XVI-XIX ƏSRLƏRDƏ QARABAĞIN ƏNƏNƏVİ TƏHSİL OCAQLARI
XIX əsrdə Rusiyanın nəzarəti altındakı bütün müsəlman-türk ölkələrində olduğu kimi Qarabağ bölgəsində də mərhələli müasirləşmə prosesi başlandı. Bu özünü, ilk növbədə təhsil sahəsində göstərirdi. Çar Rusiyasının işğalından sonra Azərbaycanda açılan rus-tatar məktəbləri ilə başlayan müasirləşmə prosesi daha sonra cədidçilərin açdıqları milli xarakterli məktəblərlə davam etdirildi. Nəticədə, XX əsrin əvvəllərində Qarabağda kifayət qədər təsirli intellektual kütlə formalaşdı ki, onlar da Azərbaycanın mədəni-ictimai həyatında mühüm rol oynadılar. Tarix boyu Qarabağ bölgəsi təlim-tərbiyə mərkəzlərinə sahib olub. XVI-XIX əsrlərdə fəaliyyət göstərən bu mərkəzlər Qarabağın elmimədəni, sosial-ictimai inkişafında böyük rol oynayıblar. Rus işğalından sonra da mövcudluğunu davam etdirən həmin ənənəvi təhsil ocaqları Qarabağda elm adamları və ədiblərlə birlikdə çoxlu sayda sənətkar da yetişdirib.
GİRİŞ
Qarabağ adı haqqında açıq məlumatlar XIV əsrdən sonra Elxanlı dövrü (1258-1359) haqqındakı mənbələrində yer alır. Tarixi Aran (Arran, ər-Ran) ərazisinin bir parçası olan, Elxanlı dövründə yaşamış tədqiqatçı Həmdullah Qəzviniyə istinad edən rus şərqşünas V. Bartolda görə, Aranın cənub hissəsini əhatə edən və karvan yollarının keçdiyi bu bölgə türkcə Qarabağ adı ilə qeyd edilməyə başlanmışdır (Kazvini, 1919; Bartold, 1965). IX əsr müsəlman müəlliflərindən Bəlazuri bu bölgə üçün “əl-Bağ” adını istifadə etsə də, ərazinin Qarabağ olaraq təsvir edilməsi monqollar dövrü ilə bağlıdır (Nesirov, 2017).
Bölgə haqqında əhatəli coğrafi təsvirlər “Qarabağnamə” müəlliflərinin əsərlərində yer alır. Mirzə Camal Cavanşir “Qarabağnamə”sində yazdığına görə, “Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır. ...Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Kuşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır” (Qarabaği, 1989). Mir Mehdi Xəzani də Qarabağ adını “türki istilahi” qəbul edir (Xəzani, 1991).
XVIII əsr Osmanlı sənədlərində bölgə “Gəncə-Qarabağ əyaləti” adı ilə qeyd edilir ki, bu da Səfəvilər dövründə Azərbaycanda aparılmış bəylərbəyilik adı altında bir inzibati vahid olduğuna işarədir (Bekadze, 2017). Nadir şahın ölümündən sonra Qarabağ xanlıq olaraq formalaşmış və varlığını rəsmi 1806-cı ilə qədər, qeyri-rəsmi isə 1822-ci ildə Mehdiqulu xanın Qarabağı tərk edib Qacar sarayına qaçmasına qədər davam etdirmişdir. Buna baxmayaraq, xanlıq mirası uzun müddət qorunmuş, Qarabağ xan ailəsinə mənsub olanlar öz ənənəvi titullarını daşımışlar.
Qarabağ 1813-cü il Gülüstan və 1828-ci ildə Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycanın digər xanlıqları ilə birlikdə Rusiyanın nəzarəti altına keçmişdir. Bu tarixi hadisə mərhələli olaraq bölgənin sonrakı gələcəyinin müəyyənləşməsində təsirli olmuşdur. Ən mühüm hadisə isə Rusiya tərəfindən Qarabağa erməni əhalisinin yerləşdirilməsi idi.
XIX əsrdə Qarabağ bir sıra siyasi, sosial dəyişikliklərlə bərabər mədəni-maarif sahəsində də yeniliklər yaşadı. Xüsusilə də ənənəvi təhsil müəssisələrinin yerini Qərb tipli təhsil məkanlarının alması Qarabağın ictimai-mədəni ab-havasını da dəyişdirdi. Şübhəsiz, bu dəyişikliklər özünü mərhələli olaraq büruzə verdi, bəzən də iki təhsil sistemi arasında qarşıdurmalar yaşanmasına səbəb oldu. Nəticədə, XX əsrin əvvəlində Qarabağda yetişən çox sayda ziyalı Azərbaycan mədəni mühitində təsirli olmağa başladı.
Müasir təhsil anlayışı ortaya çıxana qədər Qarabağın özünəməxsus təhsil anlayışı və məslək (sənət, peşə) öyrənmə sahələri mövcud idi. Müsəlman Şərqinə xas belə təlim-tərbiyə ocaqları bölgənin özünün sahib olduğu dini-ictimai, sosial, iqtisadi və mədəni ehtiyaclara görə formalaşmışdı.
ŞEYX SİRACƏDDİN VƏQFİYYƏSİ
Qarabağ Gəncə-Qarabağ bəylərbəyiliyi tərkibində olduğu dövrlərdə içində bir sıra təhsil müəssisələri də olan vəqflərə sahib idi. Bu vəqflər mülk, bağışlanma, dini və icmai qaydalarda bəzən miras, bəzən də pay olaraq ortaya çıxmış ənənəvi müsəlman fond sistemini təşkil edirdi. Vəqflərin öz qeyd dəftərləri, hesabları, nəzarət və idarəetmə tərzi olurdu. İslam tarixində ilk vəqflər IX əsrdən etibarən ortaya çıxıb, sürətlə yayılmışdır.
XVI əsrdə Qarabağda fəaliyyət göstərən belə vəqflərdən biri Şeyx Siracəddin vəqfiyyəsi idi. Bu mötəbər şəxs Cabir Ənsari övladlarından Şeyx Kəmaləddinin oğlu idi. Şeyx Siracəddin Cəlayirli hökmdarı Şeyx Uveys Bahadır (1356-1374) dövründə yaşamış və vəqf haqqı həmin sultan tərəfindən təsdiq edilmişdir. Siracəddin vəqfiyyəsinin təmlikləri (mülk sənədləri) daha sonra Qaraqoyunlu Cahanşah, Ağqoyunlu Həsən padişah, sonuncu dəfə isə Osmanlılar tərəfindən olduğu kimi qeydə alınıb. Osmanlı sənədlərində Dizak, Arasbar, Haqqari nahiyələrində 4 kənd və 4 məzra, yəni Dizak nahiyəsinə aid Şeyxli kəndi ilə yanaşı Sərsəbil, İlgöçür, Ərdək və Qulsəfak məzraları Şeyx Siracəddin vəqfinə məxsus göstərilib (Mehmedov, 1993).
Şeyx Siracəddin vəqfi “miras” vəqfi hesab edilirdi. Osmanlı tapu-təhrir sənədləri arasında 1593-cü ilə aid Şeyx Siracəddin vəqfiyyəsinə dair bir sənəd mövcuddur. Sənəddə dövrün osmanlı türkcəsi ilə belə yazılıb:
“Evkafi-əmlak dər vilayəti Gəncə-Qarabağ.
Nahiyəi-Dizak dər vilaəti-məzbur
Əvkafi-mərhum Şeyx Siracəddin ibn Şeyx Kəmaləddin an övladi-həzrəti-Cabir Ənsari-rada Allahanhu.
Qariyəi-Şeyxü maa məzraa-i Sərsəbil və İlgöçür və Ərvak və məzraai-Qulsəfak tabii-məzbur. An əvkafi-mərhum Şeyx Siracəddin Ənsari-rahama Allah aleyhi. Əlbadi vəqfi-övladi əl-məzkur bər mucəbi-vakfnamei səlatin mazidən Akkoyunlu padişahlarından Hasan padişah və Cahanşah və Şeyx Üveys Bahadır handan əllərində təməssükləri olub vəqfi-övladiyyət üzərə tasarruf olunur. Haliya dəxi bər mucəbi-əmri-ali üslubi-sabıq üzərə vəqfiövladiyyət üzərə tasarruf olunmaq üçün sıbti-dəftər olundu.
Qariyəi-Diri, tabii-Arasbar, an evkafi-mərhum Şeyx Siracəddin ibn Şeyx Kəmaləddin.
Hasil: iki yaşdan
Qariyəi-Kəvzir, an vəqfi-müşarünileyh əl-məzbur dər livai-Kaqqari,
Hasıl: iki yaşdan
Qariyəi-Xanadazor dər livai-Dizak, an evkafi-müşarünileyh el-məzbur
Hasıl: iki yaşdan” (Büniyadov, Mamedov, 1990; Mehmedov, 1993).
Şeyx Siracəddin miras vəqfi olsa da, bir dərgah ətrafında toplanmış kənd və əraziləri əhatə edirdi. Bir təsəvvüf şeyxi olan Şeyx Siracəddin vəqfi ətrafında dərvişlərin və sufilərin cəmləşdiyi və onların Qarabağ bölgəsində irşadla məşğul olduqları Cəlayirlərdən Osmanlılara qədər uzun müddət etibar görmələrindən məlum olur.
Şeyx Siracəddin dərgahı daha sonra ailə mirasına çevrilmiş və vəqfləşmişdir. Təəssüflər olsun ki, bu vəqfin çalışma prinsipləri haqqında məlumatlar yoxdur. Ancaq dövrün digər vəqfiyyə modellərini diqqətə alsaq, vəqfin xanə və insanlara xidmət etdiyi məlumdur. Xanlıq dövründə də dərgah ətrafında seyidlər və dərvişlərin toplandığını ehtimal etmək mümkündür.
ŞƏYİRDXANƏLƏR
Osmanlılara aid 1727-ci il tarixli rəsmi sənədlərdə Qarabağ bölgəsində çox sayda sənətkar emalatxanasının fəaliyyətindən bəhs edilir. Gəncə-Qarabağ əyalət dəftərlərinə görə bölgədə boyaq, sabun bişirmə, şam istehsalı və dəriçiliklə məşğul çox sayda belə emalatxana mövcud idi (Gence-Qarabağ, 2000).
Bu müəssisələr ənənəvi şəyirdlik sisteminə görə çalışırdılar. Başında usta, çıraq və şəyirdlərinin olduğu belə emalatxanalar şərq üslubunda məslək öyrənmə məkanları hesab olunurdu. Onlardan boyaxanalarda boyaq hazırlayanlara sabbağ adı verilirdi. Boyağın hazırlandığı yer isə masbağa adlanırdı (Bekadze, 2017).
Məlum olduğu kimi, Qarabağ Azərbaycanın təbii gözəlliyi ilə diqqəti cəlb edən, zəngin fauna və floraya malik bölgəsidir. Bitki növlərinin fərqliliyi və bolluğu burada boyaq emalının inkişafına təkan vermişdir. Osmanlılar bölgəni ələ keçirdikdən sonra Qarabağ boyalarının keyfiyyətini yaxşı qavradıqları üçün buradakı
boyaxanaların fəaliyyətinə imkan yaratmış, onların siyahısını və gəlirlərini hazırlamışdılar. O dövrdə saxta boyaqlara “qəlp”, keyfiyyətli boyaqlara isə “yaxşı boya” adı verilirdi. Sənədlərdə XVIII əsrdə Gəncə-Qarabağ bölgəsində 21 boyaxananın fəaliyyət göstərdiyi qeyd edilir. Həmin boyaxanalarda əldə edilən illik qazanc 6.300 ağça idi. Xüsusilə də Gəncə-Qarabağ qızıl boyağına böyük tələbat vardı. Həmin boyaxanalar aşağıdakı kəndlərdə yerləşirdi (Bekadze, 2017).
Boyaqçılıq ailə məsləyi idi. Bəzən bir ailə bütün fərdləri, bəzən də sabbağın (boya ustasının) öz ətrafında çıraq və şəyirdləri toplaması ilə fəaliyyət göstərən bu emalatxanalar ənənəvi ixtisas ocaqları hesab olunurdu. Belə yerlərdə qadınların çalışması da labüd idi. Hansı bitkinin keyfiyyətli olması, boya maddəsi olaraq yararlılığı botanika elminə aid qazanılmış biliklər sayəsində əldə edilirdi. Buna görə də, bu ixtisasa yiyələnmək istəyənlərin hələ uşaq yaşlarından təcrübə toplaması vacib hesab olunurdu. Yəni boyaçılıq müəyyən təhsil tələb edirdi ki, Qarabağ bölgəsində bu məsləyi icra edənlər həmin emalatxanalarda müvafiq bilik əldə edirdilər.
Gəncə-Qarabağ bölgəsində geniş yayılmış peşələrdən biri də dəriçilik idi. Dabbaqxana adlandırılan bu yerlər müxtəlif heyvanların dərilərinin işlənilib hazırlandığı emalatxanalar idi. Qarabağ bölgəsi heyvandarlıq üçün ən əlverişli məkan olduğundan dəriçiliyin burada intensiv yayılan peşə olduğu aydındır. Bu emalatxanalarda, əsasən, qoyun, quzu, keçi, at və inək dərisindən dəri çəkmə, ayaqqabı, başmaq, müxtəlif tərzlərdə hazırlanan papaq və geyimlərin hazırlanmasında istifadə olunurdu.
Gəncə-Qarabağ bölgəsində fəaliyyət göstərən emalatxanalar arasında sabunxanaların olması diqqəti cəlb edir. Əsas təmizlik maddəsi olan sabun həmin dövrdə, əsasən, Gəncədə hazırlanırdı. İltizam üsulu ilə işlədilən sabunxanaların illik gəliri 36 min ağçaya bərabər idi (Bekadze, 2017).
MƏKTƏBLƏR VƏ MƏDRƏSƏLƏR
Qarabağın daxil olduğu Aran coğrafiyasında çox sayda qədim şəhərlər mövcud olmuşdur. 1647-ci ildə bölgəni ziyarət edən məşhur türk səyyah Övliya Çələbi XVI-XVII əsrlərdə mövcud olmuş Kiçik Qarabağ şəhərindən bəhs edir. Onun verdiyi məlumatdan belə aydın olur ki, Qarabağ şəhəri Qarabağ Sultanlığı adlanan inzibati-idarəçiliyin mərkəzi olub:
Kiçik Qarabağ şəhəri “Azərbaycan şəhərlərindən olub ilk banisi ... şahdır. Qarabağ qalasını (1583-1586-cı il tarixində) Ərgənin fatehi Sultan Məhəmməd vəzirlərindən olan qüdrətli Qoca Fərhad paşa uçurmuşdur. Hazırda bu binanın qalıqları ara-ara görünməkdədir. O
zamandan sonra bərpa olunub ... il tarixində Sultan IV Murad xan Vanı fəth edib bu diyara gəldikdə bu şəhəri yenə uçurub dağıdıb; hələ də tikilməkdədir. Qarabağ Təbir hüdudunda ayrıca bir sultanlıqdır. 1000 əsgərə malikdir. Kələntəri və daruğası, münşisi və minbaşısı, dizçökən ağası vardır. Qalanın şəhəri geniş düzənlikdə İrəm bağına bənzər 3000 evli, 7 məscidli, 7 hamamlı, 3 xanlı, 600 suqi-sultanili şirin bir şəhərdir ki, abad bir vilayətdir. Əkin yerlərinin torpağı münbitdir. Qadın və gəncləri məhbub və mətlubdur. Xeyir-bərəkətli, verimli zəmiləri olan abad bir şəhərdir. Lətif abu-havası və bol sulu, saf çayları, axar çeşmələri vardır. Ucsuz-bucaqsız çölləri və düzlərinə bağ və bostanlar zinət qurmuşdur. Ləziz, sulu şəhriban narına bənzər narı olur. Xüsusən adam kəlləsi böyüklükdə heyvası məşhurdur. Hər yerdə suları yerin altından kəhrizlər ilə axır. İyul ayında buz kimi saf suları vardır.
Qədim üsulla tikilmiş cameləri, məscidlərinin qübbələri sivri-sivri inşa olunub sünbül, silu, nilgün kaşılar ilə örtülüdür. Cəmi 11 minarə görünürdü. Amma şəhər sakinləri “70 mehrabdır” deyə cavab veriblər. Əhalisi şəhəri təmir etmələri səbəbilə bütün təkalifi-örfiyyədən (vergidən) azaddırlar. Ancaq İran torpağının şahına (Səfəvilərə) hər il 100 dəvə yükü ordubarı, mələçə, abbası armudu qurusu, alunçara, zərdalu, qaysalu, əncalu, üzüm qurusu və neçə dadlı məhsullar göndərirmişlər. Nəhayət, Azərbaycan vilayətində üç ədəd Qarabağlar var ki, hər biri cənnət bağçası olan rövzəyi-rizvandan nişan verir” (Çelebi, 2012).
Övliya Çələbinin verdiyi bu məlumat Qarabağda şəhər tipli qalaların mövcudlğunu təsdiq edir. Qeyd edilən şəhərdə came və məscidlərin olması burada klassik müsəlman təhsil ocaqlarına da işarədir. Qarabağ xanlığı formalaşdığı dövrdə xanlığın əsas əhalisini qarasuvaylar, taxtaqapı, cavanşir, otuzikili və kəbirli el və oymaqları təşkil edirdi. Ayrıca, bölgədə kolanlı, çinli, kəngərli kimi köklü tayfalar da məskunlaşmışdır (Qarabaği, 1991).
Qarabağ xanlığı formalaşdıqdan sonra onun inzibati mərkəzi bir neçə dəfə dəyişdirilmiş, Bayat və Şahbulaqdan sonra mərkəz Şuşa seçilmişdir. Şuşa şəhəri, əsasən, Mehirli, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusifli, Mərdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası məhəllələrindən ibarət idi (Qarabaği, 1991). Əvvəllər Pənahabad adlanan şəhərdə məscidlər və mədrəsələr fəaliyyət göstərirdi. Ehtimal ki, mədrəsələr məscidlərin tərkibində yer alırdı. Qarabağda mədrəsə və məktəblər öz fəaliyyətlərini rus işğalından sonrakı illərdə də davam etdiriblər. XIX əsrin 30-cu illərinə aid məlumatlara görə, Şuşada və Qarabağ əyalətlərində 9 məktəb və 1 mədrəsə mövcud idi. Onlardan 6 məktəb və 1 mədrəsə, sadəcə Şuşa şəhərinin payına düşürdü. Həmin məktəb və mədrəsələrdə 143 şagirdin oxuduğu qeyd edilir. Geri qalan 3 məktəb isə Əlidərə, Nuadı və Boyəhmədli kəndlərində yerləşirdi (Əhmədov, 2006). Şuşanın hər məhəlləsində ayrı-ayrı evlərdə birotaqlı məhəllə məktəbləri və mollaxanalar da fəaliyyət göstərirdi. Həmin məktəblərdə türk, ərəb və bəzən də fars dillərində oxu və yazı öyrədilirdi. Şəriət qaydaları, kəlam, Quran, əsasən, ərəbcə tədris olunarkən, hesab, astrologiya və tibb türk və ərəb dillərində, şeir isə fars dilində keçilirdi.
XIX əsrdə Azərbaycanda müasir tipli məktəblərin çoxalmasına baxmayaraq, ənənəvi təhsil üsuluna maraq azalmamış, əksinə, XIX əsrin axırlarında belə məktəblərin sayının daha da artdığı müşahidə edilmişdir. 1859-cu ildə Şuşada 10 məscid məktəbi mövcud idi. Həmin məktəblərdə oxuyan şagird sayı 280-ə çatırdı. Məktəblərdə oxuyan şagirdlərin sayı isə 16-51 arasında dəyişirdi. Tədris əvvəlki qaydada ərəb, türk və fars dilində aparılırdı (Əhmədov, 2006). Qeyd edilən dövrdə Şuşa qəzasının kəndlərində də məktəb sayında artım müşahidə olunmuş, onların sayı 18-ə çatmışdı. Maraqlıdır ki, kənd məktəblərindəki tədris, əsasən, türk və fars dillərini əhatə edərkən, ərəbcə şəriət dərsləri haqqında məlumat verilmir. Kənd məktəblərində oxuyan şagirdlərin sayı da az deyildi. Rus rəsmi sənədlərində Şuşa qəzasının kənd məscidlərində 474 şagirdin oxuduğu qeyd edilib. Məktəblərdəki şagirdlərin sayı isə 11-53 arasında dəyişirdi.
Qarabağın çox güclü musiqi və şeir ənənəsi olduğunu nəzərə alsaq, şagirdlərin ədəbiyyata həvəsli olduqlarını, Şərq klassiklərini məktəblərdə oxuyub öyrəndiklərini təbii qəbul etmək olar. İ.Şopenin 1837-ci ildə etdiyi qeydlərin Qarabağ üçün əlamətdar olduğu da məlumdur: “Gənclər bədii ədəbiyyatla daha çox maraqlanırlar, bəziləri Rudəki, Firdovsi, Ənvəri, Nizami, Cami, Hafiz, Sədi və digər məşhur söz ustadlarının əsərlərini əzbərləyirlər” (Əhmədov, 2006).
Şübhə yoxdur ki, bu məktəb və mədrəsələrin hamısının eyni qaydada və eyni elmi səviyyədə tədris vermədikləri məlumdur. Xüsusilə də XIX əsrdə ənənəvi təhsilə ciddi nəzarət olmadığından tədris metodikası köhnəlmiş və əhəmiyyətini itirmişdi. Lakin bunu bütün məktəblərə şamil etmək sovet dövrünün tarix anlayışından çıxış etmək kimi olardı. Buna görə də Qarabağda ənənəvi təhsil və tərbiyə üsullarının XX əsrin əvvəllərinə qədər öz varlığını qoruduğu məlumdur.
İstifadə edilmiş ədəbiyyat
1 Buniyadov, Z.M., Mamedov, Q.M. (1990). “Prostrannıy defter sandjaka Naxiçevan. 1727 qoda”, Srednevekovıy Vostok, istoriya u kultura. Baku.
2 Əhmədov, H. (2006). XIX əsr Azərbaycan məktəbi, Bakı, Təhsil.
3 Gəncə-Qarabağ Əyalətinin müfəssəl dəftəri. (2000). Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı: Şuşa nəşriyyatı.
4 Xəzani, M. (1991). Kitabi-tarixi-Qarabağ, Qarabağnamələr II. Tərtib edəni və çapa hazırlayanı Nazim Axundov. Bakı, Yazıçı.
5 Qarabaği, M.C.C. (1989). Qarabağ tarixi, Qarabağnamələr I. Tərtib edəni və çapa hazırlayanı Afik Fərzəliyev, Bakı, Yazıçı.
6 Qarabaği, M.Y. (1991). Tarixi-Safi, Qarabağnameler II. Tərtib edən və çapa hazırlayan Nazim Axundov. Bakı, Yazıçı.
7 Nesirov, E. (2017). “Abbasiler`den Sefeviler`e Karabağ`ın Askeri-Siyasi Tarihine Bakış”, SUTAD, Güz, No: 42, ss. 409-436.
8 Bartold, V.V. (1965). Sochineniya. Moskva, Nauk. Tom III.
9 Bekadze, İ. (2017). “XVIII. Yüzyılın İlk Yarısında Gence-Karabağ Eyaleti`nde Sanayi İşletmeleri ve Sosyal Tesisler”, Karadeniz, No: 33, ss. 105-144.
10 Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. (2012). Nəşrə hazırlayan Mehmet Rıhtım. Bakı: Qafqaz Üniversitesi Nəşriyyatı.
11 Kazvini, H. (1919). Nuzhetul-kulub, transl. G. le Strange, London.
12 Mehmedov, H. (Karamanlı). (1993). “Osmanlı Dönemi Gence-Karabağ Eyaletinde Vakflar (16. Yüzyılın Sonları)”, http://dergiler.ankara.edu.tr/dergiler/19/821/10436.pdf. s.638-639.