TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI


FİRƏDUN İBRAHİMOV




Məqalədə təhsilalanların qrup halında idraki hərəkət formasının (qrupun hər bir üzvünün potensial idrakı imkanları səfərbər edilməklə) planlaşdırılmasının didaktik anlayış olaraq necə dərk olunmasından, başlıca əlamətlərinin fərqləndirilməsindən, metodik sistemin digər komponentləri ilə dialektik əlaqələrinin müəyyənləşdirilməsindən, komponenti olduğu təlim sisteminin emercent təbiətindən (tamın hissəsini və ya alt sistemini özünə tabe etməsi), təhsil məkanının formalaşmasına sənaye inqilabının çağırışlarından, idarəetmənin paradiqmasından, paylaşılan təcrübənin (bəşər mədəniyyətinin-təcrübəsinin zəruri hissəsinin) ehtiva etdiyi elementlərdən, gözlənilən nəticələrdən, standartlardan, layihələşdirilən prosesdə qarşılıqlı əlaqəyə daxil olanların (öyrədən və öyrənənin) məkan halından (bəlli koordinatlara malik və ya laməkan mövcudluğundan), təbii və süni intellektin imkan daşıyıcılıq yükündən asılılığına diqqət yönəldilir. Bildirilir ki, söylənilən arqumentlərin mövcudluğu sözügedən gerçək hadisənin (nəzərə alınır ki, mənimsənilməsi planlaşdırılan təlim materialı və hər bir öyrənənin potensialına uyğun idraki hərəkət forması (təlim metodu) vahid halda məzmun qismində çıxış edir) mənimsəmə subyektlərinin qrup halında idraki hərəkət forması olması ilə bağlıdır. Hərəkət forması kimi qəbul edilən bu mövcudluq üsulunun (bu, elmi mənbələrdə təlimin təşkilat forması kimi interpretasiya olunur, onların sırasından əsas forma – “dərs” termini ilə məxsusi olaraq fərqləndirilir) keyfiyyətliliyi onun standartların, normaların, ictimai-iqtisadi inkişafın tələblərinə, dövlətin, cəmiyyətin və əsas komponent funksiyalı şəxsin maraqlarına uyğunluğu ilə müəyyən olunur.

Məlum olduğu kimi, təlim pedaqogikanın başlıca anlayışlarından biridir. Təlim-tədris fəaliyyətinin mühüm xarakteristikası olsa da, onun bütün tərəflərini əhatə etmir, yeni bilik, bacarıq və vərdişlərin mənimsənilməsini nəzərdə tutur. Halbuki mənimsəmə və tədris fəaliyyəti mahiyyətcə müxtəlif hadisələrdir. Mənimsəmə təkcə təlim prosesinin deyil, hər bir fəaliyyət sahəsinin ayrılmaz tərəflərindəndir. Tədris fəaliyyəti isə fəaliyyətin bir növüdür, şəxsiyyətin sosial aktivliyinin özünəməxsus formasıdır (Əlizadə, 2001).

Professor Akif Abasovun fikrincə, təlim mürəkkəb tərbiyəvi-təhsilləndirici-inkişafetdirici funksiyalara malikdir. Təlimdə müəllim və məktəblilərin qarşılıqlı fəaliyyəti kimi iki tərəf çıxış edir: tədris və öyrənmə. Təlimin səmərəliliyi tədris prosesində müəllim və məktəblilərin
düzgün qarşılıqlı fəaliyyətindən, təhsil alanların idraki fəallığının və müstəqilliyinin, öyrənmə maraqlarının səviyyəsindən xeyli dərəcədə asılıdır. Öyrənmə şəxsiyyətin xüsusiyyətlərindən, o cümlədən onu gələcəyə yönəldən hərəkətlərdən irəli gələn məqsədəuyğun prosesdir (Abbasov, Məmmədzadə, Məmmədli, 2021).

Elmi mənbələrin təhlilindən aydın görünür ki, XX əsrin əvvəllərində “təlim” anlayışına bu prosesi təşkil edən iki komponenti-tədris və öyrənmə anlayışlarını da daxil ediblər. “Tədris” dedikdə, dərs materialının (paylaşılması layihələndirilmiş, elmi-pedaqoji əsaslarla işlənilmiş materialın) mənimsənilməsini təşkil etmək üçün müəllimlərin fəaliyyəti başa düşülür. Öyrənmə dedikdə, keçilən (layihələndirilmiş, zəruriliyi qəbul olunan məzmun) materialı mənimsəmək üçün şagirdlərin fəaliyyəti başa düşülür. Şagirdlərin idrak fəaliyyətini formalaşdırmaq üzrə müəllimin idarəedici fəaliyyəti, müəllim və şagirdlərin birgə fəaliyyəti də təlim anlayışında öz əksini tapır (Paşayev, Rüstəmov, 2017).

Topladığımız məlumatlar əsasında hasil etdiyimiz informasiyalara ümumiləşmələr edərək vurğulayırıq ki, təlim prosesinin, onun komponentlərinin (o cümlədən təşkilat formasınınhərəkətin mövcudluq halının) dialektik münasibətlərinin, hər bir komponentin “imkandaşıyıcılıq funksiyaları”nın təkmilləşdirilməsi, funksiyalarının müasir sənaye inqilabının çağırışlarına adekvat formalaşan təhsil məkanında reallaşdırılması kimi aktual problemlərin həllində “sistem-struktur” yanaşmadan faydalanmaq etibarlı çıxış yollarındandır.

Onu da qeyd etməyi lazım bilirik ki, “təlim sistemi” dedikdə, müəyyən meyarlara görə seçilən bütöv, tam bir gerçəklik başa düşülür. Təlim sistemləri təlimin, təhsil-tərbiyənin məqsədlərinin, qanunauyğunluqlarının, təşkili prinsiplərinin, məzmununun, forma və metodlarının birliyi ilə yaranan strukturlarının daxili bütövlüyü, tamlığı ilə xarakterizə olunur (İbrahimov, Hüseynzadə, 2013).

XXI əsr qloballaşma əsr olduğundan təhsiltərbiyə prosesinin məzmununda XXI əsr bacarıqları da nəzərə alınmalıdır. Biliklə yanaşı, kompleks problem həlletmə, tənqidi düşünmə, yaradıcılıq, liderlik, rəqəmsal savadlılıq, emosional zəka, qlobal vətəndaşlıq, əməkdaşlıq, müzakirə, mühakimə və qərarvermə kimi qabiliyyət və bacarıqların inkişafı da əsas öyrənmə nəticəsi olaraq qəbul ediləcək və edilməlidir1 (Airi, Rafidah, Mohd, 2019).

Məlumdur ki, sənayedə və texnologiyada baş verən dəyişikliklər həm cəmiyyətin ehtiyaclarını, həm də müxtəlif sektorların ehtiyac duyduğu işçi qüvvəsini lazımi bacarıqlarla təchiz etmək üçün hər dövrdə təhsil müəssisələrinin yenidən qurulmasını zəruri edib. Sənaye inqilabına uyğun olaraq, təhsil də “Təhsil 1.0”- dan → “Təhsil 4.0”-a qədər inkişaf prosesi keçib. “Təhsil 4.0” IV sənaye inqilabı dövründə qlobal və rəqəmsal iş mühitində fəaliyyət göstərəcək şəxslərin hazırlanmasına xidmət edir. Təhsil 4.0 uşaqlıqdan → məktəb dövrünə → oradan iş həyatına” qədər daim (davamlı, fasiləsiz, permanent) öyrənməni təmin edən, dünyada önəmli yer tutmağa və dəyişiklik etməyə imkan verən bir təhsil sistemidir (Ercan, 2018; Priya, 2019).

........................................................................
1 http://reports.weforum.org/futre-of-jobs-2016/chapter-1-the-future-of-jobs-and-skills

Təhsil 4.0 cəmiyyətdəki dəyişikliklərə müvafiq olaraq təhsilalanların inkişafına kömək edən yeni texnologiyalardan istifadə bacarıqlarının formalaşmasına xidmət etməli, təhsilalanlarda sadəcə oxumaq və yazmaq deyil, bütün həyatı boyunca istifadə edə biləcəyi bilik və bacarıqlar formalaşdırılmalıdır (Priya, 2019). Sözügedən sistem insan kapitalının ehtiyacını ödəmək üçün sosial və iqtisadi mühitdəki dəyişikliklərə cavab verməlidir. Təhsil 4.0 fərdləri yaradıcı və yenilikçi olmağa hazırlamaq məqsədi daşıyır.

Təhsil 4.0 yanaşmasında, konstruktivist təhsil sistemləri və Blum texnologiyasından kənara çıxmaqla, xüsusilə aşağıdakı sahələrə əsaslanan bir tədris prosesinin tətbiq ediləcəyi müəyyən edilib: 1) Anlamanı tənzimləyən 3R (Recalling – Yada salma, Relating – Əlaqələndirmə, Refining – Yeniləmə); 2) Araşdırmağa təşviq edən 3İ (İnquiring – Sorğulama, İnteracting – Qarşılıqlı əlaqə, İnterpreting – İzahetmə); 3) Nəticə çıxarmağa əsaslanan 3P (Participating – iştirak etmə, Processing – tətbiq etmə, Presenting – təqdim etmə).

IV sənaye inqilabı dövründə “ağıllı” təhsil vasitələri və resursları fərdlərin daha mükəmməl təcrübə, bilik və bacarıqlara yiyələnməsinə, yenilikçi perspektivlərini üzə çıxarmasına imkan verməlidir (Vichian, 2016).

Müasir didaktikaya uyğun mövcud təlim sisteminin müxtəlif altsistem təbiətli tip və alttipləri özünə transformasiya etdiyini iddia etmək olar. Bunların sırasına problemli təlimi, alqoritmik təlimi, proqramlaşdırılmış təlimi, fəal təlimi, inteqrativ təlimi, inkişafetdirici təlimi, koorperativ təlimi, inklüziv təlimi və s. aid etmək olar. Qeyd edək ki, “təlim tipləri”, “təlim yanaşmaları”, “təlimin alt sistemləri” ilə bağlı verilən şərhlərdə pedaqoqlar arasında fikir ayrılıqları da yox deyildir.

Müasir didaktikada özünə yer alan mühüm anlayışlar sırasında “metodik sistem” anlayışının məxsusi yeri vardır. Metodik sistemi məqsəd, məzmun, vasitə, təşkilat forması və nəticə arasındakı dialektika şərtləndirir (Adıgözəlov, 2012). Təlim-tərbiyə prosesinin idarə olunmasının təkmilləşdirilməsi onun təşkili formalarının sisteminin, bu sistemin digər təlim komponentləri ilə didaktik əlaqə və asılılıqlarının nəzəri və praktik əsaslarının şərhindən xeyli dərəcədə asılıdır.

Təlimin təşkili forması anlayışının interpretasiyası ilə bağlı vahid fikir hələ də tam və qəti formalaşmayıb. Lakin “təlimin təşkili formasına onun komponenti kimi baxılmasına qarşı çıxan yoxdur. Bizcə, onu “təlimin (dəyişmə və inkişaf prosesinin, əsasına “imkan-hərəkət-yeni keyfiyyət” paradiqması qoyulan sistemin) məzmununun mövcudluq üsulu, məzmunun mövcud olmasını mümkün edən öz daxili təşəkkülüdür, quruluşudur” kimi dərk etmək lazımdır. Başqa sözlə, metodik sistemin elementləri sırasında yer alan “təşkilat forması” anlayışını təlim sistemində əhatə olunan qrupun (öyrənənlərin) idraki hərəkət forması kimi dərk etmək olar. Bu forma yuxarıda vurğuladığımız kimi, idraki hərəkət halına gəlmiş təlim materialını və ona adekvat tətbiq olunan metodları vahidin tərəfləri kimi özündə saxlayan məzmun qismində ehtiva edir. Onu da qeyd etmək yerinə düşər ki, belə yanaşmada təlim metodu təlim materialının hərəkət forması kimi interpretasiya oluna bilər.

Tam sistem olan təlim prosesinin idarə olunmasının səmərəliliyi onun məzmun və forması arasında düzgün nisbətin tapılmasından asılıdır. Təlim praktikası təsdiq edib ki, ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin əsas mövcudluq üsulu “dərs” termini ilə interpretasiya olunan hərəkət formasıdır. Elmi mənbələrdə göstərilir ki, “dərs (biz bunu yuxarıda interpretasiyasını verdiyimiz məzmunun hərəkət forması kimi qəbul edirik) təlimin elə təşkilat formasıdır ki, təlimin məzmunu, prinsip və metodları təmin olunur, müəllim tərəfindən müəyyən vaxt çərçivəsində planlaşdırılır və tənzim edilir, müəllim-şagird münasibətlərinin məcmusu kimi meydana çıxır” (İbrahimov, 2017).

Psixoloqlar haqlı olaraq vurğulayırlar ki, təlimin əsas təşkilat forması təkcə özünün elminəzəri səviyyəsinə görə deyil, həm də pedaqoji konsepsiyasına-yeni pedaqoji təfəkkür ölçüləri ilə qurulmasına görə müasir olmalıdır (İbrahimov, 2018).

Danılmazdır ki, hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir qrupu uzun müddət ənənəvi təlim modelindən faydalanıb və xeyli uğurlar da əldə olunub. Odur ki, bu modeldən tamamilə imtina olunmasını məqbul dəyərləndirmək olmaz. Yaxşı olar ki, ənənəvi adlandırılan həmin təlim modelinin üstün cəhətləri müasir təlim yanaşmalarında nəzərə alınsın.

Burada sözügedən təlim modelinə aid tematik və dərs (hərəkət forması anlayışı ilə şərh etdiyimiz “təlimin təşkilat forması”) planlaşmasına tələbələrin diqqətinin yönəldilməsini lazım bilirik. Əldə olunmuş tədqiqat materiallarına dayanan ümumiləşmələrimiz söyləməyə əsas verir ki, bu təqdimat tələbələrin ümumi hazırlığına müsbət təsir göstərir.

Ənənəvi təlim modelinə uyğun tematik planın bölmələri

1. Təhsilalanların qrup halında idraki hərəkət formasının (və ya silsilə yaradan hərəkət formalarının) mövzusu proqramdan götürülür.
1.1. Hərəkət formasının məqsədi və yaxud mövzunun didaktik məqsədi (Planlaşdırılan mövzunun məzmunundan irəli gəlir. Bu, tematik planda ümumi şəkildə ifadə oluna bilər).
1.2. Hərəkət formasının tipləri (Təlim materialının məzmununa və hərəkət formalarının məqsədinə uyğun şəkildə bir və ya bir neçə növ göstərilir).
1.3. Təlimin metodları (Tematik planda yalnız ümumi metodlar göstərilir).

2. Aktuallaşdırma.

Planın bu bölməsini iş prosesinin özü müəyyən edir:

2.1. Əvvəlcədən öyrənilmiş hansı anlayışlar aktuallaşdırılmalıdır;
2.2. Hansı tip müstəqil işlər yerinə yetirilməlidir (əvvəlki bilikləri aktuallaşdıran və əvvəl mənimsənilmişləri dərinləşdirən müstəqil işlər müəyyənləşdirilir).

3. Yeni anlayış və fəaliyyət üsullarının formalaşdırılması.

Bu bölmədə göstərilir:

3.1. Bu mövzuya daxil olan yeni anlayışlar (və ya əvvəl daxil edilmiş anlayışların məchul əlamətləri);
3.2. Şagirdlərin nəzərdə tutulan bilik, bacarıq və vərdişlərinin təşkilat formasında (və ya bir neçə hərəkət forması üzrə) və ev məşğələsində artımı;
3.3. Hərəkət formasının (təşkilat formasının və ya bunların bir neçə silsiləsinin) əsas problemi.

4. Tətbiqetmə.

Tematik planın bu bölməsinin məzmununda göstərilir:

4.1. Əvvəlki zaman kəsikləri üzrə tətbiq olunmuş hərəkət formalarında öyrənilmiş materialla yeni öyrənilən materialın müxtəlif səviyyə və variantlarda sintezini hədəfləyən müstəqil iş tipləri;
4.2. Biliklərin və dünyagörüşü sisteminin formalaşdırılması üçün zəruri fənlərarası əlaqə.

5. Ev tapşırığı.

Tapşırığa daxildir:

5.1. Dərslikdən və digər informasiya mənbələrindən təkrar üçün material;
5.2. Növbəti təşkilat formasına hazırlıq üçün müstəqil iş tipləri.

Ənənəvi təlim yanaşması üzrə əsas təşkilat formasının planlaşdırılması

Planın bölmələrinin məzmununa daxildir:

1. Hərəkət formasının (təşkilat formasının mövzusu (adətən, dəyişiklik edilmədən tematik plandan götürülür).
1.1. Hərəkət formasının məqsədi (proqram materialının məzmunu əsasında müəyyən edilir);
1.2. Hərəkət formasının tipi (tematik planda göstərilən kimi olur, müəllim tərəfindən alttip kimi dəqiqləşdirilir);
1.3. Təlim metodları (dəqiqləşdirilir, öyrənmə və öyrətmə metodları göstərilir);
1.4. Təlimin vasitələri (təlimin metodları və təşkilat formasının növlərinə uyğun vasitələr planlaşdırılır).

2. Təşkilat formasının (hərəkət formasının) qarşısında qoyulmuş (müəllim tərəfindən formalaşdırılan) məqsəd və vəzifələrin şagirdin idrak məqsədinə (idrak tələbatının təmin olunma obyektinə) çevrilməsi.
2.1. Əldə olunması nəzərdə tutulan bilik və fəaliyyət üsulları onların tədris və ya digər fəaliyyət üçün praktik və nəzəri əhəmiyyətinin, faydalılığının dərk olunması yolu ilə müəyyənləşdirilir;
2.2. Əyləncəli olması, təəccüb doğurması və başqa cəhətləri ilə şagirdlərdə idrak marağı yaradan üsul və vasitələr seçilir;
2.3. Şagirdləri problemli vəziyyətə salmaq və dərsin məqsədini problem şəklində formalaşdırmaq vasitələrinin seçilməsi və tətbiq edilməsi yolları müəyyənləşdirilir;

3. Aktuallaşdırma.
3.1. Təşkilat formasının tipi və məqsədindən, anlayış və fəaliyyət üsullarının mürəkkəbliyindən asılı olaraq aktuallaşdırmaya sərf olunacaq vaxt müəyyənləşdirilir;
3.2. İstinad bilikləri. Müəllim şagirdin şüurunda aktivləşməli olan bilikləri (əvvəl öyrənilmiş) zəruri əlaqə və münasibətlərlə müəyyənləşdirir;
3.2.1. Şagirdlərin yazılı və ya şifahi müstəqil işini (frontal) planlaşdırır;
3.2.2. Mövzuya şagirdlərdə maraq oyadılması, motivlərin formalaşdırılması üsulları seçilir;
3.2.3. İşin gedişi zamanı nəzarət forması müəyyənləşdirilir, şagirdlərin özünə nəzarət priyomları, onların qarşılıqlı nəzarəti, müstəqil işləri yerinə yetirmək, bilik, bacarıq və vərdişlərini qiymətləndirmək üçün yollar nəzərdə tutulur.

4. Yeni anlayış və fəaliyyət üsullarının formalaşması.
4.1. Müəyyənləşdirilmiş təşkilat formasında öyrənilməsi zəruri olan yeni anlayışlar, bacarıqlar, vərdişlər və onların mənimsənilməsi üsulları seçilir və planda göstərilir;
4.2. Mənimsəmə mərhələlərinin idraki vəzifələri formalaşdırılır;
4.3. Müəllim şagirdlər qarşısında qoyacağı problemli və informasiyalı sualları formalaşdırır və bunların sırasından problemli vəziyyətin yaranması üçün şagirdlərə təklif olunacaq suallar müəyyənləşdirilir;
4.4. Seçilmiş təkilat forması üzrə əsas və əlavə problemlər göstərilir, onların həlli üsullarının variantları formalaşdırılır (analitik və evristik həll yolları).

5. Tətbiq.

4-cü bölmədə göstərilmiş bacarıq və vərdişlər aidiyyəti təşkilat formasında möhkəmləndirilir (burada mənimsənilmiş biliklərin müstəqil tətbiqi başlıca yol hesab edilir).

5.1. Müəllim işlənmə üçün konkret bacarıq və vərdişləri göstərir;
5.2. Planda müstəqil işin tipi ilə yanaşı növləri də göstərilir.

6. Təşkilat forması üzrə işin yekunlaşdırılması.
6.1. Qarşıya qoyulmuş məqsəd əsasında (təlim prosesinin gedişi ərzində) şagirdlərin fəaliyyətinə və nəticələrinə qiymət verməyə, ümumiləşdirməni və psixoloji tamlığı təmin etməyə yönələn işin aparılması nəzərdə tutulur.
6.2. Şagirdlərin biliyinin qiymətləndirilməsi və əsaslandırılması planlaşdırılır.

7. Evdə işləmək üçün şagirdlərə tapşırıqların verilməsi.

Hər bir şagirdin işləməsi üçün tövsiyələrin planlaşdırılması qaydaları müəyyənləşdirilir (İbrahimov, 2016).

Uğurları ilə ictimaiyyətin rəğbətini qazanmış müəllimlər dərsə hazırlaşarkən, plan qurarkən aşağıdakı əsas məsələləri diqqət mərkəzində
saxlayıblar. Bu qənaətə apardığımız pedaqoji araşdırmalarımız nəticəsində gəlmişik:

1. Məşğələdən əvvəlki iş;
2. Müştərək məqsədin müəyyən edilməsi;
3. Təhsilalanların anlama ehtiyaclarının fəal şəkildə müəyyən olunması;
4. Uyğunlaşdırılmış köməyin müəyyən olunması;
5. Məqsədin həyata keçirilməsini dəstəkləmə;
6. Əks əlaqənin yaradılması;
7. Məyusluğa və riskə nəzarət;
8. Müstəqilliyə kömək və digər kontekstlərə uyğun ümumiləşdirmə.

Fənn kurikulumları əsasında gündəlik planlaşdırma

1. Seçilmiş təşkilat forması üzrə gözlənilən nəticələri müəyyən etmək (alt-standart əsasında dərsin təlim nəticələrini müəyyənləşdirmək);
2. Seçilmiş təşkilat forması üzrə prosesin (idraki hərəkət sisteminin) sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini müəyyənləşdirmək;
3. Forması müəyyən olunmuş prosesin motivasiyasını hazırlamaq (problem situasiyasının yaradılması, motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması);
4. Tədqiqat zamanı yeni biliyi toplamaq üçün istifadə olunan bilik mənbələrini müəyyənləşdirmək;
5. Müəyyən edilmiş gözlənilən nəticələrə gətirə biləcək tədqiqat tapşırıqlarını hazırlamaq;
6. Tədqiqat metodlarını müəyyənləşdirmək;
7. Lazımi materialları və iş vərəqlərini hazırlamaq, tədqiqatın təqdimat formasını müəyyənləşdirmək;
8. Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək;
9. Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, layihə və s.);
10. Güman edilən yeni nəticələri nəzərə alaraq əlavə məlumat, tapşırıqlar hazırlamaq;
11. Prosesin hər mərhələsi üçün vaxtı müəyyən etmək;
12. Təhsilalanların idraki hərəkət formasının yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq;
13. Qiymətləndirmə formasını (üsulunu) seçmək, meyarları müəyyənləşdirmək;
14. Müəllim və şagirdlərin tələbatlarına əsaslanan refleksiyanın gedişatını müəyyənləşdirmək;
15. Seçilmiş hərəkət formasında istifadə olunacaq texniki vasitələri müəyyənləşdirmək;
16. Müəyyənləşdirilmiş forma üzrə prosesdə istifadə olunacaq dəftərxana ləvazimatlarını hazırlamaq (İbrahimov, 2018).

Fəal təşkilat formasının planı (sxematik)

Mövzu: (mövzunun adı yazılır).

Standart: (alt standart və ya alt standartlar qeyd olunur).

Məqsəd: (məqsədlər aydın və qısa şəkildə sıralanaraq yazılır).

İş forması: (məsələn, cütlərlə, kiçik və ya böyük qruplarla, frontal və s. yazılır).

İş üsulu: (məsələn, müzakirə, anlayışın çıxarılması).

Resurslar: (məsələn, müxtəlif şəkillər, dərslik, hesablama, ölçmə alətləri və s.).

Təlim prosesinin seçilmiş təşkilat forması üzrə gedişi

I mərhələ (Motivasiya, problemin qoyuluşu)

Yardımçı suallar: ———————————

Tədqiqat sualları: ———————————

II mərhələ: (Tədqiqatın aparılması)

İş vərəqi 1. ———————————– İş vərəqi 2. ——————————– İş vərəqi 3.

III mərhələ: (informasiya mübadiləsi).

IV mərhələ: (informasiyanın müzakirəsi):

Müzakirə sualları: ——————————-

V mərhələ: (nəticə və ümumiləşdirmə).

VI mərhələ: (yaradıcı tətbiqetmə).

VII mərhələ: (qiymətləndirmə və ya refleksiya).

Qeyd:

  • Təhsilalanların qrup halında idraki hərəkət formasının planlaşdırılması üçün onun bütün komponentlərinin bir-biri ilə uzlaşdırılması
    vacibdir;
  • Tələbələrin qrup halında idraki hərəkət forması və təlim nəticələri tapşırıqlarla bilavasitə əlaqəli olmalıdır. Ümumiləşdirmələrə əsasən təşkilat forması üzrə tədqiqat sualı tərtib olunur. Bütün bunlar qrup üzvlərinin idraki hərəkətinin tamlığını və sistemliliyini (idraki hərəkətlərin əvvəlinin və sonunun sıx əlaqəsi) təmin edir, təlim nəticələrinə nail olunmasına xidmət edir.

Məxsusi olaraq onu da vurğulayaq ki, mövzu bəzən bir yox, bir neçə təşkilat forması üzrə tədris oluna bilir. Bu halda mövzu üzrə təşkilat formaları müxtəlif (və ya eyni) struktura malik ola bilər. Hər hansı mərhələdə tətbiq olunan tapşırıqlar bir-birini məntiqi izləməlidir ki, şagirdin fikri fəaliyyəti (buna dayanan əməli fəaliyyəti) məqsədə yönəlsin. Məsələn, ola bilər ki, ümumiləşmədən sonrakı proses mövzuya həsr olunan ikinci təşkilat formasında həyata keçirilsin.

NƏTİCƏ

1) Təşkilat formasının (gözlənilən nəticələri hədəf götürən, məqsədin nəticəyə çevrilməsini şərtləndirən) planının (layihəsinin) hazırlanması didaktik anlayış olaraq necə dərk olunmasından (hansı kateqorial anlayışa və ya aparata aidliyi) asılıdır: qəbul olunur ki, təşkilat forması qrupun hər bir üzvünün potensial imkanlarını səfərbər edən idraki hərəkət formasıdır; 2) Təşkilat formasının layihəsinin səmərəlilik səviyyəsi o zaman yüksək olur ki, onun başlıca əlamətləri düzgün fərqləndirilir; metodik sistemin digər komponentləri ilə dialektik əlaqələri müəyyənləşdirilir; komponenti olduğu təlim sisteminin emercent təbiətindən, təhsil məkanının formalaşmasına sənaye inqilabının çağırışlarından, idarəetmənin paradiqmasından, paylaşılan təcrübənin (zəruri hissənin) ehtiva etdiyi elementlərdən, gözlənilən nəticələrdən, standartlardan, layihələşdirilən prosesdə qarşılıqlı əlaqəyə daxil olanların (öyrənən və öyrədən) məkan halından, təbii və süni intelektin “imkandaşıyıcılıq yükü”ndən asılılığına diqqət yönəldilir; 3) Hərəkət forması kimi qəbul edilən təşkilat formasının keyfiyyətliliyi onun standartların, normaların, ictimai-iqtisadi inkişafın tələblərinə, dövlətin, cəmiyyətin və əsas komponent funksiyalı şəxsin maraqlarına uyğunluğu ilə müəyyən olunur.

İstifadə edilmiş ədəbiyyat

1 Abbasov, A.N., Məmmədzadə, R.R., Məmmədli, L.A. (2021). Pedaqogika: Müntəxəbat (Ali təhsil müəssisələri üçün dərs vəsaiti). Bakı: Mütərcim.
2 Adıgözəlov, A.S. (2012). Orta məktəbdə riyaziyyatın tədrisi metodikası. Bakı, ADPU. 
3 Airi, H.M.A., Rafidah, A., Mohd, H.M.T. (2019). 14.Nurul Nadian M.K., Ahmad M.Y. Education 4.0 Technologies, Industry 4.0 Skillis and the Teaching of English in Malaysian Tertiary Education//Arab World English Journal(AWEJ), Vol 10, №4 pp.330-343.
4 Ercan, Ö. (2018). Egitimde Yeni Yönelimlerin Degerlendirilmesi ve Egitim 4.0//Üniversite Araştırmaları Dergisi, Vol1, №1, pp.25-30.
5 Əlizadə, Ə.Ə. (2001). Yeni pedaqoji təfəkkür (dərs vəsaiti). Bakı.
6 İbrahimov, F.N. (2016). Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədrisi metodikası (dərs vəsaiti). Bakı, “Mütərcim”.
7 İbrahimov, F.N. (2017). Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası (dərs vəsaiti). Bakı, “Mütərcim”.
8 İbrahimov, F.N. (2018). Orta ümumtəhsil məktəblərində riyaziyyatın fəlsəfəsi, didaktikası, həyatakeçirilmə texnologiyası (dərs vəsaiti). Bakı, “Mütərcim”.
9 İbrahimov, F.N., Hüseynzadə, R.L. (2013). Pedaqogika (dərslik). 2-cilddə. I cild. Bakı, “Mütərcim”.
10 İsmayılova, S.C., Hüseynova, A.T. (2013). “Riyaziyyat-6” (müəllim üçün vəsait) Bakı: “Şərq-Qərb”.
11 İsmayılova, S.C., Hüseynova, A.T. (2013). “Riyaziyyat-6”. Dərslik (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün). Bakı: “Şərq-Qərb”.
12 Qəhrəmanova, N.M., Hüseynov, F.H. (2016). “Riyaziyyat” (Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik). Bakı: “Radius”.
13 Qəhrəmanova, N.M., Hüseynov, F.H. (2016). “Riyaziyyat-5” (Müəllim üçün metodik vəsait). Bakı: “Radius”.
14 Paşayev, Ə.X., Rüstəmov, F.A. (2017). Pedaqogika. Yeni kurs. Pedaqoji universitetlərin və ali pedaqoji məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı: “Elm və təhsil”.
15 Priya, S. (2019). Digital Revolution of Education 4.0//İnternational Journal of Engineering and Advanced Technology (İJEAT), Vol 9, №2, pp.558-3564.
16 Vichian, P. (2016). Education 4.0: New Challenge of Learning // St. Theresa Journal of Humanities and Sosial Sciences, Vol 2, №2, pp.92-97.
17 World Economic Forum (2016a). Chapter 1: The suture of jobs and skills. http://reports.weforum.org/futre-of-jobs-2016/chapter-1-the-future-of-jobs-and-skills