TƏHSİLDƏ ƏSAS ROLU KİM OYNAYACAQ?





Çinin Honq Konq Elm və Texnologiya Universitetinin kompüter elmləri üzrə alimi Pan Huini artıq süni intellekt əvəz edir. Bunu həyata keçirən də elə özü olub. 2023-cü ildə tələbələrindən biri ona deyib: “Hər dərsdə eyni müəllimi görmək bir az darıxdırıcıdır. Dərsləri fərqli simaların keçməsi maraqlı olardı”. Bu fikir Huiyə ilham verib. Düşünüb ki, niyə dərsləri generativ süni intellekt və avatar vasitəsilə keçməyək?

“Narure.com”-un yazdığına görə, 2024-cü ilin əvvəlində on həftə ərzində magistratura tələbələrinə dərsləri müxtəlif rəqəmsal avatarlar tədris edib. Tələbələr avatara suallar verərkən arxa planda işləyən böyük dil modeli (LLM) real vaxt rejimində cavablar təqdim edib, üz mimikası isə cavablara uyğun sinxronlaşdırılıb. Hui və həmkarları tələbələrin təcrübəsini sorğular və müsahibələr vasitəsilə araşdırıblar. İştirakçılar bildiriblər ki, Albert Eynşteynə bənzəyən bəzi insana oxşar avatarlar cizgi filmi üslubundakı avatarlarla müqayisədə daha etibarlı təsir bağışlayıb.

Huinin bu təcrübəsi sinif otağında “AI-first” (yəni süni intellekti əsas götürən) ali təhsil müəssisəsinin necə fəaliyyət göstərə biləcəyinə dair ipucları verir. Süni intellekt artıq ali təhsilə öz təsirini göstərib: mövcud universitetlər inzibati işlərdə, kurikulumun hazırlanmasında, tədris və qiymətləndirmədə müxtəlif alətləri və LLM-ləri inteqrasiya etməyə çalışır, eyni zamanda tələbələrin LLM-lərdən istifadəsi ilə bağlı çətinliklərlə üzləşirlər. Universitetlərin indiyə qədər qarşılaşdığı həm etik, həm də pedaqoji problemlər süni intellektin bu sistemlərin hazır olmadığı bir mühitə sürətlə tətbiq olunmasından qaynaqlanır.

Əgər yeni universitetlər süni intellekti əsas alət kimi qəbul edərək qurulsaydı, onda necə olardı? Hazırda mütəxəssislər bu suala cavab axtarırlar. Süni intellekt agentlərinin qəbul prosesindən başlayaraq namizədləri uyğun proqramlara yönləndirmədən tutmuş, fərdi öyrənmə ehtiyaclarına, şəxsi repetitorluq və dərs planlarına qədər universitetin bir təhsil institutu kimi necə işlədiyini tamamilə yenidən düşünmək imkanı yaranır.

Virciniyada yerləşən Old Dominion Universitetinin Təhsildə Rəqəmsal İnnovasiya üzrə Tədqiqat İnstitutunun icraçı direktoru Helen Krompton bildirir ki, bu cür “AI-first” universitetlər texnologiyanı daha asan inteqrasiya edə bilər, çünki süni intellekt onların bütün fəaliyyətinin təməlində dayanacaq.

Lakin bəzi ali təhsil müşahidəçiləri burada imkanlarla yanaşı, həm də narahatlıqlar olduğunu bildirir. Cənubi Afrikadakı Yohannesburq Universitetinin sosioloqu Anthony Kaziboni deyib ki, əgər süni intellekt sistemlərini hazırlayan şirkətlər təhsilin yenidən formalaşdırılmasında həddən artıq rol oynasa, bu, problem yarada bilər. Çünki onların motivasiyası “pedaqogikadan deyil, mənfəətdən qaynaqlanır”.

Məktəb təhsilində süni intellekti əsas alan təşəbbüslər “AI-first” universitetlərin necə formalaşa biləcəyinə dair model təqdim edə bilər. ABŞ-nin Texas ştatının Ostin şəhərində yerləşən və ölkə üzrə özəl kampus şəbəkəsini genişləndirən Alpha School-da şagirdlər gündə cəmi iki saat fərdiləşdirilmiş AI sistemi ilə çalışırlar. Məktəbin iddiasına görə, bu sistem şagirdlərin “güclü və zəif tərəflərinə, maraqlarına” uyğunlaşdırılır. Günün qalan hissəsi isə “həyat bacarıqları, şəxsi layihələr və əlavə fəaliyyətlərə” həsr olunur; burada müəllimlərdən çox “bələdçilər” nəzarət edir.

Ostində yerləşən və akkreditə olunmuş AI-first müəssisə olan Maestro (əvvəllər Peloton College) özünü “dünya səviyyəli pulsuz təhsil təklif edən “AI-native universitet” kimi təqdim edir. O, veb proqramlaşdırma, kibertəhlükəsizlik və AI proqram mühəndisliyi kimi sahələrdə ixtisaslar təklif edir. Maestro-nun saytına daxil olduqda sizi proqramlara yönləndirən çatbot qarşılayır və bu proqramların hamısı “AI repetitor” tərəfindən tədris olunur. Universitetə ilk tələbələr sentyabrda qəbul olunub və hazırda yalnız bacarıqyönlü Associate of Applied Science (AAS) proqramları təqdim edir. Lakin saytda gələcəkdə bakalavr (BSc, BA) və MBA dərəcələrinin də açılacağı qeyd olunur.

Tədris proqramlarının AI vasitəsilə fərdiləşdirilməsinin öyrənmə prosesini yaxşılaşdıra biləcəyinə dair sübutlar da var. Məsələn, Massaçusets Texnologiya İnstitutunun Media Laboratoriyasında 272 iştirakçı ilə aparılan bir araşdırma fərdiləşdirmənin öyrənməyə motivasiyanı artırdığını göstərib. Hələ rəyçi yoxlamasından keçməyən başqa bir tədqiqat isə yazı prosesində AI tərəfindən real vaxtda yaradılan xülasələrin özünüredaktəni təşviq etdiyini və müəlliflərin tez-tez AI rəyinin elementlərini mətnlərinə daxil etdiklərini göstərib. Belə bir AI müəllim və ya repetitorun verə bilməyəcəyi qədər çevik və fərdi dəstək təqdim edərək tələbələrin esse və akademik məqalələrinə dəstək verə bilər.

Bəzi təşəbbüslərdə müəllimlər və tələbələr generativ AI-dən tarixi və ədəbi şəxsiyyətlərlə “söhbətlər” aparmaq üçün istifadə ediblər. Krompton deyir ki, XIX əsrin ortalarında cəmiyyətdə qadınlara münasibət mövzusunda yazıçı Emili Bronte əsasında qurulmuş bir AI çatbotu ilə “mübahisə aparmaq” mümkündür.

Almaniyadakı Haydelberq Teorik Tədqiqatlar İnstitutunda astrofizika üzrə doktorant olan Beatriz Bordadagua universitetlərdə AI və fərdiləşdirmənin bəzi üstünlüklərini göstərib. O qeyd edir ki, AI öyrənmə sürətini artıra bilər. Ənənəvi universitetlər informasiya texnologiyaları inkişaf etdikcə tədris metodlarını yeniləməyiblər. “İndi informasiya tez və ehtiyaclara uyğun, qısa formatlarda əldə olunur, amma ənənəvi universitetlərdə hələ də yüzlərlə tələbənin iştirak etdiyi iki saatlıq mühazirələr var. Bu üsullar işləyir, amma ən effektiv tədris yolu budurmu? Bu sualın cavabı aradırılmalıdır”.

Hong Konglu müəllim Huinin fikrincə, bu cür fərdiləşdirmə müəllimlər üçün də faydalı ola bilər. “Tələbələr səmimilik və fərdi üslublara uyğunlaşan müəllimlər arzusundadırlar. Bu isə insan müəllimləri kurator - dərs planları yaradan, tələbələrə repetitorluq edən və ya qiymətləndirməyə kömək edən AI agentləri və LLM-lər daxil olmaqla, fərdiləşdirilmiş alətlər dəstinə nəzarət edən mövqeyinə gətirir. Hui vurğulayıb ki: “İnsan yenə də təhsildə çox vacib rol oynayacaq”.