TƏNQİD ANALİTİK TƏFƏKKÜRÜN ƏSAS TEXNİKASIDIR




Gündəlik həyatda bir çox problemlərlə qarşılaşırıq. Kimi bunu effektiv yollarla aradan qaldırır, kimi isə problemin qarşısında aciz qalır. Problemlərin effektiv həlli üçün hansı keyfiyyətlər tələb olunur və bu bizə nə verir?

Problemləri asanlıqla həll edən insanları fərqləndirən əsas keyfiyyət onlarda analitik düşünmə bacarığının olmasıdır. Bəzən bu keyfiyyətin yalnız beyninin sol yarımkürəsi inkişaf etmiş insanlarda müşahidə olunduğu vurğulanır. Amma bu, yanlış yanaşmadır.

Analitik düşüncə və təfəkkür nədir?

Məşhur amerikalı psixoloq Robert Sternberqin fikrincə, analitik düşünmə bacarığı qarşıya çıxan problem və ya məsələni kiçik hissələrə ayırmaqla həll etmək qabiliyyətidir. Tənqidi təfəkkür problemi hissələrə bölmək, bu hissələri anlamaq, problemin həlli istiqamətində addımları izah etmək, bir neçə variantı müqayisə etmək, araşdırmaq və qiymətləndirmək bacarığıdır.

İnkişaf etmiş analitik düşüncə qabiliyyətinə malik insanlar nə qədər mürəkkəb problemlərlə qarşılaşsalar da, həmişə həll yolunu tapırlar. Analitik düşüncə ilə istənilən məlumatın və ya hər hansı bir davranışın doğru olub-olmadığını müəyyən etmək mümkündür. Problemləri sağlam düşüncə ilə həll etmək, zehni düzgün yönləndirmək analitik düşünmə bacarıqlarının inkişafından asılıdır.

Problemlərin həllində prioritetlərin müəyyən edilməsi, praktik həllərin tapılması, planların həyata keçirilməsi, uzaqgörənlik və ya uzaq perspektivi görmə qabiliyyəti analitik düşüncənin mövcudluğunu göstərən nümunələrdir.

Bütün bu keyfiyyətlər insanda tənqidi təfəkkür və məlumatların təhlili qabiliyyətinin olmasını tələb edir.

Mürəkkəb problemlərin həllində ilk addımlardan biri TƏDQİQAT aparmaqdır. Tədqiqat vasitəsi ilə problem haqqında daha ətraflı məlumat əldə etmək və praktik həllər tapmaq mümkündür.

Problemi müəyyən etmək, düzgün həll yolunu tapmaq, onu qiymətləndirmək, bir sözlə, hər mərhələdə araşdırma aparmaq böyük əhəmiyyətə malikdir.

Məlumatların TƏHLİLİ texnikası böyük məlumatları daha kiçik parçalara ayırmağa imkan verir. Beləliklə, müvafiq hədəf üçün atılacaq addımlarda risk nisbəti azalır. Tədqiqat və məlumatların təhlilindən sonra problemin həllinin hər mərhələsində TƏNQİDİ DÜŞÜNMƏ texnikası da vacibdir. Hər hansı məhsul və ya xidmət haqqında tənqidi münasibətin bildirilməsi məqsədə çatmaq üçün yeni həll yolları tapmağa və çatışmazlıqları aradan qaldırmağa kömək edir.

Psixoloqlar deyir ki, tənqid analitik təfəkkürün əsas texnikasıdır. “Tənqid” mənfi məzmunlu bir proses kimi asossiasiya olunsa da, əslində bir hadisəni bütün müsbət və mənfi cəhətləri ilə qiymətləndirməkdir. Deməli, tənqid etməklə problemin mənbəyini müəyyən etmək mümkündür.

 Şəxsi inkişaf mütəxəssisləri və psixoloqlar problemləri müəyyən etmək, onları alt qruplara bölmək və hərəkətə keçmək üçün çox vacib olan analitik düşünmə bacarıqlarını inkişaf etdirməyin müxtəlif üsul və texnikalarını təklif edirlər:

 Mütaliə; təxəyyülü inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir və zehni daha yaxşı çalışmağa məcbur edir.

Riyazi məsələlər həll etmək; doğru addımlarla nəticəyə ən qısa zamanda çatmağı hədəfləyir. O, əsaslandırma, ədədi məlumatlardan istifadə və diqqət toplama kimi bir çox bacarıqların formalaşmasına yardım edir.

Sudoku, krossvord və şahmat kimi zehni oyunlar həm əyləncəli, həm də düşünməyə stimul verən texnikalar arasındadır.

Debatlarda iştirak müzakirə olunan situasiyanı müxtəlif rakurslardan araşdırmağa imkan verən əsas üsullardan biridir. Vəziyyətə müxtəlif rakurslardan yanaşan qrupların qarşılıqlı şəkildə və müəyyən qaydalar çərçivəsində müzakirəsi perspektivi aydınlaşdırmağa kömək edir.

Strategiya oyunları əyləncəli olduğu qədər məntiqi və analitik düşüncəni təkmilləşdirən vasitələrdəndir. Bu oyunlar vasitəsi ilə nəticə və uğura daha asan çatmaq mümkündür.

Detektiv məzmunlu kitablar oxumaq və ya filmlərə baxmaq da zehni aktiv saxlayan fəaliyyətlər sırasındadır. Bu tip kitablar və filmlər caninin növbəti hərəkəti haqqında düşünməyə, süjeti proqnozlaşdırmağa yardım edir.

 Əgər analitik qabiliyyətinizdən, tənqidi təfəkkürünüzün mövcudluğundan əmin deyilsinizsə, bunu internetdən müxtəlif testlər vasitəsi ilə yoxlaya bilərsiniz. Əldə etdiyiniz nəticə hansı istiqamətdə hərəkət etmək lazım olduğunu sizə göstərəcək.