TƏLİM PROSESİNDƏ TƏNQİDİ VƏ YARADICI DÜŞÜNMƏ BACARIQLARININ ROLU


YEGANƏ HÜSEYNZADƏ




Düşüncə insanın dünyaya gəlməsi ilə başlayan və sonrakı dövrdə birbaşa və ya dolayısı ilə inkişaf edə bilən unikal insan keyfiyyətidir. Bu təfəkkür imtiyazına görə insanlar digər canlılardan fərqli olaraq özü haqqında düşünməyə başlayaraq varlığının mənasını və səbəbini dərk edib və bu yolla əldə etdikləri biliklər onlara öz gələcəklərini müəyyən etmək hüququ və fürsəti verib. Məhsuldar, məqsədyönlü və şüurlu düşüncə səmərəli öyrənmənin mərkəzindədir. Düşüncə bacarıqlarının ardıcıllığını tətbiq etməklə öyrənənlər problemlər, yeni məlumatlar və ideyalarla qarşılaşdıqda istifadə edə biləcəkləri prosesləri getdikcə daha dərindən dərk edirlər. Bundan əlavə, biliklərin mütərəqqi inkişafı və düşüncə strategiyalarından istifadə şagirdlərin öz öyrənmə və idarəetmə motivasiyasını artıra bilər. Bunun sayəsində şagirdlər problemlərin həllində və çətin situasiyalarda daha inamlı və müstəqil olurlar. XXI əsrdə sürətlə dəyişən dünyanı və prosesləri nəzərə alaraq deyə bilərik ki, bu dövrdə şagirdlərdən xüsusilə tələb olunan bacarıqlardan biri də onların yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişafı yönündədir. Hadisəyə yaradıcı tərəfdən yanaşıb düzgün təhlil edən və nəticə çıxara bilən şagirdlər həyatlarının sonrakı dövründə də bundan müvəffəqiyyətlə istifadə edir və istedadlı şəxsiyyət kimi yetişirlər. Məqalədə tənqidi və yaradıcı düşünmə bacarıqları ayrıayrılıqda təhlil olunub və onların təlim prosesindəki roluna diqqət yetirilib.

GİRİŞ

Hazırkı mürəkkəb və dinamik dünyada yaradıcı və tənqidi düşünmək qabiliyyəti daha mühüm əhəmiyyət kəsb edir. Bu iki idrak bacarığı tez-tez insan zəkasının və yeniliyinin təməli kimi qəbul edilir. Yaradıcı düşüncə bizə yeni ideyalar yaratmağa, imkanları təqdim etməyə və problemlərə unikal perspektivlərdən yanaşmağa, tənqidi düşüncə isə məlumatları qiymətləndirməyə və əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir. Bu bacarıqların məktəblərdə uşaqlara kiçik yaşlarından başlayaraq aşılanması, test materiallarının və öyrənmə prosesinin bunun üzərində qurulması böyük əhəmiyyətə malikdir. Şagirdlərin hələ kiçik yaşlarından etibarən düşünmələrinə, analiz etmələrinə və öz fikirlərini müstəqil şəkildə ifadə etmələrinə şərait yaratmaq özünə inam hissinin artırılmasına gətirib çıxaracaqdır. Bu sahədə aparılan tədqiqatlar da sübut edir ki, düşüncə prosesi, həqiqətən də zamanla inkişaf etdirilə bilən bacarıqdır. Tənqidi və yaradıcı düşünmənin hazırkı dövrümüzdə daha aktual bir mövzu olduğunu nəzərə alsaq, bu bacarıqların şagidlərdə inkişaf etdirilməsi işinin təkmilləşdirilməsi və onların təlimdə hansı müsbət nəticələrə gətirib çıxara biləcəyi də daim tədqiqatçıların diqqət mərkəzində olmalıdır.

Təhsil anlayışı haqqında deyilən fikirlər, tədqiqatlar və irəli sürülən fərziyyələr birbirindən fərqlənir. Albert Eynşteyn təhsil anlayışını bu cür ifadə edib: “Təhsil faktları öyrənmək deyil, ağlı düşünməyə təşviq edən təlimdir” (Tiong and Bakar, 2022). O iddia edirdi ki, bir insanın öyrənmək üçün məktəb və ya kollec təhsili almasına ehtiyac yoxdur. Məktəb və ya kollec təhsilinin məqsədi: dərsliklərin edə bilməyəcəyi şəkildə düşünməyi öyrətmək, eləcə də inteqrasiya olunmuş dərketmə qabiliyyətini və bilikləri ağılla tətbiq etmək bacarığını inkişaf etdirməkdir. Bunlar bizim bu gün də arzuladığımız təhsil mədəniyyətinin əsas aspektləridir.

Dinamik inkişaf edən təhsil sahəsində öyrənmə paradiqmaları bilik əldə etməyin əzbərləmə və standart qiymətləndirmələrdən kənara çıxdığını qəbul etməklə ciddi dəyişikliklərə məruz qalır. Bu transformasiyanın mərkəzində tənqidi və yaradıcı düşünmə bacarıqlarının qarşılıqlı əlaqəsi dayanır. Bu təkcə təhsil mənzərəsini yenidən təsəvvür etməyib, həm də intellektual imkanların yeni dövrünü ifadə edən iki sütunu formalaşdırır.

TƏNQİDİ DÜŞÜNCƏ

İnsanların sahib olduğu ən əsas qabiliyyətlərdən biri də tənqidi düşünmək qabiliyyətidir. Onlar tənqidi təfəkkür vasitəsilə təbiəti analiz edir, araşdırır, özü və təbiət arasında mənalar yaratmağa çalışır. Tənqid etimoloji cəhətdən yunanca “critic” və ya “kritike” sözlərindən yaranan və “ciriticus” kimi latın dilinə keçdikdən sonra tədricən müxtəlif dillərdə “mühakimə sənəti” mənasında istifadə olunmağa başlayan anlayışdır. Bu mühakimə sənəti çərçivəsində düşüncəni təkmilləşdirmək cəhdlərinin e.ə. 600-cü ildə Sokrat tərəfindən edildiyi məlumdur (Erkan Şenşekerci, Asude Bilgin, 2008).

Təhsil müəssisələrinin əsas funksiyalarından biri insanın düşüncə qabiliyyətini inkişaf etdirməkdən ibarətdir. Bu gün inkişaf etməkdə olan ölkələrin təhsil sistemləri ilə bağlı ən çox tənqid edilən məsələ odur ki, dərs materialları tənqidi düşünmə bacarıqlarının inkişafına imkan verəcək şəkildə hazırlanmır.

Son zamanlarda təhsil proqramlarında tənqidi təfəkkür bacarıqlarının və tənqidi şüurun inkişaf etdirilməsi, həmçinin müasir insanların reallıqlarını dərk etmək və dəyişdirmək üçün tənqidi təfəkkürün inkişafının öyrənilməsi zəruri olub. Bunun nəticəsidir ki, son illərdə tənqidi düşüncə ilə bağlı eksperimental və təsviredici tədqiqatların sayı sürətlə artıb.

Şagirdləri tənqidi düşünməyə həvəsləndirmək başqa biliklərlə yanaşı, onlara fikirləri faktlardan ayırmağa, sübutları qiymətləndirməyə, səthi və irrasional düşüncədən qaçmağa kömək edir. Bu yanaşma manipulyasiyanın qarşısını almaq üçün çox vacibdir. Bu həmçinin intellektual müstəqilliyin və yaradıcılığın inkişafına imkan verir (Forrester, Julie, 2009).

Tənqidi düşüncə ömür boyu öyrənmənin bir hissəsidir. O, şagirdlərə yaradıcı düşünməyə kömək edir. Bu, onların mühakimələrinin, qiymətləndirmələrinin və problem həll etmə qabiliyyətlərinin inkişafına səbəb olur. Paul və Elderə (2002) görə, tənqidi düşüncə şagird nailiyyətlərini artırır. Fikirləri necə təhlil etməyi və tənqid etməyi bilən təhsilalanlar fənlər arasında əlaqə qurmağı, bilikləri gündəlik həyatda tətbiq etməyi, habelə məzmunu daha dərin və uzunmüddətli səviyyədə başa düşməyi bacarırlar.0

Tənqidi düşüncə şagirdlərin intellektual inkişafına, problem həll etmə qabiliyyətinə və ümumi akademik göstəricilərə təsiri sayəsində təhsilin təməli kimi qəbul edilir. Tənqidi düşüncə, əsasən, mühakimələr yaratmaq və qərarlar qəbul etmək üçün məlumatların, arqumentlərin və sübutların sistematik təhlilini əhatə edir.

Bildiyimiz kimi, hazırda dünya çox sürətlə inkişaf edir və dəyişir. Bütün bunları nəzərə alaraq insanların problem və məsələlərə yanaşması da əvvəlki dövrlərdən fərqli olmalıdır. Tənqidi düşüncənin inkişafı bu sahədə şagirdləri müasir dünyanın ehtiyac və çətinliklərini araşdırmaq, təhlil etmək və nəticə çıxarmaq üçün vacib olan bacarıqlarla təchiz edir. İnformasiya bolluğu ilə xarakterizə olunan bir əsrdə təhsilalanlar etibarlı mənbələri seçmək, qərəzli fikirləri dəyərləndirə bilmək bacarığına yiyələnməlidirlər. Elə bu zaman tənqidi düşüncə şagirdlərə şəxsi, peşəkar və akademik kontekstlərdə düzgün seçimlər etməyə kömək edərək onlara ziddiyyətli fikirləri müəyyən etməyə, fakt və düşüncələr arasında fərq qoymağa imkan verir.

Tənqidi düşüncə, həmçinin şagirdlərdə müstəqil qərarlar almaq və azad ruhun formalaşması üçün stimul rolunu oynayır. Müəllimlər şagirdləri qəlibləşmiş fikirlərə meydan oxumağa, fərziyyələri sorğulayıb daim alternativ həll yolları axtarmağa təşviq etdiyi zaman onlarda
həyata və ətrafda baş verən hadisələrə qarşı maraq yaratmış olur. Bu cür düşüncənin formalaşdırılması təkcə keçilən mövzuların yaxşı mənimsənilməsinə deyil, həmçinin dərsdənkənar fəaliyyətlərin icrasında və ömürboyu öyrənmədə şagirdlərə dəstək olur. 

Bundan əlavə, problemlərin effektiv şəkildə həll olunmasında tənqidi düşüncənin rolunu vurğulamaq mütləqdir. Bu gün şagirdlərdən tələb olunan sadəcə olaraq onların müəyyən standart testləri həll etməsi deyil. Məsələ və ya problemlərin nəzərdən keçirilməsi və xüsusi bir struktur əsasında sistematik həlli, təhlil və analiz edilməsi onların inkişafı üçün vacib bir amildir. Yalnız bu cür metodik və adaptiv yanaşma şəkli peşəkar karyera uğuruna, eyni zamanda cəmiyyətin tələbatlarını ödəyən gənclərin yetişdirilməsinə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, tənqidi düşüncə təhsildə böyük əhəmiyyətə malikdir, çünki o şagirdlərə məlumatları tənqidi qəbul etməyə, müstəqil düşünməyə və mürəkkəb problemləri effektiv şəkildə həll etməyə imkan verir. Müəllimlər tənqidi düşünmə bacarıqlarını inkişaf etdirərək şagirdləri akademik müvəffəqiyyətə hazırlamaqla yanaşı, onları uğur qazanmaq üçün lazım olan intellektual vasitələrlə təchiz edirlər.

YARADICI DÜŞÜNCƏ

Yaradıcılıq elmlərin inkişafına baxmayaraq müəyyən edilməsi və ortaq bir izahla ifadə edilməsi çətin olan anlayışlardan biridir. Çoxölçülü bir məfhum olan yaradıcılıq anlayışı tədqiqatçılar tərəfindən fənlərə, məktəblərə, yanaşmalara və müvafiq fənnin xüsusiyyətlərinə görə müxtəlif baxış bucaqlarından çıxış edir və ədəbiyyatda müxtəlif formalarda müəyyən edilir (Yeşilyurt, 2020). Latınca “creare” sözündən əmələ gələn yaradıcılıq məfhumunun qərb dillərindəki qarşılığı “kreativitaet, creativity” olaraq adlandırılır və “yaratmaq, doğurmaq, meydana gətirmək” mənasında işlənir (San, 2004). Yaradıcılıq qəlibləri qırmaq, adi olandan kənara çıxmaq, başqalarının təcrübələrinə açıq olmaq, təlqin edilmiş düşüncə xəttini qırmaq, bilinməyənə doğru addım atmaq, problemə alternativ həllər düşünmək və yeni bir şey yaratmaqdır (Rıza, 2000). Bununla əlaqəli olaraq Craft (2003) yaradıcılığı ömür boyu davam edən bir bacarıq kimi izah edib və özünü ifadəetmə, zəka və xəyal gücünü istifadə edə bilmə olaraq adlandırıb. Yaradıcılıq sadəcə orijinal və yeni bir məhsul ortaya qoymaq deyil, mövcud bilgilərdən yeni sintez yaratmaq, problemlərə yeni alternativ həll yolları tapmaq, yeni situasiyalara uyğunlaşmaqdır (Karataş ve Özcan, 2010).

Tədqiqatlar göstərir ki, yaradıcı insanlar başqaları ilə ünsiyyət qurmaqda digərlərinə nisbətən daha uğurludurlar (Gafour, Ola & Gafour, Walid, 2020). Onlar həmçinin daha yaxşı dinləyicidirlər. Yaradıcı insanlar, eyni zamanda açıq fikirlidirlər və yeni həllər təqdim etməkdən, ideyaları analiz etməkdən çəkinmirlər. Risk etmək, problemlərlə üzləşmək yaradıcı düşünə bilənlər üçün bir şans kimi görünür. Onlar yeni yolların, ideyaların, texnikaların kəşf edilməsinin riskə getmədən imkansız olduğu qənaətindədirlər, buna görə də bu vəziyyətlərdə cəsarətli addım atmaqdan qorxmurlar.

Yaradıcı düşüncə şagirdlərə fərqli qavrayışlardan və anlayışlardan istifadə etmək imkanı verir. Yaradıcı düşünə bilən şagirdlər problemləri həll etmək üçün, vasitələr də daxil olmaqla, müxtəlif üsullardan istifadə edirlər. Onlar konkret şəraitdə yeni fikirlər yaratmağı və tətbiq etməyi, mövcud vəziyyətləri yeni yollarla başa düşməyi, alternativ izahatlar tapmağı və yaradıcı düşüncə ilə faydalı nəticələrə səbəb olan yeni əlaqələr qurmağı öyrənirlər (Tiong və Bakar, 2022).

Təhsil kontekstində yaradıcı düşüncə böyük əhəmiyyətə malikdir. Belə ki, o, şagirdlərdə yeniliyi, problem həll etmə bacarıqlarını və uyğunlaşmanı təşviq edir, onları cəmiyyətə adaptasiya olmağa hazırlayır. Təhsildə yaradıcılıq bədii ifadədən kənara çıxır; orijinal fikirlər yaratmaq, problemlərə müxtəlif perspektivlərdən yanaşmaq və mürəkkəb problemlərə qeyri-ənənəvi həll yolları tapmaq qabiliyyəti ilə xarakterizə edilir. Getdikcə dinamikləşən və yumşaq bacarıqların ön planda tutulduğu bir dünyada yaradıcı düşünmə qabiliyyəti şagirdlərin həm akademik, həm də gələcək karyeralarında uğur qazanması üçün vacibdir.

Problemlərə fərqli prizmalardan yanaşa bilmək qabiliyyəti yaradıcı düşüncənin əsas cəhətlərindən biri hesab olunur. Əzbərləməkdən və ya standartlaşdırılmış testlərdən fərqli olaraq, yaradıcı düşüncə şagirdlərə qeyri-ənənəvi həllər tapmağa və ənənəvi çərçivələrdən kənarda düşünməyə imkan verir. Bu yalnız problem həll etmə bacarıqlarını deyil, həmçinin intellektual çevikliyi və sürətli düşünməni inkişaf etdirir.

Yaradıcı düşüncə fənlərarası inteqrasiya vasitəsilə şagirdlərə nəzəri biliklərini praktikada tətbiq etməyə, müxtəlif fənlər arasındakı əlaqələri araşdırmağa kömək edir. Bu inteqrasiya sayəsində müəllimlər şagirdləri əlavə materiallarla təmin edib onların sinifdənxaric oxu nümunələri və fəaliyyətlərlə məşğuliyyətinə şərait yaradırlar. Nəticədə, müxtəlif media vasitələri və resurslarla təchiz olunmuş şagirdlər bilik və bacarıqlarını yaradıcı şəkildə dünyəvi hadisələrə tətbiq edə və öyrənə bilirlər.

Yaradıcı düşüncə, həmçinin özünü ifadə etməyi təşviq edir, şagirdlərə özünəməxsus istedadlarından istifadə etməyə, maraq dairələrini və gələcək perspektivlərini müəyyənləşdirməyə imkan verir. İncəsənət, yazı, dizayn və digər vasitələrlə yaradıcı ifadə üçün imkanlar təmin etməklə təhsil şagirdlərdə özünə inam, özünüdərk və müstəqillik hissini inkişaf etdirir. Bu təkcə onların akademik iştirakını artırmaqla qalmır, həm də onları müasir cəmiyyətin problemlərini yaradıcı və empatik şəxsiyyət kimi idarə etmək üçün lazım olan bacarıq və düşüncə tərzi ilə yetişdirir.

NƏTİCƏ

Nəticə etibarı ilə, yaradıcı və tənqidi düşünmə bacarıqları müasir dünyanın problemlərini həll etmək üçün əvəzsiz vasitədir. Bu bacarıqların arxasında duran psixologiyanı başa düşmək bizim yenilik etmək, problem həll etmək və əsaslandırılmış qərarlar qəbul etmək qabiliyyətimizin əsasında duran mürəkkəb prosesləri ortaya qoyur. Bu bacarıqların inkişaf etdirilməsi təkcə şəxsi prioritet deyil, həm də ictimai bir zərurətdir.

Təhsil sistemlərinin bu bacarıqları erkən yaşlarından inkişaf etdirməyə üstünlük verməsi vacibdir. Marağın təşviqi, tədqiqat imkanlarının təmin edilməsi və metakoqnitiv strategiyaların öyrədilməsi yaradıcı və tənqidi düşünən bir nəsil üçün zəmin yarada bilər. Bundan əlavə, davamlı peşəkar inkişaf və yenidən hazırlıq proqramları insanlar üçün hər yaşda əlçatan olmalı və ömürboyu öyrənmə mədəniyyətinin formalaşmasına kömək etməlidir.

Rəyçi: Müseyib İlyasov, professor

İstifadə edilmiş ədəbiyyat

1 Craft, A. (2003). Creative thinking in the early years of education, Early Years: An International Journal of Research and Development, 23(2), 143-154.
2 Şenşekerci, E., Bilgin, A. (2008). Eleştirel Düşünme ve Öğretimi.Uludağ Üniversitesi Fen- Edebiyat Fakültesi Sosyal Bilimler Dergisi. 9 (14), 15-43
3 Forrester, J. (2009). Thinking Creatively; Thinking Critically. Asian Social Science. 4. 10.
4 Gafour, O., & Walid, G. (2020). Creative Thinking skills-A Review article. 
5 Karataş, S., ve Özcan, S. (2010). Yaratıcı düşünme etkinliklerinin öğrencilerin yaratıcı düşünmelerine ve proje geliştirmelerine etkisi, Ahi Evran Üniversitesi Eğitim Fakültesi Dergisi, 11(1), 225-243.
6 Meyers, C. (1986). Teaching Students to Think Critically. San Francisco. Jossey-Bass
7 Paul, R.W., Elder, L. (2002). Critical thinking: Tools for takings charge of your professional and personal life. Financial Times Prentice Hall, June 13, 2002, 0-13-064760-8, 384.
8 Rıza, E.T. (2000). Kalıplaşma ve yaratıcılık, Yaşadıkça Eğitim, 65, 4-7.
9 San, İ. (2004). Sanat ve eğitimi: Yaratıcılık, temel sanat kuramları, sanat eleştirisi yaklaşımları, Ankara:Ütopya Yayınları. 160.
10 Tiong and Bakar. (2022). The Engagement of Critical and Creative Thinking. ASEAN Journal of Educational Research and Technology 1(2) (2022) 139-146.