TULLANTILARLA RƏFTAR SAVADLILIĞI




Hazırda planet vətəndaşını narahat edən məsələlər siyahısında ətraf mühitlə bağlı problemlər  əsas yer tutur. Bura meşələrin qırılması, atmosferin çirkləndirilməsi, tullantıların artması, su hövzələrinin quruması, buzlaqların əriməsi və s. daxildir.

Beynəlxalq ekologiya təşkilatları deyirlər ki, dəyişikliyə doğru radikal addımlar atılmasa, planet üçün geri dönüşü mümkün olmayan nəticələrlə üzləşəcəyik.

İctimai təşkilatlar və fəallar “sıfır tullantı” və ya “az tullantı” prinsipləri ilə yaşamaq üçün ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə kömək edən müxtəlif layihələr həyata keçirirlər.  Ekspertlərin fikrincə, uşaqlara kiçik yaşlardan ekoloji problemlər və onun mümkün fəsadları haqqında məlumat verilməlidir. Uşaqlıqda yaradılan gündəlik vərdiş və prinsiplər 15-20 ildən sonra ətraf mühit standartlarını müəyyən edəcək.

Azərbaycanda da tullantıların çeşidlənməsi, emalı, su hövzələrinin təmizliyi ilə bağlı müəyyən layihələr həyata keçirilir. Lakin görülən işlər  hərtərəfli deyil. Əhalinin, xüsusilə, məktəbli və tələbələrin kütləvi şəkildə ekoloji cəhətdən maarifləndirilməsi üçün böyük səylər göstərilməlidir. Dünyada bu sahədə uğurlu işlər görmüş ölkələrin təcrübəsinə nəzər salaq.

Skandinaviya ölkələri tullantılarla mübarizədə çox uğurlu nəticələr əldə edib. Avropa İttifaqının statistikasına görə, İsveçdə ildə adambaşına 458 kq, ölkə üzrə isə  4,6 milyon tondan artıq tullantı toplanır.  Onun 34,6 faizi təkrar emala göndərilir, 48,5 faizindən isə yandırılaraq enerji istehsal edilir. Qalan hissədən bioqaz və kompost istehsalında istifadə olunur.

Norveçdə adambaşına orta hesabla 449 kq tullantı düşür. Ölkə üzrə bu rəqəm 2,4 milyon tona yaxındır. Burada da tullantıların 58 faizi yandırma zavoduna, 38 faizi isə emala gedir.

Skandinaviya ölkələrində əldə olunan nəticə əhali ilə aparılan maarifləndirmə işinin nəticəsidir. Onilliklərlə aparılan maarifçilik yerli sakinlərdə tullantıları çeşidləmək vərdişləri yaradıb.

Avropa İttifaqının bütün şəhərlərində tullantıların çeşidlənərək yığılması üçün çənlər quraşdırılıb. Bu ölkələrdə tullantıların çeşidlənməsi və utilizasiyası prosedurlarının pozulması yüksək cərimələrlə nəticələnə bilər.

Yaponiya hər il təxminən 44 milyon ton məişət tullantısı istehsal edir. Ekoloqların dediyinə görə, bir neçə onilliklər əvvəl Yaponiyada tullantılarla bağlı böyük problemlər var idi. İndisə yaponlar demək olar ki, hər şeyi təkrar emal etməyi öyrəniblər.

Yaponiya məktəblərində ayrıca “Ekologiya” fənni tədris olunur, uşaqlara ekologiya və bu sahədəki  problemlərlə bağlı geniş məlumat verilir. Ekoloji maarifçilik böyüklər arasında da aparılır. Tokio hökuməti bunun üçün xüsusi kurslar yaradıb. Ölkənin yetkin vətəndaşları bu kurslardakı pulsuz mühazirələrə qatılır, davamlı inkişaf, alternativ enerji və s. prinsiplərə əsaslanan şəhərsalma haqqında məlumat alırlar. Ölkə hakimiyyəti əmindir ki, ekoloji təhsili məktəblərlə məhdudlaşdırmaq doğru deyil. Burada ekoloji maarifləndirmə kampaniyası hər bir bələdiyyənin xüsusiyyətləri və problemləri əsasında qurulur. Tullantıların emal olunması sektorundakı müəssisələr də ekoloji savadsızlığın aradan qaldırılmasına yardım edirlər.

Kanadada adambaşına düşən tullantının miqdarı 500 kq-a yaxındır. Bu ölkə 1980-ci illərdə tullantıların ayrıca toplanmasına və təkrar emalına başlayıb. Kanadada düzgün çeşidlənməyə nəzarət edən müfəttişlər var. Çeşidlənən tullantılar müəyyən günlərdə zibil maşınları ilə yığılır. Sakinlər bu cədvələ əməl etmədikdə onları cərimə gözləyir.

Kanadada məktəbli və tələbələr üçün xüsusi proqram hazırlanıb. Onu “Environment Canada” qurumunun ekspertləri tərtib ediblər. Uşaqlara zibilin artan həcminin təhlükələri, təkrar emal üsulları və çeşidləmə nüansları haqqında məlumat verilir. Bu biliklər biznesin əsasları, incəsənət, riyaziyyat, təbiət və humanitar elmlər, karyera rəhbərliyi və s. fənlərlə inteqrasiya çərçivəsində verilir.

Kanadada yaşlı əhali də unudulmur. Onlar üçün sosial çarxlar, məlumat kitabçaları hazırlanır.

ABŞ bərk məişət tullantılarının istehsalında liderdir. Ekspertlərin fikrincə, ölkədə  azı 250 milyon ton tullantı əmələ gəlir. Hazırda ölkədə 500-dən çox müəssisə tullantı emalı ilə məşğul olur. Tullantılardan bioyanacaq və maye qaz əldə edən fabriklər də var. Ümumilikdə, ABŞ təkrar emal nisbətini 34 faizə çatdıra bilib.

Birləşmiş ştatlarda da əhali arasında bütün səviyyələrdə maarifçilik işi aparılır. Sakinlərə məişətdə malların təkrar istifadəsi öyrədilməklə yanaşı, bəzi hallarda müəyyən vergi güzəştləri də tətbiq olunur. Təhsil müəssisələrində ekologiya ilə bağlı vahid fənn olmasa da, hər ştat ərazinin mədəni və tarixi xüsusiyyətlərini nəzərə alaraq öz proqramını hazırlayır.

Almaniya

Avropada tullantıların təkrar emalı üzrə lider ölkələr Almaniya, Avstriya, Sloveniya və Belçikadır. Orada iqtisadiyyata qaytarılan tullantıların payı 54 faizdən 66 faizə qədərdir.

Almaniyada ekoloji təhsil və maarifləndirmədə uşağın şəxsi təcrübəsinə əsaslanaraq problem haqqında öz fikrinin formalaşdırılmasına diqqət yetirilir. Bu ölkədə ekoloji təhsilin vahid konsepsiyası yoxdur. 16 federal ştatın hər birinin qanunvericiliyində ən kiçik məktəbəqədər yaşdan başlayaraq ekoloji təhsil və tərbiyənin davamlılığı haqqında müddəa təsdiqlənib. Bu, məktəbli və tələbələrlə yanaşı, əhalinin başqa kateqoriyalarına da şamil edilir. Almaniyada hələ 1980-ci illərdə “Ekologiya və təhsil” proqramı təsdiqlənib. Müəllimlərin rəhbərliyi altında məktəblilər şəhər mühitində təbii obyektləri və hadisələri müstəqil şəkildə araşdırır və müşahidə edirlər. İnsan və təbiət arasındakı əlaqə, ətraf mühitə təsirin nəticələrinə (həm mənfi, həm də müsbət) xüsusi diqqət yetirilir. Uşaqlarda təbiətə və öz gələcəyinə münasibətdə ekoloji məsuliyyətli davranış norma və qaydaları belə formalaşır. Məişət tullantılarının təkrar emala göndərilməzdən əvvəl düzgün yığılması və çeşidlənməsinə xüsusi diqqət yetirilir.

 Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ-də 20 ildən artıqdır ki, ekoloji təhsil və xüsusi dövlət proqramları mövcuddur. 1998-ci ildə Əbu-Dabi Ətraf Mühit Agentliyi əmirlikdə ekoloji təhsil proqramlarını təsdiqləyib. 2009-cu ildə 26 məktəbin iştirak etdiyi “Dayanıqlı Məktəblər Təşəbbüsü” adlı layihənin icrasına başlanıb. Dövlət departamentləri (su, elektrik enerjisi, tullantılar, nəqliyyat), təhsil orqanları, dövlət məktəbləri, qeyri-hökumət təşkilatları, beynəlxalq ekoloji təhsil təşkilatları və özəl sektorla əməkdaşlıq vasitəsilə proqram 150-dən çox məktəbi əhatə etdi. BƏƏ-dəki 11 məktəb bu təşəbbüs sayəsində öz su istehlakını orta hesabla 41,6, enerji istehlakını isə orta hesabla 17 faiz azaltmağı bacarıb.

Proqramda iştirak edərkən məktəblilər enerji və su istehlakını, tullantıları azaltmaq, biomüxtəlifliyin qorunmasının vacibliyini anlamaqla ekoloji davranışa nail olublar.