FİZİKA VƏ KİMYA LƏĞV OLUNMUR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Kurikulumların və dərsliklərin təkmilləşdirilməsi layihəsinin eksperti və dərslik müəllifi Yalçın İslamzadə ilə müsahibəmiz Təbiət fənninin məzmunda edilən dəyişikliklərlə bağlıdır.
- Son günlər növbəti dərs ilindən 6-cı siniflərdə biologiya və fizika fənlərinin proqramdan çıxarılacağı, əvəzində isə Təbiət fənninin tədrisinə başlanılacağı haqqında xəbərlər çox müzakirə olunur. Dəyişikliklərə görə narahat olanların iradlarına toxunmazdan öncə, söhbətə bir az uzaqdan - dərsliklərdə məzmun dəyişikliyini yaradan zərurətdən başlamaq istərdim.
- Dərsliklərdə məzmun dəyişikliyini zəruri edən səbəb inkişaf etmiş ölkələrin təhsil sistemlərində tətbiq olunan yeniliklər və bizim də bu yeniliklərlə ayaqlaşmaq istəyimizdir. PISA (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) və TİMSS (Riyaziyyat və Elm Tədqiqatında Beynəlxalq Trendlər) kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nəticələr əldə edən bəzi ölkələr bu nəticələri əldə etməzdən əvvəl müəyyən islahatlar aparıblar. Fin təhsili üzərə məşhur ekspert Pasi Salberq Harvard Universitetindəki çıxışında qeyd edir ki, Finlandiyanın PISA proqramındakı uğuru ölkə üçün sürpriz oldu. Həmin yüksək nəticəyə qədər Finlandiyada maraqlı tərəflər təhsil sistemindən narazı idilər və aparılmış islahatların belə yaxşı nəticə verəcəyini də gözləmirdilər. Finlandiyadan sonra bir neçə ölkə də yüksək nəticələr göstərdi və təhsil sistemini təkmilləşdirmək istəyən ölkələr üçün nümunə oldu. Nəticədə bizim üçün də qabaqcıl ölkələrin təcrübəsini öyrənmək imkanı yarandı.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi Azərbaycan təhsil sistemi qarşısında mütərəqqi təhsil sistemləri ilə ayaqlaşmaq tələbi qoyur. Bu sənədin tələblərindən irəli gələn və qabaqcıl təhsil sistemlərini təhlil etmək və onlara uyğunlaşmaq üçün zəruri olan addımlardan ibarət plan quruldu. Nəticə, Fənn kurikulumlarının və dərsliklərinin təkmilləşdirilməsi layihəsi, beynəlxalq qiymətləndirmə proqramlarında ardıcıl olaraq yüksək nəticələr göstərən Sinqapurun qabaqcıl nəşriyyatları ilə əməkdaşlıq, bu əməkdaşlığın da nəticəsi Həyat bilgisi fənninin məzmununa təbiət fənlərinə dair anlayışların daxil edilməsi, 5-ci və 6-cı siniflər üçün Təbiət fənni kurikulumlarının və dərsliklərinin yazılması və yuxarı siniflər üçün də eyni addımların atılmasının nəzərdə tutulmasıdır.
Bütün bu dəyişiklikləri zəruri edən isə həmin ölkələrdə islahatlardan əvvəl mövcud olan problemlər idi. İki əsas problem:
1) dünya miqyasında STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat biliklərinə əsaslanan ixtisas sahələri) sahələri üzrə mütəxəssislərə tələbin ciddi şəkildə artması fonunda yuxarı siniflərdə STEM ixtisaslarını seçən şagirdlərin nisbətinin kəskin azalması və 2) şagirdlərin orta məktəbdə öyrəndikləri biliklərdən məktəbdən sonra həyatda istifadə edə bilməmələri idi.
- Bir yeni fənn iki köhnə fənni əvəz etmək üçün kifayətdirmi?
- Əslində məsələ fizika və biologiyanı Təbiət fənni ilə əvəz etmək kimi qoyulmayıb. Koqnitiv inkişaf mərhələləri nəzərə alındıqda 6-cı sinif şagirdlərinə fizika və biologiya fənlərini öyrətmək tezdir və effektiv olmayan praktikadır. Qabaqcıl ölkələrdə 6-cı siniflərdə fizika, kimya və biologiyanın tədris olunduğunu görmək mümkün deyil. Beynəlxalq praktikada “Science” adlandırılan Təbiət fənni təbiət elmlərinin “böyük ideyalarını” bir fənn daxilində və koqnitiv inkişaf mərhələlərinə uyğun şəkildə təqdim edərək şagirdləri fizika, kimya və biologiyanı öyrənməyə hazırlamaq mərhələsidir. Dəqiq elmlər ayrı-ayrı fənlər olaraq yuxarı siniflərdə tədris olunmağa başlanır.
- Bu dəyişikliklərin şagirdlərə nə faydası olacaq?
- Burada məqsəd öyrətmə prosesinə “Sakit oturun, tərpənməyin, hazır bilikləri biz sizə transfer edəcəyik” yanaşmasından qaçmaqdır. Öyrənmə o zaman baş tutur ki, öyrənən tərəf də prosesdə iştirak edir. Şagirdlərin aktiv iştirakını təmin etməklə onların proses bacarıqları və mühakimə qabiliyyətləri inkişaf edəcək, nəticədə şagirdlər yuxarı siniflərdə dəqiq elmləri daha yaxşı mənimsəyəcəklər. Şagird prosesdə iştirak etməyə dəvət olunduğunu, öyrənmə prosesində iştirakının təmin olunduğunu, yaşına uyğun formada təqdim olunan mövzunu anladığını, öyrəndiyi anlayışlarla az-çox mühakimə apara bildiyini gördükdə öyrənmək üçün daha çox motivasiya olunacaq.
- Xarici ölkələrin təcrübəsində bu fənlərin tədrisi necə aparılır?
- Xarici təcrübədə Təbiət fənni tədrisində müəyyən çərçivə qəbul edilir. Çərçivənin bir tələbi şagirdin yaşına uyğun gələn koqnitiv bacarıqlardır. Bu yaşdakı şagirdlər uzun formal girişləri, mürəkkəb akademik tərifləri, abstrakt anlayışları və onlar arasındakı mürəkkəb kəmiyyət və keyfiyyət əlaqəsini anlamaqda, təbii olaraq, çətinlik çəkirlər. İndiyə qədər olduğu kimi, bundan sonra da bu yanaşmada israr edilsə, şagird dəqiq elmlərin çətin olması qənaətinə gələcək. Buna görə də mümkün qədər şagirdə tanış olan situasiyalardan istifadə etmək, yeni bir mövzu öyrədilərkən onun malik olduğu bilikləri nəzərə almaq və ümumiləşdirmələri konkret misallardan sonra induktiv yolla təqdim etmək lazımdır. İkinci tələb, spiral kurikulumun tətbiq olunmasdır. Heç kim yeni mövzu ilə ilk dəfə qarşılaşdıqda onu tam mənimsəmir. Ona görə də seçilmiş böyük ideyalar, izahetmə dairəsi geniş olan fundamental anlayışlar şagirdə təhsil müddətində bir neçə dəfə, hər dəfə daha mürəkkəbləşdirilərək təqdim olunur.
Digər tələb şagirdin öyrənmə prosesində iştirakının təmin olunmasıdır. Bu yaşdakı şagirlər prosesdə iştirak etmədikdə bir neçə dəqiqədən sonra artıq diqqətlərini müəllimə cəmləşdirə bilmirlər. Müxtəlif bloklardan, məsələn, motivasiya sualları, qrup müzakirələri və fəaliyyətlərdən istifadə edərək öyrənmə prosesində şagirdin iştirakı təmin olunmalıdır.
Bütün bu tələblər müəyyən ardıcıllıqla yerinə yetirilməlidir. Bu isə dərsliyin hazırlanmasıi zamanı mövzunun strukturu üzərinə tələblər qoyur. Belə olmasa, dərslik faktoloji məlumatlardan ibarət olsa, şagirdlərə məhsuldar suallar verib cavab almaq da mümkün olmayacaq. Çünki, məhsuldar suallar soruşmadıqda şagirdin mövzunu anlayıb-anlamadığını ölçmək mümkün deyil.
Xarici dərsliklərdə informasiyanın həcminin çoxluğundan və həddən artıq akademik olmasından çox, “user friendly”(istifadəçiyönlü-red) olmasına çalışılır ki, şagirdlər açıq suallara da cavab verə bilsinlər və mühakimə aparmaq bacarıqları inkişaf etsin. Biz indiyə kimi daha çox faktoloji biliklərə üstünlük vermişik, daha çox prosedural bacarığın sadəcə bir xəttini, məsələ həllini inkişaf etdirmişik. Konseptual biliyin inkişaf etdirilməsi arxa planda qalıb.
- Sizcə, bu yeniliklər repetitorluğun daha da genişlənməsinə səbəb ola bilərmi? Ümumiyyətlə repetitorluğun mövcudluğu fənlərin məzmunu ilə nə qədər bağlıdır?
- Repetitorluğun geniş yayılmasının səbəblərindən biri hazırki dərsliklərin islahatlardan əvvəlki anlayışla yazılmasıdır. Dərsliklərdə qlobal miqyasda da oxşar problem müşahidə olundu: müəlliflər şagirdlərin gələcəkdə alim olacaqlarını düşünərək mövzuları mümkün qədər “rəsmi”, akademik formada, fizikaya həmin an üçün məlum olan bütün bilikləri yığmaqla yazmağa çalışmışdılar. Belə dərsliklər təhsil sisteminin maraqlarına cavab vermir. Çünki fizika dərsləri keçən şagirdlərin ən çoxu 5%-i fizik olur. Dərslik yazarkən mühəndis olacaq, peşə məktəblərinə gedəcək, məktəbdən sonrakı həyatda XXI əsr bacarıqlarından biri kimi elm savadına ehtiyac duyacaq şagirdlər də nəzərə alınmalıdır.
Düşünürəm ki, yeni dərsliklər şagirdlərə və təbiət fənlərini tədris edən müəllimlərə daha “yaxın” olmaqla bu problemin həllinə kömək edəcək. Ancaq bu, bir az zaman tələb edən məsələdir.
- Pilot dərsliyin tətbiq olunduğu məktəblərdən gələn reaksiyalar necədir? Dərsliklə bağlı hər hansı təkliflər oldumu?
- Biz müəlliflər olaraq pilot layihələrdə 5 və 6-cı siniflərdə Təbiət fənni dərslərini keçən müəllimlərlə bir qruplardayıq. Həmçinin, Təhsil İnstitutunun əməkdaşları mütəmadi olaraq dərslərin monitorinqini aparır, rəy və təklifləri bizimlə bölüşürlər. Əlavə olaraq, dərsliyin ilk versiyası hazır olduqda Elm və Təhsil Nazirliyi tərəfindən DİM, Elmlər Akademiyası və digər qurumlardakı mütəxəssislərə göndərilir. Onların rəylərini də alırıq. Belə ümumiləşdirmək olar ki, şagirdlər dərslərdə daha aktiv iştirak edirlər. Rəylər arasında konstruktiv rəylər olur ki, onlar bizə ikinci oxunuşda materialı təkmilləşdirməyə kömək edir. Fürsətdən istifadə edib pilot mərhələsindəki müəllimlərə və rəylərini əsirgəməyən bütün qurumlara və onların əməkdaşlarına təşəkkür edirik.
- Yuxarı siniflərin fizika, biologiya, coğrafiya və kimya dərsliklərinin məzmun dəyişikliyi ilə bağlı hansı işlər görülür?
- Kurikulumların və dərsliklərin təkmilləşdirilməsi layihəsi yuxarı siniflərin təbiət fənlərini, kimya, biologiya, fizika və coğrafiyanı da əhatə edir. O sahələrdə də Sinqapurla əməkdaşlıq çərçivəsində kurikulumlar təkmilləşdirilir və yeni dərsliklər yazılır. Çalışırıq ki, müasir dövrün tələblərini nəzərə alaq. Bu tələblər təbiət fənləri kurikulumları ilə riyaziyyat biliklərinin sinxronlaşdırılması, məzmunun qismən azaldılaraq daha dərindən öyrədilməsi, şagirdə aktual situasiyalarda biliklərin təqdim olunması və koqnitiv feillərin sadəcə bir neçəsindən deyil, hamısından istifadə olunmasıdır ki, şagirdlər elmin sadəcə sinif otağı və dərsliklərlə məhdud olmadığına əmin olsunlar.
- Təbiət fənlərində son bir neçə əsrdə baş verən inqilabi yeniliklər insan rifahını artırıb, maddi-texniki inkişafın lokomotivi rolunu oynayıb. Biz həm də yaşadığımız dünyanı və kainatı daha dərindən və geniş perspektivdə anlamağa başlamışıq. Lakin heç bir inkişaf problemsiz baş vermir. Pandemiyalar, qlobal iqlim dəyişiklikləri, ətraf mühitin çirklənməsi, enerji və qida təminatı da həllini gözləyən təcili problemlərdəndir. Bundan başqa, XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı nəticəsində informasiya kirliliyi də ciddi miqdarda artıb. İndi elm həm də elm savadı bacarığı ilə informasiya kirliliyinə qarşı vaksin kimi istifadə olunur. Tənqidi təfəkkürün inkişafı rasional qərar almaq üçün ilk şərtdir. Tənqidi təfəkkür isə elm savadı ilə inkişaf edir. 5-ci və 6-cı siniflərdə tədris olunan Təbiət fənninin və bu fənnin yuxarı siniflərdə dəqiq elmləri daha yaxşı mənimsəmək üçün hazırladığı münbit zəminin şagirdlərimizin Dövlət Strategiyası sənədində nəzərdə tutulduğu kimi bilikli, bacarıqlı və effektiv vərdişləri olan səriştəli vətəndaşlar olmalarına ciddi töhfə verəcəyini düşünürəm.
- Söhbətə başlayanda şərtləşmişdik ki, Təbiət fənninin tədrisi ilə bağlı mətbuatda açıqlanan bəzi narahatlıqlara da münasibət bildirəcəksiniz...
- Açığı mətbuatdakı və sosial şəbəkələrdəki iradların əksəriyyətinin əsaslandırılmamış olduğunu düşünürəm. Xüsusilə mətbuat orqanları yanlış təsəvvür oyatmamaq üçün ehtiyatsız, səthi yanaşmaları sirkulyasiyaya daxil etməməlidirlər. Tövsiyə edirəm ki, obyektiv münasibət üçün strateji sənədlə, Nazirlər Kabinetinin müvafiq qərarları ilə, beynəlxalq mütərəqqi təcrübədəki yeniliklərlə və nəhayət dərsliyin özü ilə tanış olsunlar, sualları varsa nazirliyə müraciət etsinlər və bütün bu informasiyanı eyni anda nəzərə alıb obyektiv xəbər hazırlasınlar. Təbiət fənnini köhnə Təbiətşünaslıq fənninin geri qaytarılması kimi qəbul edənlər də var. “Təbiət” 5 və “Təbiət” 6 fənləri keçmişə qayıdış və ya fizika və kimyanın ləğvi deyil. Təhsil sistemində keyfiyyətcə yeni və zəruri mərhələdir.