TƏHSİLİN MARAQLI YÖNLƏRİ
Artıq 15 ildən çoxdur ki, texnoloji tərəqqinin və sürətli dəyişikliyin hökm sürdüyü dünyada vacib aspektlərdən biri kimi dəyərə əsaslanan təhsilə xüsusi diqqət yetirlir.
Bir çox ölkələrin hətta məktəbəqədər təhsil müəssisələrində bunun üçün xüsusi proqram hazırlanıb. Pedaqoqların fikrincə, bu təhsilin əsas məqsədi uşaqların gələcəkdə qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən daha asan gəlmələrinə kömək etməkdir. “Dəyərlər təhsili”nin təmin edə biləcəyi əsas üstünlüklərə uşaqlarda obyektiv təhlil, mühakimə və düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsi daxildir. Bu təhsil sayəsində uşaqlar sosial həyatın yazılı və yaxud yazılmamış qaydalarını daha asan anlayırlar.
Dəyər yönümlü təhsil məktəbəqədər mərhələdə müsbət dəyərləri və münasibətləri uşaqların şəxsiyyətlərinin bir hissəsinə çevirməyi əsas prioriteti sayır.
Daha yuxarı yaşlarda dəyər təhsilində insan hüquq və azadlıqları, Konstitusiya, əsas qanunlar, milli təhlükəsizlik, narkotiklərlə mübarizə, gender, sosial media və informasiya savadlılığı, davamlı inkişafla bağlı məlumatlar daxildir.
Dəyər təhsili sadəcə bilik verməklə işini bitmiş saymır, eyni zamanda uşaqlara həyatları boyu davranışlarını, seçim və hərəkətlərini istiqamətləndirən bir sıra əsas prinsipləri aşılayır. Dəyərlərə əsaslanan təhsil təkcə bilikli fərdlər deyil, həm də cəmiyyətə və bəşəriyyətə müsbət töhfə verəcək insanlar yetişdirməyi hədəfləyir.
Dəyər yönümlü təhsil uşağa nə verir?
Xarici təhsil saytları bu suala belə cavab verirlər:
- Xarakterin formalaşması:
Dəyər əsaslı təhsil şagirdlərdə obyektivlik, dürüstlük və empatiya kimi keyfiyyətlərin, doğru və yanlış hissinin inkişafına kömək edir. Bu keyfiyyətlər təkcə şəxsi inkişaf üçün deyil, həm də harmonik və mərhəmətli cəmiyyət qurmaq üçün vacibdir.
- Etik qərarların qəbulu:
Bugünkü mürəkkəb dünyada etik dilemmalar adi hal alıb. Dəyər təhsili uşaqlara hətta ən çətin vəziyyətlərdə belə etik qərarlar qəbul etmək bacarıqları öyrədir. Bu onları tənqidi düşünməyə və hərəkətlərin nəticələrini dərindən anlamağa sövq edir.
- Müxtəlifliyə hörmət:
Qloballaşan dünyada müxtəlif mənşəli və fərqli mədəniyyətlərdən olan insanlara eyni münasibət və hörmət göstərmək çox vacibdir. Dəyər əsaslı təhsil tolerantlığı, müxtəlifliyi qiymətləndirməyi və başqaları ilə əməkdaşlığı öyrədir.
- Empatiya və şəfqət:
Dəyər təhsili təhsilalanlara hər kəsə qarşı şəfqətli olmağı və empatiya qurmağı öyrədir. Bu keyfiyyətlər güclü şəxsiyyətlərarası münasibətlərin qurulması və sosial məsələlərin effektiv həlli üçün vacibdir.
- Liderlik və məsuliyyət:
Güclü əxlaqi dəyərlərə malik liderlər bütün zamanların tələbidir. Dəyərlər təhsili etika və məsuliyyətə əsaslanan liderlik keyfiyyətlərini inkişaf etdirir və gələcək liderlərin şəxsi mənfəətdən daha çox cəmiyyətin maraqlarını güdməsini öyrədir.
- Münaqişənin həlli:
Cəmiyyətdə münaqişələr və fikir ayrılıqları qaçılmazdır, lakin dəyər təhsili həm də münaqişələrin həlli bacarıqlarını aşılayır. Onlar daha ahəngdar bir cəmiyyət inkişaf etdirməyin istiqamətlərini, mübahisələrin dinc yolla həllni mənimsəyirlər.
- Stressin azaldılması:
Səbir və dözümlülük kimi dəyərləri anlamaq və tətbiq etmək təhsilalanlar arasında stress səviyyələrini əhəmiyyətli dərəcədə azalda bilər. Bu, öz növbəsində, daha yaxşı psixi sağlamlığa və təkmilləşdirilmiş akademik nailiyyətlərə imkan yaradır.
Dəyərlər təhsilində vurğulanmalı əsas məqamlardan biri də ünsiyyət bacarığının inkişafıdır. Bu təhsil çərçivəsində şagirdlərə sual vermək və müzakirə aparmaq bacarığının əhəmiyyəti izah olunur, gələcəkdə onların özlərini və fikirlərini sərbəst ifadə edə bilən şəxsiyyət kimi formalaşması hədəf götürülür. Qazanılan ünsiyyət bacarıqlarının real həyatda tətbiq və səmərəli istifadəsi vacib məqamlardan sayılır.