadə edilmiş ədəbiyyat
1 “Palitra” qəzeti, 10 iyun 2015-ci il.
2 Allahverdiyev, C., Cəfərov, C. (2017). İrəvan Pedaqoji Texnikumu. Bakı, ADPU-nun nəşri.
3 Çingizoğlu, Ə. (2011). İrəvan Quberniya Ruhani Məclisi və məşhur din xadimləri, “Soy” еlmikütləvi dərgi, №3.
4 Əhmədov, H. (2014). Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil.
5 Köçərli, F. (1981). Azərbaycan ədəbiyyatı. II c. Bakı: Elm.
6 Məhərrəmov, Z. (2010). İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbimədəni mühit). Bakı: Nurlan.
7 Məmmədov, İ. (2002). Tariximiz. Torpağımız. Taleyimiz, Bakı: Adiloğlu.
8 Məmmədov, İ., Əsədov, S. (1992). Ermənistan azərbaycanlıları və onların acı taleyi (qısa tarixi oçerk). Bakı: Azərbaycan.
9 Mustafa, N. (2015). İrevan şehri. Ankara: Berikan Yayın evi.
10 Səfərov, R. (2012). Təhsil tariximizdə izi qalan ocaq. “Kaspi” qəzeti, 3 may.
11 Sovet Ermənistanında Azərbaycan kitabı. (1985). Tərtib edən S.Məmmədov. İrəvan, Kitab Palatası.